DƏRS 15
Yaxşı xarici görünüş
İNSANIN xarici görünüşündən onun haqqında çox şey öyrənmək olar. Yehova ürəyə baxdığı halda, insanlar adətən «zahirə» baxıb nəticə çıxarırlar (1 Şam. 16:7). Sən təmiz və səliqəli görünəndə, çox ehtimal ki, ətrafdakılar sənin özünə hörmət etdiyin qənaətinə gələcək və qulaq asmağa daha çox meyilli olacaqlar. Münasib geyim tərzin, eyni zamanda insanlarda təmsil etdiyin təşkilat və ibadət etdiyin Allah haqda müsbət fikir yaradacaq.
Nəyi rəhbər tutmalı? Müqəddəs Kitabda xarici görünüşlə bağlı çoxlu qayda-qanun yoxdur. Lakin orada düzgün qərarlar qəbul etməyimizə kömək edən prinsiplər var. Onların əsasında duran fikir budur: ‘hər şey Allahın izzəti üçün edilməlidir’ (1 Kor. 10:31). Xarici görünüşümüzlə bağlı olan prinsiplər hansılardır?
Birincisi, Müqəddəs Kitab həm bədənimizi, həm də paltarımızı təmiz saxlamağa təşviq edir. Qədim İsrailə verdiyi Qanunda Yehova təmizliyə dair tələblər irəli sürmüşdü. Məsələn, kahinlər xidmətlərini icra edən zaman müəyyən vaxtlarda çimməli və paltarlarını yumalı idilər (Lev. 16:4, 24, 26, 28). Məsihçilər Musanın Qanunu altında olmasalar da, oradakı prinsiplər hələ də qüvvədədir (Yəh. 13:10; Vəhy 19:8). Xüsusilə də ibadət yerinə gedərkən, yaxud xidmətdə iştirak edərkən bədənimiz və paltarımız təmiz olmalı, ağzımızdan pis qoxu gəlməməlidir, yoxsa başqaları özünü narahat hiss edər. Yığıncaq qarşısında çıxış edənlər, yaxud səhnəciklərdə iştirak edənlər bu baxımdan nümunəvi olmalıdırlar. Xarici görünüşümüzə diqqət yetirməklə Yehovaya və Onun təşkilatına hörmət etdiyimizi göstəririk.
İkincisi, Müqəddəs Kitab bizə sadə və ədəbli olmağı nəsihət edir. Həvari Pavel məsihçi qadınları təşviq edirdi ki, onlar «saçlarını cürbəcür hörməklə, qızıl, mirvari, yaxud bahalı paltarla deyil,.. ədəbli və sağlamdüşüncəli olmaqla, Allaha hörmət etdiklərini iddia edən qadınlara yaraşan tərzdə, xeyirli işlərlə özlərini bəzəsinlər» (1 Tim. 2:9, 10, YD). Kişilərin də geyimindən və xarici görünüşündən ədəbli və sağlamdüşüncəli olduqları görünməlidir.
Ədəbli insan başqalarının hisslərinə toxunmaq və özünə həddən artıq diqqət cəlb etmək istəmir. Sağlamdüşüncəlilik özünü uzaqgörənlikdə, başqa sözlə hər şeyi ölçüb-biçməkdə büruzə verir. Belə keyfiyyətləri təzahür etdirən insan Allahın normalarına hörmətlə yanaşdığı üçün tarazlı davranır. Ədəbli və sağlamdüşüncəli olmaq zövqlə geyinməyi istisna etmir, sadəcə olaraq xarici görünüşə gəldikdə bu keyfiyyətlər ağıllı davranmağa, geyimdə və bəzək-düzəkdə ifrata varmamağa kömək edir (1 Yəh. 2:16). İbadət yerində və xidmətdə olmağımızdan, yaxud başqa işlərlə məşğul olmağımızdan asılı olmayaraq, biz bu prinsiplərə riayət etmək istəyirik. Hətta gündəlik geyimimiz də ədəbli olmalı, sağlamdüşüncəli olduğumuzu əks etdirməlidir. Çünki adətən məktəbdə, yaxud işdə qeyri-rəsmi şahidlik etmək üçün imkan yaranır. Bu o demək deyil ki, hara gediriksə, yığıncaq görüşlərinə, konqreslərə geyindiyimiz kimi geyinməliyik, ancaq bununla belə, geyimimiz həmişə təmiz, səliqəli və sadə olmalıdır.
Əlbəttə, hamımız eyni cür geyinmirik. Buna heç gərək də yoxdur. İnsanların zövqlərinin müxtəlif olması təbiidir. Bununla belə, Müqəddəs Kitabın rəhbərliyinə həmişə əməl edilməlidir.
Həvari Peter göstərmişdir ki, saç yığma və geyinmə tərzindən vacib olan bəzək insanın daxili varlığıdır (1 Pet. 3:3, 4). Ürəyimiz məhəbbət, sevinc, sülh, xeyirxahlıq və möhkəm təməl üzərində qurulan imanla dolu olsa, bu xüsusiyyətlər Allaha izzət gətirən ruhani libasımız olacaq.
Üçüncüsü, Müqəddəs Kitab bizi səliqəli geyinməyə təşviq edir. 1 Timoteyə 2:9 (YD) ayəsində ‘səliqəli geyim’ haqda da danışılır. Baxmayaraq ki, burada həvari qadınların geyimindən danışır, eyni prinsip kişilərə də aiddir. Səliqəli geyim dedikdə, eyni zamanda paltarın təmiz olması da nəzərdə tutulur. İmkanlı və ya kasıb olmağımızdan asılı olmayaraq, xarici görünüşümüz təmiz və səliqəli ola bilər.
Xarici görünüşümüzdə başqalarının nəzərinə ilk olaraq çarpan saçımızdır. Buna görə də saçımız səliqəli olmalıdır. İnsanların saç düzümünə yerli adət-ənənələrin və irsi faktorların təsiri ola bilər. 1 Korinflilərə 11:14, 15 ayələrində həvari Pavel, ehtimal ki, hər iki faktoru nəzərə alaraq saç düzümünə dair məsləhət verir. Lakin insanın saçı onun əks cinsə bənzəməyə çalışdığı təəssüratını oyadırsa, bu, Müqəddəs Kitab prinsiplərinə ziddir (Qanun. t. 22:5).
Kişinin xarici görünüşünün səliqəli olması üzünün təmiz qırxılmasını da özünə daxil edir. Kişilərin bığ saxlamasına adi baxılan yerlərdə, bığı səliqəli saxlamaq lazımdır.
Dördüncüsü, xarici görünüşümüzdə dünyaya və onun yollarına məhəbbət əks olunmamalıdır. Həvari Yəhya xəbərdarlıq etmişdir: «Dünyanı və dünyada olan şeyləri sevməyin» (1 Yəh. 2:15-17). Bir çox günahlı arzular bu dünyanın səciyyəvi xüsusiyyətidir. Yəhya onların sırasından cismani ehtirası və həyatın təkəbbürünü qeyd edir. Müqəddəs Yazılarda, həmçinin üsyankarlıq, yəni hakimiyyətə itaətsizlik ruhuna diqqət yetirilir (Sül. məs. 17:11; Efes. 2:2). Belə arzular və bu cür əhval-ruhiyyə çox vaxt geyimdə və xarici görünüşdə özünü əks etdirir. Belə ki, insanlar ədəbsiz, açıq-saçıq, səliqəsiz, yaxud çirkli paltarlar geyinirlər. Yehovanın xidmətçiləri olduğumuz üçün biz məsihçiliyə zidd əhval-ruhiyyəni əks etdirən geyim tərzindən uzaq durmalıyıq.
Geyim və xarici görünüş məsələsində dünyanı təqlid etməkdənsə, yaxşı olardı ki, məsihçi yığıncağındakı ruhən yetkin bacı-qardaşlardan nümunə götürək! Gələcəkdə məruzə ilə çıxış etməyi arzulayan gənclər artıq çıxış edən qardaşların necə geyindiklərinə diqqət yetirə bilərlər. Uzun illər ərzində sədaqətlə təbliğdə iştirak edən məsihçilərdən hamımız nümunə götürə bilərik (1 Tim. 4:12; 1 Pet. 5:2, 3).
Beşincisi, nəyin münasib olduğunu qərara alarkən yadda saxlamalıyıq ki, «Məsih də öz qayğısına qalmamışdı» (Rom. 15:3). İsa ilk növbədə Allahın iradəsini yerinə yetirməyə çalışırdı. Eyni zamanda, başqalarına kömək etməyi də şəxsi rahatlığından üstün tuturdu. Xidmət etdiyimiz yerdə hansısa geyim tərzinə və ya xarici görünüşə pis baxırlarsa, nə etməliyik? İsa kimi biz də təvazökar olsaq, müdrik qərar qəbul edə biləcəyik. Həvari Pavel belə bir prinsip yazmışdı: «Heç bir şəkildə kimsənin büdrəməsinə səbəb olmadıq» (2 Kor. 6:3). Bu səbəbdən bizə də şahidlik etmək istədiyimiz insanları büdrədə biləcək saç düzümündən və paltarlardan imtina etmək lazım gələ bilər.
Duruş. Yaxşı xarici görünüş duruş tərzini də özünə daxil edir. Düzdür, hamımızın duruşu eyni cür deyil və bununla bağlı hansısa bir qayda qoymağa da çalışmırıq. Ancaq diqqətə layiqdir ki, Müqəddəs Kitaba əsasən, dik dayanmaq ləyaqətin və nikbinliyin təzahürüdür (Lev. 26:13; Luka 21:28). Buna baxmayaraq, uzun illər ərzində əyilərək işlədiyindən, yaxud qocalıq və zəiflik ucbatından bəzi bacı-qardaşlar dik dayana bilmir, yaxud nəyəsə söykənməli olurlar. Lakin bunu bacaranlara məsləhət görülür ki, başqaları ilə danışarkən dediklərinə laqeyd olduğu, yaxud üzrxahlıq etdiyi təəssüratı oyatmamaq üçün dik dursunlar. Eyni tərzdə, natiqin hərdənbir əlini kürsüyə qoymasında səhv bir şey olmasa da, onun kürsüyə söykənməməsi dinləyicilərə daha müsbət təsir bağışlayır.
Əşyalarımız səliqəli olmalıdır. Təkcə xarici görünüşümüz yox, xidmətdə istifadə etdiyimiz əşyalar da təmiz və səliqəli olmalıdır.
Götürək Müqəddəs Kitabı. Kitabımız köhnələndə hamımız yenisini əldə edə bilmirik. Ancaq Müqəddəs Kitabı nə qədər müddət işlətməyimizdən asılı olmayaraq, kitaba baxanda ondan səliqə ilə istifadə edildiyi görünməlidir.
Çantanı hər necə yığsaq da, o, səliqəli olmalıdır. Heç elə olubmu ki, təbliğcinin ev sahibinə ayə oxumaq istəyərkən, yaxud qardaşın yığıncaqda məruzə ilə çıxış edərkən Müqəddəs Kitabından vərəq düşdüyünü görəsən? Bu, sənin diqqətini yayındırıb, elə deyilmi? Müqəddəs Kitabda saxladığın vərəqlər diqqəti yayındırırsa, onları başqa yerə qoy. Həmçinin nəzərə al ki, bəzi yerlərdə Müqəddəs Kitabı və ya başqa dini ədəbiyyatı döşəməyə qoymağa çox böyük hörmətsizlik kimi baxırlar.
Xarici görünüşümüzün yaxşı olmasına ciddi yanaşmalıyıq. Bu, başqalarının bizə necə münasibət göstərəcəyinə də təsir edir. Ən vacibi isə, biz ‘hər cəhətcə Xilaskarımız Allahın təlimini cazibəli etmək’ istədiyimiz üçün xarici görünüşümüzə ciddi diqqət yetiririk (Tit. 2:10).