Azadlıq bəxş edən Allaha xidmət et
«Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil» (1 YƏH. 5:3).
CAVAB VERƏ BİLƏRSƏNMİ?
Allahın qanunları gözümüzdə ağır görünsün deyə Şeytan nə edir?
Nəyə görə kimlərlə oturub-durduğumuza ciddi fikir verməliyik?
Azadlıq bəxş edən Allaha sadiq qalmaqda bizə nə kömək edəcək?
1. Yehova Öz azadlığından necə istifadə edir? Bu, Onun Adəm və Həvva ilə münasibətindən necə görünürdü?
SONSUZ azadlığa sahib olan yeganə Şəxs Yehovadır. Ancaq O nə Öz azadlığından sui-istifadə edir, nə də hər xırda şeyə görə Öz xidmətçilərinin işinə müdaxilə edir. Əksinə, O, onlara iradə azadlığı bəxş edib. Bu iradə azadlığı onlara qərarlar vermək və bütün düzgün arzularını həyata keçirmək imkanı verir. Məsələn, Allah Adəmlə Həvvaya yalnız bir şeyi — «xeyirlə şəri bilmə ağacının» meyvəsindən yeməyi qadağan etmişdi (Yar. 2:17). Beləliklə, onlar həm Yaradanın iradəsini yerinə yetirə, həm də heyrətamiz azadlıqdan zövq ala bilərdilər!
2. Nəyə görə ulu valideynlərimiz Yaradanın onlara bəxş etdiyi azadlığı itirdilər?
2 Nəyə görə Allah ulu valideynlərimizə bu qədər azadlıq vermişdi? Çünki onları Öz surətində yaratmışdı və onlara vicdan bəxş etmişdi. Yehova haqlı olaraq Adəmlə Həvvadan gözləyirdi ki, onlar Yaradanlarına məhəbbətdən irəli gələrək Onun gözündə doğru olanı edəcəklər (Yar. 1:27; Rom. 2:15). Əfsuslar olsun ki, Adəmlə Həvva onlara həyat verən Allahın və Ondan aldıqları azadlığın qədrini bilmədilər. Onlar Şeytanın təklif etdiyi qanunsuz azadlığı, başqa sözlə, Allahın mənəvi qanunlarından azad olmağı üstün tutdular. Adəmlə Həvva daha böyük azadlığa qovuşacaqlarını düşünürdülər, əslində isə, özlərini və gələcək övladlarını günahın köləliyinə satdılar və bunun acı nəticələrini daddılar (Rom. 5:12).
3, 4. Şeytan bizi Yehovanın tələblərinin ağır olduğuna necə inandırmağa çalışır?
3 Əgər Şeytan iki kamil insanı, eləcə də çoxlu sayda ruhani varlıqları Allahın ali hökmranlığından imtina etməyə təhrik edə bildisə, bizi də aldada bilər. Onun əl atdığı üsullar demək olar ki, dəyişilməz olaraq qalıb. Şeytan müxtəlif yalanlarla bizi inandırmağa çalışır ki, Allahın tələbləri olduqca ağırdır və bizi sevincdən məhrum edir (1 Yəh. 5:3). Əgər bu cür düşünən insanlarla daima oturub-dursaq, biz də onlar kimi düşünməyə başlaya bilərik. Əvvəllər əxlaqsızlıq etmiş 24 yaşlı bir bacı deyir: «Mən pis dostlarımın təsirinə çox tez düşürdüm, xüsusilə ona görə ki, həmyaşıdlarımdan fərqli düşüncəyə sahib olmaqdan qorxurdum». Ola bilsin, sən də həmyaşıdlarının təzyiqinə məruz qalırsan.
4 Əfsuslar olsun ki, bəzən gənclər məsihçi yığıncağında da pis təsirlə üzləşirlər. Yehovanın Şahidi olan bir gənc qardaş deyir: «Mən yığıncaqda elə gəncləri tanıyırdım ki, Yehovaya xidmət etməyən insanlarla görüşürdülər. Onlarla daha çox ünsiyyət etdikcə get-gedə onlara oxşayırdım. Ruhən günü-gündən dala düşürdüm. Yığıncaq görüşlərindən artıq sevinc duymurdum və xidmətə nadir hallarda çıxırdım. Bu, dostlarımla əlaqəni kəsmək üçün bir işarə idi və mən belə də etdim!» Bəs sən dostlarının sənə nə dərəcədə böyük təsir göstərə biləcəyini dərk edirsənmi? Gəlin bizim dövrdə də öz əhəmiyyətini itirməyən bir Müqəddəs Kitab nümunəsinə baxaq (Rom. 15:4).
ONLARIN «KÖNLÜNÜ... ƏLƏ ALARDI»
5, 6. Avşalom başqalarını necə tovladı və onun qurduğu plan uğurlu oldumu?
5 Müqəddəs Kitabda başqalarına pis təsir göstərən bir çox insanlardan bəhs olunur. Onlardan biri Davud padşahın oğlu Avşalom idi. Avşalom çox yaraşıqlı idi. Lakin bir müddətdən sonra o, Şeytan kimi, şöhrətpərəstliyə qapıldı və ixtiyarı olmadığı bir şeyə — atasının taxt-tacına göz dikdia. Hakimiyyəti ələ keçirmək məqsədilə o, hiyləyə əl atdı. Avşalom özünü elə göstərirdi ki, guya soydaşlarına görə çox narahatdır və padşahın onların vəziyyəti ilə qətiyyən maraqlanmadığına məharətlə eyham vururdu. Eden bağındakı İblis kimi, Avşalom da özünü xeyriyyəçi kimi göstərdi və eyni zamanda atasına böhtan atdı (2 Şam. 15:1—5).
6 Avşalomun ustalıqla qurduğu plan baş tutdumu? Müəyyən mənada hə. Çünki Müqəddəs Kitabda deyilir: «Avşalom... israillilərin könlünü bu surətdə ələ alardı» (2 Şam. 15:6). Lakin Avşalomun təkəbbürlülüyü onu süquta uğratdı. Ən pisi isə o idi ki, bu həm onu, həm də onun fəndlərinə uyan minlərlə israilliləri ölümünə sürüklədi (2 Şam. 18:7, 14—17).
7. Avşalomun başına gələnlərdən biz özümüzə hansı ibrət dərsi götürə bilərik? (14-cü səhifədəki şəklə bax.)
7 Nəyə görə həmin israillilər belə asanlıqla aldandılar? Ola bilsin ki, Avşalomun verdiyi vədlər xalqın istəkləri ilə üst-üstə düşmüşdü və ya onlar Avşalomun zahiri görünüşünə aldanmışdılar. Səbəbin nə olmasından asılı olmayaraq, biz bir şeyə əminik: onlar Yehovaya və Onun təyin etdiyi padşaha sadiq deyildilər. Bu gün də Şeytan Avşalom kimi insanlardan istifadə edərək Yehovanın xidmətçilərinin ürəklərini oğurlamağa çalışır. Onlar belə deyə bilərlər: «Yehovanın qanunlarında “olmazlar” çoxdur. Gözünü aç bir ətrafa bax — camaat kef eləyir!» Bu kimi sözlər eşidəndə onların ağ yalan olduğunu sezirsənmi və Yehovaya sadiq qalırsanmı? Dərk edirsənmi ki, yalnız Yehovanın kamil qanunu, yəni Məsihin qanunu səni əsil azadlığa doğru apara bilər? (Yaq. 1:25). Belə isə, bu qanunu sevdiyini göstər və heç vaxt məsihçi azadlığından pis məqsədlər üçün istifadə etmək təkliflərinə uyma. (1 Peter 2:16 ayəsini oxu.)
8. Real həyatdan olan hansı nümunələr göstərir ki, Yehovanın qanunlarını pozmaq insana xoşbəxtlik gətirmir?
8 Şeytanın hədəfi xüsusilə gənclərdir. Otuz yaşlarında olan bir qardaş yeniyetməlik illərini yada salaraq deyir: «O vaxtlar Yehovanın əxlaq normalarına müdafiə yox, azadlığımı məhdudlaşdıran bir şey kimi baxırdım». Nəticədə, o əxlaqsızlıq etdi. Lakin bu, ona qətiyyən xoşbəxtlik gətirmədi. O, sözünə davam edir: «Uzun illər ərzində vicdan əzabı və dərin peşmançılıq hissi mənə rahatlıq vermədi». Yeniyetmə yaşlarını xatırlayaraq bir bacı yazır: «Əxlaqsızlıq etdikdən sonra daxilimdə boşluq... əmələ gəldi. Bu hadisənin üstündən 19 il keçsə də, pis xatirələri yaddaşımdan hələ də silib ata bilmirəm». Bir başqa bacı isə deyir: «Hərəkətim mənim üçün çox əziz olan insanlara nə qədər böyük ağrı gətirdiyi haqda fikirləşəndə bu, mənə mənəvi, ruhani və emosional əzab verir. Yehovanın lütfü olmadan yaşamaq çox çətindir!» Şeytan istəmir ki, sən günahın belə nəticələri haqda düşünəsən.
9. a) Yehovaya, eləcə də Onun qanun və prinsiplərinə olan baxışımızı təhlil etməyə bizə hansı suallar kömək edə bilər? b) Allahı yaxşı tanımaq nəyə görə vacibdir?
9 Necə də acınacaqlıdır ki, həqiqətdə olan bir çox gənclər, hətta yetkin yaşda olan bəzi insanlar belə başları daşdan-daşa dəyəndən sonra nəticə çıxarırlar! (Qalat. 6:7, 8). Buna görə özündən soruş: «Şeytanın istifadə etdiyi üsulların əslində qəddar yalan olduğunu dərk edirəmmi? Yehovanı həmişə həqiqəti söyləyən və mənim yaxşılığımı istəyən ən yaxın Dost kimi görürəmmi? Mənə xeyir gətirəcək və məni xoşbəxt edəcək şeylərdən Onun məni heç vaxt məhrum etmədiyinə tamamilə əminəmmi?» (Yeşaya 48:17, 18 ayələrini oxu.) Bütün bu suallara ürəkdən «hə» cavabını vermək üçün Yehova haqqında səthi biliklərə malik olmaq kifayət deyil. Sən Onu yaxından tanımalısan və dərk etməlisən ki, Müqəddəs Kitabdakı qanun və prinsiplər səni müəyyən çərçivə daxilində saxlamaq üçün yox, sənə məhəbbətdən irəli gələrək verilmişdi (Məz. 25:14).
ALLAHDAN HİKMƏTLİ VƏ İTAƏTKAR ÜRƏK İSTƏ
10. Nəyə görə biz gənc Süleyman padşahı təqlid etməyə çalışmalıyıq?
10 Hələ gənc ikən Süleyman təvazökarcasına dua etmişdi: «Mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm». Sonra o, Allahdan müdrik və itaətkar ürək istədi (1 Pad. 3:7—9, 12). Yehova Süleymanın bu səmimi xahişini cavabsız qoymadı. Hansı yaşda olmağından asılı olmayaraq, Yehova sənin də bu kimi xahişlərini yerinə yetirəcək. Əlbəttə, Yehova dərrakə və müdrikliyi sənə möcüzəvi şəkildə verməyəcək. Lakin əgər sən Onun Kəlamını araşdırmağa ciddi yanaşsan, müqəddəs ruh üçün dua etsən və məsihçi görüşlərində verilən göstəriş və rəhbərliyə tam riayət etsən, müdrikliyə yiyələnərsən (Yaq. 1:5). Yehova bu üsullarla hətta gənc xidmətçilərini belə özünü «hikmətli və ağıllı» adlandıran və Onun göstərişlərinə saymazyana yanaşan insanların hamısından daha müdrik edir (Luka 10:21; Məzmur 119:98—100 ayələrini oxu).
11-13. a) Məzmur 26:4, Süleymanın məsəlləri 13:20 və 1 Korinflilərə 15:33 ayələrindən biz hansı ibrət dərsləri götürə bilərik? b) Sən Müqəddəs Yazılardakı bu prinsipləri necə tətbiq edərdin?
11 İndi isə görək Müqəddəs Kitabı araşdırmaq və üzərində dərindən düşünmək Yehovanı yaxından tanımaqda nə dərəcədə vacib rol oynayır. Bunun üçün düzgün dost seçimində bizə kömək edəcək bir neçə ayəyə nəzər salacağıq: «Yalançı insanlarla oturmuram, ikiüzlülərlə yoldaşlıq etmirəm» (Məz. 26:4). «Hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Sül. məs. 13:20). «Pis dostlar yaxşı vərdişləri korlayır» (1 Kor. 15:33).
12 Bu ayələrdən hansı vacib dərsləri öyrənirik? 1) Yehova dost seçimində bizim diqqətli olmağımızı istəyir. O, bizi mənəvi və ruhani zərərdən qorumağa çalışır. 2) Ünsiyyət etdiyimiz insanlar bizə ya yaxşı, ya da pis təsir göstərir. Bu, danılmaz faktdır. Həmin ayələrdəki fikirlərin ifadə tərzi göstərir ki, Yehova onların vasitəsilə ürəyimizə təsir göstərməyə çalışır. Necə? Fikir ver ki, bu ayələrin heç biri bizim sadəcə olaraq nə isə etməməli olduğumuzu demir. Əksinə, onlar sübuta heç bir ehtiyacı olmayan bir fikir kimi yazılıb. Yehova, sanki, bizə deyir: «Faktlar gözünün qabağındadır. Sən necə davranacaqsan? Ürəyindən nə keçir?»
13 Bundan başqa, bu üç ayə fakt kimi yazıldığı üçün onlar, keçmiş dövrlərdə olduğu kimi, bizim dövrdə də aktualdır və onları həyatımızın bir çox sahələrində tətbiq etmək olar. Bunu əyani şəkildə görmək üçün özünə növbəti sualları ver: «“İkiüzlülərlə” dostluq etməkdən necə qaça bilərəm? Hansı vəziyyətlərdə qarşıma bu cür insanlar çıxa bilər? (Sül. məs. 3:32; 6:12). Yehovanın mənim dostluq etmək istədiyi hikmətli insanlar kimlərdir? Bəs Yehovanın mənim dostluq etmək istəmədiyi axmaq insanlar kimlərdir? (Məz. 111:10; 112:1; Sül. məs. 1:7). Pis dostluq nəticəsində mən hansı “yaxşı vərdişləri”mi tərgidə bilərəm? Pis dostlar yalnız məsihçi olmayan insanlardır? (2 Pet. 2:1—3)». Bu suallara sən necə cavab verərdin?
14. Sən ailəvi ibadəti necə maraqlı və dolğun keçirə bilərsən?
14 Bu ayələrin üzərində düşündüyümüz kimi, sən özünü və ya ailə üzvlərini narahat edən məsələ ilə əlaqədar Yehovanın nöqteyi-nəzərini öyrənmək üçün müvafiq ayələri araşdıra bilərsənb. Valideynlər, bu kimi mövzuları ailəvi ibadət zamanı müzakirə edin. Lakin yadda saxlayın ki, sizin məqsədiniz ailənin hər bir üzvünə Allahın qanun və prinsiplərində əks olunan dərin məhəbbətini tam şəkildə anlamağa kömək etməkdir (Məz. 119:72). Bu cür keçirilən ailəvi ibadət ailənin bütün üzvlərini Yehovaya və bir-birilərinə yaxınlaşdıracaq.
15. Müdrik və itaətkar ürək inkişaf etdirdiyini necə müəyyən edə bilərsən?
15 Sən müdrik və itaətkar ürək inkişaf etdirdiyini necə müəyyən edə bilərsən? Üsullardan biri düşüncə tərzini keçmişdə yaşamış Allahın sadiq xidmətçilərinin düşüncə tərzi ilə müqayisə etməkdir. Məsələn, Davud padşah yazmışdı: «Ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir, qanunun qəlbimdədir» (Məz. 40:8). Eynilə, 119-cu məzmurun yazıçısı deyirdi: «Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm» (Məz. 119:97). Bu cür məhəbbətin ürəyimizdə dərin kök salması ətraflı araşdırma aparmağın, dua etməyin, dərindən düşünməyin və şəxsi təcrübənin, yəni Allahın qanunlarına riayət etməyin gətirdiyi saysız-hesabsız xeyir-duaları görməyin bəhrəsidir (Məz. 34:8).
MƏSİHÇİ AZADLIĞIN ÜÇÜN MÜBARİZƏ APAR!
16. Əsil azadlıq uğrunda gedən müharibədə qalib gəlmək üçün nəyi yadda saxlamalıyıq?
16 Tarix boyu xalqlar azadlıq uğrunda amansız müharibələr aparmışlar. Bir məsihçi kimi, azadlığını qorumaq üçün sən də ruhani müharibədə daha əzmli olmalısan! Yadda saxlamalısan ki, sənin düşmənlərin yalnız Şeytan, bu dünya və onun zəhərli ruhu deyil. Sən həmçinin öz qeyri-kamilliyinlə və hiyləgər ürəyinlə də mübarizə aparmalısan (Yer. 17:9; Efes. 2:3). Yehovanın köməyilə sən bu döyüşdən qalib çıxa bilərsən. Üstəlik, böyük və ya kiçik olmasından asılı olmayaraq, hər qələbənin ən azından iki yaxşı nəticəsi olacaq. Birincisi, sən Yehovanın qəlbini sevindirmiş olacaqsan (Sül. məs. 27:11). İkincisi, «azadlığın kamil qanununa» riayət etməyinin sənə gətirdiyi faydanı görəndə əbədi həyata aparan dar yolda qalmaq əzmin daha da artacaq. Gələcəkdə isə Yehovanın bütün sadiq bəndələrinə vəd etdiyi daha böyük azadlığa qovuşacaqsan (Yaq. 1:25; Mat. 7:13, 14).
17. Səhvə yol verəndə nə üçün ruhdan düşməməliyik və belə hallarda Yehova bizə necə kömək edir?
17 Əlbəttə, biz hamımız bəzən səhvlərə yol veririk (Vaiz 7:20). Belə hallarda ruhdan düşmə və lazımsız olduğunu düşünmə. Məcazi dillə desək, əgər sən büdrəyib yıxılmısansa, ayağa qalx və yoluna davam et. Hətta lazım gəlsə, kömək üçün ağsaqqallara müraciət et. Yaqub yazmışdı: «İmanla edilən dua xəstəni sağaldacaq və Yehova onu ayağa qaldıracaq. Əgər günah işləyibsə, təqsiri bağışlanacaq» (Yaq. 5:15). Heç vaxt yaddan çıxartma ki, Yehova həqiqətən də mərhəmətli Allahdır və səni yığıncağa O cəlb edib, çünki O, səndə yaxşı xüsusiyyətlər olduğunu görmüşdü və bunları inkişaf etdirməyin mümkün olduğunu bilirdi. (Məzmur 103:8, 9 ayələrini oxu.) Nə qədər ki Yehovaya səmimi-qəlbdən xidmət edirsən, O, səni heç vaxt atmayacaq (1 Saln. 28:9).
18. Biz İsanın Yəhya 17:15 ayəsində yazılan duasına əsasən necə davrana bilərik?
18 Ölümündən əvvəlki gecə İsa 11 sadiq həvarisi ilə dua edərkən onlar üçün bu unudulmaz sözləri demişdi: «Xahiş edirəm ki, onları Şərirdən qoruyasan» (Yəh. 17:15). İsa yalnız öz həvarilərinə görə yox, gələcəkdəki bütün davamçılarına görə də narahat olurdu. Biz əmin ola bilərik ki, Yehova İsanın duasına cavab olaraq bu keşməkeşli günlərdə bizi qoruyacaq. Yehova «kamalla gəzənlərə sipər olur» və «möminlərin yollarını hifz edir» (Sül. məs. 2:7, 8). Nöqsansızlıq yolunun özünəməxsus çətinlikləri olsa da, bu, əbədi həyata və əsil azadlığa aparan yeganə yoldur (Rom. 8:21). Heç kəsə səni bu yoldan sapdırmağa icazə vermə!
[Haşiyələr]
a Allah Davudun taxtını miras alacaq «övladın» doğulacağı barədə vədi Avşalom dünyaya gəldikdən sonra vermişdi. Beləliklə, Avşalom Yehovanın onu Davudun xələfi seçmədiyini bilməli idi (2 Şam. 3:3; 7:12).
b Məsələn, ailəvi ibadət zamanı siz Pavelin məhəbbəti təsvir etdiyi 1 Korinflilərə 13:4—8 və Yehovanın qanunlarına itaət etməyin gətirdiyi çoxlu xeyir-dualardan bəhs olunan Məzmur 19:7—11 ayələrini müzakirə edə bilərsiniz.
[14–cü səhifədəki şəkillər]
Bizim günlərdə Avşalom kimilərini müəyyən etməyə və özümüzü onlardan qorumağa nə kömək edəcək?