Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bt fəs. 4 s. 28—35
  • Savadsız, sadə adamlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Savadsız, sadə adamlar
  • Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Başlıqlar
  • Oxşar material
  • Öz qüvvələri sayəsində deyil (Həvarilərin işləri 3:11—26)
  • «Biz... danışmaya bilmərik» (Həvarilərin işləri 4:1—22)
  • «Ucadan Allaha dua etdilər» (Həvarilərin işləri 4:23—31)
  • «İnsanlara yox, Allaha» hesabat verənlər (Həvarilərin işləri 4:32—5:11)
  • O, Ağasından bağışlamağı öyrəndi
    İman örnəkləri
  • O, Ağasından bağışlamağı öyrəndi
    Gözətçi qülləsi 2010
  • O, qorxu və şübhə ilə mübarizə aparırdı
    İman örnəkləri
  • O, sınaqlar zamanı sadiq qaldı
    İman örnəkləri
Əlavə
Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
bt fəs. 4 s. 28—35

FƏSİL 4

Savadsız, sadə adamlar

Həvarilər cəsarətlə davranır və Yehova onlara nemətlər verir

Həvarilərin işləri 3:1—5:11

1, 2. Məbədin darvazasının yanında Butrusla Yəhya hansı möcüzəni göstərdilər?

GÜNORTA çağıdır. Günəş izdihamın üstünə şəfəq saçır. Mömin yəhudilər və İsanın şagirdləri yavaş-yavaş məbədin həyətinə toplaşırlar. Bir azdan «dua vaxtı» başlayacaqa (Həv. 2:46; 3:1). Butrusla Yəhya izdihamın arasından özlərinə yol açaraq məbədin Gözəl Qapı adlanan darvazasına tərəf gedirlər. Bu səs-küyün və ayaq səslərinin içində anadangəlmə topal bir adam sədəqə diləyir (Həv. 3:2; 4:22).

2 Butrusla Yəhyanın yaxınlaşdığını görən dilənçi adətən söylədiyi sözlərlə onlardan sədəqə diləyir. Həvarilər ayaq saxlayır. Bunu görən kişi ümidlə gözlərini onlara dikir. «Məndə nə gümüş var, nə də qızıl, — deyə Butrus dillənir,— amma nəyim varsa, onu sənə verirəm: nəsrani İsa Məsihin adı ilə sənə deyirəm, yeri!» Butrusun topalın əlindən tutub qaldırdığını və onun ömründə ilk dəfə ayaqları üstündə durduğunu görən izdihamın heyrətdən necə donub qaldığını bir təsəvvür et! (Həv. 3:6, 7). Kişinin şəfa tapmış ayaqlarına necə heyrətlə baxdığını, sonra isə ürkək-ürkək ilk addımlarını atdığını gözlərinin önündə canlandıra bilərsənmi? Heç şübhəsiz, o atılıb düşə-düşə ucadan Allaha həmd etməyə başlayır!

3. İzdihamın və şəfa tapmış adamın qarşısında hansı möhtəşəm hədiyyəni almaq imkanı açılmışdı?

3 Vəcdə gəlmiş camaat Süleyman sütunlarında duran Butrusla Yəhyaya tərəf axışır. Bir dəfə İsa məhz burada təlim vermişdi. İndi isə Butrus həmin yerdə duraraq indicə baş verən hadisənin məğzini xalqa açıqlayır (Yəh. 10:23). O, camaata və sağaltdığı adama qızıldan və gümüşdən daha dəyərli bir ənam təklif edir. Həmin ənam özünə şəfa tapmaqdan daha çox şeyi daxil edir. Bu tövbə etmək, günahların bağışlanması və Yehovanın təyin etdiyi «həyatın Öndəri» İsa Məsihin davamçısı olmaq imkanıdır (Həv. 3:15).

4. a) Topal adamın möcüzəvi şəkildə şəfa tapması hansı qarşıdurmaya gətirib çıxardı? b) Bu fəsildə hansı iki sualı araşdıracağıq?

4 Necə də əlamətdar gün idi! Bir nəfərə şəfa verilmişdi, o, artıq gəzirdi. Minlərlə başqa insana isə Allaha layiq tərzdə həyat sürmələri üçün ruhani cəhətdən sağalmaq imkanı verilmişdi (Kol. 1:9, 10). Bütün bunlardan əlavə, həmin gün baş verən hadisələr Məsihin sadiq davamçıları ilə hakimiyyət sahibləri arasında qarşıdurmaya səbəb oldu. Çünki onlar Padşahlıq haqda xəbəri bəyan etmək əmrinin yerinə yetirilməsinə mane olmağa çalışırdılar (Həv. 1:8). Butrusla Yəhyanın — savadsız, sadə adamların izdihama şahidlik edərkən istifadə etdikləri üsullarından, eləcə də onların əhval-ruhiyyəsindən nə öyrənə bilərik?b (Həv. 4:13). Təqiblərlə üzləşərkən onların və başqa şagirdlərin nümunəsini necə örnək götürə bilərik?

Öz qüvvələri sayəsində deyil (Həvarilərin işləri 3:11—26)

5. Butrusun camaata müraciətindən nə öyrənirik?

5 Butrus və Yəhya izdihamın qarşısında durmuşdular. Həvarilər bilirdilər ki, onların arasında bu yaxınlarda İsanın edam edilməsini tələb edənlər də ola bilərdi (Mark 15:8—15; Həv. 3:13—15). Topalın İsanın adı ilə sağaldığını qorxmadan bəyan edən Butrusun necə böyük cəsarət göstərdiyi haqda bir düşün. Butrus insanları razı salmaq xatirinə həqiqəti təhrif etmədi. O, Məsihin ölümündə izdihamın məsuliyyət daşıdığını açıq-aydın söylədi. Lakin Butrusun həmin adamlarla heç bir ədavəti yox idi, çünki onlar «cahillikdən» belə etmişdilər (Həv. 3:17). O onlara qardaşları kimi müraciət etdi və diqqəti Padşahlıq haqqında xəbərin müsbət cəhətlərinə yönəltdi. Əgər tövbə edib, Məsihə iman gətirsəydilər, onlar üçün Yehovadan «təravət mövsümü» gələcəkdi (Həv. 3:19). Biz də həmçinin Allahın yaxınlaşan hökmünü cəsarətlə və olduğu kimi bəyan etməliyik. Eyni zamanda kobud, qaba və ya tənqidi danışmamalıyıq. Əksinə, biz təbliğ etdiyimiz insanlara gələcək bacı-qardaşlarımız kimi baxır və Butrus kimi diqqəti Padşahlıq haqqında xəbərin müsbət cəhətlərinə cəmləyirik.

6. Butrusla Yəhya təvazökar və həlim olduqlarını necə göstərdilər?

6 Həvarilər təvazökar adamlar idi. Onlar göstərdikləri möcüzəyə görə şərəfi özlərinə götürmədilər. Əksinə, Butrus camaata dedi: «Yoxsa biz öz qüvvəmiz ya da möminliyimiz sayəsində onun ayaqlarını sağaltmışıq ki, bizə belə baxırsınız?» (Həv. 3:12). Butrus və başqa həvarilər bilirdilər ki, xidmətdə əldə etdikləri istənilən nailiyyət özlərinin yox, Allahın gücü sayəsindədir. Buna görə də onlar təvazökarlıqla izzəti Yehovaya və İsaya verirdilər.

7, 8. a) Biz insanlara hansı ənamı əldə etməyə kömək edə bilərik? b) «Hər şeyin bərpa ediləcəyi» haqda vəd bu gün necə yerinə yetir?

7 Padşahlığın təbliği işini icra edərkən biz də onlar kimi təvazökar olmalıyıq. Düzdür, bu gün Allahın ruhu məsihilərə möcüzəvi şəkildə insanları sağaltmaq bacarığını vermir. Bununla belə, biz insanlara Allaha və Məsihə iman gətirməyə, eləcə də Butrusun təklif etdiyi ənamı — günahlarının bağışlanması və Yehovadan təravət almaq imkanını əldə etməyə kömək edə bilərik. Hər il yüz minlərlə insan bu imkandan istifadə edərək Məsihin vəftiz olunmuş davamçısı olur.

8 Həqiqətən də, biz Butrusun bəhs etdiyi «hər şeyin bərpa» edildiyi vaxtda yaşayırıq. Allahın «qədimdə yaşamış müqəddəs peyğəmbərləri vasitəsilə» söylədikləri yerinə yetdi, belə ki, 1914-cü ildə göydə Allahın Padşahlığı təsis olundu (Həv. 3:21; Zəb. 110:1—3; Dən. 4:16, 17). Bundan az sonra Məsih yer üzündə həqiqi ibadətin bərpa olunmasına nəzarət etməyə başladı. Nəticədə, milyonlarla insan ruhani cənnətə gətirilərək Allahın Padşahlığının təbəələri olur. Onlar pozğunlaşan köhnə şəxsiyyəti əyinlərindən çıxarıb «Allahın iradəsinə əsasən... yaradılmış yeni şəxsiyyətə» bürünürlər (Efes. 4:22—24). Topal dilənçinin şəfa tapması kimi, bu heyrətamiz iş də insan cəhdlərinin yox, Allahın ruhunun sayəsində həyata keçirilir. Butrus kimi biz də başqalarına təlim verərkən Allahın Kəlamından cəsarətlə və məharətlə istifadə etməliyik. İnsanlara Məsihin davamçısı olmağa kömək edərkən qazandığımız hər bir uğuru özümüzün deyil, Allahın qüvvəsi sayəsində əldə edirik.

«Biz... danışmaya bilmərik» (Həvarilərin işləri 4:1—22)

9—11. a) Yəhudi rəhbərləri Butrusla Yəhyanın bəyan etdiyi xəbərə necə münasibət göstərdilər? b) Həvarilər nə etmək əzmində idilər?

9 Butrusun nitqi, eləcə də şəfa tapmış topalın sevincdən atılıb-düşməsi, səs-küy salması camaatın arasında çaxnaşmaya səbəb oldu. Bu ona gətirib çıxardı ki, məbədin ərazisində asayişi qorumaq üçün təyin olunan məbədin rəisi və böyük kahinlər məsələni araşdırmağa başladılar. Ehtimal ki, həmin adamlar, romalılarla sülhdə olmağa çalışan, fərisilərin çox sevdiyi şifahi qanunları rədd edən və dirilməyə istehza ilə yanaşan zəngin və böyük siyasi nüfuza malik olan saddukilər idic. Butrusla Yəhyanın məbəddə İsanın dirildiyini cəsarətlə öyrətdiklərini eşidəndə onlar özlərindən çıxdılar.

10 Qəzəb içində olan düşmənlər Butrusla Yəhyanı zindana saldılar və səhəri gün onları sürüyərək yəhudi ali məhkəməsinin önünə çıxardılar. Özlərini üstün hesab edən rəhbərlərin fikrincə, həvarilər məbəddə təlim verməyə ixtiyarı çatmayan «savadsız, sadə adam»lar idilər, çünki onlar heç bir dini məktəbdə təhsil almamışdılar. Lakin onların çəkinmədən və əminliklə danışması məhkəmə üzvlərinin təəccübünə səbəb oldu. Bəs Butrusla Yəhya nəyin sayəsində belə danışırdılar? Səbəblərdən biri o idi ki, onlar «İsa ilə bir yerdə olan adamlardan» idilər (Həv. 4:13). Onların Ağası mirzələr kimi deyil, əsl hakimiyyət sahibi kimi öyrədirdi (Mət. 7:28, 29).

11 Hakimlər həvarilərə təbliğ etməyi dayandırmağı əmr etdilər. Bu cəmiyyətdə məhkəmənin əmri qanun idi. Cəmi bir neçə həftə əvvəl İsa məhkəmə qarşısına çıxarılanda elə bu məhkəmə üzvləri onun haqda demişdi: «O ölməlidir» (Mət. 26:59—66). Amma bu, Butrusla Yəhyanı qorxutmurdu. Zəngin, ali təhsilli və nüfuzlu şəxslərin qarşısında duran Butrusla Yəhya cəsarətlə, eyni zamanda hörmətcil tərzdə dedilər: «Özünüz fikirləşin: Allahın qarşısında Allahı qoyub sizə qulaq asmaq nə dərəcədə düzgündür? Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik» (Həv. 4:19, 20).

BAŞ KAHİN VƏ BÖYÜK KAHİNLƏR

Baş kahin xalqı Allahın önündə təmsil edirdi. Eramızın birinci əsrində o həmçinin Sinedrionun da başçısı idi. Onun əhatəsində yəhudi rəhbərləri olan böyük kahinlər olurdu. Böyük kahinlərin sırasına Hənna kimi keçmiş baş kahinlər və onların seçildiyi ailələrdən digər yetkin kişilər daxil idi ki, bu ailələrin də sayı cəmi-cümlətanı dörd və ya beş idi. Emil Şürer adlı alim yazır: «Ehtimal ki, nüfuzlu ailələrdən birinə mənsub olmaq artıq öz-özlüyündə kahinlər arasında fərq yaradırdı».

Müqəddəs Kitaba əsasən, baş kahinlər ömür boyu xidmət etməli idilər (Say. 35:25). Lakin «Həvarilərin işləri» kitabının əhatə etdiyi dövrdə Roma valiləri və həmin valilərə tabe olan padşahlar istədikləri insanı baş kahin təyin edir, ya da vəzifədən uzaqlaşdırırdılar. Bununla belə, görünür, bütpərəst rəhbərlər onları Harunun kahinlər nəslindən seçirdilər.

12. Cəsarətimizi və əminliyimizi artırmağa nə kömək edə bilər?

12 Sən də elə cəsarət göstərə bilərsənmi? Qarşında varlı, təhsilli, yaxud nüfuzlu şəxslərə şahidlik etmək imkanı açılanda hansı hissləri keçirirsən? Ailə üzvlərin, iş və məktəb yoldaşların etiqadına istehza edəndə necə? Qorxursan? Əgər belədirsə, hisslərinə qalib gələ bilərsən. Yer üzündə olanda İsa həvarilərinə etiqadlarını əminliklə və hörmətcil tərzdə müdafiə etməyi öyrətmişdi (Mət. 10:11—18). Dirildikdən sonra o, «dövrün yekununa kimi həmişə» şagirdləri ilə olacağını vəd etmişdi (Mət. 28:20). «Sadiq və ağıllı nökər» İsanın rəhbərliyi altında bizə imanımızı necə müdafiə etməyi öyrədir (Mət. 24:45—47; 1 But. 3:15). Bu, yığıncaq görüşlərində, məsələn, «Məsihi həyatı və ibadəti» görüşündə verilən təlimin, həmçinin jw.org saytımızdakı «Müqəddəs Kitaba aid suallara cavab» bölməsindəki məqalələrin vasitəsilə həyata keçirilir. Sən bütün bunlardan tam fayda əldə etməyə çalışırsan? Əgər belədirsə, getdikcə cəsarətin və əminliyin artacaq. Həmçinin həvarilər kimi, sən də yol verməyəcəksən ki, gördüyün və eşitdiyin gözəl ruhani həqiqətlər barəsində danışmağına nə isə mane olsun.

Bacı kofe fasiləsi zamanı iş yoldaşına təbliğ edir.

Öyrəndiyin gözəl ruhani həqiqətlər haqqında danışmağa sənə nəyinsə mane olmasına yol vermə

«Ucadan Allaha dua etdilər» (Həvarilərin işləri 4:23—31)

13, 14. Təqiblərlə üzləşəndə nə etmək lazımdır və nə üçün?

13 Həbsdən azad olan kimi Butrusla Yəhya yığıncağın üzvləri ilə görüşməyə getdilər. Onlar təbliği davam etdirməyə cəsarət almaq üçün «birlikdə ucadan Allaha dua etdilər» (Həv. 4:24). Butrus öz qüvvəsinə güvənərək Allahın iradəsini yerinə yetirməyə çalışmağın ağılsızlıq olduğunu çox gözəl bilirdi. Cəmi bir neçə həftə əvvəl o, özündən razı halda İsaya demişdi: «Hamı səndən üz döndərsə də, mən ömrümdə səndən üz döndərmərəm!» Amma İsanın söylədiyi kimi, Butrus insanlardan qorxaraq dostunu və müəllimini inkar etdi. Lakin Butrus öz səhvindən nəticə çıxardı (Mət. 26:33, 34, 69—75).

14 Məsih haqqında şahidlik etmək tapşırığını yerinə yetirmək üçün qətiyyətli olmaq azdır. Təqibçilər səni imandan döndərməyə və ya təbliğ etməkdə sənə mane olmağa çalışsalar, Butrus və Yəhya kimi davran. Duada Yehovadan güc istə. Yığıncağın köməyinə arxalan. Üzləşdiyin çətinliklər barədə ağsaqqallarla və digər yetkin məsihilərlə danış. Başqalarının duaları səni çox möhkəmləndirə bilər (Efes. 6:18; Yaq. 5:16).

15. Nə vaxtsa təbliğ etməyi müvəqqəti olaraq dayandıranlar nəyə görə ruhdan düşməməlidirlər?

15 Əgər nə vaxtsa təqiblər qarşısında təslim olub təbliğ etməyi müvəqqəti olaraq dayandırmısansa, ruhdan düşmə. Yadındadırsa, həvarilərin hamısı İsanın ölümündən sonra bir müddət təbliği dayandırdılar, amma çox keçməmiş yenidən bu işdə fəal oldular (Mət. 26:56; 28:10, 16—20). Keçmişdə etdiyin səhvlərə görə ruhdan düşmək əvəzinə, onlardan nəticə çıxarıb başqalarını möhkəmləndirə bilərsənmi?

16, 17. Məsihin davamçılarının Yerusəlimdə yığışarkən etdikləri duadan nə öyrənirik?

16 Bəs hakimiyyət başında olanlar bizi sıxışdıranda nə haqda dua etməliyik? Diqqət yetir ki, şagirdlər sınaqların qurtarması haqqında dua etmirdilər. İsanın «məni təqib ediblərsə, sizi də təqib edəcəklər» sözləri onların zehnində həkk olunmuşdu (Yəh. 15:20). Buna görə də həmin sadiq şagirdlər Yehovadan xahiş etdilər ki, düşmənlərin hədə-qorxularını eşitsin (Həv. 4:29). Şagirdlər vəziyyəti hərtərəfli görür və başa düşürlər ki, üzləşdikləri təqiblər, əslində, peyğəmbərliyin yerinə yetməsidir. Onlar bilirdilər ki, rəhbərlər hər nə desələr də, İsanın öyrətdiyi duada deyildiyi kimi, Allahın iradəsi «yerdə də yerinə» yetəcək (Mət. 6:9, 10).

17 Yehovanın iradəsini yerinə yetirmək üçün şagirdlər Ona dua edərək dedilər: «Öz qullarına qüvvət ver ki,.. Sənin sözünü bundan sonra da cəsarətlə danışaq». Bəs Yehovanın buna cavabı necə oldu? «Onların... yığışdıqları yer silkələndi və hər biri müqəddəs ruhla doldu. Onlar Allahın sözünü cəsarətlə danışmağa başladılar» (Həv. 4:29—31). Bəli, Allahın iradəsinin yerinə yetməsinə heç nə mane ola bilməz (Əşy. 55:11). Bu nə qədər qeyri-mümkün görünsə də və təqibçilər nə qədər güclü olsalar da, Allaha dua etsək, Onun sözünü cəsarətlə söyləməyə davam etmək üçün bizə lazım olan gücü verəcəyinə əmin ola bilərik.

«İnsanlara yox, Allaha» hesabat verənlər (Həvarilərin işləri 4:32—5:11)

18. Yerusəlim yığıncağının üzvləri bir-biriləri üçün nə edirdilər?

18 Təməli yenicə qoyulmuş Yerusəlim yığıncağı tezliklə böyüdü. Onun üzvlərinin sayı 5000-dən çox oldud. Müxtəlif mənşədən olmalarına baxmayaraq, şagirdlər «canbir qəlbdə yaşayırdı». Onlar «yekdil və həmfikir» idilər (Həv. 4:32; 1 Kor. 1:10). Şagirdlər çəkdikləri zəhmətə bərəkət verməsi üçün Yehovaya dua etməklə kifayətlənmirdilər. Onlar ruhani, lazım gəldikdə isə maddi cəhətdən bir-birilərinə əl tuturdular (1 Yəh. 3:16—18). Məsələn, həvarilərin Barnəba ləqəbini verdiyi Yusif adlı şagird öz torpaq sahəsini satıb, bütün pulu təmənnasız olaraq ianə etdi ki, uzaq yerlərdən gələnlər yeni imanları haqqında daha çox öyrənmək üçün Yerusəlimdə bir qədər artıq qala bilsinlər.

19. Yehova nə üçün Hənənya və Səfirəni ölümə məhkum etdi?

19 Hənənya və Səfirə adlı ər-arvad da öz mülklərini satıb pulunu ianə etdilər. Onlar özlərini elə göstərdilər ki, guya pulun hamısını veriblər, amma, əslində, «pulun bir qismini» gizlətmişdilər (Həv. 5:2). Yehova bu ər-arvadı ölümlə cəzalandırdı. Buna səbəb, onların verdiyi pulun kifayət qədər olmaması yox, niyyətlərinin pis olması və yalan danışmaları idi. Onlar «insanlara yox, Allaha yalan» söyləmişdilər (Həv. 5:4). İsanın mühakimə etdiyi ikiüzlülər kimi, Hənənya və Səfirəni də Allahı razı salmaqdan çox, insanların gözündə izzət qazanmaq maraqlandırırdı (Mət. 6:1—3).

20. Yehova üçün etdiklərimizlə bağlı biz nə öyrəndik?

20 Birinci əsrdə Yerusəlimdə yaşayan sadiq şagirdlər kimi, milyonlarla müasir Yehovanın Şahidləri də səxavətlə könüllü ianələr edərək ümumdünya təbliğ işini dəstəkləyirlər. Bu işi dəstəkləmək üçün heç kimi vaxtını və ya pulunu verməyə məcbur etmirlər. Bəli, Yehova istəmir ki, biz Ona könülsüz və ya məcburi xidmət edək (2 Kor. 9:7). Yehovanı verdiyimiz şeylərin miqdarı yox, onları hansı niyyətdən irəli gələrək verməyimiz maraqlandırır (Mark 12:41—44). Biz heç vaxt Hənənya və Səfirə kimi şəxsi mənfəətimiz və ya özümüzə izzət axtardığımız üçün xidmət etmək istəməzdik. Əksinə, Butrus, Yəhya və Barnəba kimi, gəl biz də xidmətimizi Yehovaya və insanlara olan saf məhəbbətdən irəli gələrək icra edək (Mət. 22:37—40).

ƏVVƏL BALIQÇI, SONRA İSƏ FƏAL HƏVARİ OLAN BUTRUS

Müqəddəs Kitabda Butrusa beş adla müraciət olunur. Onu ibranicə Şəmun, onun yunan ekvivalenti olan Şimon, eləcə də Butrus və onun arami ekvivalenti Kifa adı ilə tanıyırdılar. Həmçinin həvarini iki adın birləşməsi olan Şimon Butrus deyə də çağırırdılar (Mət. 10:2; Yəh. 1:42; Həv. 15:14).

Həvari Butrus balıq səbətini daşıyır.

Butrus evli idi. O, qayınanası və qardaşı ilə bir evdə yaşayırdı (Mark 1:29—31). Cəlilə dənizinin şimal sahillərində yerləşən Beytsəyda şəhərindən olan Butrus balıqçı idi (Yəh. 1:44). Sonralar o, Kəfərnahum yaxınlığına köçmüşdü (Luka 4:31, 38). İsa Cəlilə dənizinin sahilində toplaşan izdihama məhz Butrusun qayığında oturaraq müraciət etmişdi. Bundan dərhal sonra İsanın göstərişi ilə Butrus toru atıb çoxlu balıq tutmuşdu. Bu, möcüzə idi. Butrus qorxusundan İsanın ayaqlarına döşənmişdi. Amma İsa ona demişdi: «Qorxma! İndən belə adam ovlayacaqsan» (Luka 5:1—11). Butrus balıq ovuna, adətən, qardaşı Andreas, eləcə də Yaqub və Yəhya ilə çıxırdı. Onlar İsanın davamçısı olmaq dəvətini qəbul edəndə öz peşələrini atdılar (Mət. 4:18—22; Mark 1:16—18). Təxminən bir il sonra Butrus İsanın seçdiyi 12 həvarinin (mənası «göndərilmiş») sırasında idi (Mark 3:13—16).

Butrus, Yaqub və Yəhya vacib məqamlarda İsanın yanında olurdular. Onlar İsanın görkəminin dəyişilməsini, onun Yairin qızını diriltməsini öz gözləri ilə görmüş və Getsemani bağında iztirab çəkərkən onunla bir yerdə olmuşdular (Mət. 17:1, 2; 26:36—46; Mark 5:22—24, 35—42; Luka 22:39—46). İsaya hüzurunun əlaməti ilə bağlı sualları da Andreasla birlikdə elə həmin üç nəfər vermişdi (Mark 13:1—4).

Butrus fəal adam idi. Həmçinin sözünü çəkinmədən deyir, hərdən isə tez coşurdu. Görünür, həvarilərin içində sözünü birinci deyən çox vaxt o olurdu. «Müjdə»lərdə digər 11 həvarinin sözləri birlikdə götürüldükdə Butrusun dediyi sözlərdən azdır. Başqaları susanda Butrus elə hey suallar verirdi (Mət. 15:15; 18:21; 19:27—29; Luka 12:41; Yəh. 13:36—38). Məhz o, əvvəlcə İsanın onun ayaqlarını yumasına etiraz etmiş, lakin məzəmmət edildikdən sonra əllərini və başını da yumasını xahiş etmişdi (Yəh. 13:5—10).

Güclü məhəbbətindən irəli gələrək Butrus İsanı əzab çəkməkdən və öldürülməkdən qaçındırmağa çalışdı. İsa qəti şəkildə Butrusun yanlış fikirlərinə düzəliş verdi (Mət. 16:21—23). İsanın yer üzündəki son gecəsində Butrus bildirdi ki, digər həvarilərin hamısı İsanı tərk etsə də, o, əsla tərk etməyəcək. Düşmənləri İsanı tutanda Butrus onu müdafiə etmək üçün cəsarətlə qılıncını çəkib qabağa çıxdı, sonra isə düz baş kahinin həyətinə kimi onun ardınca getdi. Bununla belə, çox keçmədi ki, Butrus üç dəfə Ağasını inkar etdi, sonradan isə nə etdiyini başa düşərək hönkür-hönkür ağladı (Mət. 26:31—35, 51, 52, 69—75).

Dirildikdən sonra İsanın Cəlilədə həvarilərinə görünməsindən bir az əvvəl Butrus balıq tutmağa getmək istədiyini dedi, başqa həvarilər də ona qoşuldu. Sahildə duranın İsa olduğunu başa düşən kimi Butrus suya baş vurub sahilə tərəf üzdü. Həvarilərinə balıq bişirdiyi səhər yeməyi zamanı İsa Butrusdan soruşdu ki, onu bunlardan, yəni qabağındakı balıqlardan çoxmu sevir. Bununla o, Butrusu ömrünü işə, məsələn, balıqçılığa yox, xidmətə həsr edərək onu izləməyə təşviq edirdi (Yəh. 21:1—22).

Təxminən eramızın 62—64-cü illərində Butrus xoş xəbəri Babildə təbliğ edirdi. Müasir İraqın ərazisində yerləşən Babildə böyük yəhudi icması var idi (1 But. 5:13). Butrus öz adını daşıyan və Allahdan ilham almış birinci və ehtimal ki, ikinci məktubunu da orada yazmışdı. İsa Butrusa «sünnət edilmişlərə həvarilik etmək üçün lazımi qüvvəni» vermişdi (Qal. 2:8, 9). Butrus bu tapşırığı mərhəmətlə və şövqlə yerinə yetirmişdi.

İSANIN SEVİMLİ ŞAGİRDİ YƏHYA

Həvari Yəhya Zəbədinin oğlu və həvari Yaqubun qardaşı idi. Görünür, onun anasının adı Səlimə idi. Ehtimala görə, o, İsanın anası Məryəmin bacısı olub (Mət. 10:2; 27:55, 56; Mark 15:40; Luka 5:9, 10). Buna görə də, ola bilsin, Yəhya İsanın qohumu idi. Görünür, Yəhyanın ailəsi imkanlı idi. Zəbədinin balıqçılıq işi elə yaxşı gedirdi ki, o hətta muzdlu işçilər də tutmuşdu (Mark 1:20). İsa Cəlilədə olarkən Səlimə onu müşayiət edir və ona xidmət edirdi, sonralar isə onun cəsədini dəfnə hazırlamaq üçün ədviyyatlar gətirmişdi (Mark 16:1; Yəh. 19:40). Güman ki, Yəhyanın özünün şəxsi evi var idi (Yəh. 19:26, 27).

Həvari Yəhya əlində tumar tutub.

Hesab edilir ki, Vəftizçi Yəhya İsaya işarə edərək: «Budur Allahın Quzusu!» — deyəndə Andreasın yanında duran adam Yəhya olub. Həmin vaxt Yəhya Vəftizçi Yəhyanın şagirdi idi (Yəh. 1:35, 36, 40). Görünür, bundan sonra Zəbədinin oğlu Yəhya İsa ilə birlikdə Qanə şəhərinə gedib orada onun ilk möcüzəsini gördü (Yəh. 2:1—11). İsanın Yerusəlimdə, Səməriyyədə və Cəlilədə sonrakı fəaliyyəti haqda dəqiq və ətraflı məlumat verməsi Yəhyanın bu hadisələrin də canlı şahidi olduğuna dəlalət edir. Yaqub, Butrus və Andreas kimi, Yəhyanın da balıqçı torlarından, qayığından və yaşamaq üçün zəruri olan vəsaitlərdən əl çəkərək İsanın davamçısı olmaq dəvətini dərhal qəbul etməsi onun imanının möhkəm olduğunu sübut edir (Mət. 4:18—22).

«Müjdə»lərdə Yəhya Butrus qədər nəzərə çarpmır. Lakin Yəhya da güclü xarakterə malik insan idi. Bu, İsanın ona və onun qardaşı Yaquba verdiyi Bənirəqiş, yəni «ildırım oğulları» ləqəbindən aydın görünür (Mark 3:17). İlk vaxtlar Yəhya çox şöhrətpərəst idi. Padşahlıqda ən yaxşı yerlərdə oturmağı xahiş etmək üçün Yəhya ilə qardaşı hətta analarını İsanın yanına belə göndərmişdi. Bu, xudbin arzu olsa da, onların Padşahlığın real olduğuna inandıqlarını göstərirdi. Qardaşların şöhrətpərəstliyini görən İsa təvazökarlığın vacibliyinə dair bütün həvarilərinə öyüd-nəsihət verdi (Mət. 20:20—28).

Yəhya güclü xarakterə malik olduğunu İsanın davamçısı olmayan bir nəfərə onun adı ilə cinləri qovmağı qadağan etməyə çalışanda göstərmişdi. Digər halda, İsa öz şagirdlərini Səməriyyə kəndlərindən birinə göndərmişdi ki, orada onun üçün hazırlıq görsünlər. Bu kəndin sakinləri İsanın adamlarını qəbul etməyəndə Yəhya onları məhv etmək üçün Yehovadan üzərlərinə alov yağdırmasını xahiş etmək istəmişdi. İsa buna görə Yəhyanı danlamışdı. Görünür, vaxt keçdikcə Yəhya tarazlı və mərhəmətli olmağı öyrəndi (Luka 9:49—56). Bütün nöqsanlarına baxmayaraq, Yəhya İsanın «sevimli şagirdi» idi. Buna görə də ölüm ayağında olanda İsa anası Məryəmi məhz Yəhyaya tapşırmışdı (Yəh. 19:26, 27; 21:7, 20, 24).

İsanın qabaqcadan dediyi kimi, Yəhya digər həvarilərdən çox yaşadı (Yəh. 21:20—22). Yəhya təxminən 70 il ərzində Yehovaya sədaqətlə xidmət etdi. Həyatının sonuna yaxın, Roma imperatoru Domisianın hakimiyyəti illərində «Allah haqqında [danışdığına] və İsa haqqında şahidlik [etdiyinə] görə» o, Patmos adasına sürgün olundu. Təxminən eramızın 96-cı ilində görüntülər alaraq orada «Vəhy» kitabını yazdı (Vəhy 1:1, 2, 9). Deyilənə görə, azadlığa çıxandan sonra Yəhya Efesə getmiş, orada adını daşıyan «Müjdə»ni və üç məktubunu yazmış, eramızın təxminən 100-cü ilində elə orada da vəfat etmişdi.

a Məbəddə səhər və axşam gətirilən qurbanlarla əlaqədar dualar edilirdi. Axşam qurbanı günorta saat üç üçün təqdim olunurdu.

b «Əvvəl balıqçı, sonra isə fəal həvari olan Butrus», «İsanın sevimli şagirdi Yəhya» adlı çərçivələrə bax.

c «Baş kahin və böyük kahinlər» adlı çərçivəyə bax.

d Eramızın 33-cü ilində Yerusəlimdə olsa-olsa 6000 fərisi və az sayda sadduki var idi. Onların İsanın təlimlərinə getdikcə daha çox təhlükəli bir şey kimi baxmalarına digər səbəb, bəlkə də, məhz bu idi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş