Yehova bizi xilas etmək üçün qoruyur
«Siz özünüz də axır zamanlarda aşkar olacaq xilasa gətirdiyiniz iman sayəsində Allahın gücü ilə qorunursunuz» (1 PET. 1:4, 5).
NECƏ CAVAB VERƏRDİN?
Yehova bizi həqiqi ibadətə necə cəlb edib?
Yehovanın məsləhətlərinin bizə rəhbərlik etməsinə necə yol verə bilərik?
Yehova bizi necə ruhlandırır?
1, 2. a) Müqəddəs Kitab bizi necə əmin edir ki, Allah nöqsansızlığımızı qorumaqda bizə kömək edəcək? b) Yehova hər birimizi nə dərəcədə tanıyır?
«AXIRA kimi dözən xilas olacaq» (Mat. 24:13). İsa bu sözlərlə aydın şəkildə göstərdi ki, Allah Şeytanın sistemini məhv edəndə biz sağ qalmaq üçün sonadək nöqsansızlığımızı qorumalıyıq. Ancaq bu, o demək deyil ki, Yehova sınaqlara tab gətirməyimizi bizim müdrikliyimizə və gücümüzə buraxıb. Müqəddəs Kitab bizi əmin edir: «Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız və sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək» (1 Kor. 10:13). Bəs bu sözlər hansı mənanı kəsb edir?
2 Gücümüzdən artıq sınanmağımıza yol verməmək üçün Yehova gərək bizim barəmizdə hər şeyi, məsələn, çətinliklərimizi, fərdi quruluşumuzu və sınaqlara nə qədər tab gətirə biləcəyimizi bilsin. Doğrudanmı, Allah bizi bu qədər yaxşı tanıyır? Bəli. Müqəddəs Yazılarda deyilir ki, Yehova hər birimiz haqda hər şeyi bilir. O, bizim gündəlik həyatımızla və vərdişlərimizlə tanışdır. Yehova hətta düşüncələrimizə və ürəyimizin niyyətlərinə də bələddir. (Məzmur 139:1—6 ayələrini oxu.)
3, 4. a) Davudun nümunəsindən Yehovanın hər birimizə ayrı-ayrılıqda diqqət yetirməsi necə görünür? b) Yehova bizim günlərdə hansı heyrətamiz işi həyata keçirir?
3 Allahın fani insanlarla bu dərəcədə maraqlanması şişirdilməyib ki? Bu sual məzmurçu Davudu da düşündürürdü. O, Yehovaya demişdi: «Əllərinin işi olan göyləri, öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: “İnsan kimdir ki, onun haqqında düşünürsən?”» (Məz. 8:3, 4). Yəqin ki, Davud öz təcrübəsindən irəli gələrək bu sualı vermişdi. Davud Yesseyin kiçik oğlu ola-ola, Yehova onu «ürəyinə yatan bir adam» adlandırmışdı və «otlaqlarda qoyun otaranda götürüb» onu xalqı İsrail üzərinə padşah qoymuşdu (1 Şam. 13:14; 2 Şam. 7:8). Davud balaca çoban olanda Kainatın Yaradanı onun ürəyindəki fikirlərə diqqət yetirmişdi. Təsəvvür edirsən, o, bu barədə düşünəndə hansı hissləri keçirirdi?
4 Bu gün də Yehovanın hər birimizə şəxsən maraq göstərməsi, həqiqətən də, heyrətamizdir. O, «millətlərin var-dövləti»ni toplayaraq onları həqiqi ibadətdə birləşdirir və xidmətçilərinə nöqsansızlıqlarını qorumağa kömək edir (Haq. 2:7). Yehovanın bunu necə etdiyini daha yaxşı başa düşmək üçün gəlin, ilk növbədə, Onun insanları həqiqi ibadətə necə cəlb etdiyi barədə düşünək!
ALLAH BİZİ CƏLB EDİB
5. Yehova insanları Öz Oğluna necə cəlb edir? Nümunə əsasında izah et.
5 İsa demişdi: «Əgər məni göndərmiş Atam cəlb etməsə, heç kim mənim ardımca gələ bilməz» (Yəh. 6:44). Bu sözlər göstərir ki, Məsihin şagirdi olmaq üçün Allahın köməyi mütləqdir. Yehova həlim insanları Öz Oğluna necə cəlb edir? O, bunu xoş xəbərin təbliği və müqəddəs ruhunun fəaliyyəti vasitəsilə edir. Misal üçün, Pavel missioner xidmətində onun əməkdaşları olan qardaşlarla birlikdə Filipidə olarkən Lidiya adlı bir qadınla rastlaşdılar və ona xoş xəbəri təbliğ etməyə başladılar. Müqəddəs Kitabda yazıldığı kimi, bu zaman «Yehova onun ürəyini açdı ki, o, Pavelin dediklərini qəbul etsin». Bəli, Yehova ruhu vasitəsilə Lidiyaya xoş xəbərin məğzini anlamağa kömək etdi və nəticədə o, ailəsi ilə birgə vəftiz olundu (Həv. iş. 16:13—15).
6. Yehova hamımızı həqiqi ibadətə necə cəlb edib?
6 Lidiyanın hadisəsi istisna idimi? Əsla yox! Əgər sən özünü Allaha həsr edən məsihçisənsə, onda demək olar ki, sən də Allah tərəfindən həqiqi ibadətə cəlb olunmusan. Səmavi Atamız Lidiyanın ürəyində qiymətli bir şey tapdığı kimi, sənin də ürəyində yaxşı bir şey tapıb. Sən xoş xəbərə qulaq asanda Yehova Öz müqəddəs ruhu ilə sənə onu başa düşüb qəbul etməyə kömək etmişdi (1 Kor. 2:11, 12). Öyrəndiklərini tətbiq etməyə çalışanda Yehova Onun iradəsinə uyğun davranmaq səylərinə xeyir-dua vermişdi. Həyatını Ona həsr edəndə O, ürəkdən sevinirdi. Bəli, həyata aparan yola qədəm qoyduğun ilk gündən Yehova hər an sənin yanında olub.
7. Haradan bilirik ki, Yehova bizə Ona sadiq qalmağa kömək edəcək?
7 Yehova bizi Özü ilə yeriməyə başlamağa kömək etdikdən sonra Ona sadiq qalmağımızı öz öhdəmizə buraxmayıb. O bilir ki, biz həqiqətə özümüz gəlməmişik və həqiqətdə özümüz qala bilməyəcəyik. Həvari Peter məsh olunmuşlara belə sözlər ünvanlamışdı: «Siz özünüz də axır zamanlarda aşkar olacaq xilasa gətirdiyiniz iman sayəsində Allahın gücü ilə qorunursunuz» (1 Pet. 1:4, 5). Bu sözlər, mahiyyət etibarilə, bütün məsihçilərə aiddir və bu, hər birimizi maraqlandırmalıdır. Nəyə görə? Çünki hər birimiz Allaha sadiq qalmaq üçün Onun köməyinə möhtacıq.
ALLAH BİZİ SƏHV ADDIMDAN ÇƏKİNDİRİR
8. Bizim səhv addım atmağımıza nələr səbəb ola bilər?
8 Həyatın qayğıları və qeyri-kamilliyimiz ruhani sayıqlığımızı itirməyimizə və hətta özümüzün də xəbəri olmadan yanlış addımlar atmağımıza gətirib çıxarda bilər. (Qalatiyalılara 6:1 ayəsini oxu.) Bunu Davudun həyatında baş vermiş hadisədən görmək olar.
9, 10. Yehova Davudu səhv addım atmaqdan necə çəkindirdi və bu gün O, bizim üçün nə edir?
9 Paxıl padşah olan Şaul Davudu təqib edəndə o, ondan qisas almadı və bununla tərifəlayiq təmkinlilik göstərdi (1 Şam. 24:2—7). Lakin bu hadisədən bir qədər sonra Davud qeyri-kamilliyi ucbatından özü ilə bacara bilmədiyi üçün az qala səhv addım atsın. Azuqəyə ehtiyacları olan Davud və adamları hörmətcil şəkildə israilli Navaldan onlara əl tutmağı xahiş etdilər. Lakin Naval onları o ki var təhqir etdi. Bundan qəzəblənən Davud Navalın evindəki bütün kişilərdən qisas almaq fikrinə düşdü. O, ağlına belə gətirmirdi ki, günahsız insanların qanını tökməklə Yehova qarşısında günah qazanacaq. Yalnız Navalın arvadı Aviqailin bu işə vaxtında müdaxilə etməsi Davudu ağır günah törətməkdən saxladı. Aviqailin Yehova tərəfindən göndərildiyini dərk edən Davud ona dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün məni qarşılamağa səni göndərdi. Ağlına bərəkallah, xeyir-dualı olasan! Bu gün məni qan tökməkdən və əlimlə öz qisasımı almaqdan saxladın» (1 Şam. 25:9—13, 21, 22, 32, 33).
10 Bu hadisədən özümüz üçün hansı ibrət dərsi götürə bilərik? Yehova Davudu yanlış addımdan çəkindirmək üçün Aviqaildən istifadə etmişdi. O, bu gün də buna bənzər bir şey edir. Əlbəttə, biz gözləməməliyik ki, hər dəfə səhv etmək üzrə olanda Yehova kiminsə vasitəsilə vəziyyətə müdaxilə edəcək. Bundan əlavə, biz bilmirik, Yehova hər bir vəziyyətdə necə davranacaq və niyyətini yerinə yetirmək üçün nələrə yol verəcək (Vaiz 11:5). Bununla belə, əmin ola bilərik ki, Yehova həmişə vəziyyətimizdən xəbərdardır və Ona sadiq qalmağa bizə kömək edəcək. O, bizi əmin edir: «Sənə təlim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq» (Məz. 32:8). Yehova məsləhətlərini bizə necə verir? Biz onlardan necə bəhrələnə bilərik? Və nəyə görə biz əmin ola bilərik ki, Yehova bu gün Öz xalqına rəhbərlik edir? Görək «Vəhy» kitabı bu suallara necə cavab verir.
MƏSLƏHƏTLƏR BİZİ QORUYUR
11. Yehova bütün dünyada olan yığıncaqlardakı vəziyyətdən nə dərəcədə xəbərdardır?
11 «Vəhy» kitabının 2-ci və 3-cü fəslində qələmə alınan görüntüdə izzətə qovuşmuş İsa Məsihin Kiçik Asiyada yerləşən yeddi yığıncağa baxış keçirməsindən bəhs olunur. Görüntüdən bəlli olur ki, Məsih yığıncaqlarda nəinki ümumi, hətta oradakı ayrı-ayrı vəziyyətləri də görür. Bəzi hallarda o hətta konkret insanların adlarını çəkir və hər yığıncağı nəyəsə görə tərifləyir və ya məsləhət verir. Bu, nəyə işarə edir? Yeddi yığıncaq 1914-cü ildən sonrakı məsh olunmuşları təmsil edir və yeddi yığıncağa verilən məsləhətlər, mahiyyət etibarilə, Allahın xalqının bu gün bütün dünyadakı yığıncaqlarına aiddir. Deməli, bundan belə bir nəticəyə gəlirik ki, Yehova Oğlu vasitəsilə xalqına fəal şəkildə rəhbərlik edir. Biz Onun rəhbərliyindən necə faydalana bilərik?
12. Yehovanın addımlarımızı yönəltməsinə necə yol verə bilərik?
12 Yehovanın məhəbbətlə təqdim etdiyi rəhbərliyindən faydalanmağın üsullarından biri şəxsi öyrənmədir. Sadiq və ağıllı nökərin nəşrləri vasitəsilə Yehova bizə külli miqdarda Müqəddəs Kitabdan məsləhətlər verir (Mat. 24:45). Lakin bu məsləhətlərdən yararlanmaq istəyiriksə, onları araşdırmaq üçün vaxt ayırmalı və öyrəndiklərimizi tətbiq etməliyik. Şəxsi öyrənmə vasitəsilə Yehova bizi «yıxılmaqdan» qoruyur (Yəhuda 24). Elə olubmu ki, nəşrlərimizdən hansısa bir məqaləni araşdırdıqdan sonra səndə onun məhz sənin üçün yazıldığı hissi yaransın? Həmin məsləhətləri Yehovadan gələn düzəliş kimi qəbul et. Dostun sənin diqqətini nəyəsə yönəltmək üçün ehmalca kürəyindən vurduğu kimi, Yehova müqəddəs ruhunun köməyilə diqqətini sənin — şübhəsiz ki, bir çoxlarının — davranışının və ya xasiyyətinin düzədiləsi cəhətinə yönəldə bilər. Ruhun rəhbərliyinə diqqət yetirməklə biz Yehovaya addımlarımızı yönəltməyə yol veririk. (Məzmur 139:23, 24 ayələrini oxu.) Buna görə də yaxşı olardı ki, şəxsi öyrənməmizə diqqət yetirək.
13. Nəyə görə şəxsi öyrənməmizin keyfiyyətini yoxlamaq müdrik hərəkətdir?
13 Əgər biz əyləncələrə həddən artıq çox vaxt sərf etsək, şəxsi öyrənmə üçün vaxt qalmayacaq. Bir qardaş bunun çox asanlıqla baş verə bildiyinə diqqət yetirmişdi. O deyir: «Bu gün əyləncələr həmişəkindən daha əlçatan və ucuzdur. Həmin əyləncələr televizor, kompüter və telefonlarda var. Biz, sanki, əyləncələrlə əhatə olunmuşuq». Əgər ehtiyatı əldən versək, dərin şəxsi öyrənmə üçün tələb olunan vaxtı getdikcə azalda, sonda isə ümumiyyətlə onu dayandıra bilərik (Efes. 5:15—17). Hər birimiz özümüzdən soruşmalıyıq: «Allahın Kəlamını dərindən araşdırmaq üçün mən tez-tez, yoxsa yalnız yığıncaqda tapşırığım və ya çıxışım olandan-olana vaxt ayırıram?» Əgər bu belədirsə, onda yaxşı olardı ki, ailəvi ibadət və ya şəxsi öyrənmə üçün ayrılan vaxtdan səmərəli istifadə edərək xəzinə kimi Allahın müdrikliyini axtaraq, çünki bu müdriklik vasitəsilə Yehova bizi xilas üçün qoruyur (Sül. məs. 2:1—5).
TƏSƏLLİ BİZƏ TAB GƏTİRMƏYƏ KÖMƏK EDİR
14. Yehovanın hisslərimizə diqqət yetirdiyini Müqəddəs Yazılar necə göstərir?
14 Davudun həyatında qəm-kədər az deyildi (1 Şam. 30:3—6). Allahdan ilham alaraq yazdığı sözlərdən görürük ki, Yehova onun hisslərinə bələd idi. (Məzmur 34:18; 56:8 ayələrini oxu.) Allah bizim də hisslərimizə bələddir. Qəlbimiz yaralı olanda və ya özümüzü ruhən əzilmiş hiss edəndə O, bizə daha da yaxın olur. Artıq bunu bilmək, Davud kimi, bizə də müəyyən təskinlik verə bilər. O oxuyurdu: «Mən Sənin məhəbbətində şad olub sevinəcəyəm, çünki məzlum halımı görmüsən, çəkdiyim əzabı bilmisən» (Məz. 31:7). Lakin Yehova nəinki bizim qəm-kədərimizi görür, O təsəlli verməklə və ruhlandırmaqla bizə bunlara tab gətirməyə kömək edir. Bunu etməyin üsullarından biri məsihçi görüşləridir.
15. Asəfin nümunəsindən nə öyrənirik?
15 Yığıncaq görüşlərində iştirak etməyin nə qədər faydalı olduğunu məzmurçu Asəfin nümunəsindən görürük. Ətrafda baş verən ədalətsizliklərin üzərində düşündüyü üçün onda Allaha xidmət etməyin dəyərli olduğuna dair şübhələr yaranmağa başladı. Asəf ruhdan düşdü. O, öz hisslərini belə ifadə etdi: «O vaxt könlüm zəhərlənmişdi, qəlbim dəlik-deşik olmuşdu». Nəticədə, o, az qalmışdı ki, Allaha xidməti dayandırsın. Bəs ona düşüncə tərzini dəyişməyə nə kömək etmişdi? O deyir: «Allahın Müqəddəs məkanına [girdim]». Burada, Yehovaya ibadət edən həmimanlıları arasında o, yenə də düzgün düşünməyə başladı. O dərk etdi ki, pislərin qazandığı uğur müvəqqətidir və Yehova mütləq ədaləti bərpa edəcək (Məz. 73:2, 13—22). Bunu bizim barəmizdə də demək olar. Şeytan dünyasında üzləşdiyimiz ədalətsizliklərin yaratdığı stress bizi də əldən sala bilər. Qardaşlarımızla görüşmək bizə təravət gətirir və Yehovaya sevinclə xidmətimizi davam etdirməyə kömək edir.
16. Xannanın nümunəsindən necə yararlana bilərik?
16 Bəs yığıncaqdakı hansısa bir xoşagəlməz vəziyyət ucbatından görüşlərdə iştirak etmək sənin üçün çətindirsə, onda necə? Ola bilsin ki, sən hansısa məsuliyyətdən imtina etməli olmusan və buna görə utanırsan, yaxud da həmimanlınla aranda fikir ayrılığı yaranıb. Əgər sən bu vəziyyətlərdən hər hansı biri ilə üzləşmisənsə, Xannanın nümunəsi sənə kömək edə bilər. (1 Şamuel 1:4—8 ayələrini oxu.) Xannanın günüsü Peninna onu özünə rəqib hesab edirdi və bunun ucbatından ailədə yaranan vəziyyət Xannanın gününü qara etmişdi. Hər il bütün ailə Şiloya Yehovaya qurban gətirmək üçün gedəndə bu, onun üçün daha da dözülməz olurdu. Dərd-qəmdən Xanna ağlayırdı və onun boğazından çörək keçmirdi. Ancaq o yol vermirdi ki, mövcud vəziyyət onu Yehovaya ibadət edilən yerə getməkdən saxlasın. Xannanın sadiqliyi Yehovanın gözündən yayınmadı və Yehova onu xeyir-dualandırdı (1 Şam. 1:11, 20).
17, 18. a) Yığıncaq görüşlərində biz necə ruhlanırıq? b) Xilas olmağımız üçün Yehovanın təqdim etdiyi zərif qayğı barədə sən nə düşünürsən?
17 Bu gün məsihçilər də Xannanın nümunəsini təqlid etməlidirlər: biz yığıncaqları buraxmamalıyıq. Öz təcrübəmizdən gördüyümüz kimi, yığıncaq ruhlanmağımızda vacib rol oynayır (İbr. 10:24, 25). Yığıncaqda bacı-qardaşlarımızın məhəbbətini hiss edirik və bu, bizi ruhlandırır. Məruzədə söylənilən hər hansısa bir fikir və ya kiminsə verdiyi şərh ürəyimizi isindirə bilər. Görüşdən əvvəl və ya sonra həmimanlılarımızla ünsiyyət edəndə ürəyimizi kiməsə boşalda və ya təsəlliverici söz eşidə bilərik (Sül. məs. 15:23; 17:17). Yehovaya birgə həmd nəğmələri oxuyanda ürəyimiz sevinclə dolur. Xüsusilə də «daxilən çox narahat» olanda, yəni hansısa fikirlər bizə rahatlıq verməyəndə yığıncaqdan aldığımız təsəlliyə ehtiyac duyuruq. Burada Yehova bizə təsəlli verməklə yanaşı, Ona sadiq qalmaq qətiyyətimizi də möhkəmləndirir (Məz. 94:18, 19).
18 Növbəti sözləri deyən Asəf kimi, biz də Allahın zərif qayğısı sayəsində özümüzü təhlükəsizlikdə hiss edirik: «Mənim sağ əlimdən tutmusan. Nəsihətinlə mənə yol göstərirsən» (Məz. 73:23, 24). Yehovaya necə də minnətdarıq ki, O, bizi xilas etmək üçün qoruyur!
[28–ci səhifədəki şəkil]
Yehova səni də cəlb edib
[30–cu səhifədəki şəkil]
Allahın məsləhətlərini tətbiq etmək bizim üçün müdafiədir
[31–ci səhifədəki şəkil]
Aldığımız təsəlli bizə tab gətirməyə kömək edir