Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/12 s. 12—16
  • Gözlə gördüyünüzə əsasən deyil, imanla yeriyin!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gözlə gördüyünüzə əsasən deyil, imanla yeriyin!
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • ‘Günah ilə müvəqqəti olaraq zövq almağı’ rədd edin
  • Var-dövlət hərisliyinin toruna düşməkdən qaçın
  • Sonun yaxın olduğunu nəzərdən qaçırmayın
  • Gözlə görülənə əsasən yerimək nə dərəcədə təhlükəlidir?
  • İmanla yeriməyə davam edin
  • Musa peyğəmbər — iman sahibi
    Gözətçi qülləsi 2013
  • Musanın imanı qədər imanın varmı?
    Gözətçi qülləsi 2014
  • İmana əsasən yaşayın
    Gözətçi qülləsi 2025
  • «Gözəgörünməz Allahı» iman gözü ilə gör
    Gözətçi qülləsi 2014
Əlavə
Gözətçi qülləsi 2005
w05 1/12 s. 12—16

Gözlə gördüyünüzə əsasən deyil, imanla yeriyin!

«Biz gözlə görülənə deyil, imana əsasən hərəkət edirik [«imanla yeriyirik», İ–93]» (2 KORİNFLİLƏRƏ 5:7).

1. Nəyə görə demək olar ki, həvari Pavel gözlə görülənə əsasən deyil, imanla yeriyirdi?

XƏYALƏN eramızın 55-ci ilinə yollanaq. İsanın davamçılarını tə’qib edən Şaulun məsihçiliyi qəbul etdiyi vaxtdan təxminən 20 il keçmişdir. İndi o, həvari Pavel kimi tanınır. Çox vaxt keçməsinə baxmayaraq, Pavel Allaha olan imanının zəifləməsinə yol verməmişdi. O, göydə baş verənləri hərfi mə’nada görmürdü, buna baxmayaraq onun imanı möhkəm idi. Bu səbəbdən, o, göylərdə yaşamaq ümidinə malik olan məsh edilmiş məsihçilərə yazmışdı: «Biz gözlə görülənə deyil, imana əsasən hərəkət edirik [«imanla yeriyirik», İ–93]» (2 Korinflilərə 5:7).

2, 3. a) İmanla yeridiyimizi necə göstərə bilərik? b) Gözlə görülənə əsasən yerimək nə deməkdir?

2 İmanla yerimək nə deməkdir? Bu, Allahın bizim həyatımızı idarə etməyə qadir olduğuna və bizim üçün nəyin daha yaxşı olduğunu bildiyinə tam e’tibar etməyi nəzərdə tutur (Məzmur 119:66). Əgər imanla yeriyiriksə, qərarlarımızda və hərəkətlərimizdə ‘görünməyən həqiqətləri’ nəzərə alacağıq (İbranilərə 11:1). «Görünməyən həqiqətlər» özünə və’d edilmiş ‘yeni göyləri və yeni yeri’ daxil edir (2 Peter 3:13). Bəs gözlə görülənə əsasən yerimək nə deməkdir? Bu, həyatda yalnız hissiyyat orqanlarımızın qavradığı şeyləri rəhbər tutmaq deməkdir. Bu cür əhval-ruhiyyə, Allahın iradəsinə tamamilə e’tinasız yanaşmağımıza gətirib çıxara bildiyi üçün təhlükəlidir (Məzmur 81:12; Vaiz 11:9).

3 Biz hamımız — həm göylər də’vətinə malik olan «kiçik sürü»nün üzvləri, həm də yer üzündə yaşamaq ümidinə malik olan «başqa qoyunlar» gözlə görülənə əsasən deyil, imanla yerimək nəsihətinə qulaq asmalıyıq (Luka 12:32; Yəhya 10:16). Gəlin, bu ilhamlanmış nəsihətin ‘günah ilə müvəqqəti olaraq zövq almağı’ rədd etməkdə, var-dövlət hərisliyinin torundan qaçmaqda və bu sistemin sonunun yaxın olduğunu nəzərdən qaçırmamaqda bizə necə kömək edəcəyini araşdıraq. Biz, həmçinin gözlə görülənə əsasən yeriməyin nə dərəcədə təhlükəli olduğunu müzakirə edəcəyik (İbranilərə 11:25).

‘Günah ilə müvəqqəti olaraq zövq almağı’ rədd edin

4. Musa hansı seçimi etdi və nəyə görə?

4 Amram oğlu Musanı qarşıda nələr gözlədiyini bir anlığa təsəvvür edin. Qədim Misirdə padşah ailəsində böyümüş Musa qüdrətə, var-dövlətə və nüfuza sahib ola bilərdi. Onun ağlından belə fikirlər keçə bilərdi: «Misirin şöhrət qazanmış elminə öyrədilmişəm, sözümdə və əməllərimdə qüdrətliyəm. Padşahın sarayında qalsam, sıxıntı içində olan ibrani qardaşlarıma kömək etmək üçün öz vəzifəmdən istifadə edə bilərəm!» (Həvarilərin işləri 7:22). Lakin Musa «Allahın xalqı ilə əzab çəkməyi tərcih etdi». Nəyə görə? Onu Misirdə təqdim olunan hər şeydən imtina etməyə nə təşviq etdi? Müqəddəs Kitab cavab verir: «Hökmdarın qəzəbindən qorxmayıb, iman vasitəsilə Misiri tərk etdi; çünki o, Görünməyəni görürmüş kimi, möhkəm dayandı» (İbranilərə 11:24-27). Musa Yehovanın saleh əməllərə görə həmişə mükafatlandırdığına inanırdı, bu isə, ona günahı rədd etməyə və müvəqqəti zövqə dalmamağa kömək edirdi.

5. Musanın nümunəsi bizi nəyə təşviq edir?

5 Çox vaxt biz də çətin seçim qarşısında qalırıq. Məsələn, Müqəddəs Kitab prinsiplərinə tam uyğun olmayan məşğuliyyət və vərdişlərdən imtina edim, ya etməyim? Maddi qazanc və’d edirmiş kimi görünən, lakin ruhani inkişafıma maneçilik törədə biləcək bir işə girişim, ya yox? Musanın nümunəsi bizi, bu dünyaya xas olduğu kimi, gələcəyi düşünmədən qərarlar qəbul etməyə deyil, «Görünməyəni»n — Yehova Allahın uzaqgörən müdrikliyinə iman gətirməyə təşviq edir. Gəlin, Musa kimi, biz də Yehova ilə olan dostluq münasibətlərimizi bu dünyanın təklif edə biləcəyi hər bir şeydən daha çox qiymətləndirək.

6, 7. a) Nəyə görə demək olar ki, Esav imanla deyil, gözlə görülənə əsasən yeriməyi üstün tutdu? b) Esavın başına gələnlər bizim üçün çəkindirici nümunə kimi necə xidmət edir?

6 Musadan fərqli olaraq, qəbilə başçısı İshaqın oğlu Esav öz arzularının dərhal tə’min olunmasına üstünlük verdi (Yaradılış 25:30-34). Esav müqəddəs şeyləri qiymətləndirməyib, «ilk doğulmuş olmağın haqqını bir qab xörəyə satdı» (İbranilərə 12:16). Bu qərarının Yehova ilə münasibətlərinə və gələcək nəslinə necə tə’sir göstərəcəyi haqda düşünmürdü, çünki ruhani gözləri kor idi. Allahın dəyərli və’dləri Esav üçün heç bir əhəmiyyət kəsb etmirdi. O, imanla deyil, gözlə görülənə əsasən yeriyirdi.

7 Esavın başına gələnlər bizim üçün çəkindirici nümunə kimi xidmət edir (1 Korinflilərə 10:11). Vacib və ya bir o qədər də vacib olmayan qərarlar qəbul edərkən, öz arzularımızı dərhal tə’min etməyə təşviq edən Şeytan dünyasının təbliğatının tə’siri altına düşməməliyik. Özümüzdən soruşmalıyıq: qərarlarım Esavın ruhunu əks etdirmirmi? Arzu etdiyim şeyləri dərhal əldə etmək üçün, ruhani işləri arxa plana çəkmirəmmi? Allahla dostluğumu və Onun və’d etdiyi mükafatı təhlükə altına atmırammı? Başqalarına necə nümunə verirəm? Əgər qərarlarımız müqəddəs şeyləri qiymətləndirdiyimizi göstərirsə, Yehova bizi xeyir-dualandıracaq (Süleymanın məsəlləri 10:22).

Var-dövlət hərisliyinin toruna düşməkdən qaçın

8. İsa laodikiyalı məsihçiləri nə haqda xəbərdar etdi və onun sözləri nəyə görə bizim üçün maraq doğurur?

8 Birinci əsrin sonunda həvari Yəhyaya verilən vəhydə izzətlənmiş İsa Məsih Laodikiyadakı (Kiçik Asiya) yığıncağa xəbər göndərdi. Bu, var-dövlət hərisliyinin təhlükəsi haqqında xəbərdarlıq idi. Laodikiyalı məsihçilər maddi cəhətdən varlı olsalar da, ruhani mə’nada tamamilə kasıblamışdılar. Onlar imanla yerimək əvəzinə yol vermişdilər ki, var-dövlət ruhani gözlərini kor etsin (Vəhy 3:14-18). Var-dövlət hərisliyi bu gün də eyni tə’sirə malikdir: imanımızı o dərəcədə zəiflədə bilər ki, biz həyat üçün yarışda mətanətlə qaçmağa son qoya bilərik (İbranilərə 12:1). Əgər ehtiyatlı olmasaq, ‘həyatın zövqləri’ ruhani işlərimizi sıxışdırıb, tamamilə boğacaqdır (Luka 8:14).

9. Malik olduğumuzla kifayətlənməyimiz və ruhani qidanı qiymətləndirməyimiz bizi necə müdafiə edir?

9 Bu dünyadan tam istifadə etmək və varlanmağa can atmaq əvəzinə, malik olduğumuzla kifayətlənməyi öyrənməliyik, bununla biz özümüzü ruhən qoruyacağıq (1 Korinflilərə 7:31; 1 Timoteyə 6:6-8). ­Gördüklərimizə əsasən deyil, imanla yerisək, indi yaşadığımız ruhani cənnət bizə sevinc gətirəcək. Məgər bəsləyici ruhani qidanı qəbul edəndə ‘şadlanıb mədhiyyələr söyləmək’ istəmirikmi? (Yeşa­ya 65:13, 14). Bundan əlavə, Allahın ruhunun səmərəsini təzahür etdirən kəslərlə ünsiyyətdə olmaq da bizə çox xoşdur (Qalatiyalılara 5:22, 23). Sözsüz ki, Yehova bizim ruhani rifahımızın qeydinə qalır. Bunun bizə məmnunluq və təravət gətirməsi necə də vacibdir!

10. Özümüzə hansı sualları versək yaxşı olardı?

10 Özümüzə növbəti sualları vermək yaxşı olardı: maddi şeylər həyatımda hansı yeri tutur? Vəsaitimi nəyə xərcləyirəm — kef çəkərək yaşamağa, yoxsa həqiqi ibadəti dəstəkləməyə? Mənə daha çox nə məmnunluq gətirir — Müqəddəs Kitab öyrənməsi və yığıncaqda həmimanlılarla ünsiyyət, yoxsa məsihçi məs’uliyyətindən azad keçirdiyim istirahət günləri? İstirahət günlərində təbliğ etmək və başqa teokratik işlərlə məşğul olmaq əvəzinə, bu vaxtı həddindən artıq istirahətə və ya əyləncəyə sərf edirəmmi? Əgər imanla yeriyiriksə, Yehovanın və’dlərinə tam e’tibar edərək, daima Padşahlığın işləri ilə məşğul olacağıq (1 Korinflilərə 15:58).

Sonun yaxın olduğunu nəzərdən qaçırmayın

11. İmanla yeriyəndə, sonun yaxın olduğunu nəzərdən qaçırmamaq nəyə görə asan olur?

11 İmanla yeriyəndə, sonun uzaq olduğu və ya heç gəlməyəcəyi kimi cismani nöqteyi-nəzərləri inkar etmək asan olacaq. Müqəddəs Kitabda deyilənlərə şübhə ilə yanaşan və e’tinasızlıq göstərən insanlardan fərqli olaraq, biz Allahın Kəlamındakı peyğəmbərliklərin necə dəqiqliklə yerinə yetdiyini görürük (2 Peter 3:3, 4). Məsələn, məgər insanların düşüncə tərzi və davranışları «axır günlərdə» yaşadığımızı aydın şəkildə göstərmirmi? (2 Timoteyə 3:1-5). İman gözləri ilə görürük ki, bugünkü dünya hadisələri əvvəllər baş verənlərdən olduqca fərqlənir. Onlar Məsihin ‘gəlişinin və dövrün sonunun əlamətini’ təşkil edir (Matta 24:1-14).

12. İsanın Luka 21:20, 21 ayələrində yazılan sözləri birinci əsrdə necə yerinə yetdi?

12 Eramızın birinci əsrində baş vermiş və bizim günlərimizlə paralel olan bir hadisəni nəzərdən keçirək. İsa Məsih yer üzündə olanda öz davamçılarını xəbərdar etmişdi: «Qoşunların Yerusəlimi mühasirə etdiyini gördüyünüz zaman bilin ki, onun viranəliyinin vaxtı yaxınlaşmışdır. O zaman Yəhudeyada olanlar dağlara qaçsınlar; şəhərdə olanlar oradan çıxsınlar» (Luka 21:20, 21). Bu peyğəmbərlik eramızın 66-cı ilində yerinə yetdi. Roma qoşunları Sestiy Qallın rəhbərliyi altında şəhəri mühasirəyə aldılar, sonra isə qəfildən geri çəkildilər. Bu, məsihçilər üçün ‘dağlara qaçmaq’ fürsəti yaratdı. Eramızın 70-ci ilində romalılar yenidən qayıdaraq, şəhəri zəbt edib mə’bədi yerlə yeksan etdilər. İosif Flavinin verdiyi xəbərə görə, bir milyondan artıq ibrani həyatını itirmiş, 97 min isə əsir düşmüşdü. Allahın yəhudi sisteminə kəsdiyi hökm yerinə yetirildi. İmanla yeriyənlər və İsanın xəbərdarlığına diqqət yetirənlər xilas oldular.

13, 14. a) Gələcəkdə hansı hadisələr baş verəcək? b) Nəyə görə Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsini diqqətlə izləməliyik?

13 Buna bənzər hadisələr bizim günlərdə də baş vermək üzrədir. Allahın hökmünün həyata keçirilməsində BMT daxilindəki müəyyən qüvvələr iştirak edəcək. Necə ki, birinci əsrdə romalılar öz qoşunları vasitəsilə Pax Romana-nı (Roma sülhü) qorumaq niyyətində idilər, eləcə də bu gün Birləşmiş Millətlər Təşkilatına sülhü qorumaq həvalə olunub. Roma qoşunları, o vaxt mə’lum olan dünyanın hər yerində nisbi sülhü tə’min etməyə çalışaraq, Yerusəlimi dağıtdılar. Bizim günlərə gəldikdə isə, Müqəddəs Kitab peyğəmbərliklərinə əsasən, BMT-nin hərbiləşdirilmiş qüvvələri bu dünyanın dinlərini iğtişaşların səbəbkarı hesab edəcək və qədim Yerusəlimin bənzəri olan Xristian dünyasını və onunla birlikdə Böyük Babilin qalan hissəsini məhv etmək üçün ölçü götürəcək (Vəhy 17:12-17). Gördüyümüz kimi, yalan dinin dünya imperiyasının sonu yaxınlaşır.

14 Yalan dinin məhvi böyük məşəqqətin başlanğıcına işarə edəcək. Böyük məşəqqətin sonunda bu pis sistemin qalan hissələri də yer üzündən silinəcəkdir (Matta 24:29, 30; Vəhy 16:14, 16). İmanla yeridiyimiz üçün, biz Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsini diqqətlə izləyirik. Biz, Allahın həqiqi sülhü və təhlükəsizliyi bərpa etmək üçün insan əli ilə yaradılan BMT kimi təşkilatlardan istifadə edəcəyini düşünərək, özümüzü aldatmırıq. Bu səbəbdən, məgər həyat tərzimizdə Yehovanın ‘möhtəşəm gününün’ yaxın olduğuna dair əminlik əks olunmalı deyilmi? (Sefanya 1:14).

Gözlə görülənə əsasən yerimək nə dərəcədə təhlükəlidir?

15. Allahdan xeyir-dua almasına baxmayaraq, İsrail xalqı hansı tələyə düşdü?

15 Gözlə görülənə əsasən yeriyərək imanımızın zəifləməsinə yol verməyin nə dərəcədə təhlükəli olduğunu, qədim İsrail xalqının nümunəsindən görürük. İsrailliləri köləlikdən azad edərək, Yehova Misirə on bəla göndərdi və onun yalançı allahlarını alçaltdı. Sonra isə Yehova Öz xalqını mö’cüzəli şəkildə Qırmızı dənizdən keçirdi. Bütün bunlara baxmayaraq, israillilər Allahın əmrini pozub, qızıl dana düzəltdilər və ona ibadət etməyə başladılar. Xalq ‘dağdan enməkdə gecikən’ Musanı gözləməkdən yorulub, səbirsizlik göstərdi (Çıxış 32:1-4). Səbirsizlik onların görə bildikləri bütə ibadət etmələrinə gətirib çıxardı. Gözlə görülənə əsasən yeriyərək, israillilər Yehovanı təhqir etdilər və buna görə də onlardan «üç minə yaxın adam həlak oldu» (Çıxış 32:25-29). Bu gün Yehovanın xidmətçisinin Ona və və’dlərini yerinə yetirməyə qadir olduğuna e’tibar etmədiyini göstərən qərarlar qəbul etməsi necə də kədərlidir!

16. Gözlə gördükləri israillilərə necə tə’sir göstərirdi?

16 İsraillilər ruhani cəhətdən kor olduqları üçün əziyyət çəkirdilər. Onlar gözlə görülənlərin tə’siri altına düşərək, düşmənləri qarşısında qorxuya qapıldılar (Saylar 13:28, 32; Qanunun təkrarı 1:28). İsraillilər Allahın Musaya verdiyi hakimiyyətə qarşı üsyan qaldıraraq öz həyatlarından şikayətlənməyə başladılar. Onlar imansızlıqları ucbatından Və’d edilmiş diyara xor baxaraq, cinlərin hakimiyyəti altında olan Misirə qayıtmaq istədilər (Saylar 14:1-4; Məzmur 106:24). Yehova üçün necə də ağır idi ki, Onun xalqı özlərinin gözə görünməz Padşahı olan Yehovaya böyük hörmətsizlik göstərirdi!

17. Şamuelin günlərində israillilər Yehovanın rəhbərliyini nəyə görə rədd etdilər?

17 Şamuel peyğəmbərin günlərində Allahın seçilmiş xalqı yenə də həmin tələyə düşdü. İsraillilər görə biləcəkləri padşahlarının olmasını istədilər. Yehova onların Padşahı olduğunu sübut etsə də, bu, onları imanla yeriməyə təşviq etmədi (1 Şamuel 8:4-9). Öz zərərlərinə olaraq, israillilər Yehovanın mükəmməl rəhbərliyini ağılsızcasına rədd edib, ətraflarındakı xalqlar kimi olmaq istədilər (1 Şamuel 8:19, 20).

18. Gözlə görülənə əsasən yeriməyin nə dərəcədə təhlükəli olduğunu tarix necə göstərir?

18 Yehovanın müasir xidmətçiləri olan bizlər Allahla olan münasibətlərimizi qiymətləndiririk. Qədimdə baş verən hadisələrin üzərində fikirləşməyi və özümüzə qiymətli ibrət dərsi götürməyi arzu edirik (Romalılara 15:4). İsraillilər imanla deyil, gözlə görülənlərə əsasən yeriyəndə, Musa vasitəsilə Allahın Özünün onlara rəhbərlik etdiyini unudurdular. Əgər ehtiyatlı olmasaq, biz də məsihçi yığıncağına bu gün Yehova Allahın və Böyük Musa olan İsa Məsihin rəhbərlik etdiklərini unuda bilərik (Vəhy 1:12-16). Diqqətli olmalıyıq ki, Yehovanın təşkilatının yer üzündəki hissəsinə insan nöqteyi-nəzəri ilə baxmayaq. Əks təqdirdə, bizdə narazılıq ruhu yarana bilər və biz həm Yehovanın təmsilçilərini, həm də «sadiq və ağıllı qul»un vasitəsilə verdiyi ruhani qidanı qiymətləndirməməyə başlaya bilərik (Matta 24:45).

İmanla yeriməyə davam edin

19, 20. Biz nə etməyə qətiyyətliyik və nəyə görə?

19 Müqəddəs Kitabda deyilir: «Mübarizəmiz qan və ətə qarşı deyildir, ancaq rəyasətlərə, hakimiyyətlərə, bu qaranlıq dünyanın hökmranlarına, yə’ni səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır» (Efeslilərə 6:12). Bizim baş düşmənimiz Şeytan İblisdir. Onun məqsədi Yehovaya olan imanımızı məhv etməkdir. Və o, hər imkana əl atacaq ki, Allaha xidmət etmək qətiyyətimizi sarsıtsın (1 Peter 5:8). Özümüzü necə müdafiə edə bilərik? Şeytan dünyasının zahiri parıltısına aldanmamaq üçün nə etməliyik? Gözlə görülənə əsasən deyil, imanla yeriməliyik! Yehovanın və’dlərinə tam e’tibar etsək, imanımız «qəzaya uğrayan gəmi kimi» olmayacaq (1 Timoteyə 1:19). Yehovanın bizə xeyir-dua verəcəyinə şübhə etmədən, gəlin imanla yeriməyə davam edək! Gəlin yaxın gələcəkdə ‘baş verəcək fəlakətlərdən qaçınmaq’ üçün dua edək (Luka 21:36).

20 Gözlə görülənə əsasən deyil, imanla yeriməyə dair gözəl nümunəyə malikik. Müqəddəs Kitabda yazılıb: «Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək» (1 Peter 2:21). Növbəti məqalədə İsanın yolu ilə necə gedə biləcəyimizi nəzərdən keçirəcəyik.

Yadınızdadırmı?

• Gözlə görülənə əsasən deyil, imanla yeriməyə dair Musanın və Esavın nümunəsi bizə nə öyrətdi?

• Var-dövlət hərisliyinin tələsindən qaçmaqda bizə nə kömək edəcək?

• İmanla yeriyəndə, sonun çox uzaq olduğuna dair nöqteyi-nəzəri rədd etmək nəyə görə asan olur?

• Gözlə görülənə əsasən yerimək nə üçün təhlükəlidir?

[13-cü səhifədəki şəkil]

Musa imanla yeriyirdi.

[15-ci səhifədəki şəkil]

İstirahətə görə teokratik işləri tez-tezmi ikinci plana çəkirsən?

[16-cı səhifədəki şəkil]

Əgər biz Allahın Kəlamına diqqətlə yanaşırıqsa, bu bizi necə müdafiə edəcək?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş