Fəsil 8
Pis ruhi qüvvələrə qarşı mübarizə
1. Pis ruhların fəaliyyəti bizi nə üçün maraqlandırmalıdır?
BİR ÇOXLARINA pis ruhların mövcud olması fikri gülməli görünür. Amma onlar əbəs yerə gülürlər. Adamlar inansalar da, inanmasalar da pis ruhlar var və hər kəsə təsir göstərməyə çalışırlar. Yehovanın xidmətçiləri də istisna deyillər. Əksinə, onlar pis ruhlar üçün əsas hədəfdirlər. Həvari Pavel bizi xəbərdar edir: «Mübarizəmiz qan və ətə qarşı deyildir, ancaq [gözəgörünməz] rəyasətlərə, hakimiyyətlərə, bu qaranlıq dünyanın hökmranlarına, yəni səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır» (Efeslilərə 6:12). Bizim günlərdə pis ruhların təzyiqi xüsusilə şiddətlidir, çünki Şeytan artıq göylərdən yerə atılmışdır və vaxtının az qaldığından çox qəzəblidir (Vəhy 12:12).
2. Fövqəlbəşər ruhlarla mübarizədə necə qalib gəlmək olar?
2 Bəs fövqəlbəşər ruhi qüvvələrlə mübarizədə qalib gəlmək olarmı? Olar, bu şərtlə ki, Yehovaya tam arxalanmalıyıq. Biz Ona qulaq asmalı və Kəlamına itaət etməliyik. Bu yolla biz, Şeytanın təsiri altında olanların çəkdiyi fiziki, emosional və əxlaqi zərərdən daha çox müdafiə olunuruq (Yaqub 4:7).
Bu dünyanın səmavi aləmdəki hökmranları
3. Şeytan kimə və hansı yolla amansız müqavimət göstərir?
3 Yehova dünyanın vəziyyətini göydəki əlverişli mövqeyindən aydın görüb bizə təsvir edir. Həvari Yəhyaya verilən görüntüdə Şeytan «böyük, qırmızı bir əjdaha» kimi göstərilir. Allahın Xilaskar Padşahlığı 1914-cü ildə göydə doğulan kimi, bu əjdaha fürsəti əldən vermədən onu udmağa hazır idi. Cəhdi baş tutmadığından Şeytan, Padşahlığın yerdəki nümayəndələrinə amansız müqavimət göstərməyə başladı (Vəhy 12:3, 4, 13, 17). O bu müharibəni hansı yolla aparır? Adamlar arasındakı nümayəndələri vasitəsilə.
4. İnsan hakimiyyətlərinə səlahiyyəti kim verir və biz bunu haradan bilirik?
4 Sonra Yəhyaya «hər qəbilə, hər xalq, hər dil və hər millət üzərində» səlahiyyəti olan yeddi başlı, on buynuzlu bir «canavar» [“vəhşi heyvan”, YD] göstərildi. Vəhşi heyvan dünya siyasi sistemini təmsil edir. Yəhyaya bildirildi ki, ‘əjdaha [Şeytan İblis] ona öz qüvvətini, taxtını və böyük səlahiyyət verdi’ (Vəhy 13:1, 2, 7). Bəli, insan hakimiyyətlərinin güc və səlahiyyət mənbəyi Şeytandır. Həvari Pavelin yazdığı kimi, ‘dünyanın hökmranları’ əslində ‘səmavi aləmdə olan pis ruhi qüvvələrdir’. İnsan hakimiyyətlərini məhz onlar idarə edirlər. Yehovaya xidmət etmək istəyən hər kəs bunu yaxşı başa düşməlidir (Luka 4:5, 6).
5. Bu dünyanın hökmdarları hara toplaşırlar?
5 Hərçənd bir çox siyasi rəhbərlər bu və ya digər dinə etiqad edir, lakin heç bir millət Allahın hakimiyyətinə və Onun təyin etdiyi Padşah İsa Məsihə tabe olmur. Hərə öz hakimiyyətindən ötrü qəddarcasına vuruşur. Vəhydə göstərildiyi kimi, bu gün ‘cin ruhları’ [«cinlərin ilhamlandırdığı kəlmələr», YD], bu dünyanın hökmdarlarını Har-Megidona, «Küll-İxtiyar Allahın böyük günündə baş verəcək müharibəyə» toplayırlar (Vəhy 16:13, 14, 16; 19:17-19).
6. Aldanıb Şeytanın sistemini dəstəkləməmək üçün nəyə görə ehtiyatlı olmaq lazımdır?
6 İnsanlar hər gün bəşər ailəsini parçalayan siyasi, ictimai, iqtisadi və dini çəkişmələrin təsirinə məruz qalırlar. Onlar üçün bu çəkişmələrdə mənsub olduqları millətin, qəbilənin, dil qrupunun və ya ictimai sinfin tərəfini dildə yaxud əməldə tutmaq adi haldır. Hətta çəkişməyə bilavasitə cəlb edilmədikləri hallarda belə, adamlar çox vaxt bu və ya digər tərəfə rəğbət bəsləyirlər. Hansı şəxsə və ya tərəfə rəğbət bəslədiklərindən asılı olmayaraq, əslində onlar kimin tərəfini tuturlar? Müqəddəs Kitabda açıq-aydın deyilir: «Bütün dünya... şəririn hakimiyyəti altındadır» (1 Yəhya 5:19). Əksəriyyət kimi aldanmamaq üçün nə etməliyik? Bu dünyanın çəkişmələrində tam bitərəf qalmalı və yalnız Allahın Padşahlığını dəstəkləməliyik (Yəhya 17:15, 16).
Şəririn məkrli fəndləri
7. Şeytanın yalan dindən məharətlə istifadə etməsi nədən görünür?
7 Şeytan bütün dövrlərdə cürbəcür təqiblərlə insanları həqiqi ibadətdən döndərməyə çalışıb. Eyni zamanda o çox məharətlə hiylələr işlədib. Məsələn, bəşəriyyətin böyük bir qismi Allaha xidmət etdiyini düşünür, əslində isə Şeytan onu yalan din vasitəsilə cəhalətdə saxlayır. Allah haqqında dəqiq bilikləri və həqiqətə qarşı sevgiləri olmadığından, belə adamları müəmmalı və emosional xarakterli dini ayinlər cəlb edir, möcüzələr heyrətə gətirir (2 Saloniklilərə 2:9, 10). Eyni zamanda Müqəddəs Kitab bizi xəbərdar edir ki, bir vaxt həqiqi ibadətdə olanlardan «bəziləri... dönəcək, yoldan çıxaran ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar» (1 Timoteyə 4:1). Bu necə ola bilər?
8. Yehovaya ibadət etməyimizə baxmayaraq, Şeytan bizi tovlayıb yalan dinə necə çəkə bilər?
8 İblis bizim zəifliklərimizdən məkrlə istifadə edir. İnsan qorxusu hələ də bizi pəncəsində sıxırmı? Belə olduqda biz qohum və qonşularımızın təzyiqi altına düşüb yalan din mənşəli mərasimlərdə iştirak edə bilərik. Qürurluyuqmu? Bu halda bizə məsləhət veriləndə və başqaları fikirlərimizə şərik çıxmayanda inciyə bilərik (Süleymanın məsəlləri 15:10; 29:25; 1 Timoteyə 6:3, 4). Düşüncə tərzini dəyişib Məsihin nümunəsinə müvafiq olmaq əvəzinə, biz sadəcə «Müqəddəs Kitabı oxu, bəsindir, təki ürəyin təmiz olsun» deyərək ‘səsləri qulağımıza xoş gələnlərə’ meyl salacağıq (2 Timoteyə 4:3). Başqa dini qrupa qoşulacağımızın, ya da şəxsi dini təsəvvürlərimizə əsasən yaşayacağımızın Şeytan üçün heç bir təfavütü yoxdur, təki Yehovaya Öz Kəlamı və təşkilatı vasitəsilə göstərdiyi yolla ibadət etməyək.
9. Şeytan insanların cinsi yaxınlıq istəyindən öz məqsədi üçün məkrlə necə istifadə edir?
9 Şeytan daha bir hiyləyə əl atır: o, insanları təbii istəklərini yanlış yolla təmin etməyə təhrik edir. Cinsi yaxınlıq istəyini götürək. Dünyada bir çoxları Müqəddəs Kitabın əxlaq normalarını rədd edib nikahda olmayanlar arasında cinsi əlaqəni normal sayır və ya bununla həddi-büluğa çatdıqlarını sübut etmək istəyirlər. Bəs nikahda olanlar haqqında nə demək olar? Bir çox adam həyat yoldaşına xəyanət edir. Elələri də var ki, başqası ilə yaşamaq üçün həyat yoldaşından boşanmaq və ya ayrılmaq istəyir. Şeytanın məqsədi, insanlarda gördükləri işlərin özlərinə və başqalarına, ələlxüsus Yehova və Onun Oğlu ilə münasibətlərinə necə təsir göstərəcəyinə göz yumub elə indi kef çəkmək arzusu oyatmaqdır (1 Korinflilərə 6:9, 10; Qalatiyalılara 6:7, 8).
10. Şeytan əxlaqsızlığa və zorakılığa qarşı baxışlarımızı korlamağa necə çalışır?
10 İstirahət və əyləncə daha bir təbii istəkdir. Səfalı istirahət fiziki, əqli və emosional cəhətdən təravətləndirir. Bəs Şeytan istirahət zamanı bizi müəyyən şeylərə Allahın gözü ilə deyil, qeyri-kamil insan gözü ilə baxmağa təhrik edəndə özümüzü necə aparırıq? Məsələn, biz bilirik ki, Yehova cinsi əxlaqsızlığa və zorakılığa nifrət edir. Kino, televiziya verilişi və ya teatr tamaşasında bu cür səhnələr göstəriləndə oturub baxırıqmı? Unutmayaq ki, ‘dibsiz dərinliklərə’ atılacağı vaxtın yaxınlaşdığını bilən Şeytan, aranı daha da qızışdırmaq üçün var gücü ilə çalışır. Buna görə də «pis adamlar və saxtakarlar... aldadıb aldanaraq, getdikcə daha betər olacaqlar» (2 Timoteyə 3:13; Vəhy 20:1-3). Şeytanın toruna düşməmək üçün daim ayıq olmalıyıq (Yaradılış 6:13; Məzmur 11:5; Romalılara 1:24-32).
11. Hətta spiritizm haqqında həqiqəti bilən adam ayıq olmasa tələyə necə düşə bilər?
11 Yehova həmçinin spiritizmin hər hansı növü — falçılıq, cadugərlik və ruh çağırmaqla məşğul olanlardan ikrah edir (Qanunun təkrarı 18:10-12). Bunu bildiyimizdən ruhçağıranlara müraciət etmək və öz şeytani bacarıqlarını nümayiş etdirmək üçün onları evə çağırmaq heç ağlımıza da gəlməz. Bəs televiziya ekranında və ya internetdə onları dinləyərdikmi? Biz müalicə üçün heç vaxt ekstrasensə müraciət etmərik. Bəs xəta-bəladan, bəd nəzərdən qorunmaq üçün üzərlik yandırar və ya uşağa gözmuncuğu taxarıqmı? Müqəddəs Kitabda ovsunçuların ittiham edildiyini bilərək hipnozçunun zehnimizə təsir göstərməsinə yol verərikmi? (Qalatiyalılara 5:19-21).
12. a) Musiqi bizi qəbahətli şeylər üzərində düşünməyə necə şirnikdirə bilər? b) İnsanın saç düzümü, geyim və ya danışığı, Yehovaya məqbul həyat sürməyənlərə pərəstiş etdiyini necə göstərə bilər? c) Şeytanın məkrli fəndlərinin qurbanı olmaq istəmiriksə nə etməliyik?
12 Müqəddəs Kitabda deyilir ki, cinsi əxlaqsızlığın və hər cür natəmizliyin (pis məqsədlə) adı belə aramızda çəkilməməlidir (Efeslilərə 5:3-5). Bəs belə mövzular xoş musiqi, asan yadda qalan melodiya və ya oynaq ritmlərlə müşayiət edilərsə, onda necə? Nikahsız cinsi əlaqəni, narkotik maddələri və başqa günah sayılan hərəkətləri tərənnüm edən mahnıların sözlərini təkrar edərdikmi? Yaxud belə işlərlə məşğul olan insanların yaşayış tərzini təqlid etməyin düzgün olmadığını bilə-bilə saç düzümü, geyimdə və ya danışıqda özümüzü onlara bənzədərdikmi? İnsanları tovlayıb düşüncələrini korlamaqla özünə bənzətməyə çalışan Şeytanın fəndləri necə də məkrlidir! (2 Korinflilərə 4:3, 4). Onun məkrli niyyətlərinin qurbanı olmamaq üçün bu dünyanın axınına qoşulmamalıyıq. Bu qaranlıq dünyanın hökmranlarının kimlər olduğunu heç vaxt unutmamalı və onların təzyiqinə qətiyyətlə sinə gərməliyik (1 Peter 5:8).
Qalib gəlmək üçün yaraqlanmışıq
13. Qeyri-kamilliyimizə baxmayaraq, hər birimiz Şeytanın ağalıq etdiyi dünyaya necə qalib gələ bilərik?
13 Ölümündən qabaq İsa şagirdlərinə demişdi: «Cəsur olun, mən dünyaya qalib gəldim» (Yəhya 16:33). Şagirdlər də dünyaya qalib gələ bilərdilər. Təxminən 60 il sonra həvari Yəhya yazmışdı: «İsanın Allahın Oğlu olduğuna iman edəndən başqa, dünyaya qalib gələn kimdir?» (1 Yəhya 5:5). İsanın əmrlərini yerinə yetirməklə və onun kimi Allahın Kəlamına etibar etməklə biz də belə iman sahibi olduğumuzu göstərəcəyik. Bunun üçün daha nə tələb olunur? İsanın başçılıq etdiyi yığıncağa sıx bağlı qalmaq lazımdır. Günah işlətmişiksə, səmimi qəlbdən tövbə etməli və İsanın fidiyə qurbanlığı əsasında Allahdan əfv diləməliyik. Qeyri-kamilliyimizə və səhvlərimizə baxmayaraq, biz də bu yolla qalib gələ bilərik (Məzmur 130:3, 4).
14. Efeslilərə 6:13-17 ayələrini oxu, sualların və abzasdakı ayələrin köməyi ilə ruhani zirehlərin hər birinin gətirdiyi faydanı nəql et.
14 Qələbə çalmaq üçün «Allahın bütün zirehlərini» götürmək lazımdır. Zəhmət olmasa, Müqəddəs Kitabında Efeslilərə 6: 13-17 ayələrini açıb bu zirehlərin təsvirini oxu. Sonra onların hər birinin bizi necə qoruduğu üzərində düşünərək aşağıdakı suallara cavab ver.
‘Həqiqət qurşağı’
Həqiqəti bilsək də Müqəddəs Kitab həqiqətlərini müntəzəm öyrənmək, üzərində düşünmək və yığıncaq görüşlərinə getmək bizi necə qoruyur? (1 Korinflilərə 10:12, 13; 2 Korinflilərə 13:5; Filipililərə 4:8, 9).
‘Salehlik zirehi’
Salehlik normalarını kim təyin edir? (Vəhy 15:3).
Yehovanın salehlik yollarından azmaq adamın ruhaniliyinə necə zərər gətirir? İzah et (Qanunun təkrarı 7:3, 4; 1 Şamuel 15:22, 23).
‘Sülh Müjdəsini təbliğ etməyə hazır ayaqlar’
Allahın sülhə aparan işlərini insanlara danışmaqla fəal məşğul olmağımız bizi necə qoruyur? (Məzmur 73:2, 3; Romalılara 10:15; 1 Timoteyə 5:13).
‘İman qalxanı’
İmanımızın təməli möhkəmdirsə, başqalarının ürəyimizə şübhə yaxud qorxu salmaq cəhdlərinə necə münasibət göstərəcəyik? (2 Padşahlar 6:15-17; 2 Timoteyə 1:12).
‘Xilas dəbilqəsi’
Xilas ümidi maddi nemətlər barədə həddindən artıq narahat olmamağa necə kömək edir? (1 Timoteyə 6:7-10, 19).
‘Ruhun qılıncı’
Özümüzün və başqalarının ruhaniliyinə xələl gətirən şeylərlə mübarizədə nəyə arxalanmalıyıq? (Məzmur 119:98; Süleymanın məsəlləri 3:5, 6; Matta 4:3, 4).
Ruhani müharibədə müvəffəqiyyət qazanmaq üçün daha nə lazımdır? Bunu «hər vaxt» necə edə bilərik? Kimləri unutmamalıyıq? (Efeslilərə 6:18, 19).
15. Ruhani müharibədə hücuma necə keçə bilərik?
15 Biz Məsihin böyük ordusunun əsgərləriyik və ruhani müharibədə iştirak edirik. Ayıq olub, Allahın təqdim etdiyi zirehlərin hamısından düzgün istifadə etsək bu müharibədə həlak olmarıq. Əksinə, bizimlə birgə Allaha xidmət edənlərə dayaq olarıq. Şeytanın hiddətlə müqavimət göstərdiyi səmavi hakimiyyət — Allahın Xilaskar Padşahlığı haqqındakı xoş xəbəri başqaları ilə bölüşməklə həmişə hücuma keçməyə hazır olacağıq.
Təkrar üçün suallar
• Yehovaya ibadət edənlər bu dünyadakı çəkişmələrdə nə üçün tam bitərəfdirlər?
• Məsihçilərə ruhani zərər vurmaq üçün Şeytanın işlətdiyi bəzi məkrli fəndlər hansılardır?
• Allahın təqdim etdiyi ruhani zirehlər bizi ruhani müharibədə necə qoruyur?
[76-cı səhifədəki şəkil]
Bu dünyanın millətləri Har-Megidona yığışır