Qoy Yehova səni əsil azadlığa doğru aparsın
«Azadlığın kamil qanununa diqqətlə [bax]» (YAQ. 1:25).
İZAH EDƏ BİLƏRSƏNMİ?
Azadlığa doğru aparan qanun hansıdır və bu qanundan kimlər faydalana bilər?
Əsil azadlığın sirri nədədir?
Həyata aparan yoldan azmayan insanların hamısı hansı azadlığa qovuşacaq?
1, 2. a) Bu gün insanlar nə dərəcədə azaddırlar və vəziyyətin bu yerə gəlib çatmasına səbəb nədir? b) Yehovanın xidmətçilərini gələcəkdə necə azadlıq gözləyir?
BİZ tamahkarlığın, qanunsuzluğun və zorakılığın getdikcə artdığı bir dövrdə yaşayırıq (2 Tim. 3:1—5). Bunun müqabilində dövlətlər daha çox qanunlar qəbul edir, polis nəzarətini daha da gücləndirir və elektron izləmə sistemləri quraşdırır. Bəzi ölkələrdə ayrı-ayrı vətəndaşlar təhlükəsizliklərini təmin etmək məqsədilə evlərinə siqnalizasiya qoyur, əlavə qıfıllar asır və hətta evlərinin ətrafındakı hasara elektrik cərəyanı qoşurlar. Çoxları axşamlar evdən bayıra çıxmağa qorxur. Valideynlər, günün hansı saatından asılı olmayaraq, uşaqlarını həyətdə oynayarkən nəzarətsiz qoymurlar. Aydın məsələdir ki, azadlıq çərçivəsi getdikcə daralır və vəziyyət bu istiqamətdə inkişaf etməyə davam edir.
2 Eden bağında Şeytan iddia etmişdi ki, əsil azadlıq Yehova Allahdan müstəqil olmaq deməkdir. Zaman bunun mənfur və dəhşətli yalan olduğunu təsdiqlədi! Həqiqətən də, cəmiyyətdə Allahın əxlaq və ruhani qanunlarına hörmət azaldıqca insanlar daha çox əziyyət çəkirlər. Getdikcə pisləşən vəziyyət Yehovanın xidmətçiləri olan bizlərdən də təsirsiz ötüşmür. Bununla belə, bizim gözəl ümidimiz var: elə bir gün gələcək ki, bəşəriyyət günah və çürüklük köləliyindən azad olacaq və Müqəddəs Kitabda «Allahın övladlarının şanlı azadlığı» adlandırılan azadlığa qovuşacaq (Rom. 8:21). Yehova artıq Öz xidmətçilərini bu azadlıq üçün hazırlamağa başlayıb. O, bunu necə edir?
3. Yehova Məsihin davamçılarına hansı qanunu verib və biz bu məqalədə hansı sualları nəzərdən keçirəcəyik?
3 Xidmətçilərini gələcəkdə gözlədiyi azadlıq üçün hazırlamaq məqsədilə Yehova onlara bir qanun verib. Yaqub onu «azadlığın kamil qanunu» adlandırıb. (Yaqub 1:25 ayəsini oxu.) Adətən, qanun sözünü insanlar azadlıq yox, məhdudiyyət kimi başa düşürlər. Bəs onda «azadlığın kamil qanunu» nədir? Bu qanun bizi necə azad edir?
AZADLIĞA QOVUŞDURAN QANUN
4. «Azadlığın kamil qanunu» nədir və ondan kimlər yararlanır?
4 «Azadlığın kamil qanunu» deyildikdə, Musanın qanunu nəzərdə tutulmur, çünki bu Qanunun məqsədi günahları aşkar etmək idi və o, Məsihin üzərində yerinə yetdi (Mat. 5:17; Qalat. 3:19). Bəs onda Yaqub hansı qanun haqda yazırdı? Bu, «Məsihin [qanunudur]». Həmin qanun həm də «iman tələb edən [qanun]» və «azad xalqın qanunu» adlanır (Qalat. 6:2; Rom. 3:27; Yaq. 2:12). Deməli, kamil qanun özünə Yehovanın bizdən tələb etdiyi hər şeyi daxil edir. Bu qanundan həm məsh olunmuş məsihçilər, həm də başqa qoyunlar yararlanırlar (Yəh. 10:16).
5. Nəyə görə azadlıq qanunu ağır deyil?
5 Bir çox ölkələrin dolaşıq və ağır qanunlarından fərqli olaraq, bu kamil qanun sadə əmrlərdən və əsas prinsiplərdən ibarətdir(1 Yəh. 5:3). İsa boyunduruğunun rahat, yükünün yüngül olduğunu demişdi (Mat. 11:29, 30). Üstəlik, bu kamil qanunun uzun-uzadı qadağalar və cəzalar siyahısına ehtiyacı yoxdur, çünki onun əsasını məhəbbət təşkil edir və bu qanun daş lövhəciklər üzərində yox, bizim zehin və ürəklərimizdə həkk olunub. (İbranilərə 8:6, 10 ayələrini oxu.)
KAMİL QANUN BİZİ NECƏ AZAD EDİR?
6, 7. Yehovanın tələbləri barədə nə demək olar və azadlıq qanunu bizə hansı imkanı verir?
6 Yehovanın şüurlu varlıqlar üçün qoyduğu məhdudiyyətlər onların rifahı və təhlükəsizliyi üçündür. Nümunə üçün enerjini və materiyanı idarə edən fiziki qanunları götürək. İnsanlar bu qanunların onlar üçün yük olduğundan şikayət etmirlər. Əksinə, bu qanunları qiymətləndirir və onların rifahı üçün xidmət etdiyini dərk edirlər. Eynilə, Məsihin kamil qanununda əks olunan Yehovanın əxlaq və ruhani normaları da insanların xeyri üçündür.
7 Azadlıq qanunu bizi müdafiə etməklə yanaşı, özümüzə zərər vurmadan və başqalarının azadlıqlarını və hüquqlarını pozmadan bütün düzgün arzularımızı təmin etmək imkanı verir. Beləliklə, yalnız arzularımız düzgün olduğu təqdirdə biz istədiyimiz şeyləri edə bilərik. Əsil azadlığın sirri də elə bundadır. Başqa sözlərlə desək, biz Yehovanın sevdiyi şeyləri sevməli, nifrət etdiyi şeylərə nifrət etməliyik. Azadlıq qanunu bizə məhz bunu etməyə kömək edir (Amos 5:15).
8, 9. Azadlıq qanununa riayət edənlər hansı faydanı əldə edirlər? Nümunə əsasında izah et.
8 Qeyri-kamil olduğumuz üçün günahlı arzularımızı dəf etmək çox çətindir. Bununla belə, azadlıq qanununa sədaqətlə riayət edəndə biz hətta indi müəyyən mənada azad ola bilərik. Bir nümunəyə diqqət yetirək. Müqəddəs Kitabı təzəcə öyrənməyə başlayan Cey adlı bir kişinin tütündən asılılığı var idi. O, bu vərdişin Allaha məqbul olmadığını biləndə qərar verməli oldu: günahlı bədəninin istəklərini təmin etməyə davam etsin, yoxsa Yehovaya boyun əysin? Bədəni nikotin tələb etsə də, o, müdrik qərar verərək Yehovaya xidməti seçdi. Bu pis vərdişə qalib gəldikdən sonra o, özünü necə hiss edirdi? O demişdi: «Mən inanılmaz dərəcədə azad və xoşbəxt idim».
9 Dünyanın təklif etdiyi azadlıq insanları «bədənin istəkləri»ni təmin etməyə imkan verir. Cey öz təcrübəsindən gördü ki, nəticədə, onlar günahın quluna çevrilirlər. Ancaq Yehovanın təklif etdiyi azadlıq, yəni «ruhani şeylər barəsində düşünmək» insanı azadlığa qovuşdurmaqla yanaşı, «həyat və sülh»ə doğru aparır (Rom. 8:5, 6). Cey onu kölə halına salan bu vərdişin öhdəsindən gəlmək üçün gücü haradan almışdı? Əlbəttə ki, özündən yox, Allahdan. O deyir: «Mən Müqəddəs Kitabı müntəzəm şəkildə araşdırırdım, Allahdan müqəddəs ruh diləyirdim və məsihçi yığıncağının mənə sevinclə təqdim etdiyi köməkdən yararlanırdım». Bütün bunlar əsil azadlıq sorağında olan bizlərə də kömək edə bilər. Gəlin görək necə.
ALLAHIN KƏLAMINA DİQQƏTLƏ BAX
10. Allahın qanununa «diqqətlə baxmaq» nə deməkdir?
10 Yaqub 1:25 ayəsində oxuyuruq: «Azadlığın kamil qanununa diqqətlə baxan və ona bağlı qalan... öz işində xoşbəxt olacaq». Bu ayədə «diqqətlə baxmaq» kimi tərcümə olunan yunan sözü «baxmaq üçün əyilmək» mənasını daşıyır, bunun üçün isə insandan bütün fikrini cəmləmək tələb olunur. Bəli, əgər biz azadlıq qanununun zehnimizə və ürəyimizə təsir göstərməsini istəyiriksə, Müqəddəs Kitabı səylə araşdırmalı və dua edərək oxuduqlarımızın üzərində dərindən düşünməliyik (1 Tim. 4:15).
11, 12. a) İsa həqiqəti öz həyat yolumuz etməyin vacibliyini necə göstərmişdi? b) Abzasdakı nümunədən göründüyü kimi, xüsusilə gənclər hansı təhlükədən qaçmalıdırlar?
11 Lakin eyni zamanda biz Allahın Kəlamına bağlı qalmalıyıq, yəni daima onu tətbiq etməliyik, onda həqiqət bizim həyat yolumuz olacaq. İsa ona iman gətirən insanlara növbəti sözləri deyəndə eyni fikri ifadə etmişdi: «Əgər mənim sözlərimi qəlbinizdə saxlasanız, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz. Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək» (Yəh. 8:31, 32). Bir lüğətdə qeyd olunur ki, «dərk etmək» ifadəsi burada həm də «qiymətləndirmək» mənasını verir, çünki «həmin məlumat onu “dərk edən” üçün dəyərli və ya vacibdir». Deməli, həqiqəti öz həyat yolumuz edəndə onu tam mənada dərk etmiş oluruq. Onda biz haqlı olaraq deyə bilərik ki, Allahın sözü bizdə «fəaliyyət göstərir» və səmavi Atamızı yaxından təqlid etməyimiz üçün şəxsiyyətimizi formalaşdırır (1 Salon. 2:13).
12 Özündən soruş: «Doğrudanmı, mən həqiqəti dərk etmişəm? Həqiqət mənim həyat yoluma çevrilibmi? Yaxud mən hələ də dünyanın təklif etdiyi “azadlığın” arzusundayam?» Məsihçi ailəsində böyüyən bir bacı gənclik illərini xatırlayaraq yazır: «İnsan həqiqətdə böyüyəndə Yehova haqqında həmişə eşidir. Lakin mən Onunla yaxın münasibət qurmaq üçün bu fürsətdən heç vaxt yararlanmamışdım. Onun nifrət etdiyi şeylərə nifrət etməyi vərdiş etməmişdim. Heç vaxt inanmırdım ki, Onun üçün bir əhəmiyyət kəsb edirəm. Dara düşəndə Ona müraciət etməyi öyrənməmişdim. Mən həmişə öz ağlıma güvənirdim. İndi dərk edirəm ki, bu, ağılsızlıq imiş, çünki, əslində, heç nə bilmirdim». Xoşbəxtlikdən, bu bacı sonradan düşüncə tərzinin tamamilə səhv olduğunu anladı və həyatında köklü dəyişikliklər etdi. O hətta daimi pioner kimi xidmət etməyə başladı.
MÜQƏDDƏS RUH SƏNƏ AZADLIĞA QOVUŞMAĞA KÖMƏK EDƏ BİLƏR
13. Allahın müqəddəs ruhu bizə azadlığa qovuşmağa necə kömək edir?
13 Biz 2 Korinflilərə 3:17 ayəsində oxuyuruq: «Yehovanın ruhu haradadırsa, orada azadlıq var». Müqəddəs ruh bizə azadlığa qovuşmağa necə kömək edir? Digər şeylərlə yanaşı, Allahın ruhu bizdə azadlıq üçün əhəmiyyətli olan «məhəbbət, sevinc, sülh, səbir, yaxşılıq, xeyirxahlıq, iman, həlimlik, təmkin» kimi xüsusiyyətlər yetişdirir (Qalat. 5:22, 23). Bu xüsusiyyətlər, xüsusilə də məhəbbət olmadan heç bir cəmiyyət sözün əsil mənasında azad ola bilməz və dünyadakı vəziyyət buna bir sübutdur. Maraqlıdır ki, ruhun bəhrəsinə daxil olan xüsusiyyətləri sadaladıqdan sonra həvari Pavel əlavə etmişdi: «Bunlara qarşı qanun yoxdur». Bu, nə deməkdir? Ruhun səmərəsini inkişaf etdirməyimizə məhdudiyyət qoyan heç bir qanun mövcud deyil (Qalat. 5:18). Belə bir qanunun heç bir mənası olmazdı. Yehova istəyir ki, biz Məsihə xas olan bu xüsusiyyətləri əbədiyyət boyu özümüzdə yetişdirək və heç bir sədd qoymadan onları təzahür etdirək.
14. Dünya onun ruhuna uyan insanları kölə halına necə salır?
14 Dünyanın ruhunun əsarətində olan və günahlı arzularının dalınca düşən insanlar azad olduqlarını fikirləşə bilərlər. (2 Peter 2:18, 19 ayələrini oxu.) Lakin reallıq bunun tam əksidir. Onların nəfslərini və azğın davranışlarını nəzarət altında saxlamaq üçün hökumətlər saysız-hesabsız qayda-qanunlar təsis etmək məcburiyyətindədir. Pavel demişdi: «Qanun saleh adamlar üçün yox, qanunsuz, itaətsiz... adamlar üçün verilib» (1 Tim. 1:9, 10). Onlar həmçinin günahın köləsidirlər və amansız, qəddar ağa olan bədənlərinin arzularının dalınca düşürlər (Efes. 2:1—3). Müəyyən mənada belə insanlar içində bal olan qabın üstünə cuman həşəratlara bənzəyirlər. Nəfslərinin ardınca düşən bu insanlar tezliklə tələyə düşdüklərini anlayırlar (Yaq. 1:14, 15).
MƏSİHÇİ YIĞINCAĞININ HÜDUDLARI ÇƏRÇİVƏSİNDƏ AZADLIQ
15, 16. Yığıncaqla ünsiyyət etmək bizim üçün nə dərəcədə vacibdir və biz özümüzü nə dərəcədə azad hiss edirik?
15 Məsihçi yığıncağı ilə ünsiyyət etmək hər hansı bir ictimai klubun üzvü olmaq demək deyil. Əksinə, Yehova səni cəlb etdiyi üçün sən yığıncaqdasan (Yəh. 6:44). Bunu etməyə Yehovanı nə təşviq etmişdi? Bəlkə, sən Onun gözündə saleh, Ondan qorxan bir adam olmusan? «Əsla yox!» — deyə sən etiraz edə bilərsən. Bəs onda Allah səndə nə gördü? Allah gördü ki, ürəyin Onun azadlıq qanununa hay verəcək və Onun mülayim təsirinə boyun əyəcək. Yığıncaqda Yehova səni ruhən qidalandırmaqla, yalan dini təlimlərdən və mövhumatlardan azad etməklə, eləcə də Məsihə xas olan xüsusiyyətlər inkişaf etdirməyi öyrətməklə ürəyini möhkəmləndirdi. (Efeslilərə 4:22—24 ayələrini oxu.) Bunun sayəsində sən sözün əsil mənasında azad olan yeganə bir xalqın üzvü olmaq şərəfinə layiq görüldün (Yaq. 2:12).
16 Məsələn, sən Yehovanı bütün ürəkdən sevən insanların əhatəsində olanda, qorxu hiss edirsən? Daima səksəkə ilə ətrafına boylanıb baxırsan? Padşahlıq zalında kiminləsə söhbət edərkən əşyaların yoxa çıxmasın deyə onları əlində bərk-bərk tutursan? Yox! Sən özünü rahat və azad hiss edirsən. Bəs həmimanlıların olmayan başqa insanların içində özünü bu cür hiss edərdin? Çox güman ki, yox! Üstəlik, hal-hazırda Allahın xalqının malik olduğu azadlıq qarşıda bizi gözləyən daha möhtəşəm azadlığı təsəvvür etməyə kömək edir.
«ALLAHIN ÖVLADLARININ» ŞANLI AZADLIĞI
17. Allahın oğullarının meydana çıxması insanlara azadlığa qovuşmağa necə kömək edəcək?
17 Yehovanın Cənnətdə yaşayacaq xidmətçiləri üçün hazırladığı azadlıq barədə yazarkən Pavel dedi: «Bütün xilqət də böyük səbirsizliklə Allahın oğullarının meydana çıxacağı vaxtı gözləyir». Sonra o əlavə etdi: «Xilqət çürüklük əsarətindən qurtulub Allahın övladlarının şanlı azadlığına qovuşacaqdır» (Rom. 8:19—21). «Xilqət» yer üzündə yaşamaq ümidinə malik olan insanlardır və Allahın ruhla məsh olunmuş oğulları meydana çıxanda bu, onlara xeyir-dualar gətirəcək. Göylər həyatına qovuşmuş Allahın oğulları nə zaman meydana çıxacaqlar? Məsihə yer üzünü bütün pis insanlardan təmizləməyə və böyük izdihamı yeni dünyaya aparmağa kömək edəcəkləri vaxtda (Vəhy 7:9, 14).
18. İtaətkar insanların azadlığı tədricən necə artacaq və sonda onlar necə azadlığa qovuşacaqlar?
18 Bundan sonra insanlar onlar üçün tamamilə yeni olan azadlığı dadacaqlar — onlar Şeytanın və cinlərin təsirindən azad olacaqlar (Vəhy 20:1—3). Onda özümüzü necə də yüngül və rahat hiss edəcəyik! Sonra Məsihlə birgə göylərdə padşah və kahin kimi xidmət edən 144 000 nəfər bəşəriyyəti azad etməyə davam edəcək: Adəmdən miras qalan günah və qeyri-kamillik tam yox olana qədər onlar fidyə qurbanlığının dəyərini tədricən tətbiq edəcəklər (Vəhy 5:9, 10). Sonuncu sınaqdan sadiq çıxan insanlar Yehovanın onlara vəd etdiyi kamilliyə və azadlığa — «Allahın övladlarının şanlı azadlığına» qovuşacaqlar. Bir təsəvvür et, Allahın gözündə düzgün olanı etmək üçün sənə daha heç vaxt mübarizə aparmaq lazım gəlməyəcək, çünki bədənin, ürəyin və əqlin kamil olacaq və tam dəyişərək Allahın xüsusiyyətlərini mükəmməl surətdə əks etdirə biləcəksən.
19. Əsil azadlığa aparan yolda qalmaq üçün bizdən nə tələb olunur?
19 «Allahın övladlarının şanlı azadlığına» qovuşacağın günü səbirsizliklə gözləyirsənmi? Onda yol ver ki, «azadlığın kamil [qanunu]» bundan sonra da sənin ürək və əqlinə təsir etsin. Bəli, Müqəddəs Kitabı səylə araşdır. Həqiqətə uyğun yaşa, qoy həqiqət sənin qəlbində olsun. Allahdan müqəddəs ruh dilə. Məsihçi yığıncağından və Yehovanın bizə verdiyi ruhani qidadan tam faydalan. Yol vermə ki, Şeytan Həvvanı Allahın tələblərinin insanın əl-qolunu bağladığına inandıraraq aldatdığı kimi, səni də aldatsın. Unutma ki, Şeytan çox hiyləgərdir. Ancaq növbəti məqalədən görəcəyik ki, biz Şeytanın torundan qaçına bilərik, çünki «onun fəndlərindən bixəbər deyilik» (2 Kor. 2:11).
[9–cu səhifədəki şəkillər]
Mən hələ də dünyanın təklif etdiyi «azadlığı» arzulayıram?
[9–cu səhifədəki şəkillər]
Həqiqət mənim həyat yoluma çevrilibmi?