Allahın hikməti dərin bir ümmandır
«Allahın xeyir-duası necə də boldur, hikməti və biliyi dərin bir ümmandır! Onun hökmləri ağlasığmaz, yolları tədqiqolunmazdır!» (ROM. 11:33).
1. Vəftiz olunmuş məsihçilər üçün ən böyük şərəf nədir?
İNDİYƏ kimi layiq görüldüyün ən böyük şərəf nə olub? Ola bilsin, yığıncaqda sənə verilən hansısa tapşırıq, yaxud da məktəbdə və ya işdə aldığın mükafat. Amma vəftiz olunmuş məsihçilər üçün layiq görüldükləri ən böyük şərəf Yehova Allahla şəxsi münasibətlərdir. Onunla belə münasibətimiz olduğu üçün Yehova bizi «tanıyır» (1 Kor. 8:3; Qalat. 4:9).
2. Yehovanı tanımaq və Onun bizi tanıması nəyə görə böyük şərəfdir?
2 Yehovanı tanımaq və Onun bizi tanıması nəyə görə böyük şərəfdir? Yalnız Ona görə yox ki, O, Kainatda ən böyük Şəxsdir, həm də ona görə ki, O, sevdiyi kəsləri müdafiə edir. Nahum peyğəmbər Allahdan ilham alaraq yazmışdı: «Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır» (Nah. 1:7; Məz. 1:6). Əslinə qalsa, əbədi həyat ümidimiz birbaşa olaraq həqiqi Allah və Onun Oğlu İsa Məsih haqqında daima öyrənməyimizdən asılıdır (Yəh. 17:3).
3. Allahı tanımaq özünə nəyi daxil edir?
3 Allahı tanımaq sadəcə olaraq Onun şəxsi adını bilmək demək deyil. Biz Onu bir Dost kimi tanımalıyıq: nəyi xoşladığını və nədən xoşu gəlmədiyini bilməliyik. Bu biliklərə əsasən həyat tərzi sürməyimiz də Allahı yaxşı tanıdığımızı göstərir (1 Yəh. 2:4). Amma Yehovanı həqiqətən də tanımaq istəyiriksə, bizdən daha bir şey tələb olunur. Biz nəinki Onun indiyə kimi gördüyü işləri, həmçinin bunları necə və nə üçün etdiyini də bilməliyik. Yehovanın niyyətlərini daha yaxşı anladıqca dərin hikmətinə daha çox heyran olacağıq (Rom. 11:33).
Niyyəti olan Allah
4, 5. a) Müqəddəs Kitabda «niyyət» sözü altında nə nəzərdə tutulur? b) Niyyətə müxtəlif yollarla nail olmağın necə mümkün olduğunu nümunə əsasında göstərin.
4 Yehova Allahın həmişə niyyəti olur və Müqəddəs Kitabda Onun ‘əbədi niyyətindən’ bəhs olunur (Efes. 3:10, 11). Bu ifadənin mənası nədir? Müqəddəs Kitabda «niyyət» sözü altında konkret bir məqsəd nəzərdə tutulur və ona bir neçə yolla nail olmaq olar.
5 Tutaq ki, bir insan müəyyən bir yerə getməlidir. Bu, onun məqsədinə və ya niyyətinə çevrilir. Həmin yerə çatmaq üçün onun müxtəlif yollardan və nəqliyyat vasitələrindən istifadə etmək imkanı var. O, konkret marşrut seçir. Lakin səyahət zamanı hava qəflətən dəyişə bilər. Yaxud da ola bilsin, o, tıxaca düşsün və ya yol bağlı olsun. Buna görə də o, başqa yol seçməli olacaq. Bununla belə, etdiyi dəyişikliklərdən asılı olmayaraq, o, təyin etdiyi yerə gəlib çatanda öz məqsədinə nail olmuş olacaq.
6. Yehova niyyətini həyata keçirmək üçün vəziyyətə necə uyğunlaşır?
6 Buna bənzər tərzdə Yehova Öz əbədi niyyətini həyata keçirmək üçün böyük dəyişikliklər edib. Yehova şüurlu varlıqların iradə azadlığını həmişə nəzərə alır, buna görə də dəyişikliklər etməyə hazırdır. Məsələn, gəlin Yehovanın vəd olunmuş Övladla bağlı niyyətini necə yerinə yetirdiyinə nəzər salaq. Yehova ilk insan cütünə demişdi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun» (Yar. 1:28). Bəs Eden bağında qalxan üsyan Onun niyyətini boşa çıxardımı? Əsla yox! Yehova niyyətinə nail olmaq üçün dərhal başqa «marşrut» seçdi. O peyğəmbərlik etdi ki, üsyankarların vurduğu zərəri aradan qaldıracaq bir «övlad» peyda olacaq (Yar. 3:15; İbr. 2:14—17; 1 Yəh. 3:8).
7. Yehovanın Çıxış 3:14 ayəsində Özü haqqında dediklərindən nə öyrənirik?
7 Niyyətini həyata keçirərkən yaranan yeni vəziyyətlərə uyğunlaşmaq bacarığı Yehovanın Özünə verdiyi ada müvafiqdir. Musa ona verilən tapşırığı yerinə yetirməsinə nələrin mane olacağını deyərkən Yehova onu əmin etdi: «Var Olan Mənəm». Sonra əlavə etdi: «İsrail övladlarına belə söylə: “«Mənəm» deyən sizin yanınıza məni göndərdi”» (Çıx. 3:14). Burada «Var Olan Mənəm» və «Mənəm» kimi tərcümə olunan ifadələr orijinal mətndə «Mən olmaq istədiyim Kəs olacağam» kimi səslənir. Bəli, Yehova niyyətini tam həyata keçirmək üçün lazım olan Kəs olmağa qadirdir! Pavel Romadakı məsihçilərə ünvanladığı məktubun 11-ci fəslində bu həqiqəti bir nümunə əsasında çox gözəl təsvir edir. Orada o, simvolik zeytun ağacından danışır. Fərqi yoxdur, biz məsh olunmuş məsihçiyik, yaxud da yerüzü ümidinə malikik — bu nümunəni araşdırmaq hamımızı Yehovanın dərin hikmətini daha çox qiymətləndirməyə təşviq edəcək.
Yehovanın vəd edilmiş Övladla bağlı niyyəti
8, 9. a) Hansı dörd vacib amil bizə zeytun ağacı nümunəsini başa düşməyə kömək edəcək? b) Biz indi hansı sualı araşdıracağıq və onun cavabından Yehova barədə nə öyrənəcəyik?
8 Zeytun ağacı nümunəsini başa düşmək üçün biz Yehovanın Övladla bağlı niyyətini tədricən necə həyata keçirdiyini bilməliyik. Dörd vacib amilə nəzər salaq. Birincisi, Yehova İbrahimə vəd etmişdi ki, «dünyanın bütün millətləri» onun nəsli vasitəsilə xeyir-dua alacaq (Yar. 22:17, 18). İkincisi, İbrahimdən törəyən İsrail xalqına «kahinlər padşahlığı» olmaq imkanı verilmişdi (Çıx. 19:5, 6). Üçüncüsü, israillilərin əksəriyyəti Məsihi qəbul etməyəndə Yehova «kahinlər padşahlığı» yaratmaq üçün digər tədbirlər gördü (Mat. 21:43; Rom. 9:27—29). Dördüncüsü, İsa İbrahimin nəslindən olan övladın əsas hissəsi olsa da, başqaları da belə şərəfə layiq görülüb (Qalat. 3:16, 29).
9 Bu dörd vacib amildən əlavə, «Vəhy» kitabından öyrənirik ki, göydə İsa Məsihlə birgə padşah və kahin kimi idarə edəcək insanların sayı 144 000 nəfərdir (Vəhy 14:1—4). Onlar da ‘İsrail oğulları’ adlanırlar (Vəhy 7:4—8). Bəs 144 000 nəfərin hamısı əslən israilli, yəni yəhudidir? Gəlin görək həvari Pavelin Romadakı məsihçilərə yazdığı məktub bu sualın cavabını tapmağa necə kömək edir. Bu sualın cavabından Yehovanın Öz niyyətini həyata keçirmək üçün vəziyyətə necə uyğunlaşdığını əyani olaraq görəcəyik.
«Kahinlər padşahlığı»
10. İsrail xalqının hansı müstəsna imkanı vardı?
10 Yuxarıda qeyd olunduğu kimi, İsrail xalqının ‘kahinlər padşahlığını və müqəddəs milləti’ təşkil etmək kimi müstəsna imkanı vardı. (Romalılara 9:4, 5 ayələrini oxu.) Bəs vəd olunmuş Övlad peyda olanda nə baş verdi? Əslən israilli olanlar Övladın ikinci dərəcəli hissəsini təşkil edən 144 000 nəfərdən ibarət ruhani İsrailin sayını tam doldurdumu?
11, 12. a) Səmavi Padşahlıqda idarə edəcək insanların yığımı nə zaman başlayıb və o zaman yaşayan yəhudilərin əksəriyyətinin buna münasibəti necə oldu? b) Yehova İbrahimin nəslindən olan övladın «bütöv sayı»nı yığmaq üçün nə etdi?
11 Romalılara 11:7—10 ayələrini oxu. Birinci əsrdə yaşayan yəhudilər, bir xalq kimi, İsanı qəbul etmədilər. Buna görə də İbrahimin nəslindən olan övladın üzvlərini təşkil etmək imkanı artıq təkcə onlara məxsus deyildi. Lakin eramızın 33-cü ilinin Əllinci gün bayramında səmavi ‘kahinlər padşahlığına’ daxil olacaq insanların yığımı başlayanda bəzi səmimi yəhudilər bu dəvəti qəbul etdilər. Sayı cəmi-cümlətanı bir neçə min olan bu yəhudilər bütün İsrail xalqı ilə müqayisədə, həqiqətən də, «bir qisim» idi (Rom. 11:5).
12 Bəs Yehova İbrahimin nəslindən olan övladın «bütöv sayı»nı necə yığacaqdı? (Rom. 11:12, 25). Görün həvari Pavel bu suala necə cavab verir: «Biz elə düşünməməliyik ki, Allahın sözü yerinə yetmədi. Çünki [cismani] İsraildən törəyənlərin hamısı əsil “İsrailə” mənsub deyil. İbrahimin nəslindən olsalar da, bu demək deyil ki, onların hamısı övladdır [İbrahim nəslindən olan övladın hissəsidir]... Yəni ondan törəyənlərin hamısı əslində Allahın övladı deyillər, vədə görə doğulanlar övlad sayılırlar» (Rom. 9:6—8). Gördüyümüz kimi, Yehovanın Övladla bağlı niyyətinin yerinə yetməsi üçün onun ikinci dərəcəli üzvlərinin hamısının əslən israilli, yəni İbrahimin nəslindən olması şərt deyildi.
Simvolik zeytun ağacı
13. a) Zeytun ağacı, b) onun kökü, c) gövdəsi və d) budaqları nəyi və ya kimləri təmsil edir?
13 Həvari Pavel sözünə davam edərək İbrahimin nəslindən olan övladın üzvlərini simvolik zeytun ağacının budaqları ilə müqayisə edira (Rom. 11:21). Bu bağ zeytunu Yehovanın İbrahimlə kəsdiyi əhdlə bağlı niyyətinin həyata keçməsini, müqəddəs olan kökü isə ruhani İsrailə həyat verən Yehovanı təmsil edir (Yeşaya 10:20; Rom. 11:16). Ağacın gövdəsi İbrahimin nəslindən olan övladın əsas hissəsini — İsanı təmsil edir. Budaqların hamısı isə bu övladın ikinci dərəcəli üzvləri olan insanların «bütöv sayı»nın rəmzidir.
14, 15. Bağ zeytun ağacından ‘qoparılanlar’ kimləri təmsil edir və onları kimlər əvəz etdi?
14 Zeytun ağacı nümunəsində İsanı qəbul etməyən yəhudilər ‘qoparılan’ budaqlarla müqayisə olunur (Rom. 11:17). Beləliklə onlar İbrahimin nəslindən olan övladın hissəsi olmaq imkanını əldən verdilər. Bəs onları kim əvəz edəcəkdi? İbrahimin nəslindən olduqları ilə öyünən əslən yəhudilər üçün bu sualın cavabı ağlasığmaz idi. Lakin Vəftizçi Yəhya onları qabaqcadan xəbərdar etmişdi ki, əgər Yehova istəsə, daşlardan da İbrahimə övladlar yarada bilər (Luka 3:8).
15 Bəs onda Yehova niyyətini həyata keçirmək üçün nə etdi? Pavel izah edir ki, qoparılan budaqları əvəz etmək məqsədilə cır zeytun ağacının budaqları bağ zeytun ağacına calaq edildi. (Romalılara 11:17, 18 ayələrini oxu.) Romadakı yığıncaqda xidmət edən bəzi məsihçilər kimi, digər millətlərdən olan ruhla məsh olunmuş məsihçilər simvolik zeytun ağacına calaq edilmişdilər. Beləliklə onlar İbrahimin nəslindən olan övladın bir hissəsi oldular. Əvvəllər onlar cır zeytunun budaqları kimi idilər və onların bu xüsusi əhdin hissəsi olmaq imkanı yox idi. Amma Yehova ruhani yəhudilər olmaları üçün onlara yol açdı (Rom. 2:28, 29).
16. Həvari Peter yeni ruhani xalqın yaranmasını necə izah edir?
16 Həvari Peter bu vəziyyəti belə izah edir: «Beləliklə, siz iman edənlər [yəni digər millətlərdən olan məsihçilər də daxil olmaqla, ruhani israillilər] onun [İsa Məsihin] qədrini bilirsiniz, iman etməyənlər üçünsə “bənnaların rədd etdiyi həmin o daş guşədaşı”, “büdrədən daş və yıxılma qayası” oldu... Ancaq siz “seçilmiş soy, padşah və kahin tayfası, müqəddəs millət, Allahın məxsusi xalqısınız”, sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıranın “əzəmətli keyfiyyətlərini bəyan etmək” üçün seçilmisiniz. Bir vaxtlar siz xalq deyildiniz, indi isə Allahın xalqısınız. Sizə mərhəmət göstərilməmişdi, indi isə mərhəmət gördünüz» (1 Pet. 2:7—10).
17. Yehovanın etdiyi hansı iş «təbiətə zidd» idi?
17 Yehovanın etdiyi çoxları üçün tamamilə gözlənilməz idi. Pavel bunu ‘təbiətə zidd olan’ bir şey adlandırır (Rom. 11:24). Ümumiyyətlə, cır ağacın budaqlarını bağ ağacına calamaq qeyri-adi və hətta təbiətə ziddir. Bununla belə, birinci əsrdə yaşayan bəzi əkinçilər öz təcrübələrində bu üsuldan istifadə edirdilərb. Yehova da buna bənzər tərzdə qeyri-adi bir şey etdi. Yəhudilərin zənnincə, digər millətlərdən olan insanlar Allaha məqbul səmərə verə bilməzdilər. Amma Yehova onları Padşahlığın «bəhrəsini» gətirən xalqın bir hissəsi etdi (Mat. 21:43). Eramızın 36-cı ilində Kornilinin seçilməsindən başlayaraq sünnətsiz qeyri-yəhudilər üçün simvolik zeytun ağacına calaq edilmək imkanı yarandı (Həv. iş. 10:44—48)c.
18. Eramızın 36-cı ilindən sonra əslən yəhudi olanların hansı imkanı var idi?
18 Amma bu o demək deyildi ki, eramızın 36-cı ilindən sonra əslən yəhudi olanlar üçün artıq İbrahimin nəslindən olan övladın hissəsi olmaq imkanı yox idi. Pavel izah edir: «Onlar [əslən yəhudi olanlar] da imansızlıqdan əl çəksələr, calaq ediləcəklər, çünki Allah onları yenidən calaq etməyə qadirdir. Əgər sən cır zeytun ağacından kəsilib, təbiətə zidd olaraq, bağ zeytununa calaq olunmusansa, gör o ağacın doğma budaqları necə asanlıqla calaq olunacaqlar!»d (Rom. 11:23, 24).
«Bütün İsrail... xilas ediləcək»
19, 20. Simvolik zeytun ağacının nümunəsindən gördüyümüz kimi, Yehova niyyətini necə həyata keçirir?
19 ‘Allahın İsraili’ ilə əlaqədar Yehovanın niyyəti heyrətamiz şəkildə yerinə yetir (Qalat. 6:16). Pavelin dediyi kimi, «bütün İsrail... xilas ediləcək» (Rom. 11:26). Yehovanın təyin etdiyi vaxtda «bütün İsrail» — ruhani israillilərin bütöv sayı — göylərdə padşah və kahin kimi xidmət edəcək. Heç kim və heç nə Yehovaya Öz niyyətini həyata keçirməyə mane ola bilməz.
20 Peyğəmbərlikdə deyildiyi kimi, İbrahimin nəslindən olan övlad, yəni İsa Məsih və onun 144 000 həmvarisi «bütün millətləri»n üzərinə xeyir-dualar yağdıracaqlar (Rom. 11:12; Yar. 22:18). Beləliklə, bu, Allahın bütün xalqına fayda gətirir. Həqiqətən də, Yehovanın əbədi niyyətini necə həyata keçirdiyinin üzərində dərindən düşünəndə Onun hikmətinə, biliyinə heyran oluruq (Rom. 11:33).
[Haşiyələr]
a İsrail xalqında kahinlər və padşahlar olsa da, xalqın özü kahinlər padşahlığı olmadı. Musanın Qanununa görə, padşahlar kahin ola bilməzdilər. Bu səbəbdən zeytun ağacı İsrail xalqını təmsil etmir. Pavel bu əyani nümunədən istifadə edərək Allahın «kahinlər padşahlığı» yaratmaq niyyətinin ruhani İsrailin üzərində necə yerinə yetdiyini göstərir. Bu əyani nümunənin köhnə izahatı «Gözətçi Qülləsi»nin 1983-cü il 15 avqust sayının 14—19-cu səhifələrində (ing.) verilib.
b «Cır zeytun budaqları nə üçün calaq edilir?» adlı çərçivəyə baxın.
c Əslən yəhudi olanlara yeni ruhani xalqın üzvləri olmaq üçün üç il yarım vaxt verilmişdi və Kornilinin Məsihin davamçısı olması bu müddətin sonuna təsadüf edir. «Daniel» kitabında qələmə alınan 70 həftə haqqındakı peyğəmbərlikdə hadisələrin belə cərəyan edəcəyi qabaqcadan deyilmişdi (Dan. 9:27).
d Romalılara 11:24 ayəsində «bağ» kimi tərcümə olunan yunan ön şəkilçisi mənası «yaxşı, əla» və ya «məqsədəuyğun» olan sözdən əmələ gəlib.
Yadınızdadırmı?
• Yehovanın Öz niyyətini necə həyata keçirdiyindən nə öyrənirik?
• «Romalılara məktub»un 11-ci fəslinə əsasən,
zeytun ağacının özü...
onun kökü...
gövdəsi...
budaqları...
nəyi və ya kimləri təmsil edir?
• Nəyə görə Yehovanın etdiyi calaq «təbiətə zidd» idi?
[24-cü səhifədəki çərçivə/şəkil]
Cır zeytun budaqları nə üçün calaq edilir?
▪ Eramızın birinci əsrində yaşayan Lutsi Yuni Moderat Kolumella Roma əsgəri və əkinçi idi. O, kənd təsərrüfatı və əkinçiliklə bağlı yazdığı 12 kitabı ilə məşhurdur.
Beşinci kitabında o, qədim atalar sözünü sitat gətirir: «Zeytunluğu belləyən ondan məhsul xahiş edir; gübrələyən ondan məhsul diləyir; budayan ondan məhsulu tələb edir».
Çiçəklənən, amma bar verməyən ağacları təsvir etdikdən sonra o, növbəti üsulu məsləhət görür: «Belə ağacları qall burğusu (alət) ilə deşmək, sonra da dəliyin içinə cır zeytunun yaşıl budağını qoyub sıx sarımaq lazımdır; onda zeytun ağacı daha bəhrəli olacaq».
[23-cü səhifədəki şəkil]
Simvolik zeytun ağacı nümunəsini başa düşürsənmi?