Ayrı-seçkilik etməyən Allahımız Yehovanı təqlid edin
“Allah önündə ayrı-seçkilik yoxdur” (ROMALILARA 2:11).
1, 2. a) Ümumilikdə kən’anlılara dair Yehovanın niyyəti nədən ibarət idi? b) Yehova nə etdi və bununla əlaqədar hansı suallar yaranır?
ERAMIZDAN əvvəl 1473-cü ildə israillilər Moab düzənliyində düşərgə salıb Musanı diqqətlə dinləyirdilər. Onlar İordan çayını keçdikdən sonra çətin bir tapşırığı yerinə yetirməli idilər. Musanın e’lan etdiyi kimi, Yehovanın niyyəti ondan ibarət idi ki, israillilər Və’d edilən diyara daxil olan Kən’anın güclü olan yeddi xalqını darmadağın etsinlər. Musanın dediyi növbəti sözlər necə də möhkəmləndirirdi: “Allahın Rəbb onları sənin önündə ələ verəcəyi... zaman; onları tamamən yox edəcəksən”! İsraillilər bu xalqlarla əhd bağlamalı deyildilər, həm də onlar iltifat qazanmağa layiq deyildilər (Təsniyə 1:1; 7:1, 2).
2 Buna baxmayaraq, Yehova İsrail xalqının zəbt etdiyi birinci şəhərdən bir ailəni qoruyub saxladı. Həmçinin dörd başqa şəhərin də əhalisini müdafiə etdi. Axı nəyə görə? Həmin kən’anlıların xilası ilə bağlı olan qeyri-adi hadisələr Yehova haqqında bizə nə deyir? Və biz Onu necə təqlid edə bilərik?
Eşitdikləri onları hərəkətə təşviq etdi
3, 4. İsraillilərin qələbələri haqqındakı xəbərlər Kən’an diyarının əhalisinə necə tə’sir etdi?
3 Və’d edilən diyara daxil olana kimi İsraillilər səhrada 40 il gəzdilər. Bu vaxt ərzində Yehova Öz xalqını müdafiə edir və onun uğrunda mübarizə aparırdı. Və’d edilən diyarın cənub tərəfində Kən’anlı Arad padşahı İsrail xalqına qarşı çıxdı. Yehovanın köməyi ilə israillilər Horma yaxınlığında padşahı və onun xalqını darmadağın etdilər (Saylar 21:1-3). Bir qədər sonra, İsrail xalqı Edom diyarının mərkəzi hissəsini yan keçərək şimala doğru — Ölü dənizinin şimal-şərqinə doğru irəlilədi. Əvvəllər moablıların sakin olduqları bu ərazidə indi amorilər yaşayırdı. Amorilərin padşahı Sihon israillilərə onların ərazilərindən keçməyə izn vermədi. Yahatsda, ehtimal ki, Arnon vadisindən şimalda müharibə baş verdi və bu müharibədə Sihon həlak oldu (Saylar 21:23, 24; Təsniyə 2:30-33). Bir qədər də şimalda yerləşən Başanda, amorilərin üzərində Oq hökmranlıq edirdi. O, nəhəng adam olsa da, Yehovaya qarşı dura bilmədi. Oq, Edrei yaxınlığında öldürüldü (Saylar 21:33-35; Təsniyə 3:1-3, 11). İsrail xalqının Misirdən çıxışı haqqında eşidən kən’anlılar bu yeni qələbələr haqqında xəbər tutanda mütəəssir oldulara.
4 İsrail xalqı İordan çayını keçdikdən və Kən’an diyarına daxil olduqdan sonra Qilqalda düşərgə saldı (Yeşu 4:9-19). Yaxınlıqda Eriha adlı qala şəhəri yerləşirdi. Kən’anlı Rahab Yehovanın işləri barədə eşidib, imanla davranmağa təşviq olundu. Buna görə də Yehova Eriha şəhərini xarabalığa çevirəndə, onu və evində toplaşanları qoruyub saxladı (Yeşu 2:1-13; 6:17, 18; Yaqub 2:25).
5. Gibeon əhalisini hiyləyə əl atmağa nə vadar etmişdi?
5 Sonradan İsrail xalqı İordan çayı vadisindən keçərək mərkəzi yüksəkliyə tərəf getdi. Orada Yeşu Yehovanın göstərişinə görə pusqu qurub, Ay şəhərini darmadağın etdi (Yeşu 8-ci fəsil). Bu barədə eşidən bir çox Kən’an padşahları israillilərə qarşı müharibə etmək üçün bir yerə toplaşdılar (Yeşu 9:1, 2). Qonşuluqdakı Hivi şəhəri olan Gibeonun sakinləri isə başqa cür davrandılar. Onlar, Yeşu 9:4 ayəsində deyildiyi kimi, “hiylə ilə davrandılar”. Rahab kimi onlar da Yehovanın Öz xalqını Misirdən necə çıxardığını, Sihonu və Oqu necə məhv etdiyini eşitmişdilər (Yeşu 9:6-10). Gibeon sakinləri başa düşdülər ki, müqavimət göstərmək faydasızdır. Buna görə də, həm öz şəhərləri, həm də üç qonşu — Kefira, Beerot və Kiryat-yearim şəhərləri uğrunda Qilqala, Yeşunun yanına, sanki uzaqdan gəlirmişlər kimi köhnə paltar geymiş səfirlər göndərdilər. Onların hiyləsi baş tutdu. Yeşu gibeonlularla, onların sağ qalacaqlarına zəmanət verən əhd bağladı. Yeşu və israillilər üç gündən sonra bildilər ki, onları aldatmışlar. Lakin Yehovanın adına and içdikləri üçün və’dlərini pozmadılar (Yeşu 9:16-19). Yehova bunu bəyəndimi?
6. Yeşunun gibeonlularla bağladığı əhdə Yehova necə münasibət göstərdi?
6 Gibeonlulara İsrail xalqı üçün və hətta səyyar mə’bəddə “Rəbbin... qurbangahı üçün” odun doğramağa və su daşımağa izn verdilər (Yeşu 9:21-27). Bundan əlavə, amorilərin beş padşahının ordusu gibeonlular üçün təhlükə yaradanda, Yehova mö’cüzəli tərzdə Öz qüvvəsini təzahür etdirdi. “Dolu daşları ilə ölənlər”, Yeşunun döyüşçülərinin öldürdüklərindən çox idi. Yehova, hətta Yeşunun duasına cavab olaraq günəşi və ayı saxladı ki, israillilər düşməni bütünlüklə darmadağın etsinlər. Yeşu qeyd etdi ki, “Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün ondan əvvəl və ondan sonra olmadı; çünki Rəbb İsrail üçün cəng etdi” (Yeşu 10:1-14).
7. Peter tərəfindən deyilən hansı prinsip bə’zi kən’anlılarla baş verən hadisədə nümayiş etdirilir?
7 Kən’anlı Rahab və ailəsi, həmçinin gibeonlular Yehovadan qorxur və bu hissə müvafiq davranırdılar. Onlarla baş verənlər, sonradan məsihçi həvarisi Peterin dediyi prinsipi əyani şəkildə nümayiş etdirir: “Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur” (Həvarilərin işləri 10:34, 35).
İbrahimlə və İsrail xalqı ilə davranış tərzi
8, 9. Yehova İbrahimlə və İsrail xalqı ilə davranışında ayrı-seçkilik etmədiyini necə göstərdi?
8 Şagird Yaqub, İbrahimlə və onun nəslindən olan insanlarla davranışında Allahın mərhəmətinə diqqət yetirdi. İbrahim mənşəyinə görə deyil, imanına görə “Allahın dostu” sayıldı (Yaqub 2:23). İbrahimin imanı və Yehovaya olan məhəbbəti, onun nəslinə xeyir-dualar gətirdi (2 Tarixlər 20:7). Yehova İbrahimə və’d vermişdi: “Səni ziyadəsilə mübarək qılacağam və sənin zürriyyətini, göylərin ulduzları kimi, dəniz kənarında olan qum kimi ziyadəsilə çoxaldacağam”. Lakin sonrakı ayədə yazılan və’də diqqət yetirək: “Zürriyyətində yerin bütün millətləri xeyir-dua alacaqlar” (Təkvin 22:17, 18; Romalılara 4:1-8).
9 Bəli, Yehova ayrı-seçkilik etmir: İsrail xalqı ilə davranışından, Ona tabe olanlara nələr edə biləcəyini göstərdi. Yehovanın Öz xalqı ilə davranışı — sədaqətli xidmətçilərinə ifadə etdiyi sadiq məhəbbətin nümunəsidir. İsrail Yehovanın ‘xüsusi xalqı’ olsa da, bu o demək deyildi ki, başqa xalqlar Yehovanın xeyirxahlığına ümid edə bilməz (Çıxış 19:5; Təsniyə 7:6-8). Doğrudur ki, Yehova israilliləri misir köləliyindən azad etmiş və bu səbəbdən demişdir: “Yer üzünün bütün qəbilələrindən yalnız sizi tanıdım”. Lakin Amosun və digər peyğəmbərlərin vasitəsilə Yehova həm də “bütün millətlər” üçün gözəl gələcək və’d etdi (Amos 3:2; 9:11, 12; İşaya 2:2-4).
İsa ayrı-seçkilik etməyən müəllimdir
10. Ayrı-seçkilik etməməkdə İsa Atasını necə təqlid edirdi?
10 Yer üzündəki xidmətini yerinə yetirərkən, Atasını dəqiq təmsil edən İsa ayrı-seçkilik etməməkdə Yehovanı təqlid etdi (İbranilərə 1:3). O zaman onun üçün ən vacibi — “İsrail xalqının qeyb olmuş qoyunlarını” tapmaq idi. Buna baxmayaraq, İsa quyunun yanında samariyalı qadına təbliğ etməkdən boyun qaçırmadı (Matta 15:24; Yəhya 4:7-30). Göründüyü kimi, o, yəhudi olmayan yüzbaşının xahişi ilə mö’cüzə də etdi (Luka 7:1-10). Bununla yanaşı, Allahın xalqına məhəbbətini İsa əməlləri ilə göstərirdi. İsanın şagirdləri də hər yerdə təbliğ edirdilər. Aydın oldu ki, Yehovanın xeyir-dualarını əldə etmək insanın milliyətindən deyil, ürəyinin vəziyyətindən asılıdır. Həqiqətə susayan təvazökar, səmimi insanlar Padşahlıq haqqındakı xoş xəbərə hay verirdilər. Məğrur və lovğa insanlar isə İsaya və onun çatdırdığı xəbərə nifrət bəsləyirdilər. İsa nida etdi: “Ey göyün və yerin Rəbbi olan Ata, şükür edirəm Sənə ki, bu şeyləri müdriklərdən və ağıllılardan gizlədib körpələrə açdın. Bəli, Ata. Çünki Sənin iltifatın belə idi” (Luka 10:21). İnsanlarla davranışımızda məhəbbət və imanı əldə rəhbər tuturuqsa, ayrı-seçkilik etmirik və bunun Yehovaya məqbul olduğunu bilirik.
11. İlk məsihçilərin yığıncağı ayrı-seçkilikdən necə uzaq idi?
11 İlk məsihçi yığıncağında yəhudilərlə qeyri-yəhudilər arasında ayrı-seçkilik yox idi. Pavel izah edirdi: “Yaxşılıq edən hər adama, əvvəlcə yəhudiyə, sonra da yunana izzət, hörmət və sülh. Çünki Allah önündə ayrı-seçkilik yoxdurb” (Romalılara 2:10, 11). Mərhəmət göstərərkən Yehova insanların etnik mənşəyini deyil, onların Yehova haqqında və Onun Oğlu İsanın fidiyə qurbanlığı sayəsində mümkün olan gələcək barədə öyrənərkən reaksiyalarını nəzərə alırdı (Yəhya 3:16, 36). Pavel yazır: “Zahirən yəhudi olan yəhudi deyildir, nə də zahirən, cismən sünnətli olan sünnətli deyildir; lakin daxildən yəhudi olan yəhudidir və hərfən deyil, ruhən, ürəkdə olan sünnətlilik əsl sünnətlilikdir”. Sonra “yəhudi” sözünün (“Yəhuda”, daha doğrusu, “izzətlənmiş” və ya “tə’rif qazanmış” deməkdir) daşıdığı mə’nadan məharətlə istifadə edərək Pavel əlavə edir: “O adamın mədhi də insanlardan deyil, Allahdandır” (Romalılara 2:28, 29). Yehova insanları tə’rifləyərkən, onların mənşəyinə baxmır. Bəs biz?
12. Vəhy 7:9 ayəsində hansı imkandan danışılır və bu imkan kimlər üçün açıqdır?
12 Bir qədər sonra həvari Yəhyaya verilən rö’yada məsh edilmiş sadiq məsihçilər “İsrail oğullarının bütün qəbilələrindən” möhürlənmiş 144 mindən ibarət ruhani bir xalq kimi təsvir edilmişlər. Bundan sonra Yəhya “ağ libas geyib, əllərində palma budağı, taxtın və Quzunun qarşısında” duran “hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan... böyük bir izdiham” gördü (Vəhy 7:4, 9). Beləliklə, müasir məsihçi yığıncağına hər bir etnik qrupdan və dildən olan insanlar üçün yol açıqdır. Müxtəlif mənşəli insanlar yaxınlaşan “böyük məşəqqətdən” sağ çıxıb, yeni dünyada ‘həyat sularının qaynaqlarından’ içə bilmək imkanına malikdirlər (Vəhy 7:14-17).
Müsbət tə’sir
13-15. a) İrqi və mədəni fərqləri necə dəf edə bilərik? b) Mehribançılığın müsbət tə’sirinə dair nümunə gətirin.
13 Qayğıkeş ata öz uşaqlarını tanıdığı kimi, Yehova da bizi yaxşı tanıyır. Eyni tərzdə biz də başqalarının hansı şəraitdə və mədəniyyətdə böyüdükləri ilə maraqlanaraq, onları tanımağa və başa düşməyə çalışanda, aramızda olan fərq arxa planda qalır. Etnik sədlər yox olur, dostluq və məhəbbət bağları isə möhkəmlənir. Həmçinin birlik də möhkəmlənir (1 Korinflilərə 9:19-23). Bu, xarici ölkələrdə xidmət edən missionerlərin nümunəsində yaxşı görünür. Onlar həmin ərazilərdə yaşayan insanlara maraq göstərir və tezliklə yerli yığıncaqlarla qaynayıb-qarışırlar (Filipililərə 2:4).
14 Ayrı-seçkilik etməməyin müsbət tə’siri bir çox ölkələrdə aşkardır. Həbəşistanda dünyaya göz açmış Aklilu, Böyük Britaniyanın paytaxtı Londonda yaşayarkən tənhalıqdan əziyyət çəkirdi. Bundan əlavə, hiss edirdi ki, ətrafdakı insanlar əcnəbilərə kifayət qədər mehriban yanaşmırlar. Bu cür hallar müasir Avropanın bir çox böyük şəhərlərində müşahidə edilir. Aklilu Yehovanın Şahidlərinin Padşahlıq Zalında keçirilən görüşə gələndə, nə qədər də fərqli münasibətlə qarşılandı! İştirak edənlər onu hərarətlə qarşıladılar; və artıq bir qədər vaxtdan sonra o, özünü evdəki kimi hiss edirdi. O, Yaradan haqqında bilik əldə edərək və bu bilikləri ürəkdən qəbul edərək ruhən tez böyüdü. Tezliklə Padşahlıq haqqındakı xoş xəbəri ətrafındakı insanlarla bölüşmək üçün imkanlar axtarmağa başladı. Bir dəfə Aklilunun xidmət yoldaşı ondan həyatındakı məqsədləri barədə soruşdu. Aklilu dərhal cavab verdi ki, onun arzusu nə vaxtsa doğma amhara dilində danışan yığıncağın bir hissəsi olmaqdır. Yerli ingilisdilli yığıncağın ağsaqqalları bu haqda biləndə, böyük məmnuniyyətlə Aklilunun doğma dilində Müqəddəs Kitab mə’ruzəsi təşkil etdilər. Böyük Britaniyada amhara dilində keçirilən ilk görüşə gəlmək də’vətinə həm əcnəbi, həm də yerli sakinlərdən çoxları hay verdilər. Bu gün həmin rayonda yaşayan həbəşistanlı və başqa insanlar, inkişaf edən yığıncağın üzvüdürlər. Bir çoxları dərk etdilər ki, Yehovanın tərəfini tutmaqda və bu addımı məsihçi vəftizi ilə simvollaşdırmaqda onlara heç nə mane olmur (Həvarilərin işləri 8:26-36).
15 Hər bir xalqın öz səciyyəvi xüsusiyyətləri və mədəniyyəti var. Bu, bir xalqı başqasından üstün tutmağa əsas vermir; onlar sadəcə olaraq fərqlənirlər. Malta adasında Yehovaya təzəlikcə həsr olunmuş xidmətçilərin vəftizi zamanı Böyük Britaniyadan olan qonaqların gözlərindəki sevinc yaşları yerli Şahidlərin gurultulu sevincinə qarışmışdı. Maltalılar və ingilislər öz hisslərini müxtəlif cür təzahür etdirirdilər, lakin buna baxmayaraq, Yehovaya olan güclü məhəbbət onları məsihçi qardaşlığının telləri ilə möhkəm bağlayır (Məzmur 133:1; Koloslulara 3:14).
Qabaqcadan yaranmış mənfi rə’yi dəf etmək
16-18. Məsihçi yığıncağında qabaqcadan yaranmış mənfi rə’yə qalib gəlməyin üsulunu göstərən əhvalat danışın.
16 Yehovaya və məsihçi qardaşlarımıza olan məhəbbətimiz artdıqca, başqaları ilə necə davranmaqda Yehovanı daha yaxşı təqlid edə bilərik. Ehtimal ki, müəyyən millətlərə, irq və mədəniyyətlərə qarşı bir zamanlar bizdə mövcud olan müxtəlif mənfi rə’yləri dəf edə bilərik. İkinci Dünya müharibəsi zamanı Britaniya ordusunda qulluq edən və 1942-ci ildə Sinqapurun alınması zamanı yaponlara əsir düşən Albertin nümunəsini nəzərdən keçirək. O, üç ilə yaxın müddətdə Kxuenoy çayının üzərindən keçən körpünün yanındakı “Ölüm dəmir yolu”nda işləmişdir. Müharibənin axırında onu azad edəndə, onun çəkisi 32 kiloqram idi, çənə sümüyü və burnu sınmış, özü isə dizenteriyadan, dəmrov və malyariya xəstəliyindən əziyyət çəkirdi. Minlərlə başqa xəstələr daha pis vəziyyətdə idilər, çoxları isə ölmüşdü. 1945-ci ildə evə qayıdandan sonra gördüyü və yaşadığı bütün vəhşiliklərdən sonra Albert qəddarlaşmışdı; Allah və din haqqında heç nə bilmək istəmirdi.
17 Albertin həyat yoldaşı Ayrin Yehovanın Şahidi oldu. Onu razı salmaq üçün, Albert bir neçə dəfə onunla Yehovanın Şahidlərinin yerli yığıncağına getmişdir. Tammüddətli xidmətçi olan Pol adlı gənc məsihçi Albertə baş çəkir və onunla Müqəddəs Kitabı öyrənirdi. Tezliklə Albert başa düşdü ki, insanlarla davranışında Yehova ilk növbədə onların ürəyinə baxır. O, həyatını Yehovaya həsr etdi və vəftiz olundu.
18 Bir qədər sonra Pol Londona köçdü, yapon dilini öyrənib, yapondilli yığıncağa getməyə başladı. O, özünün keçmiş yığıncağına müraciət edib Yaponiyadan olan bir neçə Şahidi qonaq kimi qəbul etməyi təklif edəndə, həmin yığıncaqdakı qardaşlar xatırladılar ki, Albertdə bu millətə qarşı güclü mənfi rə’y mövcuddur. Albert Britaniyaya qayıtdığı vaxtdan yaponlarla şəxsi görüşdən qaçındığı üçün, qardaşlar onun bu vəziyyətdə özünü necə aparacağından narahat idilər. Narahat olmağa dəyməzmiş: Albert qonaqları səmimi qardaşsevərliklə qarşıladı (1 Peter 3:8, 9).
“Ürəyinizi genişləndirin”
19. Ayrı-seçkilik etməyə hələ də meylimiz varsa, həvari Pavelin hansı məsləhəti bizə kömək edə bilər?
19 Müdrik padşah Süleyman yazırdı: “Yaxşı deyil tərəfkeşlik” (Süleymanın məsəlləri 28:21, MKŞ). Yaxşı tanıdığımız adamlarla yaxın münasibətlər yaratmaq asandır. Lakin bə’zən elə ola bilər ki, bizdə yaxşı tanımadığımız kəslərə az maraq göstərmək meyli yaranar. Bu cür ayrı-seçkilik Yehovanın xidmətçilərinə yaraşmaz. Sözsüz ki, bizim hamımız Pavelin verdiyi aydın məsləhətə — “ürəyinizi genişləndirin” məsləhətinə riayət etməli və müxtəlif millət və mədəniyyətlərdən olan məsihçi bacı-qardaşlarımıza münasibətdə ürəyimizi genişləndirməliyik (2 Korinflilərə 6:13, İ–93).
20. Ayrı-seçkilik etməyən Allahımız Yehovanı həyatın hansı sahələrində təqlid etməliyik?
20 İstər səmavi də’vətə, istərsə də yer üzündə əbədi həyata ümidimiz olsun, ayrı-seçkilik etmədən, bir Çobanı olan sürüdə olarkən aramızdakı birlikdən həzz ala bilərik (Efeslilərə 4:4, 5, 16). Ayrı-seçkilik etməyən Allahımız Yehovanı təqlid etmək üçün sə’ylə çalışsaq, məsihçi xidmətində, ailə həyatında, yığıncaqda və ümumiyyətlə həyatın bütün sahələrində müvəffəqiyyət qazanacağıq. Bu necə mümkündür? Bunu növbəti məqalədə nəzərdən keçirəcəyik.
[Haşiyələr]
a Yehovanın məşhur işləri barədə sonradan ruhani mövzuda mahnılar yazılmışdır (Məzmur 135:8-11; 136:11-20).
b Burada “yunan” sözü altında bütün qeyri-yəhudilər nəzərdə tutulur (“Müqəddəs Yazıların dərk edilməsi”, cild I, səhifə 1004, Yehovanın Şahidləri tərəfindən dərc olunmuşdur, ing.).
Siz necə cavab verərdiniz?
• Yehova Rahaba və gibeonlulara ayrı-seçkilik etmədiyini necə göstərdi?
• İnsanları öyrədərkən İsa ayrı-seçkilik etmədiyini necə göstərirdi?
• Müxtəlif millətə və irqə qarşı qabaqcadan yaranmış mənfi rə’yi dəf etməkdə nə kömək edər?
[11-ci səhifədəki şəkil]
İsraillilər Kən’anı zəbt etməyə başlayırlar.
[12-ci səhifədəki şəkil]
İsa samariyalı qadına təbliğ etməkdən boyun qaçırmadı.
[13-cü səhifədəki şəkil]
Britaniyada amhara dilində keçirilən görüş.
[13-cü səhifədəki şəkil]
Qabaqcadan yaranmış mənfi rə’yləri dəf etməkdə Yehovaya olan məhəbbəti Albertə kömək etdi.