Biz Allahımız Yehovanın adı ilə yeriyəcəyik
«Biz də daima və əbədiyyən Allahımız Rəbbin ismilə yeriyəcəyik» (MİKEYA 4:5, KM).
1. Nuhun günlərində əxlaqla əlaqədar vəziyyət necə idi və Nuh müasirlərindən nə ilə fərqlənirdi?
MÜQƏDDƏS KİTABDA Allahla yeriyənlər sırasında adı birinci çəkilən Xanokdur. Allahla yeriyən ikinci insan isə Nuh idi. Müqəddəs Kitabda deyilir: «Nuh sadiq adam idi və öz dövründə nöqsansız idi; Nuh Allah ilə yeriyirdi» (Yaradılış 6:9, KM). Amma artıq Nuhun dövründə insanlar təmiz ibadətdən çox uzaq idilər. Hələ üstəlik, sədaqətsiz mələklər qadınlarla qeyri-təbii cinsi əlaqəyə girmiş və onlardan nəhəng uşaqlar törəmişdi. Bu nəhənglər «qədim dövrün qəhrəman [«zorba», KM] və adlı-sanlı adamları idi». Təəccüblü deyil ki, o vaxtlar yer üzündə zorakılıq geniş yayılmışdı (Yaradılış 6:2, 4, 11). Buna baxmayaraq, Nuh nöqsansız bir insan olaraq «salehlik təbliğçisi» idi (2 Peter 2:5). Həyatını qorumaq üçün Allah ona gəmi tikməyi əmr edəndə, Nuh Allaha qulaq asıb «hər şeyi etdi: Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi» (Yaradılış 6:22). Həqiqətən də, Nuh Allahla yeriyirdi.
2, 3. Nuh bizim üçün hansı gözəl nümunəni qoyub?
2 Pavel Nuhu da sadiq şahidlər siyahısına daxil edərək onun haqqında yazırdı: «Nuh iman vasitəsilə, hələ zahir olmayan şeylər haqqında Allah tərəfindən xəbərdar edilib, öz ailəsini xilas etmək üçün ixlaskarlıqla gəmi hazırladı; o, bununla dünyanı məhkum etdi və imandan irəli gələn salehliyin varisi oldu» (İbranilərə 11:7). Nuh necə də gözəl örnəkdir! O, Yehovanın sözlərinin həyata keçəcəyinə əmin olduğundan vaxtını, gücünü və bütün imkanlarını Allahın əmrlərini yerinə yetirmək üçün sərf edirdi. Bu gün də bir çoxları dünyanın təklif etdiyi şeylərdən imtina edib, vaxtını, gücünü və bütün imkanlarını Yehovanın əmrlərinə tabe olmaq üçün istifadə edirlər. Bu cür iman təqdirəlayiqdir və həm onları, həm də başqalarını xilas etməyə qadirdir (Luka 16:9; 1 Timoteyə 4:16).
3 İman etmək, əvvəlki məqalədə müzakirə etdiyimiz Xanok üçün çətin olduğu qədər onun nəticəsi olan Nuh və ailəsi üçün də çətin idi. Xanokun da, Nuhun da günlərində saleh insanlar azlıq təşkil edirdi. Daşqından yalnız Allaha sadiq qalan səkkiz insan xilas oldu. Nuh zorakılıq və əxlaqsızlıqla dolu olan dünyada salehliyi təbliğ edirdi. Üstəlik, ailəsi ilə birlikdə ümumdünya daşqınından qorunmaq üçün ağacdan böyük bir gəmi də düzəldirdi. Bundan əvvəl insanlar heç vaxt daşqın görməmişdilər. Ona görə də, Nuh və ailəsinin məşğul olduğu iş onlara qəribə gəlirdi.
4. İsa Nuhun müasirlərinin hansı qüsuru haqqında danışırdı?
4 Maraqlıdır ki, İsa Nuhun günləri haqqında söz salarkən, o vaxtlar baş alıb gedən zorakılıq, yalan din və ya əxlaqsızlıq haqqında bir söz demədi. O, insanların eşitdikləri xəbərdarlığa diqqət yetirmək istəmədiklərini vurğuladı. İsa deyirdi ki, «Nuhun gəmiyə girdiyi günə qədər... insanlar yeyib, içib, evlənib, ərə gedirdilər». Yeyib içmək, evlənib ərə getmək — burada pis nə var ki? O adamlar «normal həyat» sürürdülər! Amma daşqın yaxınlaşmaqda, Nuh da salehliyi təbliğ etməkdə idi. Nuhun sözləri ilə davranışı onları xəbərdar etməli idi. Buna baxmayaraq, onlar «daşqın gəlib hamısını aparıncaya qədər fikir vermirdilər» (Matta 24:38, 39, YD).
5. Nuha və onun ailəsinə hansı keyfiyyətlər lazım idi?
5 O günlərə nəzər salanda, Nuhun bu cür həyat yolu seçməklə nə qədər müdrik davrandığını görürük. Amma Daşqın gəlməzdən əvvəl başqalarından fərqlənmək üçün böyük cəsarət tələb olunurdu. Nuhun və onun ailəsinin möhkəm imanı olmasaydı, onlar nə böyük bir gəmi düzəldər, nə də onu heyvan növləri ilə doldura bilərdilər. Görəsən, bu sadiq xidmətçilərdən kiminsə ürəyindən insanların diqqət mərkəzində olmamaq və «normal» bir həyat sürmək keçirdimi? Ürəklərinə hərdən belə fikirlər gəlmiş olsa da, onlar nöqsansızlıqda büdrəmədilər. İmanı sayəsində Nuh, uzun illərdən sonra gələn Daşqından xilas oldu. Onun gözlədiyi müddət, hər birimizin bu sistemdə hələ dözməli olacağımız vaxtdan daha uzundur. Yehova isə «normal» həyat sürənlərin və hansı zəmanədə yaşadıqlarına fikir verməyənlərin hamısının üzərində öz hökmünü yerinə yetirdi.
Zorakılıq yenidən yer üzünü bürüyür
6. Daşqından sonra yer üzündə yenə də hansı vəziyyət mövcud idi?
6 Daşqının suları çəkildikdən sonra insanlar yenidən yer üzünə yayılmağa başladılar. Amma onlar hələ də qeyri-kamil idilər və ‘ürəklərinin fikirləri cavanlıqdan bəri pis’ olmaqda idi (Yaradılış 8:21). Bundan başqa, cinlər artıq insan cildinə girə bilməsələr də, çox fəal idilər. Allahsız bəşəriyyət «şəririn hakimiyyəti altında» olduğunu tezliklə büruzə verdi. Bu gün olduğu kimi, o vaxtlar da həqiqi Allahın xidmətçiləri «İblisin hiylələrinə qarşı» mübarizə aparmalı olurdular (1 Yəhya 5:19; Efeslilərə 6:11, 12).
7. Daşqından sonra dünyada zorakılıq necə vüs’ət aldı?
7 Daşqından sonra doğulan Nəmrudun günlərindən e’tibarən yer üzündə yenidən zorakılıq yayılmağa başladı. Əhalinin çoxalması və texnikanın inkişafı ilə zorakılıq daha da geniş vüs’ət aldı. Əvvəllər insanlar qılınc, nizə, ox və kamandan, həmçinin döyüş arabalarından, sonralar isə muşket, top, tüfəng və 20-ci əsrin təkmilləşdirilmiş artilleriyasından istifadə edirdilər. Birinci Dünya Müharibəsi zamanı təyyarələr, tanklar, su altı gəmiləri və zəhərləyici qaz kimi daha da qorxulu silahlar meydana gəldi. Bu müharibədə milyonlarla insan öz həyatını itirdi. Bunu gözlənilməz hadisə adlandırmaq olarmı? Əsla yox!
8. Vəhy 6:1-4 ayələri necə yerinə yetir?
8 İsa Məsih 1914-cü ildə Allahın səmavi Padşahlığının Padşahı oldu və o vaxtdan e’tibarən «Rəbbin günü» başladı (Vəhy 1:10). «Vəhy» kitabındakı görüntüdə İsa ağ atın belində oturmuş yenilməz bir Padşah kimi təsvir edilir. Onun ardınca hər biri bəşəriyyətin üzərinə gələcək bəlaları təmsil edən başqa atlılar gəlir. Bu atlılardan biri kürən rəngli ata minib. Ona «dünyadan sülhü götürmək rüsxəti verildi ki, insanlar bir-birini öldürsün; və atlıya böyük bir qılınc verilmişdi» (Vəhy 6:1-4). Bu at və onun belində oturan atlı — müharibəni, böyük bir qılınc isə güclü silahların istifadə edildiyi müasir müharibələrin görünməz dərəcədə dağıdıcı gücünü təmsil edir. Bu gün bu silahlara hər biri on minlərlə insanı məhv etmək qabiliyyətində olan nüvə qurğuları, həmçinin bu qurğuları minlərlə kilometr məsafədə yerləşən hədəfə çatdıran raketlər və kütləvi qırğın silahları olan təkmilləşdirilmiş kimyəvi və bioloji silahlar da aiddir.
Biz Yehovanın xəbərdarlıqlarına fikir veririk
9. Müasir zəmanə ilə Daşqından əvvəlki dünya arasında hansı oxşarlıq var?
9 Nuhun günlərində nəhənglərin təhriki ilə insanların törətdiyi zorakılıq ucbatından Yehova dünyanı məhv etdi. Bəs bu gün vəziyyət nə yerdədir? Zorakılıq bu gün keçmişdə olduğundan daha azmı yayılıb? Xeyr! İnsanlar bu gün də, Nuhun günlərində olduğu kimi, öz işləri ilə məşğul olur, «normal həyat» sürür və eşitdikləri xəbərdarlığa diqqət yetirmək istəmirlər (Luka 17:26, 27). Bunları nəzərə alaraq, Yehovanın itaətsiz bəşəriyyəti yenidən məhv edəcəyinə şübhə edə bilərikmi? Xeyr, edə bilmərik!
10. a) Müqəddəs Kitab peyğəmbərliklərində hansı xəbərdarlıq dönə-dönə təkrarlanır? b) Bu gün hansı həyat tərzi yeganə müdrik yoldur?
10 Daşqından yüz illər əvvəl Xanok bizim sistemin məhv olacağı haqda peyğəmbərlik etmişdir (Yəhuda 14, 15). İsa Məsih də qarşıda gözlənilən «böyük məşəqqət» haqqında danışırdı (Matta 24:21). O cümlədən, bir çox başqa peyğəmbərlər də bu vaxt haqqında insanları xəbərdar edirdilər (Yezekel 38:18-23; Daniel 12:1; Yoel 2:31, 32). «Vəhy» kitabı isə bu sonuncu məhvi canlı surətdə təsvir edir (Vəhy 19:11-21). Nuh kimi, hər birimiz salehliyin fəal təbliğçisiyik. Biz Yehovanın xəbərdarlıqlarına fikir verir və yaxınlarımızın da bu xəbərdarlıqlara fikir verməsi üçün məhəbbətlə qayğı göstəririk. Belə etməklə, Nuh kimi, biz də Allahla yeriyirik. Yaşamaq istəyən hər bir kəsin Allahla yeriməyə davam etməsi doğrudan da çox vacibdir. Bəs günbəgün qarşılaşdığımız təzyiqlərə baxmayaraq, bunu necə edə bilərik? Allahın niyyətlərinin yerinə yetəcəyinə imanımızı möhkəmləndirməliyik (İbranilərə 11:6).
Sıxıntılı vaxtlarda Allahla yeriməyə davam edin
11. Birinci əsrdə yaşayan məsihçilərdən biz hansı nümunəni götürə bilərik?
11 Birinci əsrdə yaşayan məsh edilmiş məsihçilər haqqında ‘bu Yola sadiq olanlar’ kimi danışılırdı (Həvarilərin işləri 9:2). Onların həyatında Yehovaya və İsa Məsihə olan iman ən başlıca yeri tuturdu. Onlar Ağalarının getdiyi yolla yeriyirdilər. Bu gün sadiq məsihçilər də eynilə davranırlar.
12. İsa insanları mö’cüzəli şəkildə doydurduqdan sonra nə baş verdi?
12 İmanın vacibliyini İsa Məsihin xidməti zamanı baş verən bir hadisə yaxşı göstərir. Bir dəfə İsa 5000 nəfərə yaxın adamı mö’cüzəli şəkildə doydurdu. İnsanlar heyrət içində idilər və çox sevinirdilər. Lakin sonra nəyin baş verdiyinə fikir verin. Biz oxuyuruq: «Onda İsanın göstərdiyi mö’cüzəni görən xalq: “Doğrudan da dünyaya gəlməli olan Peyğəmbər Budur!” — dedi. İsa da, onların Onu Hökmdar etmək üçün gəlib zorla aparmaq istədiklərini bilib, yenə tək-tənha dağa çəkildi» (Yəhya 6:10-15). Həmin gecə İsa başqa bir yerə getdi. İsanın padşah olmaqdan imtina etməsi, görünür, bir çoxlarını mə’yus etmişdir. Çünki o, padşah olmaq üçün kifayət qədər müdrikliyə və insanların fiziki tələbatlarını tə’min etmək üçün gücə malik olduğunu artıq göstərmişdi. Lakin onun Padşah olması üçün Yehovanın tə’yin etdiyi vaxt hələ gəlməmişdi. Bundan başqa, İsanın Padşahlığı yerdə yox, göydə olmalı idi.
13, 14. İsanın dinləyicilərindən bir çoxları hansı düşüncə tərzinə malik idi və onların imanları necə sınandı?
13 Bununla belə, xalq İsanı axtarmağa başladı və Yəhyanın yazdığı kimi, onu «gölün o biri tayında» tapdı. İsanın padşah olmaqdan imtina etməsinə baxmayaraq, bu insanlar nə üçün onu axtarırdı? Buna səbəb, bir çoxlarının cismani düşüncə tərzinə malik olması idi. Onları daha çox Musanın günlərində Yehovanın səhrada dolaşan israillilərə verdiyi fiziki qida düşündürürdü. Ürəklərindən İsanın onları maddi qida ilə tə’min etməsi keçirdi. İsa onların motivlərini başa düşürdü və düşüncə tərzlərini dəyişsinlər deyə, onlara ruhani həqiqətləri öyrətməyə başladı (Yəhya 6:17, 24, 25, 30, 31, 35-40). Amma bu, bə’zilərinin ürəyincə deyildi. Xüsusən də, İsa «Sizə doğrusunu, doğrusunu deyirəm: İnsan Oğlunun ətini yeyib, qanını içmədikcə, daxilinizdə həyat olmaz. Mənim ətimi yeyib, qanımı içənin əbədi həyatı vardır; Mən də onu son gündə dirildəcəyəm» sözlərini deyəndə xalq ürəyində olanları dilinə gətirərək deyinməyə başladı (Yəhya 6:53, 54).
14 İsanın gətirdiyi əyani misallar çox zaman insanların ürəklərində Allahla yerimək istəyinin olub-olmadığını aşkara çıxarırdı. Onun bu səfər gətirdiyi misal da istisna deyildi və çox kəskin reaksiyaya səbəb oldu. Yəhya davam edir: «Şagirdlərindən bir çoxu bunu eşitdikdə: “Bu çətin sözdür. Onu kim dinləyə bilər?” — dedilər». İsa başa saldı ki, onlar bu sözlərin ruhani mə’nasını dərk etməyə çalışmalıdırlar. O dedi: «Həyat verən ruhdur; cismani təbiət heç bir şeyə yaramaz; sizə söyləmiş olduğum sözlər ruhdur və həyatdır». Yenə də, dinləyicilərinin əksəriyyəti ona qulaq asmaq istəmirdi. Biz oxuyuruq: «Bu zamandan e’tibarən şagirdlərdən bir çoxu Ondan ayrılıb, artıq Onunla gəzmirdi» (Yəhya 6:60, 63, 66).
15. İsanın şagirdlərindən bə’ziləri hansı düzgün düşüncə tərzinə malik idilər?
15 Lakin İsanın şagirdlərinin hamısı onun sözlərinə bu cür reaksiya göstərmədi. Düzdür, sadiq şagirdlər onun sözlərini sona qədər anlamasalar da, onların İsaya olan imanları sarsılmadı. Bu sadiq şagirdlərdən biri olan Peter, İsanı tərk etməyən şagirdlərin hisslərini belə ifadə etdi: «Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir» (Yəhya 6:68). Peter necə də gözəl düşüncə tərzinə malik idi, onun nümunəsi necə də dəyərlidir!
16. Bizim imanımız necə sınana bilər və hansı düzgün düşüncə tərzini inkişaf etdirməliyik?
16 İsanın erkən şagirdləri kimi, bizim də imanımız sınağa çəkilə bilər. Məsələn, Yehovanın və’dlərinin bizim istədiyimiz vaxtda həyata keçmədiyi üçün ruhdan düşə bilərik. Və yaxud, bizə elə gələ bilər ki, Müqəddəs Kitaba əsaslanan nəşrlərimizdəki bə’zi ayələrin izahatını başa düşmək çətindir. Məsihçi bacı-qardaşlarımızdan birinin davranışı bizi mə’yus edə bilər. Məgər, bu və ya buna bənzər səbəblərə görə Allahla yeriməyə son qoymaq düzgün olardımı? Sözsüz ki, yox! İsanı tərk edən şagirdlər cismani düşüncə tərzinə malik idilər. Biz diqqətli olmalıyıq ki, buna yol verməyək.
«Biz isə... geri çəkilənlərdən deyilik»
17. Allahla yeriməyə davam etmək üçün bizə nə kömək edə bilər?
17 Həvari Pavel yazırdı: «Hər Müqəddəs Yazı Allahdan ilham almış[dır]» (2 Timoteyə 3:16). Müqəddəs Kitab səhifələrindən Yehova bizə aydın şəkildə deyir: «Yol budur, gedin bu yola» (Yeşaya 30:21). Allahın Kəlamına itaət etməyimiz bizə ‘nə cür hərəkət etdiyimizə diqqət verməyə’ kömək edir (Efeslilərə 5:15). Müqəddəs Kitabı öyrənib, onun üzərində dərindən düşünməklə biz ‘həqiqətə görə hərəkət edirik’ (3 Yəhya 3). Doğrudan da, İsanın dediyi kimi, «həyat verən ruhdur; cismani təbiət heç bir şeyə yaramaz». Düzgün yolda yeriməyimizə kömək edən yeganə e’tibarlı rəhbərlik Yehovanın Kəlamı, ruhu və təşkilatı vasitəsilə verilən ruhani rəhbərlikdir.
18. a) İnsanların bə’ziləri hansı müdrik olmayan hərəkəti edirlər? b) Biz necə iman inkişaf etdirməliyik?
18 Cismani düşüncə tərzinə malik olanlar və ya ümidlərinin həyata keçmədiyini görənlər çox zaman dünyanın təklif etdiyi şeylərdən tam surətdə istifadə etməyə can atırlar. Belələri Padşahlığın maraqlarını həyatlarında ön plana qoymaqdansa, şəxsi məqsədlərini güdür və hansı vaxtda yaşadıqlarını unudaraq artıq ‘oyaq durmağa’ ehtiyac duymurlar (Matta 24:42). Bu cür həyat tərzi son dərəcə düşüncəsizlikdən xəbər verir. Həvari Pavelin sözlərinə fikir verin: «Biz isə həlak olmaq üçün geri çəkilənlərdən deyilik. Biz, canın qurtuluşu üçün iman edənlərdənik» (İbranilərə 10:39, İ–93). Biz də, Xanok və Nuh kimi, sıxıntılı vaxtlarda yaşasaq da, onlar kimi, Allahla yerimək şərəfinə malikik. Deməli, Yehovanın və’dlərinin yerinə yetməsini, pisliyin məhvini və salehliyin hökm sürdüyü yeni dünyanı öz gözlərimizlə görəcəyimizə əmin ola bilərik. Bu necə də gözəl ümiddir!
19. Mikeyanın sözlərinə görə, Allahın həqiqi xidmətçiləri hansı yolla yeriməlidirlər?
19 Mikeya peyğəmbər Allah tərəfindən ilhamlanmış kitabında millətlərin hamısının ‘öz allahlarının yolu ilə gedəcəyi’ barəsində yazırdı. Sonra isə özü və Allahın başqa sadiq xidmətçiləri haqqında deyir: «Biz isə daima və əbədiyyən Allahımız Rəbbin ismilə yeriyəcəyik» (Mikeya 4:5). Əgər siz də Mikeya kimi, Allahla yerimək qərarında qətiyyətlisinizsə, yaşadığınız vaxtlar nə qədər sıxıntılı olursa-olsun, Yehova ilə münasibətlərinizi inkişaf etdirin (Yaqub 4:8). Və qoy hər birimizin ürəyində daima və əbədiyyən Allahımız Yehova ilə yerimək arzusu yaşasın!
Necə cavab verərdiniz?
• Nuhun günləri ilə bizim günlər arasında hansı oxşarlıq var?
• Nuh və onun ailəsi hansı yolla yeriyirdilər və biz onların imanından necə nümunə götürə bilərik?
• İsanın davamçılarından bə’ziləri hansı səhv düşüncə tərzinə malik idi?
• Məsihçilər nə etməkdə qəti qərarlıdırlar?
[31-ci səhifədəki şəkil]
Padşahlığın təbliğçiləri olan bizlər «geri çəkilənlərdən deyilik».
[32-ci səhifədəki şəkillər]
Nuhun günlərində olduğu kimi, bu gün də insanların başı gündəlik işlərinə qarışıb.