Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/11 s. 6—10
  • “Sizə bir nümunə göstərdim”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Sizə bir nümunə göstərdim”
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Allahın həqiqətlərinə olan çoxdankı məhəbbət
  • İsanın öyrətdiyi həqiqətlərə olan məhəbbəti
  • İsa öyrətdiyi insanları sevirdi
  • İnsanlara xidmət etməyə hazır olmaq
  • Məhəbbətlə öyrədərək İsanı təqlid edin
    Gözətçi qülləsi 2009
  • İsa Məsih — ən böyük Missioner
    Gözətçi qülləsi 2008
  • «Mənim ardımca gəl»
    Gözətçi qülləsi 2009
  • ‘Ardımca gəlin’
    Gözətçi qülləsi 2002
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/11 s. 6—10

“Sizə bir nümunə göstərdim”

“Müddət nöqteyi-nəzərindən siz, müəllim olmalı idiniz” (İBRANİLƏRƏ 5:12, İ–93).

1. Nəyə görə İbranilərə 5:12 ayəsi məsihçidə bir qədər təbii narahatçılıq hissi yarada bilər?

SƏN məqalənin əsas ayəsindəki ilhamlanmış sözləri oxuduqda hansı hissləri keçirdin? Bir qədər narahatçılıq hissimi? Elə isə, tək deyilsən. Məsihin davamçıları olaraq bilirik ki, müəllim olmalıyıq (Matta 28:19, 20). Bilirik ki, yaşadığımız zəmanəni nəzərə alsaq, mümkün qədər keyfiyyətli öyrətmək olduqca vacibdir. Həmçinin bilirik ki, necə tə’lim verməyimizdən öyrətdiyimiz insanların həyatı asılı ola bilər! (1 Timoteyə 4:16). Bu səbəbdən təbii suallar yaranır: yaxşı müəlliməmmi? Müəllimlik işində mən necə təkmilləşə bilərəm?

2, 3. a) Müəllimlik bacarığının əsasını nəyin təşkil etdiyini bir müəllim necə izah etdi? b) Öyrətməyə dair İsa hansı nümunəni vermişdir?

2 Bu cür narahatçılıq bizi mə’yus etməli deyil. Əgər müəllimliyə tamamilə təcrübə və üsullar məcmusu kimi baxsaq, elə bir təəssürat yarana bilər ki, bu sahədə təkmilləşmək olduqca çətindir, sanki mümkün deyil. Lakin müəllimlik məharəti təcrübə və üsullara deyil, daha vacib şeyə əsaslanır. Təcrübəli bir müəllimin bu mövzuya dair kitabda yazdığına diqqət yetirin: “Öyrətmək bacarığı hansısa üsul və ya metodikaya, yaxud tə’lim planlarına əsaslanmır. [...] Müəllimlik işində əsas məsələ məhəbbətdir”. Müəllif, sözsüz ki, dünyəvi müəllimliyi nəzərdə tutur. Lakin onun qeyd etdiyi fikir bir məsihçi kimi bizim icra etdiyimiz müəllimlik fəaliyyətində daha yararlı ola bilər. Nəyə görə?

3 Tə’lim verməkdə ən gözəl nümunə İsa Məsihin nümunəsidir. O, davamçılarına demişdir: “Sizə bir nümunə göstərdim” (Yəhya 13:15). Burada həlimlik nümunəsindən bəhs edilsə də, sözsüz ki, insan kimi yer üzündə yaşayarkən özünün əsas işini yerinə yetirməkdə — Allahın Padşahlığı haqqında xoş xəbəri təbliğ edərək insanları öyrətməkdə, İsanı təqlid etməliyik (Luka 4:43). Əgər səndən, İsanın xidmətində hansı keyfiyyətin daha çox təzahür olunduğunu soruşsalar, yəqin ki, məhəbbəti deyərdin (Koloslulara 1:15; 1 Yəhya 4:8). İsa ilk növbədə səmavi Atası Yehovanı sevirdi (Yəhya 14:31). Lakin bir müəllim kimi, İsa məhəbbəti daha iki sahədə göstərirdi. O, öyrətdiyi həqiqətləri və həqiqəti öyrətdiyi insanları sevirdi. Gəlin onun nümunəsinin bu iki sahəsinə xüsusi diqqət yetirək.

Allahın həqiqətlərinə olan çoxdankı məhəbbət

4. İsa Yehovanın tə’limlərinə qarşı məhəbbəti necə inkişaf etdirmişdi?

4 Müəllimin öz fənninə olan münasibətini əksər hallarda tə’limin keyfiyyətindən müəyyən etmək olar. Hətta ən kiçik e’tinasızlıq belə, çox ehtimal ki, nəzərə çarpacaq və şagirdlərə keçəcəkdir. Lakin İsa, Yehova və Onun Padşahlığı haqqında öyrətdiyi dəyərli həqiqətlərə qarşı laqeyd deyildi. Əksinə, o, öyrətdiyi həqiqətləri çox sevirdi. İsa bu məhəbbəti, özü öyrənən zaman inkişaf etdirmişdi. İnsan kimi mövcud olmazdan əvvəl milyon illər ərzində Allahın vahid Oğlu böyük istək və sə’ylə öyrənmişdi. İşaya 50:4, 5 ayələrində yazılan sözlər yerinə düşür: “Yorğun adama sözlə dəstək ola bilim deyə, Rəbb Yehova mənə şagirdlərin dilini verdi; hər sabah oyandırır, şagirdlər kimi eşitsin deyə qulağımı oyandırır. Rəbb Yehova qulağımı açdı və mən qiyamçı olmadım və geri çəkilmədim”.

5, 6. a) İsa, aydın olduğu kimi, vəftiz olunduğu zaman hansı hissləri yaşadı və bu, ona necə tə’sir bağışladı? b) İsa və Şeytan Allahın Kəlamını nə dərəcədə fərqli surətdə istifadə etmişlər?

5 İsa yer üzündə böyüyəndə də Allah müdrikliyini sevirdi (Luka 2:52). Sonradan vəftiz olunan zaman İsa heç kimin yaşamadığı hissləri yaşadı. Luka 3:21 ayəsində deyilir: “Göy açıldı”. Aydındır ki, bu zaman İsa insan olmazdan əvvəlki mövcudluğunu xatırlaya bildi. Bundan sonra İsa 40 gün ərzində səhrada oruc tutdu. Olsun ki, İsa Yehovanın verdiyi dərslər üzərində düşünməkdən məmnunluq duyurdu. Lakin çox keçməmiş, Allahın həqiqətlərinə olan məhəbbəti sınağa mə’ruz qaldı.

6 İsa yorğun və ac olan zaman Şeytan onu sınağa çəkməyə başladı. Allahın bu iki oğlu bir-birindən kəskin surətdə necə də fərqlənirlər! Hər ikisi İbranicə Müqəddəs Yazılardan sitat gətirmiş, lakin tamamilə fərqli əhval-ruhiyyə təzahür etdirmişlər. Şeytan, Allahın Kəlamından öz tamahkar məqsədlərində hörmətsiz tərzdə istifadə edərək, onu təhrif etmişdir. Doğrudan da, bu qiyamçı Allahın həqiqətlərinə qarşı nifrətdən savayı heç nə duymurdu. Lakin Şeytana cavabında İsanın Müqəddəs Yazılardan sitat gətirməsində, onun Allahın Kəlamına olan məhəbbət və ehtiramı dərhal nəzərə çarpır. İsa, Allahdan ilham almış bu sözlərin yazılmasından çox əvvəl yaşamışdır, buna baxmayaraq, həmin yazılara ehtiramla yanaşırdı. Axı həmin sözlər onun səmavi Atasından gələn dəyərli həqiqətlər idi! İsa Şeytana bildirdi ki, Yehovadan gələn bu sözlər qidadan da vacibdir (Matta 4:1-11). Bəli, İsa Yehovanın ona öyrətdiyi bütün həqiqətləri sevirdi. Bəs bu məhəbbəti özünün müəllimlik fəaliyyətində necə təzahür etdirirdi?

İsanın öyrətdiyi həqiqətlərə olan məhəbbəti

7. Nəyə görə İsa şəxsi tə’limlərini yaratmırdı?

7 İsanın öyrətdiyi həqiqətlərə olan məhəbbəti həmişə aşkar idi. Hər şeydən əvvəl, İsa şəxsi ideyalarını sərbəstcə inkişaf etdirə bilərdi. İsa geniş biliyə və böyük müdrikliyə sahib idi (Koloslulara 2:3). Bununla belə, o öz dinləyicilərinə dəfələrlə xatırladırdı ki, öyrətdiyi hər şey onun özünun deyil, səmavi Atasınındır (Yəhya 7:16; 8:28; 12:49; 14:10). İsanın Allahın həqiqətlərinə qarşı məhəbbəti o qədər güclü idi ki, onları öz fikirləri ilə əvəz etmək onun ağlına belə gəlmirdi.

8. Allahın Kəlamına əsaslanmaq məqsədində olduğunu İsa xidmətinin başlanğıcında necə göstərdi?

8 İsa necə fəaliyyət göstərmək məqsədində olduğunu xidmətinin lap başlanğıcında aydın etdi. İsanın ilk dəfə Allahın xalqına özünün və’d edilmiş Məsih olduğunu necə e’lan etdiyinə diqqət yetirək. İsa sadəcə izdiham qarşısında özünün Məsih olduğunu e’lan edib, sonra da sözlərinə sübut olaraq valehedici mö’cüzələrmi göstərdi? Xeyr. O, Allahın xalqının adətən Müqəddəs Yazıları oxuduqları sinaqoqa daxil oldu. İsa orada İşaya 61:1, 2 ayələrini ucadan oxuyub, bu peyğəmbərlik həqiqətlərinin ona aid olduğunu izah etdi (Luka 4:16-22). İsanın göstərdiyi çoxsaylı mö’cüzələr, Allahın onu dəstəklədiyinə əlavə sübut kimi xidmət edirdi. Və yenə də özünün müəllimlik fəaliyyətində hər zaman Allahın Kəlamına əsaslanırdı.

9. Fəriseylərlə söhbətində İsa Allahın Kəlamına dəyişməz məhəbbətini necə göstərdi?

9 Dini ziddiyyətçilərin hücumları ilə qarşılaşarkən, asanlıqla qalib gələ bilsə də, İsa onlarla intellektual mübahisələrə girişmirdi. Bunun əvəzinə, Allah Kəlamının köməyi ilə İsa onların dəlillərinin yalan olduğunu sübut edirdi. İsanın davamçılarını şənbə qanununu pozmaqda fəriseylərin mühakimə etdikləri hadisəni xatırlayaq. Tarladan keçərkən, onlar bir neçə sünbülü qoparıb yemişdilər. Fariseylərin ittihamına cavab olaraq, İsa dedi: “Davudun özu ilə bərabər olanlarla acdığı zaman nə etdiyini oxumadınızmı?” (Matta 12:1-5). Öz gözlərində saleh olan bu insanlar, ehtimal ki, 1 Samuel 21:1-6 ayələrini oxumuşdular. Əgər belədirsə, onlar həmin hadisədən vacib ibrət dərsi götürməmişdilər. Amma İsa bu parçanı sadəcə olaraq oxumamışdı, həm də onun üzərində düşünüb, məğzini mənimsəmişdi. O, bu parçanın vasitəsilə Yehovanın öyrətdiyi prinsipləri sevmişdi. Və İsa həmin ayələrin, həmçinin Musanın qanunundan gətirilən nümunənin köməyi ilə, Qanuna xas olan tarazlığı göstərdi. Beləliklə, Allahın Kəlamına olan dəyişməz məhəbbət İsanı təşviq edirdi ki, onu din rəhbərlərinin öz məqsədləri üçün təhrif etmək təşəbbüsündən və ya insan ən’ənələrinin bataqlığında qərq olmaqdan qorusun.

10. İsa öyrədəcəyi haqda peyğəmbərliyi necə yerinə yetirdi?

10 İsanın öyrətdiyi həqiqətlərə olan məhəbbəti heç zaman yol vermirdi ki, o, insanları qeyri-iradi və darıxdırıcı şəkildə öyrətsin. Allahdan ilham almış peyğəmbərliklər göstərir ki, Məsihin dodaqlarından “lətafət” axacaq və o, “gözəl sözlər” söyləyəcəkdir (Məzmur 45:2; Təkvin 49:21). İsa, ürəkdən sevdiyi həqiqətləri ruh yüksəkliyi ilə təqdim edərək, bu peyğəmbərlikləri yerinə yetirdi; o, “lətif kəlamlar”ı tətbiq edərək onların gözəlliyini üzə çıxara bilirdi (Luka 4:22). Şübhəsiz ki, ruh yüksəkliyi onun üzündə hiss olunur və gözlərində öyrətdiyi həqiqətlərə qarşı canlı maraq görünürdü. Onu dinləməyin böyük məmnunluq gətirdiyini təsəvvür etmək çətin deyil. Aldığımız bilikləri başqaları ilə bölüşməkdə İsa bizə necə də gözəl nümunə verdi!

11. Nə üçün İsa öz müəllimlik bacarığına görə öyünmürdü?

11 Allahın həqiqətlərini gözəl bildiyi və ən mükəmməl natiq olduğu üçün İsa öyünürdümü? Bu, çox vaxt qeyri-kamil insanlardan olan müəllimlərlə baş verir. Lakin unutmayaq ki, İsanın müdrikliyi Allah qorxusunu təzahür etdirirdi. Bu cür müdriklik lovğalanmağa yol verməz, axı “hikmət təvazökar” insanlarladır (Süleymanın məsəlləri 11:2, MKŞ). Lakin İsanı qürur və lovğalıqdan saxlayan yalnız bu deyildi.

İsa öyrətdiyi insanları sevirdi

12. İsa necə göstərdi ki, davamçılarının ondan qorxmasını istəmir?

12 İsanın insanlara olan dərin məhəbbəti həmişə onun öyrətmə tərzində görünürdü. Qürurlu insanlardan fərqli olaraq, o, bir müəllim kimi, heç zaman insanları qorxutmurdu (Vaiz 8:9). İsanın mö’cüzələrindən birini görən Peter heyran qalmış və İsanın dizlərinə qapanmışdı. Lakin İsa istəmirdi ki, davamçıları onun qarşısında qeyri-adi qorxu hissi keçirsinlər. O, mehribanlıqla dedi: “Qorxma”, sonra isə Peterə başa saldı ki, o, şagirdlər hazırlamaq kimi sevincli və maraqlı işdə iştirak edəcəkdir (Luka 5:8-10). İsa istəyirdi ki, şagirdləri müəllim qarşısındakı qorxudan deyil, Allah haqqındakı dəyərli həqiqətlərə olan məhəbbətdən irəli gələrək hərəkət etsinlər.

13, 14. İsa insanlara necə şəfqət göstərirdi?

13 İsanın həqiqəti öyrətdiyi insanlara olan məhəbbəti onlara göstərdiyi şəfqətində də təzahür olunurdu. “İzdihamı gördükdə İsanın onlara yazığı gəldi; çünki çobansız qoyunlar kimi taqətsiz və dağınıq idilər” (Matta 9:36). Onların miskin vəziyyəti İsanı şəfqət göstərməyə təşviq edirdi və o, həmin insanlara kömək əlini uzatmaq istəyirdi.

14 İsanın başqa bir hadisədə necə şəfqət göstərdiyinə diqqət yetirək. Qanaxmadan əziyyət çəkən bir qadın izdihamı yarıb İsanın paltarına toxunan zaman mö’cüzəli surətdə sağaldı. İsa özündən qüvvə çıxdığını hiss etmiş, amma kimin şəfa tapdığını görməmişdi. İsa həmin qadını görmək istədi. Nəyə görə? Ona görə yox ki, Qanunu, yaxud din xadimləri və fəriseylər tərəfindən tərtib edilən qaydaları pozduğu üçün onu məzəmmət etsin, bəlkə qadın özü də elə bundan qorxurdu. Xeyr, o, qadına dedi: “Qızım! İmanın səni xilas etdi. Sülh ilə get və dərdindən sağal” (Mark 5:25-34). Bu sözlərdə duyulan şəfqətə diqqət yetirin. İsa sadəcə: “Sağal” demədi, “dərdindən sağal” dedi. Mark burada hərfi mə’nada “qamçılayan” və qamçılamağa işarə edən, tez-tez işgəncə kimi qəbul edilən sözü istifadə edir. Beləliklə İsa göstərdi ki, bu xəstəliyin qadına nə qədər fiziki və mə’nəvi əziyyət verdiyini anlayır. Qadına onun yazığı gəlirdi.

15, 16. İsanın xidmətində hansı hadisələr göstərir ki, o, insanlarda yaxşı cəhətləri axtarırdı?

15 İsa insanlarda olan yaxşı cəhətlərə diqqət yetirməklə də onlara məhəbbət göstərirdi. Sonradan həvari olan Nataneli gördükdə görün nə baş verdi: “İsa Nataneli Öz yanına gələn gördükdə onun haqqında dedi: “Budur, daxilində hiylə olmayan həqiqi bir israilli!” İsa mö’cüzəli şəkildə Natanelin ürəyinə nəzər salmış və onun haqqında çox şey bilmişdi. Əlbəttə ki, Natanel kamillikdən uzaq idi. Hamımızda olduğu kimi, onun da çatışmayan cəhətləri vardı. Bundan əlavə, o, İsa haqqında eşidən zaman olduqca kəskin şəkildə demişdi: “Nazaretdən yaxşı şey çıxarmı?” (Yəhya 1:45-51). Baxmayaraq ki, Natanel haqqında çox şey demək olardı, lakin İsa qərara aldı ki, diqqətini onun müsbət cəhətinə, onun dürüstlüyünə cəmləşdirsin.

16 Bir dəfə bütpərəst, ola bilsin, romalı yüzbaşı İsaya yaxınlaşıb öz xəstə quluna şəfa verməyi xahiş etdikdə, İsa bu hərbiçinin də günahsız olmadığını bildirdi. Həmin vaxtlar yüzbaşı, ehtimal ki, ömrü boyu çoxsaylı amansız işlər törədir, çoxlu qanlar axıdır, üstəlik də yalançı tanrılara ibadət edirdi. Ancaq İsa diqqətini yaxşı cəhətə, həmin insanın gözəl inamına cəmləşdirdi (Matta 8:5-13). Sonradan, İsa onunla bərabər ağacdan asılmış cani ilə söhbətində həmin insanı cinayətkar həyatına görə məzəmmət etmədi, ancaq gələcəyə olan ümidlə ruhlandırdı (Luka 23:43). İsa çox gözəl bilirdi ki, başqalarına qarşı mənfi və tənqidi münasibət onları yalnız sarsıdır. Şübhəsiz ki, İsanın başqalarında yaxşı cəhətləri görməyə çalışması, onları daha yaxşı davranmağa təşviq edirdi.

İnsanlara xidmət etməyə hazır olmaq

17, 18. Yer üzünə gəlməyə razılıq verməklə, İsa başqalarına xidmət etməyə hazır olduğunu necə göstərdi?

17 İsanın həqiqəti öyrətdiyi insanlara olan məhəbbətinə daha bir sübut, onlara xidmət etməyə hazır olmasıdır. Allahın Oğlu, insan kimi mövcud olana qədər də həmişə insanlara böyük məhəbbətlə yanaşırdı (Süleymanın məsəlləri 8:30, 31). İsa, Yehovanın “Kəlam”ı, yə’ni nümayəndəsi kimi, çox güman ki, insanlarla ünsiyyətdən məmnunluq duyurdu (Yəhya 1:1). Bununla belə, göydə yüksək vəzifəsini qoyub “Özünü heç edərək... qul surətinə” düşüb, yer üzünə gəlməsinin səbəblərindən biri, insanları bilavasitə şəxsən öyrətmək istəyi olmuşdur (Filipililərə 2:7; 2 Korinflilərə 8:9). Həmçinin İsa yer üzündə ona xidmət edəcəklərini gözləmirdi. Əksinə, o demişdir: “İnsan Oğlu Ona xidmət edilmək üçün deyil, xidmət etməyə və bir çoxları üçün canını fidiyə olaraq verməyə gəlmişdir” (Matta 20:28). İsa bu sözlərə tam müvafiq yaşayırdı.

18 İsa öyrətdiyi insanlara ürəkdən vaxt və qüvvə sərf edərək, onlara təvazökarlıqla xidmət edirdi. İsa fəaliyyətilə mümkün qədər daha çox insanları əhatə etməyə çalışaraq, təbliğ səyahəti zamanı Və’d edilən diyarı dolaşarkən yüz kilometrlərlə yol qət etmişdi. Qürurlu fəriseylər və din alimlərindən fərqli olaraq, o, təvazökar və sadə idi. Ən müxtəlif insanlar — ə’yanlar, əsgərlər, qanunşünaslar, qadınlar, uşaqlar, kasıblar, xəstələr və hətta cəmiyyətin tullantısı hesab edilən kəslər də ona həvəslə və qorxmadan yaxınlaşırdılar. İsa kamil olsa da, insan idi. O da yorulur, aclıq hiss edirdi. Hətta yorulanda, istirahətə ehtiyac duyanda və dua etmək üçün təklənmək istəyəndə belə, başqalarının tələbatlarını şəxsi tələbatlarından üstün tuturdu (Mark 1:35-39).

19. İsa şagirdləri ilə münasibətində təvazökarlığa, səbir etməyə və xeyirxahlığa dair necə nümunə göstərdi?

19 İsa eynilə öz şagirdlərinə də xidmət etməyə hazır idi. O bunu, şagirdlərini xeyirxahlıq və səbirlə öyrədərək edirdi. Əgər onlar uzun müddət hansısa vacib dərsləri mənimsəyə bilmirdilərsə, İsa ümidini üzmür, özündən çıxmır və onları məzəmmət etmirdi. O, bu və ya digər fikirləri mənimsəməkdə şagirdlərinə kömək etmək üçün, yeni üsullar tapmağa davam edirdi. Məsələn, şagirdlərin aralarında kimin böyük olduğu məsələsi üstündə necə tez-tez mübahisə etdiklərini xatırlayaq. Amma e’dam edildiyi gecəyə kimi, İsa öz şagirdlərini bir-birləri ilə münasibətdə təvazökar olmağa öyrətmək üçün yeni-yeni üsullar tapırdı. Başqa məsələlərdə olduğu kimi, İsa təvazökarlığa dair də haqlı olaraq belə deyə bildi: “Sizə bir nümunə göstərdim” (Yəhya 13:5-15; Matta 20:25; Mark 9:34-37).

20. Hansı tə’lim üsulu İsanı fəriseylərdən fərqləndirirdi və bu üsul nəyə görə daha effektli idi?

20 Diqqət yetir ki, İsa necə davranmaq lazım olduğunu şagirdlərinə sadəcə demirdi, onlara ‘nümunə göstərirdi’ — onları öz nümunəsi ilə öyrədirdi. O, şagirdlərinə tə’lim verərkən özünü onlardan yüksək tutmurdu. Onlarla elə davranmırdı ki, sanki verdiyi tə’limə riayət etmək yalnız şagirdlərə aiddir. Fəriseylər bu cür davranırdılar. İsa onlar haqqında deyirdi: “Söylərlər, amma əməl etməzlər” (Matta 23:3). Tə’limlərinin nə demək olduğunu, İsa həmin tə’limlərə uyğun təvazökarlıqla yaşayaraq, təcrübədə göstərirdi. Məsələn, öz davamçılarını var-dövlət yığmaqdan çəkinərək sadə həyat sürməyə təşviq edən zaman, onlara bunun nə demək olduğunu təxmin etmək lazım gəlmirdi. Onlar İsanın sözlərinin əsl mə’nasını anlaya bilirdilər: “Tülkülərin hini və göy quşlarının yuvası vardır; insan Oğlu isə başını söykəməyə yer tapmır” (Matta 8:20). İsa şagirdlərinə təvazökarlıqla nümunə göstərərək, onlara xidmət edirdi.

21. Növbəti məqalədə hansı sual müzakirə olunacaqdır?

21 Şübhəsiz ki, İsa yer üzündə yaşamış ən böyük Müəllim idi! Onun verdiyi tə’limə və öyrətdiyi insanlara olan məhəbbəti, onu görən və dinləyən bütün həlim insanlara aşkar idi. Bu, İsanın nümunəsini öyrənən bizlər üçün də aşkardır. Bəs İsanın kamil nümunəsinə biz necə riayət edə bilərik? Bu sual növbəti məqalədə müzakirə olunacaqdır.

Siz necə cavab verərdiniz?

• Müəllimlik bacarığı nəyə əsaslanır və bu, kimin nümunəsindən görünür?

• İsa öyrətdiyi həqiqətlərə qarşı necə məhəbbət göstərirdi?

• İsa həqiqəti öyrətdiyi insanlara qarşı necə məhəbbət göstərirdi?

• Hansı nümunələrdən görünür ki, İsa tə’lim verdiyi insanlara təvazökarlıqla xidmət etməyə hazır idi?

[8-ci səhifədəki şəkil]

İsa Allahın Kəlamındakı prinsipləri sevdiyini necə göstərdi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş