Yehovanın Kəlamı canlıdır
«Titusa», «Filimona» və «İbranilərə» məktublardan diqqətəlayiq fikirlər
ERAMIZIN 61-ci ilində Romada ilk həbsdən azadlığa buraxılandan bir müddət sonra həvari Pavel Krit adasına baş çəkir. Yığıncağın ruhani cəhətdən nə vəziyyətdə olduğunu görən Pavel qardaşları möhkəmləndirsin deyə Titusu burada saxlayır. Bir qədər sonra, ehtimal ki, Makedoniyadan Pavel Titusa məktubunda məsuliyyətlərinin öhdəsindən gəlmək üçün göstərişlər verir və onu bu işdə dəstəkləyir.
Bir qədər əvvəl isə, eramızın 61-ci ilində həbsdən buraxıldıqdan tez sonra Pavel Kolos şəhərində yaşayan məsihçi Filimona xahiş məktubu yazmışdı.
Təxminən eramızın 61-ci ilində Pavel Yəhudeyadakı ibrani həmimanlılarına məsihçiliyin iudaizmin üzərində üstünlüyünü göstərən bir məktub da yazmışdı. Bu məktubların hər birində bizim üçün dəyərli dərslər var (İbr. 4:12).
SAĞLAM İMANI QORUYUB SAXLAYIN
‘Bütün şəhərlərdə cəmiyyət ağsaqqalları təyin etmək’ barədə göstəriş verdikdən sonra Pavel Titusa məsləhət edir ki, «imanda sağlam olsunlar» deyə itaətsizləri «sərt şəkildə məzəmmət et»sin. O, Kritdəki yığıncaqlarda olanların hamısına ‘Allaha qarşı hörmətsizliyi rədd edib, bu dünyada təmkinli ömür sürməyi’ nəsihət edir (Tit. 1:5, 10-13; 2:12).
Pavel Kritdəki qardaşlara sağlam imanlarını qoruyub saxlamağa kömək etmək üçün başqa məsləhətlər də verir. O, Titusa deyir ki, ‘boş mübahisələrdən və müqəddəs qanun ətrafında gedən münaqişələrdən uzaq olsun’ (Tit. 3:9).
Müqəddəs Kitab suallarına cavablar:
1:15 — Necə ola bilər ki, «hər şey» ‘qəlbi təmiz olanlar üçün təmizdir’, «murdarlar və imansızlar üçün isə təmiz» deyil? Bu suala cavab vermək üçün Pavelin «hər şey» deməklə nəyi nəzərdə tutduğunu bilməliyik. O, Allahın Kəlamında birbaşa olaraq mühakimə edilən şeyləri yox, Müqəddəs Yazıların məsihçilərə vicdanlarına əsasən qərar qəbul etmələrinə yol verdiyi müəyyən sahələri nəzərdə tuturdu. Düşüncəsi Allahın normalarına müvafiq olan insan üçün belə şeylər təmizdir. Düşüncəsi yanlış və vicdanı ləkəli olanlar üçün isə bu təmiz deyila.
3:5 — Məsh olunmuş məsihçilər hansı mənada ‘su ilə yuyulmaqla xilas edilir’ və ‘müqəddəs ruhla təzələnirlər’? ‘Su ilə xilas edilmək’ o deməkdir ki, Allah onları İsanın fidiyə qurbanlığının qanının dəyəri ilə yuyub, yaxud təmizləyib. Onlar Allahın ruhdan doğulan oğulları kimi ‘yeni məxluq’ olduqları üçün ‘müqəddəs ruhla təzələnirlər’ (2 Kor. 5:17).
Bizim üçün ibrət dərsləri:
1:10-13; 2:15. Məsihçi nəzarətçiləri yığıncaqda olan səhvlərə cəsarətlə düzəliş verməlidirlər.
2:3-5. Birinci əsrdə olduğu kimi, bu gün də yetkin məsihçi bacılar ‘müqəddəslərə layiq tərzdə davranmalı, iftiraçı, şərab düşkünü olmamalı və xeyirxahlığa’ öyrətməlidirlər. Belə etməklə onlar yığıncaqdakı ‘gənc qadınlara’ təklikdə məsləhətlər verə bilərlər.
3:8, 14. ‘Xeyirli işlərlə məşğul olmağa diqqət verməyimiz yaxşı və faydalıdır’, çünki bu, Allaha xidmətdə səmərəli olmağımıza və özümüzü bu pis dünyadan qorumağımıza kömək edir.
«MƏHƏBBƏTLƏ» ÖYÜD VERİN
Filimon ‘məhəbbət və imanda’ nümunəvi olduğuna görə təriflənir. Onun həmimanlıları üçün təravət mənbəyi olması Pavelə «böyük sevinc və təsəlli» verir (Filim. 4, 5, 7).
Pavel bütün nəzarətçilərə nümunə verərək Onisimlə bağlı incə məsələni əmr verməklə yox, «məhəbbətlə» xahiş edərək həll edir. O, Filimona deyir: «Sənin itaətinə əmin olaraq, bunları sənə yazıram və bilirəm ki, dediklərimdən daha artıq edəcəksən» (Filim. 8, 9, 21).
Müqəddəs Kitab suallarına cavablar:
10, 11, 18 — Əvvəllər «faydasız» olan Onisim necə ‘faydalı’ oldu? Onisim Kolosda yaşayan Filimonun evindən Romaya qaçmış və ağasına könülsüz xidmət edən qul idi. Ola bilsin, Onisim 1 400 kilometr məsafəni qət etmək üçün ağasından pul da oğurlamışdı. Həqiqətən də o, Filimon üçün faydasız idi. Amma Romada Pavelin köməyilə məsihçi oldu. Əvvəllər «faydasız» qul olan Onisim indi bir məsihçi qardaş kimi ‘faydalı’ oldu.
15, 16 — Nəyə görə Pavel Onisimə azadlıq bəxş etməyi Filimondan xahiş etmədi? Pavel ‘Allahın Səltənətini təbliğ etmək və İsa Məsih barəsindəki həqiqəti öyrətmək’ tapşırığından yayınmaq istəmirdi. Buna görə də o, quldarlıq kimi sosial məsələlərə qarışmamaq qərarına gəldi (Həv. iş. 28:31).
Bizim üçün ibrət dərsləri:
2. Filimon öz evini məsihçi görüşləri üçün təqdim etmişdi. Evimizdə təbliğ üçün görüşlərin keçirilməsi şərəfdir (Rom. 16:5; Kolos. 4:15).
4-7. İmanda və məhəbbətdə nümunəvi olan həmimanlılarımızı tərifləməliyik.
15, 16. Həyatda hadisələrin xoşagəlməz inkişafı həddən artıq narahatçılığımıza səbəb olmamalıdır. Onisimin hadisəsində olduğu kimi, hər şey bizim xeyrimizə çevrilə bilər.
21. Pavel Filimondan Onisimi bağışlayacağını gözləyirdi. Bizim xətrimizə dəyən qardaş da bizdən onu bağışlamağımızı gözləyə bilər (Mat. 6:14).
«KAMİLLİYƏ DOĞRU TƏRƏQQİ EDƏK»
İsanın qurbanlığına imanın Qanunun işlərindən üstün olduğunu sübut etmək üçün Pavel məsihçiliyin Banisinin, onun kahinliyinin, qurbanlığının və yeni əhdin möhtəşəmliyini vurğulayır (İbr. 3:1-3; 7:1-3, 22; 8:6; 9:11-14, 25, 26). Bu bilik, təbii ki, ibrani məsihçilərə yəhudilər tərəfindən məruz qaldıqları təqiblərə tab gətirməyə kömək etmişdi. Pavel ibranilərdən olan həmimanlılarını ‘kamilliyə doğru tərəqqi etməyə’ təşviq edir (İbr. 6:2).
İman məsihçilər üçün nə dərəcədə vacibdir? Pavel yazır: «İman etmədən Allaha məqbul olmaq... qeyri-mümkündür». O, ibraniləri təşviq edir ki, ‘qarşılarına qoyulan yarışda mətanətlə qaçsınlar’ və bunu imanla etsinlər (İbr. 11:6; 12:1).
Müqəddəs Kitab suallarına cavablar:
2:14, 15 — Şeytanın ‘ölüm yetirə bilməsi’ (YD) istədiyi hər kəsə vaxtsız ölüm yetirə bildiyinimi göstərir? Xeyr. Şeytan Eden bağında pislik yoluna qədəm qoyandan bəri onun yalanları ölümə səbəb olur, çünki Adəm günah işlətdi və günahla ölümü bəşər övladlarına ötürdü (Rom. 5:12). Bundan əlavə, Şeytanın yer üzündəki əlaltıları Allahın xidmətçilərini, İsa ilə olduğu kimi, təqib edir və hətta öldürürlər. Ancaq bu o demək deyil ki, o, istədiyi hər bir kəsi öldürməyə qadirdir. Əgər bu belə olsaydı, şübhə yoxdur ki, Yehovanın xidmətçilərini yer üzündən çoxdan silərdi. Yehova Öz xalqını bir qrup şəklində müdafiə edir və Şeytanın onları məhv etməsinə yol vermir. Allah Şeytanın hücumları nəticəsində bizlərdən bəzilərinin ölməsinə yol versə də, əmin ola bilərik ki, O bizə dəyən hər bir zərəri aradan qaldıracaq.
4:9-11 —Biz Allahın «istirahətinə» necə ‘nail oluruq’? Yaradılışın altıncı gününün sonunda Allah Yer kürəsinə və bəşəriyyətə dair niyyətinin həyata keçəcəyinə əmin olaraq Öz işlərindən istirahət etdi (Yar. 1:28; 2:2, 3). Biz əməllərimizlə özümüzə bəraət qazandırmamaqla və Allahın xilasımız üçün verdiyi fidiyə qurbanlığını qəbul etməklə bu ‘istirahətə nail oluruq’. Öz maraqlarımızı güdmək əvəzinə, Yehovaya iman təzahür etdirəndə və Onun Oğlunu itaətkarlıqla izləyəndə rahatlıq və əmin-amanlıq kimi xeyir-duaları hər gün alırıq (Mat. 11:28-30).
9:16 — Yeni əhdi ‘vəsiyyət edən’ kimdir? Yeni əhdi vəsiyyət edən İsa olsa da, onun təsisçisi Yehova Allahdır. İsa bu əhdin Vəsatətçisidir və bu əhd onun öz həyatını qurban verməsi ilə qüvvəyə mindi (Luka 22:20; İbr. 9:15).
11:10, 13-16 — İbrahimin gözlədiyi ‘şəhər’ nə idi? Bu, simvolik şəhər idi. İbrahim Məsih İsa və onun 144 000 hakimiyyət şərikindən ibarət ‘səmavi Yerusəlimi’ gözləyirdi. Səmavi izzətə qovuşmuş bu hakimiyyət şərikləri həmçinin ‘müqəddəs şəhər, yeni Yerusəlim’ adlanırlar (İbr. 12:22; Vəhy 14:1; 21:2). İbrahim Allahın Padşahlığının rəhbərliyi altında yaşamağın həsrətini çəkirdi.
12:2 — İsa «qarşısına qoyulan» hansı «sevinc uğrunda» işgəncə dirəyinə «təhəmmül etdi»? Yehovanın adının təqdis edilməsi, Allahın ali hökmranlığına bəraət qazandırılması və öz həyatını fidiyə verib bəşəriyyəti ölümdən azad etmək də daxil olmaqla, xidməti sayəsində nələrə nail olunacağını bilmək ona sevinc gətirirdi. İsa Padşah kimi hökmranlıq edəcəyi və Baş Kahin kimi bəşəriyyətin xeyrinə xidmət edəcəyi vaxtı da səbirsizliklə gözləyirdi.
13:20 — Nəyə görə yeni əhd «əbədi» adlandırılır? Bunun üç səbəbi var: 1) o heç vaxt əvəz edilməyəcək, 2) onun nəticəsi əbədi olacaq və 3) ‘başqa qoyunlar’ yeni əhddən Har-Megidondan sonra da faydalanacaqlar (Yəh. 10:16).
Bizim üçün ibrət dərsləri:
5:14. Allahın Kəlamı olan Müqəddəs Kitabı çalışqanlıqla öyrənməli və öyrəndiklərimizi tətbiq etməliyik. Biz ‘xeyirlə şəri ayırd etməyi’ başqa yolla öyrənə bilmərik (1 Kor. 2:10).
6:17-19. Allahın vədinə və andına əsaslanan möhkəm ümid həqiqət yolunu azmamağımıza kömək edəcək.
12:3, 4. Xırda səhvlərə və təqiblərə görə ‘yorulub taqətdən düşməkdənsə’, yetkinliyə can atmalı və sınaqlara dözməyi öyrənməliyik. Biz ‘qanımızı töküncəyə kimi’, yəni ölümədək müqavimət göstərməyə qətiyyətli olmalıyıq (İbr. 10:36-39).
12:13-15. Biz yol verməməliyik ki, «acı kök», yəni yığıncaqda işlərin necə görüldüyünə narazılıq edən hər bir kəs ‘ayaqlarımız üçün düz cığırlar salmağımıza’ mane olsun.
12:26-28. Allahın yox, başqasının əli ilə «yaradılmış şeylər», yəni bütün indiki sistem, hətta ‘pis göylər’ sarsıdılıb yox edilməlidir. Bu baş verəndə yalnız Padşahlıq və onu dəstəkləyənlər ‘sarsılmayacaq’. Padşahlığı səylə təbliğ etmək və onun prinsipləri əsasında yaşamaq necə də vacibdir!
13:7, 17. Yığıncaqdakı nəzarətçilərə itaət etmək və tabe olmaq nəsihətinə riayət etmək əməkdaşlıq ruhunu təzahür etdirməyimizə kömək edəcək.
[Haşiyə]
a «Gözətçi Qülləsi»nin 2007-ci il 1 noyabr sayının 20, 21-ci səhifələrinə baxın.