Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/2 s. 18—22
  • Yehova minnətdar Allahdır!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova minnətdar Allahdır!
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Yehova Ondan qorxan kuşluya mükafat verir
  • «Gizlini görən Atan sənə açıqcasına əvəzini verəcəkdir»
  • «Mərhəmətli və sadiq Baş Kahin»
  • Həmişə minnətdar olun!
  • Minnətdarlığımızı bildirək
    Gözətçi qülləsi 2019
  • Minnətdarlığınızı daima artırın
    Gözətçi qülləsi 2007
  • Minnətdarlığımızı nə üçün bildirməliyik?
    Gözətçi qülləsi 2008
Gözətçi qülləsi 2007
w07 1/2 s. 18—22

Yehova minnətdar Allahdır!

«Allah haqsız deyildir ki, sizin işinizi... və... Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun» (İBRANİLƏRƏ 6:10).

1. Yehova moavlı Rutu qiymətləndirdiyini necə göstərdi?

YEHOVA Onun iradəsini səmimi qəlbdən yerinə yetirməyə çalışan insanları qiymətləndirir və onlara bol-bol xeyir-dua verir (İbranilərə 11:6). Sadiq Boaz Allahın şəxsiyyətinin bu gözəl

cəhəti ilə çox yaxşı tanış idi. Bu, dul qalmış qayınanasının məhəbbətlə qayğısına qalan moavlı Ruta dediyi sözlərindən bəllidir: «Bu işinin əvəzini qoy Rəbb versin! Qoy... Rəbb sənə bol mükafat versin!» (Rut 2:12). Allah Ruta xeyir-dua verdimi? Əlbəttə! Onun haqqında Müqəddəs Kitabda yazılması xeyir-dua deyilsə, bəs nədir? Üstəlik, Rut Boaza ərə gedərək həm Davudun, həm də İsa Məsihin ulu nənəsi oldu (Rut 4:13, 17; Matta 1:5, 6, 16). Bu, Yehovanın xidmətçilərini qiymətləndirdiyini göstərən Müqəddəs Kitabdakı bir çox nümunələrdən yalnız biridir.

2, 3. a) Yehovanın Öz xidmətçilərini qiymətləndirməsi nəyə görə diqqətəlayiqdir? b) Yehova xidmətçilərini nə üçün qiymətləndirir? Nümunə əsasında izah edin.

2 Əgər Yehova xidmətçilərini qiymətləndirməsəydi, bunu Özü tərəfindən haqsızlıq hesab edərdi. İbranilərə 6:10 ayəsində deyilir: «Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun». Bu sözlərdə diqqətəlayiq odur ki, izzətindən məhrum və günahlı olduqlarına baxmayaraq, Yehova Ona sadiq qalan insanları qiymətləndirir (Romalılara 3:23).

3 Qeyri-kamilliyin ucbatından bizə hərdən elə gələ bilər ki, Allah üçün etdiyimiz işlər əhəmiyyətsizdir və Onun xeyir-dualarına layiq deyil. Lakin Yehova ürəyimizi gördüyü və vəziyyətimizi başa düşdüyü üçün Ona bütün qəlbdən etdiyimiz xidməti qiymətləndirir (Matta 22:37). Misal üçün: ana masanın üstündə bir hədiyyə — ucuz boyunbağı tapır. O, bu hədiyyəni əhəmiyyətsiz sanaraq bir kənara ata bilər. Amma hədiyyənin yanında olan açıqcanı oxuduqdan sonra ana görür ki, boyunbağını onun üçün kiçik qızı alıb. Qızcığaz yığdığı bütün pulunu verərək anasına bu hədiyyəni almışdır. İndi ana bu hədiyyəyə tamamilə başqa gözlə baxır. Ana uşağı qucaqlayaraq, bəlkə də gözlərində yaş, ona ürəkdən təşəkkür edir.

4, 5. İsa minnətdarlıq təzahür etdirməkdə Yehovanı necə təqlid etmişdi?

4 Ürəyimizi görən və imkanlarımızın məhdudluğunu nəzərə alan Yehova, əlimizdən gələnin az və ya çox olmasından asılı olmayaraq Onun üçün etdiyimiz hər şeyi qiymətləndirir. İsa Atasının bu cəhətini mükəmməl surətdə əks etdirmişdi. Mə’bədin ianə qutusuna iki lepton atan dul qadının nümunəsini yadımıza salaq. «İsa gözlərini qaldırdıqda ianə qutusuna hədiyyələrini atan varlı adamları gördü. Oraya iki lepton qoyan kasıb bir dul qadını da gördü, və dedi: “Həqiqəti sizə deyirəm ki, bu yoxsul dul qadın hamıdan çox pul atdı. Çünki onların hamısı öz varlarının artıqlığından Allaha hədiyyə verdilər, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində olan bütün pulunu verdi”» (Luka 21:1-4).

5 Bəli, İsa qadının vəziyyətini, yə’ni dul və kasıb olduğunu nəzərə alaraq onun hədiyyəsinin həqiqi dəyərini gördü və yüksək qiymətləndirdi. Eyni şeyi Yehova haqqında da demək olar (Yəhya 14:9). Vəziyyətimizdən asılı olmayaraq, minnətdar Allahımızın və Onun Oğlunun gözündə lütf tapmağın mümkün olduğunu bilmək məgər sizi ruhlandırmırmı?

Yehova Ondan qorxan kuşluya mükafat verir

6, 7. Yehova Eved-Melekin hərəkətini nə üçün qiymətləndirdi və O bunu necə etdi?

6 Müqəddəs Yazılarda qələmə alınan bir çox nümunələr göstərir ki, Yehova Onun iradəsini yerinə yetirən insanları mükafatlandırır. Gəlin Allahdan qorxan kuşlu Eved-Melekin nümunəsinə nəzər salaq. Yeremya peyğəmbərin müasiri olan Eved-Melek Yəhudanın dönük padşahı Sidqiyanın sarayında xidmət edirdi. O, xəbər tutdu ki, Yəhudanın ə’yanları Yeremya peyğəmbərə şər ataraq onu xalqı qiyama qaldırmaqda ittiham ediblər, sonra isə quyuya atıblar ki, orada acından ölsün (Yeremya 38:1-7). Yeremyanın təbliğ etdiyi xəbərə görə ə’yanların nifrətini qazandığını bilə-bilə Eved-Melek həyatını təhlükəyə atıb padşaha müraciət etdi. Kuşlu cəsarətlə dedi: «Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək». Padşahın əmri ilə Eved-Melek 30 adam götürüb Allahın peyğəmbərini quyudan çıxartdı (Yeremya 38:8-13).

7 Yehova Eved-Melekin imanla hərəkət etdiyini gördü. Bu iman ona hər bir qorxuya üstün gəlməkdə kömək etmişdi. Yehova bu hərəkəti qiymətləndirərək Yeremya peyğəmbərin vasitəsilə dedi: «Bu şəhərin üzərinə yaxşılıq deyil, pislik gətirərək dediyim sözləri yerinə yetirəcəyəm... Ancaq o gün səni xilas edəcəyəm... Qorxduğun adamlara təslim edilməyəcəksən. Bəli, Mən səni xilas edəcəyəm... Heç olmasa öz canını qurtaracaqsan, çünki sən Mənə güvəndin» (Yeremya 39:16-18). Bəli, Yehova Yeremya ilə bir yerdə Eved-Meleki Yəhudanın pis ə’yanlarının, sonra isə Yerusəlimi yerlə-yeksan edən babillilərin əlindən xilas etdi. Məzmur 97:10 ayəsində bəyan edilir: «O, [Yehova] mö’minlərinin canını qoruyar, onları pislərin əlindən qurtarar».

«Gizlini görən Atan sənə açıqcasına əvəzini verəcəkdir»

8, 9. İsanın nümunəsindən göründüyü kimi Yehova hansı duaları qiymətləndirir?

8 Müqəddəs Kitabda dua haqqında yazılanlar sübut edir ki, Yehova Onun naminə etdiyimiz hər şeyi qiymətləndirir. «Rəbb... əməlisalehlərin duasından... razı qalır», — deyə müdrik insan qeyd etmişdi (Süleymanın məsəlləri 15:8). İsanın günlərində bir çox din rəhbərlərinin insanların önündə dua etmək vərdişi vardı. Onlar bunu mö’min olduqlarından deyil, özlərini başqalarına göstərmək üçün edirdilər. Bu insanları görən İsa şagirdlərinə nəsihət verərək demişdi: «Onlar mükafatlarını aldılar. Sən isə dua etdiyin zaman öz otağına gir və qapını bağlayaraq, gizlində olan Atana dua et; gizlini görən Atan sənə açıqcasına əvəzini verəcəkdir» (Matta 6:5, 6).

9 Bununla İsa insanların qarşısında dua etməyi mühakimə etmədi, çünki o özü də bə’zi hallarda camaatın önündə dua edirdi (Luka 9:16). Yehova özünü başqalarına göstərmək niyyəti olmadan sidq ürəkdən edilən duaları yüksək qiymətləndirir. Təklikdə etdiyimiz dualar Allahı dərindən sevdiyimizə və Ona e’tibar etdiyimizə dəlalət edir. Buna görə də, təəccüblü deyil ki, İsa dua etmək üçün tənha yer axtarırdı. O, bir dəfə «səhər, gün doğmazdan əvvəl» dua etmişdi. Növbəti dəfə isə «dua etmək üçün tək-tənha dağa çıxdı». On iki həvarini seçməzdən əvvəl o, bütün gecəni tək dua etdi (Mark 1:35; Matta 14:23; Luka 6:12, 13).

10. Sidq ürəkdən dua edib dərin hisslərimizi Yehovaya açanda nəyə əmin ola bilərik?

10 Oğlunun səmimi dualarını Yehovanın necə böyük diqqətlə dinlədiyini bir təsəvvür edin! Doğrudan da, İsa bə’zən «güclü fəryadla və göz yaşları ilə dualar və xahişlər etmiş və Allah qorxusu sayəsində eşidilmişdi» (İbranilərə 5:7; Luka 22:41-44). Biz də sidq-ürəkdən dua edib, dərin hisslərimizi Yehovaya açanda, əmin ola bilərik ki, O, dualarımızı qiymətləndirərək bizi diqqətlə dinləyir. Bəli, «Rəbb... Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır» (Məzmur 145:18).

11. Tək olanda Yehovaya sadiq və itaətkar qalmağımız Onda hansı hissləri doğurur?

11 Əgər Yehova tək olanda etdiyimiz duaları qiymətləndirirsə, görün bizi heç kim görməyəndə Ona itaət etməyimizi necə qiymətləndirir! Bəli, Yehova bizim təklikdə olanda gördüyümüz işlərdən xəbərdardır (1 Peter 3:12). Yehovanın qarşısında ‘səmimi qəlbimizin’ olduğu, yə’ni niyyətlərimizin təmizliyi və doğru olanı etməyə qəti qərarlı olduğumuz bizi heç kəs görməyəndə Allaha sadiq və itaətkar qalmağımızdan görünür (1 Salnamələr 28:9). Belə davranışımız Yehovaya necə də böyük sevinc gətirir! (Süleymanın məsəlləri 27:11; 1 Yəhya 3:22).

12, 13. Natanel kimi sadiq şagird olmaq üçün zehnimizi və ürəyimizi necə qorumalıyıq?

12 Deməli, sadiq məsihçilər pornoqrafiyaya və zorakılığa baxmaq kimi zehni və ürəyi pozan gizli günahlardan özlərini gözləməlidirlər. Bə’zi günahları insanların gözündən gizlətmək mümkün olsa da, biz başa düşürük ki, Allahın «gözləri önündə hər şey çılpaq və açıqdır. Ona hesabat verəcəyik» (İbranilərə 4:13; Luka 8:17). Yehovanın xoşuna gəlməyən işlərdən uzaq durmağa çalışaraq vicdanımızı təmiz saxlayır, Allahın bizdən razı qaldığını bilərək isə sevinirik. Şübhəsiz ki, Yehova «kamillik yolu ilə gedən, əməlisaleh olan, ürəkdən həqiqəti söyləyən» insanı qiymətləndirir (Məzmur 15:1, 2).

13 Pisliyə qərq olmuş bu dünyada ürəyimizi və zehnimizi necə qoruya bilərik? (Süleymanın məsəlləri 4:23; Efeslilərə 2:2). İlk növbədə imanımızı möhkəmləndirmək üçün Yehovanın təqdim etdiyi ruhani tədbirlərdən faydalanmalıyıq. Lakin bundan savayı, düz olmayan arzular ürəyimizdə kök salaraq günah doğurmayınca, pisliyi rədd etmək və düzgün davranmaq üçün var gücümüzlə çalışmalıyıq (Yaqub 1:14, 15). İsa Natanel haqqında dediyi «budur, daxilində hiylə olmayan [adam]!» sözlərini sənin üçün də desəydi, yəqin ki, çox sevinərdin (Yəhya 1:47). Bar-Talmay kimi tanınan Natanel sonralar İsanın 12 həvarisindən biri olmaq şərəfinə layiq görüldü (Mark 3:16-19).

«Mərhəmətli və sadiq Baş Kahin»

14. Başqalarından fərqli olaraq, İsa Məryəmin hərəkətinə necə münasibət göstərdi?

14 «Görünməyən Allahın surəti» olan İsa Yehovaya təmiz ürəklə xidmət edən insanları qiymətləndirərək hər zaman Atasını mükəmməl surətdə təqlid edirdi (Koloslulara 1:15). Məsələn, ölümündən beş gün əvvəl İsa və onun bə’zi şagirdləri beytanyalı Şimonun evində qonaq idilər. Axşam düşəndə Marta ilə Lazarın bacısı Məryəm təxminən illik gəlirə bərabər «çox qiymətli xalis hindsünbülü yağından təqribən yarım litr götürüb» İsanın başına və ayağına sürtdü (Yəhya 12:3). Bə’ziləri «bu israf nə üçün?» deyərək e’tirazlarını bildirdilər. Amma İsa Məryəmin hərəkətinə tamam başqa gözlə baxdı. Onun nəzərincə, bu, Məryəmin çox səxavətli olduğuna işarə edir, o cümlədən yaxınlaşan ölümü və dəfni ilə əlaqədar böyük mə’na daşıyırdı. İsa Məryəmi tənqid etmədi, əksinə onu tə’rifləyib dedi: «Bu Müjdə bütün dünyanın harasında təbliğ edilərsə, bu qadının etdiyi də söylənəcək, özü də xatırlanacaqdır» (Matta 26:6-13).

15, 16. İsanın yer üzündə insan kimi yaşayıb, Allaha xidmət etməsinin bizə hansı faydası var?

15 İsa kimi minnətdar Rəhbərimizin olması bizim üçün necə də böyük şərəfdir! Məsihin yer üzündə yaşaması onu Yehovanın tə’yin etdiyi işə, yə’ni əvvəlcə məsh olunmuşların, sonra isə yerüzü ümidinə malik olanların yığıncağında Baş Kahin olmağa və Padşah kimi xidmət etməyə hazırladı ­(Koloslulara 1:13; İbranilərə 7:26; Vəhy 11:15).

16 İsa hələ yer üzünə gəlməzdən qabaq insanlarla yaxından maraqlanır və onlara xüsusi məhəbbət bəsləyirdi (Süleymanın məsəlləri 8:31). O, insan kimi yaşayaraq Allaha xidmətdə bizim hansı çətinliklərlə üzləşdiyimizi daha yaxşı başa düşdü. Həvari Pavel yazırdı: «O, [İsa] hər cəhətcə qardaşlarına bənzəməli idi ki... mərhəmətli və sadiq Baş Kahin olsun. Çünki Özü imtahan olunub ələm çəkdiyi üçün, imtahan olunanlara yardım edə bilər». İsa «zəifliklərimizdə bizə acıya» bilir, çünki o, hər cəhətdən «bizim kimi imtahan edilmiş», ancaq heç bir günaha yol verməmişdi (İbranilərə 2:17, 18; 4:15, 16).

17, 18. a) İsanın Kiçik Asiyanın yeddi yığıncağına ünvanladığı məktublardan nə öyrənirik? b) O dövrdəki məsh olunmuş məsihçilər hansı iş üçün hazırlanırdılar?

17 Şagirdlərinin keçirdiyi sınaqlardan İsanın yaxşı xəbərdar olması dirilməsindən sonra aydın oldu. Onun Kiçik Asiyanın yeddi yığıncağına ünvanladığı məktublarına nəzər salaq. İsa İzmirdəki yığıncağa dedi: «Sənin... əzabından və yoxsulluğundan... xəbərdaram». Başqa sözlə desək İsa deyirdi: «Mən sizin problemlərinizi yaxşı başa düşürəm, nələrdən keçdiyinizi bilirəm». Özünün də ölümcül əzablarla üzləşdiyi üçün, o, mərhəmətlə və əminliklə bunları dedi: «Ölüm bahasına da olsa sadiq qal, Mən sənə həyat tacını verəcəyəm» (Vəhy 2:8-10).

18 İsanın yeddi yığıncağa ünvanladığı məktublardan görünür ki, o, şagirdlərinin çətinliklərindən xəbərdardır və onların nöqsansızlığı qoruduqlarına görə səmimi qəlbdən minnətdardır (Vəhy 2:1–3:22). Unutmayaq ki, İsa bu məktubları onunla birlikdə göydə padşahlıq etmək ümidinə malik olan məsh edilmişlərə ünvanlamışdı. Onlar da İsa kimi, Məsihin fidiyə qurbanlığını böyük mərhəmətlə qeyri-kamil bəşəriyyətə tətbiq etmək kimi şərəfli iş üçün hazırlanırdılar (Vəhy 5:9, 10; 22:1-5).

19, 20. ‘Böyük izdihamı’ təşkil edənlər Yehovaya və Onun Oğluna minnətdarlıqlarını necə bildirirlər?

19 Əlbəttə, İsa hər millətdən olub, «böyük məşəqqətdən» sağ çıxacaq böyük izdihama daxil olan milyonlarla sadiq ‘başqa qoyunları’ da sevir (Yəhya 10:16; Vəhy 7:9, 14). İsanın fidiyə qurbanına və əbədi həyat ümidinə görə minnətdar olduqları üçün onun ətrafına toplaşan bu insanlar minnətdarlıqlarını necə bildirirlər? ‘Gecə-gündüz Ona [Allaha] xidmət etməklə’ (Vəhy 7:15-17).

20 27-30-cu səhifələrdəki 2006-cı xidmət ili üçün olan ümumdünya hesabatından aydın görünür ki, bu sadiq xidmətçilər gecə-gündüz Yehovaya müqəddəs xidməti icra edirlər. Bir il ərzində onlar məsh olunmuşların nisbətən kiçik qrupu ilə birlikdə təbliğə 150 000-dən çox ilə bərabər 1 333 966 199 saat həsr etmişlər!

Həmişə minnətdar olun!

21, 22. a) Minnətdarlıq hissini itirməmək üçün məsihçilər bu gün nəyə görə xüsusilə ayıq olmalıdırlar? b) Növbəti məqalədə nə müzakirə olunacaq?

21 Yehova və Onun Oğlunun qeyri-kamil insanları yüksək qiymətləndirməsi həqiqətən də valehedicidir. Amma əfsuslar olsun ki, insanların əksəriyyəti Allahı heç düşünməyərək, ancaq özləri üçün yaşayırlar. «Axır günlərdə» yaşayan insanları təsvir edərək Pavel yazırdı: ‘İnsanlar xudbin, pulpərəst, nankor olacaqlar’. Ancaq bu insanlardan fərqli olaraq, həqiqi məsihçilər Yehovaya səmimi qəlbdən dua etməklə, həvəslə tabe olmaqla və bütün qəlbdən xidmət etməklə Allahın onlar üçün etdiyi hər şeyə görə minnətdarlıqlarını bildirirlər (Məzmur 62:8; Mark 12:30; 1 Yəhya 5:3).

22 Növbəti məqalədə Yehovanın məhəbbətlə təqdim etdiyi bir çox ruhani ən’amlar nəzərdən keçiriləcək. Qoy bu ‘yaxşı bəxşişlər’ üzərində düşündükcə bizim minnətdarlığımız artsın (Yaqub 1:17).

Necə cavab verərdiniz?

• Yehovanın minnətdar Allah olduğu nədən bəllidir?

• Təklikdə olanda Yehovanın ürəyini necə sevindirə bilərik?

• Məsihin insanları qiymətləndirdiyini haradan bilirik?

• Yerüzü həyatı İsaya mərhəmətli və minnətdar Rəhbər olmağa necə kömək etmişdir?

[18-ci səhifədəki şəkil]

Uşağın məhəbbətini sadəliklə bildirməsi valideyni sevindirdiyi kimi, Yehova da əlimizdən gələni edəndə, O bunu qiymətləndirir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş