Vicdanınızın səsinə hay verin
«Qəlbi təmiz olanlar üçün hər şey təmizdir, murdarlar və imansızlar üçün isə təmiz bir şey yoxdur» (TİTUS 1:15).
1. Paveli Krit yığıncağı ilə nə bağlayırdı?
HƏVARİ PAVEL üçüncü missioner səyahətini bitirdikdən sonra həbs olundu və Romaya göndərildi. Orada iki il həbsdə oldu. Azadlığa çıxdıqdan sonra o nə etdi? Bir qədər keçəndən sonra Titusla birlikdə Krit adasındakı məsihçilərə baş çəkdi. Sonralar o, Titusa yazırdı: «Mən səni ona görə Kritdə qoydum ki, natamam işləri ə’la görüb qurtarasan və... bütün şəhərlərdə cəmiyyət ağsaqqalları tə’yin edəsən» (Titusa 1:5). Titus ona tapşırılan işi yerinə yetirərkən müxtəlif vicdanlı insanlarla qarşılaşırdı.
2. Titus Krit adasında hansı problemlə qarşılaşdı?
2 Pavel Titusa yığıncaq ağsaqqallarının hansı tələblərə cavab verməli olduqları barədə deyir və sonra orada «çoxlu intizamsız, boşboğaz və saxtakar» adamların olduğunu qeyd edir. Onlar «münasib olmayan şeyləri öyrədərək, bə’zi ailələri bütövlükdə alt-üst edirlər». Titus ‘onları məzəmmət etməli’ idi (Titusa 1:10-14; 1 Timoteyə 4:7). Gözəl paltar boya ilə ləkələnə bildiyi kimi, Pavel onların ağıllarının və vicdanlarının ‘ləkələndiyini’ deyir (Titusa 1:15). Yəqin onlardan bə’ziləri yəhudi idi, çünki «sünnət tərəfdarları» idilər. Müasir yığıncaqlar sünnətlə bağlı belə pis tə’sirə mə’ruz qalmasalar da, Pavelin Titusa verdiyi məsləhətdən vicdan barədə çox şey öyrənə bilərik.
Vicdanı ləkəli olanlar
3. Pavel vicdan barədə Titusa nə yazmışdı?
3 Pavelin vicdanı xatırlatdığı kontekstə nəzər salaq. «Qəlbi təmiz olanlar üçün hər şey təmizdir, murdarlar və imansızlar üçün isə təmiz bir şey yoxdur; amma onların həm ağlı, həm də vicdanı ləkələnmişdir. Onlar iddia edirlər ki, Allahı tanıyırlar, amma öz əməlləri ilə bunu inkar edirlər». Görünür, ‘imanda sağlam olmaq’ üçün bə’zilərinin dəyişikliklər etməyə ehtiyacı var idi (Titusa 1:13, 15, 16). Onlara təmiz ilə natəmizi ayırd etmək çətin idi, bu da onların vicdanı ilə bağlı idi.
4, 5. Yığıncaqlarda bə’zilərinin hansı problemi var idi və bu onlara necə tə’sir göstərirdi?
4 Təxminən on il əvvəl məsihçilərin rəhbərlik şurası qərara gəlmişdi ki, Allaha düzgün ibadət etmək üçün sünnət vacib deyil və müvafiq olaraq, yığıncaqlar bu barədə agah olunmuşdular (Həvarilərin işləri 15:1, 2, 19-29). Amma hələ də Kritdə bə’ziləri «sünnət tərəfdarları» idilər. Onlar rəhbərlik şurası ilə razı olmadıqlarını açıqcasına bildirərək, ‘münasib olmayan şeyləri öyrədirdilər’ (Titusa 1:10, 11). Yanlış düşüncə tərzinə malik olan bu insanlar, ola bilsin, Qanundakı yemək və təmizlik barədə qaydalara əməl etməyin tərəfdarı idilər. Bəlkə də, onlar İsanın günlərindəki ata-babaları kimi, Qanunun üzərinə əlavələr edir, yəhudi əfsanələrini və insan əmrlərini müdafiə edirdilər (Mark 7:2, 3, 5, 15; 1 Timoteyə 4:3).
5 Belə düşüncə tərzi onların baxışlarına və əxlaqi hisslərinə, vicdanlarına pis tə’sir göstərirdi. Pavel yazırdı: «Murdarlar və imansızlar üçün isə təmiz bir şey yoxdur». Onların vicdanları o qədər korlanmışdı ki, artıq davranış və baxışları üçün e’tibarlı rəhbərlik ola bilməzdi. Üstəlik, onlar şəxsi məsələlərə, məsələn, məsihçilərin fərqli qərarlar qəbul edə biləcəyi məsələlərə görə həmimanlılarını mühakimə edirdilər. Beləliklə, bu kritlilər əslində natəmiz olmayan şeyləri natəmiz sayırdılar (Romalılara 14:17; Koloslulara 2:16). Allahı tanıdıqlarını iddia etmələrinə baxmayaraq, onlar əməlləri ilə bunu inkar edirdilər (Titusa 1:16).
«Təmiz olanlar üçün hər şey təmizdir»
6. Pavel hansı iki qrup insanlardan danışırdı?
6 Pavelin Titusa yazdıqlarından nə öyrənə bilərik? Gəlin ayədəki müqayisəni nəzərdən keçirək: «Qəlbi təmiz olanlar üçün hər şey təmizdir, murdarlar və imansızlar üçün isə təmiz bir şey yoxdur; amma onların həm ağlı, həm də vicdanı ləkələnmişdir» (Titusa 1:15). Əlbəttə, Pavel əxlaqi cəhətdən təmiz olan məsihçilər üçün hər şeyin təmiz və münasib olduğunu nəzərdə tutmurdu. Biz buna əmin ola bilərik, çünki Pavel başqa məktubunda aydın yazmışdı ki, cinsi əxlaqsızlıq, bütpərəstlik, spiritizm və bu kimi başqa işlərlə məşğul olanlar «Allahın Səltənətini miras almayacaqlar» (Qalatiyalılara 5:19-21). Deməli, bu nəticəyə gəlirik ki, Pavel burada iki qrup insanlardan danışır: əxlaqi və ruhani cəhətdən təmiz olanlar və olmayanlar.
7. İbranilərə 13:4 ayəsində nə qadağan olunur, lakin hansı sual ortaya çıxa bilər?
7 Allahı səmimi qəlbdən razı salmaq istəyən məsihçilərə təkcə Müqəddəs Kitabda konkret olaraq qadağa qoyulan şeylərdən uzaq durmaq kifayət deyil. Məsələn, Müqəddəs Kitabda açıq-aydın deyilir: «Qoy hər kəs nikaha hörmət etsin və kəbin yatağı ləkəsiz olsun; çünki Allah, əxlaqsızları və zinakarları məhkum edəcəkdir» (İbranilərə 13:4). Hətta məsihçi olmayanlar və Müqəddəs Kitab haqqında heç nə bilməyənlər belə düz qənaətə gələcəklər ki, bu ayədə zina qadağan edilir. Bu ayədən və Müqəddəs Kitabın başqa yerlərindən göründüyü kimi, nikahda olan şəxsin öz qanuni arvadı və ya əri olmayan şəxslə cinsi əlaqədə olması Allah tərəfindən mühakimə edilir. Bəs iki nikahda olmayan şəxsin oral sekslə, yə’ni ağız vasitəsilə cinsi əlaqə ilə məşğul olmaları barədə nə demək olar? Əksər gənclər iddia edirlər ki, belə şey zərərsizdir, çünki bu cinsi əlaqə sayılmır. Məsihçi, ağız vasitəsilə cinsi əlaqəni təmiz olan bir şey kimi qəbul edə bilərmi?
8. Məsihçilərin ağız vasitəsilə cinsi əlaqəyə dair baxışları dünyadan nə ilə fərqlənir?
8 İbranilərə 13:4 və 1 Korinflilərə 6:9 ayələrində həm zinanın, həm də cinsi əxlaqsızlığın (yunanca porneya) Allah tərəfindən mühakimə olunduğu bildirilir. Cinsi əxlaqsızlığa nə daxildir? Yunanca bu söz cinsiyyət orqanlarından iyrənc məqsədlə təbii və ya pozğun yolla istifadə etməyi nəzərdə tutur. Bu, qanuni nikahdan kənar bütün qeyri-qanuni cinsi əlaqələri özünə daxil edir. Beləliklə, dünyadakı gənclərin çoxuna ağız vasitəsilə cinsi əlaqənin məqbul olduğu aşılansa da və ya onların özləri belə nəticəyə gəlsələr də, bu da cinsi əxlaqsızlığa daxildir. Həqiqi məsihçilər yol vermirlər ki, onların düşüncə və davranışlarını ‘boşboğaz və saxtakarların’ baxışları formalaşdırsın (Titusa 1:10). Onlar Müqəddəs Yazıların yüksək normalarına riayət edirlər. Ağız vasitəsilə cinsi əlaqəyə bəraət qazandırmaq əvəzinə, onlar anlayırlar ki, bu, Müqəddəs Yazılara əsasən porneya, yə’ni cinsi əxlaqsızlıqdır və vicdanlarını buna uyğun tərbiyə edirləra (Həvarilərin işləri 21:25; 1 Korinflilərə 6:18; Efeslilərə 5:3).
Fərqli vicdanlar, fərqli qərarlar
9. Əgər ‘hər şey təmizdirsə’, onda vicdanın rolu nədən ibarətdir?
9 Bəs Pavel «qəlbi təmiz olanlar üçün hər şey təmizdir» deməklə nəyi nəzərdə tuturdu? Pavel düşüncələrini və əxlaqi hisslərini Allahın ilhamlanmış Kəlamında yazılan tələblərinə uyğunlaşdıran məsihçilərdən danışırdı. Onlar anlayırlar ki, Allahın konkret olaraq mühakimə etmədiyi şeylərdə məsihçilər azad seçimə malikdirlər. Tənqidi yanaşmaq əvəzinə, onlar Allahın mühakimə etmədiyi şeyləri «təmiz» bir şey kimi qəbul edirlər. Bu məsihçilər gözləmirlər ki, Müqəddəs Kitabın konkret göstəriş vermədiyi şeylərə dair hamı onlarla eyni fikirdə olacaq. Gəlin bə’zi nümunələri nəzərdən keçirək.
10. Dəfn (və ya toy) mərasimi ilə bağlı hansı çətinliklər yarana bilər?
10 Ailə üzvlərindən yalnız birinin məsihçi olduğu çox ailələr var (1 Peter 3:1; 4:3). Bunun nəticəsində qohumların toyu və ya dəfn olunması kimi mərasimlərlə bağlı müxtəlif çətinliklər ortaya çıxa bilər. Əri imanda olmayan məsihçi qadının vəziyyətini təsəvvür edin. Onun qohumlarından kimsə vəfat edib və dəfn mərasimi yerli dini ən’ənələrə müvafiq keçiriləcək. (Yaxud qohumlardan kiminsə toyudur və toy yerli dini ən’ənələrə müvafiq keçiriləcəkdir.) Ər istəyir ki, yoldaşı onunla birlikdə getsin. Bu mərasimə getmək barədə qadının vicdanı nə deyir? O nə edəcək? İki mümkün vəziyyəti təsəvvür edin.
11. Məsihçi qadın dini adətlər üzrə keçirilən dəfn mərasiminə gedib-getməyəcəyini necə götür-qoy edə bilər və hansı qərara gələ bilər?
11 Rəhilə Müqəddəs Kitabın yalan dinin dünya imperiyası olan ‘Böyük Babildən çıxmaq’ çağırışının ciddi olduğunu bilir (Vəhy 18:2, 4). O bilir ki, dəfn mərasimi onun keçmişdə mənsub olduğu dinin adət-ən’ənələri üzrə keçiriləcək və bu zaman hamıdan həmin ən’ənələrə uyğun davranmaq gözləniləcək. O həmin adətlərə riayət etməməyi qərara alıb və ora heç getmək də istəmir ki, nöqsansızlığını təhlükə altına salmasın. Rəhilə öz ərinə hörmət bəsləyir və Müqəddəs Kitaba əsasən əri onun başı olduğu üçün ona tabe olmaq istəyir, bununla belə o, Müqəddəs Yazıların prinsiplərini pozmaq istəmir (Həvarilərin işləri 5:29). Buna görə o, yoldaşına nəzakətlə başa salır ki, mərasimə gedə bilməyəcək, hətta yoldaşı ora getməyi qərara alsa belə. Rəhilə izah edə bilər ki, əgər orada bə’zi ayinlərdə iştirak etməkdən imtina etsə, bu, ərini başqalarının yanında utandıra bilər, buna görə onun ora getməməsi əri üçün daha yaxşı olar. O belə qərar qəbul etməklə vicdanını təmiz saxlayır.
12. Kimsə dini adət-ən’ənələrin icra ediləcəyi dəfn mərasiminə gedib-getməməyi götür-qoy edərək necə davrana bilər?
12 Sara da, eyni seçim qarşısındadır. O, ərinə hörmət edir, Allaha sadiqliyini qorumağa qəti qərarlıdır və Müqəddəs Kitaba əsasən öyrədilmiş vicdanının səsinə qarşı həssasdır. Rəhilə kimi, o da eyni məqamların üzərində düşünür, dua edərək «Gözətçi Qülləsi»nin 2002-ci il 15 may sayındakı (rus.) «Oxucuların sualları»ndakı məsləhətləri nəzərdən keçirir. O xatırlayır ki, üç yəhudi bütpərəstliklə bağlı mərasimə gəlmək əmrinə tabe olsa da, bütpərəstlikdə iştirak etməyərək öz nöqsansızlığını qorumuşdu (Daniel 3:15-18). Buna görə də, dini ayinlərdə iştirak etməmək şərti ilə yoldaşı ilə birlikdə həmin mərasimə getməyi qərara alaraq vicdanına uyğun davranır. O, vicdanının nəyə yol verib, nəyə yol verməyəcəyini nəzakətlə, eyni zamanda aydın şəkildə yoldaşına başa salır. Sara ümid edir ki, əri həqiqi və yalan ibadət arasındakı fərqi görəcək (Həvarilərin işləri 24:16).
13. Nə üçün iki məsihçinin müxtəlif qərarlar qəbul etməsi narahatlıq doğurmamalıdır?
13 İki məsihçinin müxtəlif qərarlar qəbul edə bilməsi o demək deyil ki, hər kəs öz istədiyini edə bilər və ya onlardan birinin vicdanı zəifdir. Əvvəllər bu dinin adət-ən’ənələrində iştirak etdiyi üçün, Rəhilə həmin mərasimə getməyin onun üçün təhlükə doğuracağını hiss edə bilər. Bundan qabaq dini məsələlərlə bağlı əri ilə aralarında baş verənləri nəzərə alaraq, ərinin yenə də onun vicdanına tə’sir göstərə biləcəyindən ehtiyat edir. Buna görə o əmindir ki, qəbul etdiyi qərarı onun üçün ən yaxşı qərardır.
14. Məsihçilər şəxsi qərarlara dair nəyi yadda saxlamalıdırlar?
14 Bəs Saranın qərarı səhvdirmi? Bu barədə heç kimin fikir yürütməyə ixtiyarı yoxdur. Mərasimə getmək, ancaq dini ayinlərdə iştirak etməmək qərarına görə heç kim onu mühakimə və ya tənqid edə bilməz. Nəyi isə yeyib-yeməmək barədə şəxsi qərara dair Pavelin verdiyi məsləhəti unutmayın: «Hər şeyi yeyən, yeməyənə xor baxmasın; və hər şeyi yeməyən, yeyəni mühakimə etməsin... O qul öz ağası qarşısında haqlı və ya haqsız çıxar. Və haqlı çıxacaqdır, çünki Allah onu haqlı çıxarmağa qadirdir» (Romalılara 14:3, 4). Şübhəsiz ki, həqiqi məsihçilərdən heç kim istəməz ki, kimisə özünün tərbiyə edilmiş vicdanının səsinə məhəl qoymamağa təhrik etsin. Çünki bu, vicdanın həyatı xilas edə biləcək səsini boğmaq demək olardı.
15. Nə üçün başqalarının vicdan və hissləri ciddi nəzərə alınmalıdır?
15 Yuxarıda gətirilən nümunələrdəki məsihçi qadınlar əlavə faktorları, məsələn, qərarlarının başqalarına göstərə biləcəyi tə’siri nəzərə almalıdırlar. Pavel məsləhət görürdü ki, ‘qardaşımıza büdrəmək, yaxud yolunu azmaq üçün səbəb verməməyə’ qərarlı olaq (Romalılara 14:13). Ola bilsin, Rəhilə bilir ki, əvvəllər belə hallar yığıncağın üzvlərini və ya onun ailəsini heyrətə salmışdı. Eləcə də o dərk edir ki, onun hərəkəti uşaqlarına güclü tə’sir göstərəcək. Ancaq Sara isə bilir ki, indiyədək belə qərarlar nə yığıncağın üzvlərində, nə də başqalarında sual doğurmayıb. Hər iki qadın, o cümlədən, bizlərdən hər birimiz dərk etməliyik ki, düzgün tərbiyə edilmiş vicdan qərarlarımızın başqalarına necə tə’sir edəcəyini nəzərə alır. İsa demişdi: «Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, boynuna iri bir dəyirman daşı asıb dənizin dibinə atılmaq onun üçün daha yaxşı olar» (Matta 18:6). Əgər kimsə başqalarını büdrədəcəyinə məhəl qoymursa, Kritdəki bə’zi məsihçilər kimi, onun da vicdanına ləkə düşəcək.
16. Vaxt keçdikcə məsihçinin hansı dəyişikliklər etməsini gözləyə bilərik?
16 Məsihçi Allahla münasibətini inkişaf etdirməklə yanaşı, vicdanının səsinə qulaq asmaqda və ona hay verməkdə də irəliləyişlər etməlidir. Gəlin təzəcə vəftiz olmuş İlyas haqqında düşünək. Vicdanı ona deyir ki, əvvəllər məşğul olduğu, Müqəddəs Kitaba zidd gedən işlərdən uzaq olsun. Bu, bütpərəstliklə bağlı və ya qandan sui-istifadə etməyi özünə daxil edən işlər ola bilər (Həvarilərin işləri 21:25). İndi o, az da olsa, Allahın qadağan etdiyi şeyləri xatırladan hər şeydən uzaq qaçır. Digər tərəfdən isə, başqalarının onun normal yanaşdığı şeylərdən, məsələn, müəyyən televiziya proqramlarından imtina etməsi onda təəccüb doğurur.
17. Zaman və ruhani inkişafın məsihçinin vicdanına və qərarlarına necə tə’sir göstərdiyinə dair nümunə gətirin.
17 Vaxt keçdikcə İlyasın biliyi çoxalır və Yehova ilə münasibəti daha da möhkəmlənir (Koloslulara 1:9, 10). Bu hansı səmərələri gətirib? İndi onun vicdanı yaxşı tərbiyə olunub. İlyas vicdanının səsinə və Müqəddəs Kitab prinsiplərinə qarşı daha həssasdır. O anlayır ki, əslində əvvəllər qaçındığı bə’zi şeyləri Allah mühakimə etmir. Bundan əlavə Müqəddəs Kitab prinsiplərini daha yaxşı başa düşdüyü və yaxşı tərbiyə edilmiş vicdanının səsinə daha həvəslə hay verdiyi üçün, İlyasın vicdanı onu əvvəllər məqbul hesab etdiyi proqramlara baxmamağa təşviq edir. Bəli, indi onun vicdanı daha da mükəmməldir (Məzmur 37:31).
18. Sevinmək üçün hansı səbəbimiz var?
18 Yığıncaqların çoxunda müxtəlif inkişaf mərhələsində olan məsihçilər var. Onların bə’ziləri imanda yenidirlər. Müəyyən məsələlərdə onların vicdanları, demək olar ki, sussa da, başqa məsələlərdə çox həssasdır. Belə məsihçilərə Yehovanın tələblərinə uyğunlaşmaq və tərbiyə edilmiş vicdanlarının səsinə hay vermək üçün vaxt və kömək lazım ola bilər (Efeslilərə 4:14, 15). Xoşbəxtlikdən, həmin yığıncaqlarda dərin biliyə sahib, Müqəddəs Kitab prinsiplərini həyata keçirməkdə təcrübəsi olan və vicdanlarını Allahın düşüncə tərzinə daha çox uyğunlaşdıran məsihçilərin də sayı az olmur. Rəbbə məqbul olan şeyləri əxlaqi və ruhani cəhətdən «təmiz» hesab edən «təmiz olanlar» arasında olmaq necə də xoşdur! (Efeslilərə 5:10). Gəlin hamımız ruhani cəhətdən belə inkişaf etməyi və bundan sonra da vicdanımızı həqiqət haqqında dəqiq biliyə və Allah yoluna uyğunlaşdırmağı qarşımıza məqsəd qoyaq (Titusa 1:1).
[Haşiyə]
a Ər-arvadlar üçün bu mövzuya dair fikirlər «Gözətçi Qülləsi»nin 1984-cü il 1 dekabr sayının 22, 23-cü səhifələrində (rus.) vardır.
Necə cavab verərdiniz?
• Kritdə olan bə’zi məsihçilərin vicdanı nə üçün ləkələnmişdi?
• Necə ola bilər ki, vicdanı yaxşı tərbiyə olunmuş iki məsihçi müxtəlif qərarlar qəbul etsin?
• Zaman keçdikcə bizim vicdanımız necə olmalıdır?
[20-ci səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
Siciliya
YUNANISTAN
KİÇİK ASİYA
Krit
Kipr
ARALIQ DƏNİZİ
[22-ci səhifədəki şəkil]
Eyni vəziyyətlə üzləşən iki məsihçi müxtəlif qərarlar qəbul edə bilər.