Təhəmmülünüzə Allaha ixlas əlavə edin
“İmanınıza... təhəmmül, təhəmmülünüzə Allaha ixlas... əlavə edin” (2 PETER 1:5-7).
1, 2. a) Uşaq hansı cəhətdən böyüməlidir? b) Ruhən inkişaf etmək nə dərəcədə vacibdir?
HƏR BİR uşaq yalnız fiziki cəhətdən deyil, həmçinin əqli cəhətdən də inkişaf etməli və daha yetkin olmalıdır. Vaxt keçdikcə o, böyüyüb yetkin kişi, ya da qadın olacaq və uşaqlığı ilə vidalaşacaq. Bu haqda həvari Pavel demişdir: “Mən körpə ikən, körpə kimi danışır, körpə kimi düşünür, körpə kimi mühakimə edərdim; boya-başa çatdıqda isə, körpə davranışlarını tərk etdim” (1 Korinflilərə 13:11).
2 Pavelin sözləri ruhən inkişaf etməyə dair vacib fikri vurğulayır. Məsihçilər ruhani körpəliyi tərk edib, “əqlən... kamil” olmalıdırlar (1 Korinflilərə 14:20). Onlar irəliyə doğru can atmalı və “Məsihin dolğunluq qamətinin ölçüsünə” yetişməlidirlər. O zaman onlar “hər cür tə’limin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar” olmayacaqlar (Efeslilərə 4:13, 14).
3, 4. a) Ruhən yetkin olmaq üçün nə etməliyik? b) Allaha məqbul hansı keyfiyyətləri təzahür etdirməliyik və onlar nə dərəcədə vacibdir?
3 Biz ruhən necə yetkin ola bilərik? Fiziki inkişaf normal şəraitdə öz-özünə baş verir, ruhani inkişaf isə düşünülmüş sə’ylər tələb edir. Belə inkişaf, Allahın Kəlamından əldə etdiyimiz dəqiq biliklərdən və həmin biliklərə müvafiq davranmaqdan başlayır (İbranilərə 5:14; 2 Peter 1:3). Bu, öz növbəsində, Allaha məqbul keyfiyyətləri təzahür etdirməyimizə imkan yaradır. Fiziki inkişafın müxtəlif sahələrində olduğu kimi, Allaha məqbul olan müxtəlif keyfiyyətlərin inkişafı da eyni vaxtda baş verir. Həvari Peter yazırdı: “Bütün sə’yinizi sərf edərək, imanınıza fəzilət, fəzilətinizə bilik, biliyinizə nəfsə hakim olmağı, nəfsə hakim olmağa təhəmmül, təhəmmülünüzə Allaha ixlas, ixlasınıza qardaş sevgisi və qardaş sevgisinə məhəbbəti əlavə edin” (2 Peter 1:5-7).
4 Peterin sadaladığı hər bir keyfiyyət olduqca vacibdir və bunlardan heç birinə e’tinasız yanaşmaq olmaz. O əlavə edir: “Əgər bunlar sizdə varsa və artırsa, Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz qalmayacaqsınız” (2 Peter 1:8). Təhəmmülümüzə Allaha ixlas, yə’ni sədaqət əlavə etməyin zəruriliyinə xüsusi diqqət yetirək.
Təhəmmül zəruridir
5. Nə üçün bizə təhəmmül gərəkdir?
5 Həm Peter, həm də Pavel Allaha ixlası təhəmmül ilə əlaqələndirirlər (1 Timoteyə 6:11). Təhəmmülə malik olan insan yalnız çətinliklərə tab gətirib, qətiyyətini qorumur. O, həmçinin səbir, mətanət və dözümlülük göstərir, sınaqlar, müqavimətlər, təzyiqlər və tə’qiblər zamanı ümidini itirmir. Biz “Allah yolunda Məsih İsaya bağlı olaraq” yaşayırıq və buna görə də tə’qib olunacağımızı bilirik (2 Timoteyə 3:12). Əgər biz, Yehovaya məhəbbətimizi sübuta yetirib, xilas üçün vacib olan keyfiyyətləri inkişaf etdirmək istəyiriksə, təhəmmül göstərməliyik (Romalılara 5:3-5; 2 Timoteyə 4:7, 8; Yaqub 1:3, 4, 12). Təhəmmülsüz əbədi həyata nail olmaq mümkün deyil (Romalılara 2:6, 7; İbranilərə 10:36).
6. Sona qədər səbir etmək üçün nə etməliyik?
6 Məsihçi yoluna qədəm qoyarkən atdığımız addımlar nə qədər yaxşı olsa da, nəticədə hər şey bizim təhəmmülümüzdən asılı olacaq. İsa demişdir: “Axıra qədər səbr edən xilas olacaqdır” (Matta 24:13). Bəli, ya bu sistemdəki həyatımızın sonuna qədər, ya da pis sistemin sonuna qədər səbir etməliyik. Hər necə olsa da, Allah qarşısında nöqsansızlığımızı qorumalıyıq. Amma əgər təhəmmülümüzə Allaha ixlas əlavə etmiriksə, biz Yehovanı razı salıb, əbədi həyata nail ola bilməyəcəyik. Bəs, Allaha ixlas nə deməkdir?
Allaha ixlas nə deməkdir?
7. Allaha ixlas nə deməkdir və bu bizi nəyə təşviq edir?
7 Allaha ixlas — Yehova Allaha ehtiram, ibadət və xidmət etmək deməkdir. Bu xidmət isə, Yehovanın hər şeyi əhatə edən hakimiyyətini dəstəkləmək istəyinə əsaslanır. Bu cür təhəmmül təzahür etdirmək üçün, bizə Yehova və Onun yolları haqqında dəqiq bilik əldə etmək gərəkdir. Biz Allahı bir şəxsiyyət kimi daha yaxından tanımalıyıq. Bu, Ona qarşı səmimi hissləri inkişaf etdirməyə təşviq edəcək ki, bu da davranışımızda və həyat tərzimizdə özünü göstərəcək. Bizdə, mümkün qədər Yehovaya bənzəmək istəyi olmalıdır, yə’ni biz Onun yollarını öyrənməli və keyfiyyətlərini əks etdirməliyik (Efeslilərə 5:1). Allaha ixlas, bizdə etdiyimiz hər bir işdə Onu məmnun etmək istəyini oyadır (1 Korinflilərə 10:31).
8. Allaha ixlas ilə xüsusi sədaqət arasındakı sıx bağlılığı göstərin.
8 Allaha ixlas göstərmək üçün, biz yalnız və yalnız Yehovaya ibadət etməliyik, heç bir şey ürəyimizdə Onun yerini tutmalı deyil. Bizi Yaradan Odur və Onun bizdən “xüsusi sədaqət” gözləməyə tam haqqı var (Təsniyə 4:24, YD; İşaya 42:8). Bununla belə, Yehova bizi Ona ibadət etməyə məcbur etmir. O istəyir ki, sədaqətimiz ürəkdən olsun. Həyatımızı səhmana salmağa, bütünlüklə Allaha həsr olunmağa və buna müvafiq yaşamağa məhz Yehovaya olan məhəbbətimiz təşviq edir və bu məhəbbət Onun haqqında olan dəqiq biliklərə əsaslanır.
Allahla münasibətinizi inkişaf etdirin
9, 10. Yehova ilə sıx münasibətlərimizi necə inkişaf etdirib, qoruya bilərik?
9 Allaha həsr olunmamızı vəftizlə simvollaşdırdıqdan sonra, biz Onunla münasibətimizi möhkəmlətməyə davam etməli, Ona get-gedə daha da yaxınlaşmalıyıq. Yehovaya yaxınlaşmaq və Ona sədaqətlə xidmət etmək arzusu isə, Onun Kəlamını bundan sonra da öyrənməyə və üzərində düşünməyə təşviq edəcəkdir. Allahın ruhunun əqlimizə və ürəyimizə tə’sir etməsinə yol verməklə, Yehovaya olan məhəbbətimizi artırmış oluruq. Onunla olan münasibətimiz həyatımızda başlıca yeri tutmağa davam edir. Yehovanı özümüzə ən yaxşı Dost sanır və Onu həmişə məmnun etmək istəyirik (1 Yəhya 5:3). Biz Allahla olan xoş münasibətimizə daha da sevinirik və lazım gəldikdə bizə məhəbbətlə tə’lim verib, bizi islah etdiyinə görə Ona minnətdarıq (Təsniyə 8:5).
10 Yehova ilə olan dəyərli münasibətlərimizi möhkəmlətmək üçün daima sə’y göstərmiriksə, həmin münasibətlər zəifləyə bilər. Əgər belə bir şey baş verərsə, onda günahkar Allah olmayacaq, çünki “O heç birimizdən uzaq deyil” (Həvarilərin işləri 17:27). Nə yaxşı ki, Yehova heç zaman elə bir sədd yaratmır ki, Ona yaxınlaşmaq bizə çətin olsun! (1 Yəhya 5:14, 15). Sözsüz ki, Yehova ilə sıx münasibətlərimizi qorumaq üçün, biz sə’y göstərməliyik. Lakin Allah, Ona yaxınlaşmağa kömək edərək, ixlasımızı inkişaf etdirib, qorumaq üçün lazım olan hər şeyi verir (Yaqub 4:8). Yehovanın məhəbbətlə təqdim etdiklərini lazımınca necə istifadə edə bilərik?
Ruhən güclü qalın
11. Allaha ixlasımız hansı sahələrdə təzahür oluna bilər?
11 Allaha olan dərin məhəbbətimiz bizi təşviq edəcək ki, Ona olan ixlasımızın dərinliyini əməllərimizlə göstərək. Pavel də bizi buna təşviq edir: “Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən” (2 Timoteyə 2:15). Bu cür davranmaq üçün, müntəzəm olaraq Müqəddəs Kitabı öyrənmək, yığıncaq görüşlərinə getmək və təbliğ xidmətində iştirak etmək üçün yaxşı qrafikə riayət etməliyik. Yehova ilə sıx münasibətlərimizi qorumaqda bizə ‘durmadan dua etmək’ vərdişi də kömək edər (1 Saloniklilərə 5:17). Bütün bunların vasitəsilə Allaha olan ixlasımız əməllərlə təzahür olunacaqdır. Əgər bunlardan birinə e’tinasız yanaşarıqsa, ruhən xəstələnər və Şeytanın tələlərinin qurbanı ola bilərik (1 Peter 5:8).
12. Sınaqların öhdəsindən müvəffəqiyyətlə necə gələ bilərik?
12 Bundan əlavə, əgər biz ruhən güclü və fəal qalırıqsa, çoxsaylı sınaqları qarşılamaq bizim üçün asan olacaq. Sınaqları isə onun mənbəyi olan kəs ağırlaşdıra bilər. Ailə üzvlərinin, qohum və ya qonşuların göstərdiyi e’tinasızlığa, müqavimətə və tə’qiblərə tab gətirmək daha çətindir. Məsihçiyə xas olan prinsiplərə güzəştə getməyə təşviq edən məkrli təzyiqlərlə məktəbdə və ya iş yerində də qarşılaşa bilərik. Mə’yusluq, xəstəlik və sıxıntı fiziki qüvvəmizi zəiflədər və imanın sınağına tab gətirməyi çətinləşdirə bilər. Lakin biz “Allahın Gününün zühurunu gözləyib, onu sür’ətləndirərək müqəddəs və Allaha ixlaskar bir həyat” yaşamaqda mətanət göstərsək, bütün çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gələ biləcəyik (2 Peter 3:11, 12). Bu cür davranaraq sevincimizi qoruyacaq və Allahın bizə xeyir-dua verəcəyinə əmin olacağıq (Süleymanın məsəlləri 10:22).
13. Allaha daima ixlaskar olmaq üçün biz nə etməliyik?
13 Allaha ixlaskar olanların hər biri Şeytan üçün hədəf olsalar da, bizim qorxmağa əsasımız yoxdur. Nəyə görə? Ona görə ki, “Rəbb [Yehova] Ona ixlas edənləri imtahandan necə xilas etməyi... bilir” (2 Peter 2:9). Sınaqlara tab gətirmək və Yehovanın bizi xilas etməsi üçün, “hörmətsizliyi və dünyəvi ehtirasları rədd edib, bu dünyada təmkinli, saleh və Allah yoluna uyğun bir ömür” sürməliyik (Titusa 2:12). Bir məsihçi kimi ayıq olmalıyıq ki, cismani ehtiras və məşğuliyyətlə bağlı olan heç bir zəiflik Allaha ixlasımızı pozub, məhv etməsin. Gəlin bu təhlükələrdən bə’zilərinə diqqət yetirək.
Allaha olan ixlasa qarşı yaranan təhlükələrdən qorunun
14. Var-dövlət dalınca düşmək tələsi bizi özünə çəkirsə, nəyi yadda saxlamalıyıq?
14 Var-dövlət dalınca düşmək bir çoxları üçün tələyə çevrilir. Biz, “Allah yolunun qazanc mənbəyi olduğunu” düşünməklə öz-özümüzü aldada bilərik. Bu isə bizi, həmimanlılarımızın e’tibarından sui-istifadə etməyə təhrik edə bilər (1 Timoteyə 6:5). Hətta səhv olaraq belə bir nəticəyə gələ bilərik ki, aldığımız pulu qaytara bilməyəcəyimizi qabaqcadan bilərək, imkanlı məsihçidən borc istəməkdə qəbahət bir şey yoxdur (Məzmur 37:21). Lakin “indiki və gələcək həyat üçün ümid” maddi şeylər əldə etməkdən yox, Allaha ixlasdan ibarətdir (1 Timoteyə 4:8). ‘Dünyaya heç bir şey gətirmədiyimiz və oradan heç bir şey də apara bilmədiyimiz’ üçün, səmimi qəlbdən daha da çalışacağıq ki, ‘əlimizdə olanla kifayətlənərək Allah yoluna bağlı qalaq və yeməyimiz, paltarımız varsa, bunlarla kifayətlənək’ (1 Timoteyə 6:6-11).
15. Zövq dalınca düşmək Allaha ixlaskar olmağımızı sıxışdırıb aradan çıxarmaq təhlükəsi yaradırsa, hansı tədbiri görə bilərik?
15 Zövq dalınca düşmək Allaha ixlasımızı sıxışdırıb aradan çıxara bilər. Bu sahədə bizə tə’cili dəyişiklik etmək lazım deyilmi? Sözsüz ki, bədən üçün məşq və istirahət müəyyən qədər faydalıdır. Lakin əbədi həyatla müqayisədə onların faydası azdır (1 Yəhya 2:25). Bu gün çoxları ‘zövqü Allahdan çox sevirlər. Allah yolunda imiş kimi görünür, amma o yolun qüdrətini inkar edirlər’, bu cür adamlardan isə biz üz döndərməliyik (2 Timoteyə 3:4, 5). Allaha ixlaskar olmağa xüsusi diqqət yetirən kəslər isə “özlərinə gələcək üçün yaxşı təməl olacaq bir xəzinə” toplayırlar ki, “əbədi həyata nail olsunlar” (1 Timoteyə 6:19).
16. Hansı günahlı ehtiraslar bə’zi insanları Allahın ədalətli tələblərinə müvafiq yaşamağa qoymur və biz bu ehtiraslara necə üstün gələ bilərik?
16 Allaha ixlası, alkoqol və narkotik maddələrdən sui-istifadə, əxlaqsızlıq və günahlı ehtiraslar puç edə bilər. Bu cür sınaqların tə’sirinə düşərək, Allahın ədalətli normalarına müvafiq ola bilməyəcəyik (1 Korinflilərə 6:9, 10; 2 Korinflilərə 7:1). Hətta Pavel günahkar bədəni ilə daima mübarizə aparmalı olmuşdur (Romalılara 7:21-25). Yanlış istəkləri kənar etmək üçün ciddi tədbirlər görmək lazımdır. Beləliklə biz, əxlaqca təmiz qalmaq qərarında qətiyyətli olmalıyıq. Pavel bizə deyir: “Daxili varlığınızın dünyəvi yönlərini — cinsi əxlaqsızlıq, natəmizlik, şəhvət, pis ehtiras və bütpərəstlik olan tamahkarlığı — öldürün” (Koloslulara 3:5). Daxili varlığımızın üzvlərini bu cür günahlar üçün öldürməkdə qətiyyət tələb olunur, çünki yanlış istəkləri bütünlüklə kökündən kəsmək lazımdır. Bu natəmiz dünyada yaşayaraq, kömək üçün ürəkdən etdiyimiz dualar yanlış istəkləri qoparıb atmağa, ədalətə və Allaha ixlasa can atmağa kömək edəcək.
17. Nəsihətə necə yanaşmalıyıq?
17 Mə’yusluq təhəmmülümüzü zəiflədib, Allaha olan ixlasımıza zərər yetirə bilər. Yehovanın xidmətçilərinin bir çoxu mə’yusluğa düçar olmuşlar (Saylar 11:11-15; Ezra 4:4; Yunus 4:3). Məsələn, bizi ciddi surətdə məzəmmət edəndə və ya nəsihət verdiklərinə görə özümüzü təhqir olunmuş hiss edəndə, qəzəblə qarışmış mə’yusluq hissi bizə xüsusilə çox əziyyət verir. Lakin məzəmmət və nəsihət Allahın bizimlə maraqlandığına, Onun bizim qeydimizə qaldığına şəhadət edir (İbranilərə 12:5-7, 10, 11). Nəsihətə tənbeh kimi yox, salehlik yolu ilə yerimək imkanı kimi yanaşmaq lazımdır. Əgər təvazökarıqsa, ‘tərbiyə üçün edilən məzəmmətin həyat yolu olduğunu’ dərk edərək, nəsihətləri yüksək qiymətləndirəcək və qəbul edəcəyik (Süleymanın məsəlləri 6:23). Bu, Allaha ixlaskar olmağa can ataraq, ruhən tez böyüməyimizə kömək edəcək.
18. İnciklik baş verən zaman, üzərimizə hansı məs’uliyyət düşür?
18 Anlaşılmazlıq və inciklik üzündən Allaha ixlaskar olmağımızla çətinlik yarana bilər. Anlaşılmazlıq və inciklik insanı rahatlıqdan məhrum edib, onu düşüncəsiz hərəkətə — ruhani bacı-qardaşlardan ayrılmağa təhrik edə bilər (Süleymanın məsəlləri 18:1). Ancaq unutmaq olmaz ki, başqalarına qarşı ürəyində kin saxlayıb, daima ədavət aparmaqla, Yehova ilə münasibəti pozmaq olar (Levililər 19:18). Bundan əlavə, “gördüyü qardaşını sevməyən görmədiyi Allahı necə sevə bilir?” (1 Yəhya 4:20). İsa Dağüstü təbliğində şəxsi münaqişələri dərhal həll etməyin vacibliyini vurğuladı. O, dinləyicilərinə belə dedi: “Əgər öz qurbanını qurbangah qarşısına gətirdiyin zaman orada yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını orada qurbangahın qarşısında qoy, get əvvəlcə qardaşın ilə barış və ondan sonra gəl, qurbanını təqdim et” (Matta 5:23, 24). Üzr diləmək acıqla deyilmiş sözdən və ya edilmiş hərəkətdən əmələ gələn yaranın sağalmasına kömək edər. Əgər biz üzr diləyib, pis davrandığımızı e’tiraf edəriksə, bu, yaranan incikliyi aradan qaldırar və yaxşı münasibətləri bərpa etməyə kömək edər. Çətinlikləri həll etməyə dair İsa başqa məsləhət də vermişdir (Matta 18:15-17). Yaranan çətinlikləri həll etmək üçün göstərdiyimiz sə’y səmərə gətirdikdə biz necə də sevinirik! (Romalılara 12:18; Efeslilərə 4:26, 27).
İsanın nümunəsini təqlid edin
19. İsanın nümunəsini təqlid etmək nə üçün olduqca vacibdir?
19 Sınaqlardan qaçınmaq mümkün deyil, amma yol vermək olmaz ki, onların ucbatından əbədi həyata aparan yoldan uzaqlaşaq. Unutmayın ki, Yehova bizi sınaqlardan qurtarmağa qadirdir. “Bizi asanlıqla çaşdıran” hər nə varsa “tərk edib, qarşımıza qoyulan yarışda mətanətlə” qaçaraq, gəlin “imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya baxaq” (İbranilərə 12:1-3). Əgər İsanın nümunəsini diqqətlə öyrənib, söhbətimizdə və davranışımızda onu təqlid etməyə çalışırıqsa, bu, Allaha ixlası inkişaf etdirib, onu daha çox təzahür etdirməkdə bizə kömək edəcək.
20. Təhəmmül və Allaha ixlas hansı mükafatları gətirir?
20 Təhəmmül və Allaha ixlas bir-biri ilə sıx bağlıdır — hər iki keyfiyyət birlikdə xilasa nail olmaqda bizə kömək edir. Bu dəyərli keyfiyyətləri təzahür etdirərək, biz, Allaha müqəddəs xidmətimizi davam etdirə bilərik. Biz, hətta sınaqlarla qarşılaşan zaman belə sevinc duyacağıq, çünki ixlas və təhəmmül kimi keyfiyyətləri təzahür etdirdiyimiz üçün Yehovanın nəcib məhəbbətini üzərimizdə hiss edəcək və Onun xeyir-dualarını alacağıq (Yaqub 5:11). Bundan savayı, İsanın özü demişdir: “Öz canlarınızı səbirlə xilas edin” (Luka 21:19).
Siz necə cavab verərdiniz?
• Təhəmmül nəyə görə böyük əhəmiyyət kəsb edir?
• Allaha ixlas nə deməkdir və hansı sahələrdə təzahür etdirilir?
• Allahla sıx münasibəti necə inkişaf etdirib, qoruya bilərik?
• Allaha olan ixlasımıza qarşı hansı təhlükələr mövcuddur və onlardan necə qaçına bilərik?
[8 və 9-cu səhifələrdəki şəkillər]
Allaha ixlas çox sahələrdə təzahür edilir.
[10-cu səhifədəki şəkillər]
Allaha olan ixlasa qarşı təhlükələrdən qorunun.