Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/8 s. 10—14
  • Ruha görə hərəkət edəcəksinizmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ruha görə hərəkət edəcəksinizmi?
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Allaha və Məsihə bağlı qalın
  • ‘Bir-birimizi sevək’
  • «Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir»
  • Sülhsevər və səbirli olun
  • Xeyirxahlıq və yaxşılıq
  • ‘Riyasız iman’
  • Həlim və özünüzə hakim olun
  • Ruha görə hərəkət edin
  • Ruhun rəhbərliyi altında yaşayırsanmı?
    Gözətçi qülləsi 2011
  • Ruha görə hərəkət et və həsr olunmağına uyğun yaşa
    Gözətçi qülləsi 2010
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2020
  • Nəyə görə bizə müqəddəs ruh bələdçilik etməlidir?
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/8 s. 10—14

Ruha görə hərəkət edəcəksinizmi?

«Ruha görə hərəkət edin və siz cismani təbiətin arzusunu əsla icra etməzsiniz» (QALATİYALILARA 5:16).

1. Müqəddəs ruha qarşı günah işlətdiyimiz qorxusunu necə aradan qaldırmaq olar?

YEHOVANIN müqəddəs ruhuna qarşı günah işlətdiyimiz qorxusunu aradan qaldırmaq mümkündür. Həvari Pavel demişdi: «Ruha görə hərəkət edin və siz cismani təbiətin arzusunu əsla icra etməzsiniz» (Qalatiyalılara 5:16). Əgər biz Allahın ruhunun addımlarımızı yönəltməsinə yol veririksə, cismani arzulara təslim olmayacağıq (Romalılara 8:2-10).

2, 3. Ruha görə hərəkət etmək bizə necə tə’sir edəcək?

2 Nə qədər ki, ‘ruha görə hərəkət edirik’ müqəddəs ruh bizi Yehovaya tabe olmağa təşviq edəcək. Biz xidmətdə, yığıncaqda, evdə və başqa yerdə Allahın keyfiyyətlərini əks etdirəcəyik. Həyat yoldaşımız, uşaqlarımız, həmimanlılarımızla və başqaları ilə rəftarımızda ruhun səmərəsi özünü aydın büruzə verəcək.

3 ‘Allahın iradəsinə görə ruhən yaşayaraq’ özümüzü günah etməkdən saxlaya bilərik (1 Peter 4:1-6). Əgər biz ruhun tə’siri altındayıqsa, bağışlanmaz günaha əsla yol verməyəcəyik. Bəs ruha görə hərəkət etmək daha hansı faydanı gətirir?

Allaha və Məsihə bağlı qalın

4, 5. Ruha görə hərəkət etmək İsaya baxışımıza necə tə’sir edir?

4 Müqəddəs ruha görə hərəkət etdiyimiz üçün biz Allahla və Onun Oğlu ilə yaxın münasibətləri qoruyub saxlayırıq. Ruhani ən’amlar haqqında yazarkən Pavel Korinfdəki həmimanlılarına demişdi: «Buna görə sizə [keçmiş bütpərəstlərə] bildirirəm ki, Allahın Ruhu vasitəsilə danışan heç kim İsaya lə’nət oxumaz və heç kim Müqəddəs Ruh ilə olmadan İsanı Rəbb adlandıra bilməz» (1 Korinflilərə 12:1-3). İnsanları Məsihə lə’nət oxumağa təşviq edən fikirlər Şeytan İblisdəndir. Ruhla hərəkət edən biz məsihçilər əminik ki, Yehova İsanı ölülərdən dirildib, bütün varlıqlardan üstün etdi (Filipililərə 2:5-11). Biz Məsihin fidiyə qurbanlığına iman edir və İsanın Allah tərəfindən üzərimizə Rəbb tə’yin edildiyini qəbul edirik.

5 Birinci əsrdə özünü məsihçi adlandıranlardan bə’ziləri Məsihin «bədəndə gəldiyini» inkar edirdilər (2 Yəhya 7-11). Bu səhv nöqteyi-nəzər bə’zilərinin İsa Məsih haqqında həqiqəti inkar etmələrinə gətirib çıxardı (Mark 1:9-11; Yəhya 1:1, 14). Müqəddəs ruha görə hərəkət etmək bizi belə dönüklükdən qoruyacaq. Yalnız ruhən sayıq qalsaq, Yehovanın lütfünü itirməyəcək və ‘həqiqətə görə hərəkət edəcəyik’ (3 Yəhya 3, 4). Buna görə gəlin dönüklərin bütün tə’limlərini qətiyyətlə rədd edək ki, səmavi Atamızla möhkəm münasibətləri qoruyub saxlayaq.

6. Ruha görə hərəkət edənlərdə Allahın ruhu hansı keyfiyyətləri yaradır?

6 Pavel bütpərəstliyə dönməyi və təfriqələri «cismani təbiətin» zina və səfahət kimi əməlləri ilə bir sırada tutur. O, eyni zamanda izah edir: «Məsih İsaya məxsus olanlar isə öz ehtiras və arzuları ilə bərabər, cismani təbiəti çarmıxa çəkdilər. Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək» (Qalatiyalılara 5:19-21, 24, 25). Ruha görə yaşayan və hərəkət edən insanda Allahın fəal qüvvəsi hansı keyfiyyətləri yaradır? Pavel yazırdı ki, ruhun səmərəsinə məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq və ya xeyirxahlıq, yaxşılıq, «iman» (YD), həlimlik və özünə hakim olmaq daxildir (Qalatiyalılara 5:22, 23). Gəlin onları bir-bir araşdıraq.

‘Bir-birimizi sevək’

7. Məhəbbət nədir və onun bə’zi yönləri hansılardır?

7 Ruhun səmərəsinə daxil olan məhəbbət kiməsə möhkəm bağlılıq, təmənnasız qayğı və onunla sıx münasibətlərdə olmaq deməkdir. Müqəddəs Yazılarda ‘Allahın məhəbbət’ olduğu deyilir, çünki O bu xüsusiyyətin təcəssümüdür. İsa Məsihin fidiyə qurbanı Allahın və Onun Oğlunun bəşəriyyətə böyük məhəbbətinin nümunəsidir (1 Yəhya 4:8; Yəhya 3:16; 15:13; Romalılara 5:8). İsanın davamçıları olan bizlər bir-birimizə məhəbbətimizdən tanınırıq (Yəhya 13:34, 35). Bizə ‘bir-birimizi sevmək’ əmr olunub (1 Yəhya 3:23). Pavel isə deyir ki, məhəbbət səbirli və xeyirxahdır. O paxıllıq etmir, lovğalanmır, kobud davranmır, öz mənfəətini axtarmır, hirslənmir, pisliklərin hesabını tutmur, haqsızlığa sevinmir, həqiqətə isə şadlanır. Məhəbbət hər şeyə qatlaşır, inanır, ümid bəsləyir, tab gətirir. Ən əsası isə o, əsla tükənmir (1 Korinflilərə 13:4-8).

8. Həmimanlılarımızı nə üçün sevməliyik?

8 Allahın ruhunun bizdə məhəbbət tərbiyə etməsinə yol versək, bu keyfiyyət həm Allahla, həm də qonşu ilə münasibətimizdə özünü büruzə verəcək (Matta 22:37-39). «Sevməyən isə ölümdə qalır. Qardaşına nifrət edən hər kəs qatildir və siz bilirsiniz ki, heç bir qatil özündə qalan əbədi həyata malik deyildir», — deyə həvari Yəhya yazırdı (1 Yəhya 3:14, 15). Qatil yalnız öldürdüyü adama nifrət etmədiyi təqdirdə İsraildəki sığınacaq şəhərlərdən birinə qaçıb qurtula bilərdi (Qanunun təkrarı 19:4, 11-13). Əgər müqəddəs ruha görə hərəkət ediriksə, Allahı, həmimanlılarımızı və başqa insanları sevəcəyik.

«Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir»

9, 10. Sevinc nədir və bizə sevinc gətirən şeylərin bə’ziləri hansılardır?

9 Sevinc əsl xoşbəxtlikdən doğan hissdir. Yehova ‘xoşbəxt Allahdır’ (1 Timoteyə 1:11, YD; Məzmur 104:31). Oğul Atasının iradəsini yerinə yetirməkdən sevinc duyur (Məzmur 40:8; İbranilərə 10:7-9). ‘Rəbbin verdiyi sevinc bizim də qüvvətimizdir’ (Nehemya 8:10).

10 Hətta çətinliyin, qəm-qüssənin və ya tə’qiblərin müqabilində belə, Allahın iradəsini yerinə yetirəndə Onun verdiyi sevincdən dərin məmnunluq duyuruq. Allahın verdiyi «bilik» bizə necə böyük xoşbəxtlik gətirir! (Süleymanın məsəlləri 2:1-6). Allahla münasibətlərimizin əsasını Onun haqqında dəqiq bilik və İsanın fidiyə qurbanlığına iman təşkil edir (1 Yəhya 2:1, 2). Yeganə beynəlxalq qardaşlığın üzvü olmaq da bizə sevinc gətirir (Sefanya 3:9; Haqqay 2:7). Allahın Padşahlığının tezliklə bütün yer üzünü idarə edəcəyini bilmək və xoş xəbərin təbliğində iştirak etmək də çox sevindiricidir (Matta 6:9, 10; 24:14). Əbədi həyat ümidi də sevincimizə sevinc qatır (Yəhya 17:3). Belə gözəl ümidə malik olduğumuz üçün biz ‘tam sevinc içində yaşamalıyıq’ (Qanunun təkrarı 16:15).

Sülhsevər və səbirli olun

11, 12. a) Sülh nədir? b) Allahın sülhü bizə necə tə’sir göstərir?

11 Ruhun səmərəsinin bir cəhəti də sülhdür. Sülh narahatlıqlardan azadlıq və dinclikdir. Səmavi Atamız sülh Allahıdır və bizi əmin edir ki, ‘bütün övladlarını öyrədəcək, onlar tam sülh içində olacaq’ (Yeşaya 54:13; 1 Korinflilərə 14:33). İsa şagirdlərinə demişdi: «Aranızda sülh qoyub gedirəm; sizə Öz sülhümü verirəm» (Yəhya 14:27). Bu onun davamçılarına necə kömək edəcəkdi?

12 İsanın şagirdlərinə verdiyi sülh onların ürəyini və düşüncələrini sakitləşdirib, qorxularını azaltmışdı. Xüsusilə, və’d olunmuş müqəddəs ruhu alanda onların arasında sülh hökm sürürdü (Yəhya 14:26). Bu gün ruhun tə’siri ilə, o cümlədən dualarımıza cavab olaraq biz Allahdan ürəyimizi və düşüncələrimizi sakitləşdirən, tayı-bərabəri olmayan sülhü alırıq (Filipililərə 4:6, 7). Üstəlik, Yehovanın ruhu bizə həmimanlılarımızla və başqa insanlarla sülhdə olmağa kömək edir (Romalılara 12:18; 1 Salonikililərə 5:13).

13, 14. Səbir nədir və biz nə üçün səbirli olmalıyıq?

13 Səbir sülhsevərliklə bağlıdır, çünki səbir etmək vəziyyətin yaxşılaşacağına ümid edərək haqsızlığa və incikliyə tab gətirmək deməkdir. Allah çox səbirlidir (Romalılara 9:22-24). İsa da bu keyfiyyəti təzahür etdirir. İsanın səbirli olmasının bizə də faydası var, çünki Pavel yazırdı: «Lakin mən məhz ona görə mərhəmətə nail oldum ki, Məsih İsa Öz kamil təhəmmülünü ilk olaraq mənim üzərimdə zühur etdirsin və əbədi həyat üçün Ona iman etməli olanların nümunəsi olum» (1 Timoteyə 1:16).

14 Başqaları düşünülməmiş, acı sözlər deyəndə və ya hərəkətlər edəndə səbir bizə tab gətirməyə kömək edir. Pavel həmimanlılarını təşviq edirdi: «Hamıya qarşı səbirli olun» (1 Salonikililərə 5:14). Hamımız qeyri-kamilik, buna görə səhvlərə yol verəndə, sözsüz ki, başqalarının bizə səbir etməsini istəyirik. Buna görə, gəlin biz də ‘sevinclə səbir göstərək’ (Koloslulara 1:9-12).

Xeyirxahlıq və yaxşılıq

15. Xeyirxahlıq nədir və buna dair hansı nümunəni gətirə bilərsiniz?

15 İnsanlarla mehriban və yaxşı rəftar etməklə xeyirxahlıq göstərmiş oluruq. Həm Yehova, həm də Oğlu İsa Məsih xeyirxahdır (Romalılara 2:4; Luka 9:11). Buna görə də Allahın və Məsihin xidmətçiləri xeyirxah olmalıdırlar (Koloslulara 3:12). Hətta Allaha yaxın olmayan insanlar belə ‘qeyri-adi insanpərvərlik’ göstərmişlər (Həvarilərin işləri 27:3; 28:2). Deməli, ‘ruha görə hərəkət ediriksə’, şübhə yoxdur ki, biz də xeyirxahlıq göstərə bilərik.

16. Hansı hallarda xeyirxahlıq göstərməliyik?

16 Kiminsə acı sözlərinə və ya nəzakətsiz hərəkətinə görə haqlı olaraq qəzəblənəndə belə, xeyirxahlıq göstərə bilərik. Pavel yazmışdı: «Qəzəblənəndə günah işləməyin; qoy siz qəzəblənirkən günəş batmasın və iblisə yer verməyin... Amma bir-birinizə qarşı lütfkar, şəfqətli olun və Allah Məsihdə sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın» (Efeslilərə 4:26, 27, 32). Xüsusilə də, dara düşənlərə qarşı xeyirxah olmalıyıq. Əlbəttə, ağsaqqal ‘yaxşılıq, salehlik və həqiqət’ yolunu tərk etmək təhlükəsində olan adamın sadəcə xətrinə dəyməmək üçün Müqəddəs Kitabdan məsləhət verməzsə, bu heç də xeyirxahlıq əlaməti olmaz (Efeslilərə 5:9).

17, 18. Yaxşılıq nədir və həyatımızda hansı yeri tutmalıdır?

17 Yaxşılıq ləyaqətli, mə’nəvi cəhətdən kamil və ya yaxşı olmaq deməkdir. Allah tam mə’nada yaxşıdır (Məzmur 25:8, KM; Zəkəriyyə 9:17, KM). İsa da həm yaxşı, həm də mə’nəvi cəhətdən kamil şəxsiyyətdir. Lakin ona «Yaxşı Müəllim» deyə müraciət edildikdə, o bu adı qəbul etmədi (Mark 10:17, 18). Çünki o dərk edirdi ki, yaxşılığın təcəssümü yalnız Allahdır.

18 Miras aldığımız günah yaxşılıq etməyimizə mane olur (Romalılara 5:12). Ancaq Allahın yaxşılıq etməyi bizə öyrətməsi barədə dua ediriksə, bu xüsusiyyəti təzahür etdirə bilərik. Pavel Romadakı həmimanlılarına demişdi: «Ey qardaşlarım, mən özüm də haqqınızda əminəm ki, siz də yaxşılıqla dolu, hər bilik ilə dolğun və bir-birinizə nəsihət vermək qüdrətindəsiniz» (Romalılara 15:14). Məsihçi ağsaqqalı ‘yaxşılığı sevməlidir’ (Titusa 1:7, 8). Əgər Allahın ruhuna görə hərəkət ediriksə, yaxşılığımızla tanınacağıq və Yehova bizi ‘yaxşılıqla xatırlayacaq’ (Nehemya 5:19; 13:31).

‘Riyasız iman’

19. İbranilərə 11:1 ayəsinə əsasən, iman nədir?

19 Ruhun səmərəsinin bir hissəsi olan «iman ümid edilən şeylərə əsaslı e’timad, görünməz olsa belə, mövcud olan şeylərin aydın təzahürüdür» (İbranilərə 11:1, YD). Əgər imanımız varsa, deməli biz Yehovanın və’d etdiyi hər şeyin mütləq yerinə yetəcəyinə əminik. Görünməz həqiqətlərə iman o qədər güclüdür ki, ayəyə əsasən, imanın özü onların aydın təzahürü və ya sübutu hesab edilir. Məsələn, yaradılan şeylərin mövcudluğu bizi Yaradanın olduğuna inandırır. Ruha görə hərəkət edəndə məhz belə imana sahib olduğumuzu göstəririk.

20. ‘Bizi asanlıqla çaşdıran günah’ nədir, ondan və cismani təbiətin işlərindən özümüzü necə qoruya bilərik?

20 İmansızlıq ‘bizi asanlıqla çaşdıran günahdır’ (İbranilərə 12:1). İmanımızı məhv edən cismani təbiətin işlərindən və var-dövlət hərisliyindən qaçmaq, o cümlədən yalan tə’limlərin tələsinə düşməmək üçün Allahın ruhuna güvənmək lazımdır (Koloslulara 2:8; 1 Timoteyə 6:9, 10; 2 Timoteyə 4:3-5). Yehovanın ruhu Onun müasir xidmətçilərində qədimdəki xidmətçilərinin imanına bənzər iman yaradır (İbranilərə 11:2-40). Həm də bizim ‘riyasız imanımız’ başqalarının imanını möhkəmləndirə bilər (1 Timoteyə 1:5; İbranilərə 13:7).

Həlim və özünüzə hakim olun

21, 22. Həlimlik nədir və biz nəyə görə onu təzahür etdirməliyik?

21 Həlimlik xasiyyətin yumşaqlığı və mülayim rəftardır. Allahın səciyyəvi xüsusiyyətlərindən biri Onun həlimliyidir. Bu ondan bəllidir ki, Yehovanın şəxsiyyətini mükəmməl surətdə əks etdirən İsa da həlim idi (Matta 11:28-30; Yəhya 1:18; 5:19). Belə isə, Allahın xidmətçiləri olan bizlərdən nə tələb olunur?

22 Bizdən bir məsihçi kimi ‘bütün insanlara tam həlimlik göstərmək’ gözlənilir (Titusa 3:2). Həlimliyi xidmətdə təzahür etdiririk. Ruhən yetkinlərə məsləhət görülür ki, səhvə yol verən məsihçini «həlimlik ruhu ilə» islah etsinlər (Qalatiyalılara 6:1). Hər birimiz ‘təvazökarlıq və həlimlik’ göstərərək məsihçi birliyini və sülhü qoruya bilərik (Efeslilərə 4:1-3). Daima ruha görə hərəkət edib, özümüzə hakim olsaq, həlimlik təzahür etdirmək çətin olmayacaq.

23, 24. Özünə hakim olmaq nədir və bu bizə necə kömək edir?

23 Özünə hakim olmaq fikirlərimizə, danışığımıza və hərəkətlərimizə nəzarət etməyə kömək edir. Yehova Yerusəlimi dağıdan babillilərlə rəftarında bu xüsusiyyəti təzahür etdirirdi (Yeşaya 42:14). Onun Oğlu iztirablarında özünə hakim olaraq ‘bizə nümunə qoydu’. Həvari Peter də məsihçilərə ‘biliyə məhəbbəti əlavə etməyi’ məsləhət görmüşdü (1 Peter 2:21-23; 2 Peter 1:5-8).

24 Məsihçi ağsaqqalları da özlərinə hakim olmalıdırlar (Titusa 1:7, 8). Əslində, müqəddəs ruha görə hərəkət edənlərin hamısı özünə hakim ola bilər və bununla da əxlaqsızlıqdan, nalayiq danışıqdan və ya Yehovanın xoşuna gəlməyən digər hərəkətlərdən qaça bilər. Allahın ruhunun bizdə özünə hakim olmaq xüsusiyyətini yaratmasına yol verməyimiz danışığımızdan və davranışımızdan bəlli olacaq.

Ruha görə hərəkət edin

25, 26. Ruha görə hərəkət etmək həyatımıza indi və gələcəkdə necə tə’sir göstərəcək?

25 Əgər ruha görə hərəkət ediriksə, Padşahlığın sə’yli təbliğçiləri olacağıq (Həvarilərin işləri 18:24-26). Bizimlə ünsiyyət etmək hamıya, xüsusilə də Allahın sadiq xidmətçilərinə xoş gələcək. Müqəddəs ruh addımlarımızı yönəltdiyi üçün həmimanlılarımız bizdən ruhlanacaq (Filipililərə 2:1-4). Elə məsihçilərin də arzusu bu deyilmi?

26 Şeytanın rəhbərliyi altında olan bu dünyada ruha görə hərəkət etmək heç də asan deyil (1 Yəhya 5:19). Amma milyonlarla insanlar məhz bu cür davranır. Əgər Yehovaya ürəkdən e’tibar ediriksə, həyat bizə elə indidən sevinc gətirəcək və bizə məhəbbətlə müqəddəs ruh verənin saleh yollarında əbədiyyən yeriyəcəyik (Məzmur 128:1; Süleymanın məsəlləri 3:5, 6).

Necə cavab verərdiniz?

• ‘Ruha görə hərəkət etmək’ Allahla və Onun Oğlu ilə münasibətlərimizə necə tə’sir göstərir?

• Müqəddəs ruhun səmərəsinə hansı keyfiyyətlər daxildir?

• Allahın ruhunun səmərəsini necə təzahür etdirə bilərik?

• Ruha görə hərəkət etmək həyatımıza indi və gələcəkdə necə tə’sir edəcək?

[12-ci səhifədəki şəkil]

Xoş sözlərlə və hərəkətlərlə xeyirxahlıq göstər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş