Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/8 s. 21—26
  • “Əgər Allah bizimlədirsə, kim bizə qarşı ola bilər?”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Əgər Allah bizimlədirsə, kim bizə qarşı ola bilər?”
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Allah bu gün kimləri himayə edir?
  • Allahın himayə etdiyi kəslərin fərqləndirici əlamətləri
  • Bütün dəlilləri götür-qoy etmək vaxtı gəlib çatıb
  • Allah hansı ibadəti qəbul edir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Həqiqi dini necə tapa bilərəm?
    Müqəddəs Kitaba aid suallara cavab
Gözətçi qülləsi 2001
w01 1/8 s. 21—26

“Əgər Allah bizimlədirsə, kim bizə qarşı ola bilər?”

“Elə isə bunlar barədə nə deyək? Əgər Allah bizimlədirsə, kim bizə qarşı ola bilər?” (ROMALILARA 8:31).

1. İsraillilərlə birlikdə Misirdən kimlər çıxdı və onları buna təşviq edən nə oldu?

İSRAİLLİLƏR Misirdə yaşadıqları 215 ilin çox hissəsini köləlikdə keçirdilər. Azad həyat sürmək üçün Misirdən çıxdıqları zaman isə “qarışıq çox xalq da onlarla bərabər çıxdı”. (Çıxış 12:38). Bu qeyri-israillilər, Misiri viran edən və onun yalançı allahlarını gülünc vəziyyətə qoyan qorxunc bəlalar yaşadılar. Eyni zamanda qeyri-israillilər, xüsusən də dördüncü bəladan başlayaraq, Yeqovanın öz xalqını qorumağa qadir olduğunu gördülər (Çıxış 8:23, 24). Yeqovanın niyyətləri haqqında mə’lumatları az olsa da, onlar üçün bir şey aydın idi: Misir allahları misirliləri qoruya bilmədikləri halda, Yeqova israilliləri müdafiə etdi.

2. Rahab israil kəşfiyyatçılarını nəyə görə müdafiə etdi və nədən görünür ki, onun Allaha e’tibar etməsi əbəs yerə deyildi?

2 Qırx il sonra, israillilər Və’d edilən diyara girmək üzrə olduqları zaman Musanın vərəsəsi olan Yeşu, kəşfiyyat üçün bu diyara iki nəfər göndərdi. Onlar orada Yerihonun sakini olan Rahab adlı qadınla rastlaşdılar. Misirdən çıxdıqdan sonra, Yeqovanın 40 il ərzində israillilərin müdafiəsi üçün etdiyi qüdrətli işləri barədə eşitdiklərinə əsasən Rahab bilirdi ki, Allahın xeyir-duasını qazanmaq üçün Onun xalqına tərəfdar olmaq lazımdır. Müdrik qərar qəbul etdiyi üçün, israillilər şəhəri zəbt edən zaman o öz ailə üzvləri ilə birlikdə məhv olunmadan qaçındı. Onların mö’cüzəli şəkildə xilas olmaları, şübhəsiz ki, Allahın onlarla olduğunu sübut edirdi. Göründüyü kimi, Rahab israillilərin Allahına əbəs yerə e’tibar etməmişdi (Yeşu 2:1, 9—13; 6:15—17, 25).

3. a) İsa, bərpa edilmiş Yeriho yaxınlığında hansı mö’cüzəni etdi və yəhudi ruhaniləri buna necə münasibət göstərdilər? b) Bə’zi yəhudilər, sonradan isə qeyri-yəhudilər nəyi anladılar?

3 On beş əsr keçdikdən sonra, İsa Məsih bərpa edilmiş Yeriho yaxınlığında yoxsul bir kor adama şəfa verdi (Mark 10:46—52; Luka 18:35—43). Həmin adam İsadan ona “mərhəmət” etməsi üçün yalvardı. Bununla o, İsanın Allah tərəfindən himayə edildiyini e’tiraf etmiş olurdu. Yəhudi din rəhbərləri və onların davamçıları isə, bir qayda olaraq, İsanın mö’cüzələrində, onun Allahın işini icra etməsinə dair sübutları görmək istəmirdilər. Bunun əvəzinə, onlar İsaya yersiz irad tuturdular (Mark 2:15, 16; 3:1—6; Luka 7:31—35). İsa onların təhriki ilə öldürüldükdən sonra, onun dirildiyini e’tiraf etməyə məcbur olduqları zaman belə, İsanın Allah tərəfindən dirildilməsi ilə razılaşmaq istəmirdilər. Bundan əlavə, onlar “Rəbb İsanı müjdələməkdə” mane olmağa çalışaraq, onun davamçılarını tə’qibə mə’ruz edirdilər. Lakin bə’zi yəhudilər, sonradan isə qeyri-yəhudilər bu hadisələrə diqqət yetirdilər və onların mahiyyətini düzgün başa düşdülər. Onlar aydın görürdülər ki, Allah ikiüzlü yəhudi rəhbərlərini inkar edib, indi isə İsa Məsihin təvazökar davamçılarını himayə edir (Həvarilərin işləri 11:19—21).

Allah bu gün kimləri himayə edir?

4, 5. a) İnsanlar dini hansı əlamətlərə əsasən seçirlər? b) Dinin həqiqi olduğunu müəyyən etmək üçün əsas məsələ nədən ibarətdir?

4 Bu yaxınlarda televiziya vasitəsilə verdiyi müsahibəsində, bir din xadimi həqiqi dini necə müəyyən etməklə əlaqədar belə sözlər söylədi: “Mən qeyd etmək istəyirəm ki, əgər insan hər hansı dinin qanunlarına uyğun yaşayaraq yaxşılığa doğru dəyişirsə, yalnız o zaman həmin dini həqiqi hesab etmək olar”. Sözsüz ki, həqiqi din insanları yaxşılığa doğru dəyişir. Ancaq din insanı nəcibləşdirirsə, onda demək olarmı ki, o Allah tərəfindən himayə edilir? Həqiqi dinin yeganə me’yarı bundanmı ibarətdir?

5 Hər kəs seçki azadlığını, o cümlədən din seçmək imkanını qiymətləndirir. Lakin bu azadlıq, insanın düzgün seçim edəcəyinə zəmanət vermir. Məsələn, bə’zi insanlar dini onun üzvlərinin sayına, maddi vəziyyətinə, ayinlərinin təmtəraqlı olmasına və ya ailə ən’ənələrinə əsasən seçirlər. Bütün bunlar həqiqi dini müəyyən etməkdə heç bir rol oynamır. Lakin əsas məsələ bundan ibarətdir: hansı din, mö’min insanları Allahın iradəsini yerinə yetirməyə təşviq edir və onun davamçılarına Allahın himayəsi ilə əlaqədar əminliklə “Allah bizimlədir” deməyə imkan verən inandırıcı sübutlar təqdim edir?

6. İsanın hansı sözləri, dinin həqiqi və ya yalan olduğunu müəyyən etməyə imkan verir?

6 İsa, həqiqi ibadətlə yalan ibadət arasındakı fərqi görməyə imkan verən qayda tə’sis etdi: “Yalançı peyğəmbərlərdən qorunun; onlar yanınıza qoyun cildində gələrlər, amma daxildə vəhşi qurddurlar. Onları bəhrələrindən tanıyacaqsınız” (Matta 7:15, 16; Malaki 3:18). “Bəhrələrdən”, yə’ni həqiqi dinin fərqləndirici əlamətlərindən bə’zilərini nəzərdən keçirərək və vicdanla araşdıraraq bu gün Allahın kimləri himayə etdiyini müəyyən edək.

Allahın himayə etdiyi kəslərin fərqləndirici əlamətləri

7. Yalnız Müqəddəs Kitaba əsaslanan bilikləri öyrətmək nə deməkdir?

7 Onların tə’limləri Müqəddəs Kitaba əsaslanır. İsa dedi: “Verdiyim tə’lim Mənim deyil, Məni Göndərənindir. Kim Onun iradəsini yeritmək istəyərsə, öyrətdiklərimin Allahdanmı olduğunu, yoxsa Özümdənmi söylədiyimi biləcəkdir”. Və əlavə etdi: “Allahdan olan Allahın sözlərini dinlər” (Yəhya 7:16, 17; 8:47). Buradan belə nəticə çıxarmaq olar ki, Allahın himayəsinə malik olan kəslər, yalnız Allahın öz Kəlamında açıqladığı bilikləri öyrətməli və insan müdrikliyinə və ya ən’ənələrinə əsaslanan tə’limləri inkar etməlidirlər (İşaya 29:13; Matta 15:3—9; Koloslulara 2:8).

8. İbadətdə Allahın adını istifadə etmək nə üçün vacibdir?

8 Onlar Allahın Yeqova adını istifadə edir və onu bəyan edirlər. İşaya əvvəlcədən peyğəmbərlik etmişdi: “O gün deyəcəksiniz: Rəbbə [“Yeqovaya”, YD] şükr edin, onun ismini çağırın, xalqlar arasında onun işlərini bildirin, ismi ucaldığını anın. Rəbbə tərənnüm edin; çünki öyünəcək işlər etdi; bütün dünyada bu bilinsin” (İşaya 12:4, 5). İsa öz şagirdlərini: “Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun” sözləri ilə dua etməyə öyrədirdi (Matta 6:9). Buna görə də məsihçilər — necə ki, yəhudilər, eləcə də qeyri-yəhudilər — “Allahın... adı naminə xalq” kimi xidmət etməli idilər (Həvarilərin işləri 15:14). Göründüyü kimi, Allahın “adı naminə” təşkil edilən xalqa mənsub olduqlarına görə qürur duyan insanları O, məmnuniyyətlə himayə edir.

9. a) Nəyə görə həqiqi dinin üzvlərinə sevincli olmaq xasdır? b) İşaya həqiqi və yalan dini necə müqayisə etdi?

9 Onlar Allaha xas olan sevinci əks etdirirlər. “Müjdənin” mənbəyi olan Yeqova — “bəxtiyar Allahdır” (1 Timoteyə 1:11, YD). Bəs Onun xidmətçilərinin özlərini bədbəxt hiss etməyə və ya hər şeyə daima pissimist nöqteyi-nəzərlə baxmağa əsasları varmı? Dünyadakı dəhşətli şəraitə və şəxsi problemlərinə baxmayaraq, məsihçilər sevinc ruhunu qoruyub saxlaya bilirlər, çünki müntəzəm olaraq bol-bol ruhani qida qəbul edirlər. İşaya onları yalan dinin tərəfdarları ilə müqayisə etdi: “Bundan ötrü Rəb Yeqova belə deyir: budur, qullarım yeyəcəklər və siz ac qalacaqsınız; budur, qullarım içəcəklər və siz susuz qalacaqsınız; budur, qullarım sevinəcəklər və siz utanacaqsınız; budur, qullarım ürək fərəhindən tərənnüm edəcəklər və siz ürək sızıltısından fəryad edəcəksiniz və ruh qırıqlığından ötrü ulayacaqsınız” (İşaya 65:13, 14).

10. Həqiqi dinə mənsub olan insanlar, təcrübə və səhvlərə yol vermək üsulları ilə öyrənməkdən necə qaçınırlar?

10 Onlar öz hərəkət tərzlərini və qəbul etdikləri qərarları Müqəddəs Kitabın prinsiplərinə əsaslandırırlar. “Bütün ürəyinlə Rəbbə güvən və öz anlayışına arxalanma; bütün yollarında onu tanı, o da sənin yollarını doğruldar” (Süleymanın məsəlləri 3:5, 6). Allah, Onun müdrikliyinə e’tinasızlıq göstərərək bir-birinə zidd olan insan nəzəriyyələrinə müraciət edənləri deyil, rəhbərlik üçün Ona müraciət edənləri himayə edir. İnsanın öz həyatını Allahın Kəlamı ilə müvafiqləşdirməyə nə dərəcədə hazır olmasını, onun təcrübə və səhvlərə yol vermək üsulları ilə öyrənməkdən özünü nə dərəcədə azad etməsi müəyyən edir (Məzmur 119:33; 1 Korinflilərə 1:19—21).

11. a) Nəyə görə həqiqi dinin üzvləri ruhanilərə və dünyəvilərə ayrılmırlar? b) Rəhbərliyi üzərlərinə götürən kəslər, Allahın xalqına hansı nümunəni verirlər?

11 Onların yığıncağı, birinci əsrin məsihçilərinin yığıncağı kimi təşkil edilib. İsa növbəti prinsipi verdi: “Siz özünüzə “Müəllim” dedirtməyin; çünki sizin Müəlliminiz birdir, o da Məsihdir və siz hamınız qardaşsınız. Yer üzündə kimsəyə ata deməyin; çünki Atanız birdir, səmavi Atadır. Nə də naseh dedirtməyin; çünki Nasehiniz birdir — Məsihdir. Aranızda ən böyük olan, digərlərinin nökəri olsun” (Matta 23:8—11). Özlərinə yüksək ad verən və dünyəvilərin üzərində özlərini yüksəldən təkəbbürlü ruhanilərə, hamının qardaş sayıldığı yığıncaqda yer yoxdur (Eyub 32:21, 22). Allahın sürüsünü otaran kəslərə belə bir əmr verilir: “Ona məcburi deyil, könüllü və Allaha məqbul olan şəkildə, biabırçı qazanc üçün deyil, şövqlə nəzarət edin. Sizə tapşırılanlara qarşı zülmkar yox, sürüyə nümunə olun” (1 Peter 5:2, 3). Əsl məsihçi çobanları başqalarının imanı üzərində hakimiyyəti öz üzərlərinə götürməyə can atmırlar. Onlar, Allaha xidmətdə məsihçilərin “əməkdaşları” kimi yaxşı nümunə verməyə çalışırlar (2 Korinflilərə 1:24).

12. Allah, Onun himayəsini arzu edən kəslərə insan hakimiyyətlərinə münasibətdə hansı tarazlaşmış mövqeyi tutmağı əmr edir?

12 Onlar insan hakimiyyətlərinə tabe olur, ancaq bununla belə bitərəfliyi qoruyurlar. Əgər kimsə “üzərində olan hakimlərə tabe” deyilsə, Allahın himayəsinə ümid edə bilməz. Nəyə görə? Ona görə ki, “mövcud olan hakimlər də Allah tərəfindən tə’yin olunmuşdur. Buna görə, hakimə müqavimət göstərən Allahın qurduğuna qarşı durur” (Romalılara 13:1, 2). Lakin İsa anlayırdı ki, mənafelər toqquşa bilər, buna görə də dedi: “Qeysərinkini qeysərə, Allahınkını Allaha verin” (Mark 12:17). Allahın himayəsinə malik olmaq istəyənlər “əvvəlcə Onun [Allahın] Padşahlığını və Onun salehliyini” axtarmalı və eyni zamanda Allaha münasibətdə yüksək vəzifələrini yerinə yetirməyə imkan verən dövlət qanunlarına tabe olmalıdırlar (Matta 6:33, İ—93; Həvarilərin işləri 5:29). İsa bitərəfliyin vacibliyini, şagirdləri haqqında növbəti sözləri deyərkən qeyd etdi: “Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər”. Sonradan əlavə etdi: “Mənim Padşahlığım bu dünayadan deyildir” (Yəhya 17:16; 18:36, İ—93).

13. Allahın xalqını müəyyən etməkdə məhəbbət hansı rolu oynayır?

13 Onlar insanların kimliyinə baxmır və “hamıya... yaxşılıq edirlər” (Qalatiyalılara 6:10). Məsihçi məhəbbəti tərəfgirlik etmir və irqindən, var-dövlətindən, təhsilindən, milliyyətindən və dilindən asılı olmayaraq bütün insanları əhatə edir. Əgər insanlar hamıya, xüsusən də imanlılar ailəsinə yaxşılıq edirlərsə, bu onların Allah tərəfindən himayə olunduqlarını müəyyən etməkdə kömək edir. İsa dedi: “Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (Yəhya 13:35; Həvarilərin işləri 10:34, 35).

14. Allahın himayəsinə malik olanlar həmişəmi hamı tərəfindən bəyəniliblər? İzah edin.

14 Onlar, Allahın iradəsini icra edərək, tə’qiblərə tab gətirməyə hazırdırlar. İsa öz davamçılarını xəbərdar etdi: “Əgər Məni tə’qib etdilərsə, sizi də tə’qib edəcəklər; əgər Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər” (Yəhya 15:20; Matta 5:11, 12; 2 Timoteyə 3:12). Allahın himayə etdiyi kəslər, heç bir zaman hamı tərəfindən bəyənilməyiblər. Nümunə üçün, öz imanı vasitəsilə dünyanı mühakimə edən Nuhu göstərmək olar (İbranilərə 11:7). Bu gün Allah tərəfindən himayə olunmağı arzu edənlər, tə’qiblərdən qaçınmaq məqsədi ilə Allahın Kəlamına az əhəmiyyət verməyi və ya Müqəddəs Kitabın prinsiplərinə zidd davranmağı heç fikirlərinə belə gətirmirlər. Nə qədər ki, onlar Allaha sədaqətlə xidmət edirlər, ətrafdakılar onlara həmişə “təəccüb edib... söyəcəklər” (1 Peter 2:12; 3:16; 4:4).

Bütün dəlilləri götür-qoy etmək vaxtı gəlib çatıb

15, 16. a) Allahın himayəsinə malik olan din qrupunu müəyyənləşdirməkdə hansı suallar kömək edəcəkdir? b) Milyonlarla insanlar hansı nəticəyə gəlmişlər və nə üçün?

15 Özünüzdən soruşun: hansı din qrupu, tə’limləri çox insanların fikrindən fərqlənsə belə, ciddi olaraq Allahın Kəlamına riayət etməklə tanınır? Hansı qrup, Allahın şəxsi adının vacibliyini qeyd edir və hətta onun adını daşıyır? İnsanların diqqətini bəşəriyyətin problemlərinin yeganə həlli kimi nikbinliklə Allahın Padşahlığına yönəldən kimlərdir? Həyatda geridə qalanlar kimi tanınmaq təhlükəsi altında kimlər Müqəddəs Kitabın davranış normalarına riayət edir? Hansı qrupun məvacib alan ruhaniləri yoxdur və bununla belə bütün üzvləri təbliğçidir? Siyasətdə iştirak etməsələr də, qanuna tabe olan vətəndaşlar kimi kimlər tə’riflənir? Məhəbbətdən irəli gələrək, başqalarına Allah və Onun niyyətləri haqqında öyrənməyə kömək edən kimlərdir? Bəs bütün bu müsbət cəhətlərinə baxmayaraq, kimlər tə’qib olunur, ələ salınır və nifrət edilir?

16 Bütün dünyada milyonlarla insanlar əllərində olan bütün dəlilləri götür-qoy edib və əmin olublar ki, yalnız Yeqovanın Şahidləri həqiqi dinə e’tiqad edirlər. Onlar, Yeqovanın Şahidlərinin öyrətdiklərinə, davranışlarına və onların dininin gətirdiyi faydaya əsasən belə nəticəyə gəlmişlər (İşaya 48:17). Milyonlarla insanlar Zəkarya 8:23 ayəsində qabaqcadan yazılan sözləri deyirlər: “Sizinlə gedirik, çünki Allahın sizinlə bərabər olduğunu eşitdik”.

17. Yeqovanın Şahidlərinin dininin həqiqi olduğunu iddia etmək, onlar tərəfindən nəyə görə lovğalıq sayılmır?

17 Yalnız onların Allah tərəfindən himayə edildiklərini iddia etmək, Yeqovanın Şahidləri tərəfindən lovğalıq deyilmi? Bəs misirlilərin başqa dinə mənsub olmalarına baxmayaraq, Misirdə yaşayan israillilərin Allahın himayəsinə malik olduqlarını söyləmək onlar tərəfindən lovğalıqmı hesab olunurdu? Allahın iudaizm tərəfdarlarını yox, onları himayə etdiyini söyləmək birinci əsrin məsihçiləri ­tərəfindən lovğalıqmı sayılırdı? Dəlillər göz qarşısındadır. Yeqovanın Şahidləri, İsanın qabaqcadan dediyi peyğəmbərliyə əsasən, son zamanlarda onun həqiqi davamçılarının yerinə yetirməli olduqları işi 235 ölkədə icra edirlər: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir” (Matta 24:14, İ—93).

18, 19. a) Yeqovanın Şahidlərinə müqavimət göstərsələr belə, nəyə görə onların təbliğ işini dayandırmağa əsasları yoxdur? b) Yeqovanın Şahidlərinin Allah tərəfindən himayə edildiklərini Məzmur 41:11 ayəsi necə təsdiq edir?

18 Yeqovanın Şahidləri bundan sonra da bu tapşırığı yerinə yetirəcək və tə’qiblərə və ya müqavimətlərə onların fəaliyyətini dayandırmağa yol verməyəcəklər. Yeqovanın işi yerinə yetirilməlidir və bu belə də olacaq. Ötən əsrdə Allahın iradəsini həyata keçirməkdə Yeqovanın Şahidlərinə mane olmaq cəhdlərinin hamısı müvəffəqiyyətsizliklə nəticələnirdi, çünki Yeqova və’d etmişdir: “Sənə qarşı düzəldilən heç bir silah işə yaramayacaq; və hökmdə sənə qarşı qalxan hər dili suçlu çıxaracaqsan. Rəbb qullarının mirası budur və onların salehliyi məndəndir, Rəbb deyir” (İşaya 54:17).

19 Bu gün bütün dünyadakı müqavimətlərə baxmayaraq, Yeqovanın Şahidlərinin həmişə olduğundan daha güclü və fəal olmaları sübut edir ki, Yeqova onların işindən məmnundur. Davud padşah dedi: “Bununla bilirəm ki, məndən xoşlanırsan, çünki düşmənim üzərimdə öyünmür” (Məzmur 41:11; 56:9, 11). Yeqovanın düşmənləri, Onun xalqı üzərində qələbə qazanmayacalar, çünki onların Rəhbəri İsa Məsih, sonuncu qələbəyə doğru irəliləyir!

Cavab verə bilərsinizmi?

• Qədimdə Allahın himayəsinə kimlər malik idi?

• Həqiqi dinin bə’zi fərqləndirici əlamətləri hansılardır?

• Yeqovanın Şahidlərinin Allah tərəfindən himayə edildiyinə şəxsən sizi nə əmin edir?

[23-cü səhifədəki şəkil]

Allahın himayəsini arzu edən kəslərin tə’limləri istisna olaraq Allahın Kəlamına əsaslanmalıdır.

[25-ci səhifədəki şəkil]

Məsihçi ağsaqqalları sürü üçün nümunə kimi xidmət edirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş