Qoy addımlarını Allahın sözü yönəltsin
«Sözün hər addımım üçün çıraqdır, yollarıma işıqdır» (MƏZMUR 119:105).
1, 2. Nəyə görə insanların əksəriyyəti həqiqi əmin-amanlığı və xoşbəxtliyi tapmağa müvəffəq olmayıb?
HEÇ kimdənsə yolu soruşmalı olmusanmı? Ola bilsin, mənzilbaşına yaxın axırıncı yolayrıcında duraraq hara gedəcəyini bilməmisən. Yaxud bəlkə də azdığın üçün yolunu tamamilə dəyişmək lazım gəlmişdi. Hər iki halda oraları yaxşı tanıyan adama qulaq asmaq ağıllı hərəkət olmazdımı? O sənə getdiyin yerə çatmağa kömək edərdi.
2 Minilliklər ərzində bütün bəşəriyyət Yaradanın rəhbərliyini axtarmadan öz istədiyi kimi yaşamağa çalışmışdır. Öz bildikləri kimi yaşadıqları üçün qeyri-kamil insanlar tamamilə yollarını azmışlar. Onlar əsl əmin-amanlığa və xoşbəxtliyə aparan yolu tapmağa sadəcə olaraq qadir deyillər. Nə üçün? Təxminən 2 500 il əvvəl Yeremya peyğəmbər demişdi: «Addımlarını düzəltmək gedən adamın işi deyil» (Yeremya 10:23). Addımlarını lazımi köməyi almadan düzəltmək istəyən hər kəsin ümidləri mütləq puça çıxacaq. Həqiqətən də, bəşəriyyətin bələdçiyə ehtiyacı var!
3. Nə üçün yalnız Yehova Allah bəşəriyyətə rəhbərlik verə bilər və O nəyi və’d edir?
3 Yalnız Yehova Allah belə rəhbərliyi verməyə qadirdir. Çünki O, insan xislətinə hamıdan yaxşı bələddir. Yehova insanların necə düz yoldan dönüb azdığından tam agahdır. O, həmçinin onların düz yola qayıtmaları üçün nə lazım olduğunu bilir. Bundan əlavə, Yehova Yaradan olduğundan bizim üçün nəyin ən yaxşı olduğunu həmişə bilir (Yeşaya 48:17). Buna görə də Onun Məzmur 32:8 ayəsində yazılmış və’dinə tam e’tibar edə bilərik: «Sənə tə’lim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq». Bəli, Yehovanın ən mükəmməl rəhbərliyi təqdim etməsinə heç bir şübhə yoxdur. Bəs O bizə necə yol göstərir?
4, 5. Allahın sözləri bizə necə rəhbərlik verə bilər?
4 Məzmurçu duasında Yehovaya demişdi: «Sözün hər addımım üçün çıraqdır, yollarıma işıqdır» (Məzmur 119:105). Allahın sözləri və xatırlatmaları Müqəddəs Kitabda yazılıb, onların köməyilə biz yolumuzun üstündəki maneələri aradan qaldıra bilərik. Müqəddəs Kitabı oxuyanda və addımlarımızı yönəltməsinə yol verəndə Yeşaya 30:21 ayəsində yazılanların özümüz şahid oluruq: «Arxanızdan “Yol budur, gedin bu yola” deyilən səsi eşidəcəksiniz».
5 Diqqət yetirin ki, Məzmur 119:105 ayəsində Allahın Kəlamının bir-biri ilə bağlı iki cəhəti vurğulanır. Birincisi, o, hər addımımız üçün çıraqdır. Gündəlik problemlərlə üzləşəndə Müqəddəs Kitab prinsipləri addımlarımızı yönəltməlidir ki, müdrik qərarlar qəbul edərək dünyanın tələlərinə düşməyək. İkincisi, Allahın xatırlatmaları yollarımıza işıqdır. Onlar kömək edir ki, Allahın və’d etdiyi Cənnətdə əbədi yaşamaq ümidinə uyğun seçimlər edək. Yol yaxşı işıqlananda hansısa seçimin nəticəsinin yaxşı və ya pis olduğunu görə biləcəyik (Romalılara 14:21; 1 Timoteyə 6:9; Vəhy 22:12). Gəlin görək Allahın sözləri addımlarımıza çıraq və yollarımıza işıq necə ola bilər.
‘Hər addımım üçün çıraq’
6. Allahın sözləri hansı hallarda addımlarımız üçün çıraq olur?
6 Biz hər gün qərarlar qəbul edirik. Bə’zi qərarlar az əhəmiyyətli olur. Ancaq hərdən əxlaqımızın, düzlüyümüzün və ya bitərəfliyimizin sınağa çəkildiyi hallarla üzləşirik. Bu sınaqların öhdəsindən müvəffəqiyyətlə gəlmək istəyiriksə, ‘hisslərimizi xeyirlə şəri ayırd etmək üçün tərbiyə’ etməliyik (İbranilərə 5:14). Biz vicdanımızı Allahın Kəlamını yaxşı öyrənərək və prinsiplərini başa düşərək tərbiyə edirik. Bunun sayəsində Yehovanı sevindirən qərarlar verəcəyik (Süleymanın məsəlləri 3:21).
7. Məsihçidə imanda olmayan iş yoldaşları ilə sıx ünsiyyət qurmağa meyl necə yarana bilər?
7 Sən səmimi qəlbdən Yehovanı sevindirməyə çalışırsanmı? (Süleymanın məsəlləri 27:11). Əgər belədirsə, buna görə tə’rifə layiqsən. Ancaq bir anlıq təsəvvürünə gətir ki, iş yoldaşların hər hansı idman yarışına sənə bilet təklif edirlər. İşdə münasibətləriniz yaxşı olduğu üçün onlar işdən kənarda da səninlə vaxt keçirmək istəyirlər. Sən bu insanların pis olmadıqlarına əminsən. Onların haradasa yaxşı xüsusiyyətləri də var. Sən nə edəcəksən? Də’vəti qəbul etməkdə təhlükə varmı? Allahın Kəlamı bu məsələdə düzgün qərar qəbul etməyə sənə necə kömək edə bilər?
8. Ünsiyyət məsələsində Müqəddəs Kitabın hansı prinsipləri bizə kömək edir?
8 Bir neçə Müqəddəs Kitab prinsipinə diqqət yetirək. İlk olaraq 1 Korinflilərə 15:33 ayəsi yada düşür: «Pis dostluq yaxşı əxlaqı pozar». Bu prinsip məsihçi olmayanlardan tamamilə kənar gəzməyimi tələb edir? Müqəddəs Yazılar bu suala «yox» cavabını verir. Axı həvari Pavelin özü, imansızlar da daxil olmaqla, ‘hər kəslə’ nəzakətlə davranırdı (1 Korinflilərə 9:22). Elə məsihçiliyin mahiyyəti, imanımıza şərik olmayanlar da daxil olmaqla, bütün insanlara maraq göstərməkdir (Romalılara 10:13-15). Doğrudan da, köməyimizə ehtiyacı olan insanlardan özümüzü təcrid etsək, ‘hamıya yaxşılıq edin’ məsləhətinə necə riayət edərik? (Qalatiyalılara 6:10).
9. Müqəddəs Kitabın hansı məsləhəti iş yoldaşlarımızla münasibətdə tarazlığı qorumağa kömək edir?
9 Lakin iş yoldaşı ilə dostyana rəftar etməklə onun dostu olmaq bir-birindən fərqli şeylərdir. Məhz burada Müqəddəs Kitabın digər prinsipi önə çıxır. Həvari Pavel məsihçilərə xəbərdarlıq edirdi: «İmansızlarla eyni boyunduruğa girməyin» (2 Korinflilərə 6:14). «Eyni boyunduruğa girməyin» nə deməkdir? Bə’zi Müqəddəs Kitab tərcümələrində bu ifadə «birləşməyin», «tay-tuş kimi bir yerdə iş görməyin» və ya «namünasib əlaqələrə son qoyun» kimi verilmişdir. İş yoldaşı ilə münasibətlər nə vaxt namünasib olur? Nə zaman öz cızığından çıxır və eyni boyunduruğa çevrilir? Allahın Kəlamı olan Müqəddəs Kitab belə vəziyyətdə sənin addımlarına istiqamət verə bilər.
10. a) İsa özünə necə dostlar seçirdi? b) Hansı suallar bizə ağılla dost seçməyə kömək edəcək?
10 İnsanların yarandığı gündən onları sevən İsa Məsihin nümunəsinə baxaq (Süleymanın məsəlləri 8:31). İsa yer üzündə olanda davamçıları ilə münasibəti yaxın olmuşdu (Yəhya 13:1). Müqəddəs Kitabda deyilir ki, o, hətta yanlış dini fikirləri olan bir nəfəri «sevdi» (Mark 10:17-22, İ–93). Lakin İsa dostlar seçəndə konkret prinsipləri rəhbər tuturdu. O, Atasının iradəsi ilə səmimi maraqlanmayan insanlarla yaxın münasibətlər yaratmırdı. Bir dəfə İsa demişdi: «Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, Mənim dostlarımsınız» (Yəhya 15:14). Düzdür, ola bilər ki, hansısa iş yoldaşınla yaxşı yola gedirsən. Ancaq özündən soruş: «Bu adam İsanın əmrlərini yerinə yetirmək, Yehova haqqında öyrənib, Ona ibadət etmək istəyirmi? O da mənim kimi məsihçi normalarını rəhbər tuturmu?» (Matta 4:10). İş yoldaşlarınla danışdıqca və Müqəddəs Kitab normalarına uyğun davrandıqca bu sualların cavabı aydın olacaq.
11. Allahın sözləri hansı hallarda addımlarımızı yönəldə bilər?
11 Bir çox başqa hallarda da Allahın sözləri addımlarımıza çıraqdır. Məsələn, işsiz qalmış və iş axtaran məsihçiyə iş təklif olunur. Ancaq bu iş onun həm vaxtının, həm də gücünün çoxunu alacaq və əgər ona razılaşsa, bə’zi məsihçi görüşlərindən qalacaq və həqiqi ibadətlə bağlı digər işlərdə iştirak etməyə imkanı olmayacaq (Məzmur 37:25). Digər məsihçidə isə Müqəddəs Kitab prinsiplərinə açıq-aydın zidd gedən əyləncəli verilişlərə baxmağa güclü istək yarana bilər (Efeslilərə 4:17-19). Bir başqası həmimanlıların qeyri-kamilliyindən tez-tez inciyə bilər (Koloslulara 3:13). Bütün bu hallarda Allahın Kəlamının addımlarımıza çıraq olmasına yol verməliyik. Bəli, Müqəddəs Kitab prinsiplərinə riayət etməklə, biz həyatın istənilən çətinliyinə uğurla sinə gərə bilərik. Allahın Kəlamı «tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır» (2 Timoteyə 3:16).
«Yollarıma işıqdır»
12. Allahın sözləri yolumuzu necə işıqlandırır?
12 Məzmur 119:105 ayəsində həm də deyilir ki, Allahın sözləri qarşımızdakı yolu işıqlandırır. Gələcəyimizə gəldikdə, o bizim üçün qaranlıq deyil, çünki Müqəddəs Kitab dünyanın nə üçün pis vəziyyətdə olduğunu və bunun nə ilə nəticələnəcəyini izah edir. Bəli, pis dünyanın ‘axır günlərində’ yaşadığımız bizim üçün sirr deyil (2 Timoteyə 3:1-5). Gələcəyi bilmək hal-hazırda necə həyat sürməyimizə əhəmiyyətli dərəcədə tə’sir göstərməlidir. Həvari Peter yazırdı: «Əgər bütün bunlar bu cür məhv ediləcəksə, siz necə insanlar olmalısınız? Allahın Gününün zühurunu gözləyib, onu sür’ətləndirərək müqəddəs və Allaha ixlaskar bir həyat yaşamalısınız» (2 Peter 3:11, 12).
13. Axır günlərdə yaşamağımız düşüncə və həyat tərzimizə necə tə’sir göstərməlidir?
13 Bizim düşüncə və həyat tərzimiz ‘dünya və onun ehtirasının keçib gedəcəyinə’ tam əmin olduğumuzu göstərməlidir (1 Yəhya 2:17). Müqəddəs Kitabın rəhbərliyi gələcək məqsədlərimizə dair müdrik qərarlar verməyə kömək edəcək. Məsələn, İsa demişdir: «Əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın; və bunların hamısı sizə əlavə olaraq veriləcəkdir» (Matta 6:33). Necə də tə’rifəlayiqdir ki, bir çox gənclər tammüddətli xidməti seçərək İsanın bu sözlərinə iman gətirirlər! Başqa təbliğçilər, hətta bə’ziləri ailəvi olaraq, könüllü surətdə Padşahlığın təbliğçilərinə böyük ehtiyac olan yerlərə köçmüşlər.
14. Bir məsihçi ailəsi xidmətini necə genişləndirib?
14 Dörd nəfərdən ibarət məsihçi ailəsi Birləşmiş Ştatlardan Dominikan Respublikasının 50 000 nəfər əhalisi olan şəhərinə xidmət etməyə köçmüşdü. Buradakı yığıncaqda təxminən 130 təbliğçi var idi. Lakin 2006-cı il aprelin 12-də Məsihin ölümünün Xatirə Gecəsinə 1 300-ə yaxın adam gəlmişdi! Bu ərazidəki tarla biçilmək üçün elə ağarıb ki, təxminən beş aydan sonra bu ailə 30 Müqəddəs Kitab öyrənməsi keçirirdi (Yəhya 4:35). Ailənin başçısı deyir: «Yığıncaqda başqa yerlərdən köçüb gəlmiş 30 bacı-qardaş vardır. Onlardan təxminən 20-i Birləşmiş Ştatlardan, digərləri isə Baham Adaları, Kanada, İtaliya, Yeni Zelandiya və İspaniyadan gəlmişlər. Onları bura gətirən xidmət etmək arzusudur və yerli qardaşlar onların sə’yini görüb həvəsə gəlirlər».
15. Padşahlığın maraqlarını birinci yerə qoyduğun üçün hansı xeyir-duaları biçmisən?
15 Mə’lum məsələdir ki, çoxlarının şəraiti təbliğçilərə daha çox ehtiyac olan yerlərə köçüb, orada xidmət etməyə imkan vermir. Ancaq imkanı olanlar və ya şəraitlərini dəyişə bilənlər xidmətin bu növündə iştirak edərək mütləq çoxlu xeyir-dualar biçəcəklər. Harada xidmət etdiyindən asılı olmayaraq, var gücünlə xidmət edərkən duyduğun sevincə laqeyd yanaşma. Yehova və’d edir ki, Padşahlığın maraqlarını birinci yerə qoysan, ‘üzərinə ehtiyaclarından da çox bərəkət yağdıracaq’ (Malaki 3:10).
Yehovanın rəhbərliyi xeyrimizədir
16. Allahın sözlərini rəhbər tutmağımız bizə hansı faydanı gətirəcək?
16 Gördüyümüz kimi, Yehovanın sözləri iki üsulla addımlarımızı yönəldir. Onlar addımlarımız üçün çıraqdır, yə’ni düz istiqamətdə hərəkət etməyimizə kömək edir və qərar qəbul edərkən bizə yol göstərir. Yehovanın sözləri, həmçinin qarşıda nə olacağını bizə göstərərək yolumuzu işıqlandırır. Bunun da sayəsində biz Pavelin nəsihətinə əməl edə bilirik: «Əqlinizi fe’lə hazırlayın, ayıq olub, İsa Məsihin zühurunda sizə veriləcək lütfə bütünlüklə ümid bəsləyin» (1 Peter 1:13).
17. Müqəddəs Kitabı öyrənmək Allahın rəhbərliyinə əməl etməyə necə kömək edəcək?
17 Yehovanın rəhbərlik təqdim etdiyinə heç bir şübhə yoxdur. Əsas məsələ sənin onu qəbul edib-etməyəcəyindədir. Yehovanın verdiyi rəhbərliyi başa düşmək üçün Müqəddəs Kitabı hər gün oxu. Oxuduqlarının üzərində düşün, ayrı-ayrı məsələlərdə Yehovanın iradəsini anlamağa çalış və oxuduqlarını həyatının hansı sahələrində tətbiq edəcəyini fikirləş (1 Timoteyə 4:15). Sonra ağılla qərar qəbul et.
18. Allahın Kəlamının addımlarımızı istiqamətləndirməsinə yol verəndə hansı xeyir-duaları alırıq?
18 Əgər biz yol versək, Allahın Kəlamındakı prinsiplər həyatda düzgün yolu tutmaq üçün bizə bilik və rəhbərlik verəcək. Əmin ola bilərik ki, Yehovanın yazılı sözləri «təcrübəsiz adama hikmət verər» (Məzmur 19:7, KM). Müqəddəs Kitabın bizi yönəltməsinə imkan verəndə vicdanımız təmiz olur və Yehovanı razı saldığımız üçün məmnunluq duyuruq (1 Timoteyə 1:18, 19). Allahın sözlərinin addımlarımızı hər gün istiqamətləndirməsinə yol versək, Yehova bizə sonda ən böyük mükafatı — əbədi həyatı bəxş edəcək (Yəhya 17:3).
Xatırlayırsınızmı?
• Yehova Allahın addımlarımızı istiqamətləndirməsinə yol vermək nə üçün vacibdir?
• Allahın sözləri hansı hallarda addımlarımıza çıraqdır?
• Allahın sözləri yolumuzu necə işıqlandırır?
• Müqəddəs Kitabı öyrənmək bizə Allahın rəhbərliyini izləməyə necə kömək edəcək?
[19-cu səhifədəki şəkil]
Məsihçi olmayan insanla ünsiyyət nə zaman həddini aşır?
[20-ci səhifədəki şəkil]
İsanın dostları Yehovanın iradəsini yerinə yetirənlər idi.
[21-ci səhifədəki şəkillər]
Həyat tərzimiz Padşahlığın maraqlarını birinci yerə qoyduğumuzu göstərirmi?