Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/2 s. 13—17
  • Mükafatı almaq üçün özünüzə hakim olun!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mükafatı almaq üçün özünüzə hakim olun!
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Yaxşılıq etmək üçün özünə hakim olmaq
  • “Hər cəhətcə”?
  • Özünə hakim olmaqla yetkinliyə doğru
  • Özünə hakim olmaq keyfiyyətini inkişaf etdirin
  • Biliyinizə özünə hakim olmağı əlavə edin
    Gözətçi qülləsi 2004
  • Özümüzə hakim olaq
    Gözətçi qülləsi 2017
  • Özünə hakim olmaq. Yehovanın rəğbətini qazanmaq üçün zəruridir
    Gözətçi qülləsi 2020
  • Övladınıza özünə hakim olmağı öyrədin
    Oyanın! 2019
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/2 s. 13—17

Mükafatı almaq üçün özünüzə hakim olun!

“Müsabiqədə iştirak edənlərin hamısı hər cəhətcə özlərini saxlayırlar [“özlərinə hakim olurlar”, YD]” (1 KORİNFLİLƏRƏ 9:25).

1. Efeslilərə 4:22-24 ayələrinə əsasən milyonlarla insanlar Yehovanın iradəsini yerinə yetirmək istədiklərini necə göstərmişlər?

ƏGƏR sən Yehovanın Şahidi kimi vəftiz olunmusansa, qaliblərini əbədi həyat mükafatı gözləyən simvolik yarışda iştirak etmək istəyini hamının qarşısında göstərmisən. Sən Yehovanın iradəsini yerinə yetirməyə razılıq vermisən. Yehovaya həsr olunmazdan əvvəl, bizlərdən çoxumuz ciddi dəyişikliklər etməli olmuşduq ki, həsr olunmamız Yehovanın nöqteyi-nəzərindən həqiqi, məqbul sayılsın. Biz, həvari Pavelin məsihçilərə yazdığı “əvvəlki yaşayışınıza məxsus olub, aldadıcı ehtiraslarla pozulmuş köhnə mənliyi kənara atın... Və Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış yeni mənliyi geyinin”, nəsihətinə riayət etdik (Efeslilərə 4:22-24). Başqa sözlərlə, Allaha həsr olunmaq qərarını verməzdən əvvəl, biz, əvvəlki yolverilməz həyat tərzimizi rədd etməli idik.

2, 3. Allahın lütfünü qazanmaq üçün iki cür dəyişiklik etmək zərurəti 1 Korinflilərə 6:9-12 ayələrindən necə görünür?

2 Yehovanın Şahidi olmaq üçün kənara atmalı olduğumuz köhnə mənliyin müəyyən cizgiləri Allahın Kəlamında bilavasitə mühakimə edilir. Korinflilərə məktubunda Pavel onlardan bə’zilərini sadalayır: “Nə əxlaqsızlar, nə bütpərəstlər, nə zinakarlar, nə kişibazlar, nə uşaqbazlar, nə oğrular, nə tamahkarlar, nə sərxoşlar, nə acıdillər, nə də qəsbkarlar Allahın Padşahlığını miras almayacaqlar”. Sonra Pavel “sizlərdən bə’ziləri də bu cür idilər” deməklə, I əsrin məsihçilərinin lazımi dəyişikliklər etdiyini göstərdi. Diqqət yetirək ki, Pavel “idilər” deyir, deməli onlar indi dəyişilmişlər (1 Korinflilərə 6:9-11, İ–93).

3 Pavel “mənə hər şey caizdir ­[“qanunidir”, YD], lakin hər şey faydalı deyil”, — deməklə, növbəti dəyişikliklərin tələb oluna biləcəyinə işarə etdi (1 Korinflilərə 6:12). Bu sözlərə müvafiq olaraq, Yehovanın Şahidi olmaq arzusunda olan kəslər, qanuni olsa da, faydalı olmayan və ya gələcək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etməyən məşğuliyyətlərə də “yox” demək zərurətini görürlər. Bu məşğuliyyətlər, insanın vaxtının çoxunu alar və daha vacib olan şeylərdən yayındıra bilər.

4. Həsr olunmuş məsihçilər Pavellə nədə razıdırlar?

4 Allaha, sanki böyük qurbanlarla bağlı imiş kimi candərdi yox, həvəslə həsr edilirlər. Həsr olunmuş məsihçilər, Məsihin şagirdi olduqdan sonra növbəti sözləri deyən Pavellə razıdırlar: “[Məsihin] uğrunda... hər şeyi ziyan hesab edir və zibil sayıram ki, Məsihi əldə edim” (Filipililərə 3:8). Pavel, Allaha məqbul bir həyat sürməyi davam etdirə bilsin deyə, az əhəmiyyətli şeyləri həvəslə rədd etdi.

5. Pavel hansı yarışda qalib gəldi və bunu biz necə edə bilərik?

5 Pavel ruhani yarışda özünə hakim olmağı bacardı və nəticədə növbəti sözləri deyə bildi: “Mübarizədə yaxşı çarpışdım, qaçışı bitirdim, imanı hifz etdim. Bundan sonra mənim üçün salehlik tacı hazır durur. Adil Hakim olan Rəbb o Gün onu mənə və yalnız mənə deyil, Onun zühurunu hərarətlə arzulayanların hamısına verəcəkdir” (2 Timoteyə 4:7, 8). Buna bənzər fikri nə vaxtsa biz də özümüz barəsində söyləyə biləcəyikmi? Əgər imanı hifz edərək və özümüzə hakim olaraq məsihçi ‘qaçışında’ dayanmadan axıra kimi iştirak etsək, söyləyə bilərik.

Yaxşılıq etmək üçün özünə hakim olmaq

6. Özünə hakim olmaq nə deməkdir və onu hansı iki üsulla təzahür etdirməliyik?

6 Müqəddəs Kitabda “özünə hakim olmaq” mə’nasında işlənən ibrani və yunan sözləri hərfi mə’nada özünü idarə etmək mə’nasını daşıyır. Bu sözlər, çox vaxt pislik etməkdən özünü saxlamaq deməkdir. Lakin özümüzü yaxşılıq etməyə təşviq etmək üçün də, ehtimal ki, özümüzə hakim olmağı bacarmalıyıq. Qeyri-kamil insanlar doğulduqları vaxtdan pis işlərə meylli olduqları üçün, özümüzə hakim olmaq bizə ikiqat çətin gəlir (Vaiz 7:29; 8:11). Özümüzü yalnız pislikdən saxlamaq deyil, həm də yaxşılıq etməyə məcbur etmək lazım gəlir. Qeyd etməyə dəyər ki, yaxşılıq etmək üçün özümüzü idarə etmək, pis işlərdən qaçınmağın ən yaxşı üsullarından biridir.

7. a) Davud kimi biz nə barədə dua etməliyik? b) Nə barədə dərin düşünməliyik ki, özünə hakim olmaq keyfiyyətini daha çox inkişaf etdirək?

7 Aydın görürük ki, Allaha həsr olunmamıza axıra kimi sadiq qalmaq istəyiriksə, özünə hakim olmaq keyfiyyəti olduqca vacibdir. Bizim Davud kimi dua etməyə ehtiyacımız var: “Məndə təmiz ürək yarat, ey Allah; və içimdə doğru ruh təzələ” (Məzmur 51:10). Əxlaqi və ya fiziki vəziyyətimizə pis tə’sir edən şeylərdən qaçınmağın faydası üzərində düşünə bilərik. Bu cür şeylərin zərərli nəticələri üzərində düşünün: səhhətlə əlaqəli ciddi problemlər, pozulmuş münasibətlər və hətta vaxtsız ölüm. Digər tərəfdən isə, Yehovanın bizə göstərdiyi həyat yolu ilə getməyin nə qədər üstün olduğunu düşünək. Lakin realist olaq və unutmayaq ki, ürəyimiz aldadıcıdır (Yeremya 17:9). Biz, Yehovanın normalarına riayət etməyin vacibliyini azaltmaq üçün ürəyimizin göstərdiyi hər bir cəhdə qətiyyətlə müqavimət göstərməliyik.

8. Təcrübə bizə nə öyrədir? Nümunə gətirin.

8 Bizlərdən çoxumuz öz təcrübəsindən bilir ki, inadkar bədən çox vaxt hazırlıq ruhunun alovunu söndürməyə çalışır. Nümunə üçün Padşahlıq haqqındakı təbliğ işini götürək. İnsanların bu xilasedici işdə hazırlıqla iştirak etməsini görmək Yehovaya xoşdur (Məzmur 110:3; Matta 24:14). Bizlərdən çoxumuz üçün açıq-aşkar təbliğ etmək asan olmamışdır. Axı bədənimizin asan yolla getməsinə yol vermək əvəzinə, bizdən bədənimizi idarə edərək, ‘cəfa verib onu kölə etmək’ tələb olunurdu və ehtimal ki, indi də tələb olunur (1 Korinflilərə 9:16, 27; 1 Saloniklilərə 2:2).

“Hər cəhətcə”?

9, 10. ‘Hər cəhətcə özünə hakim olmağa’ nə daxildir?

9 Müqəddəs Kitabın ‘hər cəhətcə özünüzə hakim olun’ məsləhəti göstərir ki, sadəcə olaraq təmkinli olmaq və əxlaqsız davranışlardan qaçınmaq kifayət deyil. Ehtimal ki, biz bu sahədə özünə hakim olmaq keyfiyyətini özümüzdə inkişaf etdirmişik və əgər belədirsə, minnətdar ola bilərik. Bəs özünə hakim olmaq keyfiyyətinin zəruri olduğu bir o qədər də nəzərə çarpmayan sahələrdə necə? Tutaq ki, həyat səviyyəsi nisbətən yüksək olan varlı ölkədə yaşayırıq. Məgər özümüzü lazımsız xərclərdən çəkindirməyi öyrənmək müdriklik olmazdımı? Valideynlər, imkanları çatdığı və ya mağazada olduğu üçün xoşlarına gələn hər şeyi almamağı uşaqlarına öyrətməlidirlər. Şübhəsiz ki, bu cür nəsihətlər tə’sirli olsun deyə, valideynlər düzgün nümunə verməlidirlər (Luka 10:38-42).

10 Qənaət etməyi öyrənməklə, iradəmizi möhkəmləndirə bilərik. Bundan əlavə, biz, ehtimal ki, malik olduğumuz şeyləri daha çox qiymətləndirəcək və istədiklərinə görə deyil, ehtiyac ucbatından qənaət etməyə məcbur olan kəslərə daha mərhəmətlə yanaşacağıq. E’tiraf etmək lazımdır ki, sadə həyat tərzi, “Kefini çək!” və ya “Sən ən yaxşısına layiqsən!” kimi geniş yayılmış şüarlara ziddir. Reklam dünyası arzuları tə’xirəsalınmaz surətdə tə’min etməyə təşviq edir, əslində isə bunu öz mənfəəti üçün edir. Bu cür vəziyyət özümüzə hakim olmaq sə’yimizə mane ola bilər. İnkişaf edən Avropa ölkələrindən birində dərc olun jurnalda bu yaxınlarda belə bir qeyd vardı: “Əgər son dərəcədə yoxsul şəraitlərdə yaşayan kəslər üçün arzuedilməz meylləri idarə etmək daxili mübarizə ilə əlaqəlidirsə, bunu etmək varlı ölkələrdə yağ-bal içində yaşayanlar üçün daha çətindir!”

11. Nəyə görə qənaət etməyi öyrənmək faydalı, eyni zamanda isə çətindir?

11 Əgər istəkləri və həqiqi tələbatları ayırd etmək bizim üçün çətindirsə, düşüncəsiz hərəkətlərdən özümüzü qorumaq üçün bə’zi addımları atmaq faydalı olardı. Misal üçün, əgər israfçılıq etmək meyli ilə mübarizə aparmaq istəyiriksə, kreditə heç nə almamaq və ya mağazaya gedərkən özümüzlə az pul götürmək qərarını qəbul edə bilərik. Xatırlayaq ki, Pavelin sözlərinə görə, “əlindəki ilə kifayətlənərək Allah yolu ilə yerimək... böyük qazancdır”. Həvari belə fikir yürüdürdü: “Biz dünyaya heç bir şey gətirməmişik; və aydındır ki, oradan heç bir şey də apara bilmərik. Amma yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik” (1 Timoteyə 6:6-8). Bəs biz kifayətlənirikmi? Hansı sahədə olursa-olsun şəxsi istəklərimizi yüyənləyərək, lazımsız yüklərdən azad edilmiş sadə həyat tərzi sürmək üçün möhkəm iradə və özünə hakim olmaq keyfiyyəti tələb olunur. Lakin bunu öyrənməyə dəyər.

12, 13. a) Yığıncaq görüşləri özünə hakim olmaq keyfiyyəti ilə necə əlaqəlidir? b) Biz daha hansı sahələrdə özümüzə hakim olmaq keyfiyyətini inkişaf etdirməliyik?

12 Yığıncaq görüşlərinə və konqreslərə gəlmək də özünə hakim olmaq keyfiyyətini təzahür etdirməklə bağlıdır. Məsələn, bu keyfiyyət görüş vaxtı fikirlərimizin yayınmasına yol verməmək üçün zəruridir (Süleymanın məsəlləri 1:5). Yanımızda oturan adamla pıçıldaşaraq, başqalarını yayındırmamaq və bütün diqqətimizi mə’ruzəçiyə yönəltmək üçün də özünə hakim olmaq keyfiyyəti tələb oluna bilər. Özünə hakim olmaq keyfiyyəti olmadan görüşlərə vaxtında gəlmək üçün qrafikimizdə dəyişiklik etmək də çətin başa gələ bilər. Və nəhayət, görüşlərə hazırlaşmaq və onlarda iştirak etmək üçün də özünə hakim olmaq tələb olunur.

13 Kiçik şeylərdə özünə hakim olmaq, bu keyfiyyəti daha böyük məsələlərdə təzahür etdirməyə kömək edər (Luka 16:10). Buna görə də özünü müntəzəm olaraq Allahın Kəlamını və ona əsaslanan nəşrləri oxumağa, onların üzərində dərindən düşünməyə alışdırmaq nə qədər də faydalıdır! İş yerinə, yoldaşlara, baxışlara, məsihçilərə yaraşmayan vərdişlərə, ya da ki, Allaha xidmət etmək üçün qiymətli vaxtımızı əlimizdən alan məşğuliyyətlərdə özümüzü saxlaya bilmək nə qədər də müdriklik olardı! Yehovaya xidmətlə məşğul olmaq, şübhəsiz ki, bizi Yehovanın beynəlxalq yığıncağının ruhani Cənnətindən ayıra biləcək işlərdən gözəl müdafiədir.

Özünə hakim olmaqla yetkinliyə doğru

14. a) Uşaqlar özlərinə hakim olmağı necə öyrənməlidirlər? b) Nəyə görə özünə hakim olmaq keyfiyyətini erkən yaşlarından inkişaf etdirmək faydalıdır?

14 Yeni doğulan körpələr özünə hakim olmaq keyfiyyəti ilə başqalarından fərqlənmirlər. Uşaqların davranışı üzrə mütəxəssislər tərəfindən dərc olunan broşürada deyilir: “Özünə hakim olmaq keyfiyyəti qəfildən peyda olmur. Özünə hakim olmağı öyrənməyə başlasınlar deyə, balaca uşaqlar valideynləri tərəfindən nəsihətə və yardıma ehtiyac duyurlar. [...] Məktəb illərində valideynlərin rəhbərliyi altında uşaqlar özlərini daha yaxşı idarə etməyə başlayırlar”. Tədqiqatlardan biri göstərir ki, dörd yaşında müəyyən dərəcədə özünə hakim olmaq keyfiyyətini təzahür etdirməyi öyrənən uşaqlar, “yeniyetmə dövründə daha dözümlü, populyar, təşəbbüskar, özünə arxayın və e’tibarlı olurlar”. Həmin dövr üçün bu keyfiyyəti inkişaf etdirməyən uşaqlar isə “çox vaxt tənhadırlar, özlərinə əmin deyillər və inadkardırlar. Onlar təzyiqlərə tab gətirmir və çətinliklər qarşısında geri çəkilirlər”. Aydındır ki, müvazinətli yetkin insan kimi böyüməsi üçün uşaq özünə hakim olmağı öyrənməlidir.

15. Özünə hakim olmaq keyfiyyətinin çatışmamazlığı nəyə işarədir və Müqəddəs Kitab bizi hansı məqsədə can atmağa də’vət edir?

15 Eyni tərzdə, bizlər də yetkin məsihçilər olmaq üçün özünə hakim olmaq keyfiyyətini təzahür etdirməyi öyrənməliyik. Bu keyfiyyətin çatışmamazlığı bizim hələ də ruhən uşaq olduğumuzu göstərir. Müqəddəs Kitab bizi, “əqlən... kamil” olmağa çağırır (1 Korinflilərə 14:20). Məqsədimiz, “imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin dolğunluq qamətinin ölçüsünə” nail olmaqdır. Nəyə görə? Ona görə ki, “artıq insanların kələkbazlığı ilə, bizi yoldan çıxarmaq üçün hazırladıqları hiylələrlə, hər cür tə’limin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq” (Efeslilərə 4:13, 14). Gördüyümüz kimi, özünə hakim olmaq keyfiyyətini təzahür etdirmək bizim ruhani vəziyyətimiz üçün zəruridir.

Özünə hakim olmaq keyfiyyətini inkişaf etdirin

16. Yehova hansı yardımı təklif edir?

16 Özünə hakim olmaq keyfiyyətini inkişaf etdirmək üçün hamımız Allahın yardımına ehtiyac duyuruq, bu yardımı isə almaq mümkündür. Allahın Kəlamı mükəmməl güzgü kimi bizə dəyişiklik etməli olduğumuz sahələri göstərir və bunu necə etməyə dair məsləhət verir (Yaqub 1:22-25). Sevən qardaşlıq da yardım etməyə hazırdır. Məsihçi ağsaqqalları həssaslıqla köməklik göstərirlər. Yehovanın Özü də, əgər duada diləyiriksə, müqəddəs ruhundan bol-bol verir (Luka 11:13; Romalılara 8:26). Gəlin bu köməkliyi sevinclə qəbul edək. Faydalı məsləhətləri yuxarıda gətirilən çərçivədə tapacağıq.

17. Süleymanın məsəlləri 24:16 ayəsi bizi necə ruhlandırır?

17 Yehovanı razı salmağa çalışaraq sərf etdiyimiz sə’ylərin Onun tərəfindən qiymətləndirdiyini bilmək necə də təsəllivericidir! Bu, bizi bundan sonra da özünə hakim olmaq keyfiyyətini inkişaf etdirmək üçün sə’y göstərməyə təşviq etməlidir. Neçə dəfə büdrəsək də, heç zaman mübarizəmizdə məğlub olmalı deyilik. “Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar” (Süleymanın məsəlləri 24:16, MKŞ). Hər dəfə qələbə çalanda, özümüzlə fəxr edə bilərik. Əmin ola bilərik ki, Yehova da bizimlə fəxr edir. Həyatını Yehovaya həsr edənə kimi siqaret çəkmək vərdişi ilə mübarizə aparan bir Şahid deyir ki, hər dəfə bir həftə siqaret çəkməyəndə, özünə hakim olmasının sayəsində qənaət etdiyi pula nə isə faydalı bir şey alaraq özünü mükafatlandırırdı.

18. a) Özünə hakim olmaq nə ilə əlaqəlidir? b) Yehova bizi nədə əmin edir?

18 Hər şeydən əvvəl xatırlamalıyıq ki, özünə hakim olmaq düşüncə və hisslərlə əlaqəlidir. Bunu İsanın sözlərindən görə bilərik: “Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur” (Matta 5:28; Yaqub 1:14, 15). Ağlını və ürəyini idarə etməyi öyrənən kəslərə bütün bədənlərini idarə etmək də asandır. Buna görə də gəlin yalnız pisliyin özündən deyil, bu haqda fikirlərdən də qaçınmaq qətiyyətində möhkəmlənək. Əgər pis fikirlər yaranırsa, onları dərhal rədd edək. Dua vasitəsilə diqqətimizi İsaya yönəltsək, şirnikdirici şeylərdən qaçına bilərik (1 Timoteyə 6:11; 2 Timoteyə 2:22; İbranilərə 4:15, 16). Qüvvəmiz daxilində olan hər şeyi etməyə çalışaraq Məzmur 55:22 ayəsindəki öyüdə riayət edəcəyik: “Yükünü Rəbbə burax və o sənə dəstək olar; salehi əsla sarsılmağa buraxmaz”.

Xatırlayırsınızmı?

• Hansı iki sahədə bizə özünə hakim olmaq keyfiyyətini təzahür etdirmək lazımdır?

• Hər cəhətcə özünə hakim olmaq nə deməkdir?

• Bu öyrənməmizdən özünə hakim olmaq keyfiyyətini inkişaf etdirmək üçün hansı praktiki üsullar xüsusilə yadınızda qaldı?

• Özünə hakim olmaq nədən başlanır?

[17-ci səhifədəki çərçivə/şəkillər]

Özünə hakim olmaq keyfiyyətini necə inkişaf etdirmək olar?

• Onu hətta balaca şeylərdə də təzahür etdir.

• Hazırda və gələcəkdəki faydası üzərində dərindən düşün.

• Allahın qadağan etdiyi şeyləri Onun bəyəndiyi şeylərlə əvəz et.

• Nalayiq fikirləri dərhal rədd et.

• Ağlını ruhən inkişaf etdirən fikirlərlə doldur.

• Yetkin məsihçilərin köməyini qəbul et.

• Şirnikdirici vəziyyətlərdən qaçın.

• Sınaqlar zamanı kömək verməsi üçün Allaha dua et.

[14 və 15-ci səhifələrdəki şəkillər]

Özünə hakim olmaq keyfiyyəti bizi yaxşılıq etməyə təşviq edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş