DƏRS 40
Doğru və dəqiq məlumatı çatdır
NECƏ ola bilər ki, məsihçi həqiqətə uyğun olmayan fikir söyləmiş olsun? O, dəqiq olub-olmadığını yoxlamadan eşitdiklərini sadəcə təkrar edə, yaxud səhv oxuduğu üçün özünün də xəbəri olmadan məlumatı şişirdə bilər. Hətta xırda şeylərdə də dəqiq olmağa çalışsaq, bizi dinləyənlər daha vacib şeylərdə də bizə etibar edə biləcəkləri qənaətinə gələcəklər.
Təbliğ xidmətində. Bir çoxları biliklərinin yetərincə olmadığını düşünərək təbliğ xidmətində iştirak etməyə tərəddüd edirlər. Ancaq onlar tezliklə görürlər ki, təkcə əsas həqiqətləri bilməklə də yaxşı şahidlik edə bilirlər. Necə? Bunun sirri hazırlaşmaqdadır.
Xidmətə getməzdən əvvəl müzakirə etmək istədiyin mövzunu diqqətlə araşdır. Səni dinləyənlərin hansı sualı verə biləcəklərini təxmin etməyə çalış. Müqəddəs Kitaba əsaslanan dolğun cavablar tap. Bu cür hazırlaşsan, dəqiq cavab verəcək, eyni zamanda əminlik hiss edəcəksən. Əgər Müqəddəs Kitab öyrənməsi keçirməyə hazırlaşırsansa, araşdıracağınız mövzunu diqqətlə nəzərdən keçir. Əmin ol ki, abzasa verilən sualların cavabının Müqəddəs Yazılara necə əsaslandığını başa düşürsən.
Bəs ev sahibi və ya əməkdaşın hazırlaşmadığın mövzuya dair sual versə, onda necə? Cavabı dəqiq bilmirsənsə, təxmini fikir söyləmək istəyini boğ. «Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər» (Sül. məs. 15:28). Bildiyin dildə varsa, «Müqəddəs Yazıların əsasında mülahizə» kitabının, yaxud «Müqəddəs Kitab əsasında söhbət etmək üçün mövzular» broşürasının köməyi dəyə bilər. Əgər onların heç birini özünlə götürməmisənsə, o zaman araşdırma aparıb, gələn dəfə bu suala cavab verəcəyini söylə. Həmsöhbətin sualı səmimi-qəlbdən verirsə, təklifinə etiraz etməyəcək. Üstəlik, sənin təvazökarlığın onda xoş təəssürat oyada bilər.
Xidmətdə təcrübəli təbliğçilərlə əməkdaşlıq etdikcə Allahın Kəlamını doğruluqla öyrətmək bacarığına yiyələnəcəksən. Onların hansı ayələri oxuduqlarına və onları necə izah etdiklərinə diqqət yetir. Verdikləri məsləhətləri və düzəlişləri həlimliklə qəbul et. Səyli məsihçi olan Apollos başqalarının köməyinin faydasını görmüşdü. Luka Apollosu «bəlağət sahibi», «Müqəddəs Yazıları yaxşı bilən», ‘Rəbb barəsindəki həqiqəti bəyan edib, doğruluqla öyrədən’ adam kimi təsvir edirdi. Ancaq onun başa düşmədiyi şeylər də var idi. Priskila və Akila bunu hiss edəndə «onu yanlarına alıb Rəbb yolunu ona daha dəqiq izah etdilər» (Həv. iş. 18:24-28).
‘Etimada layiq kəlama ciddi riayət et’. Görüşlərdə etdiyimiz çıxışlardan yığıncağın «həqiqətin dirəyi və əsası» kimi oynadığı rola dərindən hörmət etdiyimiz görünməlidir (1 Tim. 3:15). Həqiqəti təhrif etməmək üçün çıxışlarda istifadə etməyi planlaşdırdığımız ayələrin mənasını başa düşmək vacibdir. Konteksti və onların hansı məqsədlə yazıldığını nəzərə al.
Ola bilsin, yığıncaq görüşündə söylədiyin fikirləri bacı-qardaşlar təkrarlayacaqlar. Sözsüz ki, «hamımız çox səhv edirik» (Yaq. 3:2). Ancaq yalnız dəqiq və doğru məlumatı çatdırmağa adət etsən, yaxşı nəticələr əldə edəcəksən. Teokratik Xidmət Məktəbinə yazılmış bir çox qardaşlar vaxt keçdikcə ağsaqqal təyin olunurlar. Üzərinə belə məsuliyyət qoyulan insanlardan «daha çox» tələb olunur (Luka 12:48). Əgər ağsaqqal başısoyuq yanaşaraq doğru olmayan məsləhət verərsə və bunun nəticəsində yığıncağın üzvlərinin ciddi problemi yaranarsa, bu, Allahın ondan narazı qalmasına səbəb ola bilər (Mat. 12:36, 37). Bu səbəbdən, ağsaqqal üçün olan tələblərə cavab verən qardaş ‘aldığı təlimə uyğun və etimada layiq kəlama ciddi riayət etməsi’ ilə tanınmalıdır (Tit. 1:9).
Diqqətli ol ki, çıxardığın nəticələr ‘səhih sözlərə’, yəni bütövlükdə Müqəddəs Yazılardakı həqiqətə uyğun gəlsin (2 Tim. 1:13). Bundan qorxuya düşməyə lüzum yoxdur. Ola bilsin, Müqəddəs Kitabı hələ əvvəldən axıracan oxumamısan. Belə isə oxumağa davam et. Eyni zamanda, aşağıdakı məsləhətlər sənə öyrədərkən istifadə etmək istədiyin materialı təhlil etməyə kömək edə bilər.
Birincisi, özündən soruş: «Bu material Müqəddəs Kitabdan indiyədək öyrəndiklərimlə uzlaşırmı? Məni dinləyənləri Yehovaya yaxınlaşdıracaq, yoxsa dünyanın müdrikliyini ucaldaraq, onu rəhbər tutmağa onları təşviq edəcək?» İsa demişdi: «Sənin sözün həqiqətdir» (Yəh. 17:17; Qanun. t. 13:1-5; 1 Kor. 1:19-21). İkincisi, sadiq və ağıllı qulun araşdırma aparmaq üçün təqdim etdiyi vəsaitlərdən istifadə et. Onlar sənə nəinki ayələri düzgün başa düşməyə, həm də onları necə tətbiq etməyi izah edəndə tarazlı və uzaqgörən olmağa kömək edəcək. Nitqini ‘səhih sözlərə’ əsaslandırsan və ayələri Yehovanın təqdim etdiyi vəsaitlər əsasında izah edib, mövzuya uyğunlaşdırsan, söylədiklərin dəqiq və doğru olacaq.
Məlumatın dəqiq və doğru olduğunu yoxla. Müəyyən məqamları təsvir və izah edərkən sitat çəkmək, cari hadisələrdən nümunə gətirmək və ya kiminləsə baş vermiş hadisəni danışmaq yararlı ola bilər. Onların doğruluğuna necə əmin ola bilərsən? Üsullardan biri bu kimi məlumatları etibarlı mənbələrdən əldə etməkdir. Məlumatın köhnəlmədiyini yoxlamağı da unutma. Statistik məlumatlar köhnəlir; elmi açılışlar çox tez-tez bir-birini əvəz edir; tarix və qədim dillər dərindən öyrənildikcə əvvəlki biliklərə əsasən çıxarılan nəticələri yenidən yoxlamaq lazım gəlir. Əgər qəzet, televizor, radio, elektron poçtu və ya İnternetdən aldığın məlumatdan istifadə etməyi planlaşdırırsansa, son dərəcə ehtiyatlı ol. Süleymanın məsəlləri 14:15 ayəsi bizi xəbərdar edir: «Cahil hər sözə inanar, uzaqgörən hər addımına nəzər salar». Özündən soruş: «Bu mənbə nə dərəcədə etibarlı hesab edilir? Məlumatı başqa üsulla yoxlamaq mümkündürmü?» Əgər məlumatın doğruluğuna şübhə edirsənsə, ondan istifadə etmə.
Mənbənin etibarlı olduğunu yoxlamaqla yanaşı, məlumatdan necə istifadə edəcəyini də diqqətlə düşün. Əmin ol ki, sitatları və statistik məlumatları onların kontekstinə uyğun istifadə edirsən. Hansısa fikri vurğulamağa çalışanda diqqətli ol ki, «bəziləri» sözü «əksəriyyət», «bir çoxu» «hamı», «hərdən» isə «həmişə» olmasın. Hadisəni, rəqəmləri, miqyası və ya mövzunun ciddiliyini şişirtsən, özünü etibardan salarsan.
Əgər sən həmişə dəqiq məlumat çatdırırsansa, o zaman həqiqəti sevən insan kimi tanınacaqsan. Bu, ümumilikdə Yehovanın Şahidlərinin adını ucaldacaq. Ən vacibi isə «həqiqət Allahı» olan Yehovaya izzət gətirəcək (Məz. 31:5, KM).