Yalnız əməllərlə deyil, Allahın lütfü ilə xilas olduq
«İmanla xilas oldunuz... Əməllərdən asılı deyil ki, heç kim öyünməsin» (EFESLILƏRƏ 2:8, 9).
1. Məsihçilər başqalarından fərqli olaraq, əldə etdikləri nailiyyətlərə necə münasibət bəsləyirlər və nə üçün?
BİZİM günlərdə insanlar əldə etdikləri nailiyyətlərilə fəxr edib tez-tez onlarla öyünürlər. Amma Məsihin davamçıları belə etmir. Məsihçilər öz şəxsi nailiyyətlərini, hətta Allaha xidmətdə etdikləri işlərini belə nəzərə çarpdırmağa çalışmırlar. Yehovanın xidmətçiləri Allahın xalqının dünya miqyasında gördüyü işlərinə görə çox sevinirlər. Ancaq bu böyük işdə öz rolları ilə öyünmürlər. Onlar xidmətdə düzgün motivlərin şəxsi nailiyyətlərdən daha vacib olduğunu anlayırlar və əmindirlər ki, gələcəkdə əbədi həyat ən’amını şəxsi işlərinə görə deyil, inamlarına və Allahın lütfünə görə alacaqlar (Luka 17:10; Yəhya 3:16).
2, 3. Pavel nə ilə ‘öyünürdü’ və nə üçün?
2 Həvari Pavel də bunu yaxşı dərk edirdi. ‘Bədənindəki neştərdən’ qurtulmaq üçün Allaha üç dəfə dua etdikdən sonra Yehova ona belə cavab verir: «Lütfüm sənə yetər; çünki Mənim qüdrətim zəiflikdə kamilləşir». Pavel Allahdan gələn bu cavabı həlimliklə qəbul edib deyir: «Buna görə, daha çox öz zəifliklərimlə məmnuniyyətlə öyünəcəyəm ki, Məsihin qüdrəti içimdə sakin olsun». Biz də Pavel kimi, həlim olmalıyıq (2 Korinflilərə 12:7-9).
3 Bir məsihçi kimi Pavel böyük işlər görsə də, e’tiraf edirdi ki, onları hansısa xüsusi qabiliyyətinin sayəsində yerinə yetirmir. O təvazökarlıqla deyirdi: «Bütün müqəddəslərdən ən kiçiyi olduğum halda, Məsihin kəşfolunmaz zənginliyini yəhudi olmayanlara müjdələmək... lütfü mənə bəxş edildi» (Efeslilərə 3:8, 9). Pavelin bu sözlərindən nə öz gözündə saleh olduğunu, nə də etdiyi işlərlə öyündüyünü görürük. «Allah məğrurlara qarşı durur, təvazökarlara isə lütf verir» (Yaqub 4:6; 1 Peter 5:5). Pavelin həlimliyindən nümunə götürüb biz də özümüzü qardaşlarımızın ‘ən kiçiyi’ sanırıqmı?
«Bir-birinizi özünüzdən yuxarı sayın»
4. Nə üçün başqalarını özümüzdən üstün saymaq həmişə asan olmur?
4 Həvari Pavel məsihçilərə məsləhət edirdi: «Rəqabət və ya şöhrətpərəstliklə heç bir şey etməyin, amma təvazökarlıqla bir-birinizi özünüzdən yuxarı sayın» (Filipililərə 2:3). Əlbəttə, məs’uliyyətli vəzifə daşıyırıqsa, bu məsləhətə əməl etmək o qədər də asan deyil. Ola bilər, dünyaya hakim olan rəqabət ruhu bizə də müəyyən dərəcədə öz tə’sirini göstərib. Məsələn, bəlkə hələ uşaq ikən evdə bacı-qardaşlarımızla və ya məktəbdə sinif yoldaşlarımızla rəqabət aparmağa öyrəşmişdik. Yaxud məktəbdə bizi daima ən qabaqcıl şagird və ya məktəbin ən yaxşı idmançısı adını daşımağa təşviq edirdilər. Sözsüz ki, hər hansı bir işi yaxşı yerinə yetirmək üçün əlimizdən gələni etməyimiz təqdirəlayiqdir. Amma unutmayaq ki, məsihçilər hər hansı bir işi edəndə bunu şan–şöhrət xatirinə deyil, başqalarına fayda gətirib özlərinin ruhlanması üçün edirlər. Buna baxmayaraq, həmişə ilk sıralarda olub tə’rif almaq istəyi təhlükəli ola bilər. Soruşa bilərsən: axı necə?
5. Daxilimizdəki rəqabət ruhunu cilovlamasaq, o nəyə gətirib çıxara bilər?
5 Əgər bir kəs daxilində gizlənən rəqabət və ya eqoizm ruhunu cilovlamasa, get-gedə başqalarına hörməti azalacaq və artıq heç kimi bəyənməyəcək. Belə insan başqalarının qabiliyyətlərinə və ya yığıncaqda malik olduğu üstünlüklərinə paxıllıq etməyə başlaya bilər. Süleymanın məsəlləri 28:22 ayəsində deyilir: «Xəsis var-dövlət ardınca düşər, bilmədən yoxsulluğa yetişər». O qürrələnib səlahiyyəti olmayan bir vəzifəyə və ya məs’uliyyətə əl uzada bilər. Hətta özünü təmizə çıxarmaq xatirinə başqalarını tənqid atəşinə tutub deyinməyə də başlaya bilər. Bu cür hərəkətlər məsihçiyə heç yaraşmır (Yaqub 3:14-16). Belə insanlar düşünürlər ki, bütün dünya yalnız onların ətrafında fırlanır.
6. Müqəddəs Kitab rəqabət ruhuna dair bizi nədən xəbərdar edir?
6 Müqəddəs Kitab məsihçiləri ‘şöhrətpərəst olmamağa, bir-birini hirsləndirməməyə, bir-birinə paxıllıq etməməyə’ səsləyir (Qalatiyalılara 5:26). Görünür, həvari Yəhya bu cür tora düşmüş bir məsihçi haqqında danışırdı: «Mən cəmiyyətə bir şey yazdım, amma aralarında rəislik etməyi sevən Diotref bizi qəbul etmir. Buna görə, əgər gəlsəm onun gördüyü işləri yada salacağam. O, haqqımızda pis sözlər yayır». Səncə, məsihçinin bu cür davranması kədərli deyilmi? (3 Yəhya 9, 10).
7. İş yerində rəqabətlə qarşılaşan məsihçi özünü necə aparmalıdır?
7 Sözsüz ki, məsihçi vaxtaşırı rəqabətlə qarşılaşmalı olur. Məsələn, dünyəvi işdə elə olur ki, eyni məhsulu, yaxud eyni xidmət növünü təqdim edən firma və ya şəxslər bir-birlərinin rəqibinə çevrilirlər. Hətta bu zaman da məsihçi öz işini hörmətcil surətdə və məhəbbətlə aparmalıdır. O qeyri-qanuni və Müqəddəs Kitab prinsiplərinə zidd gedən işlərə baş qoşmayacaq və iş yoldaşlarının içində yalnız öz mənfəətini güdən adam kimi tanınmayacaq. Belə məsihçi hər hansı bir işdə hamıdan qabaqda olmağı həyatda ən vacib şey hesab etməyəcək. Əgər məsihçi bu cür prinsiplərə dünyəvi işdə riayət edirsə, onda bacı-qardaşlarla münasibətində onlara daha çox riayət etməlidir.
Özünü başqası ilə müqayisə etmə
8, 9. a) Yığıncağın ağsaqqalları nə üçün bir-biriləri ilə rəqabət aparmırlar? b) 1 Peter 4:10 ayəsi hansı mə’nada bütün məsihçilərə aiddir?
8 Məsihçinin öz xidmətinə olan münasibəti aşağıdakı ayədə gözəl təsvir edilir: «Qoy hər kəs öz işini sınasın və o zaman başqası ilə deyil, özü ilə iftixara səbəb olsun» (Qalatiyalılara 6:4, 5). Yığıncağın ağsaqqalları da bir-birləri ilə rəqabət aparmadıqlarını başa düşdükləri üçün çiyin-çiyinə çalışıb sıx əməkdaşlıq edirlər. Onlardan hər biri yığıncağın rifahı naminə əlindən gələni etdiyi üçün sevinc hissi duyur. Bunu etməklə onlar sülhü pozan rəqabət ruhunun yaranmasına yol vermir və yığıncaqda birliyin olmasına dair gözəl nümunə verirlər.
9 Ağsaqqalların hamısı eyni deyil. Onlar da bir-birindən yaşlarına, həyat təcrübəsinə və ya müəyyən qabiliyyətlərinə görə fərqlənirlər. Bu səbəbdən, Yehovanın təşkilatında ağsaqqallar müxtəlif vəzifə daşıyır. Ağsaqqallar öz aralarında fərq qoymurlar, çünki bu məsləhət həmişə onların yadındadır: «Hər kəs, Allahın çoxcəhətli lütfünün yaxşı təsərrüfatçısı kimi, aldığı ən’am ilə bir-birinə xidmət etsin» (1 Peter 4:10). Bu ayə Yehovanın bütün xidmətçilərinə aiddir, belə ki, hamı müəyyən dərəcədə «ən’ama», yə’ni dəqiq biliyə və məsihçi xidmətində iştirak etmək kimi şərəfli üstünlüyə malikdir.
10. Müqəddəs xidmətimiz Yehovaya yalnız hansı halda məqbul olacaq?
10 Bizi müqəddəs xidmətə özümüzü başqalarından uca tutmaq istəyi deyil, məhəbbət və Yehovaya olan sədaqətimiz təşviq edirsə, onda xidmətimiz Allaha xoş gedəcək. Ona görə də, xidmətdə etdiyimiz işlərə tarazlı nöqteyi-nəzərlə yanaşmaq çox vacibdir. Biz başqalarının motivlərini bilməsək də, Yehova ‘ürəkləri yoxlayır’ (Süleymanın məsəlləri 24:12; 1 Şamuel 16:7). Bunu nəzərə alaraq, vaxtaşırı özümüzə bu sualı versək yaxşı olar: Yehovaya xidmət etməyə məni təşviq edən nədir? (Məzmur 24:3, 4; Matta 5:8).
İşimizə düzgün münasibət
11. Xidmətimizlə əlaqədar hansı suallara cavab versək yaxşı olar?
11 Yehovanın bizdən razı qalması motivlərimizin düzgün olub-olmamasından asılıdırsa, onda imanımızdan irəli gələn işlər nə qədər vacib olmalıdır? Əgər xidmətimizi düzgün motivlə yerinə yetiririksə, nə qədər etdiyimizi saymaq çoxmu vacibdir? Əslində bu suallara cavab versək yaxşı olar. Belə ki biz rəqəmləri imanımızdan üstün tutmuruq və fikrimizin yalnız yaxşı hesabat verməkdə qalmasını istəmirik.
12, 13. a) Təbliğ xidmətimiz haqqında nə üçün hesabat aparırıq? b) Təbliğ işi haqqında olan ümumdünya hesabatına nəzər salsaq, nəyə sevinə bilərik?
12 «Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» (rus.) kitabında olan bu sözlərə bir fikir ver: «İsa Məsihin erkən davamçıları təbliğ işində əldə edilən nəticələrlə maraqlanırdılar (Mark 6:30). «Həvarilərin işləri» kitabında deyilir ki, Pentikost günü şagirdlərin üzərinə müqəddəs ruh töküləndə orada 120 nəfərə yaxın adam iştirak edirdi. Bir qədər vaxtdan sonra şagirdlərin sayı üç minə, daha sonra isə beş min nəfərə çatdı... (Həv. iş. 1:15; 2:5-11, 41, 47; 4:4; 6:7). Şübhəsiz, yığıncağın inkişafı şagirdləri çox ruhlandırırdı». Eyni tərzdə, Yehovanın Şahidləri də İsanın aşağıdakı sözləri yerinə yetsin deyə bütün dünyada keçirilən xidmətləri haqda dəqiq hesabat aparmağa çalışırlar. «Səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcək» (Matta 24:14). Bu cür hesabatların sayəsində ümumdünya təbliğ işinin necə irəlilədiyini, haralarda xüsusən köməyə ehtiyac duyulduğunu, hansı növ və hansı miqdarda ədəbiyyatın lazım olduğunu görmək olar.
13 Beləliklə, təbliğ işimiz haqda hesabat verməyimiz bizi padşahlıq xəbərini daha səmərəli surətdə yaymağa təşviq edir. Bundan başqa, qardaşlarımızın dünyanın digər yerlərində necə xidmət etdiklərini eşidəndə məgər ruhlanmırıqmı? Təşkilatımızın bütün dünya üzrə böyüməsi və inkişafı haqda öyrənəndə ürəyimiz sevinclə dolur, daha çox xidmət etmək arzumuz yaranır və Yehovanın bizə xeyir-dua verdiyinə bir daha əmin oluruq. Ümumdünya hesabatına şəxsi hesabatımızın da daxil olması bizi çox fərəhləndirir. Düzdür, bizim hesabatımız yekun hesabatla müqayisədə kiçikdir, amma o da Yehovanın nəzərindən yayınmır (Mark 12:42, 43). Unutma ki, sənin hesabatın olmasaydı, ümumdünya hesabatı bütöv olmazdı.
14. Təbliğ və tə’lim işindən başqa, Yehovaya ibadət özünə daha nələri daxil edir?
14 Əlbəttə, Yehovanın həsr edilmiş xidmətçiləri kimi, etdiyimiz hər bir şeyi hesabatda yazmırıq. Məsələn, Müqəddəs Kitabı müntəzəm olaraq öyrəndiyimiz, məsihçi yığıncaqlarında iştirakımız və yaxud yığıncaqda bizə e’tibar edilən məs’uliyyətlər, bacı-qardaşlarımıza göstərdiyimiz kömək, ümumdünya Padşahlıq işini maddi cəhətdən dəstəklədiyimiz və sair haqqında hesabatlarımızda mə’lumat vermirik. Düzdür, verdiyimiz hesabat bizə təbliğ işində daha da sə’ylə iştirak etməyə və zəifləməməyə kömək edir. Amma ehtiyatlı olmalıyıq ki, yaxşı hesabata sanki əbədi həyata daxil olmağa icazə verən vəsiqə kimi münasibət göstərməyək.
«Yaxşı işlərə sə’yli bir xalq»
15. Həyatımızı yalnız əməllərimizlə xilas edə bilməsək də, onlar nəyə görə vacibdir?
15 Sözsüz ki, yalnız əməllərimizlə xilas ola bilmərik, amma onlar da az əhəmiyyət kəsb etmir. Bu səbəbdən, Müqəddəs Kitab məsihçiləri ‘xüsusi və yaxşı işlərə sə’yli bir xalq’ adlandırır və onları bir-birlərini ‘məhəbbətə və xeyirli işlərə təşviq’ edir (Titusa 2:14; İbranilərə 10:24). Müqəddəs Kitabın Yaqub adlı yazıçısı da bu fikri təsdiqləyir: «Bədən ruh olmadıqda ölü olduğu kimi, iman da əməllər olmadıqda ölüdür» (Yaqub 2:26).
16. Əməllərimizdən daha vacib nədir və özümüzü nədən gözləməliyik?
16 Bəli, əməllərimiz vacibdir, amma onları etməyə bizi təşviq edən hisslər daha vacibdir. Buna görə motivlərimizi vaxtaşırı nəzərdən keçirmək müdrik olardı. Heç bir insan başqasının ürəyində olan hissləri dəqiq bilmir, bu səbəbdən, başqalarını mühakimə etməkdən özümüzü gözləməliyik. «Sən kimsən ki, başqasının qulunu mühakimə edirsən?» deyə Müqəddəs Kitab bizə sual verir. «O qul öz ağası qarşısında haqlı və ya haqsız çıxar» (Romalılara 14:4). Bizi, hamının ağası olan Yehova və Onun tə’yin etdiyi hakim İsa Məsih mühakimə edəcək. Onlar bizi təkcə işlərimizin əsasında deyil, motivlərimizin, həyat şəraitimizin, məhəbbətimizin və sədaqətimizin də əsasında mühakimə edəcək. Həvari Pavel yazırdı: «Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən». Bunu yerinə yetirib yetirmədiyimizə isə dəqiqliklə yalnız Yehova ilə İsa Məsih qərar verə bilər (2 Timoteyə 2:15; 2 Peter 1:10; 3:14).
17. Əlimizdən gələni etməyə çalışarkən nə üçün Yaqub 3:17 ayəsini unutmamalıyıq?
17 Yehova yerinə yetirə bilməyəcəyimiz şeyləri bizdən gözləmir. Yaqub 3:17 ayəsinə əsasən «yuxarıdan nazil olan hikmət» hər şeydən başqa «mülayimdir». Səncə, Yehovanı bu cəhətdən təqlid etmək müdrik olmazdımı? Bu, həm özümüzün, həm də qardaşlarımızın qarşısına mümkün olmayan tələblər qoymamağa bizə kömək edəcək.
18. Əgər əməllərimizə və Yehovanın lütfünə tarazlı şəkildə yanaşırıqsa, onda nəyə ümid edə bilərik?
18 İmanımızdan irəli gələn işlərimizə və Yehovanın lütfünə tarazlı şəkildə yanaşsaq, onda Yehovanın xidmətçilərinin fərqləndirici xüsusiyyəti olan sevinc hissini daim qoruyub saxlayacağıq (Yeşaya 65:13, 14). Nə qədər etdiyimizdən asılı olmayaraq, Yehovanın Öz xalqının üzərinə tökdüyü xeyir-dualara görə biz də sevinəcəyik. Əlimizdən gələni etmək üçün ‘dua və niyaz edərək şükranla’ Allahdan kömək diləyə bilərik. O zaman tam əmin ola bilərik ki, ‘Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərimizi və düşüncələrimizi qoruyacaq (Filipililərə 4:4-7). Bəli, biz yalnız əməllərimizlə deyil, Yehovanın lütfü ilə xilas ola bilərik. Bu fikir bizi necə də ruhlandırır.
İzah edə bilərsənmi nəyə görə məsihçilər...
• şəxsi nailiyyətləri ilə öyünməkdən çəkinirlər?
• özlərini rəqabət ruhunu təzahür etdirməkdən gözləyirlər?
• təbliğ xidmətlərinə dair hesabat verirlər?
• həmimanlılarını mühakimə etmirlər?
[23-cü səhifədəki şəkil]
«Lütfüm sənə yetər».
[24 və 25-ci səhifələrdəki şəkillər]
Ağsaqqallardan hər biri yığıncağın rifahı naminə əlindən gələni etdiyi üçün sevinc hissi duyur.
[26 və 27-ci səhifələrdəki şəkillər]
Sənin hesabatın olmasaydı, ümumdünya hesabatı bütöv olmazdı.