Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/6 s. 16—20
  • Qonşunuza həqiqəti söyləyin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qonşunuza həqiqəti söyləyin
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Qonşumuz kimdir?
  • Ailə üzvlərinizə həqiqəti söyləyin
  • Yığıncaq işləri ilə bağlı həqiqəti söyləyin
  • İşgüzar məsələlərdə həqiqəti söyləyin
  • Üzərinizdə olan hakimlərə həqiqəti söyləyin
  • Dürüstlüyün gətirdiyi xeyir-dualar
  • Həqiqət Allahını təqlid edin
    Gözətçi qülləsi 2003
  • Yehova həqiqət Allahıdır
    Gözətçi qülləsi 2003
  • Həqiqət dəbdən düşüb?
    Əlavə mövzular
  • Həqiqəti söyləyək
    Gözətçi qülləsi 2018
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/6 s. 16—20

Qonşunuza həqiqəti söyləyin

«Yalanı kənara atın, hər biriniz öz qonşusuna həqiqəti söyləsin» (EFES. 4:25).

1, 2. Bir çox insanlar həqiqətə necə yanaşırlar?

HƏQİQƏT əsrlər boyunca mübahisəli məsələ olmuşdur. B. e. ə. VI əsrdə yaşamış yunan şairi Alkey demişdi: «Şərab həqiqəti üzə çıxarar». Bu o deməkdir ki, insan yalnız həddən artıq çox içəndən sonra həqiqət ortaya çıxır, çünki belə halda insan danışmağa daha meylli olur. Birinci əsrdə Roma valisi Ponti Pilat İsadan: «Həqiqət nədir?» — deyə şəkk-şübhə ilə soruşanda onun da həqiqətə dair yanlış təsəvvürlərə malik olduğu bəlli oldu (Yəh. 18:38).

2 Həqiqətə dair ziddiyyətli fikirlər bizim günlərdə də mövcuddur. Bir çox insanlar deyir ki, «həqiqət» sözünün müxtəlif çalarları var və hər bir insanın həqiqət haqqında öz anlayışı var. Başqaları isə yalnız özlərinə əlverişli olanda və problemdən asan çıxış yolu kimi görünəndə həqiqəti söyləyirlər. Bir kitabda deyilir: «Dürüstlük nəcib keyfiyyət ola bilər, ancaq yaşamaq və təhlükəsizlik uğrunda gedən şiddətli mübarizədə az əhəmiyyətlidir. Yaşamaq üçün insanın yalana əl atmaqdan başqa çarəsi yoxdur» («The Importance of Lying»).

3. Nəyə görə İsa həqiqəti söyləməkdə ən gözəl nümunədir?

3 Məsihin şagirdlərinin nöqteyi-nəzəri necə də fərqlidir! İsa həqiqətə fəlsəfi nöqteyi-nəzərlə baxmırdı. O, həmişə həqiqəti söyləyirdi. Bunu hətta onun düşmənləri belə etiraf edirdi. Onlar deyirdilər: «Müəllim! Bilirik ki, Sən həqiqətpərəstsən və Allahın yolunu doğruluqla öyrədirsən» (Mat. 22:16). Bu gün həqiqi məsihçilər də İsanı təqlid edirlər. Onlar həqiqəti söyləməyə çəkinmirlər. «Yalanı kənara atın, hər biriniz öz qonşusuna həqiqəti söyləsin»,— deyə həmimanlılarına nəsihət edən Pavelin sözlərinə tam şərikdirlər (Efes. 4:25). Gəlin Pavelin dediklərini nəzərdən keçirək. Birincisi, qonşumuz kimdir? İkincisi, həqiqəti söyləmək nə deməkdir? Üçüncüsü, bu nəsihəti gündəlik həyatımızda necə tətbiq edə bilərik?

Qonşumuz kimdir?

4. Birinci əsrdəki yəhudi rəhbərlərindən fərqli olaraq, İsa qonşumuzun kim olduğuna dair Yehovanın nöqteyi-nəzərini necə əks etdirirdi?

4 Eramızın birinci əsrində bəzi yəhudi rəhbərləri öyrədirdilər ki, «qonşu» adlandırılmağa yalnız həmvətənləri olan yəhudilər və ya onların yaxın dostları layiqdir. Lakin İsa mükəmməl surətdə Atasını təqlid edir və Onun nöqteyi-nəzərini əks etdirirdi (Yəh. 14:9). O, öz nümunəsi ilə şagirdlərinə Allahın bir irqi və yaxud milləti digərlərindən üstün tutmadığını göstərdi (Yəh. 4:5-26). Üstəlik, Yehova müqəddəs ruhu vasitəsilə həvari Peterə açıqladı ki, O, «insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur» (Həv. iş. 10:28, 34, 35). Buna görə də biz bütün insanlara qonşumuz, yəni yaxınlarımız kimi yanaşmalı, hətta bizə düşmən kəsilən insanları belə sevməliyik (Mat. 5:43-45).

5. Qonşumuza həqiqəti söyləmək nə deməkdir?

5 Bəs Pavel ‘qonşumuza həqiqəti söyləməliyik’ deyəndə nəyi nəzərdə tuturdu? Həqiqəti söyləmək məlumatı faktlara uyğun, yalansız çatdırmaq deməkdir. Həqiqi məsihçilər faktları təhrif etməyə və ya onları səhv təqdim etməyə çalışaraq başqalarını aldatmırlar. Onlar ‘pislikdən ikrah edir, yaxşılığa sarılırlar’ (Rom. 12:9). ‘Həqiqət Allahını’ təqlid edərək biz bütün işlərimizdə dürüst və səmimi olmalıyıq (Məz. 15:1, 2; 31:5, KM). Sözlərimizə diqqət etməklə hətta çətin və pis vəziyyətlərin öhdəsindən belə nəzakətlə və yalana əl atmadan gələ bilərik. (Koloslulara 3:9, 10 ayələrini oxu.)

6, 7. a) Dürüst olmaq o deməkdirmi ki, hansısa məsələnin təfsilatlarını hər kəsə açıb demək lazımdır? İzah edin. b) Tam həqiqəti bilməyə kimin haqqı var?

6 Başqalarına qarşı dürüst olmaq o deməkdirmi ki, hansısa məsələnin təfsilatlarını bizdən soruşan hər kəsə açıb demək lazımdır? Əlbəttə, yox. İsa yer üzündə olanda göstərdi ki, bəzi insanlar birbaşa cavab almağa, yaxud müəyyən məlumatı bilməyə layiq deyillər. İkiüzlü din rəhbərləri İsadan əlamətləri və möcüzələri hansı səlahiyyətlə göstərdiyini soruşanda o cavab verdi: «Mən də sizdən bir şey soruşacağam. Mənə cavab verin, Mən də bu işləri nə səlahiyyətlə gördüyümü sizə söyləyim». Din alimləri və ağsaqqallar cavab vermək istəməyəndə İsa dedi: «Mən də sizə bu işləri nə səlahiyyətlə gördüyümü demirəm» (Mark 11:27-33). Onların pis əməllərinə və imansızlıqlarına görə İsa bu suala cavab verməli olduğunu hesab etmirdi (Mat. 12:10-13; 23:27, 28). Buna bənzər tərzdə, Yehovanın xidmətçiləri xudbin məqsədlərinə çatmaq üçün hiylə və fənd işlədən dönüklərdən və başqa pis adamlardan özlərini gözləməlidirlər (Mat. 10:16; Efes. 4:14).

7 Bəzi insanların tam və dəqiq cavabı almağa haqları olmadığını Pavel də göstərmişdi. O demişdi ki, ‘boşboğaz olub, başqalarının işinə burunlarını soxanlar söylənməməsi lazım olan sözləri söyləyirlər’ (1 Tim. 5:13). Həqiqətən də, başqalarının işinə qarışanlar və ya məxfi məlumatı gizli saxlaya bilməyənlər hiss edə bilərlər ki, başqaları müəyyən məlumatı onlara danışmaqdan çəkinirlər. Məgər Pavelin Allahdan ilham alaraq: «Sakit yaşamağa, öz şəxsi işinizi görməyə və öz əllərinizlə işləməyə səylə çalışın»,— deyə yazdığı məsləhətə riayət etmək daha yaxşı olmazdımı? (1 Salon. 4:11). Lakin bəzən yığıncaq ağsaqqalları öz vəzifələrini yerinə yetirərkən şəxsi məsələlərə dair suallar verə bilərlər. Belə hallarda onlara həqiqəti söyləməklə əməkdaşlıq etməyimiz çox qiymətləndirilir və bunun böyük köməyi dəyə bilər (1 Pet. 5:2).

Ailə üzvlərinizə həqiqəti söyləyin

8. Həqiqəti söyləmək ailə üzvlərinin bir-birinə daha da yaxın olmasına necə kömək edir?

8 Ailə üzvlərimizlə ən yaxın münasibətlərimizin olması təbiidir. Ailə tellərini möhkəmləndirmək üçün bir-birimizə həqiqəti söyləməyimiz olduqca vacibdir. Əgər ünsiyyət zamanı səmimi, dürüst və nəzakətli olsaq, bir çox problem və anlaşılmazlıqlar azalacaq, yaxud ümumiyyətlə aradan qaldırılacaq. Məsələn, səhvlərə yol verəndə həyat yoldaşımızın, uşaqlarımızın və ya ailəmizin digər üzvləri qarşısında onları etiraf etməyə tərəddüd edirikmi? Bütün ürəkdən üzrxahlıq etməyimiz ailədə əmin-amanlığı və birliyi qorumağa kömək edəcək. (1 Peter 3:8-10 ayələrini oxu.)

9. Nəyə görə həqiqəti danışmağımız bizim kobud və nəzakətsiz olmağımıza bəraət qazandırmır?

9 Həqiqəti söyləmək o demək deyil ki, nəzakətsiz və kobud olmalıyıq. Kobudluq həqiqətin nə dəyərini artırır, nə də ki onu daha təsirli edir. Pavel demişdi: «Qoy hər cür kin, hiddət, qəzəb, çığırtı, küfr, hər növ pis niyyətlə bərabər sizdən uzaq olsun. Amma bir-birinizə qarşı lütfkar, şəfqətli olun və Allah Məsihdə sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın» (Efes. 4:31, 32). Biz mülayim və hörmətcil tərzdə danışanda bu, bizim sözlərimizi daha sanballı edir və həmsöhbətimizin ləyaqətinə hörmət etdiyimizi göstərir (Mat. 23:12).

Yığıncaq işləri ilə bağlı həqiqəti söyləyin

10. Məsih həqiqəti söyləməkdə hansı nümunəni qoymuşdur və məsihçi ağsaqqallar bundan nə öyrənə bilərlər?

10 İsa öz şagirdləri ilə açıq və dürüst danışırdı. Onun verdiyi məsləhətlər həmişə məhəbbətdən irəli gəlirdi, ancaq o, dinləyicilərini razı salmaq xatirinə həqiqəti yumşaltmırdı (Yəh. 15:9-12). Məsələn, onun həvariləri dəfələrlə aralarında kimin ən böyük olduğu haqda mübahisə edəndə İsa qəti şəkildə, lakin səbirlə təvazökarlığın vacibliyini başa düşməyə onlara kömək edirdi (Mark 9:33-37; Luka 9:46-48; 22:24-27; Yəh. 13:14). Buna bənzər tərzdə, məsihçi ağsaqqallar salehliyin müdafiəsində dursalar da, onlar Allahın sürüsünün üzərində ağalıq etmirlər (Mark 10:42-44). Onlar ‘bir-birilərinə qarşı lütfkar’ və başqaları ilə rəftar edərkən ‘şəfqətli’ olmaqla Məsihi təqlid edirlər.

11. Qardaşlarımıza olan məhəbbət bizi dilimizdən necə istifadə etməyə təşviq etməlidir?

11 Qardaşlarımızla səmimi olub, amma həddən artıq sərbəstliyə yol verməsək, fikirlərimizi söyləyərkən heç kimin xətrinə dəymərik. Əlbəttə, biz təhqiramiz və alçaldıcı tərzdə danışmaq və dilimizdən başqalarını yaralayan «iti ülgüc kimi» istifadə etmək istəməzdik (Məz. 52:2; Sül. məs. 12:18). Qardaşlarımıza olan məhəbbət ‘dilimizi şərdən, ağzımızı fırıldaq üçün işlətməkdən qoruyacaq’ (Məz. 34:13). Onda biz Allahı izzətləndirəcək və yığıncaqda birliyi qoruyacağıq.

12. Hansı hallarda yalana görə intizam tədbiri tələb olunur? İzah edin.

12 Ağsaqqallar səylə çalışırlar ki, yığıncağı bilərəkdən yalan söyləyənlərdən qorusunlar. (Yaqub 3:14-16 ayələrini oxu.) Bilərəkdən yalan danışanın hədəfi kiməsə zərər yetirmək, insana əzab-əziyyət və acı çəkdirməkdir. Bura sadəcə cüzi, insanı çaşdıran sözlər söyləməkdən və faktları şişirtməkdən çox şey daxildir. Əlbəttə, yalanın hər növü pisdir, lakin hər yalan danışılanda intizam tədbiri tələb olunmur. Buna görə də ağsaqqallar düzgün olmayan şeylər danışan adamın bunu pis niyyətdən irəli gələrək dəfələrlə və qəsdən edib-etmədiyini müəyyən edərkən tarazlığı qorumalı, dərrakəli və sağlamdüşüncəli olmalıdırlar ki, görsünlər, intizam tədbirləri tələb olunur, yoxsa Müqəddəs Kitabdan məhəbbətlə ciddi məsləhət vermək kifayətdir.

İşgüzar məsələlərdə həqiqəti söyləyin

13, 14. a) Bəzi insanlar müdirlərinə qarşı necə nadürüst davranırlar? b) İşdə doğru və dürüst davranış tərzi hansı yaxşı nəticələri gətirə bilər?

13 Biz yalanın geniş yayıldığı bir zəmanədə yaşayırıq, buna görə də sahibkara və ya müdirə yalan danışmaq istəyinə müqavimət göstərmək çətin ola bilər. Çoxları işə düzələndə birbaşa yalana əl atırlar. Onlar daha yaxşı və yüksəkməvacibli işə düzəlmək üçün əmək stajları və ya təhsilləri haqqında yalan söyləyə bilərlər. Digər tərəfdən isə, bir çox işçilər işlədiklərini iddia etdikləri halda, iş vaxtlarını, müdiriyyətin tələblərinə zidd olsa da, şəxsi işlərinə sərf edirlər. Onlar işlərinə heç bir aidiyyəti olmayan materiallar oxuya, şəxsi işləri ilə bağlı telefon zəngləri edə, elektron poçtla məktublar göndərə, yaxud da İnternetin qabağında otura bilərlər.

14 Həqiqi məsihçilər doğru və dürüst insan olmağın şəxsi seçim məsələsi olduğunu düşünmürlər. (Süleymanın məsəlləri 6:16-19 ayələrini oxu.) Pavel demişdi: «Vicdanımız təmizdir, çünki hər cəhətcə özümüzü yaxşı aparmağa can atırıq» (İbr. 13:18). Buna görə də məsihçilər aldıqları məvacibin qarşılığında iş vaxtlarını vicdanla işə sərf edirlər (Efes. 6:5-8). Həmçinin işimizə vicdanla yanaşmağımız səmavi Atamıza izzət gətirə bilər (1 Pet. 2:12). Məsələn, İspaniyadan olan Robertonu müdiri dürüst və məsuliyyətli işçi olduğuna görə təriflədi. Robertonun gözəl davranışı sayəsində onun işlədiyi şirkət başqa Şahidləri də işə götürdü. Onlar da çox yaxşı işçi idilər. Bir neçə il ərzində Roberto 23 vəftiz olunmuş qardaşı və 8 nəfər öyrənəni işə düzəltdi!

15. İşgüzar məsihçi həqiqəti söylədiyini necə göstərməlidir?

15 Əgər iş sahibi özümüzüksə, işgüzar məsələlərdə dürüstük, yoxsa bəzən ‘qonşumuza’ yalan danışırıq? İşgüzar məsihçi malı tez satılsın, yaxud xidmətlərindən istifadə edilsin deyə yalana əl atmamalıdır; o nə rüşvət təklif etməli, nə də ki götürməlidir. Başqalarının bizimlə necə rəftar etməsini istəyiriksə, biz də onlarla elə rəftar etməliyik (Sül. məs. 11:1; Luka 6:31).

Üzərinizdə olan hakimlərə həqiqəti söyləyin

16. Məsihçilər a) üzərlərində olan hakimlərə; b) Yehovaya nə verirlər?

16 İsa demişdi: «Qeysərinkini qeysərə, Allahınkını Allaha verin» (Mat. 22:21). Bizim «qeysərə», yəni üzərimizdə olan hakimlərə verməli olduğumuz şey nədir? İsa bu sözləri deyəndə söhbət vergilərdən gedirdi. Buna görə də Allah və insanlar qarşısında vicdanlarını təmiz saxlamaq üçün məsihçilər ölkənin qanunlarına, o cümlədən vergiləri ödəməyi tələb edən qanunlara riayət etməlidirlər (Rom. 13:5, 6). Lakin biz qəbul edirik ki, yalnız Yehova Ali Hökmran, vahid həqiqi Allahdır və biz Onu bütün ürəyimizlə, canımızla, düşüncəmizlə və qüvvətimizlə sevirik (Mark 12:30; Vəhy 4:11). Buna görə də biz qeyd-şərtsiz yalnız Yehova Allaha tabe oluruq. (Məzmur 86:11, 12 ayələrini oxu.)

17. Dövlətdən sosial yardım almaq istəyiriksə, nəyi yadda saxlamalıyıq?

17 Bir çox ölkələrdə maddi köməyə ehtiyacı olanlar üçün sosial proqram və xidmətlər nəzərdə tutulub. Məsihçinin haqqı çatan belə bir köməkdən yararlanmasında pis bir şey yoxdur. Qonşumuza həqiqəti söyləmək o deməkdir ki, biz sosial yardım almaq məqsədilə hakim dairələrə yalan, yaxud təhrif olunmuş məlumat vermirik.

Dürüstlüyün gətirdiyi xeyir-dualar

18-20. Qonşumuza həqiqəti söyləmək hansı xeyir-duaları gətirir?

18 Dürüstlük çoxlu xeyir-dualar gətirir. Biz vicdanımızı təmiz saxlayırıq, bu isə qəlb rahatlığı gətirir (Sül. məs. 14:30; Filip. 4:6, 7). Təmiz vicdan Yehovanın gözündə olduqca dəyərlidir. Üstəlik, hər şeydə dürüst olsaq, insanlar tərəfindən ifşa olunmaqdan qorxmayacağıq (1 Tim. 5:24).

19 Gəlin alacağımız başqa xeyir-dua haqqında düşünək. Pavel demişdi ki, biz hər şeydə, həqiqəti danışanda da özümüzü Allahın xidmətkarları kimi təqdim edirik (2 Kor. 6:4, 7). Britaniyada yaşayan Yehovanın bir Şahidi məhz belə davranmışdı. O, maşınını almaq istəyən adama onun yaxşı cəhətləri ilə birgə, hətta gözəçarpmayan nasazlıqları haqda da tam məlumat verdi. Maşını sürüb yoxladıqdan sonra alıcı onun Yehovanın Şahidi olub-olmadığı ilə maraqlandı. Nəyə görə o, belə bir qənaətə gəlmişdi? Çünki qardaşın dürüstlüyü və səliqəli geyimi onun nəzərindən qaçmamışdı. Söhbət əsnasında qardaşın gözəl şahidlik vermək imkanı oldu.

20 Biz də həmişə doğru və dürüst insan olmaqla Yaradanımıza izzət gətiririkmi? Pavel demişdi: «Biz gizli, eyibli üsulları rədd etdik. Hiyləgərlik ilə hərəkət etmirik» (2 Kor. 4:2). Buna görə də gəlin həmişə qonşumuza həqiqəti söyləyək. Beləliklə biz səmavi Atamıza və Onun xalqına izzət gətirəcəyik.

Necə cavab verərdiniz?

• Qonşumuz kimdir?

• Qonşumuza həqiqəti söyləmək nə deməkdir?

• Dürüst olmağımız Allaha necə izzət gətirə bilər?

• Dürüst olmaq hansı xeyir-duaları gətirir?

[17-ci səhifədəki şəkil]

Xırda səhvlərini belə dərhal boynuna alırsanmı?

[18-ci səhifədəki şəkil]

İşə düzələndə həqiqəti söyləyirsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş