Dirilməyə olan ümid inandırıcıdır!
“Allaha ümid edirəm ki... ölülərin dirilməsi olacaqdır” (HƏVARİLƏRİN İŞLƏRİ 24:15).
1. Nə üçün dirilməyə ümid etmək olar?
DİRİLMƏYƏ ümid etmək üçün, Yeqova bizə inandırıcı səbəblər verir. O, bizə və’d edir ki, ölüləri dirildəcək, yenidən həyata qaytaracaq. Onun, ölüm yuxusunda olanlara aid niyyəti mütləq yerinə yetəcək (Yeşaya 55:11; Luka 18:27). Bundan əlavə, Allah, ölüləri diriltməyə qadir olduğunu artıq göstərib.
2. Dirilməyə olan ümid bizə necə kömək edə bilər?
2 Oğlu İsa Məsihin vasitəsilə Allahın ölüləri dirildəcəyinə iman etmək, çətin anlarda bizə kömək edə bilər. Dirilməyə olan ümidin möhkəmliyi, səmavi Atamızın qarşısında, hətta ölənə qədər nöqsansızlığı qoruyub saxlamaqda bizə kömək edər. Müqəddəs Kitabda təsvir edilən dirilmə hadisələrini nəzərdən keçirməklə, çox ehtimal ki, bu ümiddə daha möhkəm olarıq. Bütün bu mö’cüzələr, Küll-İxtiyar Rəbb Yeqovanın gücü ilə edilmişdir.
Onlar “öz ölülərini dirilmiş geri aldılar”
3. Sarafat şəhərindən olan dul qadının oğlu öləndə, Allahdan qüvvə alan İlyas nə etdi?
3 Yeqovanın məsihçilikdən əvvəl olan şahidlərinin imanı haqqındakı cəlbedici mə’lumatında həvari Pavel yazırdı: “Qadınlar... öz ölülərini dirilmiş geri aldılar” (İbranilərə 11:35; 12:1). Həmin qadınlardan biri, Finikiyanın Sarafat şəhərindən olan yoxsul dul qadın idi. Allahın peyğəmbəri İlyasa qonaqpərvərlik göstərdiyi üçün bu qadının unu və yağı mö’cüzəli şəkildə tükənmədi; əks təqdirdə, onun özü və oğlu acından ölə bilərdilər. Sonradan, onun oğlu öləndə, İlyas onu yatağa qoydu, dua edib, üç dəfə onun üstünə uzandı və yalvardı: “Ya Allahım RƏB, sənə yalvarıram, bu uşağın canı özünə qayıtsın”. Allahın iradəsi ilə uşağın canı və ya həyatı özünə qayıtdı (1 Krallar 17:8—24). Dul qadının sevincini və əziz oğlunun dirildilməsini, yə’ni imanına görə aldığı ilk mükafatı təsəvvür edin!
4. Elişa Şunemdə hansı mö’cüzəni göstərdi?
4 Öz ölüsünü dirilmiş geri alan digər qadın Şunem şəhərində yaşayırdı. Əri artıq qocalmış bir vaxtda, bu qadın peyğəmbər Elişaya və onun qulluqçusuna xeyirxahlıq etmişdi. Mükafat olaraq qadının bir oğlu oldu. Amma bir neçə ildən sonra bu qadın peyğəmbəri çağırdı və peyğəmbər onun evinə gəldikdə uşağı ölmüş gördü. Elişa dua etdikdən və müəyyən tədbir gördükdən sonra, “uşağın bədəni isindi. [...] Uşaq yeddi dəfə asqırdı və ...gözlərini açdı”. Şübhəsiz ki, bu dirildilmə həm anaya, həm də onun oğluna böyük sevinc bəxş etdi (2 Krallar 4:8—37; 8:1—6). Onlar, bir daha ölməmək imkanı alaraq, “daha yaxşı dirilmə” (YD) vaxtı yer üzündə həyata qaytarılan zaman alacaqları sevinc necə də böyük olacaq! Bu, ölüləri dirildən məhəbbətli Allah Yeqovaya minnətdar olmaq üçün necə də böyük bir səbəbdir! (İbranilərə 11:35; 12:1).
5. Elişa, hətta öldükdən sonra da hansı mö’cüzənin baş verməsində iştirak etdi?
5 Hətta Elişa öldükdən və basdırıldıqdan sonra da, Allah müqəddəs ruhunun vasitəsilə onun sümüklərinə qüvvə verdi. Biz oxuyuruq: “[İsraillilər] bir adamı dəfn edərkən, budur, bir qoşun [moablıları] gördülər; və o adamı Elişanın qəbrinə atdılar; və [ölmüş] adam düşüb Elişanın sümüklərinə toxunan kimi dirildi və ayağa qalxdı” (2 Krallar 13:20, 21). Yəqin ki, həmin adam çox təəccübləndi və sevindi! Yeqova Allahın dəyişməz niyyəti əsasında bizə əziz olan insanların həyata qaytarılacaqları zaman hökm sürəcək sevinci təsəvvür edin!
Allahın Oğlu ölüləri dirildirdi
6. Nain şəhərinin yaxınlığında İsa hansı mö’cüzəni etdi və bu hadisə bizə necə tə’sir göstərə bilər?
6 Ölülərin əbədi yaşamaq ümidi ilə həyata qaytarıla biləcəklərinə dair Allahın Oğlu İsa Məsih bizə inandırıcı səbəblər verdi. Nain şəhərinin yaxınlığında baş verən hadisə, belə mö’cüzənin Allahın verdiyi qüvvə sayəsində mümkün olduğunu anlamaqda bizə kömək edə bilər. İsa, şəhərdən kənarda bir gənc oğlanın dəfn mərasiminə rast gəldi. O, dul qadının yeganə övladı idi. İsa qadına dedi: “Ağlama!” Sonra o, cənazə aparılan xərəyə toxunub, dedi: “Ey gənc, sənə deyirəm: Dur!” Gənc qalxıb oturdu və danışmağa başladı (Luka 7:11—15). Bu mö’cüzə, şübhəsiz bizi bir daha əmin edir ki, dirilməyə olan ümid inandırıcıdır.
7. Yairin qızı ilə bağlı hansı hadisə baş verdi?
7 Gəlin, Kefernahumdakı sinaqoqun rəisi Yairin başına gələn əhvalatı da nəzərdən keçirək. O, İsadan xahiş etdi ki, gəlib, ölüm ayağında olan 12 yaşlı sevimli qızına kömək etsin. Elə bundan tez sonra Yairə qızının ölüm xəbərini çatdırdılar. İsa, kədər içində olan Yairi iman etməyə ruhlandıraraq, onunla bərabər onun evinə getdi; ev, hönkür-hönkür ağlayan adamlarla dolu idi. İsa: “Uşaq ölməyib, ancaq yatıb” dedikdə, onlar güldülər. Əslində qız ölmüşdü, amma İsa göstərmək istəyirdi ki, insanlar, dərin yuxudan oyadılan kimi, həyata qaytarıla bilərlər. O, qızın əlindən tutaraq, dedi: “Ey qız, qalx!” Qız dərhal qalxdı və onun ata-anası “çox heyrətləndilər” (Mark 5:35—43; Luka 8:49—56). Şübhəsiz ki, ölən əzizləri cənnət dünyasında dirildiləndə, insanlar “heyrətlənəcəklər”.
8. İsa Lazarın qəbiri yanında nə etdi?
8 İsa Lazarın qəbirinə yaxınlaşanda və girəcəkdə olan daşı qaldırmağı xahiş edəndə, Lazar artıq dörd gün idi ki, ölmüşdü. İsa, Allahın verdiyi qüvvəyə arxalandığını oradakı adamlara göstərmək məqsədilə hündürdən dua etdikdən sonra, uca səslə dedi: “Lazar, çölə çıx!” O, çıxdı! Lazarın ayaqları və əlləri dəfn sarıqları ilə bağlanmışdı, üzü isə dəsmal ilə örtülmüşdü. İsa dedi: “Onu açın və buraxın getsin”. Lazarın bacıları Məryəmlə Martaya təsəlli vermək üçün oraya gələn adamlardan çoxu, bu mö’cüzəni gördükdə İsaya iman etdilər (Yəhya 11:1—45). Məgər bu hadisə, ölən əzizlərimizin Allahın yeni dünyasında dirildilələcəklərinə ümidimizi artırmırmı?
9. Biz nəyə görə əmin ola bilərik ki, indi İsanın ölüləri diriltmək qüdrəti var?
9 Vəftizçi Yəhya həbsdə olduğu zaman, İsa ona bu ruhlandırıcı xəbəri göndərdi: “Korlar görür... ölülər dirilir” (Matta 11:4—6). İsa yer üzündə olarkən ölüləri dirildirdisə, əlbəttə ki, Allahdan səlahiyyət almış güclü ruhani varlıq olarkən də bunu etməyə qadirdir. İsa “dirilmə və həyat”dır və necə də təsəllivericidir ki, yaxın gələcəkdə “qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və qəbirlərdən çıxacaqlar”! (Yəhya 5:28; 11:25).
Digər dirilmə hadisələri bizim ümidimizi möhkəmləndirir
10. Həvari tərəfindən ilk dəfə ölünün dirildildiyi haqda mə’lumatı təsvir edin.
10 İsa öz həvarilərini Padşahlığı təbliğ etməyə göndərəndə dedi: “Ölüləri dirildin” (Matta 10:5—8). Şübhəsiz ki, bunun üçün onlara Allahın qüvvəsinə bel bağlamaq lazım idi. Eramızın 36-cı ilində, Yaffada Ceyran (Tabita) adlı mö’min bir qadın ölüm yuxusuna getdi. Onun xeyirxah əməlləri vardı, məsələn, indi onun ölümü üçün kədər içində ağlayan ehtiyaclı dul qadınlara paltar tikirdi. Şagirdlər qadını dəfn mərasiminə hazırladılar və Peterin dalınca, bəlkə də təsəlli üçün, adam göndərdilər (Həvarilərin işləri 9:32—38). Peter hamını otaqdan çıxartdı, dua edib, dedi: “Tabita, dur!” O, gözlərini açdı və yataqda oturdu, Peterin əlindən tutdu və Peter onu ayağa qaldırdı. Bu, həvari tərəfindən ölünün dirildilməsi barədə ilk mə’lumatdır; bunu bilənlərin çoxu iman etdilər (Həvarilərin işləri 9:32—42). Bizim üçün isə bu, dirilməyə ümid etməyə daha bir səbəbdir.
11. Müqəddəs Kitabda axırıncı olaraq kimin dirildilməsi xatırlanır?
11 Müqəddəs Kitabda təsvir edilən sonuncu dirilmə Troasda baş vermişdi. Bir dəfə, üçüncü missionerlik səyahəti zamanı orada qalarkən, Pavel “gecə yarısına qədər sözünə davam etdi”. Yorğun olan və bəlkə də yanan çoxlu çıraqların və yığılan izdihamın boğanağından, Eftik adlı bir gənc yuxuya gedib, üçüncü mərtəbənin pəncərəsindən yıxıldı. O, yerdən özündən getmiş halda yox, “ölü kimi qaldırıldı”. Pavel Eftikin “üzərinə yıxıldı”, onu qucaqladı və bu hadisəyə tamaşa edənlərə dedi: “Narahat olmayın, çünki onun canı özündədir”. Pavel, gəncin həyatının özünə qaytarıldığını nəzərdə tuturdu. Orada olanlar “böyük təsəlli aldılar” (Həvarilərin işləri 20:7—12). Bu gün Allahın xidmətçiləri, ölən ximdət yoldaşlarının dirilməyə bəslədikləri ümidin bir zaman yerinə yetəcəyini bilməkdən böyük təsəlli tapırlar.
Dirilməyə ümid çoxdan mövcuddur
12. Roma valisi Feliksin qarşısında çıxış edərək, Pavel öz əminliyini nədə göstərdi?
12 Məhkəmədə Roma valisi Feliksin qarşısında çıxış edən zaman, Pavel şəhadətlik etdi: “Mən... Müqəddəs Qanunda və peyğəmbərlərin kitablarında yazılan şeylərin hamısına iman edirəm... Allaha ümid edirəm ki, həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır” (Həvarilərin işləri 24:14, 15). Allahın Kəlamının ayrı-ayrı hissələri, məsələn, “Müqəddəs Qanun” ölülərin dirilməsini necə qeyd edir?
13. Biz nə üçün deyə bilərik ki, ilk peyğəmbərliyi deyən zaman Allah dirilməyə işarə etmişdir?
13 Ədən bağında ilk peyğəmbərliyi verdiyi zaman Allahın özü dirilməyə işarə etmişdir. “Qədim ilan” olan Şeytan İblisə hökm verərkən, Allah dedi: “Səninlə qadın arasına və sənin züryətinlə onun züryəti arasına düşmənçilik qoyacağam; o, sənin başına zərbə endirəcək və sən onun topuğunu çalacaqsan” (Vəhy 12:9; Təkvin 3:14, 15). Qadının züryətinin topuğundan çalınması o demək idi ki, İsa Məsih öldürüləcəkdi. Əgər sonradan bu Züryət ilanın başına zərbə endirməli idisə, deməli, Məsih ölümdən dirilməli idi.
14. Yeqova hansı mə’nada “ölülərin deyil, dirilərin Allahıdır”?
14 İsa dedi: “Ölülərin dirildiyini Musa da kol haqqındakı rəvayətdə Rəbbi İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı adlandırdığı zaman göstərib. Allah isə ölülərin deyil, dirilərin Allahıdır, çünki Onun yanında hamı diridir” (Luka 20:27, 37, 38; Çıxış 3:6). İbrahim, İshaq və Yaqub ölmüşdülər, lakin Allahın onları diriltmək niyyəti o dərəcədə dəyişməzdir ki, onlar Allah üçün canki diridirlər.
15. Nəyə görə dirilməyə inanmaq üçün İbrahimin əsası vardı?
15 Dirilməyə ümid etmək üçün İbrahimin əsası vardı. İbrahim və arvadı Sara qocalmışdılar və artıq dünyaya uşaq gətirə bilmədikləri üçün bu mə’nada ölü olduqları bir vaxtda, Allah mö’cüzə ilə onların doğub-törəmək qabiliyyətlərini bərpa etdi. Bu, dirilməyə bənzər idi (Təkvin 18:9—11; 21:1—3; İbranilərə 11:11, 12). Onların oğlu İshaq təxminən 25 yaşında olanda, Allah İbrahimə əmr etdi ki, onu qurban gətirsin. Lakin İbrahim İshaqı öldürmək üzrə olduğu bir məqamda, Yeqovanın mələyi onu dayandırdı. İbrahim “Allahı, İshaqı ölümdən diriltməyə qadir saydı; buna görə də onu, tə’biri caizsə, ölümdən geri aldı” (İbranilərə 11:17—19; Təkvin 22:1—18).
16. Ölüm yuxusunda olan İbrahimi nə gözləyir?
16 İbrahim, və’d edilmiş Züryət olan Məsihin rəhbərliyi zamanı baş verəcək dirilməyə ümid edirdi. Allahın Oğlu hələ göydə olarkən İbrahimin imanına nəzər salmışdı. Buna görə də, İsa Məsih insan olan zaman yəhudilərə dedi: “Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad oldu” (Yəhya 8:56—58; Süleymanın məsəlləri 8:30, 31). İbrahim indi ölüm yuxusundadır və Allahın Xilaskar Padşahlığının rəhbərliyi zamanı onu yer üzündə həyata qaytarılma gözləyir (İbranilərə 11:8—10, 13).
Qanun və Məzmurlardan şəhadətlik
17. “Qanunda yazılanlar” İsa Məsihin dirilməsini necə qeyd edir?
17 Pavelin dirilməyə olan ümidi, “qanunda yazılanlara” müvafiq idi. Allah israillilərə demişdi: “Məhsulunuzun ilk bağlamasını kahinə gətirəcəksiniz; və sizin üçün qəbul olunsun deyə [16 nisanda, kahin] bağlamanı RƏBBİN qarşısında sallayacaq” (Levililər 23:9—14). Bəlkə də elə bu qanunu nəzərdə tutaraq, Pavel yazırdı: “Məsih vəfat edənlərin ilk nümunəsi [“ilk məhsulu”, YD] olaraq, ölülərdən dirildi”. İsa, “ilk məhsul” kimi, eramızın 33-cü ilinin 16 nisanında dirildilmişdi. Sonralar, İsanın iştirakı zamanı, digər “məhsulların”, yə’ni onun ruhla məsh edilmiş davamçılarının dirilməsi olmalı idi (1 Korinflilərə 15:20—23; 2 Korinflilərə 1:21; 1 Yəhya 2:20, 27).
18. Peter necə göstərdi ki, İsanın dirilməsi Məzmurlarda əvvəlcədən deyilmişdir?
18 Dirilmə ümidi Məzmurlarda da təsdiq olunur. Eramızın 33-cü ilinin Pentikost günündə həvari Peter Məzmur 16:8—11 ayələrindən sitat gətirərək deyirdi: “Davud Onun [Məsih] üçün deyir: Rəbbi daim qarşımda gördüm, çünki sarsılmayım deyə O mənim sağımdadır. Buna görə ürəyim sevindi və dilim şadlandı; hətta bədənim də ümidlə yaşayacaq. Çünki Sən canımı ölülər aləmində tərk etməzsən və Müqəddəsini çürüməyə qoymazsan”. Peter əlavə edir: “[Davud] Məsihin dirilməsindən bəhs edib dedi: O, nə ölülər aləminə tərk edildi, nə də bədəni çürüdü. Bu İsanı Allah diriltdi” (Həvarilərin işləri 2:25—32).
19, 20. Peter, Məzmur 118:22 ayəsini nə vaxt sitat gətirmişdir və bu ayələr İsanın ölümü və dirilməsi ilə necə bağlıdır?
19 Bir neçə gündən sonra Peter Sinedrionun qarşısında durdu və yenidən Məzmurlardan sitat gətirdi. Axsayan yoxsula necə şəfa verdiyini soruşduqda, həvari dedi: “Hamınıza və bütün İsrail xalqına mə’lum olsun ki, çarmıxa çəkdiyiniz və Allahın ölülərdən diriltdiyi Nazaretli İsa Məsihin adı ilə bu adam qarşınızda sağlam durur. İsa o Daşdır ki, siz bənnalar Ona xor baxdınız. Lakin O, küncün başı oldu. Və başqa heç kimdə xilas yoxdur; çünki səma altında insanlara verilmiş başqa bir ad yoxdur ki, onunla xilas ola bilək” (Həvarilərin işləri 4:10—12).
20 Peter burada Məzmur 118:22 sitat gətirib, həmin ayələri İsanın ölümünə və dirilməsinə tətbiq etmişdi. Yəhudilər, öz din rəhbərləri tərəfindən təhrik edilərək, İsanı rədd etdilər (Yəhya 19:14—18; Həvarilərin işləri 3:14, 15). “Bənnaların” bu “daşı” rədd etmələri İsanın ölümünə səbəb oldu, lakin daşın “küncün başı” olması, İsanın göylər izzətinə dirildilməsi demək idi. Məzmurçunun qabaqcadan xəbər verdiyi kimi, “bu, RƏBBDƏN oldu” (Məzmur 118:23). Bu “daşın” küncün Başı olması, həmçinin Məsihin gələcəkdə Padşah tə’yin edildiyini də göstərirdi (Efeslilərə 1:19, 20).
Dirilməyə olan ümid kömək edir
21, 22. Eyub 14:13—15 ayələrinə əsasən, Eyub hansı ümidi göstərmişdi və bu, əzizini itirmiş adamlara bu gün necə təsəlli verə bilər?
21 Bir kimsənin həyata qaytarıldığını özümüz şəxsən görməsək də, Müqəddəs Kitabdan, dirilmənin mümkün olduğuna bizi əmin edən müəyyən hadisələri nəzərdən keçirdik. Buna görə də biz, saleh Eyubun ifadə etdiyi ümidi bəsləyə bilərik. O, əzab çəkərkən yalvardı: “[Yeqova], kaş ki, ölülər diyarında məni gizlədəydin... mənə möhlət verəydin də, o vaxt məni anaydın! İnsan ölürsə dirilərmi?... Sən çağırardın, mən də sənə cavab verərdim; Əllərinin işinin həsrətini çəkərdin” (Eyub 14:13—15). Allah “əllərinin işinin həsrətini” çəkir; O, Eyubu diriltməyi çox arzulayır. Bu, bizə ümid verir!
22 Allahdan qorxan ailə üzvlərindən biri, Eyub kimi, ciddi xəstələnər və hətta düşmən sayılan ölüm qarşısında tab gətirməyə bilər. Lazarın ölümünə ağlayan İsa kimi, qohumlar kədər yaşları axıda bilərlər (Yəhya 11:35). Lakin Allahın səsləyəcəyini və Onun yaddaşında olanların cavab verəcəklərini bilmək necə də təsəllivericidir! Onlar, sanki səyahətdən qayıdacaqlar - xəstə və ya üzgün yox, tamamilə sağlam olacaqlar.
23. Dirilmə ümidinə əmin olduqlarını bə’zi şəxslər necə bildirirlər?
23 Yaşlı sadiq bir məsihçi qadının ölümü, həmimanlılarını bu sözləri yazmağa təşviq etdi: “Ananın ölümü üçün səninlə bərabər kədərlənirik. Çox tezliklə biz onu yenidən, gözəl və yaşayan görəcəyik!” Oğullarını itirmiş valideynlər deyirdilər: “Ceysonun oyanacağı günü səbirsizliklə gözləyirik! O, ətrafına baxacaq və uzun müddət arzusunu çəkdiyi Cənnəti görəcək... Bu, onu sevən bizləri təşviq edir ki, orada olmaq üçün əlimizdən gələni edək”. Biz, dirilməyə olan ümidin möhkəm inandırıcı olduğuna necə də minnətdarıq!
Siz necə cavab verərdiniz?
• Ölülərin dirildilməsi üçün Allahın gördüyü tədbirə iman bizə necə kömək edə bilər?
• Müqəddəs Kitabda təsvir edilən hansı hadisələr dirilməyə ümid etməyə bizə əsas verir?
• Nəyə görə demək olar ki, dirilməyə ümid artıq çoxdan mövcuddur?
• Ölənlərə münasibətdə biz hansı möhkəmləndirici ümidi bəsləyə bilərik?
[8-ci səhifədəki şəkil]
Yeqovanın verdiyi qüvvə ilə İlyas dul qadının oğlunu həyata qaytardı
[10-cu səhifədəki şəkil]
İsa Yairin qızını diriltdikdə, qızın valideynləri “çox heyrətləndilər”
[13-cü səhifədəki şəkil]
Eramızın 33-cü ilinin Petntikost günündə həvari Peter, İsanın ölülərdən dirildildiyinə cəsarətlə şəhadətlik etdi