Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bt fəs. 15 s. 117—123
  • Yığıncaqlar imanda möhkəmlənir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yığıncaqlar imanda möhkəmlənir
  • Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Başlıqlar
  • Oxşar material
  • «Gəl indi... qayıdaq və oradakı qardaşlara baş çəkək» (Həvarilərin işləri 15:36)
  • Qızğın çəkişmə (Həvarilərin işləri 15:37—41)
  • Onun «haqqında ağızdolusu danışırdılar» (Həvarilərin işləri 16:1—3)
  • «İmanda möhkəmlənir» (Həvarilərin işləri 16:4, 5)
  • Mark ‘xidmət üçün yararlı idi’
    Gözətçi qülləsi 2010
  • Mark təslim olmadı
    Gözətçi qülləsi 2008
  • «Yehovadan səlahiyyət alaraq cəsarətlə danışırdılar»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Gənc qardaşlar, Mark və Timutidən örnək alın
    Gözətçi qülləsi 2025
Əlavə
Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
bt fəs. 15 s. 117—123

FƏSİL 15

Yığıncaqlar imanda möhkəmlənir

Səyyar xidmətçilər yığıncaqlara imanda möhkəmlənməyə kömək edir

Həvarilərin işləri 15:36—16:5

1—3. a) Bulusun yeni yol yoldaşı kimdir və onun haqqında nə demək olar? b) Bu fəsildə biz nəyi öyrənəcəyik?

QARDAŞLAR bir şəhərdən o birisinə gedirlər. Daşlı-kəsəkli yollarla irəlilədikcə Bulus onunla yanaşı addımlayan gənci düşüncəli nəzərlərlə süzür. Gəncliyinin qaynar çağlarını yaşayan bu məsihiyə həvarinin böyük etimadı var. Təxminən 20 yaşlarında olan bu gəncin adı Timutidir. Atdığı hər addım onu evlərindən bir az da uzaqlaşdırır. Gün qüruba endikcə Listra və Konya gözdən itir. Qardaşları qarşıda nə gözləyir? Bulusun bu haqda müəyyən təsəvvürü var, çünki bu, onun ikinci səyahətidir. O, yaxşı bilir ki, səyahət təhlükə və çətinliklərsiz ötüşməyəcək. Bəs görəsən bu gənc bütün bunlara dözə biləcək?

2 Bu təvazökar gəncin özünə inamı zəif olsa da, Bulus ona arxayındır. Bu yaxınlarda baş verən hadisələrdən sonra Bulus münasib yol yoldaşı seçməyin vacibliyini yaxşı başa düşüb. O bilir ki, qarşıdakı işi icra etmək, yəni yığıncaqları ziyarət edib onları möhkəmləndirmək ondan və əməkdaşlarından qətiyyətli və həmfikir olmağı tələb edir. Bəs bu qənaətə gəlməyə onu nə vadar etmişdi? Ola bilsin, bir qədər əvvəl onunla Barnəba arasında ciddi mübahisəyə səbəb olan fikir ayrılığı.

3 Bu fəsildə biz narazılıqları necə həll etmək barədə çox şey öyrənəcəyik. Bundan başqa, Bulusun yol yoldaşı kimi nə üçün məhz Timutini seçdiyini araşdıracaq və bu gün rayon nəzarətçilərinin təşkilatda nə dərəcədə vacib rol oynadığını bir az da dərindən başa düşəcəyik.

«Gəl indi... qayıdaq və oradakı qardaşlara baş çəkək» (Həvarilərin işləri 15:36)

4. Bulus ikinci təbliğ səyahəti zamanı nə etmək niyyətində idi?

4 Əvvəlki fəsildə öyrəndik ki, dörd qardaş, Bulus, Barnəba, Yəhuda və Sila rəhbərlik şurasının sünnətlə bağlı qərarını Antakyadakı yığıncağa çatdırıb oradakı qardaşları ruhlandırdı. Sonra Bulus Barnəbaya yeni təkliflə yaxınlaşdı: «Gəl indi Yehovanın sözünü təbliğ etdiyimiz bütün şəhərlərə qayıdaq və oradakı qardaşlara baş çəkək, görək necədirlər» (Həv. 15:36). Bulus yeni imana gələn bu məsihilərə sadəcə dost kimi baş çəkib hal-əhval tutmaqdan danışmırdı. «Həvarilərin işləri» kitabı Bulusun ikinci təbliğ səyahətinin əsl məqsədini açıqlayır. Birincisi, o, rəhbərlik şurasının verdiyi qərarı o biri yığıncaqlara da çatdırmalı idi (Həv. 16:4). İkincisi, səyyar nəzarətçi olan Bulus yığıncaqları ruhlandırmaq, onlara imanda möhkəmlənməyə kömək etmək istəyirdi (Rom. 1:11, 12). Yehovanın Şahidlərinin müasir təşkilatı həvarilərin qoyduğu nümunəni necə izləyir?

5. Müasir Rəhbərlik Şurası yığıncaqlara rəhbərliyi necə təqdim edir və onları necə ruhlandırır?

5 Bu gün Məsih Rəhbərlik Şurasından istifadə edərək məsihi yığıncağını idarə edir. Məktublar, həm çap, həm də onlayn formatdakı nəşrlər və görüşlər vasitəsilə, eləcə də digər üsullarla bu sadiq məsh olunmuşlar dünyadakı bütün yığıncaqlara rəhbərlik təqdim edir və onları ruhlandırır. Rəhbərlik Şurası həmçinin bütün dünyada minlərlə səriştəli ağsaqqalı rayon nəzarətçisi təyin edib, onların vasitəsilə yığıncaqların hər biri ilə sıx əlaqə saxlamağa çalışır.

6, 7. Rayon nəzarətçiləri yığıncaqlara necə xidmət edirlər?

6 Bulus bir səyyar nəzarətçiyə belə nəsihət vermişdi: «Allahın sözünü təbliğ et, bu işi yubanmadan, həm əlverişli, həm də çətin vaxtda gör, bütün səbrini toplayaraq, müəllimlik qabiliyyətini işə salaraq tənbeh et, məzəmmət et, ürəkləndir... Müjdəni təbliğ et» (2 Tim. 4:2, 5). Müasir dövrdəki səyyar nəzarətçilər həmin məsləhəti rəhbər tutaraq ziyarət etdikləri yığıncaqda hər kəsə şəxsən diqqət yetirməyə və onları ruhlandırmağa çalışırlar.

7 Rayon nəzarətçisi və əgər evlidirlərsə, həyat yoldaşı yerli təbliğçilərlə xidmətin müxtəlif sahələrində əməkdaşlıq edirlər. Onların canla-başla təbliğ etməsi və məharətlə təlim verməsi bütün yığıncaq üçün gözəl nümunə olur (Rom. 12:11; 2 Tim. 2:15). Rayon xidmətində olanlar ən çox öz fədakar məhəbbətləri ilə tanınırlar. Onlar güclərini əsirgəmədən başqalarına xidmət edirlər. Bəzən əlverişsiz havada səyahət edir, hətta təhlükəli ərazilərə belə gedirlər (Filip. 2:3, 4). Həmçinin rayon nəzarətçiləri yığıncaqdakı bacı-qardaşları Müqəddəs Kitaba əsaslanan nitqləri ilə ruhlandırır, onlara təlim və nəsihət verirlər. Bu qardaşların davranışını müşahidə etmək və onların imanından nümunə götürmək yığıncaqda hər kəsə fayda gətirə bilər (İbr. 13:7).

Qızğın çəkişmə (Həvarilərin işləri 15:37—41)

8. Barnəba Bulusun dəvətini necə qarşıladı?

8 Barnəba Bulusun qardaşları ziyarət etmək təklifini qəbul etdi (Həv. 15:36). Bu iki təbliğçi xeyli müddət ərzində əməkdaşlıq etmişdi. Bundan əlavə, ikisi də gedəcəkləri yerlərlə və baş çəkməli olduqları adamlarla artıq tanış idi (Həv. 13:2—14:28). Buna görə də ikinci təbliğ səyahətinə birlikdə çıxmaq, ola bilsin, ağlabatan və əlverişli görünürdü. Amma ortaya bir məsələ çıxdı. Həvarilərin işləri 15:37 ayəsində deyilir: «Barnəba Mark ləqəbli Yəhyanı da götürmək fikrində idi». Görünür, Barnəba sadəcə təklif irəli sürmürdü. O, bu təbliğ səyahətinə qohumu Markı götürməyi artıq qərara almışdı.

9. Nə üçün Bulus Barnəba ilə razılaşmadı?

9 Bulus onunla razılaşmadı. Bunun səbəbini Müqəddəs Kitab belə izah edir: «Bulus onu [Markı] bu səyahətə götürməyi münasib bilmədi, çünki o, Pamfiliyada həvarilərdən ayrılmış və onlarla bu işi davam etdirməmişdi» (Həv. 15:38). Mark birinci təbliğ səyahəti zamanı Bulus və Barnəba ilə yola çıxsa da, axıra qədər onlarla qalmamışdı (Həv. 12:25; 13:13). Səyahətin elə əvvəlində, hələ Pamfiliyada ikən onlardan ayrılıb Yerusəlimə, evlərinə qayıtmışdı. Müqəddəs Kitabda onun bu cür davranmasının səbəbi izah edilmir. Amma hər necə olsa da, həvari Bulus Markın hərəkətini məsuliyyətsizlik kimi qiymətləndirmişdi. Ola bilsin, o, Marka bel bağlamırdı.

10. Bulusla Barnəba arasındakı fikir ayrılığı nəyə gətirib çıxardı?

10 Buna baxmayaraq, Barnəba fikrində qəti idi. Bulus da öz dediyindən dönmürdü. Həvarilərin işləri 15:39 ayəsində deyilir: «Bu məsələ onların arasında qızğın çəkişməyə səbəb oldu və onlar bir-birindən ayrıldılar». Barnəba Markı özü ilə götürüb doğma yurduna, Kiprə getdi. Bulus isə öz planı üzrə hərəkət etdi. O, «Silanı seçdi. Qardaşlar Bulusu Yehovanın lütfünə əmanət etdikdən sonra o, yola çıxdı» (Həv. 15:40). Onlar birlikdə «Suriya və Kilikiyadan keçərək yığıncaqları möhkəmləndirirdi» (Həv. 15:41).

11. Bizimlə xətrimizə dəyən adam arasında uçurum yaranmaması üçün hansı keyfiyyətlərin olması vacibdir?

11 Bu əhvalat qeyri-kamil olduğumuzu bizə bir daha xatırladır. Bulusla Barnəba rəhbərlik şurasının xüsusi nümayəndəsi təyin olunmuşdu. Ehtimal ki, Bulus özü də artıq həmin şuranın üzvü idi. Bununla belə, qeyri-kamillik Bulusla Barnəbaya üstün gəldi. Bəs onlar baş verən hadisənin aralarında uçurum yaratmasına yol verdilərmi? Qeyri-kamil olsalar da, Bulusla Barnəba həlim insanlar idi, onlar Məsihin düşüncə tərzini əks etdirirdilər. Şübhə yoxdur ki, vaxt keçdikcə onlar əsl məsihi kimi davranaraq bir-birini bağışladılar (Efes. 4:1—3). Sonralar Bulus Mark ilə də başqa teokratik təyinatlarda birgə çalışmışdıa (Kol. 4:10).

12. Müasir nəzarətçilər Bulus və Barnəbadan nümunə götürərək hansı xüsusiyyətləri əks etdirməlidirlər?

12 Əslində, qəzəblənib çəkişmə salmaq nə Barnəbaya, nə də Bulusa xas deyildi. Barnəba elə istiqanlı və səxavətli adam idi ki, onu əsl adı (Yusif) ilə deyil, həvarilərin ona verdiyi və mənası «təsəlli oğlu» olan Barnəba adı ilə çağırırdılar (Həv. 4:36). Elə Bulus da mülayimliyi və mehribanlığı ilə tanınırdı (1 Salon. 2:7, 8). Bulusla Barnəbadan nümunə götürərək bu gün də bütün məsihi ağsaqqallar, eləcə də rayon nəzarətçiləri həmişə həlim olmağa, bir-biri ilə, o cümlədən dindaşları ilə mehriban davranmağa çalışmalıdırlar (1 But. 5:2, 3).

Onun «haqqında ağızdolusu danışırdılar» (Həvarilərin işləri 16:1—3)

13, 14. a) Timuti kim idi və Bulus onunla ilk dəfə necə tanış olmuşdu? b) Bulus nə üçün Timutiyə xüsusi diqqət yetirdi? c) Timuti hansı tapşırığı aldı?

13 İkinci təbliğ səyahəti zamanı Bulus Roma əyaləti olan Qalatiyaya getdi. Orada artıq bir neçə yığıncaq fəaliyyət göstərirdi. Əvvəlcə, o, «Derbiya şəhərinə, oradan da Listraya gəldi. Bu şəhərdə Timuti adında bir şagird var idi. Onun anası İsaya iman gətirmiş yəhudi, atası isə yunan idi»b (Həv. 16:1).

14 Görünür, Bulus Timutinin ailəsi ilə ilk səyahəti zamanı, təxminən 47-ci ildə həmin yerə gələndə tanış olmuşdu. İndi, iki-üç il keçəndən sonra Bulus gənc Timutiyə xüsusi diqqət yetirdi. Axı niyə məhz ona? Çünki «qardaşlar Timuti haqqında ağızdolusu danışırdılar». O, təkcə öz yığıncağında deyil, həm də başqa şəhərdə yaşayan qardaşlar arasında yaxşı ad qazanmışdı. Müqəddəs Kitabda deyilir ki, həm Listrada, həm də oradan təxminən 30 kilometr aralıda yerləşən Konyada qardaşlar onun haqqında yüksək fikirdə idilər (Həv. 16:2). Müqəddəs ruhun rəhbərliyi altında ağsaqqallar gənc Timutiyə çox məsuliyyətli bir işi həvalə etdilər. O, səyyar xidmətçi olan Bulusla Silanı köməkçi kimi müşayiət etməli idi (Həv. 16:3).

15, 16. Timuti nəyin sayəsində yaxşı ad qazanmışdı?

15 Timutiyə belə gənc yaşında yaxşı ad qazandıran nə olmuşdu? Ağlı, yaraşığı, yoxsa qabiliyyətləri? Çox vaxt insanların diqqətini çəkən məhz bu kimi şeylər olur. Hətta İşmuil peyğəmbər də bir dəfə xarici görünüşə aldanmışdı. Amma Yehova ona xatırlatmışdı: «Allah insan kimi baxmır. İnsan zahiri görür, Allah isə ürəyi» (1 İşm. 16:7). Timutiyə dindaşları arasında yaxşı ad qazandıran onun hansısa fitri istedadı deyil, mənəvi keyfiyyətləri idi.

16 İllər sonra həvari Bulus Timutinin məsihi keyfiyyətlərindən bəziləri haqqında yazmışdı. Onun yaxşı əhval-ruhiyyəsini və fədakar məhəbbətini təsvir etmiş, teokratik tapşırıqları canla-başla yerinə yetirdiyini qeyd etmişdi (Filip. 2:20—22). Timuti həmçinin riyasız imana sahib olması ilə tanınırdı (2 Tim. 1:5).

17. Bu gün gənclər Timutidən necə nümunə götürə bilərlər?

17 Bu gün bir çox gənclər Timuti kimi Allaha məqbul keyfiyyətlərə sahib olmaq üçün cidd-cəhdlə çalışırlar. Bununla da gənc olmalarına baxmayaraq, onlar Yehovanın və insanların qarşısında yaxşı ad qazanırlar (Məs. 22:1; 1 Tim. 4:15). Onlar ikili həyat sürmür, beləcə, riyasız imana sahib olduqlarını göstərirlər (Zəb. 26:4). Bunun sayəsində, Timuti kimi bir çox gənclər yığıncağın işinə böyük töhfə verə bilirlər. Onlar xoş xəbəri yığıncaqla bir yerdə təbliğ etməyə başlayanda, həyatlarını Yehovaya həsr edib vəftiz olunanda onları tanıyan bütün bacı-qardaşlara qucaq dolusu sevinc bəxş edirlər!

«İmanda möhkəmlənir» (Həvarilərin işləri 16:4, 5)

18. a) Bulus və Timuti səyyar nəzarətçi kimi hansı xüsusi işlə məşğul idilər? b) Yığıncaqlar hansı nemətləri alırdılar?

18 Bulus və Timuti illər boyunca bir yerdə çalışdılar. Səyyar xidmətçi kimi fəaliyyət göstərən bu qardaşlar rəhbərlik şurasının müxtəlif tapşırıqlarını yerinə yetirirdilər. Müqəddəs Kitabda deyilir: «Onlar şəhərbəşəhər gəzərək şagirdlərə Yerusəlimdəki həvarilərin və ağsaqqalların qərarlarını çatdırır, bu qərarlara əməl etməyi tapşırırdılar» (Həv. 16:4). Şübhə yoxdur ki, yığıncaqlar Yerusəlimdəki həvarilərin və ağsaqqalların rəhbərliyinə riayət edirdilər. Nəticədə, «yığıncaqlar imanda möhkəmlənir və günü-gündən böyüyürdü» (Həv. 16:5).

19, 20. Nə üçün məsihilər onlara «rəhbərlik edənlərə» tabe olmalıdırlar?

19 Buna bənzər tərzdə bu gün də Yehovanın Şahidləri onlara «rəhbərlik edənlərə itaət» edirlər, beləcə, çoxlu nemətlər əldə edirlər (İbr. 13:17). Bu dünyanın səhnəsi daima dəyişdiyindən olduqca vacibdir ki, məsihilər həmişə sadiq və ağıllı nökərin təqdim etdiyi son rəhbərlik və göstərişlərə riayət etsinlər (Mət. 24:45; 1 Kor. 7:29—31). Bu, bizə həqiqətdən uzaqlaşmamağa və özümüzü dünyadan ləkəsiz saxlamağa kömək edəcək (Yaq. 1:27).

20 Düzdür, Rəhbərlik Şurasının üzvləri də Bulus, Barnəba, Mark və birinci əsrdəki digər məsh olunmuş ağsaqqallar kimi qeyri-kamildirlər (Rom. 5:12; Yaq. 3:2). Lakin həmişə Allahın Kəlamına sıx bağlı qalmaqla və həvarilərin qoyduğu nümunəni yaxından izləməklə onlar tam etibara layiq olduqlarını göstərmişlər (2 Tim. 1:13, 14). Onların bu cür sadiqliyi sayəsində yığıncaqlar imanda möhkəmlənir və ruhani cəhətdən inkişaf edir.

TİMUTİ «MÜJDƏNİN VÜSƏT ALMASINDA» CANLA-BAŞLA XİDMƏT EDİR

Timutinin həvari Bulusa çox böyük köməyi dəyirdi. Onlar təxminən 11 il çiyin-çiyinə əməkdaşlıq etdikdən sonra Bulus Timuti barədə yazmışdı: «Onun kimi can-dildən sizin qeydinizə qalacaq başqa heç kimim yoxdur... Siz Timutinin necə ad qazandığını yaxşı bilirsiniz: o, atası ilə bərabər nökərçilik edən uşaq kimi, müjdənin vüsət almasında mənimlə birlikdə canla-başla xidmət edib» (Filip. 2:20, 22). Timuti təbliğ işinin irəliləməsində əlindən gələni əsirgəmədiyi üçün Bulus onu çox istəyirdi. Onun xidmətə münasibəti bizim üçün əsl örnəkdir.

Timuti.

Timutinin atası yunan, anası isə yəhudi idi. Ehtimal olunur ki, o, Listrada böyüyüb boya-başa çatmışdı. Anası Evniki və nənəsi Lois körpəliyindən ona Müqəddəs Yazıları öyrətmişdilər (Həv. 16:1, 3; 2 Tim. 1:5; 3:14, 15). Bulus Listraya birinci dəfə gələndə Timuti anası və nənəsi ilə birlikdə məsihiliyi qəbul etmişdi.

Bir neçə ildən sonra Bulus Listraya qayıdanda təxminən 20 yaşında olan Timuti haqqında «Listra və Konya şəhərlərindəki qardaşlar... ağızdolusu danışırdılar» (Həv. 16:2). Allahın ruhu ilə bu gənc haqqında peyğəmbərliklər edilmişdi. Onlara uyğun olaraq, Bulus və yerli ağsaqqallar Timutiyə xüsusi iş tapşırdılar (1 Tim. 1:18; 4:14; 2 Tim. 1:6). O, Bulusu təbliğ səyahətində müşayiət etməli idi. Timutiyə öz ailəsindən ayrılmaq lazım gələcəkdi. Baş çəkəcəyi yəhudilərin arasında söz-söhbət yaranmasın deyə, Bulus hər ehtimala qarşı onu sünnət etdi (Həv. 16:3).

Timuti çox yerlərə səyahət etmişdi. O, Bulus və Sila ilə Filippidə, sonra təkcə Sila ilə Veriyada, daha sonra isə təkbaşına Salonikidə təbliğ etmişdi. Yenidən Korinfə Bulusun yanına gələndə Timuti ona Salonikidəki məsihilərin əzab-əziyyətlə üzləşmələrinə baxmayaraq, xüsusi məhəbbət və sədaqət göstərdikləri barədə xəbər gətirmişdi (Həv. 16:6—17:14; 1 Salon. 3:2—6). Bulus Efesdə ikən Korinfdə baş verənlər haqda eşidib narahat olanda Timutini geri, Korinfə göndərməyi münasib bildi (1 Kor. 4:17). Sonralar Bulus Timuti ilə Erastı Efesdən Makedoniyaya göndərmişdi. Amma Bulus romalılara məktub yazanda Timuti artıq onun yanına, Korinfə qayıtmışdı (Həv. 19:22; Rom. 16:21). Bütün bunlar xoş xəbər naminə Timutinin etdiyi səyahətlərdən cəmi bir neçəsidir.

Ehtimal ki, Timuti öz səlahiyyətindən tam istifadə etməyə çəkinirdi. Bunu Bulusun sözlərindən başa düşmək olur. O yazırdı: «Qoy gənc olduğuna görə heç kəs sənə saymazyana yanaşmasın» (1 Tim. 4:12). Buna baxmayaraq, Bulus Timutini tam arxayınlıqla problem yaşanan yığıncağa göndərib ona tapşırdı ki, orada «bəzilərinə yad təlimləri öyrətməyi» qadağan etsin (1 Tim. 1:3). Bulus həmçinin Timutiyə yığıncaqda nəzarətçilər və yığıncaq xidmətçiləri təyin etmək səlahiyyətini verdi (1 Tim. 5:22).

Timutinin gözəl keyfiyyətləri onu Bulusa sevdirmişdi. Müqəddəs Kitabda göstərilir ki, bu gənc sədaqətli həmkar kimi Bulusa çox yaxın idi. Onların arasında ata-bala münasibəti var idi. Bulus Timutinin göz yaşlarını xatırladığını, onu görmək istədiyini və onun üçün dua etdiyini yazırdı. Həmçinin Timuti mədəsi ilə əlaqədar «tez-tez naxoşladığına görə» Bulus ata qayğısı ilə məsləhət vermişdi (1 Tim. 5:23; 2 Tim. 1:3, 4).

Bulus Romada ilk dəfə həbsdə olanda Timuti onun yanında idi. Bir müddət Timuti özü də dustaqxanada yatmışdı (Flm. 1; İbr. 13:23). Bu iki nəfər arasındakı bağlılığı bir hadisə daha da qabarıq şəkildə göstərir. Bulus ölümünün yaxın olduğunu duyaraq Timutiyə yazmışdı: «Çalış tezliklə yanıma gələsən» (2 Tim. 4:6—9). Timutinin sevimli məsləhətçisini yenidən görmək üçün onun yanına gəlib-gəlmədiyi haqda Müqəddəs Kitabda heç nə deyilmir.

MARKA ÇOXLU İŞ HƏVALƏ OLUNUR

Markın yazdığı «Müjdə»də deyilir ki, İsa Məsihi həbs etməyə gələn adamlar «bir cavan» oğlanı da tutmağa çalışdılar, amma o, «paltarını qoyub yarıçılpaq qaçdı» (Mark 14:51, 52). Bu hadisəni yalnız Mark ləqəbli Yəhya qələmə aldığından, belə ehtimal olunur ki, həmin cavan elə onun özü olub. Əgər belədirsə, deməli, Mark İsa ilə şəxsən tanış idi.

Mark qoca kişi danışarkən dinləyir və qeydlər aparır.

Təxminən 11 il sonra, Hirod Aqrippa məsihiləri təqib edəndə Yerusəlim yığıncağının bir çox üzvləri dua etmək üçün Markın anası Məryəmin evinə yığışmışdı. Həvari Butrus möcüzəvi şəkildə həbsxanadan azad olanda məhz onların evinə gəlmişdi (Həv. 12:12). Beləliklə, ehtimal ki, Mark sonralar məsihi görüşlərinin keçirilirdiyi evdə böyüyüb boya-başa çatmışdı. Şübhə yoxdur ki, Mark İsanın ilk şagirdlərini də tanıyırdı və onlar ona yaxşı təsir göstərmişdilər.

Mark ilk məsihi yığıncağının bir çox ağsaqqalları ilə çiyin-çiyinə xidmət etmişdi. Bildiyimiz qədər, ona verilən ilk xüsusi tapşırıq qohumu Barnəba və həvari Bulusla Suriya Antakyasında birlikdə xidmət etmək oldu (Həv. 12:25). Barnəba ilə Bulus ilk təbliğ səyahətinə çıxanda Mark da onlarla əvvəlcə Kiprə, sonra Kiçik Asiyaya getdi. Naməlum səbəblərə görə oradan Yerusəlimə geri qayıtdı (Həv. 13:4, 13). Markın üstündə Bulusla Barnəba arasında düşən söz-söhbətdən sonra Markla Barnəba öz xidmətlərini Kiprdə davam etdirdilər (Həv. 15:36—39).

Amma, görünür, çox keçməmiş bu xoşagəlməz hadisə unuduldu: 60/61-ci illərdə Mark yenidən Bulusla birgə xidmət edirdi, lakin bu dəfə Romada. Həmin şəhərdə həbsdə olan Bulus Kolos yığıncağına yazmışdı: «Mənimlə birgə dustaq olan yoldaşım Aristarx sizə salam söyləyir. Barnəbanın qohumu Mark (sizə deyilmişdi ki, o, yanınıza gəlsə, onu mehribanlıqla qarşılayasınız)... sizə salam göndərir» (Kol. 4:10, 11). Beləliklə, görürük ki, Bulus Markı öz təmsilçisi kimi Romadan Kolosa göndərmək fikrində idi.

Eramızın 62—64-cü illəri arasında Mark bir müddət həvari Butrusla Babildə xidmət etmişdi. Onuncu fəsildə qeyd olunduğu kimi, onlar bir-biri ilə yaxın idilər, Butrus özündən kiçik olan Markı «oğlum» deyə çağırırdı (1 But. 5:13).

Təxminən 65-ci ildə həvari Bulus ikinci dəfə Romada həbsdə olanda Efesə, əməkdaşı Timutiyə yazmışdı: «Gələndə Markı da özünlə götürərsən, çünki xidmətdə onun mənə böyük köməyi dəyir» (2 Tim. 4:11). Şübhə yoxdur ki, Mark dərhal Efesdən Romaya gəlmişdi. Bütün bunları nəzərə alanda aydın olur ki, Barnəba, Bulus və Butrus Markı nə üçün belə yüksək qiymətləndirirdilər!

Markın layiq görüldüyü ən şərəfli iş isə Yehovadan ilham alaraq «Müjdə»ni yazması idi. Deyilənə görə, Mark məlumatın çoxunu həvari Butrusdan almışdı. Faktlar da bunu təsdiq edir, çünki Markın öz kitabında yazdığı çox şeyi yalnız canlı şahid, məsələn, Butrus bilə bilərdi. Amma deyəsən, Mark «Müjdə»ni Butrusla birgə Babildə xidmət edərkən yox, Romada qələmə almışdı. Mark çoxlu latın sözləri işlədib və qeyri-yəhudilərin başa düşməsi üçün ibrani terminlərini tərcümə edib. Buradan belə aydın olur ki, o, bu kitabı əsas etibarilə qeyri-yəhudilər üçün yazmışdı.

a «Marka çoxlu iş həvalə olunur» adlı çərçivəyə bax.

b «Timuti “müjdənin vüsət almasında” canla-başla xidmət edir» adlı çərçivəyə bax.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş