Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bt fəs. 16 s. 124—132
  • «Makedoniyaya gəl»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Makedoniyaya gəl»
  • Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Başlıqlar
  • Oxşar material
  • «Allah... bizi ora çağırır» (Həvarilərin işləri 16:6—15)
  • «Camaat bu qardaşlara qarşı qalxdı» (Həvarilərin işləri 16:16—24)
  • Dərhal vəftiz olundular (Həvarilərin işləri 16:25—34)
  • «Bizi... indi də xəlvəti qovmaq istəyirlər?» (Həvarilərin işləri 16:35—40)
  • «Allahın hər bir ağıldan üstün olan sülhü»
    Gözətçi qülləsi 2017
  • Zindan gözətçisi Məsihə iman gətirir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Bulus «Müqəddəs Yazılara əsaslanaraq söhbət apardı»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
bt fəs. 16 s. 124—132

FƏSİL 16

«Makedoniyaya gəl»

İsa Məsihin rəhbərliyinə uyğun davranan və təqiblərlə üzləşərkən sevincini itirməyən qardaşlar nemətlər alırlar

Həvarilərin işləri 16:6—40

1—3. a) Müqəddəs ruh Bulusu və onun yoldaşlarını necə istiqamətləndirdi? b) Bu fəsildə hansı hadisələri nəzərdən keçirəcəyik?

MAKEDONİYANIN Filippi şəhəri yaxınlığında axan kiçik Qanqit çayı bir çoxları üçün ibadət yerinə çevrilib. İndi də bir dəstə qadın şəhərdən çıxıb oraya yollanır. Onlar adəti üzrə çayın kənarında əyləşib İsrailin Allahına dua edirlər. Sözsüz ki, bu, Yehovanın nəzərindən qaçmır (2 Saln. 16:9; Zəb. 65:2).

2 Bu arada, Filippidən təxminən 800 kilometr şərqdə bir qrup kişi Qalatiyanın cənub şəhəri Listradan çıxıb qərbə doğru yol alır. Bir neçə gün sonra onlar romalıların saldığı yola çıxırlar. Daş döşənmiş bu yol Asiya əyalətinin ən sıx məskunlaşmış bölgəsinə, Efesə və digər şəhərlərə tərəf uzanır. Səyahətə çıxan — Bulus, Sila və Timuti oraya çatmaq arzusu ilə alışıb-yanırlar. Axı orada minlərlə insan Məsih haqqında xəbəri hələ eşitməyib. Amma səyahətə hələ başlamamış müqəddəs ruh bizə məlum olmayan tərzdə onları dayandırıb Asiyada təbliğ etməyi qadağan edir. Nə səbəbə? İsa müqəddəs ruh vasitəsilə onları başqa istiqamətə yönəltmək istəyir: onlar Kiçik Asiyanı, Egey dənizini keçərək Qanqit çayının kənarına getməlidirlər!

3 İsanın Bulusu və onun yoldaşlarını qeyri-adi şəkildə Makedoniyaya istiqamətləndirməsindən çox şey öyrənə bilərik. Buna görə də Bulusun təxminən 49-cu ildə başladığı təbliğ səyahəti zamanı baş verən bəzi hadisələri nəzərdən keçirəcəyik.

«Allah... bizi ora çağırır» (Həvarilərin işləri 16:6—15)

4, 5. a) Bulus və yoldaşları Bitiniya yaxınlığında olanda İsa nə etdi? b) Qardaşlar nə etdilər və bunun sayəsində nə əldə olundu?

4 Müqəddəs ruh Bulusa və onun yoldaşlarına Asiyaya getməyi qadağan etdikdən sonra onlar şimala, Bitiniya əyalətinə üz tutdular. Ora çatmaq üçün günlərlə seyrək məskunlaşmış Frigiya və Qalatiya bölgələri arasındakı kələ-kötür, tozlu-torpaqlı yollarla yol getməli idilər. Lakin Bitiniyaya yaxınlaşanda İsa yenidən müqəddəs ruh vasitəsilə onları dayandırdı (Həv. 16:6, 7). Yəqin qardaşlar çaşıb-qalmışdılar. Onlar bilirdilər nəyi təbliğ etməlidirlər, necə təbliğ etməlidirlər, amma harada təbliğ etməlidirlər, onu bilmirdilər. Onlar, məcazi dildə desək, Asiyaya açılan qapını döymüşdülər, lakin qapı açılmamışdı. Bitiniyaya açılan qapını döymüşdülər, amma nə xeyri. Buna baxmayaraq, Bulus açıq qapı tapana kimi rahatlaşan deyildi. Sonra qardaşlar ilk baxışdan ağlasığmaz görünən bir qərar qəbul etdilər. Onlar qərbə üz tutdular. Bir sıra şəhərlərdən yan keçib 550 kilometr yol getdikdən sonra liman şəhəri Troasa çatdılar. Bura Makedoniyaya açılan qapı idi (Həv. 16:8). Burada Bulus üçüncü qapını döydü; və budur, qapı taybatay açıldı!

5 Troasda Bulusgilə qoşulan Luka sonra baş verənlər haqda yazır: «Bulus gecə röyada gördü ki, bir makedoniyalı durub ona yalvarır: “Makedoniyaya gəl, bizə kömək et”. Bulus bu röyanı görən kimi biz Makedoniyaya yola düşdük. Belə qənaətə gəlmişdik ki, Allah müjdəni onlara çatdırmaq üçün bizi ora çağırır»a (Həv. 16:9, 10). Nəhayət, Bulusa aydın oldu ki, onlar harada təbliğ etməlidirlər. Yəqin, yolun yarısından geri qayıtmadığına görə o, indi çox sevinirdi. Qardaşlar yubanmadan gəmi ilə Makedoniyaya getdilər.

Bulus və Timuti gəminin üst göyərtəsində dayanıblar. Timuti barmağı ilə uzaqda nəsə göstərir, gəmi heyəti işləyir.

«Beləliklə, biz Troasdan dənizə çıxdıq» (Həvarilərin işləri 16:11)

6, 7. a) Bulusun səyahəti zamanı baş verənlər bizə nəyi açıqlayır? b) Bu hadisə bizi nəyə əmin edir?

6 Bu hadisədən nə öyrənə bilərik? Bir şeyə fikir ver: Bulus Asiyaya yola düşəndən sonra İsa müqəddəs ruh vasitəsilə məsələyə müdaxilə etdi. Bundan başqa, Bulus Bitiniyaya yaxınlaşandan sonra İsa onu dayandırdı və nəhayət, o, Troasa çatdıqdan sonra İsa onu Makedoniyaya göndərdi. Yığıncağın başı olan İsa bu gün bizi də eyni cür istiqamətləndirə bilər (Kol. 1:18). Məsələn, tutaq ki, sən öncül xidmətinə başlamaq və ya təbliğçilərə tələbat olan yerə köçmək istəyirsən. Lakin ola bilər, İsa sənə məqsədinə doğru müəyyən addımları atdıqdan sonra yol göstərsin. Niyə məhz sonra? Belə bir nümunə üzərində düşün: maşın yalnız hərəkət etdiyi təqdirdə sürücü onu sağa və ya sola döndərə bilər. Buna bənzər tərzdə, İsa bizə yalnız hərəkət etdiyimiz, yəni xidmətimizi genişləndirmək üçün konkret addımlar atdığımız halda istiqamət verə bilər.

7 Bəs əgər ilk cəhdlərdən məqsədimiz baş tutmursa, onda necə? Allahın ruhunun bizə yol göstərmədiyi qənaətinə gələrək ruhdan düşməliyikmi? Qətiyyən. Biz unutmamalıyıq ki, Bulusda da hər şey birinci dəfədən alınmamışdı. Buna baxmayaraq, o, açıq qapı tapana kimi təslim olmadı. Əmin ola bilərik ki, ruhdan düşməyib məqsədimizə doğru irəliləsək, əvvəl-axır bizim də qarşımızda «böyük fəaliyyət qapısı» açılacaq (1 Kor. 16:9).

8. a) Filippi şəhəri nə ilə səciyyələnirdi? b) Bulusun dua yerində təbliğ etməsi hansı gözəl bəhrəni gətirdi?

8 Makedoniyaya çatdıqdan sonra Bulus yoldaşları ilə birgə Filippiyə getdi. Oranın sakinləri Roma vətəndaşı olmaları ilə fəxr edirdilər. Şəhərdə istefaya çıxan Roma zabitləri yaşayırdı. Onlar üçün Filippi sanki kiçik İtaliya, Makedoniyada salınmış kiçik Roma şəhəri idi. Dua yerini axtaran şövqlü müjdəçilər şəhər darvazalarından kənara, çay qırağına gələndə başa düşdülər ki, axtardıqları yer buradırb. Onlar şənbə günü həmin yerə getdilər və Allaha ibadət etmək üçün orada toplaşan qadınlara rast gəldilər. Qardaşlar əyləşib onlarla söhbətə başladılar. Lidiya adlı bir qadın onları diqqətlə dinləyirdi. «Yehova onun ürəyini açdı». Eşitdikləri Lidiyaya elə dərin təsir bağışladı ki, o, evindəkilərlə birlikdə vəftiz oldu. Sonra Lidiya yalvar-yaxar edib Bulusu və onun yoldaşlarını evinə qonaq apardıc (Həv. 16:13—15).

9. Bu gün bir çoxları Bulus kimi nə edirlər və bu onlara hansı nemətləri gətirir?

9 Təsəvvür et, Lidiyanın vəftiz olması necə böyük sevincə səbəb oldu! Şübhəsiz, «Makedoniyaya gəl» dəvətini qəbul etdiyinə və bu mömin qadınların dualarına cavab vermək üçün Yehovanın onu və yoldaşlarını seçdiyinə görə Bulusun sevincinin həddi-hüdudu yox idi. Bu gün də bir çox bacı-qardaşlar, həm gənclər, həm yaşlılar, həm subaylar, həm də evlilər Padşahlığın təbliğçilərinin az olduğu ərazilərə köçür. Düzdür, bu, çətinliklərsiz ötüşmür. Lakin onlar Lidiya kimi həqiqəti qəbul edən səmimi insanları tapanda bütün problemlər yaddan çıxır. Bəs sən təbliğçilərə tələbat olan yerə köçmək üçün nə isə edə bilərsənmi? Bunun mükafatı böyük olacaq! Məsələn, iyirmi yaşlarında olan Eron adlı bir qardaş Mərkəzi Amerika ölkələrindən birinə köçmüşdü. O, hisslərini bölüşür: «Başqa ölkədə xidmət etmək mənə ruhani cəhətdən yetkinləşməyə kömək etdi və Yehovaya daha da yaxınlaşdırdı. Təbliğ xidmətinə isə söz yoxdur: düz səkkiz nəfərlə Müqəddəs Kitabı öyrənirəm!» Əslində, onun sözlərində çoxlarının hissləri əks olunur.

İki bacı bir qadına küçədə təbliğ edir. Bir qadın onların nə danışdığını öyrənmək üçün baxır.

Biz «Makedoniyaya gəl» çağırışına necə hay verə bilərik?

«Camaat bu qardaşlara qarşı qalxdı» (Həvarilərin işləri 16:16—24)

10. Vəziyyəti Bulusgilə qarşı çevirmək üçün cinlər nə etdi?

10 Şeytan, sözsüz ki, bərk qəzəbli idi. Axı onun və cinlərinin at oynatdığı yerlərdə xoş xəbər indi kök salmağa başlamışdı. Buna görə də, şübhə yoxdur ki, vəziyyətin Bulusgilə qarşı çevrilməsində onların barmağı var idi. Bir dəfə qardaşlar dua yerinə gedəndə falçılıqla ağalarına çoxlu gəlir gətirən cinə tutulmuş qulluqçu qız onların dalınca düşüb qışqırırdı: «Bunlar Allah-Taalanın qullarıdır, sizə xilas yolunu bildirirlər». Ola bilsin, cin qıza bu sözləri ona görə dedizdirirdi ki, hamı Bulusun təlimləri ilə qızın etdiyi falçılığın bir mənbədən gəldiyini fikirləşsin. Beləliklə də, camaatın diqqəti Məsihin davamçılarından yayınacaqdı. Lakin Bulusun əmri ilə cin qızdan çıxdı və qız daha heç nə demədi (Həv. 16:16—18).

11. Cin qızdan çıxdıqdan sonra Bulus və Sila ilə nə baş verdi?

11 Qarabaşın ağaları gəlib görəndə ki, gəlir mənbəyi əllərindən çıxıb, hirs başlarına vurdu. Onlar Bulus və Silanı bazar meydanına gətirdilər. Burada Roma hökumətinin nümayəndələri olan məmurlar məhkəmə qururdular. Hakimlərin vətənpərvərlik və millətçilik hisslərini qızışdırmaq üçün onlar mahiyyət etibarı ilə belə dedilər: «Bu yəhudilər şəhərimizin asayişini pozur, öz adət-ənənələrini təbliğ edirlər». Onların sözləri dərhal öz təsirini göstərdi. Bazar meydanındakı «bütün camaat bu qardaşlara qarşı qalxdı» və məmurlar «onları dəyənəklə döyməyi əmr etdilər». Bundan sonra Bulus və Silanı sürüyüb dustaqxanaya atdılar. Dustaqxana gözətçisi yaralı qardaşları dustaqxananın daxili bölməsinə saldı və ayaqlarına kündə vurdu (Həv. 16:19—24). Qapı bağlananda içəriyə elə zülmət qaranlıq çökdü ki, göz-gözü görmürdü. Amma Yehova hər şeyi görürdü (Zəb. 139:12).

12. a) Məsihin şagirdləri təqiblərə necə yanaşır və nə üçün? b) Şeytan və onun tərəfdarları hansı üsullara əl ataraq məsihiləri təqib edir?

12 İllər əvvəl İsa Məsih şagirdlərinə demişdi: «Sizi… təqib edəcəklər» (Yəh. 15:20). Buna görə də Bulusgil Makedoniyaya gələndə təqiblərlə qarşılaşmağa hazır idilər. Gözlədikləri doğrulanda isə qardaşlar Yehovanın onlardan üz döndərdiyini fikirləşmədilər. Onlar başa düşürdülər ki, belə etməklə Şeytan öz qəzəbini onların üstünə tökür. Bu gün Şeytanın əlaltıları Filippidəki kimi eyni üsullara əl atırlar. Bizə düşmən kəsilən adamlar işdə, məktəbdə yalan məlumatlar yayaraq insanları bizə qarşı təhrik edirlər. Bəzi ölkələrdə din rəhbərləri məhkəmədə bizi ittiham edərək deyirlər: «Yehovanın Şahidləri dinimizə zidd gedən, xalqımıza yaraşmayan ənənələri təbliğ edir, bununla da asayişi pozurlar». Elə də olur ki, dindaşlarımız döyülür və həbsxanaya atılır. Amma bunların heç biri Yehovanın gözündən yayınmır (1 But. 3:12).

Dərhal vəftiz olundular (Həvarilərin işləri 16:25—34)

13. Dustaqxana gözətçisini: «Cənablar, mən nə edim ki, xilas olum?» — deyə soruşmağa nə vadar etdi?

13 Bulus ilə Silaya keçirdikləri sarsıntıdan sonra özlərinə gəlmək üçün vaxt lazım idi. Lakin çox keçməmiş, gecə yarısı onlar artıq «dua edib mahnı oxuyur, Allahı tərənnüm edirdilər». Qəflətən zəlzələ baş verdi, dustaqxana sanki yerindən oynadı. Dustaqxana gözətçisi oyanıb qapıların açıq olduğunu görəndə elə bildi ki, dustaqlar qaçıblar. Buna görə cəzalanacağını bildiyi üçün «qılıncını çıxarıb özünü öldürmək istədi». Bu an Bulus: «Canına qıyma, hamımız buradayıq!» — deyə qışqırdı. Çaşbaş qalan dustaqxana gözətçisi soruşdu: «Cənablar, mən nə edim ki, xilas olum?» Nə Bulus, nə də Sila onu xilas etmək iqtidarında deyildi; bu adamın qurtuluşu yalnız İsanın əlində idi. Qardaşlar belə cavab verdi: «Ağa İsaya iman et, onda sən də, evindəkilər də xilas olacaqsınız» (Həv. 16:25—31).

14. a) Bulus və Sila dustaqxana gözətçisinə nədə kömək etdilər? b) Təqiblər zamanı ruhdan düşmədikləri üçün Bulusla Sila hansı mükafatı aldı?

14 Dustaq xana gözətçisi bu sualı səmimi-qəlbdənmi vermişdi? Bulus onun səmimiyyətinə şübhə etmirdi. Bu kişi yəhudi olmadığına görə Müqəddəs Yazılarla tanış deyildi. Məsihi olmaq üçün o, Allahın Kəlamındakı əsas həqiqətləri öyrənib qəbul etməli idi. Buna görə «Bulusla Sila Yehovanın sözünü ona... danışdılar». Qardaşlar Müqəddəs Yazıları elə həvəslə başa salırdılar ki, aldıqları zərbələrin ağrısını hiss etmirdilər. Gözətçi isə onların kürəyində açılmış dərin yaraları görəndə qardaşları evinə aparıb yaralarını yudu. Sonra o, evindəkilərlə birlikdə «dərhal vəftiz olundu». Bəli, Bulus və Silanın təqiblər zamanı ruhdan düşməməsinin mükafatı böyük oldu! (Həv. 16:32—34).

15. a) Bu gün bəzi məsihilər Bulusla Silanın nümunəsini necə izləyirlər? b) Sahəmizdə yaşayan insanlara nəyə görə təkrar-təkrar getməliyik?

15 Müasir dövrdə də bəzi məsihilər imanları uğrunda həbsxanada yatarkən Bulus və Sila kimi xoş xəbəri təbliğ edib gözəl nəticələr əldə etmişlər. Məsələn, bir vaxtlar fəaliyyətimizin qadağan olunduğu ölkədə Yehovanın Şahidlərinin qırx faizini həqiqəti həbsxanada öyrənənlər təşkil edirdi (Əşy. 54:17). Bunu da qeyd etmək lazımdır ki, dustaqxana gözətçisi yalnız zəlzələ baş verəndən sonra qardaşlardan kömək istədi. Bu gün də bənzər hallar baş verə bilər. Padşahlıq xəbərinə heç cür hay verməyən insanlardan bəziləri sarsıdıcı hadisə ilə üzləşəndən sonra həqiqəti qəbul edə bilərlər. Buna görə də sahəmizdə yaşayan insanların yanına dəfələrlə getsək, lazım olan vaxtda yanlarında olub onlara kömək edə bilərik.

«Bizi... indi də xəlvəti qovmaq istəyirlər?» (Həvarilərin işləri 16:35—40)

16.  Bulusla Silanın döyüldüyü günün səhərisi vəziyyət necə dəyişildi?

16 Döyüldükləri günün səhərisi məmurlar əmr etdilər ki, Bulusla Silanı azad etsinlər. Ancaq Bulus dedi: «Sən bir bunlara bax! Bizi, Roma vətəndaşlarını məhkəməsiz-filansız camaatın qabağında döyüb zindana atıblar, indi də xəlvəti qovmaq istəyirlər? Yox! Qoy özləri gəlib bizi buradan çıxartsınlar!» Bulusgilin Roma vətəndaşı olduğunu biləndə məmurlar «bərk qorxdular», çünki onların hüquqlarını pozmuşdulard. Vəziyyət kökündən dəyişdi. Şagirdlər camaatın gözü qarşısında döyülmüşdü, indi hamının gözü qarşısında da məmurlar onlardan üzr istəməli idilər. Onlar Bulusla Silaya yalvardılar ki, Filippidən çıxıb getsinlər. Qardaşlar razılaşdılar, lakin getməzdən əvvəl sayı get-gedə artan yeni şagirdlərlə bir qədər vaxt keçirib onları ruhlandırdılar.

17. Bulusla Silanın dözüm nümunəsindən yeni şagirdlər hansı vacib şeyi öyrənə bilərdilər?

17 Əgər qardaşlar Roma vətəndaşları kimi malik olduqları hüquqlara hörmət edilməsini lap əvvəldən tələb etsəydilər, yəqin heç döyülməyəcəkdilər (Həv. 22:25, 26). Ancaq belə olan halda Filippidəki şagirdlərdə elə təəssürat oyanacaqdı ki, xoş xəbərin şövqlü təbliğçiləri öz mövqelərindən istifadə edib Məsih uğrunda əzab çəkməkdən qaçınırlar. Bu, Roma vətəndaşı olmayan şagirdlərin imanına necə təsir edərdi? Axı qanun onları döyülməkdən müdafiə etmirdi. Buna görə də cəzaya boyun əyməklə Bulus və Sila yeni şagirdlərə göstərdilər ki, Məsihin davamçısı təqiblərə qatlaşaraq imanda möhkəm qala bilər. Sonradan isə vətəndaş hüquqlarının tanınmasını tələb etməklə Bulusla Sila məmurların qanun pozuntusuna yol verdiyini hamıya aşkar etdilər. Bu da öz növbəsində məmurları gələcəkdə Bulusun dindaşları ilə pis davranmaqdan çəkindirə bilərdi. Həmçinin qardaşları bu kimi hücumlara qarşı müəyyən dərəcədə qanuni müdafiə ilə təmin edə bilərdi.

18. a) Müasir dövrdə məsihi ağsaqqallar Bulusdan necə nümunə götürürlər? b) «Müjdənin müdafiəsində və qanuni tanınmasında» biz nə edirik?

18 Bu gün də nəzarətçilər necə davranmağa dair məsihi yığıncağına nümunə verirlər. Məsihi ağsaqqallar başqalarından gözlədikləri şeyləri, birinci növbədə özləri edirlər. Bulus kimi, biz də öz hüquqlarımızdan necə və nə vaxt istifadə etməyi yüz ölçüb bir biçirik. Lazım gələndə sərbəst ibadət edə bilmək üçün müxtəlif instansiyalı ölkədaxili və hətta beynəlxalq məhkəmələrə də müraciət edirik. Bizim məqsədimiz ictimai islahat aparmaq yox, Bulusun dediyi kimi, müjdənin müdafiəsinə və qanuni tanınmasına nail olmaqdır. Yeri gəlmişkən, o, bu sözləri Filippidəki həbsindən təxminən on il sonra oradakı yığıncağa yazmışdı (Filip. 1:7). Bununla belə, məhkəmələrin çıxardığı qərardan asılı olmayaraq, biz Bulusun və onun yoldaşlarının nümunəsini izləyir və xoş xəbəri Allahın ruhunun bizi yönəltdiyi hər yerdə təbliğ etməyə davam edirik (Həv. 16:10).

«HƏVARİLƏRİN İŞLƏRİ» KİTABININ YAZARI LUKA

On altıncı fəslin 9-cu ayəsinə kimi «Həvarilərin işləri» kitabı sırf üçüncü şəxsdə nəql edilir. Yazar yalnız başqalarının dediklərini və etdiklərini yazır. Həvarilərin işləri 16:10, 11 ayələrində isə nəql üslubu dəyişilir. Məsələn, 11-ci ayədə yazar deyir: «Biz Troasdan dənizə çıxdıq və düz Samotrakiyaya üzdük». Kitabı yazan Luka məhz bu zamandan etibarən hadisələrdə iştirak etməyə başlayır. «Həvarilərin işləri» kitabında Lukanın adı bir dəfə də olsun çəkilmir. Belə isə haradan bilirik ki, bu kitabı məhz o yazıb?

Luka stulda əyləşib tumar yazır.

Bunu «Həvarilərin işləri» kitabının və Lukanın yazdığı «Müjdə»nin ilk sözlərinə əsasən demək olar. Hər iki kitab «Teofil»ə müraciətlə başlayır (Luka 1:1, 3; Həv. 1:1). «Həvarilərin işləri» kitabının ilk ayələrində oxuyuruq: «Ey Teofil! Birinci hekayətdə İsanın göyə alındığı günədək gördüyü bütün işləri və təlimləri yazmışdım». Mötəbər qədim mənbələrə əsasən, birinci hekayəti, yəni «Müjdə»ni məhz Luka yazmışdı. Deməli, «Həvarilərin işləri» kitabını da o yazmışdı.

Biz Luka haqqında elə də çox şey bilmirik. Müqəddəs Kitabda onun adına cəmi üç dəfə rast gəlinir. Həvari Bulus Lukanı «sevimli həkim qardaşımız» və əməkdaş adlandırır (Kol. 4:14; Flm. 24). «Həvarilərin işləri» kitabının «biz» deyə nəql edilən hissələrindən, yəni Lukanın özünü də əhvalata daxil etdiyi parçalardan aydın olur ki, əvvəlcə, o, Bulusla təxminən 50-ci ildə Troasdan Filippiyə qədər səyahət etmişdi. Lakin Bulus Filippidən gedəndə Luka artıq onunla deyildi. Təxminən 56-cı ildə bu iki qardaş yenidən Filippidə görüşdü və yeddi nəfər başqa qardaşla Yerusəlimə yola düşdü. Yerusəlimdə Bulus həbs olundu. İki il sonra Luka hələ də qolları qandallı olan Bulusu Qeysəriyyədən Romaya gedərkən müşayiət etdi (Həv. 16:10—17, 40; 20:5—21:17; 24:27; 27:1—28:16). İkinci dəfə Romada həbsdə olan Bulus yaxın vaxtlarda edam olunacağını hiss etdiyini yazanda «təkcə Luka» onun yanında idi (2 Tim. 4:6, 11). Aydındır ki, Luka xoş xəbər naminə böyük məsafələr qət edib hər cür əziyyətə qatlaşmağa hazır idi.

Luka İsa haqqında yazdıqlarının canlı şahidi olduğunu iddia etmirdi. Əksinə, o deyirdi ki, hadisələri «onların şahidi olmuş» adamların danışdıqları əsasında təsvir edir. Bundan başqa, olanları «ardıcıllıqla yazmaq» üçün «hər şeyi lap başdan dəqiqliklə» araşdırmışdı (Luka 1:1—3). Lukanın ərsəyə gətirdiyi işdən onun dərin tədqiqatçılıq qabiliyyətinə malik olduğu aydın görünür. Ola bilsin, kitabına daxil etdiyi məlumatları toplamaq üçün o, İlsəba, İsanın anası Məryəm və başqaları ilə söhbət etmişdi. Təsvir etdiyi hadisələrin bir çoxuna yalnız onun yazdığı «Müjdə»də rast gəlmək olar (Luka 1:5—80).

Bulus Lukanın həkim olduğunu demişdi. Doğrudan da, onun yazdıqlarından həkimə xas bir xüsusiyyət, xəstələrlə maraqlandığı hiss olunur. Məsələn, Luka qələmə aldığı hekayətdə növbəti məqamları qeyd etmişdi: İsa içinə cin girmiş kişini sağaldanda cin heç bir «xətər yetirmədən ondan» çıxmışdı; həvari Butrusun qayınanası «qızdırma içində yatırdı»; İsanın şəfa verdiyi bir qadın «düz on səkkiz il idi ki, naxoş idi. Onun beli tamam bükülmüşdü və dikəlmirdi» (Luka 4:35, 38; 13:11).

Luka Rəbbin işini həyatında birinci yerə qoyurdu (1 Kor. 15:58). Onun həyatda məqsədi məşhur həkim olmaq, cəmiyyətdə yüksək mövqe qazanmaq yox, insanlara Yehovanı tanımağa və Onun xidmətçisi olmağa kömək etmək idi.

BƏNÖVŞƏYİ PARÇA SATAN LİDİYA

Lidiya Makedoniyanın əsas şəhərlərindən biri olan Filippidə yaşayırdı. O, əslən Kiçik Asiyanın qərbindəki Lidiya bölgəsində yerləşən Tiatira şəhərindən idi. İşi ilə əlaqədar Lidiya Egey dənizinin o biri sahilinə köçmüşdü. Ehtimal ki, o, bənövşəyi rəngli müxtəlif mallar — palaz, örtük, qumaş parça, boya alıb-satırdı. Filippidə tapılan kitabə həmin şəhərdə bənövşəyi rəngli mal tacirlərinin gildiyasının (yəni ittifaqının) fəaliyyət göstərdiyini təsdiq edir.

Lidiya parçanı göstərir.

Müqəddəs Kitabda Lidiya «mömin bir qadın» kimi təsvir edilir. Bundan belə nəticəyə gəlmək olar ki, o, yəhudi yox, prozelit idi (Həv. 16:14). Ola bilsin, o, Yehovaya ibadətlə doğulduğu şəhərdə tanış olmuşdu. Filippidən fərqli olaraq, Tiatirada yəhudi sinaqoqu var idi. Bəzilərinin fikrincə, Lidiya onun əsl adı deyil, Filippidə ona verilən ləqəb idi və mənası «Lidiyalı qadın» demək idi. Lakin yazılı sübutlar var ki, Lidiya şəxs adı kimi də işlənirdi.

Lidiyada və ətraf bölgələrdə yaşayanlar Homerin günlərindən, yəni b. e. ə. IX və ya VIII əsrdən müxtəlif məmulatları bənövşəyi rəngə boyamaq bacarıqları ilə ad qazanmışdılar. Belə hesab olunurdu ki, «ən davamlı və ən parlaq boya» Tiatiranın suyu ilə hazırlanır.

Bənövşəyi rəngli məmulatlar çox baha olduğundan onları yalnız varlılar ala bilirdilər. Bənövşəyi boyanı müxtəlif üsullarla əldə etmək mümkün idi, lakin ən yaxşı və ən bahalı boya Aralıq dənizi molyusklarından alınırdı. Ondan nazik kətan parçaları rəngləmək üçün istifadə edirdilər. Bir molyuskdan cüzi miqdarda boya alınırdı. Bir qram bənövşəyi boya əldə etmək üçün isə təxminən 8000 molyusk lazım gəlirdi. Buna görə də bənövşəyi rəngli paltar çox baha olurdu.

Bu ticarətlə məşğul olmaq üçün xeyli maya tələb olunurdu. Həmçinin hekayətdə deyilir ki, Lidiya dörd nəfəri — Bulusu, Silanı, Timutini və Lukanı qonaq saxlamışdı. Deməli, onun kifayət qədər böyük evi var idi. Bundan görünür ki, Lidiyanın işi yaxşı gedirdi və o, imkanlı qadın idi. Ayədə işlədilən «evindəkilər» sözündən belə başa düşmək olar ki, o, qohumları ilə yaşayırdı, eyni zamanda bu həm də onun qullarının və xidmətçilərinin olduğunu da bildirə bilər (Həv. 16:15). Şəhərdən çıxıb getməzdən əvvəl Bulusla Silanın qardaşlarla bu qonaqpərvər qadının evində görüşməsindən belə nəticəyə gəlmək olar ki, burada Filippidəki ilk məsihilərin görüşləri keçirilirdi (Həv. 16:40).

Təxminən on il sonra Bulus Filippidəki yığıncağa məktub yazanda Lidiyanın adını çəkməmişdi. Beləliklə, bizə Lidiya haqqında «Həvarilərin işləri» kitabının 16-cı fəslində yazılanlardan başqa heç nə məlum deyil.

a «“Həvarilərin işləri” kitabının yazarı Luka» adlı çərçivəyə bax.

b Ola bilsin, Filippidə keçmiş hərbçilər yaşadığından yəhudilərə orada sinaqoq tikməyə icazə verilməmişdi. Yaxud bəlkə də, şəhərdə on yəhudi kişi yox idi, çünki sinaqoq təsis etmək üçün ən azı on nəfər kişi olmalı idi.

c «Bənövşəyi parça satan Lidiya» adlı çərçivəyə bax.

d Roma qanununa əsasən, hər vətəndaş işinin məhkəmədə araşdırılması hüququna malik idi və hökm çıxarılmadan onu camaat qarşısında cəzalandırmaq olmazdı.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş