Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/2 s. 3—5
  • Uşaqlarınıza hörmətcil olmağı öyrədin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Uşaqlarınıza hörmətcil olmağı öyrədin
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Öz nümunənizlə öyrədin
  • Müqəddəs Kitabdakı nümunələrdən istifadə edin
  • Allahın xidmətçiləri kimi, ədəb-ərkanla davranın
    Gözətçi qülləsi 2009
  • O, sona qədər dözdü
    İman örnəkləri
  • Allah ona ürək-dirək verdi
    İman örnəkləri
  • Üzərimizdəki rəhbərlərə hörmət edək
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Gözətçi qülləsi 2011
w11 15/2 s. 3—5

Uşaqlarınıza hörmətcil olmağı öyrədin

BİR atalar sözündə deyilir: «Şirin dil ilanı yuvasından çıxardar». Bu, o deməkdir ki, insanlar ədəb-ərkanlı, nəzakətli adamlara qarşı daha mehriban və mülayim olurlar.

Aramızdakı uşaq və gənclərin ədəb-ərkanla, mərifətlə davrandığını görəndə biz necə də sevinirik! Hondurasda rayon nəzarətçisi kimi xidmət edən və müxtəlif yaşda olan təbliğçilərlə evdən-evə təbliğ edən bir qardaş öz təəssüratları ilə bölüşür: «Fikir vermişəm ki, nəzakətli və yaxşı tərbiyə almış uşaq insanlara mənim sözlərimdən daha çox təsir bağışlayır».

Hörmətsizliyin baş alıb getdiyi bir dövrdə başqaları ilə düzgün rəftar etməyin qaydalarını bilməliyik. Elə Müqəddəs Yazılar da bizə «Məsih haqqındakı xoş xəbərə layiq»li tərzdə davranmağı tövsiyə edir (Filip. 1:27; 2 Tim. 3:1—5). Uşaqlarımıza başqalarına hörmət etməyi öyrətmək olduqca vacibdir. Belə isə, onlara üzdən yox, səmimi-qəlbdən nəzakətli və hörmətcil olmağı necə öyrədə bilərik?a

Öz nümunənizlə öyrədin

Uşaqlar nə görürlərsə, onu da götürürlər. Buna görə də valideynlər uşaqlarına ədəb-ərkan qaydaları barədə hər dəfə danışmalı olsalar da, bu kifayət deyil. Uşaqlarının nəzakətli və hörmətcil olmağını istəyən valideynlər, ilk növbədə, özləri bu sahədə nümunə verməlidirlər (Qanun. t. 6:6, 7). Belə bir nümunənin vacibliyi danılmazdır.

Məsihçi ailəsində tərbiyə almış Polanınb nümunəsinə nəzər salaq. Anası onu tək böyüdüb. Hamı ilə hörmətcil tərzdə davranmaq onun xasiyyətinin bir hissəsidir. Bacı bu xüsusiyyətə necə yiyələnib? O izah edir: «Anamız bizə həmişə nümunə olub, buna görə də biz təbii olaraq başqalarına hörmət göstəririk». Valter adlı bir qardaş isə oğullarına imanlarına şərik olmayan analarına hörmət etməyi öyrədib. O deyir: «Mən öz oğullarıma analarına hörmət hissi aşılamağa çalışırdım. Bunun üçün onlara yaxşı nümunə qoyur və yoldaşım barədə heç vaxt saymazyana danışmırdım». Valter övladlarını Allahın Kəlamındakı prinsiplər əsasında tərbiyə edir və Yehovadan daima kömək diləyirdi. Hal-hazırda onlardan biri Yehovanın Şahidlərinin filialında könüllü kimi xidmət edir, digəri isə pionerdir. Onlar valideynlərinin hər ikisini də sevir və onlara hörmət bəsləyirlər.

1 Korinflilərə 14:33 ayəsində deyilir: «Allah sülh Allahıdır. O, nizamsızlığı sevmir». Yehova gördüyü hər bir işi nizam-intizamla edir. Məsihçilər Allahın bu xüsusiyyətini təqlid etməli və evlərində səliqə-sahmana riayət etməlidirlər. Bəzi valideynlər uşaqlarına məktəbə getməzdən öncə yerlərini yığmağı, həmçinin paltarlarını öz yerinə qoymağı və ev işlərində onlara kömək etməyi öyrədirlər. Uşaqlar görəndə ki, ev tər-təmiz və səliqə-sahman içindədir, çox ehtimal ki, onlar da öz otaqlarını və əşyalarını səliqəli saxlayacaqlar.

Uşaqlarınız məktəbdə öyrəndiklərinə necə yanaşırlar? Müəllimlərinə onların zəhmətini qiymətləndirdiklərini deyirlərmi? Bəs siz, bir valideyn kimi, onlara öz minnətdarlığınızı bildirirsinizmi? Siz uşaqlarınızın ev tapşırıqlarına və müəllimlərinə necə münasibət göstərirsinizsə, onlar da o cür münasibət göstərəcəklər. Nəyə görə uşaqlarınızı təşviq etməyəsiniz ki, müəllimlərinə təşəkkür etməyi özlərində vərdiş etsinlər? Ümumiyyətlə, müəllimə, həkimə, satıcıya və ya başqalarına göstərdikləri xidmətə görə minnətdarlıq bildirmək hörmət əlamətidir (Luka 17:15, 16). Ədəb-ərkanlı və nəzakətli davranışları ilə sinif yoldaşlarından fərqlənən gənc məsihçilər, həqiqətən də, tərifə layiqdirlər.

Məsihçi yığıncağının üzvləri bu sahədə yaxşı nümunə olmalıdırlar. Yığıncaqdakı uşaq və gənclərin ağzından «zəhmət olmasa» və «çox sağ ol» kimi sözləri eşitmək, həqiqətən də, xoşdur! Bu, onların tərbiyəli olduğundan xəbər verir. Böyüklər görüşlərdə təqdim olunan təlimlərə diqqətlə qulaq asmaqla Yehovaya hörmət etdiklərini göstərirlər. Uşaqlar da onlardan nümunə götürür. Padşahlıq Zalında böyüklərin ədəb-ərkanla, nəzakətlə davrandığını müşahidə edəndə onlar başqalarına hörmətlə yanaşmağı öyrənirlər. Götürək, dördyaşlı Endrunu. O, böyükləri ötüb-keçməli olanda artıq «bağışlayın» deyir.

Övladlarının tərbiyəli böyümələri üçün valideynlər daha nə edə bilərlər? Onlar Allahın Kəlamındakı çoxsaylı nümunələrdən istifadə edərək uşaqlarını öyrətmək üçün vaxt ayırmalıdırlar (Rom. 15:4).

Müqəddəs Kitabdakı nümunələrdən istifadə edin

Ailəsi ilə birgə Kənana qayıdan Yaqub tezliklə qardaşı Esavla qarşılaşacaqdı. Çox güman ki, o, öz uşaqlarına hörmət əlaməti olaraq təzim etməyi öyrətmişdi (Yar. 33:3, 6, 7). Uşağınız hələ balaca ikən «sabahınız xeyir», «hər vaxtınız xeyir», «axşamınız xeyir», «salam» kimi sözləri onunla məşq edə bilərsinizmi? Tərbiyəli uşaqlar Yehovaya izzət, valideynlərinə isə başucalılığı gətirirlər.

Hörmətlə hörmətsizliyin arasındakı fərqi göstərmək üçün Müqəddəs Yazılarda qələmə alınan nümunələrdən istifadə etmək olar. Misal üçün, bir dəfə İsrailin dönük padşahı Axazya İlyas peyğəmbəri gətizdirmək üçün «bir əllibaşı ilə əlli adamını» onun yanına göndərdi. Əllibaşı İlyasdan tələb etdi ki, onunla getsin. Allahın təmsilçisi ilə bu cür danışmaq olmazdı. İlyas nə cavab verdi? «Əgər mən Allah adamıyamsa, göydən od yağsın, səni və əlli adamını tələf etsin!» — dedi. Belə də oldu. «Onda göydən od yağdı, əllibaşı ilə əlli adamını tələf etdi» (2 Pad. 1:9, 10).

İlyası tutmaq üçün padşah adamları ilə birlikdə ikinci əllibaşını göndərdi. O da İlyasa onunla birlikdə getməyi əmr etdi. Bu dəfə də göydən od yağdı və onların hamısını məhv etdi. Sonda İlyasın yanına əlli adamı ilə birgə üçüncü əllibaşı gəldi. Bu adam peyğəmbərə ehtiramla yanaşdı. Onunla əmrlə danışmaq əvəzinə, İlyasın qarşısında diz çökdü və ona yalvararaq dedi: «Ey Allah adamı, xahiş edirəm, mənim və bu əlli qulunun canına yazığın gəlsin. Göydən od yağıb əvvəl gələn iki əllibaşını və onların hərəsinin əlli adamını tələf etdi. İndi mənim canıma yazığın gəlsin». Bəs bu dəfə Allahın peyğəmbəri, ola bilsin, ondan çəkinən, amma hörmətlə danışan adamın üzərinə od yağdıracaqmı? Qətiyyən! Əksinə, Yehovanın mələyi İlyasa dedi ki, durub onunla getsin (2 Pad. 1:11—15). Məgər bu hadisə hörmət göstərməyin vacibliyini vurğulamır?

Həvari Pavel Roma əsgərləri tərəfindən məbəddə həbs edilərkən danışmaq hüququna malik olduğunu kobud şəkildə bildirmədi. O, sərkərdəyə hörmətlə müraciət edərək soruşdu: «Olar, sənə bir söz deyim?» Buna görə də sərkərdə özünü müdafiə etmək üçün Pavelə danışmağa izin verdi (Həv. iş. 21:37—40).

İsa məhkəmə qarşısında olarkən yanında duran bir mühafizəçi ona sillə vurdu. Lakin o, mədəni şəkildə buna etiraz etməyin yolunu bilirdi. O dedi: «Əgər düz demirəmsə, səhvimi göstər. Yox əgər düz danışıramsa, məni niyə vurursan?» İsanın danışıq tərzində heç kim nöqsan tuta bilmirdi (Yəh. 18:22, 23).

Allahın Kəlamında həmçinin sərt tərzdə verilən düzəlişlərə necə cavab verməyə, keçmiş səhvlərimizi və öz səhlənkarlığımızı hörmətcil şəkildə necə etiraf etməyə dair də nümunələr var (Yar. 41:9—13; Həv. iş. 8:20—24). Məsələn, Aviqail əri Navalın Davudla kobudcasına davrandığına görə gəlib ondan üzr istədi. Bundan əlavə, ona çoxlu azuqə gətirdi. Aviqailin bu hərəkəti Davudun ürəyinə o dərəcədə təsir etdi ki, Navalın ölümündən sonra Davud onunla evləndi (1 Şam. 25:23—41).

Uşaqlara həm çətin şəraitlərdə, həm də adi hallarda hörmətcil olmağı öyrətmək vacibdir. Nurumuz insanlar qarşısında işıq saçsa, onda onlar yaxşı davranışımızı görüb göydəki Atamıza həmd edəcəklər (Mat. 5:16).

[Haşiyələr]

a Valideynlər uşaqlarına aydın izah etməlidirlər ki, böyüklərə hörmət göstərməklə niyyətləri pis olan adamların hər dediyini etmək arasında böyük fərq var. «Oyanın!» jurnalının 2007-ci il oktyabr sayının 3—11 səhifələrinə (rus.) baxın.

b Bəzi adlar dəyişdirilib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş