Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/7 s. 17—21
  • «Öyüdlərindən zövq alıram»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Öyüdlərindən zövq alıram»
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Allahın tədbirlərinə qarşı sədaqət
  • Xəbərdarlıq nümunəsi
  • Əxlaqi təmizliyimizi qoruyuruq
  • Allahın öyüdlərinə hay verin!
  • Yeqovanın xatırlatmalarını çoxmu sevirsiniz?
    Gözətçi qülləsi 2001
  • Yehovanın öyüdləri etibarlıdır
    Gözətçi qülləsi 2013
  • Davud və Talut
    Müqəddəs Kitab dünyasına səyahət
  • Qoy Yehovanın öyüdləri qəlbinə sevinc gətirsin
    Gözətçi qülləsi 2013
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/7 s. 17—21

«Öyüdlərindən zövq alıram»

«Bundan əvvəl yazılanların hamısı bizə tə’lim olaraq yazıldı» (ROMALILARA 15:4).

1. Yehova öyüdlərini bizə necə xatırladır və bizim onlara nə üçün ehtiyacımız var?

YAŞADIĞI çətin günlərin öhdəsindən gəlmək üçün Yehova Allah öyüdlərini Öz xalqına daima xatırladır. Allah bunu şəxsi öyrənmə, yığıncaq görüşlərində eşitdiyimiz mə’ruzələr və şərhlər vasitəsilə edir. Çox vaxt oxuduğumuz və eşitdiyimiz fikirlər bizim üçün yeni deyil. Amma unutqanlığa meylliliyimizdən, Yehovanın niyyəti, qanun və nəsihətlərini daima yaddaşımızda təzələməliyik. Qanunlarını bizə təkrarən xatırlatdığına görə Ona minnətdar olmalıyıq, çünki onlar bizi ruhlandırır, Allahın yoluna nə üçün qədəm basdığımızı yaddan çıxarmağa qoymur. Məzmurçu Yehovaya oxuyurdu: «Öyüdlərindən zövq alıram» (Məzmur 119:24).

2, 3. a) Yehova nəyə görə Müqəddəs Kitabda insanların həyat nümunələrini qoruyub saxlamışdır? b) Bu məqalədə Müqəddəs Kitabdan hansı hadisələrə baxılacaq?

2 Əsrlər əvvəl qələmə alınmasına baxmayaraq, Allahın Kəlamı öz tə’sirli qüvvəsini itirməyib (İbranilərə 4:12). Orada, qədimdə yaşamış insanların həyat nümunələri saxlanılıb. Adət-ən’ənələr və baxışlar dəyişsə də, o vaxt olduğu kimi, bu gün də insanlar eyni problemlərlə üzləşirlər. Müqəddəs Kitabda, çətin həyat şəraitlərinə baxmayaraq, Yehovanı sevən və Ona sədaqətlə xidmət edən insanların tə’sirli nümunələri, Allahın nifrət etdiyi davranış tərzindən bəhs edilir. Yehova qayğı göstərmişdir ki, həm pis, həm də yaxşı həyat nümunələri Müqəddəs Kitaba köçürülsün və Onun qanunlarına riayət etməyin vacibliyini yadımıza salsın. Əlbəttə, onları oxumaq bizim üçün xeyirli olacaq. Həvari Pavel belə demişdi: «Bundan əvvəl yazılanların hamısı bizə tə’lim olaraq yazıldı ki, təhəmmül və Müqəddəs Yazıların təsəllisi ilə ümidimiz olsun» (Romalılara 15:4).

3 Gəlin Müqəddəs Yazılardan üç hadisəyə diqqətlə fikir verək. Bunlar Davudla Şaulun münasibətləri, Hananya ilə Şapiranın hərəkəti və Yusifin Potifarın arvadı ilə davranışı haqqındakı epizoddur. Bu nümunələrdən hər biri bizə ibrət dərsi verir.

Allahın tədbirlərinə qarşı sədaqət

4, 5. a) Padşah Şaulla Davudun arasında hansı münasibətlər var idi? b) Davud Şaulun ədavətinə necə münasibət bəsləyirdi?

4 Padşah Şaul Yehova Allaha qarşı sədaqətsiz çıxdığından artıq Onun xalqını idarə etməyə layiq deyildi. Allah onu rədd etdi və peyğəmbəri Şamueli göndərdi ki, İsrailin padşahı olmaq üçün Davudu məsh etsin. Davud döyüşlərdə şücaət göstərib xalqın rəğbətini qazanmaqla Şaulun gözündə güclü bir rəqibə çevrildi. Şaul hətta bir neçə dəfə onu öldürmək istədi, lakin Davud hər dəfə sağ qalırdı, çünki Yehova onunla idi (1 Şamuel 18:6-12, 25; 19:10, 11).

5 Uzun illər ərzində Davud qaçaq kimi yaşamağa məcbur oldu. Davudun əlinə bir neçə dəfə Şaulu öldürməyə fürsət düşmüşdü. Yoldaşları, düşməninin onun əlinə Yehova tərəfindən verildiyini desələr də, Davud bundan imtina etdi. Davud Yehovaya sədaqətli olmaq, Şaulun isə, Allahın xalqının məsh edilmiş padşahı olduğundan, hörmətini saxlamaq istəyirdi. Məgər Şaulu padşah tə’yin edən Yehova deyildimi? Deməli, lazım bildiyi vaxtda Özü də onu vəzifəsindən kənar edəcək. Bəli, Davud bu cür düşünürdü. O yaxşı anlayırdı ki, bu işə müdaxilə etməyə onun haqqı yoxdur. Şaulla barışmaq cəhdlərindən sonra o belə qənaətə gəldi: «Rəbb onu mütləq vuracaq. Elə gün gələcək ki, öz əcəli ilə öləcək ya da döyüşdə həlak olacaq. Qoy Rəbbin məsh etdiyinə əl qaldırmaqdan Rəbb Özü məni uzaq etsin» (1 Şamuel 24:3-15; 26:7-20).

6. Davudla Şaulun hekayəti bizi nə üçün maraqlandırmalıdır?

6 Bu hadisədən özümüz üçün ibrət dərsi ala bilərik. Məsihçi yığıncağında müəyyən problemlərin nəyə görə yarandığını heç özündən soruşmusanmı? Ola bilər, yığıncaq üzvlərindən kimsə ədəb-ərkanla davranmır. Günah iş görməsə də, onun hərəkətləri səni narahat edir. Buna necə münasibət bəsləməlisən? Məsihçi məhəbbətindən və Yehova Allaha sədaqətdən irəli gələrək, aranızda olan anlaşılmazlığı həll etmək üçün yəqin onunla mehribancasına danışmaq istəyərsən. Bütün sə’ylərinə baxmayaraq, problem həll olunmursa, onda necə? Bu halda məsələni Yehovanın öhdəsinə buraxmaq yaxşı olar. Davud məhz belə də etmişdi.

7. Ədalətsizlik və pis münasibətlə qarşılaşanda Davuddan necə nümunə götürə bilərik?

7 Ola bilər, sosial mövqeyinizə və dini baxışla­rınıza görə insanlar sizə düzgün münasibət bəsləmirlər. Belə vəziyyətdə özünüzü aciz hiss edə bilərsiniz, çünki bu cür problemlərə günbəgün tab gətirmək asan iş deyil. Davudun ədalətsizliyə münasibətindən siz özünüzə dərs götürə bilərsiniz. Davud çox tə’sirli məzmurlar yazmışdı. Lakin onların mövzusu yalnız Şaulun əlindən qurtulmaq yalvarışları deyildi, Davud məzmurlarında Yehova Allaha olan sədaqətindən və Onun isminin izzətlənməsindən oxuyurdu (Məzmur 18:1-6, 25-27, 30-32, 48-50; 57:1-11). Şaul Davuda illər uzunu ədavət bəsləsə də, Davudun Yehova Allaha sədaqəti soyumamışdı. Payımıza düşən ədalətsizliyə və insanların münasibətinə baxmayaraq, biz də Yehovaya və Onun təşkilatına sədaqətimizi qorumalıyıq. Əmin ola bilərik ki, Yehova nə çəkdiyimizi bilir (Məzmur 86:2).

8. Mozambikdəki Şahidlərin Allaha sədaqətləri sınananda onlar özlərini necə apardılar?

8 Mozambikdə yaşayan məsihçi qardaşlarımız da ağır sınaqlar zamanı Yehovaya sadiqliklərini qorumuşlar. 1984-cü ildə qarşıdurma hərəkatının silahlı üzvləri onların kəndlərinə bir neçə dəfə basqın etmiş, evlərini qarət edib yandırmış və bə’zilərini öldürmüşlər. Sadiq məsihçilər bu vəziyyətdə nə edə bilərdilər? Hərəkatın üzvləri o ərazidə yaşayanlara təzyiq göstərirdilər ki, onlar hərbi hərəkata qoşulsunlar və ya onu digər yollarla dəstəkləsinlər. Yehovanın Şahidləri bunu məsihçi bitərəfliyi mövqelərinə zidd hərəkət kimi qiymətləndirərək, hərəkat üzvlərinin tələblərinə rədd cavabı verdilər. Cavab şiddətli qəzəb doğurdu. O qızğın vaxtda otuza yaxın Şahid öldürüldü. Amma ölümlə üz-üzə gəldikdə belə, Allahın xalqı sadiqliyindən dönmədia. Davud kimi, onlar da ədalətsizliyə qatlaşdılar, amma sonda qalib çıxdılar.

Xəbərdarlıq nümunəsi

9, 10. a) Müqəddəs Yazılardakı nümunələrdən hansı faydanı əldə etmək olar? b) Hananya ilə Şapiranın hərəkətində səhv olan nə idi?

9 Müqəddəs Yazılarda davranış tərzinə dair xəbərdaredici nümunələrdən bəhs edilir. Orada, Allahın xidmətçilərini də daxil etməklə insanların gördükləri pis işlər və onların gətirdiyi ağır nəticələr yazılmışdır (1 Korinflilərə 10:11). Belə hekayətlərdən biri Hananya ilə Şapiranın nümunəsidir. Bu ər-arvad birinci əsrdə yaşamış və Yerusəlimdəki məsihçi yığıncağının üzvü idilər.

10 Eramızın 33-cü ili, Pentikost günündən sonra həqiqətə yenicə qoşulmuş imanlılar Yerusəlimdə qalıb həvarilərlə ünsiyyət etmək qərarına gəldilər. Onların qayğısına qalmaq lazım idi. Ona görə də yığıncaq üzvlərindən bə’ziləri mülklərini satdılar ki, bacı və qardaşlarının heç nəyə ehtiyacı olmasın (Həvarilərin işləri 2:41-45). Hananya ilə Şapira da tarlalarını satdılar. Lakin həvarilərə pulun yalnız bir qismini gətirib dedilər ki, satışdan əldə etdikləri bütün pulu qardaşları üçün ianə edirlər. Hananya ilə Şapiradan konkret bir məbləğdə pul ianə etmələrini tələb edən yox idi, könülləri nə qədər istəsə, o qədər də verə bilərdilər. Ancaq ürəklərinin niyyəti pis idi, onlar vicdanla hərəkət etmədilər. Hananya ilə Şapira istəyirdilər ki, həvarilər və bütün yığıncaq onların nə qədər «əliaçıq» olduğunu görsünlər. Müqəddəs ruhun tə’siri ilə həvari Peter onları ifşa etdi, onların ikiüzlülüyü və əyriliyi hamıya mə’lum oldu. Yehova onları ölümlə cəzalandırdı (Həvarilərin işləri 5:1-10).

11, 12. a) Müqəddəs Kitabdan hansı nümunələr bizə düzgünlüyün vacibliyini xatırladır? b) Düzgünlüyün gətirdiyi xeyir-duaları sadalayın.

11 İnsanların rəğbətini qazanmaq üçün ürəyimizdən həqiqəti təhrif etmək arzusu keçsə, qoy Hananya ilə Şapiranın nümunəsi gözümüzü açıb bizi vaxtında oyatsın. İnsanları aldatmaq olar, Yehova Allahı isə heç vaxt! (İbranilərə 4:13) Müqəddəs Yazılar bizi dəfələrlə təşviq edir ki, bir-birimizlə düzgünlüklə davranaq, çünki haqsızlıqdan təmizlənmiş yer üzündə yalançılara yer olmayacaq (Süleymanın məsəlləri 14:2; Vəhy 21:8; 22:15). Bunun səbəbi aydındır: hər cür yalanın mənbəyi — Şeytan İblisdir (Yəhya 8:44).

12 Doğruluq yolunda yeriməklə bir çox xeyir-dualar qazanırıq. Bunlar təmiz vicdan, insanların bizə e’tibar etməsi, bundan aldığımız məmnunluq hissidir. Bir çox hallarda məsihçilərə düzgünlüklərinə görə iş təklif ediblər. Digər hallarda eyni səbəbdən onlar işlərini itirməyiblər. Ən əsası isə, düzgünlüklərinə görə Qadir Allah Yehova ilə dostluq münasibətləri qura bilərik (Məzmur 15:1, 2).

Əxlaqi təmizliyimizi qoruyuruq

13. Yusif hansı vəziyyətə düşdü və necə davrandı?

13 Qəbilə başçısı Yaqubun oğlu Yusif 17 yaşında ikən köləliyə satılmışdı. Bir müddətdən sonra o, Potifar adlı misir ə’yanının evində işləməyə başlayır. Yaraşıqlı bir cavan olduğu üçün Potifarın arvadının ona gözü düşür. Arvadın ürəyindən Yusiflə yaxınlıq etmək istəyi keçir və bütün günü ona deyir: «Gəl mənimlə yat». Yusif valideynlərindən uzaq, qərib bir ölkədə idi. O, qadınla yaxınlıq edər və sonra da bunu gizlədə bilərdi. Amma Potifarın arvadı ondan yapışanda Yusif qaçdı (Yaradılış 37:2, 18-28; 39:1-12).

14, 15. a) Yusifin hekayəsi bizim üçün nəyə görə maraqlıdır? b) Bir məsihçi qadın Allaha nə üçün minnətdardır?

14 Yusif Allah qorxusuna malik ailədə böyümüşdü və bilirdi ki, nikahda olmayan şəxslərin bir-biri ilə cinsi yaxınlıq etməsi düzgün deyil. Ona görə də demişdi: «Mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?» Allahın Eden bağında qoyduğu qaydadan onun xəbəri vardı: cinsi əlaqə yalnız ər ilə arvad arasında olmalıdır (Yaradılış 2:24). Yusifin davranışı üzərində düşünmək bizim üçün də xeyirlidir. Bə’zi yerlərdə insanlar cinsi münasibətlərə o qədər sərbəst yanaşırlar ki, məsihçi gənclər bu cür yaxınlıqdan imtina edəndə yaşıdları onlara gülür. Evli insanlar arasında həyat yoldaşına xəyanət edənlər də az deyil. Gördüyümüz kimi, Yusifin hekayəsi çox aktualdır. Allahın zinaya və əxlaqsızlığa nöqteyi-nəzəri dəyişməyib, Onun gözündə bu hərəkətlər günahdır (İbranilərə 13:4). Təzyiqə tab gətirməyib əxlaqsızlıq etmiş gənclərin çoxu vaxtında dayanmadıqlarına görə indi peşmançılıq çəkirlər. Əxlaqsızlığın arzuolunmaz nəticələri arasında vicdan əzabı, öz gözündə hörmətdən düşmə, qısqanclıq, hamiləlik və cinsi yolla ötürülən xəstəlikləri sadalamaq olar. Müqəddəs Kitab xatırladır ki, əxlaqsızlıq edən «bədəninə qarşı günah işlədir» (1 Korinflilərə 5:9-12; 6:18; Süleymanın məsəlləri 6:23-29, 32).

15 Cennib adlı subay bir məsihçi qız Yehovanın Öz öyüdlərini xatırlatdığı üçün Ona çox minnətdardır. İşdə yaraşıqlı bir əməkdaşı ona maraq göstərirdi. Cenni oğlanın cəhdlərinə reaksiya vermədikcə, o daha da cəsarətlənirdi. Cenni e’tiraf edir: «Əxlaqi cəhətdən təmiz qalmaq asan deyil, çünki əks cinsdən olan bir adamın sənə maraq göstərməsi sənin də xoşuna gəlir». Bacımız başa düşdü ki, oğlan, sadəcə olaraq, cinsi yaxınlıq etdiyi qadınlar siyahısına onun da adını əlavə etmək istəyir. Təzyiq qarşısında zəiflədiyini hiss edən kimi, bacımız Yehovaya dua etməyə başladı. O, sadiqliyini qorumaq üçün Allahdan qüvvə diləyirdi. Cenni deyir ki, Müqəddəs Kitabı və nəşrləri araşdırarkən tapdığı mə’lumat lap vaxtında idi və onu ayıq olmağa sövq etdi. Tapdığı nümunələrdən biri elə Yusiflə Potifarın arvadının əhvalatı idi. «Yehovanı nə qədər çox sevdiyimi özümə xatırlatdıqca, artıq qorxmuram ki, bu böyük pisliyi edib Allahın önündə günaha bataram».

Allahın öyüdlərinə hay verin!

16. Müqəddəs Kitabda təsvir edilən insanların həyat nümunələri üzərində düşünməkdən biz hansı faydanı əldə edə bilərik?

16 İnsanların həyat nümunələrini Allahın Müqəddəs Kitaba nəyə görə yazdırdığını başa düşməyə çalışanda Onun normalarına olan minnətdarlığımız daha da artır. Onlar bizə nə öyrədir? O adamların hansı keyfiyyətlərini və ya meyllərini təqlid etməli, hansılarından çəkinməliyik? Allahın Kəlamında, demək olar ki, yüzlərlə insanın siması canlanır. Allahın nəsihətlərini sevən hər bir kəs həyat bəxş edən müdrikliyə can atmalı, Yehovanın bizim üçün qoruyub saxladığı bu həyat nümunələrindən ibrət dərsi götürməlidir. Bu jurnalda da tez-tez faydalı tərcümeyi-hallar dərc edilir. Nəyə görə onları bir daha nəzərdən keçirməyəsiniz?

17. Yehovanın təkrar-təkrar verdiyi öyüdlərə qarşı sən nə duyursan və nə üçün?

17 Biz Yehovaya minnətdar olmalıyıq, belə ki O, iradəsini yerinə yetirməyə çalışan insanlara qayğı göstərir. Biz və Müqəddəs Kitabda haqlarında danışılan insanlar kamil deyilik. Bununla belə, onların hərəkətlərinin, müsbət nümunələrinin bizim üçün dəyəri böyükdür. Yehovanın təkrar-təkrar verdiyi öyüdlərə riayət etməklə özümüzü ciddi günahlardan qoruyur, salehlik yolu ilə yeriyənlərin gözəl nümunəsini təqlid edə bilirik. Belə olan təqdirdə biz də məzmurçu ilə səs-səsə verib oxuya bilərik: «Nə bəxtiyardır Onun öyüdlərinə əməl edənlər, bütün qəlbi ilə Onu axtaranlar. Öyüdlərinə ürəkdən bağlanmışam, onları çox sevirəm!» (Məzmur 119:2, 167).

[Haşiyələr]

a 1996-cı il üçün «Yehovanın Şahidlərinin illik məcmuəsi» (rus.), 160-162-ci səhifələrə baxın.

b Ad dəyişdirilib.

Necə cavab verərdiniz?

• Davudun Şaula qarşı münasibətindən biz nə öyrənirik?

• Hananya ilə Şapiranın hadisəsi bizə nə öyrədir?

• Yusifin nümunəsi nəyə görə bu gün xüsusilə aktualdır?

[18-ci səhifədəki şəkil]

Davud Şaulun öldürülməsinə nə üçün yol vermədi?

[19-cu səhifədəki şəkil]

Hananya ilə Şapiranın əhvalatından nə öyrənirik?

[20-ci səhifədəki şəkil]

Yusif nəyə görə əxlaqsız təklifləri rədd etdi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş