«Ruhun bəhrəsi» Allahı izzətləndirir
«Siz çoxlu bar verəndə... Atam şöhrətlənir» (YƏH. 15:8).
1, 2. a) Başqalarını ruhlandırmaq üçün bizim hansı imkanlarımız var? b) Yehovadan aldığımız hansı ənam Ona daha məharətlə xidmət etməyə kömək edir?
BELƏ bir vəziyyəti təsəvvür edək: bir bacı gənc həmimanlısının yaman fikirli olduğunu görür. Bacı ona yaxınlaşıb xidmətə yazılır. Bir qapıdan o biri qapıya keçərkən cavan bacı ürəyindəki narahatçılıqları onunla bölüşür. Həmin gün gənc bacı dua edərkən yetkin bacının göstərdiyi səmimi diqqətə görə Yehovaya minnətdarlığını bildirir; onun məhz buna ehtiyacı vardı. Keçək digər nümunəyə: bir cütlük başqa ölkədə təbliğ xidmətindən təzəcə qayıdıb. Dostluq görüşündə onlar xidmətdə baş verən hadisələrdən ağızdolusu danışırlar, gənc qardaş isə nəfəs dərmədən onlara diqqətlə qulaq asır. Bundan bir neçə il sonra, missioner kimi xarici ölkəyə getməyə hazırlaşarkən gənc qardaşın yadına həmin ər-arvad və ürəyində missioner olmaq həvəsini oyadan o söhbət düşür.
2 Ola bilsin, bu hadisələri oxuyarkən yadına sənə böyük təsir göstərən, yaxud da həyatını dəyişən bir insan düşdü. Əlbəttə, çətin ki, bir söhbət kiminsə həyatını köklü şəkildə dəyişsin. Ancaq başqalarını ruhlandırmaq və möhkəmləndirmək üçün bizim hər gün çoxlu imkanlarımız yaranır. Bacarığını və xüsusiyyətlərini yaxşılaşdırmağa kömək edəcək bir şeyin olmasını istəyərdinmi? Bunun sayəsində sən bacı-qardaşların və Allah üçün daha yararlı ola bilərdin. Əslində, Yehova bizə belə bir şey bəxş edib. Söhbət müqəddəs ruhdan gedir (Luka 11:13). Müqəddəs ruh həyatımızda fəaliyyət göstərəndə daxilimizdə gözəl xüsusiyyətlər yetişdirir, bu da xidmətimizin hər bir sahəsinin yaxşılaşmasına səbəb olur. Həqiqətən də, bu ənamın tayı-bərabəri yoxdur! (Qalatiyalılara 5:22, 23 ayələrini oxu.)
3. a) Müqəddəs ruhun bəhrəsini inkişaf etdirməyimiz Allahı necə izzətləndirir? b) Biz hansı sualları nəzərdən keçirəcəyik?
3 Müqəddəs ruhun bizdə yetişdirdiyi xüsusiyyətlər onun Mənbəyi olan Yehova Allahın şəxsiyyətini əks etdirir (Kolos. 3:9, 10). Məsihçilərin nəyə görə Allahı təqlid etməli olduqlarının əsas səbəbini İsanın həvarilərinə dediyi sözlərdən görmək olar: «Siz çoxlu bar verəndə... Atam şöhrətlənir»a (Yəh. 15:8). Biz «ruhun bəhrəsi»ni inkişaf etdirəndə bu, bizim hərəkətlərimizdə və danışıq tərzimizdə özünü aydın büruzə verir. Bu da, öz növbəsində, Allaha izzət gətirir (Mat. 5:16). Ruhun bəhrəsi ilə Şeytanın dünyasına xas olan xüsusiyyətlər arasında hansı fərq var? Biz ruhun bəhrəsini necə inkişaf etdirə bilərik? Nəyə görə bunu etmək bəzən çətin olur? Ruhun bəhrəsinə daxil olan ilk üç xüsusiyyəti — məhəbbət, sevinc və sülhü araşdırarkən bu suallara cavab tapacağıq.
Yüksək prinsiplərə əsaslanan məhəbbət
4. İsa öz davamçılarına hansı məhəbbəti təzahür etdirməyi öyrədirdi?
4 Müqəddəs ruhun yetişdirdiyi məhəbbət dünyadakı məhəbbətdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərq nədədir? Onun bünövrəsini yüksək prinsiplər təşkil edir. İsa bu fərqi Dağüstü təbliğində aydın göstərmişdi. (Matta 5:43—48 ayələrini oxu.) O qeyd etmişdi ki, hətta günahkarlar belə başqalarının onlarla davrandığı kimi davranırlar. Bu cür «məhəbbətin» əsil fədakarlıqla heç bir əlaqəsi yoxdur; o sadəcə əvəz-əvəz prinsipinə əsaslanır. Əgər ‘göydəki Atamızın oğulları olmaq’ istəyiriksə, onda digər insanlardan fərqlənməliyik. Başqaları ilə onların bizimlə rəftar etdiyi kimi davranmaq əvəzinə, biz onlara Yehovanın gözü ilə baxmalı və onlarla Onun kimi davranmalıyıq. İsanın nəsihətinə əsasən, düşmənlərimizi necə sevə bilərik?
5. Bizi təqib edənlərə öz məhəbbətimizi necə göstərə bilərik?
5 Bir Müqəddəs Kitab nümunəsinə nəzər salaq. Pavel və Sila Filipi şəhərində təbliğ edərkən həbs edildilər. Sonra onları amansızcasına döyüb, həbsxananın daxili bölməsinə atdılar və ayaqlarına kündə vurdular. Çox ehtimal ki, zindanban onlarla pis rəftar edirdi. Pavel və Sila zəlzələ nəticəsində gözlənilmədən azad ediləndə həmin adamdan qisas almaq fürsətindən istifadə etdilərmi? Qətiyyən. Fədakar məhəbbət onları zindanbanın rifahını düşünməyə və vaxt itirmədən ona, eləcə də bütün ailəsinə imana gəlməyə kömək etməyə təşviq etdi (Həv. iş. 16:19—34). Bir çox müasir bacı-qardaşlarımız da onları ‘təqib edənlər üçün yaxşılıq diləyirlər’ (Rom. 12:14).
6. Qardaşlarımızı fədakarcasına sevdiyimizi necə göstərə bilərik? (21-ci səhifədəki çərçivəyə bax.)
6 Həmimanlılarımıza bəslədiyimiz məhəbbət isə daha böyükdür. Biz «qardaşlarımız uğrunda canımızı fəda etməyə borcluyuq». (1 Yəhya 3:16—18 ayələrini oxu.) Amma əksər hallarda məhəbbətimizi xırda şeylərdə göstərmək lazım gəlir. Məsələn, söz və ya hərəkətimizlə qardaşımızın xətrinə dəymişiksə, onunla barışmaq üçün ilk addımı atmaqla məhəbbətimizi göstərəcəyik (Mat. 5:23, 24). Bəs əgər bizim xətrimizə dəyiblərsə, onda necə? Bu zaman biz onları ‘bağışlayır’, yoxsa bəzən ürəyimizdə kin saxlayırıq? (Məz. 86:5). Müqəddəs ruhun ürəyimizdə yetişdirdiyi dərin məhəbbət bizə xırda səhvlərə əhəmiyyət verməməyə və Yehovanın bizi «ürəkdən bağışladığı kimi», başqalarını səmimi-qəlbdən bağışlamağa kömək edəcək (Kolos. 3:13, 14; 1 Pet. 4:8).
7, 8. a) Allaha olan məhəbbət insanlara olan məhəbbətimizə necə təsir edir? b) Yehovaya olan məhəbbətimizi necə möhkəmləndirə bilərik? (Aşağıdakı şəklə bax.)
7 Həmimanlılarımıza qarşı fədakar məhəbbəti necə inkişaf etdirə bilərik? Yehovaya olan məhəbbətimizi artırmaqla (Efes. 5:1, 2; 1 Yəh. 4:9—11, 20, 21). Müqəddəs Kitabı oxumaq, üzərində düşünmək və dua etmək üçün ayırdığımız vaxt ürəyimizdə səmavi Atamız Yehovaya qarşı duyduğumuz məhəbbəti möhkəmləndirəcək. Allaha yaxınlaşmaq üçün biz bu vaxtı satın almalıyıq.
8 Tutalım, bizə yalnız günün müəyyən saatında Allahın Kəlamını oxumaq, üzərində düşünmək və dua etmək imkanı verilib. Yehova ilə şəxsi münasibətlər üçün nəzərdə tutulan bu vaxtı kiminsə və ya nəyinsə almasına yol verərdin? Yoxsa onu müdafiə etmək üçün əlindən gələni edərdin? Əlbəttə, Yehovaya dua etmək imkanını heç kəs əlimizdən ala bilməz və əksər bacı-qardaşların Müqəddəs Kitabı istədikləri vaxt oxumaq imkanı var. Bununla belə, diqqətli olmalıyıq ki, gündəlik işlər başımızı qatmasın, əks təqdirdə, Allahla münasibətlərimizi möhkəmləndirməyə vaxt qalmayacaq. Bəs sən Yehovaya yaxınlaşmaq üçün hər gün vaxtı satın alırsanmı?
‘Müqəddəs ruhun hasil etdiyi sevinc’
9. Müqəddəs ruhun hasil etdiyi sevincin səciyyəvi xüsusiyyətlərindən biri hansıdır?
9 Ruhun bəhrəsinin səciyyəvi xüsusiyyətlərindən biri onun sabit olmasıdır. Buna bir nümunə kimi sevinci gətirmək olar. Sevinc əlverişsiz şəraitdə belə böyüyüb çiçək açan şaxtayadavamlı bitkiyə bənzəyir. Dünyanın hər yerində Allahın əksər xidmətçiləri ‘bir çox əziyyətə qatlaşaraq Allahın sözünü müqəddəs ruhun hasil etdiyi sevinclə qəbul ediblər’ (1 Salon. 1:6). Digərləri isə həyatlarında müxtəlif çətinliklərlə üzləşirlər. Ancaq Yehova «axıra qədər dözmək və sevinclə səbir etmək» üçün onlara müqəddəs ruhu ilə güc verir (Kolos. 1:11). Bəs bu sevincin mənbəyi nədir?
10. Sevincimizin mənbəyi nədir?
10 Şeytan dünyasının ‘gəldi-gedər var-dövlətindən’ fərqli olaraq, Yehovadan aldığımız ruhani xəzinə heç vaxt dəyərini itirmir (1 Tim. 6:17; Mat. 6:19, 20). Allah bizə əbədi gələcəyə dair sevindirici bir ümid verir. Həmçinin bizə ümumdünya məsihçi qardaşlığının üzvü olmaq sevinci də nəsib olub. Sevincimizin əsas mənbəyi isə Allahla olan münasibətimizdir. Biz bir müddət sərgərdan kimi yaşamaq məcburiyyətində olan Davudun Yehovanı nəğmədə tərənnüm edərək dediyi sözlərinə şərikik: «Mənim dilim Səni tərənnüm edir, məhəbbətin bu həyatdan gözəldir. Bütün ömrüm boyu Sənə alqış edəcəyəm» (Məz. 63:3, 4). Üzləşdiyimiz çətinliklərdən asılı olmayaraq, Allahı sevinclə tərənnüm etmək istəyi ürəyimizdən heç vaxt yox olmur.
11. Nəyə görə Yehovaya sevinclə xidmət etməyimiz vacibdir?
11 Həvari Pavel məsihçiləri təşviq edirdi: «Rəbbin yolunda həmişə sevinin. Bəli, sevinin!» (Filip. 4:4). Nəyə görə məsihçilərin Yehovaya sevinclə xidmət etmələri vacibdir? Çünki ortada Şeytanın Yehovanın ali hökmranlığı ilə əlaqədar qaldırdığı mübahisəli məsələ var. Şeytan iddia edir ki, heç bir insan Allaha ürəkdən xidmət etmir (Əyy. 1:9—11). Əgər biz sevinclə yox, yalnız borc hissindən irəli gələrək Ona xidmət etsəydik, həmd qurbanımız qüsurlu olardı. Buna görə də məzmurçunun dediyi sözlərə diqqət yetirməliyik: «Sevinclə Rəbbə qulluq edin, mədh oxuyaraq Onun hüzuruna gəlin!» (Məz. 100:2). Yehovaya ürəkdən və sevinclə xidmət etməyimiz Ona izzət gətirir.
12, 13. Mənfi fikirlərin öhdəsindən gəlməkdə bizə nə kömək edə bilər?
12 Amma etiraf etmək lazımdır ki, Yehovanın hətta sadiq xidmətçiləri belə bəzən ruhdan düşürlər və müsbət əhval-ruhiyyəni qorumaq üçün gərgin mübarizə aparırlar (Filip. 2:25—30). Belə vaxtlarda onlara nə kömək edə bilər? Efeslilərə 5:18, 19 ayələrində deyilir: «Müqəddəs ruhla dolun, bir-birinizə məzmur, Allaha isə mədhiyyə söyləyin, ruhani mahnılar ifa edin, musiqi müşayiəti ilə ürəyinizdə Yehovaya nəğmə oxuyun». Bu məsləhəti necə tətbiq etmək olar?
13 Mənfi fikirlər bizə rahatlıq verməyəndə Yehovaya səylə dua etməli və fikrimizi yaxşı şeylərə cəmləməyə çalışmalıyıq. (Filipililərə 4:6—9 ayələrini oxu.) Bəziləri fikir vermişlər ki, Padşahlıq nəğmələrinin sədaları altında bu mahnıların sözlərini zümzümə etmək ovqatı yaxşılaşdırır və fikirləri müsbət şeylərə yönəltməyə kömək edir. Ağır sınaqla üzləşən bir qardaş çox vaxt ruh düşkünlüyünə qapılırdı. O xatırlayır: «Mütəmadi olaraq Yehovaya dua etməklə yanaşı, bir neçə Padşahlıq nəğməsini əzbərləmişdim. Yehovanı tərənnüm edən bu gözəl nəğmələri ürəyimdə və ya ucadan oxuyanda daxilimdə qəlb rahatlığı hiss edirdim. Təxminən həmin ərəfədə “Yehovaya yaxınlaş” kitabı işıq üzü görmüşdü. Bir il ərzində onu iki dəfə oxudum. Bu, mənim ürəyim üçün sakitləşdirici bir məlhəm idi. Yehova səylərimə xeyir-dua verdi».
«Sülhün birləşdirici telləri»
14. Müqəddəs ruhun yaratdığı sülhün səciyyəvi cəhəti hansıdır?
14 Beynəlxalq konqreslərdə bir araya gələn müxtəlif bacı-qardaşlar sülh içində bir-birilə ünsiyyət etməkdən zövq alırlar. Bu kimi mənzərələr Allahın xalqı arasında hökm sürən ümumdünya birlikdən xəbər verir. Bizi kənardan müşahidə edənlər bir-birinə düşmən kəsilən xalqlardan olan insanların ‘sülhün birləşdirici telləri içində ruhun birliyini qorumağa ürəkdən çalışdıqlarını’ görəndə çox vaxt məəttəl qalırlar (Efes. 4:3). Çoxlarının hansı maneələri aşmalı olduqlarını nəzərə alsaq, bu cür birlik, həqiqətən də, heyrətamizdir.
15, 16. a) Peterə uşaqlıqdan nə aşılanmışdı və bu, sonradan hansı çətinliklərə səbəb oldu? b) Yehova Peterə insanlara olan münasibətini dəyişməyə necə kömək etdi?
15 Müxtəlif mənşəli insanları birləşdirmək elə də asan deyil. Belə birliyə nail olmaq üçün hansı maneələri aşmaq lazımdır? Bunu başa düşmək üçün birinci əsrdə yaşamış həvari Peterin nümunəsinə nəzər salmalıyıq. Onun qeyri-yəhudilərə münasibətini növbəti sözlərindən görürük: «Siz yaxşı bilirsiniz ki, yəhudinin başqa millətdən olan adamla ünsiyyət qurmasına və ya onun yanına getməsinə Qanun yol vermir. Lakin Allah mənə göstərdi ki, mən heç kəsi murdar və ya natəmiz saymamalıyam» (Həv. iş. 10:24—29; 11:1—3). O dövrdə geniş yayılmış fikrə görə, görünür, Peterə uşaqlıqdan aşılamışdılar ki, Qanuna əsasən yəhudilər yalnız öz soydaşlarını sevməlidirlər. Buna görə də qeyri-yəhudilərə düşmən gözü ilə baxmaq və onlara nifrət etmək onun üçün normal idib.
16 Peter Kornilinin evinə ayaq basanda keçirdiyi qarışıq hissləri təsəvvür et! Vaxtilə qeyri-yəhudilər barədə qərəzli fikirdə olan bir adam «sülhün birləşdirici telləri içində» onlarla «həmahəng surətdə» nə vaxtsa birləşə bilərdimi? (Efes. 4:3, 16). Bəli! Elə bundan bir neçə gün əvvəl Allahın ruhu Peterin ürəyini açaraq münasibətini dəyişməyə və qərəzli fikrin öhdəsindən gəlməyə ona kömək etmişdi. Peterə verdiyi görüntüdə Yehova aydın şəkildə göstərmişdi ki, Onun insanlara olan münasibəti hansı irqə və millətə mənsub olduqlarından asılı deyil (Həv. iş. 10:10—15). Buna görə də Peter Korniliyə dedi: «Doğrudan da, görürəm ki, Allahımız ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır» (Həv. iş. 10:34, 35). Peter insanlara olan münasibətini dəyişib ‘bütün qardaşlıqla’ həmahəng şəkildə birləşdi (1 Pet. 2:17).
17. Allahın xalqı arasında hökm sürən birlik nəyə görə bu qədər heyrətamizdir?
17 Peterin nümunəsi Allahın xalqı arasında baş verən möhtəşəm dəyişiklikləri qiymətləndirməyə kömək edir. (Yeşaya 2:3, 4 ayələrini oxu.) «Hər millətdən, hər qəbilədən, hər xalqdan» olan milyonlarla insanlar «Allahın... faydalı, xoş və kamil» iradəsinə müvafiq olmaq üçün düşüncə tərzlərində dəyişikliklər ediblər (Vəhy 7:9; Rom. 12:2). Şeytan dünyasına xas olan nifrət, düşmənçilik və nifaq bir vaxt çoxlarının gözlərini kor etmişdi. Ancaq Allahın Kəlamını öyrənmələri sayəsində və müqəddəs ruhun köməyilə belə insanlar ‘sülhə aparan şeylərə can atmağı’ öyrəndilər (Rom. 14:19). Bunun səmərəsi olan birlik Allaha izzət gətirir.
18, 19. a) Yığıncağımızda hökm sürən sülh və birliyə şəxsən biz öz töhfəmizi necə verə bilərik? b) Növbəti məqalədə söhbət nədən gedəcək?
18 Allahın xalqı arasında olan birliyə və sülhə şəxsən biz öz töhfəmizi necə verə bilərik? Bir çox yığıncaqlarda əcnəbi bacı-qardaşlar var. Ola bilsin, onların adət-ənənələri bizim adət-ənənələrimizdən fərqlənir, yaxud da onlar bizim dildə güc-bəla ilə danışırlar. Bəs biz onlarla yaxından tanış olmağa can atırıqmı? Allahın Kəlamı bizə məhz bunu tövsiyə edir. Həm yəhudilərdən, həm də digər millətlərin nümayəndələrindən ibarət olan Roma yığıncağına ünvanladığı məktubunda Pavel demişdi: «Məsih bizi qəbul etdiyi kimi, siz də bir-birinizə mehribanlıq göstərin ki, nəticədə Allah şöhrətlənsin» (Rom. 15:7). Bəs sənin yığıncağında hələ yaxşı tanımadığın insan varmı?
19 Müqəddəs ruh həyatımızda fəaliyyət göstərsin deyə daha nə etməliyik? Bu sual növbəti məqalədə araşdırılacaq. Orada biz həmçinin ruhun bəhrəsinə daxil olan digər xüsusiyyətləri də müzakirə edəcəyik.
[Haşiyələr]
a İsanın haqqında danışdığı bar özünə həm «ruhun bəhrəsi»ni, həm də Padşahlıq haqda təbliğ edərkən Allaha təqdim etdiyimiz «dilimizin bəhrəsini» daxil edir (İbr. 13:15).
b Levililər 19:18 ayəsində deyilir: «Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev». Yəhudi din rəhbərləri öyrədirdilər ki, «öz xalqından» olan kəs və ‘qonşu’ deyildikdə yalnız yəhudilər nəzərdə tutulur. Qanun israillilərdən digər xalqlardan uzaq durmağı tələb edirdi. Lakin birinci əsrdəki yəhudi din rəhbərlərindən fərqli olaraq, Qanun bütün qeyri-yəhudilərə düşmən gözü ilə baxmağı və onların hər birinin nifrətə layiq olduğunu öyrətmirdi.
Necə cavab verərdiniz?
• Qardaşlarımıza olan fədakar məhəbbəti əməldə necə göstərə bilərik?
• Allaha sevinclə xidmət etmək nəyə görə vacibdir?
• Yığıncağımızda hökm sürən sülh və birliyə öz töhfəmizi necə verə bilərik?
[21-ci səhifədəki çərçivə]
«Onlar əsil məsihçidirlər»
Yehovanın Şahidlərinin faşist Almaniyasında qarşılaşdıqları təqiblərdən bəhs edən bir kitabda gənc yəhudi məhbusun sözləri gətirilir. Noyenqamme həbs düşərgəsinə düşən bu gənc Yehovanın Şahidləri ilə ilk görüşü barədə öz təəssüratlarını bölüşür («Between Resistance and Martyrdom— Jehovah’s Witnesses in the Third Reich»).
O deyir: «Daxaudan gələn biz yəhudilər bu düşərgəyə daxil olanda oradakı başqa yəhudilər hər şeylərini tez gizlətməyə başladılar ki, bizimlə bölüşməsinlər... Azadlıqda olanda biz bir-birimizə əl tuturduq. Amma burada, yaşamaq üçün mübarizənin getdiyi bir şəraitdə hər kəs başqalarını unudub yalnız özünün sağ qalmasını fikirləşirdi. Müqəddəs Kitab Tədqiqatçıları isə bu zaman tamamilə başqa cür davrandılar. Həmin vaxt onlar su kəmərini təmir edirdilər. Bu, olduqca ağır iş idi. Üstəlik, hava çox soyuq idi və onlar bütün günü buz kimi suyun içində işləməli olurdular. Onların buna necə tab gətirdiyini heç kəs anlaya bilmirdi. Tədqiqatçılar deyirdilər ki, Yehova onlara güc verir. Bizim kimi, onlar da ac və çörəyə möhtac idilər. Buna baxmayaraq, onlar Daxaudan həmimanlılarının gəldiyini biləndə kimdə nə çörək var idisə bir yerə yığıb yarısını özlərinə götürdülər, qalan hissəsini isə onlara verdilər. Onlar həmimanlılarını qarşıladılar və bağırlarına basıb öpdülər. Yemək yeməzdən əvvəl birlikdə dua etdilər. Bundan sonra hamısı məmnun və xoşbəxt görünürdü. Onlar dedilər ki, artıq ac deyillər. Elə həmin an mən: “Onlar əsil məsihçidirlər”, — deyə ürəyimdə fikirləşdim».
[19-cu səhifədəki şəkillər]
Gün ərzində işimiz çox olsa da, Yehovaya yaxınlaşmaq üçün vaxtı satın almağa çalışırıqmı?