Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/12 s. 13—18
  • “Allahın bütün zirehlərini geyinin”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Allahın bütün zirehlərini geyinin”
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Belimizi, döşümüzü və ayaqlarımızı qoruyuruq
  • Qalxan, dəbilqə və qılınc
  • “Hər vaxt” dua etmək
  • Yehova sizi qoruyacaq
    Gözətçi qülləsi 2021
  • Gənclər, İblisin hiylələrinə sinə gərin
    Gözətçi qülləsi 2018
  • Cinlərə necə müqavimət göstərə bilərik?
    Gözətçi qülləsi 2007
  • «Allahın verdiyi bütün yaraqları əyninizə geyinin»
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/12 s. 13—18

“Allahın bütün zirehlərini geyinin”

“İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın bütün zirehlərini geyinin” (EFESLİLƏRƏ 6:11).

1, 2. Məsihçilərin geyinməli olduqları ruhani zirehləri öz sözlərinizlə təsvir edin.

BİZİM eranın birinci əsrində Roma şan-şöhrətin ən yüksək zirvəsində idi. Böyük qoşun birləşmələrinin sayəsində Roma o vaxt tanınan dünyanın böyük hissəsini öz nəzarəti altında saxlayırdı. Bir tarixçi Roma ordusunu “tarixdə ən müvəffəqiyyətli hərbi təşkilat” kimi təsvir etmişdir. Romanın peşəkar ordusu yaxşı tə’lim almış əsgərlərdən ibarət idi və ciddi intizamı ilə fərqlənirdi. Lakin döyüşün nəticəsi əsgərlərdə olan zirehlərdən də asılı idi. Həvari Pavel İblisə qarşı müvəffəqiyyətlə mübarizə aparmaq üçün məsihçilərə hansı ruhani təchizat gərək olduğunu Roma əsgərinin zirehləri əsasında göstərmişdir.

2 Bu ruhani zirehlərin təsvirini Efeslilərə 6:14-17 ayələrində oxuyuruq. Pavel yazırdı: “Belinizə həqiqət qurşağını bağlamış, döşünüzə salehlik zirehini taxmış və ayaqlarınıza sülh Müjdəsini təbliğ etmək hazırlığını geymiş olaraq yerinizdə durun. Bütün bunlardan savayı, iman qalxanını ələ alın; bununla şeytanın bütün qızmar oxlarını söndürməyə qadir olacaqsınız. Xilas dəbilqəsini və Ruhun qılıncını, yə’ni Allahın sözünü götürün”. Pavelin nümunə çəkdiyi Roma əsgərinin zirehləri e’tibarlı müdafiəni tə’min edirdi. Bundan əlavə, hər bir əsgərin qılıncı — əlbəyaxa döyüş üçün əsas silahı vardı.

3. Biz nə üçün İsa Məsihə tabe olmalı və onun nümunəsini izləməliyik?

3 Roma ordusunun müvəffəqiyyəti yalnız təchizat və hazırlıqdan deyil, habelə əsgərlərin komandirə tabe olmalarından da asılı idi. Məsihçilər isə Müqəddəs Kitabda millətlərin “rəis və əmiri” kimi təsvir edilən İsa Məsihə tabe olmalıdırlar (İşaya 55:4). İsa həmçinin yığıncaqların Başıdır (Efeslilərə 5:23). O, ruhani müharibəni necə aparmağı göstərir və biz onun kamil nümunəsinin əsasında ruhani zirehləri geyinməyi öyrənirik (1 Peter 2:21). Məsihin təzahür etdirdiyi keyfiyyətlərlə bizim ruhani zirehlərimiz arasında böyük bənzərlik olduğuna görə, Müqəddəs Yazılar bizə Məsihin düşüncə tərzi ilə ‘silahlanmağı’ tövsiyə edir (1 Peter 4:1). Bu səbəbdən, ruhani zirehlərin hər bir hissəsini tədqiq edərək, İsanın nümunəsinin əsasında onun nə üçün vacib olduğunu və hansı müdafiəni tə’min etdiyini nəzərdən keçirəcəyik.

Belimizi, döşümüzü və ayaqlarımızı qoruyuruq

4. Əsgərin kəməri hansı rolu oynayırdı və Pavel onun nümunəsi əsasında nəyi göstərdi?

4 Beli həqiqət qurşağı ilə bağlamaq. Müqəddəs Kitabın yazıldığı dövrlərdə əsgərlər 5-15 santimetr enində dəridən hazırlanmış kəmər taxırdılar. Bə’zi tərcüməçilərin fikrincə, Pavelin sözləri belə səslənə bilər: “Belə kip bağlanmış kəmər kimi olan həqiqətlə”. Kəmər əsgərin belini müdafiə edir, həmçinin qılıncı qınından rahat asmağa imkan verirdi. Əsgər kəmərini döyüşə hazırlaşarkən taxardı. Pavel əsgər kəmərinin nümunəsi əsasında, Müqəddəs Kitabdakı həqiqətin bizim həyatımıza nə qədər güclü tə’sir etməli olduğunu göstərmişdir. Məcazi mə’nada desək, bu həqiqət qurşağını belimizə elə kip bağlamalıyıq ki, ona əsasən yaşaya və onu istənilən zaman qoruya bilək (Məzmur 43:3; 1 Peter 3:15). Bunun üçün sə’ylə və diqqətlə Müqəddəs Kitabı öyrənmək lazımdır. Allahın qanunu İsanın ‘ürəyinin içində’ idi (Məzmur 40:8). Buna görə də, düşmənlər ona suallar verdikdə, o, Müqəddəs Yazıları əzbərdən sitat gətirə bilirdi (Matta 19:3-6; 22:23-32).

5. Sınaq və ya imtahanlar zamanı Müqəddəs Kitabdakı məsləhətlərin bizə necə kömək etdiyini izah edin.

5 Müqəddəs Kitab həqiqətinin bizə rəhbərlik etməsinə yol verəndə, o bizi yanlış fikirlərdən qoruyur və müdrik qərarlar qəbul etməyimizə kömək edir. Sınaq və ya imtahanlar zamanı Müqəddəs Kitabın rəhbərliyi doğru davranmaq qətiyyətimizi möhkəmləndirəcəkdir. Biz Dahi Müəllim olan Yehovanı sanki gözlərimizlə görəcək və arxamızdan deyilən: “Budur, bu yolda yeriyin” sözlərini eşidəcəyik (İşaya 30:20, 21).

6. Məcazi ürəyimizə nəyə görə müdafiə lazımdır və salehlik bizi e’tibarlı surətdə necə qoruyur?

6 Salehlik zirehi. Əsgərin döşünə taxdığı zireh onun həyati vacib orqanını — ürəyini qoruyurdu. Bizim məcazi ürəyimiz, daxili mənliyimiz günaha meylli olduğundan müdafiəyə xüsusilə ehtiyac duyur (Təkvin 8:21). Buna görə də biz Yehovanın ədalətli normalarını öyrənməli və onları sevməliyik (Məzmur 119:97, 105). Salehliyə olan məhəbbət bu dünyanın baxışlarını rədd etməyə təşviq edir, belə ki, dünya Yehovanın aydın prinsiplərinə e’tinasızlıq göstərir və ya o prinsiplərin əhəmiyyətini əksildir. Bundan əlavə, əgər biz salehliyi sevir və günaha nifrət ediriksə, özümüzü fəlakətli yoldan qoruyacağıq (Məzmur 119:99-101; Amos 5:15). Bu sahədə İsa yaxşı nümunə vermişdir, onun haqqında Müqəddəs Yazılarda deyilir: “Sən salehliyi sevib, qanunsuzluğa nifrət etdin” (İbranilərə 1:9)a.

7. Roma əsgərinə nəyə görə yaxşı ayaqqabı lazım idi və Pavel onun nümunəsi əsasında nəyi göstərdi?

7 Sülh müjdəsini təbliğ etməyə hazır olan ayaqlar. Roma əsgərlərinə möhkəm və e’tibarlı ayaqqabı lazım idi, belə ki, çox vaxt hərbi yürüşlər zamanı bir günün içində əyinlərində 27 kiloqram ağırlığında zireh və təchizatlar daşıyaraq 30 kilometrlik yol qət edirdilər. Pavel bu nümunənin əsasında Padşahlıq haqqındakı xəbəri dinləmək istəyən hər bir insana təbliğ etmək hazırlığımızı göstərdi. Belə bir hazırlıq vacibdir, çünki əgər biz insanlara təbliğ etməyə hazır deyiliksə və bunu etmək istəmiriksə, onda onlar Yehovanı necə tanıyacaqlar? (Romalılara 10:13-15).

8. Xoş xəbərin təbliğində İsanı necə təqlid edə bilərik?

8 İsa Məsihin həyatında ən başlıca olan nə idi? O, Roma valisi Ponti Pilata demişdi: “Mən... bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim”. İsa hər bir imkandan istifadə edərək təbliğ edir və öz xidmətini elə sevirdi ki, onu fiziki tələbatlarından da vacib hesab edirdi (Yəhya 4:5-34; 18:37). Əgər biz də İsa kimi xoş xəbəri təbliğ etmək istəyi ilə alışırıqsa, onda bu xəbəri başqaları ilə bölüşmək üçün çox imkanlar tapacağıq. Bundan əlavə, diqqətimizi xidmətə yönəltmək bizə ruhən möhkəm qalmaqda kömək edəcəkdir (Həvarilərin işləri 18:5).

Qalxan, dəbilqə və qılınc

9. Böyük qalxan Roma əsgərini necə qoruyurdu?

9 Böyük iman qalxanı. ‘Böyük qalxan’ kimi tərcümə olunan yunan sözü altında, demək olar ki, bütün bədəni örtə bilən qalxan nəzərdə tutulur. Bu qalxan, Efeslilərə 6:16 ayəsində xatırlanan “qızmar oxlardan” müdafiə edə bilərdi. Müqəddəs Kitabın yazıldığı dövrlərdə dəmir ucluqları yanar maye ilə doldurulan, gövdəsi oyuq qamışdan olan oxlardan istifadə olunurdu. Bir tədqiqatçı bu oxları “qədim döyüşlərin ən təhlükəli silahı” adlandırır. Əgər əsgərin bu cür oxlardan qorunmaq üçün böyük qalxanı yox idisə, o, ciddi və ya hətta ölümcül yaralar ala bilərdi.

10, 11. a) Şeytan hansı ‘qızmar oxlarla’ imanımızı sarsıda bilər? b) İsanın nümunəsi əsasında çətin vəziyyətdə imanın nə dərəcədə vacib olduğu necə görünür?

10 Şeytan imanımızı sarsıtmaq üçün bizə hansı “qızmar oxları” atır? O, bizə qarşı ailədə, işdə və yaxud məktəbdə tə’qib və ya müqavimətlər yarada bilər. Əxlaqsız istəklər və var-dövlət yığmaq həvəsi bə’zilərini ruhani fəlakətə salır. Özümüzü bu kimi təhlükələrdən qorumaq üçün, biz ən əvvəl böyük ‘iman qalxanını ələ almalıyıq’. Yehova haqqında öyrəndikcə, müntəzəm olaraq Ona dua etdikcə və Onun bizi necə qoruduğunu və bizə xeyir-dua verdiyini gördükcə iman əldə edirik (Yeşu 23:14; Luka 17:5; Romalılara 10:17).

11 İsa yer üzündə yaşayarkən, çətin anlarda möhkəm imanın nə qədər vacib olduğunu göstərdi. O, heç zaman Atasının qərarlarının düzgün olub-olmamasına şübhə etmir və məmnuniyyətlə Onun iradəsini yerinə yetirirdi (Matta 26:42, 53, 54; Yəhya 6:38). Getsemani bağında hətta ən ağır əzablar içində olanda belə, İsa Allaha dedi: “Mənim istədiyim kimi deyil, Sənin istədiyin kimi olsun” (Matta 26:39). İsa sadiq qalmağın və Atasının ürəyini sevindirməyin vacibliyini həmişə dərk edirdi (Süleymanın məsəlləri 27:11). Əgər biz də onun kimi Yehovaya e’tibar ediriksə, onda hücum və ya müqavimətlərin bizim imanımızı zəiflətməsinə yol verməyəcəyik. Əksinə, Allaha bel bağlamaqla, Ona öz məhəbbətimizi göstərməklə və Onun əmrlərinə riayət etməklə öz imanımızı möhkəmləndirmiş olacağıq (Məzmur 19:7-11; 1 Yəhya 5:3). Nə maddi rifahlar, nə də bir anlıq cismani ləzzətlər Yehovanın Onu sevənlər üçün hazırladığı xeyir-dualarla müqayisəyə gələ bilməz (Süleymanın məsəlləri 10:22).

12. Bizim məcazi dəbilqəmiz hansı müdafiəni tə’min edir və belə bir müdafiə nəyə görə həyati vacibdir?

12 Xilas dəbilqəsi. Dəbilqə əsgərin başını, həmçinin beynini — düşüncə fəaliyyətinin mərkəzini qoruyurdu. Biz məsihçilərin də ümidi dəbilqə ilə müqayisə olunur, çünki bu ümid ağlımızı qoruyur (1 Saloniklilərə 5:8). Biz Allahın Kəlamından olan dəqiq bilik sayəsində öz ağlımızı yeniləşdirsək də, əvvəlki kimi zəif və qeyri-kamil insanlar olaraq qalırıq. Düşüncəmiz çox asanlıqla pozula bilər. Bu sistemin məqsədləri bizim diqqətimizi yayındırmağa, hətta Allahın verdiyi ümidi sıxışdırmağa belə qadirdir (Romalılara 7:18; 12:2). İblis İsaya “dünyanın bütün ölkələrini və onların şan-şöhrətini” göstərməklə onu öz məqsədlərindən yayındırmağa çalışırdı (Matta 4:8). Amma İsa bu təklifi qətiyyətlə rədd etdi. Sonralar Pavel yazmışdı: “O [İsa], qarşısına qoyulan sevinc uğrunda, rüsvayçılığa e’tinasızlıq göstərib, çarmıxa təhəmmül etdi və Allahın taxtının sağında oturdu” (İbranilərə 12:2).

13. Ümidimizi necə möhkəm saxlaya bilərik?

13 İsanın malik olduğu sarsılmaz ümid öz-özünə yaranmır. Əgər arzularımız və məqsədlərimiz Müqəddəs Kitabdakı ümidlə deyil, bu sistemlə bağlı olarsa, onda Allahın və’dinə olan imanımız zəifləyə bilər. Vaxt keçdikcə biz ümidimizi tamamilə itirə bilərik. Digər tərəfdən, əgər biz Allahın verdiyi ümidin üzərində daima düşünürüksə, bundan sonra da bu ümidə sevinməyə davam edəcəyik (Romalılara 12:12).

14, 15. a) Bizim məcazi qılıncımız nədir və biz ondan necə istifadə edə bilərik? b) Ruhun qılıncının imtahanları dəf etməyə necə kömək etdiyini göstərən bir nümunə gətirin.

14 Ruhun qılıncı. Allahın Müqəddəs Kitabda yazılmış sözü dini yalanları puç edən və səmimi insanlara ruhani azadlıq bəxş edən məhvedici ikiağızlı qılınca bənzəyir (Yəhya 8:32; İbranilərə 4:12). Bu ruhani qılınc imtahanlara düşdüyümüz zaman və ya dönüklər imanımızı məhv etməyə çalışdıqları zaman bizə də müdafiə kimi xidmət edə bilir (2 Korinflilərə 10:4, 5). Biz Allaha necə də minnətdarıq ki, Onun ilham verdiyi bütün Müqəddəs Yazılar bizi “hər cür xeyirli iş üçün” təchiz edir! (2 Timoteyə 3:16, 17).

15 Şeytan səhrada İsanı sınağa çəkdiyi zaman, İsa onun yalan sübutlarını və hiyləgər imtahanlarını dəf etmək üçün ruhun qılıncından bacarıqla istifadə etmişdi. İblisin hər bir hücumuna Allahın Oğlu belə demişdir: “Yazılmışdır” (Matta 4:1-11). Yehovanın Şahidi olan David adlı bir ispaniyalı oğlan da imtahanlara tab gətirməkdə Müqəddəs Yazıların insana kömək etdiyinə əmin olmuşdur. David 19 yaşında ikən təmizlik işləri ilə məşğul olan bir kompaniyada işləyirdi. Bu zaman ona birlikdə işlədiyi bir qəşəng qız yaxınlaşıb, “yaxşı vaxt keçirməyi” təklif etmişdir. David qızın təklifini rədd etmiş və bir daha belə bir vəziyyətin yaranmaması üçün müdirdən onu başqa yerə keçirməsini xahiş etmişdir. David deyir: “Mən Yusifi xatırladım. O, əxlaqsız hərəkət etməyi rədd etmiş və dərhal oradan uzaqlaşmışdı. Mən də elə etdim” (Təkvin 39:10-12).

16. “Həqiqət sözünü doğruluqla” öyrədən insan üçün nəyə görə hazırlıq tələb olunduğunu izah edin.

16 İsa insanlara Şeytanın tə’sirindən azad olmağa kömək etmək üçün də ruhun qılıncından istifadə edirdi. İsa deyirdi: “Verdiyim tə’lim Mənim deyil, Məni Göndərənindir” (Yəhya 7:16). İsa kimi başqalarını bacarıqla öyrətmək üçün, bizə hazırlıq gərəkdir. Roma əsgərləri haqqında yəhudi tarixçisi İosif Flavi yazmışdır: “Bu əsgərlərin məşqi əsl döyüşdə olduğu kimi coşğunluğu və ciddiliyi ilə fərqlənirdi, əsgər, hər gün müharibədə imiş kimi tam sə’ylə çalışmalı idi. Buna görə də onlar döyüşlərdə asanlıqla qalib gəlirdilər”. Biz ruhani müharibəmizdə Müqəddəs Kitabdan istifadə etməliyik. Bundan əlavə, hər kəs “özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim” etməlidir (2 Timoteyə 2:15). Səmimi qəlbdən maraqlanan insanın sualına Müqəddəs Yazıların köməyi ilə cavab vermək necə də xoşdur!

“Hər vaxt” dua etmək

17, 18. a) Şeytana qarşı durmaqda dua necə kömək edir? b) Duanın nə dərəcədə dəyərli olduğunu göstərən bir nümunə çəkin.

17 Ruhani zirehlərin bütün hissələrini sadaladıqdan sonra, Pavel vacib bir məsləhət verir. Şeytana qarşı durmaq üçün, məsihçilər Allaha “hər cür dua və niyazla” müraciət etmək imkanından istifadə etməlidirlər. Bunu nə vaxt edə bilərik? Pavel yazırdı: “Hər vaxt Ruhun idarəsi ilə dua edin” (Efeslilərə 6:18). İmtahan və sınaqlarla, o cümlədən çətin vəziyyətlərlə qarşılaşan zaman duanın bizə böyük köməyi dəyir (Matta 26:41). İsa, “Onu ölümdən xilas etməyə qadir olan Allaha güclü fəryadla və göz yaşları ilə dualar və xahişlər etmiş və Allah qorxusu sayəsində eşidilmişdi” (İbranilərə 5:7).

18 On beş ildən çox xəstə ərinə qulluq edən Milaqros deyir: “Qəlbimdə mə’yusluq hiss edəndə duada Yehovaya müraciət edirəm. Heç kim mənə Onun kimi kömək edə bilməz. Doğrudur, hərdən elə gəlir ki, dözməyə artıq qüvvəm çatmır. Lakin dua hər vaxt möhkəmlənməyimə və ruh yüksəkliyi duymağıma kömək edir”.

19, 20. Şeytanla mübarizədə qələbə çalmağımız üçün bizə nə lazımdır?

19 İblis bilir ki, onun vaxtına az qalıb, buna görə də bizi məğlub etmək üçün daha çox sə’y göstərir (Vəhy 12:12, 17). Biz bu güclü düşmənə qarşı müqavimət göstərməli və “iman uğrunda... mübarizə” aparmalıyıq (1 Timoteyə 6:12). Bunun üçün adi qüvvədən üstün olan qüvvə tələb olunur (2 Korinflilərə 4:7). Bizim həmçinin müqəddəs ruhun köməyinə də ehtiyacımız var, buna görə də, duada onu Allahdan diləməliyik. İsa demişdir: “Madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!” (Luka 11:13).

20 Tamamilə aydındır ki, Yehovanın bizə verdiyi bütün zirehləri geyinmək vacibdir. Bu ruhani zirehləri geyinmək, iman və salehliyi möhkəmləndirmək deməkdir. Həmçinin həqiqətə dərin məhəbbət bəsləməli, insanlara həmişə xoş xəbəri çatdırmağa hazır olmalı və ümidimizi yaddaşımızda möhkəm saxlamalıyıq. Biz ruhun qılıncını bacarıqla istifadə etməyi də öyrənməliyik. Allahın bütün zirehlərini geyinərək, biz pis ruhi qüvvələrlə mübarizədə qələbə çala və bununla da Yehovanın adını izzətləndirə biləcəyik (Romalılara 8:37-39).

[Haşiyə]

a İşayanın peyğəmbərliyində deyilir ki, Yehova Özü “ədaləti [salehliyi] zireh kimi” geyinir. Beləliklə, O tələb edir ki, yığıncağın ağsaqqalları da ədaləti bərqərar edib, doğru davransınlar (İşaya 59:14, 15, 17).

Siz necə cavab verərdiniz?

• Ruhani zirehləri geyinməkdə ən yaxşı nümunəni kim verir və biz onun nümunəsini nəyə görə diqqətlə nəzərdən keçirməliyik?

• Ağlımızı və məcazi ürəyimizi necə qoruya bilərik?

• Ruhun qılıncından bacarıqla istifadə etməyi necə öyrənə bilərik?

• Nə üçün “hər vaxt” dua etmək lazımdır?

[15-ci səhifədəki şəkillər]

Müqəddəs Kitabı sə’ylə öyrənmək bizi təşviq edir ki, xoş xəbəri təbliğ etmək üçün hər imkandan istifadə edək.

[16-cı səhifədəki şəkillər]

Möhkəm ümid sınaqlara tab gətirməyimizə kömək edir.

[17-ci səhifədəki şəkillər]

Xidmətdə ‘ruhun qılıncından’ istifadə edirsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş