Uşaqlara Allah haqqında kim öyrətməlidir?
«Şagird müəllimindən üstün deyil, amma mükəmməl təlim almış adam öz müəllimi kimi olacaq» (LUKA 6:40).
BƏZİ valideynlər uşaqlarına Allah haqqında öyrətməyə qabil olmadıqlarını düşünürlər. Onlar fikirləşirlər ki, yaxşı öyrətmək üçün kifayət qədər təhsilləri, yaxud da din haqqında bilikləri yoxdur. Buna görə də, onlar bu cür vacib məsuliyyəti qohumların, ya da din xadimlərinin öhdəsinə atırlar.
Bəs əslində uşaqlara dini həqiqətləri və əxlaq dəyərlərini ən yaxşı kim öyrədə bilər? Gəlin görək, bu məsələyə dair Müqəddəs Kitab nə deyir və orada deyilənləri tədqiqatçıların fikirlərilə müqayisə edək.
Atanın rolu
Müqəddəs Kitab öyrədir: «Atalar, uşaqlarınızı əsəbiləşdirməyin, onları Yehovanın verdiyi tərbiyə və öyüd-nəsihətlə böyüdün» (Efeslilərə 6:4).
Alimlərin fikirləri. Atanın möhkəm dini etiqada malik olması ona necə təsir edir? 2009-cu ildə Amerika universitetlərindən biri tərəfindən dərc olunan məqalədə deyilirdi: «Dini icmanın fəaliyyətində iştirak etmək kişiyə yaxşı ata olmağa kömək edir. Din insana sosial dəstək verir, onun həyatını müəyyən davranış normaları çərçivəsinə salır, həmçinin necə yaşamağa dair rəhbərlik verir» («Fathers’ Religious Involvement and Early Childhood Behavior»).
Uşaqların tərbiyəsində atanın vacib rol oynadığını Müqəddəs Kitab dəfələrlə vurğulayır (Süleymanın məsəlləri 4:1; Koloslulara 3:21; İbranilərə 12:9). Bəs bu məsləhət bu günə qədər də qüvvədədirmi? 2009-cu ildə Florida Universiteti tərəfindən ataların uşaqlar üzərində hansı təsir gücünə malik olduqları barədə bir məqalə dərc edilmişdi. Alimlər müəyyən etmişlər ki, ataları təlim-tərbiyələrində fəal iştirak edən uşaqlar çox vaxt şəfqətli olur və onlar başqalarına nisbətən özünəhörmət hissinin çatışmazlığı kimi psixoloji bir problemdən daha az əziyyət çəkirlər. Adətən, oğlan uşaqları özlərini pis aparmağa bir o qədər də meyilli olmur, qız uşaqları isə daha sağlam düşüncəyə malik olurlar. Müqəddəs Kitab məsləhətlərinin hələ də aktual olduğu göz qabağındadır.
Ananın rolu
Müqəddəs Kitab öyrədir: «Oğlum, ata tərbiyəsinə qulaq as, ananın öyrətdiklərini kənara atma» (Süleymanın məsəlləri 1:8).
Alimlərin fikirləri. 2006-cı ildə nəşr olunmuş bir arayış kitabçasında qeyd olunurdu: «Bir çox ölkələrdə analar uşaqları ilə qarşılıqlı ünsiyyətə atalara nisbətən orta hesabla 65—80 faiz çox vaxt sərf edirlər» («Handbook of Child Psychology»). Buna görə də, ananın söhbətləri, hərəkətləri və əhval-ruhiyyəsi uşağın inkişafına güclü təsir edir.
Ata ilə ananın uşaqlarına birlikdə Allah haqqında həqiqəti öyrətməsi onlara, ən azı, iki sahədə müsbət təsir göstərir. Birincisi, uşaqların Allahla yaxın dostluq münasibətləri qurmaq imkanı yaranır — bu da ki, onlara ömür boyu fayda gətirəcək; ikincisi, uşaqlar valideynlərinin nümunəsindən ərlə arvadın vacib məqsədlərə birgə necə nail olduqlarını öyrənir (Koloslulara 3:18—20). Baxmayaraq ki, başqaları bu sahədə valideynlərə öz köməkliklərini göstərə bilərlər, ancaq uşaqlara Allah haqqında və Onun ailəyə dair tələblərini öyrətmək məsuliyyəti məhz valideynlərin üzərinə düşür.
Bəs valideynlər uşaqlarını necə öyrədə bilərlər? Ən yaxşı öyrətmə üsulları hansılardır?