Padşahlıq haqqındakı xəbəri qəbul etməkdə insanlara kömək et
“Aqrippa Pavelə dedi: “Bir az sonra məni, Məsihçi olmağa inandıracaqsan” (HƏVARİLƏRİN İŞLƏRİ 26:28, İ–93).
1, 2. Həvari Pavelin vali Festusun və hökmdar Hirod II Aqrippanın hüzurunda durmasına səbəb nə olmuşdu?
ERAMIZIN 58-ci ilində hökmdar Hirod II Aqrippa bacısı Berniki ilə birlikdə Qeysəriyədə Roma valisi Porkius Festusa baş çəkdi. Onlar vali Festusun də’vətini qəbul edərək, “böyük təmtəraqla gəlib, minbaşılar və şəhərin adlı-sanlı adamları ilə bərabər divanxanaya girdilər”. Sonra Festusun əmri ilə Məsihin davamçısı olan həvari Pavel onların hüzuruna gətirildi. İsa Məsihin davamçısı olan bu şəxsin vali Festusun hökm kürsüsü önündə durmasına səbəb nə olmuşdu? (Həvarilərin işləri 25:13-23).
2 Bu sualın cavabını, qonaqlarına müraciət edən Festusun sözlərindən öyrənirik. O dedi: “Hökmdar Aqrippa və bizimlə burada olan bütün kişilər! Siz bu adamı görürsünüz. Yerusəlimdə və burada cəmi yəhudilər mənə müraciət edib qışqırdılar ki, bu adam artıq yaşamalı deyil; lakin mən, onun ölümə layiq bir cinayət işlətdiyini müəyyən etmədim; özü avqustusun məhkəməsini tələb etdiyinə görə, onu göndərmək qərarına gəldim. Ağama onun haqqında yazacaq qəti bir sözüm yoxdur; buna görə onu sizin qarşınıza və xüsusən hökmdar Aqrippa, sənin qarşına çıxartdım ki, bu iş araşdırıldıqdan sonra, yazmağa bir sözüm olsun. Çünki bir məhbus göndərmək və ona qarşı olan ittihamları bildirməmək mənə məntiqsiz göründü” (Həvarilərin işləri 25:24-27).
3. Din rəhbərləri Paveli nəyə görə ittiham edirdilər?
3 Festusun sözlərindən aydın olur ki, Paveli qiyama çağırışda — ölüm cəzasına layiq görülən cinayətdə ittiham edirlər (Həvarilərin işləri 25:11). Lakin Pavelin təqsiri yox idi. Yerusəlimdəki din rəhbərləri onu paxıllıqdan günahlandırırdılar. Onlar həvari Pavelin Padşahlıq haqqındakı təbliğ fəaliyyətinə müqavimət göstərir, həm də onun başqalarına İsa Məsihin davamçıları olmaqda kömək etdiyi üçün həddindən artıq hiddətlənirdilər. Güclü mühafizə dəstəsinin nəzarəti altında Paveli Yerusəlimdən liman şəhəri olan Qeysəriyəyə gətirdilər. Pavel orada qeysərin məhkəməsini tələb etdi. Oradan isə Romaya getməli idi.
4. Hökmdar Aqrippa gözlənilmədən hansı faktı e’tiraf edir?
4 Paveli hökmdarın sarayında təsəvvür edək. İştirak edənlərin arasında Roma imperiyasının əsas hissəsini idarə edən hökmdar da var. Hökmdar Aqrippa Pavelə tərəf dönür və deyir: “Sənə izin verilir ki, özün üçün danışasan”. Pavel danışarkən qeyri-adi bir şey baş verir. Pavelin söylədikləri hökmdara tə’sir göstərməyə başlayır. Hökmdar Aqrippanın özü e’tiraf edir: “Bir az sonra məni, Məsihçi olmağa inandıracaqsan” (Həvarilərin işləri 26:1-28, İ–93).
5. Pavelin Aqrippaya dediyi sözlər nəyə görə bu qədər tə’sirli idi?
5 İşə bir bax! Pavelin özünü məharətlə müdafiə etməsi sayəsində hökmdar Allahın Kəlamının güclü tə’siri altına düşür (İbranilərə 4:12). Pavelin müdafiə sözləri nəyə görə bu cür tə’sirli idi? Bundan əlavə, Pavelin nitqindən şagirdlər hazırlamaq işimiz üçün faydalı olan nələr öyrənə bilərik? Əgər Pavelin müdafiə sözlərini araşdırsaq, iki əsas məsələni ayıra bilərik: 1) Pavel inandırıcı tərzdə danışırdı. 2) O, alətlərindən ustalıqla istifadə edən usta kimi, Allahın Kəlamında olan biliyi bacarıqla istifadə edirdi.
İnandırmaq qabiliyyətini təkmilləşdir
6, 7. a) Müqəddəs Kitabda “inandırmaq” sözü altında nə başa düşülür? b) İnsanlara Müqəddəs Kitabın hansısa tə’limini qəbul etməyə kömək edərkən nəyə görə inandırıcı tərzdə danışmaq lazımdır?
6 “Həvarilərin işləri” kitabında Pavelin təbliğ etmək tərzi haqqında danışılarkən, inandırmaq kimi tərcümə olunan yunan sözü təkrar-təkrar istifadə olunur. Bu mə’nanı daşıyan söz bizim şagird hazırlamaq işimizlə necə əlaqəlidir?
7 Vaynın “Əhdi Cədidin sözlərinə dair izahlı lüğət”inə əsasən, “inandırmaq” sözü Yunanca Müqəddəs Yazıların orijinalında, məntiqi və ya əxlaqi dəlillər gətirməklə, kimisə öz tərəfinə çəkmək və ya onun fikrini dəyişmək mə’nasını daşıyır” (“Expository Dictionary of New Testament Words”). Maraqlıdır ki, bu söz mə’naca e’tibar etməklə sıx bağlıdır. Buna görə də sən kimi isə Müqəddəs Kitabın hər hansı tə’limini qəbul etməyə inandıranda onun e’tibarını qazanırsan, belə ki, o, bu tə’limin həqiqiliyinə inanmağa başlayır. Aydındır ki, insanın Müqəddəs Kitabda deyilənlərə inanması və buna müvafiq olaraq davranması üçün orada yazılanlar barədə sadəcə söyləmək kifayət deyil. Dinləyicinin kimliyindən — uşaq, qonşu, iş yoldaşı, məktəb yoldaşı və ya qohum olmasından asılı olmayaraq, o, sənin söylədiklərinin doğru olduğuna inanmalıdır (2 Timoteyə 3:14, 15).
8. İnsanın Müqəddəs Kitabdakı hansısa həqiqətə inanması üçün nə etmək olar?
8 İnsanı Allahın Kəlamından göstərdiyin fikirlərin həqiqət olduğuna necə inandırmaq olar? Pavel söhbət etdiyi insanların fikirlərini və nöqteyi-nəzərlərini məntiqi dəlillər, tutarlı əsaslar gətirməklə və ciddi çağırışlarla dəyişməyə çalışırdı. Beləliklə, hansısa tə’limin sadəcə olaraq həqiqət olduğunu söyləmək əvəzinə, söylədiyin fikirləri təsdiq edən əsaslı dəlillər gətirmək lazımdır. Bunu necə etmək olar? Söylədiyin sözlərin sənin şəxsi fikirlərinə deyil, bütünlüklə Allahın Kəlamına əsaslandığına əmin ol. Həmçinin, Müqəddəs Yazılara əsaslanan səmimi sözlərinin doğruluğunu təsdiq edən əlavə dəlillərdən istifadə et (Süleymanın məsəlləri 16:23). Əgər bütün itaətkar insanların yer üzündə olacaq Cənnətdə yaşayacaqlarını söyləyirsənsə, ilk növbədə Müqəddəs Kitabın Luka 23:43 və ya İşaya 65:21-25 ayələrinə əsaslan. Bəs Müqəddəs Kitabdan olan bu fikirləri təsdiq etmək üçün hansı əlavə dəlilləri gətirmək olar? Sən dinləyicinə mə’lum olan nümunələrdən istifadə edə bilərsən. Ona xatırlada bilərsən ki, biz qürub çağının gözəlliyini seyr etməklə, çiçəklərin xoş ətrini iyləməklə, meyvələrin dadından həzz almaqla və ya balalarını yemləyən quşları müşahidə etməklə pulsuz-parasız ləzzət ala bilirik. Bütün bunların, Yaradanımızın yer üzündəki həyatdan sevinc əldə etməyimizi istəməsinin sübutu olduğunu anlamaqda dinləyicinə kömək et (Vaiz 3:11, 12).
9. Təbliğ işində necə dərrakəli ola bilərik?
9 İnsanı Müqəddəs Kitabın hansısa tə’liminin doğruluğuna inandırmağa çalışanda, diqqət yetir ki, sənin şövqün ehkamçılığa bənzəməsin, bu, sənin dinləyicini yalnız uzaqlaşdıra bilər. “Xidmət Məktəbi” kitabında (rus.) belə bir xəbərdarlıq verilir: “Kimin üçünsə çox dəyərli olan e’tiqadın yalan olduğunu sərt şəkildə bildirməklə yaxşı nəticələr əldə etmək çox çətin olacaq, hətta bu zaman sözlərinin doğruluğunu sübut etmək üçün Müqəddəs Yazılardan bir sıra ayələr gətirsən də. Məsələn, əgər bu və ya digər bayramın sadəcə olaraq bütpərəst mənşəyə malik olduğu üçün mühakimə olunduğunu söyləsək, bu, çətin ki, kimi isə nöqteyi-nəzərlərini dəyişməyə təşviq etsin. Bu məsələyə dərrakə ilə yanaşmaqla daha çox müvəffəqiyyətə nail olmaq olar”. Bunu etmək nəyə görə sə’y tələb edir? Adı yuxarıda çəkilən dərslikdə deyilir: “Söhbətə dərrakəli surətdə başlamaqla biz insanı dialoqa cəlb edir, ona sonradan düşünmək üçün zəmin yaradır və növbəti söhbətlər üçün yol açırıq. Bu isə inandırıcı tərzdə danışmağa imkan yaradır” (Koloslulara 4:6).
Ürəyə yol tapmaqla inandırmaq
10. Pavel Aqrippa qarşısında öz müdafiəsinə necə başladı?
10 Gəlin “Həvarilərin işləri” kitabının 26-cı fəslində yazılmış Pavelin müdafiə sözlərini ətraflı nəzərdən keçirək. Onun nitqə necə başladığına diqqət yetirək. Mövzuya başlayarkən, hökmdar Aqrippanın öz bacısı Berniki ilə rüsvayçı əlaqədə olmasına baxmayaraq, onu tə’rifləmək üçün qanuni əsas tapdı. Pavel dedi: “Hökmdar Aqrippa! Yəhudilər tərəfindən ittiham edildiyim bütün şeylər üzrə bu gün sənin qarşında müdafiə olunmağım üçün özümü xoşbəxt sayıram. Ələlxüsus, sən yəhudi adətlərinin və onların mübahisəli fikirlərinin hamısını bilirsən. Buna görə, məni səbirlə dinləməyini rica edirəm” (Həvarilərin işləri 26:2, 3).
11. Pavelin sözləri Aqrippaya hörmət etdiyini necə göstərir və bu sözlər hansı gözəl nəticəni verdi?
11 Pavelin Aqrippaya “hökmdar” titulu ilə müraciət edərək, onun yüksək mövqeyini e’tiraf etdiyinə diqqət yetirdinmi? Bu hörmət əlaməti idi. Bundan əlavə, sözləri müdrikliklə seçməklə, Pavel Aqrippaya ehtiramını bildirdi (1 Peter 2:17). Həvari, Aqrippanı Yəhudi vətəndaşlarının qarışıq adət və qanunlarının bilicisi kimi tanıdığını bildirdi və bu cür mə’lumatlı hökmdarın qarşısında müdafiə olunduğu üçün özünü xoşbəxt saydığını söylədi. Məsihin davamçısı olmasına baxmayaraq, Pavel, sanki məsihçi olmayan Aqrippadan üstünmüş kimi davranmadı (Filipililərə 2:3). Əksinə, hökmdardan onu səbirlə dinləməsini xahiş etdi. Beləliklə Pavel elə mühit yaratdı ki, Aqrippa, üstəlik digər dinləyicilər də onun dediyini dinləməyə daha meylli oldular. O, əvvəlcə ümumi təməl tapdı, sonra isə öz dəlillərini bu təməlin üzərində qurdu.
12. Təbliğ işində dinləyicilərimizin ürəyinə necə yol tapa bilərik?
12 Gəlin, Pavelin Aqrippanın qarşısında etdiyi kimi, biz də çalışaq ki, Padşahlıq haqqındakı xəbəri təqdim etməyimiz əvvəldən axıra kimi dinləyicilərin ürəyinə yol tapsın. Biz bunu, təbliğ etdiyimiz adama dərin hörmət göstərməklə və onun özü, həmçinin düşüncə tərzi ilə səmimi qəlbdən maraqlanmaqla edə bilərik (1 Korinflilərə 9:20-23).
Allahın Kəlamını məharətlə istifadə et
13. Pavelə bənzər tərzdə siz dinləyicilərinizi hərəkətə necə təşviq edə bilərsiniz?
13 Pavel dinləyicilərini xoş xəbərə əsasən davranmağa təşviq etmək istəyirdi (1 Saloniklilərə 1:5-7). Bunun üçün o, dinləyicilərinin məcazi ürəklərinə, hərəkətverici qüvvənin mərkəzinə yol tapmaq istəyirdi. Pavelin Aqrippa qarşısındakı müdafiəsinə qayıdaraq, Pavelin Musanın və peyğəmbərlərin sözlərinə əsaslanaraq Allahın sözünü necə ‘doğruluqla öyrətdiyinə’ diqqət yetirək (2 Timoteyə 2:15).
14. Pavelin, Aqrippanın qarşısında olarkən, inandırmaq məharətindən necə istifadə etdiyi barədə danışın.
14 Pavel bilirdi ki, Aqrippanın rəsmi dini iudaizmdir. Aqrippanın iudaizmə dair biliklərini nəzərə alaraq, Pavel bildirdi ki, o, Məsihin ölümünə və dirildilməsinə dair ‘peyğəmbərlərin və Musanın baş verəcəyini əvvəlcədən söylədiklərindən başqa bir şey demir’ (Həvarilərin işləri 26:22, 23). Birbaşa Aqrippaya müraciət edərək Pavel soruşdu: “Hökmdar Aqrippa! Peyğəmbərlərə iman edirsənmi?” Aqrippa çətin vəziyyət qarşısında qaldı. Əgər o, peyğəmbərləri qəbul etmədiyini söylərsə, iudaizmə iman gətirən insan kimi şöhrətini itirəcək. Amma əgər Pavelin gətirdiyi dəlillərlə razılaşsa, həvari ilə razılaşdığını açıq şəkildə büruzə verər və onu məsihçi adlandıra bilərdilər. Pavel öz sualına müdrikliklə cavab verərək deyir: “Bilirəm ki, iman edirsən”. Aqrippanın ürəyi onu nə söyləməyə təşviq etdi? “Bir az sonra məni, Məsihçi olmağa inandıracaqsan” (Həvarilərin işləri 26:27, 28, İ–93). Aqrippa məsihçi olmasa da, ehtimal ki, Pavel öz sözləri ilə onun ürəyinə müəyyən dərəcədə yol tapdı (İbranilərə 4:12).
15. Salonikdə yığıncaq yaratmaqda Pavelə nə kömək etdi?
15 Diqqət yetirdinmi ki, Pavel xoş xəbəri çatdırarkən yalnız sübut etmirdi, həm də inandırmağa çalışırdı? Allahın Kəlamını bu cür doğruluqla öyrətməyinin sayəsində, onu dinləyənlərdən bə’ziləri iman gətirməyə başladılar. Pavelin sinaqoqda yəhudilərə və Allahdan qorxan qeyri-yəhudilərə təbliğ etdiyi Salonik şəhərində də bu cür olmuşdu. Həvarilərin işləri 17:2-4 ayələrində deyilir: ‘Pavel adəti üzrə yəhudilərin yanına getdi və üç şənbə onlarla Müqəddəs Yazılar haqqında danışırdı. Məsihin əzab çəkib, ölülərdən dirilməsinin lazım olduğunu izah və sübut etdi. Onlardan bə’ziləri iman gətirdilər’. Pavel inandırıcı surətdə təbliğ edirdi. O, İsanın əzəldən və’d edilmiş Məsih olduğuna dair Müqəddəs Yazıların əsasında mülahizə yürüdür, izah və sübut edirdi. Bu nə ilə nəticələndi? Orada yığıncaq təşkil olundu.
16. Padşahlığı bəyan etməkdən daha çox sevinci necə duymaq olar?
16 Bəs sən Allahın Kəlamını daha inandırıcı surətdə izah etməyi öyrənə bilərsənmi? Belə olarsa, sən təbliğ işindən və insanlara Allahın Padşahlığı haqqındakı həqiqətləri öyrətməkdən böyük məmnunluq və sevinc hissi duyacaqsan. Bu, təbliğ xidmətində Müqəddəs Kitabdan daha çox istifadə etmək məsləhətini qəbul edən xoş xəbərin təbliğçilərinin nümunələrindən görünür.
17. Xidmətdə Müqəddəs Kitabdan istifadə etməyin nə qədər faydalı olduğunu göstərmək üçün ya başınıza gələn hadisəni danışın, ya da ki, bu abzasda gətirilən hadisəni qısa olaraq öz sözlərinizlə söyləyin.
17 Məsələn, Yehovanın Şahidlərinin səyyah nəzarətçisi yazmışdı: “Artıq kifayət qədər çox bacı-qardaşlar qapıdan-qapıya şahidlik edərək, Müqəddəs Kitabı əllərində tuturlar. Bu, qarşılaşdıqları adamlardan çoxlarına Müqəddəs Kitab ayələri oxumaqda təbliğçilərə kömək edir. Bunun sayəsində, bizim xidmətimiz həm ev sahiblərinin, həm də təbliğçilərin fikrində jurnal və kitablarla deyil, Müqəddəs Kitabla əlaqələnir”. Sözsüz ki, təbliğ zamanı Müqəddəs Kitabı əldə tutub-tutmamaq qərarını qəbul edərkən, müxtəlif amilləri, o cümlədən yerli adətləri nəzərə almaq lazımdır. Bununla belə, biz, başqalarını Padşahlıq haqqındakı xəbəri qəbul etməyə inandırmaq üçün Allahın Kəlamını məharətlə istifadə edən insanlar kimi tanınmağa çalışmalıyıq.
Xidmətə Allahın nöqteyi-nəzəri ilə bax
18, 19. a) Allah bizim xidmətimizə necə baxır və nəyə görə biz Onun nöqteyi-nəzərinə şərik olmağa çalışmalıyıq? b) Təkrar başçəkmələri müvəffəqiyyətli etməkdə bizə nə kömək edər? (Aşağıda gətirilən “Təkrar başçəkmələr zamanı nailiyyət qazanmağın üsulları” adlı çərçivəyə baxın.)
18 Dinləyicilərimizin ürəyinə yol tapmağın başqa bir üsulu isə, xidmətə Allahın nöqteyi-nəzəri ilə baxmaq və səbir etməkdir. Allah istəyir ki, hər millətdən olan “insanlar xilas olub, həqiqəti dərk etsinlər” (1 Timoteyə 2:3, 4). Məgər biz də bunu arzu etmirikmi? Yehova həm də səbir edir, bunun sayəsində isə çox insanların qarşısında tövbə etmək imkanı yaranır (2 Peter 3:9). Deməli, Padşahlıq haqqındakı xəbəri dinləməyə hazır olan kəsi tapanda, ehtimal ki, onun marağını artırmaq üçün təkrar-təkrar qayıtmaq tələb olunacaq. Həqiqət toxumlarının boy atmasını görmək üçün vaxt və səbir lazımdır (1 Korinflilərə 3:6). “Təkrar başçəkmələr zamanı nailiyyət qazanmağın üsulları” adlı çərçivədə, marağı artırmağa dair təkliflər verilir. Yadda saxlamaq lazımdır ki, insanların həyatı — onların problemləri və vəziyyətləri daima dəyişir. Bə’zən onları evdə tapmaq üçün çox sə’y tələb oluna bilər, lakin sə’y göstərməyə dəyər. Biz onlara, Allahın xilas haqqındakı xəbərini eşitmək imkanını təqdim etmək istəyirik. Buna görə də, Yehova Allaha müdriklik barədə dua et ki, inandırmaq məharətini inkişaf etdirə və Padşahlıq haqqındakı xəbəri qəbul etməkdə insanlara kömək edə biləsən.
19 Padşahlıq haqqında daha çox bilmək istəyən insanla qarşılaşanda, məsihçi işçiləri kimi biz daha nə edə bilərik? Cavabı növbəti məqalədən ala bilərik.
Xatırlayırsınızmı?
• Pavelin Aqrippa qarşısındakı müdafiəsi nəyin sayəsində tə’sirli idi?
• Gətirdiyimiz xəbər insanın ürəyinə yol tapsın deyə nə etməliyik?
• Allahın Kəlamını keyfiyyətli tərzdə tətbiq etməkdə və insanların ürəyinə yol tapmaqda bizə nə kömək edər?
• Xidmətə Allahın nöqteyi-nəzəri ilə necə baxa bilərik?
[16-cı səhifədəki çərçivə/şəkillər]
Təkrar başçəkmələr zamanı nailiyyət qazanmağın üsulları
• İnsanlara səmimi maraq göstər.
• Müzakirə etmək üçün Müqəddəs Kitabdan maraqlı mövzu seç.
• Hər növbəti gəliş üçün təməl qoy.
• Baş çəkdikdən sonra həmin kəs haqqında düşünməyə davam et.
• Marağı artırmaq üçün bacardıqca tez, məsələn, bir və ya iki gündən sonra həmin insanın yanına qayıt.
• Yadda saxla ki, sənin məqsədin Müqəddəs Kitab öyrənməsi başlamaqdır.
• Dua et ki, Yehova insanın marağını artırsın.
[15-ci səhifədəki şəkil]
Vali Festusun və hökmdar Aqrippanın qarşısında çıxış edərkən, Pavel inandırıcı tərzdə danışırdı.