«Hər növ tamahkarlıqdan özünüzü saxlayın»
«İnsan həyatı onun var dövlətinin çoxluğundan asılı deyildir» (LUKA 12:15).
1, 2. a) Bu gün insanların maraq və məşğuliyyəti nədən ibarətdir? b) Belə ab-hava bizə necə tə’sir edə bilər?
PUL, var-dövlət, nüfuz, yüksək məvacibli iş, ailə. İnsanların əksəriyyəti müvəffəqiyyəti məhz bunlarla ölçür, xoşbəxt gələcəyi bunlarda görür. İstər varlı, istərsə də kasıb ölkələrdə çoxlarının maraq və məşğuliyyətinin yalnız pul qazanmaq olduğu göz qabağındadır. Ruhani şeylərə maraq isə, əgər var idisə də, artıq yox olmaq üzrədir.
2 Hər şey qabaqcadan Müqəddəs Kitabda deyildiyi kimi baş verir: «Axır günlərdə çətin anlar gələcəkdir. Çünki insanlar xudbin, pulpərəst... olacaq, zövqü Allahdan çox sevəcək. Allah yolunda imiş kimi görünəcək, amma o yolun qüdrətini inkar edəcəklər» (2 Timoteyə 3:1-5). Bu cür insanların içində yaşayan həqiqi məsihçilər onların həyat və düşüncə tərzini mənimsəməmək üçün daim mübarizə aparmalı olurlar. Dünyanın bizi öz çərçivəsinə salmaması üçün nə edə bilərik? (Romalılara 12:2).
3. Biz indi İsanın hansı məsləhətini nəzərdən keçirəcəyik?
3 «İmanımızın Banisi və Kamilləşdiricisi» İsa Məsih buna dair bizə ibrət dərsləri verib (İbranilərə 12:2). Bir dəfə İsa camaata ruhani şeylərdən danışanda, bir kişi onun sözünü kəsib xahiş etdi: «Müəllim! Qardaşıma de ki, mirası mənimlə bölsün». Cavabında İsa həmin adama və dinləyicilərinə bir neçə ciddi məsləhət verdi. O, tamahkarlığa qarşı ciddi xəbərdarlıq verdi, sonra isə ibrətamiz məsəl çəkərək bu xəbərdarlığı daha da gücləndirdi. Yaxşı olardı ki, İsanın sözlərinə ciddi yanaşaq və görək bu məsləhətlərə əməl etməyin xeyri nədir (Luka 12:13-21).
Yersiz xahiş
4. Nəyə görə kişinin İsanın sözünü kəsməsi yersiz idi?
4 Kişi İsanın sözünü kəsməzdən əvvəl o, şagirdləri və digərlərinə ikiüzlülükdən çəkinməkdən, adamlar qarşısında İnsan Oğlunu iqrar etmək cəsarətindən və müqəddəs ruhun köməyini almaqdan danışırdı (Luka 12:1-12). Bunlar şagirdlərin hafizələrində həkk etməli olduqları vacib fikirlər idi. Söhbətin ən maraqlı yerində kişi İsanın sözünü ağzında qoyub, əmlak barədə ailə mübahisəsini həll etməyi xahiş etdi. Bu hadisədən vacib ibrət dərsi alırıq.
5. Kişinin xahişi onun haqqında nəyi üzə çıxardı?
5 Bir kitabda yazıldığına görə, «dini nəsihətə qulaq asarkən adamın nə haqda fikirləşməsi çox vaxt onun necə insan olduğunu göstərir». İsa ciddi ruhani mövzular haqqında danışarkən, görünür, kişinin fikri-zikri maddi mənfəət əldə etməkdə idi. Onun mirasla bağlı şikayət üçün əsaslı səbəbi olub-olmaması haqda heç bir şey deyilmir. Yəqin ki, o, İsanın səlahiyyətindən və müdrik hakim nüfuzundan öz xeyrinə istifadə etmək istəyirdi (Yeşaya 11:3, 4; Matta 22:16). Hər nə olursa olsun, onun xahişi ürəyinin dərinliyindəki ciddi problemi — ruhani məsələləri qiymətləndirmədiyini üzə çıxardı. Bəs biz özümüzü yoxlamalı deyilikmi? Məsələn, məsihçi görüşlərində fikrimiz asanlıqla yayınıb, görüşdən sonra görəcəyimiz işlərin yanına gedə bilər. Ancaq görüşdə diqqətlə qulaq asmaq, səmavi Atamız Yehova Allahla və həmimanlılarımızla münasibətimizi yaxşılaşdırmaq üçün eşitdiklərimizi necə tətbiq edə biləcəyimiz haqqında düşünmək lazımdır (Məzmur 22:22; Mark 4:24).
6. İsa nəyə görə kişinin istəyini yerinə yetirmədi?
6 Kişini belə xahişi etməyə hər nə təşviq etsə də, İsa onun istəyini yerinə yetirmədi. Əksinə, İsa cavab verdi: «Ey adam, kim Məni sizi mühakimə etməyə, yaxud malınızı bölməyə tə’yin etdi?» (Luka 12:14). Bu sözlərlə İsa hamıya yaxşı mə’lum olan bir şeyə istinad etdi: belə məsələləri həll etmək üçün, Musanın qanununa əsasən, şəhərlərdə hakimlər tə’yin olunmuşdu (Qanunun təkrarı 16:18-20; 21:15-17; Rut 4:1, 2). İsa isə daha vacib şeylərlə — Padşahlıq haqqında həqiqətə şahidlik etmək və Allahın iradəsini insanlara öyrətməklə məşğul idi (Yəhya 18:37). Biz də İsanın nümunəsini izləyərək başımızı adi həyat qayğılarına qarışdırmır, əksinə, vaxtımızı və gücümüzü xoş xəbərin təbliğinə və bütün xalqlardan şagirdlər hazırlamağa sərf edirik (Matta 24:14; 28:19).
Özünüzü tamahkarlıqdan gözləyin
7. İsa kişinin xahişində nəyi sezdi?
7 İnsanın ürəyinin dərinliyindəki niyyətləri ayırd edə bilən İsa kişinin xahişində daha ciddi şeyin gizləndiyindən agah idi. Buna görə də İsa onun xahişini rədd etməklə kifayətlənmədi, məsələnin kökünə gedərək dedi: «Diqqətli olun, hər növ tamahkarlıqdan özünüzü saxlayın, çünki insan həyatı onun var dövlətinin çoxluğundan asılı deyildir» (Luka 12:15).
8. Tamahkarlıq nədir və o nəyə gətirib çıxara bilər?
8 Tamahkarlıq düzgün məqsədlə istifadə etmək üçün pul və ya hər hansı əşyanı əldə etmək arzusu deyil. Tamahkarlıq varlanmağa, şey yığmağa həddən artıq hərislik, başqasının malında gözü olma deməkdir. Tamahkar şəxs ehtiyacı oldu-olmadı, sadəcə əldə etmək xatirinə, başqalarını nəzərə almadan nəyisə acgözlüklə arzulayır. Həmin şey fikirlərinə, hərəkətlərinə elə hakim kəsilir ki, mahiyyət e’tibarilə onun allahına çevrilir. Yadımıza salaq ki, həvari Pavel tamahkar adamı Allahın padşahlığını miras almayacaq bütpərəst adlandırmışdı (Efeslilərə 5:5; Koloslulara 3:5).
9. Tamahkarlıq özünü necə büruzə verir? Nümunə çəkin.
9 Maraqlıdır ki, İsa «hər növ tamahkarlıqdan» özümüzü saxlamağı məsləhət görürdü. Tamahkarlıq özünü müxtəlif cür büruzə verir. On əmrin sonuncusunda onların bə’ziləri sadalanır: «Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qaravaşına, öküzünə, eşşəyinə — heç bir şeyinə tamah salma» (Çıxış 20:17). Müqəddəs Kitabda müxtəlif şeylərə tamah salaraq ciddi günah işlədən şəxslərin nümunələri var. Ən birinci tamahkarlıq edən Şeytan oldu. O, başqasına, yalnız Yehovaya məxsus olan şeylərə — izzətə, şərəfə və hakimiyyətə tamah salmışdı (Vəhy 4:11). Həvva ixtiyarının öz əlində olmasını istədi, onun aldanması isə bəşəriyyəti günah və ölümə sürüklədi (Yaradılış 3:4-7). Bə’zi mələklər öz mövqeyinə qane olmayıb, haqları çatmayan şeyə görə məskənlərini tərk edib cin oldular (Yəhuda 6; Yaradılış 6:2). Balamın, Akanın, Gehazinin və Yəhudanın da ürəyində tamah kök salmışdı. Həyatlarına qane olmaq əvəzinə, onlar hərisliyə təslim oldular və özlərinə olan e’timaddan sui-istifadə etdilər. Bu isə onları fəlakətə və həlaka apardı.
10. İsanın nəsihətinə uyğun olaraq necə diqqətli ola bilərik?
10 İsanın tamahkarlığa dair xəbərdarlığına «diqqətli olun» sözləri ilə başlaması necə də yerindədir! Çünki başqasının acgözlüyünü, tamahkarlığını görmək asandır, ancaq çox az adam özünün belə olduğunu boynuna alar. Həvari Pavel ‘hər cür pisliyin kökünün pulpərəstlik’ olduğunu göstərir (1 Timoteyə 6:9, 10). Şagird Yaqub isə izah edir ki, ehtiras «boylu qalıb günah doğurur» (Yaqub 1:15). İsanın nəsihətinə uyğun davranaraq, biz başqalarında tamahkarlığın əlamətlərini axtarmaq üçün deyil, öz ürəyimizdə hansı arzuların kök saldığını yoxlamaq üçün ‘diqqətli olmalıyıq’ ki, özümüzü hər növ tamahkarlıqdan qoruyaq.
Var-dövlətin çoxluğu
11, 12. a) İsa tamahkarlığa dair hansı xəbərdarlığı verdi? b) İsanın xəbərdarlığına nəyə görə ciddi yanaşmalıyıq?
11 Özümüzü tamahkarlıqdan saxlamağın digər vacib səbəbi də vardır. İsanın sonrakı sözlərinə fikir verin: «İnsan həyatı onun var dövlətinin çoxluğundan asılı deyildir» (Luka 12:15). Xoşbəxtliyin və uğurun pulla ölçüldüyü var-dövlətə həris zəmanəmizdə İsanın sözləri üzərində çox ciddi düşünməliyik. Bu sözlərlə İsa göstərmişdi ki, mə’nalı və məmnunedici həyat insanın malik olduğu şeylərin çoxluğundan asılı deyil.
12 Ola bilsin, bə’ziləri bununla razılaşmır. Onlar düşünürlər ki, maddi əşyalar həyatı daha rahat, xoş, deməli daha mə’nalı edir. Buna görə də onlar özlərini tamamilə işə həsr edirlər ki, istədikləri hər şeyi və texniki yenilikləri alsınlar. Belə adamların fikrincə, bütün bunlar həyatlarını rahat və uğurlu edəcək. Ancaq belə düşünməklə onlar İsanın toxunduğu bir məqamı nəzərdən qaçırırlar.
13. Həyata və əmlaka tarazlı münasibət necə olmalıdır?
13 İsa varlı olmağın yaxşı və ya pis olduğundan danışmadı, o, sadəcə dedi ki, insanın həyatı malik olduğu şeylərdən asılı deyil. Mə’lumdur ki, yaşamaq üçün əslində çox şey lazım deyil. Bir az yemək, geyinmək üçün bir-iki dəst paltar və başımızı qoymağa bir yer kifayətdir. Varlı adamda bu kimi şeylər çoxdur, kasıba isə ehtiyaclarını ödəmək üçün çox çalışmaq lazım gəlir. Ancaq həyat sona çatanda kasıbla varlı bərabərləşir, bütün fərqlər aradan qalxır (Vaiz 9:5, 6). Mə’nalı həyat ala biləcəyimiz və ya malik olduğumuz şeylərdən asılı deyil, heç asılı olmamalıdır da. İsanın hansı həyatdan danışdığını araşdırsaq, bu fikir bizə aydın olacaq.
14. Lukanın müjdəsində «həyat» kimi tərcümə olunan sözdən nə mə’lum olur?
14 Luka İsanın ‘həyat var dövlətin çoxluğundan asılı deyil’ sözlərini yazanda, «həyat» sözü üçün yaşayış tərzinə yox, tam mə’nada həyatın özünə aid olan sözdən (yunanca zoe) istifadə etmişdia. İsa deyirdi ki, fərqi yoxdur biz kasıbıq, ya varlı, cah-calal içində yaşayırıq, yoxsa güc-bəla ilə dolanırıq ömrümüz və hətta sabah sağ olub-olmayacağımız öz əlimizdə deyil. Dağüstü təbliğində İsa demişdi: «Sizlərdən kim qayğı çəkməklə boyunu bir arşın artıra bilər?» (Matta 6:27). Müqəddəs Kitab açıq-aydın göstərir ki, «həyat mənbəyi» yalnız Yehovadır və ancaq O, sadiq xidmətçilərinə ‘həqiqi həyatı’, yə’ni göydə və ya yerdə ‘əbədi həyatı’ verə bilər (Məzmur 36:9; 1 Timoteyə 6:12, 19, İ–93).
15. Nəyə görə bir çoxları əmlaklarına sığınırlar?
15 İsanın sözlərindən görürük ki, insanların həyata baxışı çox asanlıqla təhrif olunur. Hamı — kasıblar da, varlılar da qeyri-kamildir və onların aqibəti eynidir. Qədimdə yaşayan Musa demişdir: «Yetmiş il ömür sürərik, sağlam olsaq, səksənə yetişərik. Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir, ömrümüz tez bitir, uçub gedir» (Məzmur 90:10; Əyyub 14:1, 2; 1 Peter 1:24). Buna görə də Allahla sıx münasibətləri olmayan insanlar «gəlin yeyək və içək, çünki sabah öləcəyik» şüarı ilə yaşayırlar (1 Korinflilərə 15:32). Digərləri isə həyatın ötəri və dəyişkən olduğunu görərək var-dövlətə sığınırlar. Yəqin onlar düşünürlər ki, çoxlu mal-mülk insana təhlükəsizlik gətirir. Buna görə onlar təhlükəsizliyi və xoşbəxtliyi səhvən var-dövlətdə görərək onu artırmaq üçün gecə-gündüz işləyirlər (Məzmur 49:6, 11, 12).
Təhlükəsiz gələcək
16. Həyatın həqiqi dəyəri nə ilə ölçülmür?
16 Düzdür, yüksək həyat səviyyəsi — çeşid-çeşid qidalar, geyimlər, mənzillər və başqa şeylərin bolluğu həyatı daha da rahatlaşdıra və hətta daha yaxşı müalicə almağa kömək edə bilər ki, bunun da sayəsində insanın ömrü bir neçə il uzanar. Ancaq belə həyat həqiqətənmi daha mə’nalı və təhlükəsizdir? Həyatın həqiqi dəyəri yaşanan illərlə və ya əmlakın çoxluğu ilə ölçülmür. Həvari Pavel belə şeylərə həddindən artıq güvənməyin təhlükəli olduğunu göstərmişdi. O, Timoteyə yazmışdı: «İndiki zəmanədə varlı olanlara tapşır ki, təkəbbürlü olmasınlar və güvənilə bilməyən var-dövlətə bel bağlamasınlar, lakin zövq almamız üçün bizə hər şeyi bolluqla verən yaşayan Allaha ümid bəsləsinlər» (1 Timoteyə 6:17).
17, 18. a) Kimlərin mal-mülkə münasibəti təqlid edilməyə layiqdir? b) Növbəti məqalədə İsanın hansı məsəli müzakirə ediləcək?
17 Ümidi var-dövlətə bağlamaq müdriklik deyil, çünki var-dövlət bu gün var, sabah yoxdur. Əyyub çox varlı idi, ancaq qəflətən fəlakət baş verəndə var-dövləti ona kömək etmədi, o, hər şeyini itirdi. Bütün sınaq və əziyyətlərdə ona dayaq olan Allahla sıx münasibəti idi (Əyyub 1:1, 3, 20-22). İbrahim yol vermədi ki, var-dövləti ona Yehovanın çətin tapşırığını yerinə yetirməyə mane olsun, Yehova da onu mükafatlandıraraq «çoxlu millətin atası» etdi (Yaradılış 12:1, 4; 17:4-6). Bu kimi nümunələr təqlid edilməyə layiqdir. İstər yaşlı, istərsə də cavan olaq hamımız özümüzü yoxlamalıyıq ki, görək həyatımızda nəyi vacib sayır, ümidimizi nəyə bağlayırıq (Efeslilərə 5:10; Filipililərə 1:10).
18 İsanın tamahkarlıq və həyata düzgün baxış haqqında dediyi bu bir neçə söz doğrudan da dərin mə’nalı və ibrətamizdir. Ancaq İsanın sözləri bununla bitmədi, sonra o, ağılsız varlı haqqında bir məsəl də söylədi. Bu məsəl bizə necə aiddir və ondan nə öyrənə bilərik? Növbəti məqalədə söhbət bu haqda gedəcək.
[Haşiyə]
a «Həyat» kimi tərcümə olunan digər yunan sözü «bios»dur. «Biologiya», «bioqrafiya» kimi sözlər bu sözdən yaranmışdır. «Vaynın Əhdi-Ətiq və Əhdi-Cədidin sözlərinə dair izahlı lüğəti»nə əsasən, «bios» «ömrün uzunluğuna», «yaşayış tərzinə» və «həyat üçün vəsaitlərə» aiddir.
Necə cavab verərdiniz?
• İsanın kişinin xahişini yerinə yetirməməsindən nə öyrənirik?
• Özümüzü tamahkarlıqdan nə üçün gözləməliyik və bunu necə edə bilərik?
• Nəyə görə həyat var-dövlətdən asılı deyil?
• Həyatı həqiqətən də dəyərli və təhlükəsiz edən nədir?
[23-cü səhifədəki şəkil]
İbrahim var-dövlətə düzgün yanaşdığını necə göstərdi?