Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/3 s. 10—14
  • İnsanlara «yuxudan» oyanmağa kömək et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnsanlara «yuxudan» oyanmağa kömək et
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • RUHANİ YUXU NƏDİR?
  • İLK NÖVBƏDƏ, ÖZÜMÜZ OYAQ OLMALIYIQ
  • XİDMƏTİMİZİ VACİB EDƏN AMİLLƏR
  • DİQQƏTCİL OL
  • ŞƏXSİ MARAQ GÖSTƏR
  • MÜLAYİMLİK VƏ MƏHARƏT
  • QOHUMLARIMIZI EHMALCA OYADIRIQ
  • Daha çox yatmaq üçün nə edə bilərəm?
    Gənclərin sualları
  • Qohumlarımıza necə təbliğ edə bilərik?
    Müqəddəs ibadətimiz 2004
  • Söhbət etməyi öyrən
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Gözətçi qülləsi 2012
w12 15/3 s. 10—14

İnsanlara «yuxudan» oyanmağa kömək et

«Hansı zəmanədə yaşadığımızı və artıq yuxudan oyanmağın vaxtı gəldiyini bilirsiniz» (ROM. 13:11).

İZAH EDƏ BİLƏRSƏNMİ?

Nəyə görə məsihçilərin ruhən oyaq qalmaları vacibdir?

Nəyə görə ayıq-sayıq təbliğçilər xidmətdə qulaq asmalı və diqqətcil olmalıdırlar?

Mehribanlıq və mülayimlik xidmətdə hansı rol oynayır?

1, 2. İnsanların çoxuna hansı mənada oyanmaq lazımdır?

HƏR İL minlərlə insanlar sükan arxasında mürgüləmələri, hətta yuxuya getmələri ucbatından həyatla vidalaşırlar. Başqaları isə səhər yatıb qaldıqları, yaxud işdə yatdıqları üçün işlərini itirirlər. Ancaq ruhani yuxuya gedənlərin aqibəti bundan da betər ola bilər. Buna görə bu vacib məsələ ilə əlaqədar Müqəddəs Kitabda deyilir: «Oyaq [qalan]... xoşbəxtdir» (Vəhy 16:14—16).

2 Yehovanın böyük günü yaxınlaşdığı bir vaxtda bəşəriyyət, ümumi götürdükdə, ruhani mənada yuxuya qərq olub. Hətta Xristian aləminin bəzi rəhbərləri onların dininə aid olan insanları «yuxulayan nəhənglər» adlandırmışlar. Bəs ruhani yuxu nədir? Nəyə görə həqiqi məsihçilər üçün oyaq qalmaq həyati vacib məsələdir? Biz belə yuxuya gedənləri necə oyada bilərik?

RUHANİ YUXU NƏDİR?

3. Ruhani mənada yatan insanı necə təsvir edərdin?

3 Adətən, hərfi mənada yatan insan fəaliyyətsiz olur. Ruhani mənada yatan insan isə çox məşğul ola bilər, amma onun gördüyü işlərin ruhani məsələlərə heç bir aidiyyəti yoxdur. Belə insanların fikri-zikri yalnız gündəlik qayğılarda olur, yaxud onlar kef, şan-şöhrət və ya var-dövlət dalınca qaçırlar. Başları bu kimi işlərə qarışdığı üçün onlar ruhani ehtiyacları barədə, demək olar ki, düşünmürlər. Onlardan fərqli olaraq, ruhən oyaq olan insanlar «axır günlərdə» yaşadıqlarını dərk edirlər və buna görə də Allahın niyyətini yerinə yetirməkdə olduqca fəaldırlar (2 Pet. 3:3, 4; Luka 21:34—36).

4. «Gəlin başqaları kimi yatmayaq» məsləhətinin məğzi nədir?

4 1 Salonikililərə 5:4—8 ayələrini oxu. Bu ayələrdə həvari Pavel həmimanlılarını «başqaları kimi» yatmamağa çağırır. Bununla o, nə demək istəyirdi? Əgər biz Allahın əxlaq normalarına əhəmiyyət vermiriksə və ya allahsız insanları məhv etmək üçün Yehovanın təyin etdiyi vaxtın yaxınlaşdığına məhəl qoymuruqsa, deməli, ruhən yatmışıq. Biz Allahı saymayan insanların hərəkət və düşüncə tərzinin təsiri altına düşüb-düşmədiyimizi yoxlamalıyıq.

5. Ruhani yuxuya gedənlərə hansı əhval-ruhiyyə xasdır?

5 Bəzi insanlar düşünürlər ki, onları məsuliyyətə cəlb edəcək Allah mövcud deyil (Məz. 53:1). Başqaları Allahın insanlarla maraqlanmadığını və buna görə də Onunla maraqlanmağa heç bir səbəb olmadığını düşünürlər. Elə insanlar da var ki, ilin müəyyən aylarında dini ayinləri icra etmələrinin onlara Allahın lütfünü qazanmağa kömək edəcəyini fikirləşirlər. Belə insanların hamısı ruhən yatıb. Onları oyatmaq lazımdır. Bizim onlara hansı köməyimiz dəyə bilər?

İLK NÖVBƏDƏ, ÖZÜMÜZ OYAQ OLMALIYIQ

6. Nəyə görə məsihçilər ruhani cəhətdən oyaq qalmağa səy göstərməlidirlər?

6 Başqalarını oyatmaq üçün ilk əvvəl özümüz oyaq olmalıyıq. Bunu necə etmək olar? Allahın Kəlamında ruhani yuxuya gedənlərin «zülmətin əməllərini» icra etdikləri deyilir. Bu əməllərə sərxoşluq, qeyri-qanuni cinsi əlaqə, pozğun davranış, ixtilaf və paxıllıq daxildir. (Romalılara 13:11—14 ayələrini oxu.) Bu cür davranış tərzindən qaçınmaq çətin ola bilər. Ayıq-sayıq olmaq olduqca vacibdir. Sükan arxasında yuxuya getməyin nə qədər təhlükəli olduğuna məhəl qoymayan sürücü həyatını riskə atır. Ruhani mənada da yuxuya getmək ölümcül ola bilər. Məsihçinin bunu dərk etməsi necə də vacibdir!

7. İnsanların səhv baxışları bizə necə təsir edə bilər?

7 Məsələn, məsihçi düşünə bilər ki, təbliğ etdiyi ərazidə insanların hamısı xoş xəbəri birdəfəlik rədd edib (Sül. məs. 6:10, 11). Ola bilsin, o, belə deyir: «Əgər heç kəs xoş xəbərə hay verməyəcəksə, onda insanlara baş çəkməkdə və ya kömək etməkdə canfəşanlıq göstərmək nəyə lazımdır?» Düzdür, çoxları bu gün ruhani cəhətdən bərk yatırlar. Lakin onların şərait və nöqteyi-nəzəri dəyişə bilər. Həqiqətən də, bəziləri ruhani yuxudan oyanıb xoş xəbəri qəbul edirlər. Əgər Padşahlıq haqda xəbəri maraqlı şəkildə təqdim etmək üçün yeni üsullar axtarırıqsa, deməli, biz ruhən oyağıq və başqalarına kömək edə bilərik. Oyaq qalmaq üçün biz həm də xidmətimizin nəyə görə vacib olduğunu özümüzə xatırlatmalıyıq.

XİDMƏTİMİZİ VACİB EDƏN AMİLLƏR

8. Nəyə görə təbliğ xidməti həyati vacibdir?

8 Yadda saxla ki, insanların xoş xəbərə hal-hazırkı münasibətindən asılı olmayaraq, təbliğ işimiz Yehovanı şərəfləndirir və Onun niyyətinin yerinə yetməsinə xidmət edir. Xoş xəbərə itaət etməyənlər tezliklə hökmə düçar olacaqlar və buna əsas onların bizim təbliğimizə necə hay vermələri olacaq (2 Salon. 1:8, 9). Üstəlik, bəziləri düşünürlər ki, həm salehlərin, həm də qeyri-salehlərin dirilməsi olacağı üçün xidmətdə səy göstərməyə dəyməz. Lakin bu, səhv fikirdir (Həv. iş. 24:15). Allahın Kəlamından bilirik ki, İsanın «keçi» adlandıracağı kəslər «əbədilik məhv ediləcəklər». Bizim təbliğ işimiz Allahın mərhəmətinin təzahürüdür, çünki bunun sayəsində insanların dəyişilib «əbədi həyata» qovuşmaq imkanı var (Mat. 25:32, 41, 46; Rom. 10:13—15). Əgər təbliğ etməsək, insanlar həyatlarını xilas edə biləcək xəbəri necə eşidəcəklər?

9. Xoş xəbərin təbliğində iştirak etmək sənə və başqalarına hansı faydanı gətirir?

9 Xoş xəbəri təbliğ etmək özümüzə də fayda gətirir. (1 Timoteyə 4:16 ayəsini oxu.) Yəqin, razılaşacaqsan ki, malik olduğun ümid və Yehova barədə danışmaq sənin imanını və Allaha olan məhəbbətini möhkəmləndirib. Məgər xidmət sənə məsihçi xüsusiyyətlərini inkişaf etdirməyə kömək etməyib? Yaxud Allaha sadiq olduğunu təbliğ vasitəsilə göstərmək sənin sevincini artırmır? Başqalarına həqiqəti öyrətmək şərəfinə layiq görülənlərin çoxuna Allahın müqəddəs ruhunun bu insanlara həyat tərzlərini yaxşılığa doğru dəyişməyə necə kömək etdiyini görmək sevinci nəsib olub.

DİQQƏTCİL OL

10, 11. a) İsanın və Pavelin xidmətdə ayıq-sayıq və diqqətcil olduğu nədən görünür? b) Ayıq-sayıq və diqqətcil olmaq xidmətimizi necə yaxşılaşdıra bilər? Nümunə çək.

10 İnsanların xoş xəbərə marağını müxtəlif cür oyatmaq olar. Bunun üçün biz xidmətdə diqqətcil olmalıyıq. Bu sahədə İsa bizə gözəl nümunə qoyub. O, kamil olduğu üçün fəriseyin ürəyində ona acıqlandığını, günahlı qadının səmimi-qəlbdən tövbə etdiyini və dul qadının fədakarlığını görmüşdü (Luka 7:37—50; 21:1—4). İsa onların hər birinin ruhani tələbatını bildiyi üçün onlara kömək etməyə qadir idi. Ancaq bu, o demək deyil ki, Allahın xidmətçisi diqqətcil olmaq üçün kamil olmalıdır. Bunu həvari Pavelin nümunəsindən görürük. O, təqdimələrini müxtəlif qrup və fərqli baxışları olan insanlara uyğunlaşdırırdı (Həv. iş. 17:22, 23, 34; 1 Kor. 9:19—23).

11 Əgər biz də İsa və Pavel kimi ayıq-sayıq və diqqətcil olsaq, xidmətdə qarşılaşdığımız insanların marağını oyatmağın ən yaxşı üsulunu biləcəyik. Məsələn, insanların mədəniyyətindən, maraq və ya ailə vəziyyətindən xəbər verən əlamətlərə diqqət yetir. Ola bilsin, sən onların həmin vaxt nə işlə məşğul olduğunu görüb nəzakətlə buna toxunaraq söhbətə başlaya bildin.

12. Təbliğ zamanı əməkdaşımızla söhbət etməklə əlaqədar nəyi yadda saxlamalıyıq?

12 Ayıq-sayıq və diqqətcil təbliğçi xidmət zamanı nəyinsə onun diqqətini yayındırmasına yol vermir. Düzdür, təbliğ zamanı əməkdaşımızla söhbət etmək ruhlandırıcı ola bilər. Lakin biz yadda saxlamalıyıq ki, xidmətə çıxmağımızın məqsədi başqalarına təbliğ etməkdir (Vaiz 3:1, 7). Buna görə də biz diqqətli olmalıyıq ki, bir qapıdan o biri qapıya keçəndə söhbətimiz xidmətimizə maneçilik törətməsin. Maraqlanan insanla bölüşmək istədiyimiz fikirləri aramızda müzakirə etmək diqqətimizi məqsədimizdə saxlamağa kömək edən yaxşı üsullardan biridir. Bundan əlavə, mobil telefonların xidmətimizə bəzən faydası dəysə də, biz çalışmalıyıq ki, zənglər ev sahibi ilə söhbətimizi kəsməsin.

ŞƏXSİ MARAQ GÖSTƏR

13, 14. a) İnsan üçün nəyin maraqlı olduğunu necə öyrənmək olar? b) İnsanların ruhani şeylərə marağını nə oyada bilər?

13 Oyaq və ayıq-sayıq təbliğçilər həmsöhbətlərinə diqqətlə qulaq asırlar. Sahəndə yaşayan insanın öz fikirlərini ifadə etməsi üçün hansı sualları verə bilərdin? Bəlkə, onu dinlərin çoxluğu, zorakılığın artması və insan hökumətinin uğursuzluğu narahat edir? Canlıların əsrarəngiz quruluşu barədə bir fikir söyləməklə və ya Müqəddəs Kitab məsləhətlərinin nə qədər praktiki olduğunu göstərməklə həmsöhbətinin ruhani mövzulara marağını oyada bilərsənmi? Demək olar ki, dua hər mədəniyyətdən olan insanları, hətta bəzi ateistləri belə maraqlandırır. Çoxları fikirləşirlər ki, görəsən, onların dualarını eşidən varmı. Başqalarını isə bu suallar narahat edir: «Allah duaların hamısını eşidir? Əgər belə deyilsə, Onun bizi eşitməsi üçün nə etməliyik?»

14 Biz təcrübəli təbliğçiləri müşahidə etməklə söhbətə başlamaq məharəti barədə çox şey öyrənə bilərik. İnsanları sorğu-suala tutmadan və ya yersiz suallar vermədən onlarla necə söhbət etdiklərinə diqqət yetir. Onların səs tonu və üz ifadələri ev sahibinin fikirlərini başa düşməyə çalışdıqlarını necə göstərir? (Sül. məs. 15:13).

MÜLAYİMLİK VƏ MƏHARƏT

15. Nəyə görə mülayimlik xidmətimizin səciyyəvi cəhəti olmalıdır?

15 Səni qəflətən dərin yuxudan oyatsaydılar, özünü necə hiss edərdin? Bu, çoxlarının xoşuna gəlmir və onlar istəyərdilər ki, onları ehmalca oyatsınlar. Ruhani yuxuya getmiş insanları oyatmaq barədə də eyni şeyi demək olar. Tutalım, ev sahibi sənin gəlişinə acıqlanıb. Belə halda vəziyyətdən ən yaxşı çıxış yolu nə ola bilər? Mülayim ol, onun hisslərinə hörmət etdiyini göstər və sakitcə oranı tərk et (Sül. məs. 15:1; 17:14; 2 Tim. 2:24). Sənin mülayim olmağın həmin insanı ona növbəti dəfə baş çəkən təbliğçiyə xoş münasibət göstərməyə təşviq edə bilər.

16, 17. Xidmətdə necə dərrakəli ola bilərik?

16 Müəyyən hallarda isə həmsöhbətimizin bildirdiyi etirazı müzakirəyə çevirmək olar. Kimsə: «Sağ olun, amma mənim öz dinim var» və ya «Bu, mənim üçün maraqlı deyil», — deyə bilər, çünki bu, söhbəti bitirməyin ən asan yoludur. Məharət və mülayimliklə təkid göstərməklə sən ev sahibinin ruhani şeylərə marağını oyada biləcək təsirli bir sual verə bilərsən. (Koloslulara 4:6 ayəsini oxu.)

17 Bəzən insanlar düşünə bilərlər ki, həddən artıq məşğul olduqları üçün bizə qulaq asmağa vaxtları yoxdur. Belə hallarda ən yaxşısı vəziyyəti başa düşüb oranı tərk etməkdir. Bəzi vəziyyətlərdə isə, ola bilsin, sən qısaca olaraq maraqlı bir şey deməyin münasib olduğu qənaətinə gəldin. Məsələn, bəzi təbliğçilər xoş xəbəri bir dəqiqədən də az vaxt ərzində təqdim edirlər: onlar ayə oxuyurlar və getməzdən öncə, bir sual qaldırıb növbəti başçəkmə zamanı ona cavab verəcəklərini deyirlər. Bu kiçik təqdimə bəzi insanlarda böyük maraq oyadır və onlar qısa söhbət etmək üçün o qədər də məşğul olmadıqlarını başa düşürlər. Münasib vəziyyət yarananda sən də belə edə bilərsənmi?

18. Qeyri-formal şəkildə şahidlik vermək işində daha effektiv olmaq üçün biz nə edə bilərik?

18 Əgər biz hər an şahidlik verməyə hazırıqsa, gündəlik işlərimizlə məşğul olarkən qarşımıza çıxan insanların xoş xəbərə marağını oyada bilərik. Məsələn, bir çox bacı-qardaşlar ciblərində və ya çantalarında nəşrlərimizi gəzdirirlər. Üstəlik, onlar konkret bir ayə hazırlayırlar ki, imkan yaranan kimi onu kiməsə oxusunlar. Bunu necə etməyi öyrənmək üçün yığıncağınızdakı xidmət nəzarətçisi və ya pionerlərlə söhbət edə bilərsən.

QOHUMLARIMIZI EHMALCA OYADIRIQ

19. Nəyə görə biz qohumlarımıza təbliğ etmək cəhdlərimizə son qoymamalıyıq?

19 Əlbəttə, biz istəyirik ki, qohumlarımıza xoş xəbəri qəbul etməyə kömək edək (Yeşua 2:13; Həv. iş. 10:24, 48; 16:31, 32). Əgər ilk cəhdimiz boşa çıxıbsa, bu, həvəsimizi öldürə bilər. Ola bilsin, biz düşünürük ki, nə etməyimizdən və ya nə deməyimizdən asılı olmayaraq, onların nöqteyi-nəzərini dəyişmək mümkün deyil. Lakin ehtimal var ki, hansısa hadisə qohumlarının həyatını və ya fikrini dəyişsin. Yaxud həqiqəti başa salmaq qabiliyyətin daha da yaxşılaşdığına görə, ola bilsin, bu dəfə tamamilə başqa nəticə əldə etdin.

20. Qohumlarımızla danışarkən nəzakətli olmaq nəyə görə vacibdir?

20 Biz qohumlarımızın hisslərinə hörmətsizlik göstərməkdən qaçınmalıyıq (Rom. 2:4). Məgər təbliğdə qarşılaşdığımız insanlarla mülayim danışdığımız kimi, onlarla da bu cür danışmalı deyilik? Qohumlarınla söhbət edərkən mehriban və hörmətcil ol. Onlara moizə oxumaq əvəzinə, həqiqətin səndə hansı müsbət dəyişikliklər etdiyini göstər (Efes. 4:23, 24). Qoy onlar Yehovanın təlimləri sayəsində həyatının necə yaxşılaşdığını görsünlər (Yeşaya 48:17). Öz nümunənlə əsil məsihçinin necə olduğunu göstər.

21, 22. Qohumlarımıza ruhani cəhətdən kömək etmək cəhdlərinə son qoymamağın vacib olduğunu göstərən bir nümunə danış.

21 Bu yaxınlarda bir bacı yazmışdı: «Mənim 13 doğma bacı-qardaşım var və mən həmişə söz və hərəkətlərimlə onlara təbliğ etməyə çalışıram. Elə il olmayıb ki, onların hər birinə məktub yazmayım. Bununla belə, 30 il ərzində ailəmizdə yeganə məsihçi mən idim».

22 Bacı sözünə davam edir: «Günlərin bir günü məndən yüzlərlə kilometr uzaqda yaşayan bacılarımın birinə zəng etmişdim. Bacım mənə dedi ki, öz kilsələrinin keşişindən Müqəddəs Kitabı ona öyrətməsini dəfələrlə xahiş etməsinə baxmayaraq, o, bundan imtina etdi. Ona məmnuniyyətlə kömək edəcəyimi söyləyəndə bacım mənə: “Hə, yaxşı, amma səni qabaqcadan xəbərdar edirəm ki, mən Yehovanın Şahidi olmayacağam”, — dedi. Ona “Müqəddəs Kitab əslində nə öyrədir?” kitabını göndərdikdən sonra bir neçə gündən bir ona zəng edirdim. Ancaq o, bir dəfə də olsun kitabın üzünə baxmamışdı. Nəhayət, ondan xahiş etdim ki, kitabı götürsün. Biz təxminən 15 dəqiqə ərzində orada sitat gətirilən bəzi ayələri telefon vasitəsilə oxuyub müzakirə etdik. Bir neçə dəfə mən ona zəng etdikdən sonra o istədi ki, müzakirəmiz 15 dəqiqədən çox çəksin. Sonra o, özü mənə zəng etməyə başladı. Hərdən bacım səhər tezdən — mən hələ yatanda, bəzən də gündə iki dəfə zəng edirdi. Bundan bir il sonra o vəftiz oldu, daha bir ildən sonra isə pioner xidmətinə başladı».

23. Nəyə görə biz başqalarını ruhani yuxudan oyatmağa çalışanda ruhdan düşməməliyik?

23 İnsanların ruhani yuxudan oyanması üçün kömək etmək bir bacarıqdır və bu, müntəzəm şəkildə səy göstərməyi tələb edir. Bu gün də onları ruhani yuxudan oyatmaq səylərimizə hay verən həlim insanlar var. Orta hesabla, hər ay 20 000-dən çox adam vəftiz olunaraq Yehovanın Şahidi olur. Buna görə də gəlin Pavelin birinci əsrdə yaşayan məsihçi Arxipə verdiyi məsləhəti yadımızda möhkəm saxlayaq: «Ağamızın sənə həvalə etdiyi xidməti vicdanla icra et» (Kolos. 4:17). Növbəti məqalədə biz təxirə salmadan təbliğ etməyin nə demək olduğunu öyrənəcəyik.

[13–cü səhifədəki çərçivə]

NECƏ OYAQ QALA BİLƏRSƏN?

▪ Allahın iradəsini yerinə yetir

▪ «Zülmətin əməllərini» icra etməkdən qaçın

▪ Ruhən yatmağın nə qədər təhlükəli olduğunu yaddan çıxartma

▪ Sahəndəki insanlara qarşı müsbət nöqteyi-nəzəri qoru

▪ Təbliğ etməyin yeni üsullarını sınaqdan keçir

▪ Xidmətimizin vacibliyini unutma

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş