Qəzəbinizi cilovlayaraq ‘pisliyə qalib gəlin’
«Ey sevimlilər, qisas almayın... Pisliyə yaxşılıq ilə qalib gəl[in]» (ROM. 12:19, 21).
1, 2. Səyahət edən bir qrup bacı-qardaş hansı gözəl nümunəni verdi?
BET-ELİN həsr olunma mərasiminə gedən otuz dörd nəfərdən ibarət bir qrup Yehovanın Şahidi təyyarədə yaranan mexaniki nasazlıq ucbatından yolda ləngidi. Təyyarənin yanacaq bakını doldurmaq üçün bir saatlıq dayanacaq kifayət qədər qida, su və sanitar şəraiti olmayan uzaq bir hava limanında 44 saatlıq əsil sınağa çevrildi. Qəzəb içində olan sərnişinlərin çoxu hava limanının işçilərini hədələyirdilər. Bizim bacı və qardaşlar isə özlərini təmkinli aparırdılar.
2 Onlar həsr olunma proqramının yalnız son hissəsinə çatdılar. Yorğun olmalarına baxmayaraq, proqramdan sonra qalıb yerli qardaşlarla ünsiyyət etdilər. Sonradan bildilər ki, onların özlərini səbirli və təmkinli aparması başqalarının nəzərindən yayınmayıb. Həmin reyslə uçan sərnişinlərdən biri aviaşirkətə belə sözlər demişdi: «Əgər təyyarədə 34 Yehovanın Şahidi olmasa idi, hava limanında qiyam qalxardı».
Biz qəzəbli dünyada yaşayırıq
3, 4. a) Qəzəb və zorakılıq nə vaxtdan mövcuddur və insanlara necə təsir göstərir? b) Qabil öz qəzəbinə hakim ola bilərdimi? İzah edin.
3 Bu pis dünyada həyatın ağrı-acıları insanlarda qəzəb doğurur (Qanun. t. 28:34). Çox vaxt qəzəb nifrətə və açıq-aşkar zorakılığa gətirib çıxarır. Ölkələrarası və vətəndaş müharibələri baş verir, ailədəki gərginlik ucbatından isə bir çox evlərdə münaqişələr yaranır. Belə qəzəb və zorakılıq bəşər tarixinin ta başlanğıcından mövcuddur. Adəmlə Həvvanın ilk oğlu Qabil həsəd apardığı kiçik qardaşı Habilə qəzəblənərək onu öldürdü. Yehovanın Qabilə hisslərinə hakim olmasına dair qabaqcadan xəbərdarlıq etməsinə və Ona qulaq asacağı təqdirdə onu xeyir-dualandıracağını deməsinə baxmayaraq, o, bu alçaq hərəkətə yol verdi. (Yaradılış 4:6—8 ayələrini oxu.)
4 Qeyri-kamilliyi miras alsa da, Qabilin bu məsələdə seçim etmək imkanı vardı. Qəzəbini cilovlamaq onun əlində idi. Bu səbəbdən törətdiyi zorakılığa görə bütün məsuliyyət onun üzərinə düşürdü. Eynilə, qeyri-kamil olduğumuzdan qəzəbdən və onun nəticələrindən tam qaçınmaq bizim üçün də asan deyil. Bu «çətin» günlərdə yaranan başqa ciddi problemlər vəziyyətimizi daha da gərginləşdirir (2 Tim. 3:1). Məsələn, iqtisadi çətinliklər ucbatından daxili gərginlik keçirə bilərik. Polis orqanları və ailələrə yardım təşkilatları qəzəbin və ailədə zorakılığın artmasının səbəbini maliyyə sistemindəki böhran ilə əlaqələndirir.
5, 6. Qəzəbə dair dünyada geniş yayılmış hansı nöqteyi-nəzər bizə təsir göstərə bilər?
5 Bundan əlavə, təmasda olduğumuz bir çox insanlar «xudbin», «lovğa», hətta «rəhmsiz»dirlər. Bu kimi mənfur xüsusiyyətlər asanlıqla bizə öz təsirini göstərə bilər və qəzəblənmək bizdə vərdiş halını ala bilər (2 Tim. 3:2—5). Üstəlik, film və televiziya proqramları, çox vaxt, intiqam almağı nəciblik, zorakılığı isə problemlərdən təbii və düzgün çıxış yolu kimi qələmə verir. Bu kimi şeylərə tamaşa edənlər cinayətkarın «layiqli cəza» alacağını səbirsizliklə gözləyir və çox vaxt o, hekayənin qəhrəmanı tərəfindən amansızcasına qətlə yetirilir.
6 Bütün bunlar Allahın normalarının yox, bu dünyanın acıqlı rəhbəri olan Şeytanın və ‘dünyanın ruhunun’ təbliğatına xidmət edir (1 Kor 2:12; Efes 2:2; Vəhy 12:12). Bu ruh qeyri-kamil bədənin arzularını təmin edir və Allahın müqəddəs ruhuna və onun səmərəsinə tam ziddir. Əslində, təhrikə uyaraq qisas almaq əsas məsihçi təlimlərinə ziddir. (Matta 5:39, 44, 45 ayələrini oxu.) Onda İsanın təlimlərini daha yaxşı necə tətbiq edə bilərik?
Yaxşı və pis nümunələr
7. Şimeon və Levinin öz qəzəbini cilovlamaması nə ilə nəticələndi?
7 Müqəddəs Kitabda qəzəbi cilovlamağa dair çoxlu məsləhətlər, eləcə də qəzəbi cilovlayanda, yaxud cilovlamayanda nə baş verə biləcəyini göstərən nümunələr yer alır. Gəlin görək, Yaqubun iki oğlu Şimeon və Levi bacıları Dinanı zorladığı üçün Şekemdən qisas aldıqları zaman nə baş verdi. ‘Onlar məyus olmuş və bərk qəzəblənmişdilər’ (Yar. 34:7). Sonra Yaqubun digər oğulları Şekemin yaşadığı şəhərə hücum edərək onu talan etmiş, bütün qadınları və uşaqları isə əsir götürmüşdülər. Onlar bunu sadəcə Dinaya görə etməmişdilər, görünür, bu, onlar üçün namus məsələsi olduğundan onların qüruruna toxunmuşdu. Onlar Şekemin bu hərəkətini özlərinə və ataları Yaquba qarşı təhqir sayırdılar. Bəs, görəsən, oğullarının hərəkəti barədə Yaqub nə düşünürdü?
8. Şimeonla Levinin hadisəsi intiqam almağa dair nəyi göstərir?
8 Dinanın başına gələn bu bəla Yaqubu çox kədərləndirmişdi, bununla belə, o, oğullarının qisas almalarını mühakimə etdi. Şimeon və Levi: «Bəs bizim bacımızla bir fahişə kimi rəftar etmək olarmı?» — deyərək özlərinə bəraət qazandırmağa çalışırdılar (Yar. 34:31). Amma Yehova da onlardan narazı olduğu üçün bu məsələ burada bitmədi. Çox illər sonra Yaqub peyğəmbərlik etmişdi ki, Şimeon və Levi hiddətlənərək zorakılığa yol verdiklərinə görə onların nəsli İsrail qəbilələri arasında səpələnəcək. (Yaradılış 49:5—7 ayələrini oxu.) Bəli, qəzəblərini cilovlamadıqları üçün bu iki nəfər həm Allahın, həm də atalarının gözündən düşdü.
9. Davud nə vaxt az qala qəzəbə uymuşdu?
9 Davud padşahın hadisəsi isə tamam fərqli idi. Qisas almaq üçün onun əlinə çoxlu fürsət düşmüşdü, amma o, bu imkanların heç birindən istifadə etməmişdi (1 Şam. 24:3—7). Ancaq bir dəfə o, az qala qəzəbə uymuşdu. Naval adında bir varlı adam çoban və sürülərini qoruyan Davudun adamlarını təhqir etdi. Ola bilsin, xüsusilə də adamlarına görə özünü təhqir olunmuş hiss edən Davud qəddarcasına qisas almaq fikrinə düşdü. Davud adamları ilə birlikdə Navala və evinə hücum etmək üçün yolda olarkən nökərlərdən biri baş verənlər haqda Navalın müdrik arvadı Aviqailə xəbər verdi və bununla əlaqədar bir tədbir görməsini xahiş etdi. Aviqail dərhal çoxlu azuqə toplayıb, Davudun qabağına getdi. O, Navalın hörmətsizliyinə görə təvazökarlıqla Davuddan üzr istəyib Yehovanın qarşısında malik olduğu qorxunu yadına saldı. Davud özünə gəlib dedi: «Xeyir-dualı olasan! Bu gün məni qan tökməkdən... saxladın» (1 Şam. 25:2—35).
Məsihçi nöqteyi-nəzəri
10. Məsihçilərin intiqam almağa münasibətləri necə olmalıdır?
10 Şimeonla Levinin, eləcə də Davudla Aviqailin nümunəsi açıq-aydın göstərir ki, Yehova cilovlanmayan qəzəb və zorakılığa qarşıdır, sülh yaratmaq səylərinə isə xeyir-dua verir. Həvari Pavel yazmışdı: «Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun. Ey sevimlilər, qisas almayın, ancaq Allahın qəzəbinə yol verin. Çünki yazılmışdır: “Rəbb deyir: Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”. Deməli, “Əgər düşmənin acdırsa, onu yedizdir; əgər susuzdursa, onu içirt. Çünki sən bunu etməklə, onun başına yanan kömür yığırsan”. Pisliyə məğlub olma, pisliyə yaxşılıq ilə qalib gəl» (Rom. 12:18—21)a.
11. Bir bacı öz qəzəbini cilovlamağı necə öyrəndi?
11 Bu məsləhəti biz də tətbiq edə bilərik. Məsələn, bir bacı ağsaqqala işindəki yeni müdirindən şikayət etmişdi. Bacı onun ədalətsiz və kobud qadın olduğunu dedi. O, onun əlindən yaman hirsli idi və işdən çıxmaq istəyirdi. Ağsaqqal ona tələsik iş görməməyi məsləhət gördü. O anladı ki, bacının müdirin pis rəftarına acıqlı münasibət göstərməsi vəziyyəti daha da gərginləşdirir (Tit. 3:1—3). Ağsaqqal qeyd etdi ki, o, özünə başqa iş tapsa belə, kobudluğa düzgün reaksiya verməyi öyrənməlidir. O, bacıya İsanın təliminə uyğun davranmağı məsləhət gördü, yəni müdirinin onunla necə rəftar etməsini istəyirsə, o da onunla elə rəftar etməlidir. (Luka 6:31 ayəsini oxu.) Bacı çalışacağına söz verdi. Bu, yaxşı nəticələr gətirdi. Bir qədər sonra müdirinin münasibəti yumşaldı və o hətta bacıya işinə görə minnətdarlığını bildirdi.
12. Nəyə görə məsihçilər arasında yaranan problemlər xüsusilə ağır ola bilər?
12 Məsihçi yığıncağından xaricdəkilərlə bu kimi problemlərimiz yarananda biz təəccüblənmirik. Bilirik ki, Şeytan dünyasında ədalətsizlik adi haldır və buna görə də pislərin bizi özümüzdən çıxarmasına yol verməli deyilik (Məz. 37:1—11; Vaiz 8:12, 13; 12:13, 14). Lakin bacı və ya qardaşla problemimiz yarananda bizim üçün daha ağır ola bilər. Bir bacı xatırlayır: «Həqiqətə gələndə Yehovanın xalqının kamil olmadığını qəbul etmək mənim üçün çox çətin idi». Soyuq və qəddar dünyadan çıxdığımız üçün biz məsihçi yığıncağında hər kəsin bir-biri ilə xeyirxahlıqla davranacağına ümid edirik. Buna görə də həmimanlımız, xüsusilə də yığıncaqda məsul qardaşlardan kimsə düşünülməmiş bir söz deyəndə və ya məsihçiyə yaraşmayan tərzdə hərəkət edəndə bu, bizə toxuna və ya qəzəbləndirə bilər. «Axı Yehovanın xalqı arasında belə şeylər necə baş verə bilər?» — deyə özümüzdən soruşa bilərik. Əslinə qalsa, belə şeylər hətta həvarilərin dövründə məsh olunmuşların arasında da baş verirdi (Qalat. 2:11—14; 5:15; Yaq. 3:14, 15). Əgər bu, bizimlə də baş verirsə, onda nə etməliyik?
13. Biz problemlərin öhdəsindən nəyə görə və necə gəlməliyik?
13 «Mən Xətrimə dəyən hər kəs üçün dua etməyi öyrənmişəm, — deyə yuxarıda xatırlanan bacı qeyd edir. — Bunun həmişə köməyi dəyir». Artıq oxuduğumuz kimi, İsa bizi təqib edənlər üçün dua etməyi öyrədirdi (Mat. 5:44). Onda ruhani bacı-qardaşlarımız üçün daha çox dua etməli deyilikmi? Ata uşaqlarının bir-birilə mehriban olmasını istədiyi kimi, Yehova da yer üzündəki xidmətçilərinin bir-biri ilə yola getməsini istəyir. Biz əbədi olaraq birlikdə sülh və xoşbəxtlik içində yaşayacağımız vaxtı səbirsizliklə gözləyirik və Yehova bizi buna indidən öyrədir. O istəyir ki, biz Onun böyük işini görərkən bir-birimizlə əməkdaşlıq edək. Buna görə də gəlin ya problemləri həll edək, ya da ki onlara məhəl qoymadan birliyi qoruyaq. (Süleymanın məsəlləri 19:11 ayəsini oxu.) Problem baş qaldıranda qardaşlarımızdan uzaqlaşmaq əvəzinə, biz bir-birimizə Allahın xalqının arasında — Onun ‘əbədi əllərində’ təhlükəsizlikdə qalmağa kömək etməliyik (Qanun. t. 33:27, KM).
Hamıya qarşı mülayim olmaq gözəl nəticələr gətirir
14. Bizi parçalamağa can atan Şeytanın təsirinə qarşı necə mübarizə apara bilərik?
14 Bizi xoş xəbəri təbliğ etmək işindən yayındırmaq üçün Şeytan və onun cinləri var gücləri ilə xoşbəxt ailələri və yığıncaqları dağıtmağa çalışırlar. Onlar aramızda nifaq salmağa çalışırlar, çünki daxili parçalanmanın məhvedici xarakter daşıdığı onlar üçün sirr deyil (Mat. 12:25). Onların bəd niyyətlərinin qurbanı olmamaq üçün Pavelin məsləhətinə riayət etməyimiz yaxşı olardı: «Rəbbin qulu isə toqquşmaya baş qoşmamalı, amma hamı ilə sakit rəftar etməli[dir]» (2 Tim. 2:24). Yadda saxla ki, «mübarizəmiz qan və ətə qarşı deyildir... pis ruhi qüvvələrə qarşıdır». Bu mübarizədə qalib gəlmək üçün, ‘sülh Müjdəsini təbliğ etmək hazırlığı’ da daxil olmaqla, ruhani zirehləri geyinməliyik (Efes. 6:12—18).
15. Yığıncağın xaricindən bizə hücum ediləndə necə davranmalıyıq?
15 Yığıncağın xaricindən Yehovanın düşmənləri Onun sülhpərvər xalqına amansızcasına hücumlar edir. Bəziləri Yehovanın Şahidlərinə birbaşa hücumlar edirlər. Digərləri mətbuat vasitəsilə və ya məhkəmələrdə bizə böhtanlar atırlar. İsa davamçılarını bunların baş verəcəyinə dair qabaqcadan xəbərdar etmişdi (Mat. 5:11, 12). Bəs belə hallarda biz necə davranmalıyıq? Biz sözdə və ya əməldə heç vaxt ‘pislik əvəzinə pislik etməməliyik’. (Rom. 12:17; 1 Peter 3:16 ayəsini oxu.)
16, 17. Bir yığıncaq hansı çətin vəziyyətlə üzləşdi?
16 Şeytan bizi hansı sınaqlara çəkir çəksin, ‘pisliyə yaxşılıqla qalib gəlməklə’ gözəl şahidlik verə bilərik. Nümunə üçün Sakit okean adalarından birində baş verən bir hadisəni nəzərdən keçirək. Yığıncaq Xatirə Gecəsini qeyd etmək üçün bir zalı icarəyə götürmüşdü. Bu haqda xəbər tutan kilsə rəhbərliyi kilsə üzvlərinə xidmətlərini icra etmək üçün Xatirə Gecəsinin keçiriləcəyi vaxtda həmin zala yığışmalarını tapşırdı. Lakin polis rəisi kilsə rəhbərliyinə bildirdi ki, Yehovanın Şahidlərinin görüşü başlayana qədər zalı boşaltsınlar. Buna baxmayaraq, həmin vaxt zal kilsə üzvləri ilə dolu idi və onlar xidmətlərinə başladılar.
17 Polis zorla zalı boşaltmağa hazırlaşanda kilsə sədri ağsaqqallardan birinə yaxınlaşıb dedi: «Siz bu axşam bu zalda xüsusi mərasim keçirməyi planlaşdırırdınız?» Qardaş ona burada Xatirə Gecəsini keçirmək istədiklərini deyəndə həmin adam cavab verdi: «Doğrudan?! Mənim heç xəbərim yox idi!» Bunu eşidən polis təəccüblə dedi: «Axı biz səhər bu haqda sizə xəbər vermişdik!» Kilsə xadimi ağsaqqala üz tutub bic-bic gülümsəyərək dedi: «İndi nə etmək fikrindəsiniz? Zal adamlarla doludur. İstəyirsiniz ki, polis bizi buradan qovsun?» O, bilərəkdən işləri elə düzüb-qoşmuşdu ki, Yehovanın Şahidlərini təqibçilər kimi qələmə versin. Qardaşlar bu vəziyyətdə özlərini necə apardılar?
18. Qardaşlar onları özlərindən çıxarmaq cəhdlərinə uymayaraq necə davrandılar və bu, hansı bəhrələri gətirdi?
18 Şahidlər təklif etdilər ki, əvvəlcə kilsə üzvləri öz yarımsaatlıq xidmətlərini keçirsin, sonra da onlar Xatirə Gecəsini qeyd etsinlər. Kilsə xidməti uzun çəkdi, buna baxmayaraq, onlar zalı tərk etdikdən sonra Xatirə Gecəsi başlandı. Növbəti gün hakimiyyət dairələri bu məsələni araşdırmaq üçün rəsmi iclas keçirdi. Bütün faktlara baxıldıqdan sonra qərara alındı ki, kilsə rəhbərliyi problemin səbəbkarının Yehovanın Şahidləri yox, kilsə sədrinin olduğunu elan etsin. Həmçinin məmurlar belə mürəkkəb vəziyyətdə səbir nümayiş etdirdikləri üçün Yehovanın Şahidlərinə öz minnətdarlıqlarını bildirdilər. Qardaşların ‘hamı ilə sülhdə olmaq’ üçün göstərdikləri səy gözəl bəhrələr gətirdi.
19. İnsanlarla sülh münasibətini qoruyub saxlamaqda bizə daha nə kömək edə bilər?
19 Başqaları ilə sülh münasibətlərini qoruyub saxlamağın digər yolu nəvazişli danışıqdır. Növbəti məqalədə biz nəvazişli danışığın nə olduğunu, ona necə yiyələnə və istifadə edə biləcəyimizi müzakirə edəcəyik.
[Haşiyə]
a «Yanan kömür» ifadəsi qədimdə metal əldə etmək üçün altından və üstündən kömür yığılaraq filizin əridilmə üsuluna işarə edir. Bizə qarşı pis münasibət bəsləyənlərlə yaxşılıqla davranmağımızın sayəsində onların bizə olan münasibətini yumşalda və yaxşı keyfiyyətlərini üzə çıxara bilərik.
İzah edə bilərsinizmi?
• Nəyə görə bu gün insanlar bu qədər qəzəblidirlər?
• Qəzəbi cilovlayanda, yaxud cilovlamayanda nə baş verə biləcəyini hansı Müqəddəs Kitab nümunələri göstərir?
• Həmimanlımız xətrimizə dəyəndə biz necə davranmalıyıq?
• Yığıncağın xaricindən bizə hücumlar ediləndə necə reaksiya göstərməliyik?
[16-cı səhifədəki şəkil]
Şimeon və Levi qisas aldıqdan sonra evə qayıtdılar
[18-ci səhifədəki şəkil]
Xeyirxahlıq başqalarının münasibətini yumşalda bilər