Fəsil 17
İsa Məsih və Nikodim
HƏMİN il Pasxa bayramı ərzində İsa Məsih çoxlu möcüzələr göstərir. Bunun nəticəsində xeyli adam ona inanır. Nikodim adlı bir yəhudi bu işlərdən heyrətə gəlib və daha çox öyrənmək istəyir. O, Yəhudilərin ali məhkəməsi olan Sinedrionun üzvüdür. Nikodim gecə vaxtı, qaranlıq olanda İsanın yanına gəlir. Yəqin, o, yəhudi rəhbərləri arasında gözdən düşməkdən qorxur.
Nikodim sözə başlayır: «Müəllim, biz bilirik ki, sən Allahın bizə yolladığı müəllimsən, çünki Allah səninlə olmasaydı, sən bu möcüzələri göstərə bilməzdin». İsa ona cavab verib deyir ki, «insan yenidən doğulmasa, Allahın padşahlığını görə bilməz».
Bəs adam yenidən necə doğula bilər? Nikodim İsadan soruşur: «Məgər o, anasının bətninə girib ikinci dəfə doğula bilər?»
Xeyr, yenidən doğulmaq tamam başqa məna daşıyır. İsa izah edir: «Sudan və ruhdan doğulmayan Allahın padşahlığına girə bilməz». İsa özü də vəftiz ediləndə belə olmuşdu. Müqəddəs ruh onun üzərinə enmiş və o, «sudan və ruhdan» doğulmuşdu. O zaman Allah göydən: «Bu, Mənim sevimli Oğlumdur, Mən ondan çox razıyam», — deməklə səmavi Padşahlığa girəcək ruhani oğlunu meydana gətirmişdi. Sonralar, 33-cü ilin «Əllinci gün bayramı»nda vəftiz olunmuş digər adamlar da müqəddəs ruhu alacaq və Allahın yenidən doğulmuş ruhani övladları olacaqdılar.
İsa Məsih Allahın məsh olunmuş oğulları arasında xüsusi yer tutur və onun rolu çox önəmlidir. İsa Nikodimə deyir: «Musa səhrada ilanı yuxarı qaldırdığı kimi, insan Oğlu da yuxarı qaldırılmalıdır ki, ona iman edən hər adamın əbədi həyatı olsun». Qədimdə israillilər səhradan keçərkən kimi ilan çalardısa, sağ qalmaq üçün misdən düzəldilmiş ilana baxmalı idi. Eləcə də, ölümdən yaxa qurtarmaq üçün insanlar Allahın Oğluna iman gətirməlidirlər.
İsa bu xilas işində sevən Allahın rolunu vurğulayaraq Nikodimə belə deyir: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda qurban verdi; bunu ona görə etdi ki, ona iman edənlərin heç biri məhv olmasın, hamısı əbədi yaşasın». Beləliklə, İsa xidmətə başlamasından cəmi altı ay keçmiş, burada, Yerusəlimdə aydınca göstərir ki, Yehova Allah məhz onun vasitəsilə bəşəriyyəti xilas edəcək.
İsa sözünə davam edir. O deyir ki, «Allah Öz Oğlunu bəşəriyyətə hökm etmək üçün», yəni dünyanı məhkum edib bəşər nəslini məhv etmək üçün göndərməyib. Əksinə, Allah onu bəşəriyyəti «xilas etmək üçün dünyaya göndərmişdir».
Nikodim, onu görməsinlər deyə, İsanın yanına gecə vaxtı gəlib. Buna görə də söhbətin sonunda İsanın dediyi sözlər lap yerinə düşür: «Hökm üçün əsas budur: nur [İsanın özü və təlimləri timsalında] dünyaya gəldi, insanlar isə nuru yox, qaranlığı sevdilər, çünki əməlləri pis idi. Pis iş görən nura nifrət edir və əməlləri ifşa olunmasın deyə nura doğru getmir. Saleh adam isə nura tərəf gedir ki, əməllərinin Allahın iradəsinə müvafiq olduğu görünsün». Yəhya 2:23—3:21; Matta 3:16, 17; Həvarilərin işləri 2:1—4; Saylar 21:9.
▪ Nikodimi İsanın yanına gəlməyə nə təşviq edir və nəyə görə o, gecə vaxtı gəlir?
▪ «Yenidən doğulmaq» nə deməkdir?
▪ İsa bəşəriyyətin xilasında öz rolunu hansı misalla göstərir?
▪ İsa dünyaya nə üçün gəlib?