Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bt fəs. 25 s. 196—202
  • «Sezarın məhkəməsini tələb edirəm!»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Sezarın məhkəməsini tələb edirəm!»
  • Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Başlıqlar
  • Oxşar material
  • «Məhkəmə kürsüsü qarşısında» (Həvarilərin işləri 25:1—12)
  • «İtaət etməyə bilməzdim» (Həvarilərin işləri 25:13—26:23)
  • «Belə getsə, məni də məsihi edəcəksən» (Həvarilərin işləri 26:24—32)
  • Padşahlıq haqqındakı xəbəri qəbul etməkdə insanlara kömək et
    Gözətçi qülləsi 2004
  • Cəsarətli olun, Yehova dayağınızdır
    Gözətçi qülləsi 2020
  • Dövlət nümayəndələri qarşısında müjdəni müdafiə edin
    Gözətçi qülləsi 2016
  • Bulusu Romaya göndərirlər
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
bt fəs. 25 s. 196—202

FƏSİL 25

«Sezarın məhkəməsini tələb edirəm!»

Bulus xoş xəbəri müdafiə etməkdə nümunə qoyur

Həvarilərin işləri 25:1—26:32

1, 2. a) Bulusun düşdüyü vəziyyəti təsvir et. b) Bulusun Sezarın məhkəməsini tələb etməsi ilə bağlı hansı sual yaranır?

BULUS hələ də Qeysəriyyədə ciddi mühafizə altında saxlanılır. O, artıq iki ildir ki, Yəhudiyyədədir. Bura qayıtdığı cəmi bir neçə gün idi ki, yəhudilər azından üç dəfə onu öldürməyə cəhd göstərmişdilər (Həv. 21:27—36; 23:10, 12—15, 27). Planları baş tutmasa da, Bulusun düşmənlərinin təslim olmaq fikri yoxdur. Başa düşəndə ki, hələ də onların əlinə düşmək ehtimalı var, Bulus Roma valisi Porsi Festə bildirir: «Mən Sezarın məhkəməsini tələb edirəm!» (Həv. 25:11).

2 Yehova Bulusun Roma imperatoruna müraciət etmək qərarını dəstəklədimi? Bu sualın cavabını bilmək bizim üçün çox vacibdir, belə ki, biz Allahın Padşahlığı haqqında əsaslı şəhadət veririk. Buna görə də bilməliyik ki, xoş xəbəri müdafiə edərkən və onun qanuni tanınmasına çalışarkən Bulus kimi davrana bilərik, ya yox? (Filip. 1:7)

«Məhkəmə kürsüsü qarşısında» (Həvarilərin işləri 25:1—12)

3, 4. a) Yəhudilər hansı niyyətlə Bulusu Yerusəlimə gətizdirmək istəyirdilər, amma həvari ölümdən necə qurtuldu? b) Yehova Öz müasir xidmətçilərinə necə dayaq olur?

3 Vəzifəyə təyin olunandan üç gün sonra Yəhudiyyənin yeni valisi Fest Yerusəlimə gəldia. Orada o, Bulusa qarşı ciddi ittihamlar irəli sürən böyük kahinləri və digər nüfuzlu yəhudiləri dinlədi. Onlar bilirdilər ki, bu yeni validən onlarla, o cümlədən bütün yəhudilərlə sülhdə olmaq tələb olunur. Buna görə də Festdən xahiş etdilər ki, Bulusu Yerusəlimə gətizdirib orada mühakimə etsin. Lakin, bu xahişin arxasında məkrli plan dururdu. Düşmənləri Qeysəriyyədən Yerusəlimə gedən yolda pusqu qurub Bulusu öldürmək istəyirdilər. Fest onların xahişini rədd etdi: «Qoy aranızdakı rəhbərlər mənimlə getsinlər və əgər bu adamın bir günahı varsa, onu orada ittiham etsinlər» (Həv. 25:5). Beləliklə, Bulus yenə də ölümdən qurtuldu.

4 Üzləşdiyi bütün sınaqlarda Yehova İsa Məsih vasitəsilə Bulusa dayaq olurdu. Yadındadırsa, İsa görüntüdə həvariyə görünüb: «Cəsarətli ol!» — deyə ona ürək-dirək vermişdi (Həv. 23:11). Bu gün də Allahın xidmətçiləri cürbəcür maneələrlə qarşılaşırlar. Onlara da hədə-qorxu gəlirlər. Düzdür, Yehova bizi hər çətinlikdən müdafiə etmir, amma yaranan çətinliyə tab gətirmək üçün hikmət və güc verir. Hansı vəziyyətə düşürüksə düşək, arxayın ola bilərik ki, Allah «insan gücündən üstün olan» gücü bizdən əsirgəməyəcək (2 Kor. 4:7).

5. Fest Bulusla necə rəftar etdi?

5 Bir neçə gün sonra Fest Qeysəriyyədə «hakim kürsüsünə» əyləşdib. Festin qarşısında Bulus və onun ittihamçıları dururdu. Əleyhdarlarının əsassız ittihamlarına cavab olaraq Bulus etiraz etdi: «Mən nə yəhudilərin Qanununa, nə məbədə, nə də Sezara qarşı günah iş tutmamışam». Həvari günahsız idi. Əslində, o, azad edilməli idi. Bəs görəsən Fest nə qərar çıxaracaq? Yəhudilərin rəğbətini qazanmaq istəyən Fest Bulusdan soruşdu: «İstəyirsən, Yerusəlimə gedək, bu ittihamlara görə sənə orada hökm çıxarsınlar?» (Həv. 25:6—9). Heç belə də cəfəngiyat olar? Bulusu Yerusəlimə göndərsəydilər, «məhkəmə kürsüsü»ndə onun ittihamçıları oturacaqdı. Belə olan halda isə onun ölümü qaçılmaz olacaqdı. Fest açıq-aydın ədaləti siyasətə qurban verdi. Vali Ponti Pilat da İsa Məsihin işinə baxanda eyni cür davranmışdı (Yəh. 19:12—16). Müasir dövrdə də bəzən hakimlər siyasi təzyiqlərə uyurlar. Buna görə də açıq-aşkar dəlillərə baxmayaraq, Allahın xalqının əleyhinə ədalətsiz qərarlar çıxarılanda biz təəccüblənmirik.

6, 7. Nə üçün Bulus Sezarın məhkəməsini tələb etdi və bununla da müasir həqiqi məsihilər üçün hansı nümunəni qoydu?

6 Festin yəhudilərin rəğbətini qazanmaq istəyi Bulusu ölüm təhlükəsi ilə üz-üzə qoyurdu. Buna görə də Bulus Roma vətəndaşı kimi malik olduğu hüquqlardan istifadə etmək qərarına gəldi. O, Festə dedi: «Mən Sezarın məhkəmə kürsüsü qarşısında dayanmışam, burada da mühakimə edilməliyəm. Mənim yəhudilərə bir pisliyim dəyməyib. Sən özün də bunu yaxşı bilirsən... Mən Sezarın məhkəməsini tələb edirəm!» Belə bir tələb irəli sürən adam adətən fikrini dəyişə bilməzdi. Fest bunu vurğulayaraq dedi: «Sezarın məhkəməsini tələb edirsən, Sezarın yanına da gedəcəksən» (Həv. 25:10—12). Yuxarı məhkəmə instansiyasına müraciət etməklə Bulus müasir həqiqi məsihilər üçün nümunə qoydu. Əleyhdarlar «qanun adı ilə pislik» törətməyə çalışanda Yehovanın Şahidləri xoş xəbəri müdafiə etmək üçün hüquqi vasitələrdən istifadə edirlərc (Zəb. 94:20).

7 Törətmədiyi cinayətlərə görə iki ildən çox dustaq olandan sonra Bulusa özünü Romada müdafiə etmək imkanı verildi. Lakin Romaya getməzdən əvvəl bir nəfər də onu görmək istədi.

Məhkəmə zalında olan insanlar hökmə reaksiya verir. Bir qardaş, onun vəkilləri və orada iştirak edən bir neçə Şahid məyusdur. Şahid olmayanlar xoşbəxtdir və qardaşa qarşı iddia qaldıran hüquq qrupunu təbrik edirlər.

Əleyhimizə qərar çıxarıldıqda biz yuxarı məhkəmələrə müraciət edirik

«İtaət etməyə bilməzdim» (Həvarilərin işləri 25:13—26:23)

8, 9. Aqrippa padşah nə üçün Qeysəriyyəyə gəlmişdi?

8 Bulus Sezarın məhkəməsini tələb edəndən bir neçə gün sonra Aqrippa padşah və bacısı Berniki hörmət əlaməti olaraq yeni vali ilə görüşə gəldid. O dövrdə vəzifəyə yeni gələn valilərə məmurların baş çəkməsi adət idi. Festi yeni təyinatı ilə təbrik edən Aqrippa, şübhəsiz ki, gələcəkdə faydalı ola biləcək əlaqələr və dostluq münasibəti qurmağa çalışırdı (Həv. 25:13).

MÜASİR DÖVRDƏ HƏQİQİ İBADƏTİN MƏHKƏMƏLƏRDƏ MÜDAFİƏSİ

Allahın Padşahlığı haqqında xoş xəbərin təbliğində yaranan maneələri aradan qaldırmaq üçün bəzən Yehovanın Şahidləri yuxarı instansiya məhkəmələrinə müraciət etmişlər. Buna dair iki nümunəyə nəzər salaq.

1938-ci il martın 28-də ABŞ Ali Məhkəməsi Corciya ştat məhkəməsinin qərarlarını ləğv edərək həmin ştatın Qriffin şəhərində Müqəddəs Kitaba əsaslanan ədəbiyyatları paylamaq üstündə tutulan bir qrup Yehovanın Şahidinə bəraət verdi. Bu, Yehovanın Şahidlərinin xoş xəbəri təbliğ etmək hüququnun qorunması ilə bağlı ABŞ Ali Məhkəməsinə edilən çoxsaylı müraciətlərdən birincisi idig.

Başqa bir məhkəmə işi yunanıstanlı Yehovanın Şahidi Minos Kokkinakislə bağlı açılmışdı. 48 il ərzində o, 60 dəfə «prozelitizm», yəni insanları öz dininə döndərmək üstündə tutulmuşdu. 18 dəfə məhkəmə qarşısında durmuşdu. İllərlə həbsxanada yatmış, Egey dənizinin uzaq adalarında sürgündə olmuşdu. 1986-cı ildə sonuncu dəfə məhkum olunduqdan sonra bu qardaş Yunanıstanın yuxarı instansiya məhkəmələrinə şikayət etdi, lakin şikayəti rədd edildi. Sonra o, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi. 1993-cü il mayın 25-də bu məhkəmə qərara aldı ki, Kokkinakis qardaşın din azadlığı hüququ Yunanıstan hökuməti tərəfindən pozulmuşdu.

Yehovanın Şahidləri Avropa Məhkəməsinə bir çox işlərlə əlaqədar müraciət etmiş və əksər hallarda qələbə qazanmışlar. Hələ heç bir təşkilat Avropa Məhkəməsində əsas insan hüquqlarının müdafiəsi ilə bağlı bu qədər qələbə çalmayıb.

Bəs Yehovanın Şahidlərinin hüquqi mübarizədə çaldığı qələbələrdən başqaları da bəhrələnirmi? Fəlsəfə elmləri doktoru Çarlz Hayns yazır: «Biz hamımız Yehovanın Şahidlərinə minnətdar olmalıyıq. Nə qədər təhqir olunsalar da, qovulsalar da, hətta zorakılığa məruz qalsalar da, onlar özlərinin din azadlığı hüquqlarını (nəticə etibarı ilə bizim hüquqlarımızı) dəyanətlə müdafiə edirlər. Onların qələbəsi bizim də qələbəmizdir».

g Birləşmiş Ştatlar Ali Məhkəməsinin söz azadlığına dair qərarlarından biri haqqında «Oyanın!» jurnalının 2003-cü il, 8 yanvar sayının 3—11 səhifələrindən (rus.) oxumaq olar.

9 Fest Aqrippaya Bulus haqqında danışdı və o, Bulusu görmək istədi. Növbəti gün onlar hakim kürsüsündə oturdular. Onlar nə qədər dəbdəbəli və nüfuzlu görünürlərsə görünsünlər, bu ehtişam qarşılarında ifadə verəcək dustağın sözlərinin gücü qarşısında heç nə idi (Həv. 25:22—27).

10, 11. Bulus Aqrippaya necə hörmət göstərdi və ona öz keçmişi haqda nə danışdı?

10 Bulus hörmətlə Aqrippaya onun qarşısında özünü müdafiə etmək imkanına görə təşəkkürünü bildirdi və padşahın yəhudi adətlərinə, eləcə də mübahisələrinə yaxşı bələd olduğunu qeyd etdi. Sonra öz keçmişindən danışdı: «Mən dinimizin ən tələbkar məzhəbinə müvafiq olaraq, fərisi həyatı sürmüşəm» (Həv. 26:5). Bir fərisi kimi, Bulus Məsihin gəlişini gözləyirdi. İndi isə bir məsihi olaraq, cəsarətlə İsa Məsihin həmin gözlənilən şəxs olduğunu söyləyirdi. Bulus indi onun da, ittihamçılarının da inandığı bir şeyə, yəni Allahın ulu babalarına verdiyi vədin doğruluğuna ümid etdiyinə görə məhkəmə qarşısında durmuşdu. Vəziyyətin nə yerdə olduğunu görəndə Aqrippa Bulusun növbəti sözlərini daha böyük maraqla dinlədie.

11 Əvvəllər məsihilərlə amansız rəftar etdiyini yada salaraq Bulus dedi: «Doğrusu, əvvəllər mən özüm də elə düşünürdüm ki, nəsrani İsanın adına qarşı mübarizə aparmalıyam... Bu adamların [Məsihin davamçılarının] əlindən elə hirsli idim ki, hətta başqa şəhərlərə də gedib onlara zülm edirdim» (Həv. 26:9—11). Bulus heç nəyi şişirtmirdi. Onun məsihilərə qarşı zorakılıq törətməsi çoxlarına məlum idi (Qal. 1:13, 23). Yəqin, Aqrippa düşünürdü: «Görəsən, belə bir adamı dəyişən nə olub?»

12, 13. a) Bulus məsihiliyi qəbul etdiyini necə təsvir etdi? b) Bulus hansı mənada «çomağa qarşı təpik» atırdı?

12 Bu sualın cavabını Bulusun növbəti sözlərində tapmaq olar: «Bir gün böyük kahinlərdən aldığım səlahiyyət və tapşırıqla Dəməşqə gedirdim. Ey padşah! Yolda ikən, günorta vaxtı göydən gün işığından da parlaq bir işıq gəldi, mənim və yol yoldaşlarımın ətrafını işıqlandırdı. Biz hamımız yerə yıxıldıq və bu zaman mən ibranicə danışan bir səs eşitdim: “Şaul, Şaul, niyə məni təqib edirsən? Çomağa qarşı təpik atmaqla özünə zərər vurursan”. Onda mən soruşdum: “Ağa, sən kimsən?” O, mənə cavab verdi: “Mən sənin təqib etdiyin İsayam”»f (Həv. 26:12—15).

13 Bu görüntüyə qədər Bulus, məcazi dildə desək, «çomağa qarşı təpik» atırdı. Heyvan iti uclu çomağa qarşı təpik atmaqla özünə xətər yetirdiyi kimi, Bulus da Allahın iradəsinə qarşı çıxmaqla özünə ruhani cəhətdən zərər vururdu. Bulusun ürəyi təmiz olsa da, o, dərindən yanılırdı. Dirilmiş İsa Dəməşqə gedən yolda Bulusa görünüb onu düzgün yola yönəltdi (Yəh. 16:1, 2).

14, 15. Bulus həyatında etdiyi dəyişikliklər haqqında nə danışdı?

14 Bu hadisə Bulusun həyatını kökündən dəyişmişdi. O, Aqrippaya müraciət edərək dedi: «Mən göydən gələn bu vəhyə itaət etməyə bilməzdim. Buna görə də əvvəlcə Dəməşq, sonra Yerusəlim və bütün Yəhudiyyə əhalisinə, həmçinin digər xalqlara bəyan etdim ki, tövbə etsinlər və tövbəni göstərən işlər görüb Allaha dönsünlər» (Həv. 26:19, 20). Artıq neçə il idi ki, Bulus İsa Məsihin həmin gün ona verdiyi tapşırığı yerinə yetirməklə məşğul idi. Bəs bunun bir faydası olmuşdumu? Əlbəttə. Bulusun təbliğ etdiyi xoş xəbərə hay verənlər tövbə edib, əxlaqsız, əyri yollarından dönmüşdülər. Bu insanlar dövlətin qanunlarına hörmətlə yanaşan, onlara riayət edən vicdanlı vətəndaşlar olmuşdular.

15 Amma Bulusu ittiham edən yəhudilərin gözündə bütün bunların heç bir qiyməti yox idi. Bulus dedi: «Bunun üstündə yəhudilər məni məbəddə tutdular və öldürməyə cəhd göstərdilər. Bununla belə, mən Allahdan aldığım kömək sayəsində bu günə qədər böyükdən tutmuş kiçiyədək hamıya şəhadət verirəm» (Həv. 26:21, 22).

16. Hakimlərlə və dövlət məmurları ilə necə danışmaqla bağlı Bulus hansı nümunəni qoyub?

16 Həqiqi məsihi olan bizlər imanımızı «müdafiə etməyə hazır» olmalıyıq (1 But. 3:15). Hakimlərlə və dövlət məmurları ilə etiqadlarımız haqqında danışarkən Bulusun nümunəsini izləyə bilərik. Hörmətcil şəkildə Müqəddəs Kitabın həm öz həyatımızı, həm də bəyan etdiyimiz xəbərə hay verənlərin həyatını yaxşılığa doğru necə dəyişdiyini danışsaq, onların bizə münasibətini dəyişə bilərik.

«Belə getsə, məni də məsihi edəcəksən» (Həvarilərin işləri 26:24—32)

17. Bulus özünü müdafiə edəndə Festin reaksiyası necə oldu və bu gün də çoxları hansı mövqeyi tuturlar?

17 Bulusun inandırıcı sözlərini Aqrippa ilə Fest soyuqqanlı qarşılaya bilməzdi. Gör nə baş verir: «Bulus bu yerə çatanda Fest ucadan dedi: “Bulus, deyəsən, ağlını itirmisən! Çox oxumaqdan başın xarab olub!”» (Həv. 26:24). Festin reaksiyasında bu gün çoxlarının tutduğu mövqeyi görmək olar. Bu insanların nəzərində Müqəddəs Kitabda yazılanları təbliğ edənlər fanatiklərdir. Çox vaxt bu dünyanın müdriklərinə Müqəddəs Kitabın dirilmə təlimini qəbul etmək çətin olur.

18. Bulus Festə necə cavab verdi və bunun müqabilində Aqrippa nə dedi?

18 Bulus valiyə cavab verdi: «Möhtərəm Fest! Mənim başım xarab olmayıb. Dediyim sözlərdə həqiqət və məntiq var. Padşah bu şeyləri yaxşı bilir, buna görə də mən onun qarşısında sərbəst danışıram... Padşah Aqrippa, Peyğəmbərlərin kitabına inanırsan? Bilirəm ki, inanırsan». Aqrippa Bulusa dedi: «Belə getsə, məni də məsihi edəcəksən» (Həv. 26:25—28). Səmimi olsa da, olmasa da bu sözlərdən görünür ki, Bulusun şahidliyi padşaha dərin təsir bağışlamışdı.

19. Fest ilə Aqrippa Bulusla bağlı hansı qənaətə gəldilər?

19 Sonra Aqrippa ilə Fest ayağa qalxdı. Bununla da dinləmə başa çatdı. «Onlar gedə-gedə bir-birinə deyirdilər: “Bu adam ölümə, yaxud qandala layiq bir iş görmür”. Aqrippa Festə belə dedi: “Sezarın məhkəməsini tələb etməsəydi, onu azad etmək olardı”» (Həv. 26:31, 32). Onlar bilirdilər ki, qarşılarında duran insan günahsızdır. Ola bilsin, bundan sonra onlar məsihilər haqda daha müsbət fikirdə olacaqdılar.

20. Bulusun yüksək vəzifəli məmurlara şahidlik verməsinin hansı faydası oldu?

20 Görünür, bu iki nəfərdən heç biri Allahın Padşahlığı haqqında xəbəri qəbul etmədi. Bəs onda Bulus boş yerəmi özünü onların qarşısında müdafiə etmişdi? Əsla. Bulusun Yəhudiyyədə «padşahların və valilərin önünə» gətirilməsi sayəsində elə yüksək vəzifəli məmurlara şahidlik verildi ki, başqa heç cür onlara xəbəri çatdırmaq mümkün olmazdı (Luka 21:12, 13). Bundan başqa, Bulusun üzləşdiyi çətinliklər və həmin çətinliklər vaxtı sadiq qalması bacı-qardaşları möhkəmləndirmişdi (Filip. 1:12—14).

21. Padşahlıq işini əzmlə davam etdirərək hansı gözəl bəhrələri biçə bilərik?

21 Eyni şeyi bizim günlər haqda da demək olar. Sınaqlara və təqiblərə baxmayaraq, təbliğ işini əzmlə davam etdirsək, bunun gözəl bəhrələrini görəcəyik. Ola bilsin, biz elə dövlət rəsmilərinə şahidlik edək ki, adi üsulla onlara təbliğ etmək mümkün olmazdı. Bizim sarsılmaz imanımız bacı-qardaşlarımızı ruhlandıra bilər, bu da öz növbəsində onları Allahın Padşahlığı haqqında daha da cəsarətlə şəhadət verməyə təşviq edər.

VALİ PORSİ FEST

Porsi Fest haqqında onu görənlərin verdiyi məlumatlardan yalnız «Həvarilərin işləri» kitabında və İosif Flavinin yazılarında olanlar bu günə kimi gəlib çatıb. Təxminən 58-ci ildə Fest Yəhudiyyə valisi Feliksin yerinə keçmiş və ehtimal ki, cəmi iki-üç il idarə etdikdən sonra vəfat etmişdi.

Porsi Fest.

Sələfi Feliksdən və xələfi Albinusdan fərqli olaraq, Fest bir vali kimi uzaqgörən və bacarıqlı idi. O, vəzifəyə yeni gələndə Yəhudiyyədə çoxlu quldurlar var idi. İosif Flavinin sözlərinə görə, «Fest... ölkəni qarışıqlıq yaradanlardan təmizləməyi qarşısına məqsəd qoymuşdu. Buna görə də o, quldurların əksəriyyətini tutdu, çoxunu da qırdırdı». Onun vali olduğu vaxtda yəhudilər Aqrippa padşahın məbədin həyətində baş verənləri görməməsi üçün divar tikmişdilər. Fest əvvəlcə onu sökməyi əmr etmişdi. Lakin sonradan yəhudilərin xahişi ilə məsələni Roma imperatoru Neronun nəzərinə çatdırmağa icazə vermişdi.

Görünür, Fest cinayətkarlara və qiyamçılara qarşı sərt mövqe tutmuşdu. Lakin yəhudilərlə yaxşı münasibətləri qorumaq xatirinə o, haqq-ədaləti tapdalamağa hazır idi; ən azı Bulusun məsələsindən bunun belə olduğu aydın görünür.

II HİROD AQRİPPA

«Həvarilərin işləri» kitabının 25-ci fəslində adı çəkilən Aqrippa 14 il əvvəl Yerusəlim yığıncağına zülm edən Hirodun oğlu, Böyük Hirodun nəticəsi II Hirod Aqrippa idi (Həv. 12:1). Aqrippa Hirodlar sülaləsinin axırıncı nümayəndəsi idi.

II Hirod Aqrippa.

Eramızın 44-cü ilində atası vəfat edəndə 17 yaşlı Aqrippa Romada imperator Klavdinin sarayında təhsil alırdı. İmperatorun məsləhətçiləri atasının taxtını miras almaq üçün Aqrippanın hələ çox gənc olduğunu düşündüyündən Klavdi həmin ərazilərə valilər təyin etdi. Buna baxmayaraq, İosif Flavinin sözlərinə görə, Romada yaşadığı müddət ərzində Aqrippa yəhudilər üçün vasitəçilik edir, onların maraqlarını müdafiə edirdi.

Təxminən 50-ci ildə Klavdi Aqrippanı Kalsis, 53-cü ildə isə İtureya, Traxonit və Abileniya üzərində padşah təyin etmişdi. Aqrippaya, həmçinin Yerusəlim məbədinə nəzarət etmək və baş kahin təyin etmək səlahiyyəti verilmişdi. Klavdinin xələfi Neron Cəlilənin və Pereyanın bir hissəsini də Aqrippanın ixtiyarına verərək onun hökmranlıq etdiyi ərazinin hüdudlarını genişləndirdi. Bulusun işini dinləyəndə Aqrippa ərini (Kilikiya padşahını) atıb gedən bacısı Berniki ilə Qeysəriyyədə idi (Həv. 25:13).

66-cı ildə Aqrippa Romaya qarşı qalxan yəhudiləri sakitləşdirə bilməyəndə özü qiyamçıların hədəfinə çevrildi. Çarəsiz qalan Aqrippa romalılara qoşuldu. Yəhudi üsyanı yatırıldıqdan sonra yeni imperator Vespasian mükafat olaraq Aqrippaya başqa ərazilər də verdi.

a «Vali Porsi Fest» adlı çərçivəyə bax.

b Hakim kürsüsü xüsusi olaraq düzəldilmiş hündür yerdə qoyulan kürsü idi. Kürsünün hündürdə qoyulması hakimin qərarlarını daha sanballı edir və onların dəyişilməz olduğuna işarə edirdi. Pilat da İsaya qarşı irəli sürülən ittihamları dinləyəndə hakim kürsüsündə oturmuşdu.

c «Müasir dövrdə həqiqi ibadətin məhkəmələrdə müdafiəsi» adlı çərçivəyə bax.

d «II Hirod Aqrippa» adlı çərçivəyə bax.

e Bir məsihi kimi, Bulus İsanın Məsih olduğuna inanırdı. İsanı rədd edən yəhudilərin gözündə Bulus dönük idi (Həv. 21:21, 27, 28).

f Bulusun «günorta vaxtı» səyahət etməsilə bağlı Müqəddəs Kitab üzrə bir tədqiqatçı belə qeyd edir: «Əgər yolçu çox tələsmirdisə, adətən, günortanın istisində dincəlirdi. Bundan görünür ki, Bulus məsihilərə divan tutmağa həddən artıq tələsirdi».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş