Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/7 s. 20—24
  • Ruh Allahın dərin düşüncələrini araşdırır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ruh Allahın dərin düşüncələrini araşdırır
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Birinci əsrdə
  • Axır zamanda
  • Müqəddəs ruh bizə bu gün hansı faydanı gətirir?
  • Birinci əsrdə və bu gün Allahın ruhunun fəaliyyəti
    Gözətçi qülləsi 2011
  • Ruha görə hərəkət et və həsr olunmağına uyğun yaşa
    Gözətçi qülləsi 2010
  • «Allahın dərin düşüncələrini» araşdırın
    Gözətçi qülləsi 2007
  • «Ruh bizə təlqin edir»
    Gözətçi qülləsi 2020
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/7 s. 20—24

Ruh Allahın dərin düşüncələrini araşdırır

«Ruh hər şeyi, Allahın dərin düşüncələrini belə araşdırır» (1 KOR. 2:10).

1. Pavel 1 Korinflilərə 2:10 ayəsində müqəddəs ruhun hansı rolunu vurğulayır və bununla əlaqədar hansı suallar meydana çıxır?

YEHOVANIN müqəddəs ruhunun necə fəaliyyət göstərdiyini görəndə ürəyimiz minnətdarlıqla dolur! Müqəddəs Yazılarda ruh «köməkçi» (YD), ənam, şahid və vəsatətçi adlanır (Yəh. 14:16; Həv. iş. 2:38; Rom. 8:16, 26, 27). Həvari Pavel müqəddəs ruhun daha bir vacib rolunu vurğulayır: «Ruh hər şeyi, Allahın dərin düşüncələrini belə araşdırır» (1 Kor. 2:10). Gördüyümüz kimi, Yehova dərin ruhani həqiqətləri açıqlamaq üçün Öz müqəddəs ruhundan istifadə edir. Onun köməyi olmadan Yehovanın niyyətləri haqqında nə qədər dərin anlayışa malik olardıq? (1 Korinflilərə 2:9—12 ayələrini oxu.) Lakin bir neçə sual meydana çıxır: müqəddəs ruh «Allahın dərin düşüncələrini» necə araşdırır? Eramızın I əsrində Yehova bu həqiqətləri kimlərin vasitəsilə açıqlayırdı? Bizim günlərdə ruh «Allahın dərin düşüncələrini» necə və kimlərin vasitəsilə araşdırır?

2. İsa Məsih müqəddəs ruhun hansı iki yolla fəaliyyət göstərəcəyini bildirmişdi?

2 İsa ruhun iki yolla fəaliyyət göstərəcəyini bildirmişdi. Ölümündən bir qədər əvvəl o, həvarilərinə demişdi: «Mənim adımla Atanın göndərəcəyi Təsəlliverici [«köməkçi», YD], Müqəddəs Ruh sizə hər şeyi öyrədəcək və sizə söylədiyim hər şeyi sizə xatırladacaqdır» (Yəh. 14:26). Buradan aydın olur ki, müqəddəs ruh şagirdləri həm öyrədəcək, həm də bildiklərini onlara xatırladacaqdı. Bu o deməkdir ki, ruh məsihçilərin əvvəllər başa düşmədikləri şeyləri anlamağa və vaxtilə izah olunan həqiqətləri yadlarına salmağa, eləcə də onları düzgün tətbiq etməyə kömək edəcəkdi.

Birinci əsrdə

3. İsanın hansı sözləri Allahın dərin düşüncələrinin tədricən açıqlanmalı olduğunu göstərirdi?

3 İsa şagirdlərinə onlar üçün yeni olan bir çox həqiqətlər öyrədirdi. Lakin onlar hələ çox şey öyrənməli idilər. İsa həvarilərinə demişdi: «Sizə söyləyəcək daha çox sözlərim var; amma indi bunlar sizdə sığmaz. O, yəni həqiqət Ruhu gəldikdə, sizə hər həqiqətə yol göstərəcək» (Yəh. 16:12, 13). Bununla İsa demək istəyirdi ki, müqəddəs ruhun köməyilə dərin ruhani həqiqətlər tədricən açıqlanacaq.

4. Eramızın 33-cü ilinin Pentikost günündə müqəddəs ruh Peterə nə öyrətdi və ona nələri xatırlatdı?

4 İsanın vəd etdiyi «həqiqət Ruhu» eramızın 33-cü ilinin Pentikost günü Yerusəlimdə toplaşan 120 məsihçinin üzərinə töküldü. Bunun sübutları göz qabağında idi (Həv. iş. 1:4, 5, 15; 2:1—4). Müqəddəs ruhun sayəsində şagirdlər müxtəlif dillərdə «Allahın möhtəşəm işləri barədə» danışmağa başladılar (Həv. iş. 2:5—11). Artıq yeni bir şeyi açıqlamağın vaxtı idi. Əsrlər öncə Yoel peyğəmbər müqəddəs ruhun tökülməsi barədə xəbər vermişdi (Yoel 2:28—32). Bu hadisənin şahidi olanlardan heç biri həmin peyğəmbərliyin bu cür yerinə yetəcəyini gözləmirdi; həvari Peter isə qalxıb hadisələrin gedişatına izahat verdi. (Həvarilərin işləri 2:14—18 ayələrini oxu.) Müqəddəs ruh Peterə açıqladı ki, şagirdlərlə baş verən bu hadisə qədim peyğəmbərliyin yerinə yetməsidir. Üstəlik, müqəddəs ruh Peterə əvvəl bildiklərini xatırlamağa kömək etdi; bunun sayəsində o, təkcə Yoelin peyğəmbərliyini deyil, həmçinin Davudun iki məzmurunu da sitat gətirdi (Məz. 16:8—11; 110:1; Həv. iş. 2:25—28, 34, 35). Bəli, orada toplaşanların gördükləri və eşitdikləri, həqiqətən də, Allahın dərin düşüncələri idi.

5, 6. a) Eramızın 33-cü ilinin Pentikost günündən sonra yeni əhdlə əlaqədar yaranan hansı suallara cavab tələb olunurdu? b) Bu suallar kimlərin vasitəsilə qaldırıldı və onlara dair qərar necə qəbul olundu?

5 Erkən məsihçilər üçün hələ çox şeyi izah etmək lazım idi. Məsələn, Pentikost günündə qüvvəyə minən yeni əhdlə əlaqədar bəzi suallar ortaya çıxmışdı. Görəsən, yeni əhdə təkcə yəhudilər və prozelitlərmi daxil idi? Qeyri-yəhudilər də yeni əhdə qəbul oluna və müqəddəs ruhla məsh oluna bilərdimi? (Həv. iş. 10:45). Qeyri-yəhudilərdən olan kişilər əvvəlcə sünnət olunmalı və Musanın Qanuna riayət etməli idilərmi? (Həv. iş. 15:1, 5). Bu suallar olduqca böyük əhəmiyyət kəsb edirdi. Belə dərin məsələləri başa düşmək üçün Yehovanın ruhuna ehtiyac vardı. Bəs ruh kimlərin vasitəsilə fəaliyyət göstərəcəkdi?

6 Cavab tələb edən bu sualların hər biri məsul qardaşlar tərəfindən rəhbərlik şurasının diqqətinə çatdırıldı. Rəhbərlik şurasının həmin görüşündə iştirak edən Peter, Pavel və Barnaba Yehovanın sünnət olunmamış qeyri-yəhudilərə diqqət yetirməsindən danışdılar (Həv. iş. 15:7—12). Rəhbərlik şurası İbranicə Müqəddəs Yazılarda deyilənlərə əsaslanaraq bu hadisələri müzakirə etdi və müqəddəs ruhun köməyi ilə qərar çıxartdı. Sonra onlar bu qərar barədə yazılı şəkildə yığıncaqlara xəbər verdilər. (Həvarilərin işləri 15:25—30; 16:4, 5 ayələrini oxu; Efes. 3:5, 6.)

7. Dərin həqiqətlər nəyin sayəsində açıqlandı?

7 Bir çox başqa məsələlərə isə Yəhyanın, Peterin, Yaqubun və Pavelin Allahdan ilham alaraq qələmə aldıqları məktublarda aydınlıq gətirildi. Lakin Yunanca Müqəddəs Yazılar tamamlandıqdan bir müddət sonra peyğəmbərlik ənamı və biliyin möcüzəvi şəkildə verilməsi dayandırıldı (1 Kor. 13:8). Bundan sonra da müqəddəs ruh məsihçiləri öyrətməyə, bildiklərini xatırlamağa və eləcə də Allahın dərin düşüncələrini araşdırmağa kömək edəcəkdimi? Peyğəmbərliyə əsasən, bəli!

Axır zamanda

8, 9. Axır günlərdə kimlər və hansı mənada parlamalı idilər?

8 Son günlər haqqında mələk belə bir peyğəmbərlik söylədi: «Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq... və bilik artacaq» (Dan. 12:3, 4). Burada ağıllı adamlar və parlayacaq olanlar altında kimlər nəzərdə tutulur? İsanın dəlicə və buğda məsəli buna aydınlıq gətirir. O, ‘dövrün sonu’ haqqında demişdi: «O zaman salehlər Atalarının Səltənətində günəş kimi parlayacaqlar» (Mat. 13:39, 43). İsa verdiyi izahatında göstərdi ki, «salehlər» ‘səmavi Səltənətin oğulları’, yəni məsh olunmuş məsihçilərdir (Mat. 13:38).

9 Məsh olunmuşların hamısımı parlamalı idi? Demək olar ki, bəli. Çünki onların hamısı təbliğ və şagird hazırlamaq işində iştirak etməli və yığıncaqda bir-birlərini möhkəmləndirməli idilər. Bununla da onlar digər məsihçilərə nümunə olmalı idilər (Zək. 8:23). Bundan əlavə, axır günlərdə dərin həqiqətlər açıqlanacaqdı. Elə Danielin peyğəmbərliyi də axır zamana qədər «möhürlü qalacaq»dı (Dan. 12:9). Bəs bu həqiqətləri müqəddəs ruh necə və kimlərin vasitəsilə araşdıracaqdı?

10. a) Axır günlərdə ruh dərin həqiqətləri kimlərin vasitəsilə açıqlayır? b) Yehovanın böyük ruhani məbədi haqqındakı həqiqətə necə aydınlıq gətirildi? İzah edin.

10 Bizim günlərdə hansısa ruhani məsələyə aydınlıq gətirməyin vaxtı çatanda müqəddəs ruh «sadiq və ağıllı qul»un ümumdünya mərkəzi idarəsindəki məsul təmsilçilərinə əvvəllər başa düşülməyən dərin həqiqətləri anlamağa kömək edir (Mat. 24:45; 1 Kor. 2:13). Rəhbərlik Şurasının üzvləri toplaşıb dəyişikliklər etməyin lazım olub-olmadığını müzakirə edirlər (Həv. iş. 15:6). Sonra onlar müəyyən qərara gəlirlər və əgər ehtiyac varsa, dəqiqləşdirilmiş izahatı hamının nəzərinə çatdırmaq üçün dərc edirlər (Mat. 10:27). Vaxt keçdikcə müəyyən şeylərə aydınlıq gətirmək lazım gələrsə, onlar bunu dürüstlüklə izah edirlər. («Müqəddəs ruh ruhani məbədin nə olduğunu necə açıqlayıb?» çərçivəsinə baxın.)

Müqəddəs ruh bizə bu gün hansı faydanı gətirir?

11. Müqəddəs ruhun oynadığı roldan bütün məsihçilər hansı faydanı əldə edirlər?

11 Gördüyümüz kimi müqəddəs ruh Allahın dərin düşüncələrini sadiq və ağıllı qulun vasitəsilə açıqlayır. Ancaq ruhun bu rolundan bütün məsihçilər fayda əldə edirlər. Erkən məsihçilər kimi, biz də araşdırma aparır, sonra da müqəddəs ruhun bizə başa düşməyə kömək etdiyi məlumatı xatırlayır və tətbiq edirik (Luka 12:11, 12). Nəşrlərimizdəki dərin ruhani həqiqətləri başa düşmək üçün hansısa xüsusi təhsilə ehtiyac yoxdur (Həv. iş. 4:13). Allahın dərin düşüncələrini daha yaxşı başa düşmək üçün biz nə edə bilərik? Gəlin bir neçə məsləhəti nəzərdən keçirək.

12. Biz hansı hallarda duada Yehovadan müqəddəs ruh diləməliyik?

12 Allahdan müqəddəs ruh dilə. Müqəddəs Kitaba əsaslanan materialı nəzərdən keçirməzdən öncə Allahdan müqəddəs ruhun köməyini diləməliyik. Hətta özümüz şəxsən nəyisə oxuyub-araşdıranda və ya buna ayırdığımız vaxt az olsa belə, bunu etməyə dəyər. Çünki belə səmimi xahişlər Allahımıza çox xoşdur. İsa Məsihin qeyd etdiyi kimi, Yehova Ondan diləyənlərə müqəddəs ruhundan məmnuniyyətlə verir (Luka 11:13).

13, 14. Allahın dərin düşüncələrini başa düşməkdə görüşlərə hazırlaşmaq hansı rolu oynayır?

13 Görüşlərə hazırlaş. Biz qul sinfi vasitəsilə «vaxtlı-vaxtında» ruhani qida alırıq. Bu «qul» Allahın Kəlamına əsaslanan materiallar hazırlamaqla, öyrənmək üçün proqramlar tərtib etməklə və ibadət görüşləri təşkil etməklə öz vəzifəsini yerinə yetirir. Buna görə də təqdim olunan məlumatı bütün ‘qardaşlığın’ diqqətlə nəzərdən keçirməsi olduqca vacibdir (1 Pet. 2:17; Kolos. 4:16; Yəhuda 3). Biz verilən göstərişlərə canla-başla əməl etməklə müqəddəs ruhla əməkdaşlıq etmiş oluruq (Vəhy 2:29).

14 Məsihçi görüşlərinə hazırlaşanda, yaxşı olardı ki, gətirilən hər ayəni açıb oxuyaq və onların mövzu ilə necə bağlı olduğu üzərində düşünək. Əgər bunu özümüzə vərdiş etsək, Müqəddəs Kitabı getdikcə daha yaxşı başa düşəcəyik (Həv. iş. 17:11, 12). Həmçinin həmin ayələr bizim yaddaşımıza həkk olunacaq və lazım gələndə müqəddəs ruh onları yadımıza salmağa kömək edəcək. Üstəlik, ayələri Müqəddəs Kitabda gözlərimizlə görəndə onların yeri yadımızda qalacaq və lazım olanda onları asanlıqla tapa biləcəyik.

15. Nəyə görə biz nəşrlərimizi müntəzəm olaraq oxumalıyıq və sən bunu nə vaxt edirsən?

15 Bütün nəşrlərimizi oxu. Dərc olunan bəzi nəşrlər görüşlərimizdə araşdırılmasa da, onların faydası danılmazdır. Hətta geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərimiz yazılarkən Allahın xidmətçiləri olan bizlər də nəzərə alınırıq. Bu yüksəktempli dünyada biz çox vaxt kimisə, yaxud nəyisə gözləməli oluruq. Fürsətdən istifadə edərək bu vaxt oxumadığımız nəşrləri və ya məqalələri oxuya bilərik. Bəziləri isə gəzərkən və ya nəqliyyatda gedərkən nəşrlərimizin audioyazılarına qulaq asırlar. Dəqiq araşdırmalar nəticəsində ərsəyə gəlmiş və orta səviyyəli oxucunun başa düşəcəyi tərzdə yazılmış nəşrlərimiz ruhani həqiqətləri daha yaxşı başa düşməyə kömək edir (Hab. 2:2).

16. Yaranan sualları qeyd edərək onları araşdırmağın hansı faydası var?

16 Oxuduqlarının üzərində düşün. Allahın Kəlamını və ya ona əsaslanan nəşrləri oxuyarkən onların üzərində dərindən düşünməyə vaxt ayır. Onları diqqətlə oxuyanda sualların yarana bilər. Suallarını qeyd et və onları araşdır. Adətən, bizdə maraq oyadan mövzuları dərindən araşdırırıq. Yiyələndiyimiz yeni bilikləri ruhani xəzinəmizə yığırıq, lazım gələndə də götürüb istifadə edirik (Mat. 13:52).

17. Siz hansı proqram üzrə ailəvi və ya şəxsi öyrənmə keçirirsiniz?

17 Ailəvi ibadət üçün vaxt təyin et. Rəhbərlik Şurası hamımıza hər həftənin bir axşamını və ya həftə ərzində başqa bir vaxtı ailəvi və ya şəxsi öyrənməyə sərf etməyi məsləhət görür. Görüşlərin cədvəlində edilən dəyişikliklər bu məsləhətə əməl etməyə imkan yaradır. Siz, adətən, ailəvi ibadət axşamlarında nəyi müzakirə edirsiniz? Bəziləri Müqəddəs Kitabı oxuyur, sual doğuran ayələri araşdırır və öz nüsxələrində qısa qeydlər aparırlar. Bir çox ailələr öyrənmə zamanı araşdırdıqları materialı özlərinə tətbiq etməyə çalışırlar. Bəzi ailə başçıları isə ailələrinin tələbatlarına uyğun materiallar seçir, yaxud da ailə üzvlərinin müzakirə etmək istədiyi mövzu və ya sualları araşdırırlar. Çox ehtimal ki, sizin müzakirə etmək istədiyiniz başqa mövzular da vara.

18. Nəyə görə Müqəddəs Yazıların dərin həqiqətlərini araşdırmaqdan çəkinməməliyik?

18 İsanın sözlərinə görə müqəddəs ruh köməkçi kimi fəaliyyət göstərəcəkdi. Buna görə də gəlin Müqəddəs Yazıların dərin həqiqətlərini araşdırmaqdan çəkinməyək. Bu cür həqiqətlər bizə ‘Allahı tanımağa’ kömək edir və biz onları araşdırmağa dəvət olunuruq. (Süleymanın məsəlləri 2:1—5 ayələrini oxu.) Bu həqiqətlərin sayəsində biz «Allahın Onu sevənlər üçün hazırladığı şeyləri» daha yaxşı başa düşürük. Yehovanın Kəlamı haqqında daha çox öyrənməyə səy göstərdikcə müqəddəs ruh bizə «hər şeyi, Allahın dərin düşüncələrini belə» araşdırmağa kömək edəcək (1 Kor. 2:9, 10).

[Haşiyə]

a «Bizim Padşahlıq Xidmətimiz»in 2008-ci il oktyabr sayının 8-ci səhifəsinə bax.

Necə cavab verərdiniz?

• «Allahın dərin düşüncələrini» açıqlamaq üçün müqəddəs ruh bizə hansı iki üsulla kömək edir?

• Birinci əsrdə müqəddəs ruh dərin həqiqətləri kimlərin vasitəsilə açıqlayırdı?

• Bizim günlərdə müqəddəs ruh müəyyən məqamlara aydınlıq gətirmək üçün necə fəaliyyət göstərir?

• Müqəddəs ruhun oynadığı rolundan faydalanmaq üçün sən nə edə bilərsən?

[22-ci səhifədəki çərçivə]

Müqəddəs ruh ruhani məbədin nə olduğunu necə açıqlayıb?

Birinci əsrdə müqəddəs ruhun açdığı Allahın dərin düşüncələrinə müqəddəs məskən, yəni çadır və sonradan tikilən məbəd daxil idi. Bunlar daha böyük şeyləri təmsil edirdi. İbranilərə 8:2 ayəsində Pavel bunu ‘həqiqi Çadır — insanın deyil, Rəbbin qurduğu Çadır’ adlandırır. Bu, böyük ruhani məbəd — İsa Məsihin fidyə qurbanlığı və baş kahin olması sayəsində Allaha yaxınlaşmağı mümkün edən quruluş idi.

Eramızın 29-cu ilində İsa vəftiz olundu və Yehova onu gələcək kamil fidyə qurbanı kimi qəbul etdi. Bununla da həmin ‘həqiqi Çadır’ peyda oldu (İbr. 10:5—10). Ölümündən və dirildilməsindən sonra İsa Məsih Ən Müqəddəs yerə daxil olaraq gətirdiyi qurbanın dəyərini ‘Allahın hüzuruna’ təqdim etdi (İbr. 9:11, 12, 24).

Başqa məktubda isə həvari Pavel məsh olunmuş məsihçiləri Yehova üçün ucaldılan müqəddəs məbəd kimi təsvir edir (Efes. 2:20—22). Demək olarmı ki, bu məbəd sonralar «İbranilərə məktub»da xatırlanan ‘həqiqi Çadırla’ eyni şeydir? On illər ərzində Yehovanın xidmətçiləri bunun məhz belə olduğunu düşünürdülər. Onlara elə gəlirdi ki, məsh olunmuş məsihçilər yer üzündə Yehovanın göydəki məbədində «daşlar» olmaq üçün hazırlanır (1 Pet. 2:5).

Lakin 1970-ci illərin əvvəllərində qul sinfinin məsul üzvləri başa düşdülər ki, Pavelin «Efeslilərə məktub»unda haqqında bəhs etdiyi məbəd Yehovanın böyük ruhani məbədi ola bilməzdi. Əgər ‘həqiqi Çadır’ dirilmiş məsh olunmuş məsihçilərdən ibarət olsaydı, onda bu çadır Ağamızın iştirakı zamanı onların dirilməsi başlayandan sonra peyda olardı (1 Salon. 4:15—17). Lakin Pavelin sözlərindən görürük ki, bu çadır artıq onun dövründə mövcud idi: «Bu çadır təyin edilmiş vaxta qədər bir nümunə kimi durmalı idi və bu vaxt artıq yetişib» (İbr. 9:9, YD).

Bu və digər ayələri müqayisə etdikdən sonra aydın oldu ki, hal-hazırda ruhani məbəd tikilmir, o artıq çoxdan mövcuddur, eyni zamanda məsh olunmuş məsihçilər məbədin tikintisində istifadə olunmaq üçün hazırlanan «daşlar»ı təmsil etmir. Əksinə, məsh olunmuş məsihçilər ruhani məbədin içəri həyətində və Müqəddəs yerdə «həmd qurbanını» gətirməklə Allaha xidmət edirlər (İbr. 13:15).

[23-cü səhifədəki şəkil]

«Allahın dərin düşüncələrini» daha yaxşı necə başa düşə bilərik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş