Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/8 s. 20—24
  • Özünüzü İblisin tələlərindən gözləyin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Özünüzü İblisin tələlərindən gözləyin
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • DÜŞÜNCƏSİZ DANIŞIĞIN «ALOVUNU» SÖNDÜR
  • QORXU VƏ TƏZYİQ KƏMƏNDİNDƏN YAXA QURTARMAQ
  • ƏZƏN TƏLƏDƏN — ÖZÜNÜ HƏDDƏN ARTIQ GÜNAHLANDIRMAQDAN QAÇIN
  • ŞEYTANIN FİTNƏLƏRİNDƏN BİXƏBƏR DEYİLİK
  • Şeytanın torlarından azad ola bilərsiniz!
    Gözətçi qülləsi 2021
  • ‘İblisə qarşı durmaqda’ İsanı təqlid edin
    Gözətçi qülləsi 2008
  • “İblisə... qarşı durun”
    Gözətçi qülləsi 2003
  • Şeytana qarşı durun və o qaçacaq!
    Gözətçi qülləsi 2006
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/8 s. 20—24

Özünüzü İblisin tələlərindən gözləyin

«İblisin... toruna diri-diri düşdüklərini görər və... onun əlindən azad ola bilərlər» (2 TİM. 2:26).

NECƏ CAVAB VERƏRDİN?

Başqalarını tənqid etmək meylimiz varsa, özümüzə hansı sualları verməliyik?

Pilatla Peterin nümunəsindən qorxu və təzyiqə uymamaq barədə nə öyrənə bilərsən?

Özünü həddən artıq günahlandırmaqdan necə qaça bilərsən?

1, 2. Bu məqalədə İblisin hansı tələlərini müzakirə edəcəyik?

İBLİS Yehovanın xidmətçilərini pusur. Onun əsas məqsədi iri heyvan ovlayıb onu öldürən ovçunun məqsədi kimi deyil. Şeytan çalışır ki, şikarını diri-diri tutub onu ürəyi istədiyi kimi istifadə etsin. (2 Timoteyə 2:24—26 ayələrini oxu.)

2 Şikarını diri-diri ovlamaq üçün ovçu müxtəlif tələ növlərindən istifadə edir. Məsələn, o, heyvanı açıq əraziyə çıxmağa vadar edir, sonra isə boynuna kəmənd atıb onu tutur. Ya da ovçu tələni işə salan qurğu ilə təchiz olunmuş gizli tələdən istifadə edə bilər. Belə tələ heyvan üçün tamamilə gözlənilməz olur. İblis Allahın xidmətçilərini diri-diri tutmaq məqsədilə buna bənzər tələlər qurur. Onun əlinə düşməyək deyə ayıq-sayıq olmalı və yaxınlıqda Şeytanın tələsi və ya toru olduğundan xəbər verən işarələrə diqqət yetirməliyik. Bu məqalədə biz İblisin, demək olar ki, uğurla istifadə etdiyi üç tələdən özümüzü necə qoruya biləcəyimizi müzakirə edəcəyik. Həmin tələlər bunlardır: 1) düşünmədən danışmaq; 2) qorxu və təzyiq və 3) həddən artıq özünü günahlandırmaq. Növbəti məqalədə isə Şeytanın daha iki tələsindən danışılacaq.

DÜŞÜNCƏSİZ DANIŞIĞIN «ALOVUNU» SÖNDÜR

3, 4. Danışığımıza fikir verməmək nə ilə nəticələnə bilər? Nümunə çək.

3 Bəzən ovçular heyvanı onun gizləndiyi sığınacaqdan çıxartmaq məqsədilə həmin əraziyə od vururlar və heyvan qaçmağa cəhd göstərəndə onu tuturlar. Məcazi mənada desək, İblis də məsihçi yığıncağına od vurmağa çalışır. O, buna müvəffəq olduqda məsihçi bu təhlükəsiz yuvadan çıxıb onun pəncəsinə düşə bilər. Bəs biz özümüz də bilmədən Şeytanın məqsədlərinə necə xidmət etmiş oluruq və beləcə onun tələsinə necə düşürük?

4 Şagird Yaqub dili oda bənzətdi. (Yaqub 3:6—8 ayələrini oxu.) Danışığımıza fikir verməsək, yığıncaqda «böyük yanğın» törətmiş olarıq. Bu, necə mümkündür? Gəlin belə bir vəziyyəti təsəvvür edək: görüşdə bir bacının daimi pioner təyin olunduğu elan edilir. Görüşdən sonra iki təbliğçi bu elanı öz aralarında müzakirə edir. Biri həmin bacıya görə çox sevindiyini deyir və ona müvəffəqiyyət arzulayır. O birisi isə yeni pionerin niyyətinin saf olduğuna şübhə etdiyini söyləyir və onun yığıncaqda sadəcə nüfuza can atdığına eyham vurur. Bu iki təbliğçidən hansı ilə sən dostluq etmək istərdin? Onlardan kimin yığıncağa dili ilə «od vurmaq» ehtimalını yaratdığını görmək çətin deyil.

5. Düşüncəsiz danışığın «alovunu» söndürmək üçün nə etməliyik?

5 Düşüncəsiz danışığımızla yığıncağa «od vurmamaq» üçün nə etməliyik? İsa demişdi: «Ağız ürəkdəki fikirlərin bolluğundan danışır» (Mat. 12:34). Deməli, birinci addım ürəyimizi yoxlamaqdır. Zərərli danışıq üçün «yanacaq» olan mənfi hissləri dəf edirikmi? Məsələn, hansısa qardaşın yığıncaqda məsuliyyətlərə can atdığını eşidəndə bunu təmiz niyyətdən etdiyinə inanırıq, yoxsa onun şəxsi mənfəət güddüyünü düşünürük? Əgər bizdə başqalarının ayağına pis niyyət yazmaq meylimiz varsa, yaxşı olardı ki, İblisin də Allahın sadiq bəndəsi olan Əyyubun niyyətini şübhə altına aldığını yadımıza salaq (Əyy. 1:9—11). Həmişə qardaşlarımızdan şübhələnmək əvəzinə, yaxşı olardı ki, nə üçün onlara tənqidi yanaşdığımızı götür-qoy edək. Həqiqətənmi, bunun üçün əsaslı səbəb var? Yoxsa biz sadəcə olaraq yaşadığımız axır günlərə xas olan heç kəsi sevməmək ruhu ilə zəhərlənmişik? (2 Tim. 3:1—4).

6, 7. a) Başqalarına tənqidi yanaşmağımıza nələr səbəb ola bilər? b) Bizi təhqir edəndə necə davranmalıyıq?

6 İndi isə görək daha hansı səbəblərə görə biz başqalarına tənqidi yanaşa bilərik. Səbəblərdən biri nailiyyətlərimizi başqalarının nəzərinə çarpdırmaq istəyi ola bilər. Başqa sözlərlə, biz digərlərini alçaldırıq ki, özümüz yüksələk. Yaxud da üzərimizə düşən işi yerinə yetirmədiyimizə görə özümüzə bəraət qazandırırıq. Tənqidi münasibətimizin səbəbi nə olursa-olsun — istər qürur, istər paxıllıq, istərsə də özümüzə inamsızlıq hissi — nəticə həmişə zərərli olur.

7 Bəzən başqaları haqda tənqidi danışmaqda özümüzü haqlı hesab edirik. Ola bilsin, biz həmin insanın düşüncəsiz danışığının qurbanı olmuşuq. Lakin qisas vəziyyətdən çıxış yolu deyil. Çünki bu, tonqala odun atmağa bənzəyir və Allahın yox, İblisin niyyətinə xidmət edir (2 Tim. 2:26). Yaxşı olardı ki, bu kimi hallarda İsanı təqlid edək. O, «təhqirə təhqirlə cavab vermirdi». Əksinə, «özünü adil Hakimə tapşırırdı» (1 Pet. 2:21—23). İsa əmin idi ki, Yehova istənilən məsələni öz vaxtında və lazımi tərzdə yoluna qoyacaq. Biz də Allaha belə etibar etməliyik. Dilimizdən şəfa vermək üçün istifadə edəndə yığıncaqda «sülhün birləşdirici telləri»ni qorumağa kömək edirik. (Efeslilərə 4:1—3 ayələrini oxu.)

QORXU VƏ TƏZYİQ KƏMƏNDİNDƏN YAXA QURTARMAQ

8, 9. Nəyə görə Pilat İsanı ölümə məhkum etdi?

8 Tələyə düşən heyvan artıq öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna bənzər tərzdə, qorxu və təzyiqə təslim olan insan da həyatı üzərində idarəçiliyin müəyyən qismini itirmiş olur. (Süleymanın məsəlləri 29:25 ayəsini oxu.) Gəlin təzyiq və qorxunun təsiri altına düşən bir-birindən olduqca fərqli iki insanın nümunəsinə nəzər salaq və görək onlardan biz nə öyrənə bilərik.

9 Roma valisi Ponti Pilat İsanın günahsız olduğunu bilirdi və ona zərər yetirmək istəmirdi. O hətta İsa barədə demişdi ki, o, «ölümə layiq bir iş görməyib». Buna baxmayaraq, Pilat ona ölüm hökmü kəsdi. Nəyə görə? Çünki o, izdihamın ona göstərdiyi təzyiqə uymuşdu (Luka 23:15, 21—25). İsaya düşmən kəsilən insanlar: «Sən bu adamı azad etsən, sezara dost deyilsən», — deyə qışqıraraq məqsədlərinə nail olmaq üçün Pilata təzyiq göstərirdilər (Yəh. 19:12). Görünür, Pilat Məsihin tərəfini tutduğu təqdirdə vəzifəsini və hətta, ola bilsin, həyatını itirəcəyindən qorxurdu. Belə etməklə Pilat Şeytanın onu öz məqsədləri üçün istifadə etməsinə yol verdi.

10. Peter nəyə görə Məsihi dandı?

10 Həvari Peter İsanın ən yaxın dostlarından biri idi. O, açıq şəkildə İsanın Məsih olduğunu bəyan etmişdi (Mat. 16:16). Digər şagirdlər İsanın təlimini başa düşməyib onu tərk edəndə Peter ona sadiq qalmışdı (Yəh. 6:66—69). Düşmənlər İsanı həbs etməyə gələndə isə Peter qılıncını siyirib Ağasını müdafiə etməyə cəhd göstərdi (Yəh. 18:10, 11). Lakin bir müddətdən sonra qorxu ona üstün gəldi və o hətta İsa Məsihi tanıdığını dandı. Peter qısa müddətə insan qorxusu tələsinə düşmüşdü, bu isə ona cəsarətlə davranmağa mane oldu (Mat. 26:74, 75).

11. Biz hansı pis təsirlərlə üzləşə bilərik?

11 Biz məsihçilər Allaha məqbul olmayan işlərlə məşğul olmaq təzyiqinə müqavimət göstərməliyik. Müdirimiz və ya başqa insanlar bizi nadürüst davranışa və ya cinsi əxlaqsızlığa təhrik edə bilərlər. Məktəbdə oxuyan gənc məsihçiləri sinif yoldaşları imtahanlarda fırıldağa əl atmağa, pornoqrafiyaya baxmağa, siqaret çəkməyə, narkotik maddələr qəbul etməyə, spirtli içkilərdən sui-istifadə etməyə və ya əxlaqsız hərəkətlərə təhrik edə bilərlər. Belə hallarda bizə qorxunun tələsinə düşməməyə və Yehovaya məqbul olmayan işlər etmək təzyiqinə uymamağa nə kömək edəcək?

12. Pilatın və Peterin nümunəsindən nə öyrənə bilərik?

12 Gəlin görək biz Pilatın və Peterin nümunəsindən özümüz üçün hansı ibrət dərsi götürə bilərik. Pilatın Məsih haqqında çox az biliyi var idi. Bununla belə, o bilirdi ki, İsa günahsızdır və adi insan deyil. Lakin onda təvazökarlıq və həqiqi Allaha məhəbbət yox idi. İblis onu asanlıqla diri-diri öz tələsinə saldı. Ondan fərqli olaraq, Peter Allah barədə dəqiq biliyə malik idi və Onu sevirdi. Ancaq bəzən onda təvazökarlıq çatışmırdı, o qorxur və təzyiqlərə uyurdu. İsanın həbsindən bir qədər əvvəl Peter özünü öyərək demişdi: «Hamı səndən üz döndərsə də, mən üz döndərmərəm» (Mark 14:29). Əgər Peter məzmurçu kimi Allaha güvənsəydi, qarşıdakı sınaqlara daha yaxşı hazır olardı. Məzmurçu oxuyurdu: «Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər?» (Məz. 118:6). Yer üzündə həyatının sonuncu gecəsində İsa Peteri və digər iki həvarisini götürüb Getsemani bağının dərinliklərinə getdi. Lakin ayıq-sayıq durmaq əvəzinə, onların üçü də yuxuya getdi. İsa onları oyadıb dedi: «Sayıq olun və daima dua edin ki, sınaqlara tab gətirəsiniz» (Mark 14:38). Lakin Peter yenə də yuxuya getdi. Sonradan o, qorxu və təzyiqə təslim oldu.

13. Pis işlər görmək təzyiqinə uymamaq üçün biz nə etməliyik?

13 Pilatla Peterin nümunəsindən biz özümüz üçün başqa vacib ibrət dərsi də götürə bilərik: təzyiqlərə müvəffəqiyyətlə müqavimət göstərmək üçün bizə dəqiq bilik, təvazökarlıq, Allaha məhəbbət, eləcə də insanlardan yox, Yehovadan qorxmaq lazımdır. Əgər imanımız dəqiq biliyə əsaslanıbsa, etiqadımız barədə cəsarət və əminliklə danışacağıq. Bu, bizə təzyiqlərə müqavimət göstərməyə və insan qorxusunu dəf etməyə kömək edəcək. Əlbəttə, biz heç vaxt düşünməməliyik ki, olduğumuzdan daha güclüyük. Əksinə, təzyiqlərə müqavimət göstərməkdə Allahın gücünə ehtiyac duyduğumuzu təvazökarlıqla qəbul etməliyik. Biz Yehovadan duada müqəddəs ruh diləməliyik və yol verməliyik ki, Ona olan məhəbbətimiz bizi Onun adına ləkə gətirəcək hərəkətlərdən qaçmağa və qanunlarına riayət etməyə təşviq etsin. Üstəlik, biz sınaqlarla üzləşməmişdən öncə təzyiqlərə hazırlıqlı olmalıyıq. Məsələn, qabaqcadan hazırlaşmaq və dua etmək uşaqlarımıza onları pis işlər görməyə təhrik edən həmyaşıdlarına uymamağa kömək edəcək (2 Kor. 13:7)a.

ƏZƏN TƏLƏDƏN — ÖZÜNÜ HƏDDƏN ARTIQ GÜNAHLANDIRMAQDAN QAÇIN

14. Keçmişdə etdiyimiz səhvlərlə əlaqədar Şeytan bizim necə düşünməyimizi istəyir?

14 Heyvan ovlamaq üçün tələ bəzən şikarın tez-tez keçdiyi yerin üzərində asılan ağır şalbandan və ya daşdan ibarət olur. Heç nədən xəbəri olmayan heyvanın məftilə təsadüfən ilişməsi nəticəsində daş və ya şalban aşaraq heyvanı əzir. Özümüzü həddən artıq günahlandırmaq şikarı əzən ağır şalban və ya daşa bənzəyir. Keçmişdə etdiyimiz səhvləri fikirləşəndə özümüzü çox əzgin hiss edə bilərik. (Məzmur 38:3—5, 8 ayələrini oxu.) Şeytan istəyir ki, biz Yehovanın mərhəmətinə layiq olmadığımızı və Onun tələblərinə heç vaxt cavab verməyəcəyimizi düşünək.

15, 16. Özünü həddən artıq günahlandırmaq tələsindən necə qaça bilərsən?

15 İnsanı əzən bu tələdən qaçmaq necə mümkündür? Əgər sən ciddi günaha yol vermisənsə, Yehova ilə dostluğunu bərpa etmək üçün dərhal hərəkətə keç. Ağsaqqallara müraciət edib onlardan kömək istə (Yaq. 5:14—16). Səhvini düzəltmək üçün əlindən gələni et (2 Kor. 7:11). Sənə qarşı nizam-intizam tədbirləri görülərsə, ruhdan düşmə. Bütün bunlar Yehovanın səni sevdiyinə bir sübutdur (İbr. 12:6). Günaha gətirib çıxaran hərəkətləri təkrarlamamağa qəti qərarlı ol və qərarından dönmə. Tövbə edib əməlindən döndükdən sonra İsa Məsihin fidyə qurbanlığının günahlarını yumağa qadir olduğuna iman gətirməlisən (1 Yəh. 4:9, 14).

16 Bəzi insanlar günahları bağışlansa da, özlərini qınamağa davam edirlər. Əgər bu, səninlə də baş verirsə, yadda saxla ki, Yehova sevimli Oğlu İsanı ən çətin anda qoyub qaçan Peteri və digər həvariləri bağışladı. Yehova iyrənc əxlaqsızlığa görə Korinf yığıncağından kənar edilən, lakin sonra tövbə edən adamın da günahından keçdi (1 Kor. 5:1—5; 2 Kor. 2:6—8). Müqəddəs Kitabda ciddi günah işlədən, lakin sonra tövbə etdikləri üçün Allahın əfv etdiyi kəslərdən bəhs olunur (2 Saln. 33:2, 10—13; 1 Kor. 6:9—11).

17. Fidyənin sayəsində bizim üçün nə mümkündür?

17 Əgər sən səmimi-qəlbdən tövbə edib Onun mərhəmətli Allah olduğunu qəbul etsən, O, keçmişdə etdiyin günahlarını bağışlayıb onları bir daha yadına salmayacaq. Heç vaxt fikirləşmə ki, İsanın fidyə qurbanlığı sənin günahlarını yumağa qadir deyil. Belə düşünmək Şeytanın tələlərindən birinə düşmək deməkdir. İblis səni hər nəyə inandırmağa çalışsa da, əmin ol ki, fidyə günah işlədən, lakin tövbə edən bütün insanların günahlarını yuya bilər (Sül. məs. 24:16). Fidyə qurbanlığına iman gətirməyin səni özünü həddən artıq günahlandırmaq yükündən azad edəcək və sənə Allaha bütün ürəyinlə, düşüncənlə və canınla xidmət etməyə güc verəcək (Mat. 22:37).

ŞEYTANIN FİTNƏLƏRİNDƏN BİXƏBƏR DEYİLİK

18. İblisin tələlərinə düşməmək üçün nə etməliyik?

18 Şeytan üçün bizim hansı tələyə düşməyimiz o qədər də vacib deyil. Əsas odur ki, biz tələyə düşək. Biz İblisin fitnələrindən bixəbər olmadığımız üçün onun bizə kələk gəlməsindən qaça bilərik (2 Kor. 2:10, 11). Əgər sınaqlarla üzləşəndə duada müdriklik diləsək, onun tələsinə və ya toruna düşməyəcəyik. Yaqub yazırdı: «Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən Allahdan daima diləsin və ona veriləcək» (Yaq. 1:5). Biz müntəzəm şəkildə Müqəddəs Kitabı araşdırmaqla və öyrəndiklərimizi tətbiq etməklə dualarımıza uyğun davranmalıyıq. Müqəddəs Kitabı araşdırmaq üçün sadiq və ağıllı nökərin təqdim etdiyi vəsaitlər yolumuzu işıqlandıraraq bizə İblisin tələlərini görməyə və onlardan qaçmağa kömək edir.

19, 20. Nəyə görə biz pisliyə nifrət etməliyik?

19 Dua və Müqəddəs Kitabı araşdırmaq bizə yaxşılığı sevməyi öyrədir. Lakin pisliyə nifrət inkişaf etdirmək də eyni dərəcədə vacibdir (Məz. 97:10). Xudbin arzularımızın dalınca düşməyin nəticələri barədə düşünmək bizə onlardan qaçmağa kömək edəcək (Yaq. 1:14, 15). Biz pisliyə nifrət etməyi, yaxşılığı isə ürəkdən sevməyi öyrənməliyik. Onda Şeytanın tələsinə qoyduğu «yem» bizdə ikrah doğuracaq; artıq o, bizim üçün cəlbedici olmayacaq.

20 Biz Allaha necə də minnətdarıq ki, O, bizə Şeytanın fitnələrinin qurbanı olmamağa kömək edir! Yehova müqəddəs ruhu, Kəlamı və təşkilatı vasitəsilə bizi «Şərirdən» xilas edir (Mat. 6:13). Növbəti məqalədə biz İblisin Allahın xidmətçilərini diri-diri ovlamaq üçün istifadə etdiyi daha iki tələsindən necə qaça biləcəyimizi müzakirə edəcəyik.

[Haşiyə]

a Yaxşı olardı ki, valideynlər uşaqları ilə birgə «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının 2-ci cildinin 132 və 133-cü səhifələrində (rus.) yerləşən «Həmyaşıdların təzyiqi ilə üzləşəndə» adlı çərçivəni müzakirə etsinlər. Bunu ailəvi ibadət zamanı da etmək olar.

[21–ci səhifədəki şəkil]

Düşünmədən danışmaq yığıncağa «od vuraraq» orada problemlərə səbəb ola bilər

[24–cü səhifədəki şəkil]

Sən özünü həddən artıq günahlandırmaq yükündən azad ola bilərsən

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş