ON ÜÇÜNCÜ FƏSİL
Ailə dağılmaq üzrə olduqda
1, 2. Əgər nikahda problemlər varsa, hansı suallar üzərində düşünmək lazımdır?
LUÇİYA adlı italyan bir qadın 1988–ci ildə dərin depressiya içində idia. On il əvvəl qurduğu nikahı dağılmaq təhlükəsi qarşısında dururdu. O, dəfələrlə əri ilə barışmağa çalışmış, amma bundan heç bir şey alınmamışdı. Beləliklə də xasiyyətlərinin uyğun gəlmədiyinə görə, Luçiya ərindən ayrılmış və iki qızını tək böyütməli olmuşdur. Luçiya, həmin vaxtlara nəzər salaraq, xatırlayır: “Əmin idim ki, nikahımızı xilas etmək qeyri–mümkündür”.
2 Əgər nikahınızda problemlər varsa, Luçiyanın keçirdiyi hissləri başa düşəcəksiniz. Ola bilər ki, nikahınız uğursuzdur və siz, onu qorumağın mümkün olub olmadığı barədə düşünürsünüz. Əgər belədirsə, növbəti sözlərin üzərində fikirləşmək sizə faydalı olacaqdır: “Mən, nikahda müvəffəqiyyətə nail olmaq üçün, Allahın Müqəddəs Kitabda verdiyi gözəl məsləhətlərə riayət edirəmmi?” (Məzmur 119:105).
3. Boşanma halları geniş yayılmış olsa da, boşanmış insanların əksəriyyəti və onların ailələri hansı hissləri keçirirlər?
3 Ərlə arvad arasında ciddi münaqişələr yaranan zaman, onları boşanma yolu ilə həll etmək daha asan görünə bilər. Bir çox ölkələrdə dağılan ailələrin sayı görünməmiş dərəcədə artsa da, bu yaxınlarda aparılan araşdırmalar göstərir ki, boşanan kişi və qadınların əksəriyyəti ailələrinin dağıldığına görə peşman olurlar. Boşananlar arasında fiziki və psixi cəhətdən xəstələnənlərin sayı, boşanmayıb nikahda qalanlardan daha çoxdur. Valideynləri boşanan uşaqlar illər boyu xəcalət və kədər hissi keçirirlər. Boşanan ərlə arvadın valideynləri və dostları da əzab çəkirlər. Bəs bütün bunlara, nikahın Banisi olan Allah necə münasibət göstərir?
4. Nikahdakı problemləri necə həll etmək lazımdır?
4 Əvvəlki fəsillərdə artıq deyildiyi kimi, Allahın niyyəti, nikahın ömür boyu davam etməsindən ibarət idi (Təkvin 2:24). Bəs onda nəyə görə bu qədər çox ailə dağılır? Bu, birdən–birə baş vermir. Adətən xəbərdaredici əlamətlər olur. Nikahdakı güclə nəzərə çarpan çətinliklər, qarşısıalınmaz olana qədər get–gedə böyüyə bilər. Lakin bu çətinliklər Müqəddəs Kitabın köməkliyi ilə vaxtında həll edilərsə, çoxsaylı boşanmaların qarşısını almaq olar.
REALİST OLUN
5. Hər bir nikahda hansı real vəziyyətə hazır olmaq gərəkdir?
5 Bə’zən çətinliklərə gətirib çıxaran amillərdən biri, ərin və ya arvadın, yaxud onların hər ikisinin həyata keçirilməsi mümkün olmayan ümidləridir. Məhəbbət romanları, məşhur jurnallar, televiziya proqramları və kinofilmlər, real həyatdan uzaq olan ümid və arzular oyada bilər. Arzular həyata keçmədikdə, insan özünü aldadılmış, narazı hiss edər, hətta qəzəb hisslərinə də qapıla bilər. Bəs iki qeyri–kamil insan nikahda xoşbəxtliyə necə nail ola bilər? Qarşılıqlı yaxşı münasibətlər inkişaf etdirmək üçün qüvvə sərf etmək gərəkdir.
6. a) Müqəddəs Kitabda nikaha hansı tarazlaşmış nöqteyi–nəzərlə yanaşmaq təklif olunur? b) Nikahda olan fikir ayrılıqlarının səbəbi nədədir?
6 Müqəddəs Kitab — praktiki kitabdır. O, nikahın sevinc gətirdiyini e’tiraf etməklə bərabər, nikaha daxil olanların “həyatda əziyyəti” olacağını da xəbərdarlıq edir (1 Korinflilərə 7:28). Artıq qeyd olunduğu kimi, ərlə arvad hər ikisi qeyri–kamil və səhv etməyə meyllidirlər. Onların əqli və emosional qavrama qabiliyyətləri və eləcə də tərbiyələri fərqlidir. Bə’zən pula, uşaqlara və qohumlara görə ərlə arvad arasında fikir ayrılığı yarana bilər. Əgər ər–arvad bir yerdə az vaxt keçirirsə və ya onların cinsi həyatda problemləri varsa, bu da münaqişəyə gətirib çıxara bilərb. Bunun öhdəsindən gəlmək üçün vaxt lazımdır, amma ruhdan düşməyin! Evli insanların çoxu belə çətinlikləri cəsarətlə qarşılamağı və hər ikisini qane edən bir qərar qəbul etməyi bacarırlar.
FİKİR AYRILIQLARINI MÜZAKİRƏ EDİN
7, 8. Ərlə arvad arasında anlaşılmazlıq və ya inciklik olduqda, Müqəddəs Yazılara uyğun şəkildə bunun öhdəsindən necə gəlmək olar?
7 Bir çoxları üçün, təhqir edilmiş hissləri, anlaşılmazlıqlar və ya öz səhvləri barədə söhbət edərkən sakitliyi qorumaq çətindir. “Mənə elə gəlir ki, sən məni səhv başa düşdün” demək əvəzinə, insan həyəcanlanıb, məsələni şişirdə bilər. Çoxları belə deyir: “Sən yalnız özünü düşünürsən” və ya “Sən məni sevmirsən”. Mübahisəyə cəlb olmaq istəməyərək, həyat yoldaşı sadəcə susa bilər.
8 Müqəddəs Kitabın: “Qəzəblənəndə günah işləməyin; qoy siz qəzəblənirkən günəş batmasın”, məsləhətinə riayət etmək ən yaxşı üsuldur (Efeslilərə 4:26). Birlikdə 60 il xoşbəxt həyat sürən ər–arvaddan nikahda nail olduqları müvəffəqiyyətin sirrini soruşdular. Ər cavab verdi: “Biz, nə qədər cüz’i olmasına baxmayaraq, yaranan bütün fikir ayrılıqlarını həll etmədən yatmamağı vərdiş etdik”.
9. a) Müqəddəs Kitabda, ünsiyyətin vacib bir hissəsi kimi nəyə işarə edilir? b) Ərlə arvad bunun üçün çox vaxt cəsarət və təvazökarlıq tələb olunarsa da nə etməlidirlər?
9 Ərlə arvad arasında fikir ayrılıqları yarandıqda, onlardan hər biri “eşitməkdə iti, söz söyləməkdə ağır və qəzəbdə ağır” olmalıdır (Yaqub 1:19). Bir–birlərini diqqətlə dinləməklə, hər ikisi üzr diləməli olduqlarını başa düşə bilərlər (Yaqub 5:16). Səmimiliklə, “səni incitdiyim üçün üzr istəyirəm” sözlərini demək təvazökarlıq və cəsarət tələb edir. Lakin aralarındakı fikir ayrılıqlarını məhz bu cür yoluna qoymaq, ərlə arvada yalnız problemləri həll etməkdə deyil, bir–birləri ilə ünsiyyətdə olmaqdan daha çox məmnunluq duymalarına imkan verən səmimi və möhkəm münasibət inkişaf etdirməkdə də kömək olacaqdır.
ƏR–ARVADLIQ VƏZİFƏSİNİ YERİNƏ YETİRMƏK
10. Pavelin Korinf məsihçilərinə verdiyi hansı məsləhət müasir məsihçilər üçün də müdafiə kimi xidmət edə bilər?
10 Həvari Pavel korinflilərə yazarkən, “əxlaqsızlıqdan çəkinmək üçün” nikaha girməyi məsləhət etdi (1 Korinflilərə 7:2). Bu gün dünyadakı vəziyyət qədim Korinfdə olduğundan heç də yaxşı deyil, bəlkə daha da pisdir. Dünyəvi insanların açıq–aşkar müzakirə etdikləri əxlaqsız mövzular, ədəbsiz geyimlər, jurnal və kitablarda təqdim edilən ehtiraslı əhvalatlar, televiziya proqramları və kinofilmlər qeyri–qanuni cinsi arzuları alışdırır. Həvari Pavel, buna bənzər bir mühitdə yaşayan korinflilərə dedi: “Evlənmək eşq ilə yanmaqdan yaxşıdır” (1 Korinflilərə 7:9).
11, 12. a) Ərlə arvad bir–birlərinin qarşısında hansı məs’uliyyəti daşıyırlar və onlar bunun həyata keçirilməsinə necə yanaşmalıdırlar? b) Ər–arvadlıq vəzifəsini yerinə yetirməyi müvəqqəti dayandırmaq lazım gəldikdə, vəziyyəti necə həll etmək lazımdır?
11 Buna görə də, Müqəddəs Kitab nikahda olan məsihçilərə bunu əmr edir: “Ər öz arvadına və beləcə də arvad ərinə haqqını ödəsin” (1 Korinflilərə 7:3, KM). Fikir verin ki, burada tələb etmək deyil, vermək xüsusilə qeyd edilir. Nikahdakı fiziki yaxınlıq, yalnız ərlə arvad biri digərinin rifahı barədə düşündükləri zaman həqiqi məmnunluq gətirir. Məsələn, Müqəddəs Kitabda ərlərə arvadları ilə “ağıllı” davranmaq əmri verilir (1 Peter 3:7). Bu, ərlə arvadın cinsi münasibətlərində xüsusilə vacibdir. Əgər qadına, öz əri tərəfindən nəcib münasibət göstərilmirsə, onda nikahın bu sahəsi ona, çətin ki, sevinc gətirsin.
12 Bə’zi hallarda ərlə arvad, fiziki yaxınlıqdan bir–birlərinə imtina edə bilərlər. Arvad bunu, ayın müəyyən günlərində və ya özünü çox yorğun hiss ediyi zaman edə bilər. (Levililər 18:19 ilə müqayisə edin.) Ər isə işdə ciddi problemlə qarşılaşan və emosional cəhətdən özünü üzgün hiss edən zaman bu cür davrana bilər. Ər–arvadlıq vəzifəsini yerinə yetirməyi müvəqqəti dayandırmaq lazım gəldikdə, ən yaxşısı — açıq söhbət etmək və bir–birinin “razılığı” ilə davranmaqdır (1 Korinflilərə 7:5). Bu, hər ikisinin tez–tələsik yanlış nəticə çıxarmalarına imkan verməyəcək. Lakin əgər arvad ərini inadkarlıqla məhrum edirsə və ya ər bilərəkdən öz vəzifəsini məhəbbətlə yerinə yetirməkdən imtina edirsə, belə vəziyyətdə digər həyat yoldaşının şirnikdirici tə’sirlərə tab gətirməsi çətin olacaqdır. Belə halda, nikahda problemlər yarana bilər.
13. Məsihçilər öz düşüncələrini təmiz saxlamaq üçün nə edə bilərlər?
13 Bütün məsihçilər kimi, Allahın nikahda olan xidmətçiləri də natəmiz və qeyri–təbii arzular oyadan pornaqrafiyadan uzaq durmalıdırlar (Koloslulara 3:5). Eyni zamanda, əks cinsdən olan insanlarla ünsiyyətdə olduqda, onlar söylədikləri fikirlərə və öz davranışlarına diqqət yetirməlidirlər. İsa xəbərdarlıq edirdi: “Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur” (Matta 5:28). Müqəddəs Kitabın cinsi məsələlərə dair məsləhətlərini həyata keçirərək, ərlə arvad şirnikdirici tə’sirlərə tab gətirər və zinadan çəkinə bilərlər. Onlar, nikahda olan yaxınlıqdan daha sonra da həzz alar və bunu, nikahın Banisi olan Yehovadan gələn faydalı bir hədiyyə kimi qiymətləndirə bilərlər (Süleymanın məsəlləri 5:15–19).
BOŞANMAQ ÜÇÜN MÜQƏDDƏS KİTABA ƏSASLANAN SƏBƏBLƏR
14. Bə’zən hansı kədərli vəziyyət yaranır? Nəyə görə?
14 Xoşbəxtlikdən, məsihçilər arasında bağlanan nikahların çoxunda ərlə arvad, yaranan çətinliklərin öhdəsindən gəlməyə müvəffəq olurlar. Ancaq bə’zən vəziyyət başqa cür olur. İnsanlar, qeyri–kamil olduqlarına və Şeytanın idarə etdiyi günahlı dünyada yaşadıqlarına görə, bə’zi nikahlar dağılmaq təhlükəsinə mə’ruz qalır (1 Yəhya 5:19). Bəs belə çətin vəziyyətlərdə məsihçilər necə davranmalıdırlar?
15. a) Müqəddəs Kitaba əsasən, yenidən nikaha daxil olmağa yol verən boşanma üçün yeganə səbəb nədir? b) Bə’ziləri, həyat yoldaşlarının xəyanət etməsinə baxmayaraq, nəyə görə boşanmamaq qərarına gəlirlər?
15 Artıq bu kitabın ikinci fəslində deyildiyi kimi, Müqəddəs Kitaba əsasən, boşanıb yenidən evlənmək üçün yeganə səbəb zinadır (Matta 19:9)c. Əgər həyat yoldaşınızın xəyanətinə dair dəqiq sübutunuz varsa, onda çətin qərar qarşısında durursunuz. Nikahı qorumalı, yoxsa boşanmalı? Buna dair qanun yoxdur. Bə’zi məsihçilər, səmimi qəlbdən tövbə edən həyat yoldaşlarını tamamilə bağışlayır və mühafizə etdikləri nikahda yenidən müvəffəqiyyətə nail olurlar. Digərləri uşaqların xatirinə boşanmamaq qərarına gəlirlər.
16. a) Bə’zilərini, günah işlədən həyat yoldaşından boşanmağa nə vadar edir? b) Günahsız tərəf boşanıb boşanmamağa dair bir qərar qəbul etdikdə, nə üçün heç kim onu mühakimə etməməlidir?
16 Digər tərəfdən, günahlı hərəkət hamiləliklə və ya cinsi yolla ötürülən hər hansı bir xəstəliklə nəticələnə bilər. Yaxud uşaqları, valideynlərinin biri tərəfindən zorlamaya mə’ruz qalmasın deyə, qorumaq lazım gələ bilər. Aydın məsələdir ki, bir qərar qəbul etməzdən əvvəl çox götür–qoy etmək lazımdır. Lakin əgər siz həyat yoldaşınızın xəyanəti barədə bildikdən sonra onunla cinsi münasibətinizi bərpa edərsinizsə, onu bağışladığınızı və nikahınızı qorumaq istədiyinizi göstərmiş olarsınız. Belə olduqda, boşanıb Müqəddəs Yazılara əsasən yenidən nikaha daxil olmaq üçün əsaslı bir səbəb yoxdur. Heç kim sizin işinizə qarışmamalı və qərarınıza tə’sir göstərməməlidir, aldığınız qərara görə sizi mühakimə etməyə heç kimin ixtiyarı yoxdur. Qərar qəbul edən sizsiniz və həmin qərara əsasən də siz yaşayacaqsınız. “Hər kəs öz məs’uliyyətinin yükünü daşıyacaqdır” (Qalatiyalılara 6:5).
AYRI YAŞAMAQ ÜÇÜN SƏBƏBLƏR
17. Əgər zina işlədilməyibsə, Müqəddəs Yazılara əsasən ayrı yaşamaq və ya boşanmaq nəyə icazə vermir?
17 Zina işlətmədiyi bir halda həyat yoldaşından ayrılmağa və ya bəlkə də boşanmağa haqq qazandıran səbəblər varmı? Bəli, lakin belə olduqda, məsihçi yeni həyat yoldaşı axtarmaqda sərbəst deyil (Matta 5:32). Müqəddəs Kitabda ayrı yaşamağa izin verilsə də, belə bir şərt qoyulur ki, ayrılan “kəbinsiz qalmalı yaxud da öz əri [arvadı] ilə barışmalıdır” (1 Korinflilərə 7:11). Bəs hansı çətin vəziyyətlərdə ayrı yaşamaq müdrik görünə bilər?
18, 19. Həyat yoldaşlarından birini, yenidən evlənməsi mümkün olmasa da, məhkəmənin qərarına əsasən məqsədəuyğun boşanmaq və ya ayrı yaşamaq haqqında düşünməyə hansı ağır vəziyyətlər məcbur edə bilər?
18 Ailə, ərin açıq göstərdiyi tənbəlliyi və zərərli vərdişləri üzündən yoxsul vəziyyətə düşə bilərd. Ola bilsin, o, ailənin bütün gəlirini qumar oyunlarına, yaxud narkotik maddələrə və ya spirtli içkilərə xərcləyir. Müqəddəs Kitabda deyilir: “Kim öz... ailə üzvlərinin qeydinə qalmırsa, o, imanı inkar etmiş və imansızdan da betərdir” (1 Timoteyə 5:8). Əgər belə adam, hətta arvadının qazandığı pulları da pis vərdişlərinə xərcləyərək, öz hərəkət tərzini dəyişməkdən imtina edirsə, onda onun arvadı, özünün və uşaqlarının rifahı naminə məhkəmənin qərarına və yaşadıqları ölkənin qanununa əsasən ayrı yaşaya bilər.
19 Əgər həyat yoldaşlarından biri digərinə qarşı hədsiz dərəcədə amansız davranırsa, məsələn, tez–tez onun sağlamlığı və həyatını təhlükə altına qoyacaq dərəcədə döyürsə, bu cür hüquqi tədbiri nəzərə almaq olar. Bundan əlavə, əgər həyat yoldaşlarından biri digərini hər hansı bir tərzdə Allahın əmrini pozmağa məcbur edirsə, xüsusilə təzyiqə mə’ruz qalan tərəfin ruhani vəziyyəti təhlükədə olursa, bu zaman da ayrı yaşamaq barədə düşünmək olar. Təhlükədə olan şəxs qərara ala bilər ki, “insanlardan artıq, Allaha itaət” etməyin yeganə yolu, məhkəmənin qərarına əsasən ayrı yaşamaq hüququnu əldə etməkdir (Həvarilərin işləri 5:29).
20. a) Əgər ailə dağılmaq üzrədirsə, yetkin dostlar və ağsaqqallar nəyi təklif etməli və nəyi təklif etməməlidirlər? b) Nikahda olanlar üçün, Müqəddəs Kitabın ayrı yaşamaq və boşanmaq haqqındakı ayələri nəyə bəhanə olmamalıdır?
20 Həyat yoldaşlarından biri həddindən artıq qəddarlıq göstərdiyi bütün hallarda, günahsız tərəfin öz həyat yoldaşından ayrılması və ya onunla yaşamağa davam etməsi üçün heç kim ona təzyiq göstərməməlidir. Yetkin dostlar və ağsaqqallar kömək edib, Müqəddəs Kitaba əsaslanan məsləhətlər versələr də, ərlə arvadın arasında baş verən hadisələr onlara tam təfsilatı ilə mə’lum deyil. Bunu yalnız Yehova bilir. Əlbəttə, məsihçi qadın nikahdan yaxa qurtarmaq məqsədilə əsassız səbəblərə əl atarsa, Allahın nikah quruluşuna hörmətsizlik göstərmiş olar. Lakin əgər ailədə qalmaq həmişə olduğu kimi çox təhlükəlidirsə, heç kim məsihçi qadını ayrı yaşamaq qərarına görə mühakimə etməməlidir. Bütün bu deyilənlər, ayrı yaşamaq qərarına gələn məsihçi ərə də aiddir. “Hamımız Allahın hökm kürsüsü önündə duracağıq” (Romalılara 14:10, KM).
DAĞILMAQ ÜZRƏ OLAN NİKAH NECƏ QORUNMUŞDUR?
21. Hansı nümunə göstərir ki, Müqəddəs Kitabın nikahla bağlı olan məsləhətləri kömək etdir?
21 Bu fəslin əvvəlində xatırlanan Luçiya ərindən ayrıldıqdan üç ay sonra, Yehovanın Şahidləri ilə tanış oldu və onlarla Müqəddəs Kitabı öyrənməyə başladı. O deyir: “Müqəddəs Kitabda mənim problemimin həllinə dair praktiki göstərişlər verildiyinə görə çox təəccübləndim. Cəmi bir həftə məşğul olduqdan sonra, ərimlə barışmaq istədim. Bu gün deyə bilərəm ki, Yehova, çıxılmaz vəziyyətdə olan ailələri necə xilas etməyi bilir, çünki Onun tə’limləri ərlə arvadın bir–birlərinə hörmət bəsləməyi öyrənmələrinə kömək edir. Bə’zilərinin iddia etdikləri kimi, Yehovanın Şahidləri ailələri dağıtmırlar. Mənim vəziyyətimdə hər şey tamam əksinə oldu”. Luçiya, Müqəddəs Kitabın prinsiplərini öz həyatında tətbiq etməyi öyrəndi.
22. Bütün evli olanlar nəyə e’tibar edə bilərlər?
22 Luçiya istisna deyil. Nikah yük yox, xeyir–dua olmalıdır. Bunun üçün Yehova bizə, nikah məsələlərində ən gözəl məsləhətlər mənbəyi, müqayisəolunmaz dəyərli Kəlamını vermişdir. Müqəddəs Kitab “təcrübəsiz adama hikmət verər” (Məzmur 19:7–11). Bu kitab, dağılmaq üzrə olan çox ailələri xilas etmiş, bir çox başqa ailələr isə, onun köməkliyi ilə ciddi problemlərini həll etmişlər. Qoy bütün evli olanlar, Yehova Allahın ailələrə verdiyi məsləhətlərə e’tibar etsinlər. Bu məsləhətlər həqiqətən də kömək edir!
a Ad dəyişdirilib.
b Bu suallardan bə’ziləri əvvəlki fəsillərdə artıq müzakirə edilibdir.
c “Zina” kimi tərcümə edilən Müqəddəs Kitab sözü, ər–arvadlıq sədaqətinin pozulmasını, homoseksualizmi, heyvanla cinsi əlaqəni və cinsiyyət üzvlərinin istifadə edilməsini özünə daxil edən digər qadağan olunmuş hərəkətləri nəzərdə tutur.
d Bu, ərin öz ailəsini tə’min etmək istəyib, lakin ondan asılı olmayan səbəblər üzündən, yə’ni xəstə olduğuna və ya iş yeri tapa bilmədiyinə görə bunu etmək imkanında olmadığı hallara aid deyil.