“Allahın möhtəşəm işləri” ilə təşviq olunanlar
“Onların öz dillərimizdə Allahın möhtəşəm işləri barədə danışdıqlarını eşidirik” (HƏVARİLƏRİN İŞLƏRİ 2:11).
1, 2. Eramızın 33-cü ilinin Pentikost günündə Yerusəlimdə hansı qəribə hadisə baş verdi?
ERAMIZIN 33-cü ilinin bir yaz səhəri, İsa Məsihin, Yerusəlimdə şəxsi evə toplaşan kişi və qadınlardan ibarət bir qrup şagirdinin başına qəribə iş gəlir. “Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onlara” göründü və “hamısı Müqəddəs Ruhla doldu və... başqa-başqa dillərdə danışmağa başladılar” (Həvarilərin işləri 2:2-4, 15).
2 Evin qarşısına böyük izdiham toplaşmışdı. Orada, başqa ölkələrdə doğulmuş yəhudilər, “dindar adamlar” vardı. Onlar Yerusəlimə Pentikost bayramını qeyd etməyə gəlmişdilər. Yığılanlar heyrət içində idilər: bu insanların hər biri İsanın şagirdlərinin “Allahın möhtəşəm işləri barədə” onların öz ana dilində danışdığını eşidirdi. Bunu necə izah etməli, axı danışanların hamısı qalileyalı idilər? (Həvarilərin işləri 2:5-8, 11).
3. Pentikost günü Peter xalqa nə dedi?
3 Bu qalileyalılardan biri həvari Peter idi. O izah etdi ki, bir neçə həftə qabaq İsa Məsih ədalətsiz adamlar tərəfindən qətlə yetirildi. Allah isə öz Oğlunu ölülərdən diriltdi. Sonra İsa bir çox başqa şagirdlərinə, o cümlədən Peterə və hal-hazırda onun nitqini dinləyən başqalarına göründü. Cəmi on gün qabaq İsa göyə qalxdı. Şagirdlərinin üzərinə də müqəddəs ruhu tökən o idi. Bütün bunlar, Pentikost bayramını qeyd edənlər üçün bir mə’na kəsb edirdimi? Bəli, sözsüz. İsanın ölümü, ona iman gətirərdilərsə onlara günahların bağışlanmasını və “Müqəddəs Ruhun ən’amını” əldə etmək imkanı verərdi (Həvarilərin işləri 2:22-24, 32, 33, 38). Yığılanlar “Allahın möhtəşəm işləri barədə” eşidəndə necə hay verdilər? Və bu hadisə, Yehovaya şəxsi xidmətimizi qiymətləndirməkdə bizə necə kömək edər?
Fəaliyyətə təşviq olunublar!
4. Eramızın 33-cü ilinin Pentikost günündə Yoelin hansı peyğəmbərliyi yerinə yetdi?
4 Müqəddəs ruh alan kimi şagirdlər, həmən səhər toplaşanlardan başlayaraq, xilas haqqındakı xoş xəbəri Yerusəlimdə başqaları ilə bölüşməyə başladılar. Onların təbliği ilə, Petuelin oğlu Yoelin səkkiz əsr qabaq yazdığı heyrət doğuran peyğəmbərlik yerinə yetdi: “Bütün bəşər üzərinə Ruhumu tökəcəyəm; oğullarınız da, qızlarınız da peyğəmbərlik edəcəklər, ixtiyarlarınız rö’yalar görəcəklər, gəncləriniz xəyallar görəcəklər; o günlərdə kölələr üzərinə də, cariyələr üzərinə də Ruhumu tökəcəyəm. Rəbbin böyük və qorxunc günü gəlmədən öncə” (Yoel 1:1; 2:28, 29, 31; Həvarilərin işləri 2:17, 18, 20).
5. Birinci əsrin məsihçiləri hansı mə’nada peyğəmbərlik etməli idilər? (Haşiyəyə baxın.)
5 Bu o demək idimi ki, Allah özünə Davud, Yoel və Debora kimi peyğəmbər kişi və qadınlar nəsli tə’yin edib, onların vasitəsilə gələcək hadisələri xəbər verəcəkdi? Xeyr. Məsihçi “oğul” və “qızlar”, “kölə” və “cariyələr” o mə’nada peyğəmbərlik edəcəkdilər ki, Yehovanın ruhu onlara Onun etdiyi və etmək niyyətində olduğu “möhtəşəm işləri barədə” təbliğ etməyə təşviq edəcəkdi. Onlar Külli-İxtiyar Allahın adından danışacaqdılara. Xalq Pentikost günündə baş verənlərə necə hay verdi? (İbranilərə 1:1, 2).
6. Peteri dinləyənlərdən çoxu nəyə təşviq olundular?
6 Peterə qulaq asdıqdan sonra, toplaşanların əksəriyyəti fəaliyyət göstərməyə təşviq olundular. “Beləliklə, onun sözünü sevinclə qəbul edənlər vəftiz oldular. Və o gün üç minə yaxın adam cəmiyyətə qoşuldu” (Həvarilərin işləri 2:41). Onlar — yəhudilər və prozelitlər — artıq Müqəddəs Yazıların əsas biliklərini mənimsəmişdilər. Bu biliklər, həmçinin Peterdən öyrəndiklərinə iman gətirmələri, onların “Ata, Oğul və Müqəddəs Ruh naminə” vəftiz olunmalarına əsas kimi xidmət edirdi (Matta 28:19). Vəftiz olunduqdan sonra, onlar özlərini “həvarilərin tə’limi” ilə məşğul olmağa həsr etdilər. Eyni zamanda, yeni əldə etdikləri imanı başqaları ilə bölüşməyə başladılar. Onlar “hər gün birlikdə mə’bədə getməkdə davam edərək... Allaha həmd edərək, bütün xalq qarşısında lütf qazanırdılar”. Onların şəhadət etmələri bəhrələr gətirirdi: “Rəbb də xilas edilənləri gündən günə cəmiyyətə əlavə edirdi” (Həvarilərin işləri 2:42, 46, 47). Bu imanlıların yaşadıqları bir çox ölkələrdə məsihçi yığıncaqları yaranırdı. Şübhəsiz ki, bu artımın bir hissəsi, onların evə qayıtdıqdan sonra “Müjdəni” sə’ylə təbliğ etmələri ilə izah olunurdu (Koloslulara 1:23).
Allahın Kəlamı tə’sirlidir
7. a) Bu gün bütün millətlərdən olan insanları Yehovanın təşkilatına cəlb edən nədir? b) Bütün dünyada və yerli ərazinizdə sonrakı artım üçün hansı imkanları görürsünüz? (Haşiyəyə baxın.)
7 Bəs bu gün Allahın xidmətçisi olmaq istəyənlər barədə nə demək olar? Onlar da Allahın Kəlamını diqqətlə öyrənməlidirlər. Onlar Müqəddəs Kitabı öyrənərək, Yehovanı “çox acıyan və lütf edən, gec qəzəblənən və inayəti və həqiqəti çox olan” Allah kimi tanıyırlar (Çıxış 34:6; Həvarilərin işləri 13:48). Onlar, tökülən qanı ilə onların bütün günahlarını yuyan İsa Məsih vasitəsilə, Yehovanın məhəbbətlə təqdim etdiyi fidiyə haqqında xəbərdar olurlar (1 Yəhya 1:7). Onlarda, Allahın “həm saleh, həm də saleh olmayan ölüləri” diriltmək niyyətinə görə də minnətdarlıq hissi yaranır (Həvarilərin işləri 24:15). Onlar bu cür “möhtəşəm işlərin” Mənbəyinə qarşı məhəbbətlə dolur və bu qiymətli həqiqətləri təbliğ etməyə təşviq hissi duyurlar. Sonra onlar Allahın həsr olunmuş və vəftiz edilmiş xidmətçiləri olur və “Allahın biliyində” böyüməyə davam edirlərb (Koloslulara 1:10b; 2 Korinflilərə 5:14).
8-10. a) Bir məsihçi qadının başına gələn əhvalat, Allahın Kəlamının “tə’sirli” olduğunu necə göstərir? b) Bu hadisədən Yehova və Onun öz xidmətçiləri ilə necə davrandığı haqda nə öyrəndiniz? (Çıxış 4:12)
8 Allahın xidmətçilərinin Müqəddəs Kitabı öyrənən zaman əldə etdikləri biliklər səthi deyil. Bu biliklər onların ürəyinə toxunur, düşüncələrini dəyişir və onların bir hissəsi olur (İbranilərə 4:12). Məsələn, Kamilla adlı bir qadın xəstə baxıcısı işinə düzəldi. Onun vəzifəsinə qoca insanlara qulluq etmək daxil idi. Kamillanın qəyyumluğu altında olanlar arasında Marta adlı Yehovanın Şahidi vardı. Marta qocalıqla əlaqədar ağıl zəifliyindən əziyyət çəkirdi, buna görə də ona daima nəzarət etmək lazım gəlirdi. Yemək yeməyi, hətta ağzındakı qidanı udmağı belə onun yadına salmaq lazım idi. Lakin, görəcəyimiz kimi, Marta bir şeyi yadında möhkəm saxlayırdı.
9 Bir dəfə o, Kamillanın şəxsi problemlər ucbatından ağladığını gördü. Marta onu qucaqladı və Müqəddəs Kitabı öyrənməyi təklif etdi. Bəs Marta bu vəziyyətdə Müqəddəs Kitab öyrənməsi keçirə bilərdimi? Mə’lum oldu ki, bilər. Marta çox şeyi xatırlamasa da, böyük Allahını, həmçinin Müqəddəs Kitabdan öyrəndiyi dəyərli həqiqətləri unutmamışdı. Öyrənmə zamanı Marta Kamilladan hər abzası oxumağı, gətirilən Müqəddəs Kitab ayələrini açmağı, səhifənin axırındakı sualı oxumağı və bu suala cavab verməyi xahiş edirdi. Bir neçə müddət bu cür davam etdi və Martanın məhdud imkanlarına baxmayaraq, Kamilla Müqəddəs Kitab biliyində tərəqqi edirdi. Marta başa düşdü ki, Kamilla, Allaha xidmət etmək istəyən başqa adamlarla ünsiyyətdə olmalıdır. Padşahlıq Zalına gedə bilsin deyə, Marta Kamillaya paltar və ayaqqabı verdi.
10 Martanın bu cür diqqətli olması, onun nümunəsi və inamı Kamillaya tə’sir bağışladı. Kamilla belə bir nəticəyə gəldi ki, Martanın ona Müqəddəs Kitabdan öyrətməyə çalışdıqları çox vacibdir, axı Marta, demək olar, hər şeyi yaddan çıxarmışdı, yalnız Müqəddəs Yazılardan öyrəndiklərini xatırlayırdı. Sonradan Kamillanı başqa yerə köçürəndə, o başa düşdü ki, hərəkət etmək vaxtıdır. İmkan yaranan kimi, Martanın ona verdiyi paltar və ayaqqabıda Padşahlıq Zalına gəldi və ona Müqəddəs Kitabı öyrətmələrini xahiş etdi. Kamilla ruhani cəhətdən irəlilədi və vəftiz olundu.
Yehovanın normalarına riayət etməyə təşviq olunublar
11. Təbliğ işində sə’y göstərməkdən başqa, Padşahlıq haqqındakı xəbərin bizim ürəyimizə tə’siri daha nədə əks oluna bilər?
11 Bu gün bütün dünyada, Marta və Kamilla kimi, Yehovanın altı milyondan çox Şahidi “Padşahlıq haqqında olan... Müjdə”ni təbliğ edir (Matta 24:14, İ–93; 28:19, 20). Birinci əsrdə yaşayan məsihçilər kimi, “Allahın möhtəşəm işləri” onları da dərindən maraqlandırır. Onlar dərk edirlər ki, Yehovanın adını daşımaq şərəfinə layiq görülüblər və Yehova onların üzərinə müqəddəs ruhunu tökür. Nəhayət, onlar həyatlarının hər bir sahəsində Yehovanın normalarına riayət edərək, var qüvvələri ilə “Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən”razı salmağa çalışırlar. Buna, Allahın geyim və xarici görünüşlə əlaqədar verdiyi normalara hörmət etmək də aiddir (Koloslulara 1:10a; Titusa 2:10).
12. Geyimə və xarici görünüşə dair 1 Timoteyə 2:9, 10 ayələrində hansı qəti məsləhətlər yazılıb?
12 Bəli, Yehova xarici görünüşümüzə dair normalar tə’yin edib. Bu tələblərdən bə’zilərini həvari Pavel qeyd edib. “Qadınlar da utancaqlıq və mö’tədilliklə, ədəbli qiyafətlə özlərini bəzəsinlər. Saçlarını hörməklə, qızıl, mirvari yaxud bahalı paltarla deyil, Allaha hörmət etdiklərini iddia edən qadınlara yaraşan tərzdə özlərini xeyirli işlərlə bəzəsinlər”c. Bu sözlərdən nə öyrənirik? (1 Timoteyə 2:9, 10).
13. a) “Ədəbli qiyafət” deyəndə nə nəzərdə tutulur. b) Nəyə görə demək olar ki, Yehovanın normaları müdrikdir?
13 Pavelin sözləri göstərir ki, məsihçilər özlərini “utancaqlıq və mö’tədilliklə, ədəbli qiyafətlə” bəzəməlidirlər. Onlar çirkli, səliqəsiz və daranmamış görünməli deyillər. Faktiki olaraq hər bir kəs, hətta yoxsul adamlar belə, paltarlarının səliqəli, təmiz və layiqli olmasına diqqət yetirərək bu müdrik normalara riayət edə bilərlər. Məsələn, cənubi Amerika ölkələrindən birində yaşayan Şahidlər, vilayət konqresində olmaq üçün hər il cəngəlliklərlə çox kilometr məsafə keçməli olur, sonra isə uzun müddət kanoe ilə üzürlər. Çox vaxt kim isə suya yıxılır və ya paltarını kollara ilişdirərək cırır. Buna görə də konqresin keçiriləcəyi yerə çatdıqda, qardaşlar həmişə səliqəli görünmürlər. Lakin konqresə geyəcəkləri paltarın düymələrini tikməyə, ilgəklərini səliqəyə salmağa, paltarı yumağa və ütüləməyə vaxt tapırlar. Onlar Yehovanın süfrəsi arxasında qidalanmaq də’vətini qiymətləndirir və buna müvafiq tərzdə geyinmək istəyirlər.
14. a) “Utancaqlıq və mö’tədilliklə” geyinmək nə deməkdir? b) “Allaha hörmət etdiklərini iddia edən” insanlar kimi geyinmək bizim üçün hansı mə’nanı daşıyır?
14 Pavel davam edərək deyir ki, biz “utancaqlıq və mö’tədilliklə” geyinməliyik. Bu o deməkdir ki, biz cəlbedici, yersiz hisslər oyadan, açıq-saçıq və ya həddindən artıq dəbdəbəli paltar geyinməməliyik. Bundan əlavə, “Allaha hörmət” etdiyimiz paltarımızdan görünməlidir. Bunun üzərində düşünməyə dəyər. Yalnız yığıncağa getdiyimiz zaman ədəbli geyinmək, başqa vaxtlar isə ədəb qaydalarını unutmaq düzgün olardımı? Xarici görünüşümüz həmişə hörmət əks etdirməlidir, axı biz günün 24 saatını məsihçi və Allahın xidmətçisi olaraq qalırıq. Aydın məsələdir ki, bizim iş və məktəb paltarımız fəaliyyətimizin xarakterinə müvafiq olmalıdır. Buna baxmayaraq, biz hər halda sadə və ləyaqətlə geyinməliyik. Əgər Allaha inandığımız geyimimizdə həmişə əks olunarsa, xarici görünüşümüzdən utanaraq qeyri-rəsmi tərzdə şəhadətlik etməkdən boyun qaçırmarıq (1 Peter 3:15).
“Dünyanı... sevməyin”
15, 16. a) Nəyə görə geyimdə və xarici görünüşdə bu dünyanı təqlid etməməyimiz vacibdir? (1 Yəhya 5:19) b) Hansı praktiki səbəblər üzündən dəbdəbəli geyimdən qaçınmalıyıq?
15 “Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur. Çünki dünyada olan hər şey, yə’ni cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü Atadan deyil, dünyadandır”. 1 Yəhya 2:15, 16 ayələrində yazılan bu nəsihət, bizim üçün geyim və xarici görünüş sahəsində rəhbərlik kimi xidmət edir.
16 Necə də vaxtında verilən məsləhətdir! Mühitin tə’siri daha güclü olduğu bir əsrdə, nə geyəcəyimizə dair dünyanın bizə göstəriş verməsinə yol verməli deyilik. Son illər ərzində geyim stili pisləşibdir. Hətta işgüzar və sənətkar adamların geyimləri belə məsihçilər üçün hər zaman e’tibarlı me’yar deyil. Əgər biz Allahın normalarına müvafiq olaraq yaşamaq və bununla da “Xilaskarımız Allahın tə’limini cazibəli” etmək istəyiriksə, bu bizə daha bir əsas verir ki, “bu zəmanəyə” uyğunlaşmamağın vacibliyini yadda saxlayaq (Romalılara 12:2; Titusa 2:10).
17. a) Paltar alarkən və ya onun üslubuna baxarkən özümüzə hansı sualları verə bilərik? b) Ailə başçıları ailə üzvlərinin xarici görünüşü ilə nəyə görə maraqlanmalıdırlar?
17 Bu və ya digər əşyanı almazdan əvvəl yaxşı olardı ki, özümüzdən soruşaq: bu üslub nəyə görə xoşuma gəlir? Bu üslub mənə, vurğunu olduğum məşhur adamı xatırladırmı? Bu üslub, özlərində müstəqillik və qiyamçılıq ruhu əks etdirən küçə uşaqlarının quldur dəstəsi arasında dəbdədirmi? Bundan əlavə, biz geyimin özünə də diqqət yetirməliyik. Əgər bu don və ya yubkadırsa, nə qədər uzundur? Bu geyim sadədirmi, məsihçilərə layiqdirmi, ləyaqət əks etdirirmi? Yoxsa həddindən artıq sıx, yersiz hisslər oyadan və səliqəsizdir? Özünüzdən soruşun: mən belə geyimdə görünsəm, bu başqalarını büdrətməz ki? (2 Korinflilərə 6:3, 4). Bu bizi nəyə görə narahat etməlidir? Ona görə ki, Müqəddəs Kitab deyir: “Məsih də Öz qayğısına qalmamışdı” (Romalılara 15:3). Allahdan qorxan ailə başçıları, ailə üzvlərinin xarici görünüşü ilə maraqlanmalıdırlar. Əzəmətli Allahlarına hörmət hissindən irəli gələrək, ailə başçıları yeri gələndə ciddi, məhəbbətli məsləhət verməyə gecikməməlidirlər (Yaqub 3:13).
18. Geyimə və xarici görünüşə tam ciddiliklə yanaşmağa sizi nə təşviq edir?
18 Danışdığımız xəbər Yehovadan izhar olur, O isə, ləyaqət və müqəddəsliyin təcəssümüdür (İşaya 6:3). Müqəddəs Kitab bizi çağırır: “Sevimli övladlar kimi, Allahı təqlid edin” (Efeslilərə 5:1). Geyimimiz və xarici görünüşümüzlə səmavi Atamıza ya ehtiram edir, ya da adına ləkə gətiririk. Məgər Onun ürəyini sevindirmək istəmirikmi? (Süleymanın məsəlləri 27:11).
19. Başqalarına “Allahın möhtəşəm işləri barədə” danışmağımız hansı faydanı gətirir?
19 Haqqında eşitdiyiniz “Allahın möhtəşəm işləri” sizdə hansı hissləri oyadır? Məgər həqiqəti bildiyimiz üçün xoşbəxt deyilikmi? İsa Məsihin tökülmüş qanına iman gətirdiyimiz üçün, günahlarımız bağışlanır (Həvarilərin işləri 2:38). Bu isə bizə Allah qarşısında nitq azadlığı verir. Biz, ümidi olmayan insanlar kimi ölümdən qorxmuruq. Çünki İsa bizi əmin etdi ki, bir gün “qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar” (Yəhya 5:28). Yehova bütün bunları bizə iltifatı sayəsində açıb. Bütün bunlardan əlavə, O bizim üzərimizə müqəddəs ruhunu tökür. Qoy bu yaxşı bəxşişlərinə görə olan minnətdarlıq, bizi Onun yüksək normalarına riayət etməyə və “möhtəşəm işləri barədə” başqalarına danışaraq Onu izzətləndirməyə təşviq etsin!
[Haşiyələr]
a Yehova, Musa və Harunu fir’onla danışmaq və ondan Allahın xalqını buraxmağı tələb etmək üçün göndərəndə, Musaya dedi: “Bax səni Fir’ona Allah kimi etdim; və qardaşın Harun sənin peyğəmbərin olacaq” (Çıxış 7:1). Harun, peyğəmbər timsalında çıxış edərək gələcək hadisələri söyləmirdi, lakin Musanın adından danışırdı.
b 2002-ci il martın 28-də keçirilən, hər il qeyd olunan Rəbbin Xatirə Gecəsi bayramına gələn çoxsaylı insanların böyük əksəriyyəti Yehovanın fəal xidmətçiləri deyillər. Dua edirik ki, maraqlanan bu insanlardan çoxunun ürəyi tezliklə onları xoş xəbərin təbliğçiləri timsalında bu şərəfli xidmətə can atmağa təşviq etsin.
c Pavel bu sözləri məsihçi qadınlara yazsa da, bu sözlərdə ifadə olunan prinsiplər məsihçi yığıncağının digər üzvlərinə, kişilərə və gənclərə də aiddir.
Siz necə cavab verərdiniz?
• Eramızın 33-cü ilinin Pentikost günündə insanlar hansı “möhtəşəm işlər” barədə eşitdilər və buna necə hay verdilər?
• İsa Məsihin şagirdi necə olurlar və şagirdlik özünə nə daxil edir?
• Geyimimizə və xarici görünüşümüzə fikir vermək nəyə görə vacibdir?
• Məsihçilərə bu və ya digər geyimin, yaxud üslubun müvafiq olub-olmadığını qərara alarkən nəyə diqqət yetirmək lazımdır?
[29-cu səhifədəki şəkil]
Peter e’lan etdi ki, İsa ölülərdən dirildilmişdir.
[31-ci səhifədəki şəkillər]
Məsihçi valideynlər ailə üzvlərinin xarici görünüşü ilə maraqlanmalıdırlar.
[32-ci səhifədəki şəkillər]
Xarici görünüşünüzlə Allaha izzət gətirirsinizmi?