Bir-birinizə qarşı məhəbbətiniz olsun
“Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (YƏHYA 13:35).
1. İsa ölümündən bir az əvvəl hansı keyfiyyətə xüsusi diqqət yetirdi?
“ÖVLADLARIM!” (Yəhya 13:33). İsa, ölümündən bir gün əvvəl axşam üstü öz şagirdlərinə bu cür nəvazişlə müraciət etdi. İsanın bundan öncə şagirdlərinə bu cür nəvazişlə müraciət etməsi haqqında Müjdədə heç nə deyilmir. O, bu xüsusi gecədə öz davamçılarına olan dərin məhəbbətini bildirmək üçün bu zərif sözü istifadə etdi. Ümumiyyətlə, həmin gecə İsa təxminən 30 dəfə məhəbbətdən söz etdi. İsa bu keyfiyyətə nəyə görə bu qədər diqqət yetirdi?
2. Məhəbbət göstərmək məsihçilər üçün nəyə görə bu qədər vacibdir?
2 İsa məhəbbətin nəyə görə bu qədər vacib olduğunu izah etdi. O dedi: “Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (Yəhya 13:35; 15:12, 17). Məsihin davamçısı olmaqla, qardaşlıq məhəbbəti göstərməyin arasında sıx bağlılıq var. İsanın həqiqi davamçıları hansısa xüsusi paltar, yaxud ən’ənə ilə deyil, bir-birlərinə olan səmimi və incə məhəbbətlə tanınırlar. Əvvəlki məqalənin başlanğıcında deyildiyi kimi, bu xüsusi məhəbbəti təzahür etdirmək, Məsihin davamçısı olmaq üçün lazım olan üç əsas tələbin ikincisidir. Bu tələbə bundan sonra da müvafiq olmaq üçün bizə nə kömək edə bilər?
“Bu yolda daha çox tərəqqi edin”
3. Həvari Pavel məhəbbətə dair hansı nəsihəti verdi?
3 Bu cür qeyri-adi məhəbbət, birinci əsrdə yaşamış məsihçilərin arasında olduğu kimi, müasir məsihçilərin də arasında nəzərə çarpacaq dərəcədə görünür. Həmin ilk məsihçilərə həvari Pavel yazırdı: “Qardaş məhəbbətinə gəlincə, sizə bu barədə yazmağıma ehtiyacınız yoxdur; çünki Allah sizə bir-birinizi sevməyi öyrətmişdir. Əslində siz... qardaşların hamısı ilə belə davranırsınız”. Buna baxmayaraq, Pavel “bu yolda daha çox tərəqqi edin” deyə, əlavə edir (1 Saloniklilərə 3:12; 4:9, 10). Biz də Pavelin nəsihətinə diqqət yetirməli və bir-birimizə “daha çox” məhəbbət göstərməyə çalışmalıyıq.
4. Pavelin və İsanın sözlərinə görə, biz kimlərə xüsusi diqqət ayırmalıyıq?
4 Allahdan ilham alan Pavel elə həmin məktubunda həmimanlılarını ‘cəsarətsizləri ruhlandırmağa’ və ‘zəiflərə yardım etməyə’ təşviq edir (1 Saloniklilərə 5:14). Başqa məktubunda o, məsihçilərə xatırladır ki, “qüvvətlilər qüvvətsizlərin zəifliklərinə dözməli”dir (Romalılara 15:1). İsa da zəiflərə kömək etməyi buyurmuşdu. İsa tutulacağı gecə Peterin onu tərk edəcəyini qabaqcadan bildirdikdən sonra, ona dedi: “Sən də bir zaman dönüb öz qardaşlarına qüvvət ver”. Nəyə görə? Ona görə ki, onlar da İsanı tərk edəcəklər və nəticə e’tibarı ilə köməyə ehtiyac duyacaqlar (Luka 22:32; Yəhya 21:15-17). Beləliklə, Allahın Kəlamı bizə ruhani cəhətdən zəif olanlara və məsihçi yığıncağından uzaqlaşanlara məhəbbət göstərməyi buyurur (İbranilərə 12:12). Biz bunu nəyə görə etməliyik? Cavabı İsanın gətirdiyi iki aydın məsəldən görürük.
İtirilmiş qoyun və itirilmiş dirhəm
5, 6. a) İsa hansı iki qısa məsəli çəkdi? b) Bu məsəllər Yehova haqqında nəyi göstərir?
5 Yolundan sapmış kəslərə Yehovanın necə yanaşdığını göstərmək üçün, İsa iki qısa məsəl gətirdi. Birincisi çoban haqqında idi. İsa dedi: “Sizlərdən yüz qoyunu olan kim, onlardan birini itirdiyi zaman, doxsan doqquzunu səhrada buraxaraq, itmiş olanı tapıncaya qədər arxasınca getməz? Tapdıqda isə, onu sevinclə çiyinlərinə qoyar və evə gəldiyi zaman öz dostlarını və qonşularını yığıb, deyər: “Mənim sevincimə şərik olun, mən itmiş qoyunumu tapdım!” Sizə deyirəm ki, beləcə də göydə, tövbə edən bir günahkara görə, tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaqdır” (Luka 15:4-7).
6 İkinci məsəl, dirhəmini itirmiş qadın haqqında idi. İsa dedi: “On dirhəmi olan hansı qadın bir dirhəm itirsə, çıraq yandırıb, evi süpürüb onu tapıncaya qədər axtarmaz? Və tapdığı zaman öz rəfiqələrini və qonşularını yığıb deyər: “Mənim sevincimə şərik olun, mən itirilmiş dirhəmi tapdım!” Beləliklə, sizə deyirəm ki, tövbə edən bir günahkar üçün də Allahın mələkləri hüzurunda sevinc olur” (Luka 15:8-10).
7. İtirilmiş qoyun və itirilmiş dirhəm məsəlindən hansı iki nümunəni götürmək olar?
7 Bu qısa məsəllərdən nə öyrənirik? Bunlar bizə 1) ruhani cəhətdən zəifləyən kəslərə hansı hisslərlə yanaşmalı və 2) onlara kömək etmək üçün nə etməli olduğumuzu göstərir. Gəlin buiki nümunəni ətraflı nəzərdən keçirək.
İtirilmişlər, ancaq dəyərlidirlər
8. a) Çoban və qadın itkilərinə necə münasibət göstərdilər? b) Onların öz itkilərinə olan münasibətləri bizə nəyi göstərir?
8 Hər iki məsəldə insanlar nə isə itirirlər, amma onların bu itkiyə göstərdikləri münasibətə diqqət yetirək. Çoban: “99 qoyunum olan yerdə bir qoyun nədir ki, onsuz da keçinərəm” demədi. Qadın da: “Bir dirhəm nədir ki, ondan ötrü narahat olam? Mənə doqquzu da bəs edər” deyə düşünmədi. Əksinə, çoban yeganə imiş kimi itirilmiş qoyununu axtardı. Qadın da başqa pulu yox imiş kimi təlaş içində idi. Hər iki hadisədə itən şey sahibi üçün dəyərli idi. Bu nəyi göstərir?
9. Çobanın və qadının keçirdikləri narahatçılıq hissi nəyi əks etdirir?
9 Hər iki məsəlin sonunda İsanın dediklərinə diqqət yetirək: “Göydə, tövbə edən bir günahkara görə... daha çox sevinc olacaqdır” və “Beləliklə, sizə deyirəm ki, tövbə edən bir günahkar üçün də Allahın mələkləri hüzurunda sevinc olur”. Bununla, çobanın və qadının narahatçılığı, müəyyən qədər Yehovanın və Onun səmavi varlıqlarının keçirdikləri hissləri əks etdirir. Çobanın və qadının itirdikləri onların gözlərində dəyərli olduğu kimi, Allahın xalqından uzaq düşən kəslər də Yehovanın gözündə dəyərli olaraq qalırlar (Yeremya 31:3). Ola bilsin, bu cür insanlar ruhən zəifləyiblər, lakin bu o demək deyil ki, onlar Allaha qarşı üsyan qaldırırlar. Hətta ruhən zəiflədikləri halda belə onlar, ehtimal ki, Yehovanın tələblərinə müəyyən dərəcədə müvafiqdirlər (Məzmur 119:176; Həvarilərin işləri 15:29). Buna görə də, qədimdə olduğu kimi, Yehova onları “üzü önündən” atmaq istəmir (2 Krallar 13:23).
10, 11. a) Yığıncaqdan ayrı düşən kəslərə necə yanaşmalıyıq? b) İsanın çəkdiyi iki məsələ əsasən, onların qeydinə qaldığımızı necə ifadə edə bilərik?
10 Yehova və İsa kimi, biz də ruhən zəifləyənlər və məsihçi yığıncağından uzaq düşənlər üçün çox narahat oluruq (Hezekiel 34:16; Luka 19:10). Biz ruhən zəifləyən kəslərdən ümidimizi üzmürük, onlar bizim üçün sadəcə olaraq itən kəslərə bənzəyirlər. Biz: “Zəifləyən bir kəsdən ötrü nəyə görə narahat olaq? Yığıncaq onsuz da keçinər”, deyə düşünmürük. Əksinə, yığıncaqdan ayrı düşən, lakin qayıtmaq istəyən kəslərə, biz də Yehovanın gözü ilə dəyərli insanlar kimi baxırıq.
11 Bəs onların qeydinə qaldığımızı necə ifadə edə bilərik? İsanın çəkdiyi iki məsəl göstərir ki, biz bunu 1) təşəbbüs, 2) nəvaziş və 3) sə’y göstərərək edə bilərik. Gəlin bu üç sahəni ayrı-ayrılıqda nəzərdən keçirək.
Təşəbbüs göstərin
12. ‘İtmiş olanın arxasınca gedir’ ifadəsi çobanın əhval-ruhiyyəsi haqqında nə deyir?
12 Birinci məsəldə İsa deyir ki, çoban ‘itmiş olanın arxasınca gedir’. O, təşəbbüs göstərir və düşünülmüş addımlar ataraq itmiş qoyunu axtarmağa yola düşür. Onu nə çətinliklər, nə təhlükə, nə də məsafə saxlayır. O, qoyunu “tapıncaya qədər” axtarmağa davam edir (Luka 15:4).
13. Qədimdə Allahın sadiq xidmətçiləri zəif olanların ehtiyacına necə münasibət göstərirdilər və biz onları necə təqlid edə bilərik?
13 Buna bənzər şəkildə, ruhlandırılmağa ehtiyac duyanlara kömək etmək üçün, çox vaxt daha güclünün təşəbbüs göstərməsi lazım gəlir. Bunu Allahın qədimdə yaşamış sadiq xidmətçiləri də anlayırdılar. Məsələn, Saul padşahın oğlu Yonatan yaxın dostu Davudun ruhlandırılmağa ehtiyacı duyduğunu görüb, “qalxdı və ormana Davudun yanına getdi və onun əlini Allah ilə qüvvətləndirdi” (1 Samuel 23:15, 16). Yüzilliklər sonra, hökmdar Nehemya bə’zi yəhudi qardaşlarının zəiflədiyini gördükdə, ləngimədən “qalxıb”, onları ‘Yehovanı xatırlamağa’ təşviq etdi (Nehemya 4:14). Bu gün biz də, zəif olanları möhkəmləndirmək üçün “qalxmalı”, yə’ni təşəbbüs göstərməliyik. Bəs bu işi yığıncaqda kimlər görməlidir?
14. Məsihçi yığıncağında zəiflərə fəal surətdə kim yardım etməlidir?
14 “Zəif əlləri qüvvətləndirin və əsən dizləri möhkəmləndirin. Ürəkləri qorxaq olanlara deyin: Qüvvətlənin, qorxmayın”. Bu sözlər başlıca olaraq məsihçi ağsaqqallarına aiddir (İşaya 35:3, 4; 1 Peter 5:1, 2). Amma Pavelin “cəsarətsizləri ruhlandırın” və “zəiflərə yardım edin” nəsihəti yalnız ağsaqqallara verilməmişdi. Pavel bütün “saloniklilərin cəmiyyətinə” müraciət etmişdi (1 Saloniklilərə 1:1; 5:14). Beləliklə, məsihçilərin hamısı zəiflərə fəal surətdə yardım etməlidir. Hər bir məsihçi, məsəldəki çoban kimi, itmiş olanı axtarmağa təşviq duymalıdır. Əlbəttə ki, ağsaqqallarla əməkdaşlığımız bu sahədə daha çox fayda gətirəcəkdir. Yığıncaqda ruhani cəhətdən zəifləyənlərə sən də yardım edə bilərsənmi?
Nəvaziş göstərin
15. Nəyə görə, ehtimal ki, çoban qoyunu çiyinlərinə qoyur?
15 Nəhayətdə itmiş qoyununu tapan çoban nə edəcəkdir? ‘Onu çiyinlərinə qoyacaqdır’ (Luka 15:5). Necə də tə’sirli və aydın təfsilatdır! Qoyun, ola bilsin, bir neçə gün namə’lum yerlərdə gəzib dolaşmış və ehtimal ki, hətta aslanların hücumu kimi təhlükəyə mə’ruz qalmışdır (Eyub 38:39, 40). Ac qaldığından zəiflədiyinə şübhə yoxdur. Sürüyə qayıtmaq üçün, təkbaşına çətinliklərə tab gətirməyə gücü qalmamışdır. Buna görə də, çoban əyilir, qoyunu nəvazişlə qaldırır və çətinlikləri qət edərək onu sürüyə qaytarır. Çobanın bu cür qayğıkeşliyini biz necə təqlid edə bilərik?
16. Biz çobanın itmiş qoyuna göstərdiyi nəvazişi nəyə görə təqlid etməliyik?
16 Yığıncaqdan uzaqlaşan insan, ehtimal ki, ruhani cəhətdən zəifləmişdir. Çobandan uzaqlaşan qoyun kimi, ola bilsin, o da düşmənçiliklə dolu dünyada əbəs yerə dolaşmışdır. Məsihçi yığıncağının verdiyi mühafizədən məhrum olaraq, “nə’rə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi” gəzən İblisin hücumları qarşısında həmişəkindən daha çox müdafiəsiz olmuşdur (1 Peter 5:8). Bundan əlavə, o, ruhani qidanın çatışmazlığından zəifləmişdir. Buna görə də, aydın məsələdir ki, yığıncağa qayıtmaq üçün qarşısındakı çətinlikləri təkbaşına qət etməyə gücü çatmayacaqdır. Bu səbəbdən, məcazi mə’nada desək, biz əyilməli, zəif insanı nəvazişlə qaldırmalı və onu geri gətirməliyik (Qalatiyalılara 6:2). Biz bunu necə edə bilərik?
17. Zəifləmiş məsihçini ziyarət edərkən, həvari Paveli necə təqlid edə bilərik?
17 Həvari Pavel deyirdi: “Kim zəif deyil ki, mən zəif olmayım?” (2 Korinflilərə 11:29; 1 Korinflilərə 9:22). Pavel insanlara, o cümlədən zəiflərə şəfqət göstərirdi. Zəifləyən kəslərə biz də şəfqət göstərməliyik. Ruhən zəifləmiş məsihçini ziyarət edərkən, onun Yehovanın gözündə dəyərli olduğuna və başqa Şahidlərin də onu gözlədiyinə əmin edin (1 Saloniklilərə 2:17). Ona bildirin ki, həmimanlıları ona kömək etməyə hazırdırlar və ‘dar gündə’ onun üçün qardaş olmaq istəyirilər (Süleymanın məsəlləri 17:17, MKŞ; Məzmur 34:18). Səmimi sözlərimiz onu yavaş-yavaş ürəkləndirərək yığıncağa qayıtmasına kömək edə bilər. Bəs daha sonra nə etmək olar? Qadın və itirilmiş dirhəm haqqındakı məsəl, bu sahədə bizə rəhbərlik verir.
Sə’y göstərin
18. a) Məsəldəki qadın vəziyyəti nəyə görə ümidsiz sanmır? b) Qadın hansı ciddi sə’yi göstərir və bunun nəticəsi nə olur?
18 Dirhəmini itirmiş qadın vəziyyətin çətin, lakin ümidsiz olmadığını başa düşür. Əgər dirhəm tikan basmış geniş tarlaya və ya bulanıq dərin gölə düşsəydi, ehtimal ki, qadın onu axtarmaqdan vaz keçərdi. Lakin dirhəmin evdə, əlçatan yerdə olduğunu bilərək, diqqətlə və sə’ylə axtarmağa başlayır (Luka 15:8). Qadın əvvəlcə çırağı yandırır. Sonra dirhəmin cingiltisini eşitmək ümidi ilə döşəməni süpürməyə başlayır. Sonunda, çırağın işığında gümuşün parıltısı nəzərinə çarpıncaya qədər sə’ylə evin künclərini axtarır. Qadının göstərdiyi ciddi sə’y mükafatlanır!
19. Zəiflərə kömək etməyə dair, itirilmiş dirhəm məsəlindəki qadından nə öyrənirik?
19 Məsəldəki bu təfərrüat bizə onu xatırladır ki, Müqəddəs Yazıların üzərimizə qoyduğu məs’uliyyəti yerinə yetirməyə, yə’ni zəiflərə yardım etməyə gücümüz çatar. Eyni zamanda bu işin sə’y tələb etdiyini də anlayırıq. Məsələn, həvari Pavel Efes şəhərindən olan ağsaqqallara demişdi: “Bu cür zəhmət çəkərək, zəiflərə yardım etmək... gərəkdir” (Həvarilərin işləri 20:35a). Unutmayaq ki, qadın dirhəmi ara-sıra axtarmırdı. O, “tapıncaya qədər” məqsədyönlü axtardı. Buna bənzər şəkildə biz də, ruhən zəifləmiş insana kömək etdikdə sə’ylə və məqsədyönlü şəkildə çalışmalıyıq. Bunu necə edə bilərik?
20. Zəiflərə yardım etmək üçün nə etmək olar?
20 Ruhən zəifləyən insana imanını möhkəmləndirməkdə və minnətdarlıq hissini artırmaqda necə kömək etmək olar? Ola bilsin, Müqəddəs Yazılara əsaslanan müvafiq nəşrlərin vasitəsilə Müqəddəs Kitabı öyrənmək lazımdır. Həqiqətən də zəifləmiş insanla Müqəddəs Kitabı öyrənmək ona ardıcıl və əsaslı surətdə kömək etməyə imkan yaradır. Ehtimal ki, xidməti köməkçi bu iş üçün kimin daha müvafiq olduğunu müəyyən edə bilər. O, hansı mövzuları və hansı nəşri öyrənməyin daha faydalı olacağını deyə bilər. İşini yerinə yetirmək üçün məsəldəki qadının müvafiq alətləri olduğu kimi, Allahın, zəiflərə kömək etmək kimi üzərimizə qoyduğu məs’uliyyəti yerinə yetirmək üçün bizim də müvafiq vəsaitlərimiz var. Yeni iki nəşrimiz bu sahədə xüsusilə faydalı olacaqdır. Bunlar “Yeganə həqiqi Allaha ibadət edin” və “Yehovaya yaxınlaş” kitablarıdıra.
21. Zəiflərə yardım necə hamımıza xeyir-dua gətirir?
21 Zəiflərə yardım etmək hamıya xeyir-dua gətirir. Kömək alan kəs əsl dostlara qovuşduğu üçün sevinc hissi duyur. Biz isə bu an yalnız verməkdən duyulan sevinc hissini dadırıq (Luka 15:6, 9; Həvarilərin işləri 20:35b). Yığıncağın hər bir üzvü başqalarına sidqi-ürəkdən qayğı göstərəndə, yığıncaq ümumilikdə məhəbbətdə böyüyür. Ən başlıcası isə, qayğıkeş Çobanlarımız olan Yehova və İsaya izzət gətiririk, belə ki, onlar kimi biz də zəiflərə yardım etmək arzusundayıq (Məzmur 72:12-14; Matta 11:28-30; 1 Korinflilərə 11:1; Efeslilərə 5:1). Bunlar, bir-birimizə qarşı bundan sonra da məhəbbətimiz olsun deyə çalışmaq üçün əsaslı amillərdir!
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən nəşr edilib.
İzah edə bilərsinizmi?
• Nəyə görə hər birimiz məhəbbət göstərməliyik?
• Nəyə görə zəiflərə də məhəbbət göstərməliyik?
• İtirilimiş qoyun və itirilmiş dirhəm haqqındakı məsəldən nə öyrənirik?
• Zəifləyən kəslərə əməldə necə yardım edə bilərik?
[24 və 25-ci səhifələrdəki şəkillər]
Zəiflərə kömək edərək biz təşəbbüs, nəvaziş və sə’y göstəririk.
[24 və 25-ci səhifələrdəki şəkillər]
Zəiflərə yardım etmək hamımıza xeyir-dua gətirir.