-
Allah haqqındakı biliyə qarşı çıxan hər cür fikri aradan qaldırın!Gözətçi qülləsi—Təlim nəşri—2019 | iyun
-
-
«DAİMA DÜŞÜNCƏ TƏRZİNİZİ YENİLƏŞDİRMƏLİSİNİZ»
7. Daxili kimliyimizi necə dəyişə bilərik?
7 Daxili kimliyimizi, başqa sözlə, düşüncə tərzimizi dəyişmək mümkündür? Allahın Kəlamı bunun mümkün olduğunu vurğulayır. Orada yazılıb: «Daima düşüncə tərzinizi yeniləşdirməlisiniz, Allahın iradəsinə əsasən və həqiqi salehliklə sədaqətə uyğun yaradılmış yeni şəxsiyyətə bürünməlisiniz» (Efes. 4:23, 24). Bəli, daxili varlığımızı dəyişmək mümkündür, lakin bu, asan deyil. Yanlış arzuları boğmaq, pis əməllərə son qoymaq kifayət deyil. Bunun üçün düşüncə tərzini dəyişmək lazımdır. Bura arzu və istəklərimizi, meyillərimizi və motivlərimizi dəyişmək daxildir. Bunun üçün isə daima üzərimizdə işləməliyik.
8, 9. Bir qardaşın hadisəsi daxilən dəyişməyin vacibliyini necə göstərir?
8 Gəlin keçmişdə davakar insan olmuş bir qardaşın nümunəsinə nəzər salaq. O, sərxoşluğa və dava-dalaşa son qoyandan sonra vəftiz olunur. Bu, onun yaşadığı ərazidəki insanlar üçün gözəl şahidlik idi. Amma vəftizindən qısa müddət sonra o, gözləmədiyi sınaqla üzləşir. Bir axşam sərxoş bir kişi onun evinə gəlir və onu davaya təhrik edir. Əvvəl-əvvəl qardaşımız özünü cilovlaya bilir. Lakin kişi Yehovanın adına küfr edəndə qardaş dözə bilmir, çölə çıxıb kişini döyür. Qardaş nə üçün belə bir hərəkət edir? Müqəddəs Kitabı öyrənməsi davakarlığa meylini cilovlamağa kömək etsə də, qardaş düşüncə tərzini, daxilindəki insanı hələ dəyişməmişdi.
9 Lakin o təslim olmur (Məs. 24:16). Ağsaqqalların köməyilə öz üzərində işləməyə davam edir. Bir vaxtdan sonra isə ağsaqqal təyinatı alır. Günlərin bir günü bu qardaş ibadət evinin çölündə illər öncə üzləşdiyi vəziyyətlə üzləşir. O, bir sərxoş kişinin başqa bir ağsaqqalı vurmaq istədiyini görür. Qardaş nə edir? O, sərxoş kişi ilə sakit, mülayim tərzdə söhbət edir, onu sakitləşdirir və hətta evinə ötürür. Qardaş nəyin sayəsində belə həlim davrana bilmişdi? O, düşüncə tərzini dəyişmişdi. Daxilən sülhpərvər, həlim bir insan olmuşdu və davranışı ilə Yehovanın adını ucaltmışdı!
10. Daxilən dəyişmək üçün nə etmək lazımdır?
10 Qardaşın bu cür dəyişməsi nə bir gecənin içində, nə də öz-özünə baş verdi. Dəyişmək üçün uzun illər ərzində var gücümüzlə çalışmaq lazım gələ bilər (2 But. 1:5). Amma bu dəyişiklik sadəcə Yehovaya uzun müddət xidmət etdiyimizə görə baş vermir. Biz daxilimizdəki insanı dəyişmək üçün əlimizdən gələni etməliyik. Bir neçə vacib addım bu sahədə köməyimizə çatacaq. Gəlin onlardan bəzilərini araşdıraq.
DÜŞÜNCƏ TƏRZİNİ DƏYİŞMƏYİN YOLU
11. Dua düşüncə tərzimizi dəyişməyə necə kömək edir?
11 Dua etmək atmalı olduğumuz ilk vacib addımdır. Məzmurçu kimi dua etməliyik: «Məndə təmiz ürək yarat, içimə təzə, mətin bir ruh qoy» (Zəb. 51:10). Biz düşüncə tərzimizi dəyişməli olduğumuzu qəbul etməli və Yehovadan kömək istəməliyik. Bəs necə əmin ola bilərik ki, O, dəyişməyimizə kömək edəcək? Yehovanın Hizqiyalın dövründə yaşamış inadkar israillilərlə bağlı verdiyi vəd bizi ruhlandıra bilər. «Mən sizə vahid ürək verəcəyəm, daxilinizə yeni ruh üfürəcəyəm,.. ətdən ürək verəcəyəm [yəni Allahın buyruqlarına boyun əyən ürək]» (Hizq. 11:19, haş.). Yehova dəyişmələri üçün israillilərə kömək etməyə hazır idi, O, bizə də kömək etmək istəyir.
12, 13. a) Zəbur 119:59 ayəsinə əsasən, nəyin üzərində dərindən düşünməliyik? b) Özümüzə hansı sualları verməliyik?
12 Düşünmək ikinci vacib addımdır. Hər gün Allahın Kəlamını oxuyarkən hansı fikir və hissləri dəyişməli olduğumuz barədə dərindən düşünməyə vaxt ayırmalıyıq. (Zəbur 119:59 ayəsini oxuyun; İbr. 4:12; Yaq. 1:25.) İnsan fəlsəfəsindən qaynaqlanan fikir və hisslərimizi aşkara çıxarmalıyıq. Zəifliklərimizi dürüstcəsinə boynumuza almalı və onlardan azad olmaq üçün var gücümüzlə çalışmalıyıq!
13 Məsələn, düşünün: «Ürəyimdə az da olsa qısqanclıq və paxıllıq hissi yoxdur ki?» (1 But. 2:1). «Mənşəyimə, təhsilimə, yaxud maddi durumuma görə özümü başqalarından üstün saymıram ki?» (Məs. 16:5). «Sahib olduğum şeylərə sahib olmayanlara və ya başqa irqdən olanlara yuxarıdan aşağı baxıram?» (Yaq. 2:2—4). «Şeytan dünyasının təklif etdiyi şeylər məni cəlb edir?» (1 Yəh. 2:15—17). «Əxlaqsız və zorakı əyləncə növlərinə meyilim var?» (Zəb. 97:10; 101:3; Ams. 5:15). Bu suallar vasitəsilə üzərində işləməli olduğumuz sahələri üzə çıxara bilərik. Güclü istehkama bənzər bu cür fikirləri aşmaqla səmavi Atamızı sevindirəcəyik (Zəb. 19:14).
14. Nə üçün yaxşı dostlar seçmək vacibdir?
14 Yaxşı dostlar seçmək üçüncü vacib addımdır. Fərqində olsaq da, olmasaq da, oturub-durduğumuz insanlar bizə güclü təsir göstərir (Məs. 13:20). Çətin ki, işdə və məktəbdə bizi Allahı razı salan tərzdə düşünməyə təşviq edən dostlar tapaq. Lakin yığıncaqda biz ən yaxşı dostlara sahib ola bilərik. Çünki burada «məhəbbətə və yaxşı işlərə» təşviq olunuruq (İbr. 10:24, 25).
-