Fəsil 118
Xəyanət və həbs
YƏHUDA İSKARİOT əsgərlərlə, böyük kahinlərlə, fəriseylərlə və başqaları ilə Getsemani bağına gəlir. Kahinlər İsanı ələ verməyin müqabilində ona otuz gümüş pul vəd etmişdilər.
Yadınızdadırsa, İsa Xatirə Gecəsini təsis etməzdən əvvəl Yəhudanı otaqdan çıxarmışdı. Görünür, o, birbaşa böyük kahinlərin yanına gedir. Onlar dərhal öz mühafizəçilərini və bir dəstə əsgər toplayırlar. Ola bilsin, Yəhuda əvvəlcə onları İsanın həvariləri ilə Pasxanı qeyd etdiyi evə gətirir. Amma İsagili orada tapmırlar. Sonra Yerusəlimdən çıxıb Kidron vadisini keçirlər. Yəhuda İskariot əllərində məşəl, çıraq və silah olan bu izdihamın qarşısında gedir.
İzdiham Zeytun dağına qalxır. Onun önündə gedən Yəhuda İsanın harada olduğunu çox gözəl bilir. Keçən həftə boyu İsa ilə həvariləri Betaniyaya və Yerusəlimə gedib-gələndə dincəlmək üçün tez-tez Getsemani bağında ayaq saxlayırdılar. Bəs əsgərlər gecənin qaranlığında, özü də zeytun ağacları arasında İsanı necə tanıyacaqlar? Bəlkə də onlar İsanın üzünü heç vaxt görməyiblər. Buna görə də Yəhuda onlara deyir: «Kimi öpsəm, İsa odur. Onu tutarsınız».
Yəhuda izdihamla birgə Getsemani bağına girir. O, İsanı həvariləri ilə görüb ona tərəf irəliləyir. İsaya yaxınlaşanda: «Salam, Müəllim!» — deyir və nəvazişlə onu öpür.
«Sən burada nə gəzirsən? — İsa ondan soruşur. — Yəhuda, insan Oğlunu öpüşlə satırsan?» Artıq bu xəyanətkarla danışmağa dəyməz! İsa məşəllərin və çıraqların işığında qabağa çıxıb izdihamdan soruşur: «Kimi axtarırsınız?»
Onlar cavab verirlər: «Nazaretli İsanı».
İsa: «Bəli, mənəm», — deyərək cəsarətlə onların qarşısına çıxır. Camaat onun hünərinə məəttəl qalır. Onlar qorxudan geri atılıb yerə yıxılırlar.
İsa təmkinlə onlara deyir: «Axı sizə dedim ki, mənəm. Əgər məni axtarırsınızsa, bunları buraxın». Bir neçə saat əvvəl İsa Pasxanı qeyd etdikləri evdə səmavi Atasına duada sadiq həvarilərini qoruduğunu və «həlaka məhkum edilmiş» adamdan başqa heç birinin itmədiyini demişdi. Buna görə də sözünün yerinə yetməsi üçün xahiş edir ki, həvarilərini buraxsınlar.
Əsgərlər özlərinə gəlib ayağa qalxır və İsanın əl-qolunu bağlamaq istəyirlər. Həvarilər işin nə yerdə olduğunu görüb İsadan soruşurlar: «Ağa, qılıncları işə salaq?» İsa hələ cavab verməmiş Peter özləri ilə gətirdikləri iki qılıncdan birini çəkib baş kahinin Malx adlı nökərinə hücum edir. Peterin zərbəsi onun başından yan keçib qulağını kəsir.
«Yetər, qurtarın!» — deyə İsa müdaxilə edir və nökərin qulağına toxunub onu sağaldır. Sonra Peterə əmr edir: «Qılıncını qaytar qoy qınına. Çünki qılınc götürən hər kəs qılıncdan öləcək. Yoxsa elə bilirsən, mən Atama yalvara bilmərəm ki, elə bu dəqiqə on iki legiondan da çox mələyi köməyimə göndərsin?» İsa bununla şagirdlərinə mühüm bir dərs verir.
İsa həbs olunmaqdan qorxmur. O deyir: «Bəs onda Müqəddəs Yazılar necə yerinə yetər?» Sonra əlavə edir: «Deyirsən, Atamın mənə verdiyi camı içməyim?» İsa Allahın onunla bağlı niyyətinə axıradək tabe olur.
Bunun ardınca İsa izdihama deyir: «Məgər mən qulduram ki, məni tutmaq üçün üstümə qılınc və dəyənəklə gəlmisiniz? Hər gün məbəddə oturub Allahın sözünü öyrədəndə məni həbs etmirdiniz. Lakin bütün bunlar peyğəmbərlərin sözləri yerinə yetsin deyə baş verir».
Əsgəri dəstə, sərkərdə və yəhudilərin mühafizəçiləri İsanı tutub əl-qolunu bağlayırlar. Bunu görən həvarilər İsanı qoyub qaçırlar. Lakin izdihamın arasında bir cavan oğlan (ola bilsin, şagird Mark) qalır. Ehtimal ki, o, İsagilin Pasxanı qeyd etdikləri evdə idi və sonradan izdihamın dalınca bura qədər gəlmişdi. İndi isə adamlar onu görür və tutmağa cəhd edirlər. Ancaq o, kətan paltarını qoyub qaçır. Matta 26:47—56; Mark 14:43—52; Luka 22:47—53; Yəhya 17:12; 18:3—12.
▪ Nəyə görə Yəhuda İsanın Getsemani bağında olduğuna əmindir?
▪ İsa həvarilərinin qayğısına necə qalır?
▪ İsanı müdafiə etmək üçün Peter nə edir və bununla əlaqədar İsa ona nə deyir?
▪ İsa Allahın onunla bağlı niyyətinə axıradək tabe olduğunu necə göstərir?
▪ Həvarilər İsanı qoyub qaçanda orada kim qalır və onunla nə baş verir?