Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bt fəs. 5 s. 36—43
  • «Hökmdarımız Allaha itaət etməliyik»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Hökmdarımız Allaha itaət etməliyik»
  • Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Başlıqlar
  • Oxşar material
  • «Yehovanın mələyi zindanın qapılarını açdı» (Həvarilərin işləri 5:12—21a)
  • «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həvarilərin işləri 5:21b—33)
  • «Siz onu dağıda bilməyəcəksiniz» (Həvarilərin işləri 5:34—42)
  • «Vacib işə nəzarət etmək üçün» münasib kişilər (Həvarilərin işləri 6:1—6)
  • «Allahın sözü vüsət alır» (Həvarilərin işləri 6:7)
  • Siz kimə itaət edirsiniz — Allaha, yoxsa insanlara?
    Gözətçi qülləsi 2006
  • Onları heç nə susdura bilmir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Allahın sözünü cəsarətlə söyləməyə davam edin
    Vahid həqiqi Allaha ibadət edin
  • Həbsxanadan azad edilirlər
    Müqəddəs Kitab hekayələri
Əlavə
Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
bt fəs. 5 s. 36—43

FƏSİL 5

«Hökmdarımız Allaha itaət etməliyik»

Həvarilər düzgün mövqe tuturlar, bununla da bütün həqiqi məsihilər üçün nümunə qoyurlar

Həvarilərin işləri 5:12—6:7

1—3. a) Həvarilər nə üçün Sinedrion qarşısına gətirildilər və dərinə getdikdə hansı sual meydana çıxır? b) Həvarilərin hansı mövqeyi tutması bizi nə üçün maraqlandırır?

SİNEDRİON hakimlərinin qəzəbi aşıb-daşır! İsanın həvariləri bu ali məhkəmənin qarşısında mühakimə olunurlar. Hansı səbəbdən? Baş kahin və Sinedrion rəisi Yusif Qayafa sərt şəkildə onlara müraciət edir: «Məgər bu adamın adı ilə vəz etməyi sizə qəti qadağan etməmişdik?» Qəzəbli Qayafa heç İsanın adını belə dilinə gətirmək istəmir. O, sözünə davam edir: «Siz isə öz təliminizi bütün Yerusəlimə yaymısınız və bu adamın qanını bizim boynumuza yıxmaq istəyirsiniz» (Həv. 5:28). Onun nə demək istədiyi aydındır: təbliği dayandırmasanız, özünüzdən küsün!

2 Həvarilər nə edəcəklər? Təbliğ etməyi onlara İsa tapşırıb, İsaya isə bu səlahiyyət Allah tərəfindən verilib (Mət. 28:18—20). Həvarilər insanlardan qorxub susacaqlarmı? Yoxsa cəsarətli olub möhkəm qalacaq və təbliği davam etdirəcəklər? Daha dərinə getsək: onlar Allaha tabe olacaqlar, yoxsa insana? Həvari Butrus tərəddüd etmədən bütün həvarilərin yerinə cavab verir. Onun sözləri birmənalı və cəsarətlidir.

3 Həvarilərin Sinedrionun hədə-qorxularına necə cavab vermələri həqiqi məsihi olan bizləri maraqlandırmaya bilməz. Axı təbliğ etmək tapşırığı bizə də aiddir. Allahın verdiyi bu tapşırığı yerinə yetirərkən biz də müqavimətlərlə üzləşə bilərik (Mət. 10:22). Təqibçilər işimizə məhdudiyyətlər və ya qadağalar qoymağa çalışa bilərlər. Belə olan halda biz nə edəcəyik? Həvarilərin tutduğu mövqeyi və onların Sinedrion məhkəməsinə gətirilməsinə səbəb olan vəziyyəti nəzərdən keçirməyin bizə faydası ola biləra.

SİNEDRİON — YƏHUDİ ALİ MƏHKƏMƏSİ

Yəhudiyyə Roma imperiyasının əyaləti olsa da, Roma yəhudilərə öz adət-ənənələrinə riayət etməyə icazə verirdi. Həmçinin bu xalqa özünü idarə etmək üçün də kifayət qədər böyük səlahiyyət verilmişdi. Kiçik cinayət hadisələrinə və mülki işlərə yerli məhkəmələrdə baxılırdı. Lakin həmin məhkəmələrin həll edə bilmədiyi və ya həll etməyə ixtiyarı çatmadığı məsələlərlə bağlı Yerusəlimdəki Böyük Sinedriona müraciət edilirdi. Sinedrion yəhudi xalqının ali məhkəməsi və milli inzibati şura kimi fəaliyyət göstərirdi. Həmçinin yəhudi qanununun şərh edilməsində son söz ona məxsus idi və harada yaşamasından asılı olmayaraq, bütün yəhudilər onun hakimiyyətinə hörmətlə yanaşırdılar.

Sinedrion iclasları, adətən, ya məbədin ərazisində, ya da ona yaxın yerdə yerləşən məhkəmə zalında keçirilirdi. Şura 71 nəfərdən — rəislik edən baş kahindən, saddukilər də daxil olmaqla, digər kahinlərdən; zadəganlardan və oxumuş mirzələrdən təşkil olunurdu. Məhkəmənin qərarları dəyişilməz idi.

«Yehovanın mələyi zindanın qapılarını açdı» (Həvarilərin işləri 5:12—21a)

4, 5. Nəyə görə Qayafa və saddukilər paxıllıqdan yanırdılar?

4 Yadındadırsa, birinci dəfə təbliği dayandırmaq əmr olunanda Butrusla Yəhya: «Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik», — deyə cavab vermişdi (Həv. 4:20). Sinedrionda olan həmin qarşıdurmadan sonra Butrus və Yəhya digər həvarilərlə birgə məbəddə təbliğ etməyə davam etdi. Həvarilər böyük möcüzələr göstərirdilər: xəstələri sağaldır, cinləri qovurdular. Bütün bunlar məbədin şərqində, binaya bitişik üstüörtülü, sütunlu eyvan olan və adətən, yəhudilərin yığışdığı «Süleyman sütunları» adlanan yerdə baş verirdi. Ehtimal ki, Butrusun kölgəsi belə camaatın üstünə düşəndə onlar sağalırdı! Şəfa tapanların çoxu ruhani məlhəm olan həqiqət sözlərinə də hay verirdi. Nəticədə, «çoxlu sayda kişi və qadın... Ağaya iman gətirib onlara qoşulurdu» (Həv. 5:12—15).

5 Qayafa və onun mənsub olduğu Sadduki təriqətinin üzvləri «paxıllıqdan yana-yana» həvariləri zindana atdılar (Həv. 5:17, 18). Saddukiləri belə qəzəbləndirən nə idi? Həvarilər İsanın dirildiyini öyrədirdilər, amma saddukilər dirilməyə inanmırdılar. Həvarilər yalnız İsanın adına iman gətirənin xilas olacağını deyirdilər, saddukilər isə qorxurdular ki, insanlar İsaya Rəhbər kimi baxsalar, romalılar onları cəzalandıracaqlar (Yəh. 11:48). Buna görə də saddukilərin həvariləri susdurmağa qəti qərarlı olmaları heç də təəccüblü deyildi!

6. Bu gün Yehovanın xidmətçilərinə qarşı təqibləri qızışdıran əsas etibarilə kimlərdir və bu, bizi nə üçün təəccübləndirməməlidir?

6 Bu gün də Yehovanın xidmətçilərinə qarşı təqibləri qızışdıran əsas etibarilə din xadimləridir. Onlar çox vaxt hakimiyyət dairələrinə və kütləvi informasiya vasitələrinə təsir edərək təbliğ işimizi dayandırmaq istəyirlər. Bu, bizi təəccübləndirməlidirmi? Xeyr. Axı bizim çatdırdığımız xəbər yalan dini ifşa edir. Müqəddəs Kitab həqiqətlərini qəbul edən səmimi insanlar Allahın Kəlamına zidd gedən etiqad və əməllərdən azad olurlar (Yəh. 8:32). Buna görə də çatdırdığımız xəbərin çox vaxt din rəhbərlərində paxıllıqla dolu nifrət oyatmasına təəccüblənməyə dəyərmi?

7, 8. Mələyin göstərişi həvarilərə necə təsir etdi və biz özümüzə hansı sualı verməliyik?

7 Zindanda oturub məhkəməni gözləyən həvarilər yəqin düşmənlərin əlindən canlarını qurtara bilməyib öldürüləcəklərini fikirləşirdilər (Mət. 24:9). Ancaq gecə onların qətiyyən gözləmədiyi bir hadisə baş verdi — «Yehovanın mələyi zindanın qapılarını açdı»b (Həv. 5:19). Mələk onlara konkret göstəriş verdi: «Məbəddə durub... danışın» (Həv. 5:20). Sözsüz ki, bu əmr həvariləri indiyədək düzgün davrandıqlarına əmin etdi. Həmçinin mələyin sözləri onların nə olursa olsun, möhkəm qalmaq əzmini artırdı. Böyük iman və cəsarətlə həvarilər «sübh tezdən məbədə gəlib vəz etməyə başladılar» (Həv. 5:21).

8 Hər birimiz özümüzdən soruşmalıyıq: «Bəs mən belə vəziyyətə düşsəydim, təbliği davam etdirməyə imanım və cəsarətim çatardımı?» Mələklərin «Allahın Padşahlığı haqqında ətraflı şəhadət» vermək işini dəstəklədiyini və ona rəhbərlik etdiyini bilmək bizə güc verə bilər (Həv. 28:23; Vəhy 14:6, 7).

«Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həvarilərin işləri 5:21b—33)

Qayafa həvariləri hiddətlə ittiham edir, Sinedrionun digər üzvləri onu müşahidə edir.

«Həvariləri gətirib Sinedrion qarşısına çıxartdılar» (Həvarilərin işləri 5:27)

9—11.  Sinedrion təbliği dayandırmağı əmr edəndə həvarilər necə cavab verdilər və bununla həqiqi məsihilər üçün hansı nümunəni qoydular?

9 Qayafa və Sinedrionun hakimləri artıq həvarilərə hökm çıxarmağa hazır idilər. Zindanda baş verənlərdən xəbərsiz olan məhkəmə dustaqların dalınca keşikçiləri göndərdi. Zindanın qapılarının bərk-bərk bağlı olduğunu, gözətçilərin yerlərində durduğunu, dustaqların isə orada olmadığını görəndə təsəvvür edin keşikçilər necə təəccüblənmişdilər (Həv. 5:23). Üstündən bir qədər keçəndən sonra məbədin rəisi xəbər tutdu ki, həvarilər yenə də məbəddədirlər və İsa Məsih haqqında şahidlik edirlər. Bu inanılmazdır! Axı onları məhz bu işə görə zindana atmışdılar. Məbədin rəisi və keşikçilər dustaqları tutub Sinedriona gətirmək üçün cəld məbədə getdilər.

10 Fəslin əvvəlində təsvir olunduğu kimi, qəzəb içində olan din xadimləri həvarilərin təbliği dayandırmasını istəyirdilər. Həvarilər nə etdilər? Butrus hamının adından cəsarətlə cavab verdi: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həv. 5:29). Bununla da həvarilər bütün dövrlərdə yaşayan həqiqi məsihilər üçün nümunə qoydular. Hakimiyyət dairələri Allahın tələb etdiyi şeyləri qadağan edəndə və ya Allahın qadağan etdiyi şeyləri tələb edəndə Yehovanın onlara verdiyi səlahiyyəti itirirlər. Bu, bizim günlərə də aiddir. Əgər «hökumət» təbliğ işinə qadağa qoysa, biz Allahın tapşırdığı təbliğ işini dayandırmamalıyıq (Rom. 13:1). Əksinə, ehtiyat və uzaqgörənliklə Allahın Padşahlığı haqqında ətraflı şəhadət vermək üçün yollar axtarmalıyıq.

11 Təəccüblü deyil ki, həvarilərin cəsarətli cavabı onsuz da hirsli olan hakimləri daha da özlərindən çıxardı. Onlar «həvariləri öldürmək» qəsdinə durdular (Həv. 5:33). Artıq bu cəsur və çalışqan şahidlər üçün ölüm qaçılmaz görünürdü. Lakin onları qeyri-adi xilas gözləyirdi!

«Siz onu dağıda bilməyəcəksiniz» (Həvarilərin işləri 5:34—42)

12, 13. a) Qəmlail öz həmkarlarına hansı məsləhəti verdi və onlar nə etdilər? b) Yehova bu gün xalqının xeyrinə işlərə necə müdaxilə edə bilər və əgər O, «salehlik uğrunda əzab» çəkməyimizə yol verirsə, nəyə əmin ola bilərik?

12 Söz «xalqın hörmətini qazanmış, Qanun müəllimi» Qəmlailə verildic. Görünür, Qəmlail Sinedrion üzvlərinin yanında böyük hörmətə sahib idi, belə ki, o, işi əlinə aldı və hətta «əmr etdi ki, həvariləri müvəqqəti bayıra çıxarsınlar» (Həv. 5:34). Keçmişdə baş qaldıran, lakin başçıları öldükdən sonra tezliklə susdurulan hərəkatları nümunə gətirərək Qəmlail hakimləri səslədi ki, onlar Rəhbərləri təzəcə ölən həvarilərə qarşı səbirli olsunlar. Qəmlailin yürütdüyü mülahizə ağlabatan idi: «Bu adamlara dəyməyin, onlardan əl çəkin, çünki bu işin və ya niyyətin arxasında insan durubsa, o baş tutmayacaq, yox əgər Allah durubsa, siz onu dağıda bilməyəcəksiniz. Elə olmasın ki, Allahla savaşasınız» (Həv. 5:38, 39). Hakimlər onun məsləhətinə qulaq asdılar. Bununla belə, həvariləri qamçılatdırdılar və onlara «bir də İsanın adı ilə danışmamağı» əmr etdilər (Həv. 5:40).

13 O vaxtlar olduğu kimi, bizim günlərdə də Yehova Qəmlailə bənzər nüfuzlu adamları Onun xalqının xeyrinə işə müdaxilə etməyə təşviq edə bilər (Məs. 21:1). Yehova müqəddəs ruhu vasitəsilə nüfuzlu rəhbərləri, hakimləri və ya qanunverici orqanları Öz iradəsinə uyğun hərəkət etməyə təhrik edə bilər (Nəh. 2:4—8). Ancaq O, «salehlik uğrunda əzab» çəkməyimizə yol verərsə, iki şeyə əmin ola bilərik (1 But. 3:14). Birincisi, Allah bizə tab gətirməyə güc verəcək (1 Kor. 10:13). İkincisi, düşmənlər Allahın işini dayandıra bilməyəcəklər (Əşy. 54:17).

14, 15. a) Qamçılandıqdan sonra həvarilər hansı əhval-ruhiyyədə idilər və nə üçün? b) Yehovanın xalqının əzablara sevinclə tab gətirdiyinə dair nümunə çək.

14 Qamçılandıqdan sonra həvarilər ruhdan düşdülərmi? Bəlkə, daha əvvəlki kimi qətiyyətli olmadılar? Əsla! Onlar «Sinedriondan sevinə-sevinə çıxdılar» (Həv. 5:41). Bəs nə üçün «sevinə-sevinə»? Sözsüz ki, onları sevindirən qamçıların açdığı yaralar deyildi. Həvarilər Yehova qarşısında nöqsansızlığı qoruduqları və onlara nümunə olan İsanın izləri ilə getdikləri üçün təqib olunduqlarını bilirdilər. Onların sevinməsinə səbəb məhz bu idi (Mət. 5:11, 12).

15 Birinci əsrdə yaşamış qardaşlarımız kimi, biz də xoş xəbər uğrunda çəkdiyimiz əzablara sevinclə tab gətiririk (1 But. 4:12—14). Bu heç də o demək deyil ki, hədə-qorxu eşitmək, təqib olunmaq, həbsə alınmaq bizə xoşdur. Sadəcə olaraq, sadiqliyimizi qorumaq bizə məmnunluq gətirir. Məsələn, Henrik Dornik illərlə totalitar rejim altında amansız rəftara məruz qalmışdır. O xatırlayır ki, 1944-cü ilin avqust ayında hökumət onu qardaşı ilə birlikdə həbs düşərgəsinə göndərməyə qərar verdi. Düşmənlər onlar haqqında deyirdilər: «Onları fikirlərindən daşındırmaq qeyri-mümkündür. İmanları uğrunda ölmək onlara sevinc gətirir». Dornik qardaş deyir: «Düzdür, mən ölmək istəmirdim. Amma Yehovaya sadiq qaldığım üçün çəkdiyim əzablara cəsarətlə və ləyaqətlə tab gətirmək mənə sevinc verirdi» (Yaq. 1:2—4).

Bir cütlük Müqəddəs Kitab və ona əsaslanmış nəşrlər vasitəsilə evinin qarşısında dayanmış bir kişiyə təbliğ edir.

Həvarilər kimi, biz də «ev-ev» təbliğ edirik

16. Həvarilər ətraflı şəhadət etməyə qəti qərarlı olduqlarını necə göstərdilər və biz onların təbliğ üsulundan necə istifadə edirik?

16 Həvarilər vaxt itirmədən şahidlik etməyə davam etdilər. Onlar cəsarətlə «hər gün məbəddə və ev-ev Məsih İsa haqqında müjdəni durmadan bildirir»dilərd (Həv. 5:42). Bu çalışqan təbliğçilər ətraflı şahidlik etmək qətiyyətində idilər. Diqqət yetir ki, həvarilər İsa Məsihin əmr etdiyi kimi, insanlara xəbəri onların evlərində çatdırırdılar (Mət. 10:7, 11—14). Şübhəsiz, məhz bunun sayəsində, onlar təlimlərini bütün Yerusəlimə yaya bildilər. Bu gün Yehovanın Şahidləri də həvarilərin təbliğ üsulundan istifadə etməkləri ilə tanınırlar. Ərazimizdəki hər evə getməklə biz də hər kəsə xoş xəbəri eşitməyə imkan verir, beləliklə, ətraflı şəhadət etmək istədiyimizi aydın şəkildə nümayiş etdiririk. Yehova ev-ev təbliği avand edir? Bəli, edir! Sonun yaxınlaşdığı bu dövrdə milyonlarla insan Padşahlıq xəbərini qəbul edib. Onlardan çoxu xoş xəbəri ilk dəfə Yehovanın Şahidləri onların qapılarını döyəndə eşidib.

EV-EV TƏBLİĞ

Baxmayaraq ki, Sinedrion təbliğ işinə qadağa qoymuşdu, şagirdlər «hər gün məbəddə və ev-ev» təbliğ edib öyrətməyə davam edirdilər (Həv. 5:42). «Ev–ev» sözünü necə izah etmək olar?

Qədim yunan dilində katikon ifadəsi hərfi mənada «hər ev» deməkdir. Bəzi tərcüməçilərin fikrincə, kata sözü şagirdlərin bir evdən başqa evə gedərək təbliğ etdiyini göstərir. Luka 8:1 ayəsində də kata sözü eyni cür işlədilir. Orada İsanın «şəhərbəşəhər, kəndbəkənd» gəzib təbliğ etdiyi deyilir.

Həvarilərin işləri 20:20 ayəsində cəm halında olan katikus sözü işlənilir. Həvari Bulus məsihi ağsaqqallara demişdi: «Sizi insanlar qarşısında, ev-ev öyrətməkdən vaz keçmədim». Növbəti ayə göstərir ki, Bulus, bəzilərinin zənn etdiyi kimi, ağsaqqalların evlərində öyrətməkdən danışmırdı: «Həm yəhudilərə, həm yunanlara tövbə edib Allaha tərəf dönmək və Ağamız İsaya iman etmək haqqında ətraflı şəhadət verdim» (Həv. 20:21). Bulusun dindaşları artıq tövbə edib İsaya iman etmişdilər. Beləliklə, ev-ev təbliğ etmək və öyrətmək imanda olmayanlara şahidlik etməklə bağlı idi.

«Vacib işə nəzarət etmək üçün» münasib kişilər (Həvarilərin işləri 6:1—6)

17—19. Yığıncaqda parçalanma sala biləcək hansı sual qalxdı və həvarilər onu həll etmək üçün hansı göstərişi verdilər?

17 Gənc yığıncaq indi ilk baxışdan sezilməyən bir təhlükə ilə üzləşdi. Bu təhlükə yığıncağın içindən idi. Orada nə baş vermişdi? Vəftiz olanların çoxu Yerusəlimə başqa yerlərdən gəlmişdilər və evə getməzdən əvvəl onlar həqiqət haqqında daha çox öyrənmək istəyirdilər. Yerusəlimdə yaşayan şagirdlər ərzaq və digər şeylər almaq üçün könüllü olaraq ianələr edirdilər (Həv. 2:44—46; 4:34—37). Elə bu vaxt incə bir məsələ baş qaldırdı. «Gündəlik yemək paylananda» yunandilli dul qadınlara «etinasız yanaşırdılar» (Həv. 6:1). İbranidilli dul qadınlara isə əksinə, etinasız yanaşmırdılar. Görünür, dindaşlar arasında ayrı-seçkilik salınırdı. Bu isə yığıncağı parçalaya bilərdi.

18 Böyüməkdə olan yığıncağın rəhbərlik şurası kimi fəaliyyət göstərən həvarilər anlayırdılar ki, onlar üçün «Allahın sözünü kənara qoyub, süfrələrə yemək paylamaq» müdriklik olmazdı (Həv. 6:2). Problemi həll etmək üçün onlar şagirdlərə «ruh və hikmətlə dolu» yeddi nəfər axtarmağı tapşırdılar ki, onları «bu vacib işə nəzarət etmək üçün» təyin etsinlər (Həv. 6:3). Bu iş sadəcə yemək paylamaqla yox, həmçinin pulla, alış-verişlə və dəqiq hesab aparmaqla bağlı olduğu üçün etibarlı adam tapmaq lazım idi. Seçilənlərin hamısının adı yunan adları idi, ehtimal ki, bunun da sayəsində incidilmiş dul qadınlar onlara daha asanlıqla müraciət edə bilərdilər. Təklif olunan namizədlər haqqında düşünüb dua etdikdən sonra həvarilər yeddi kişini «bu vacib işə nəzarət etmək üçün» təyin etdiləre.

19 Yemək paylamaqla məşğul olduqları üçün həmin yeddi kişi xoş xəbəri təbliğ etmək məsuliyyətindən azad oldularmı? Qətiyyən! Seçilən kişilərdən biri olan Stefan cəsarətlə təbliğ edir, təsirli şahidlik verirdi (Həv. 6:8—10). Filip də həmin yeddi nəfərin sırasında idi və o, Müqəddəs Kitabda «müjdəçi» adlanır (Həv. 21:8). Deməli, yeddi kişi sonra da Padşahlığın çalışqan təbliğçiləri olaraq qaldılar.

20. Allahın xalqı bu gün həvarilərin nümunəsini necə izləyir?

20 Yehovanın xalqı bu gün həvarilərin nümunəsini izləyir. Yığıncaqda məsuliyyətli işlər üçün namizədliyi irəli sürülən kişilər ilahi müdriklik təzahür etdirməli və müqəddəs ruhun onlarda fəaliyyət göstərdiyini sübut etməlidirlər. Müqəddəs Kitabdakı tələblərə cavab verən kişilər Rəhbərlik Şurasının rəhbərliyi altında yığıncaqda ağsaqqal və ya yığıncaq xidmətçisi kimi xidmət etməyə təyin olunurlarf (1 Tim. 3:1—9, 12, 13). Buna görə də demək olar ki, tələblərə cavab verən kişilər müqəddəs ruh vasitəsilə seçilirlər. Bu çalışqan qardaşlar «zəruri işə» nəzarət edirlər. Məsələn, ağsaqqallar, həqiqətən də, köməyə ehtiyacı olan yaşlı məsihilərə yardım edilməsini təşkil edə bilərlər (Yaq. 1:27). Bəzi ağsaqqallar ibadət evlərinin tikintisində iştirak edir, toplantıların təşkil olunmasında və ya Xəstəxanalarla əlaqə komitəsində xidmət edirlər. Yığıncaq xidmətçiləri sürünün qayğısına qalmaq və təlim vermək işi ilə birbaşa bağlılığı olmayan bir çox işləri yerinə yetirirlər. Bütün bu təyin olunmuş kişilər yığıncaqla və təşkilatla bağlı məsuliyyətləri Allahın tapşırdığı təbliğ işi ilə tarazlaşdırmalıdırlar (1 Kor. 9:16).

«Allahın sözü vüsət alır» (Həvarilərin işləri 6:7)

21, 22. Yehovanın yeni təşkil olunmuş yığıncağa nemətlər verdiyi nədən görünürdü?

21 Yeni təşkil olunmuş yığıncaq xaricdən olan təqiblərə, eləcə də daxildən baş qaldıra biləcək parçalanmaya Yehovanın köməyilə üstün gələ bildi. Yehovanın yığıncağa nemətlər verdiyi aydın idi, belə ki Müqəddəs Kitabda deyilir: «Allahın sözü vüsət alır, Yerusəlimdəki şagirdlərin sayı get-gedə daha da artırdı. Hətta çoxlu sayda kahin də iman yoluna qoşulurdu» (Həv. 6:7). Bu, «Həvarilərin işləri» kitabında yığıncağın inkişafı ilə bağlı olan məlumatlardan sadəcə biridir (Həv. 9:31; 12:24; 16:5; 19:20; 28:31). Bu gün dünyanın başqa ölkələrində Padşahlığın təbliği işinin inkişafı haqqında xəbərlər məgər bizi ruhlandırmır?

22 Eramızın birinci əsrində hiddətlənmiş din rəhbərləri təslim olmaq istəmirdilər. Məsihiləri qarşıda təqiblər gözləyirdi. Çox keçməmiş, Stefan amansız təqiblərin hədəfinə çevrildi. Bu haqda biz növbəti fəsildə danışacağıq.

RAVVİNLƏR ARASINDA HÖRMƏT SAHİBİ OLAN QƏMLAİL

«Həvarilərin işləri» kitabında haqqında danışılan Qəmlail Böyük Qəmlail kimi də tanınır. O, iki fərisi məktəbi içində daha azad fikirlisinin banisi olan Hillalın nəvəsi idi. Qəmlail Sinedrionda yüksək mövqe tuturdu və ravvinlər arasında elə böyük hörmət qazanmışdı ki, şərəfli hesab olunan «Rabban» titulu ilk dəfə ona verilmişdi. «Mişna»da deyilir: «Rabban Böyük Qəmlail öləndə Qanunun izzəti söndü, paklığa və müqəddəsliyə son qoyuldu». Deyilənə görə, bir çox ədalətli qanunlar məhz onun sayəsində verilmişdi. «Yəhudi ensiklopediyası»nda deyilir: «Onun ən mühüm qərarlarından biri ərinin ölümünə bir nəfər şahidin belə olduğu təqdirdə, qadına yenidən ailə qurmağa icazə verilməsi idi» («Encyclopaedia Judaica»). Həmçinin belə hesab olunur ki, o, qadınları mənəviyyatsız ərlərindən, dul qadınları isə mənəviyyatsız övladlarından qoruyan qanunlar vermiş, eləcə də yəhudilər kimi, kasıb qeyri-yəhudilərə də başaq yığmaqla bağlı eyni hüquqlar verilməsini təkid etmişdi.

a «Sinedrion — yəhudi ali məhkəməsi» adlı çərçivəyə bax.

b «Həvarilərin işləri» kitabında «mələk» sözünə təxminən 20 dəfə rast gəlinir. Bu, onlardan birincisidir. Bir qədər əvvəl, Həvarilərin işləri 1:10 ayəsində mələklər haqqında «ağ libaslı kişi» kimi danışılmışdı.

c «Ravvinlər arasında hörmət sahibi olan Qəmlail» adlı çərçivəyə bax.

d «Ev-ev təbliğ» adlı çərçivəyə bax.

e Yəqin ki, bu kişilər ağsaqqallar üçün olan ümumi tələblərə cavab verirdilər, çünki «bu vacib işə nəzarət etmək» məsuliyyətli iş idi. Lakin həmin kişilərin məsihi yığıncağında nə zaman ağsaqqal və ya nəzarətçi kimi təyin olunduqları Müqəddəs Kitabda dəqiq göstərilmir.

f Birinci əsrdə təcrübəli qardaşlara ağsaqqallar təyin etmək səlahiyyəti verilmişdi (Həv. 14:23; 1 Tim. 5:22; Tit. 1:5). Müasir dövrdə Rəhbərlik Şurası rayon nəzarətçilərini təyin edir və rayon nəzarətçiləri isə ağsaqqalları və yığıncaq xidmətçilərini təyin edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş