Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/11 s. 3—5
  • Sən necə insan olmaq istəyirsən?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sən necə insan olmaq istəyirsən?
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Məndə hansı istək var?
  • Sən necə insan olmaq istəyirsən?
  • Şəxsiyyətimizi yaxşılaşdırmaqda müvəffəqiyyətli ola bilərik
  • Köhnə şəxsiyyətdən qurtulmaq mümkündür
    Gözətçi qülləsi 2022
  • Vəftizdən sonra da «yeni şəxsiyyəti» geyinin
    Gözətçi qülləsi 2022
  • Yeni şəxsiyyəti geyinək
    Gözətçi qülləsi 2017
  • «Düşüncənizi yeniləşdirərək büsbütün dəyişin»
    Gözətçi qülləsi 2023
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/11 s. 3—5

Sən necə insan olmaq istəyirsən?

FİLİPPİNDƏ bir polis rəisi pioner bacımızdan soruşdu: «Bu insanın dəyişilməsinə necə müvəffəq oldunuz?» O, masasının üstündəki kağız qalağını göstərib əlavə etdi: «Baxın, bütün bunlar vaxtilə ona qarşı qaldırılmış işlərdir. Siz bizi bu şəhərdə bir başağrısından qurtardınız». Haqqında danışılan kişi əvvəllər bir çox problemlər yaradan əyyaş və davakar adam idi. Bəs həyatında böyük dəyişikliklər etməyə onu nə təşviq etdi? Allahın ilhamlanmış Kəlamı olan Müqəddəs Kitabdan öyrəndikləri.

Bir çoxları həvari Pavelin ‘əvvəlki yaşayışlarına məxsus olan köhnə mənliyi kənara atıb, Allahın bənzəyişinə görə yaradılmış yeni mənliyi geyinin’ məsləhətinə əməl ediblər (Efes. 4:22-24). Etməli olduğumuz dəyişikliklərin kiçikliyinə, böyüklüyünə baxmayaraq, həqiqi məsihçi olmaq üçün yeni mənliyi geyinməliyik.

Amma etdiyimiz dəyişikliklər və vəftizə yararlı olmaq üçün atdığımız addımlar hələ yolun başlanğıcıdır. Biz vəftiz olunanda, demək olar ki, ümumi forma verilmiş taxta parçasına bənzəyirik. Fiqurun əsas cizgiləri görünsə də, ediləsi işlər hələ çoxdur. Onun gözəl olması üçün oyucu xırda detalların üzərində çalışmalıdır. Vəftiz olunarkən Allahın xidmətçisi olmaq üçün tələb olunan əsas keyfiyyətlərə malik olsaq da, hələ ‘yeni mənliyimizin’ üzərində işləməliyik. Bunun üçün daima dəyişikliklər etməliyik.

Hətta Pavel də buna ehtiyac duyduğunu dərk edirdi. O etiraf etmişdi: «Yaxşılıq etmək istərkən, məndə pislik hazır olur» (Rom. 7:21). Pavel necə insan olduğunu və necə insan olmaq istədiyini yaxşı bilirdi. Bəs özümüz barədə nə deyə bilərik? Biz də özümüzdən soruşmalıyıq: «Məndə hansı istək var? Mən necə insanam və necə insan olmaq istəyirəm?»

Məndə hansı istək var?

Köhnə evi təmir edəndə, əgər tirləri çürükdürsə, onu üzdən boyamaq kifayət deyil. Bu qüsura məhəl qoymasaq, gələcəkdə problemlər yaranacaq. Eynilə, saleh insan kimi görünmək azdır. Biz daxili varlığımızı araşdırmalı və həll etməli olduğumuz problemləri müəyyən etməliyik. Əks halda, köhnə mənliyin keyfiyyətləri üzə çıxacaq. Buna görə də özümüzü diqqətlə yoxlamalıyıq (2 Kor. 13:5). Bizə xoşagəlməz xüsusiyyətləri müəyyən etmək və onları düzəltmək lazımdır. Bunun üçün Yehovanın köməyindən yararlana bilərik.

Pavel yazmışdı: «Allahın kəlamı canlı və təsirli, hər cür ikiağızlı qılıncdan itidir; o, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıracaq qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırd edir» (İbr. 4:12). Allahın Kəlamı olan Müqəddəs Kitab həyatımıza böyük təsir göstərə bilər. O, daxilimizin dərinliklərinə çatır, məcazi mənada desək, iliyimizə işləyir. İnsan özü barədə nə düşünsə də və özünü ətrafdakılara necə tanıtsa da, Allahın Kəlamı onun fikir və motivlərini üzə çıxarır. Həqiqətən də, Müqəddəs Kitab problemlərimizi görməyə kömək edir!

Köhnə evi təmir edərkən yararsız hala düşmüş materialları dəyişmək kifayət deyil. Problemin səbəbini müəyyənləşdirsək, onun təkrar baş verməsinin qarşısını ala biləcəyik. Eynilə, mənfi cəhətlərimizi müəyyənləşdirməklə yanaşı, onlara səbəb olan və ya gücləndirən şeylərdən kənar durmaq zəifliklərimizi cilovlamağa kömək edəcək. Şəxsiyyətimizin formalaşmasında bir çox amillər rol oynayır. Məsələn, cəmiyyətdə tutduğumuz yer, maddi vəziyyətimiz, ətrafımızdakı insanlar, böyüdüyümüz mədəniyyət, valideynlərimiz, dost-tanışlarımız və dinimiz. Hətta baxdığımız verilişlər, filmlər və müxtəlif əyləncə növləri bu işdə öz izini buraxır. Şəxsiyyətimizə nəyin mənfi təsir göstərdiyini müəyyən etsək, bu təsiri mümkün qədər azalda bilərik.

Ola bilsin, özümüzü yoxladıqdan sonra: «Nə edim, mən beləyəm», — deməyə meylliyik. Lakin bu, səhv düşüncədir. Pavel Korinf yığıncağının əvvəllər əxlaqsızlıq, homoseksualizm, sərxoşluq və sairə işlərlə məşğul olan üzvlərinə istinad edərək yazmışdı: «Sizlərdən bəziləri də bu cür idilər; lakin siz təmizləndiniz... Allahımızın Ruhu ilə bəraət qazandınız» (1 Kor. 6:9-11). Yehovanın müqəddəs ruhunun köməyi ilə lazımi dəyişiklikləri biz də edə bilərik.

Filippində yaşayan Markosa adlı kişinin nümunəsinə nəzər salaq. O, keçmişini xatırlayaraq deyir: «Valideynlərim bir-birləri ilə yola getmirdilər. Buna görə 19 yaşında pis həyat tərzi sürməyə başladım». Markos məşhur qumarbaz, oğru və silahlı qarətçi oldu. O, bir neçə yoldaşı ilə birgə hətta təyyarə qaçırmağa cəhd göstərdi, amma bu plan baş tutmadı. Markos evlənəndən sonra da pis əməllərindən əl çəkmədi. Nəticədə hər şeyini qumarda uduzdu. Bundan bir qədər sonra Markos Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənən arvadına qoşuldu. İlk vaxtlar o özünü Yehovanın Şahidi olmağa layiq bilmirdi. Amma öyrəndiklərini tətbiq etməyin və yığıncaq görüşlərinə gəlməyin sayəsində Markos həyat tərzini dəyişə bildi. O, hal-hazırda vəftiz olunmuş məsihçidir və xidmətdə müntəzəm iştirak edərək başqalarına dəyişilməyə kömək edir.

Sən necə insan olmaq istəyirsən?

Məsihçi keyfiyyətlərimizi yaxşılaşdırmaq üçün hansı dəyişiklikləri etməyimiz lazım gələ bilər? Pavel məsihçilərə məsləhət verir: «Qəzəb, hiddət, kin, iftira, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını bir yana qoyun. Bir-birinizə yalan danışmayın, çünki köhnə mənliyinizdən və onun əməllərindən soyundunuz və yeni mənliyi geydiniz». Pavel davam edir: «Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər tərzdə təzələnir ki, dərrakəniz tam olsun» (Kolos. 3:8-10).

Bizim əsas məqsədimiz, bu ayələrdə deyildiyi kimi, köhnə mənliyimizi soyunub, yeni mənliyi geyinməkdir. Buna nail olmaq üçün hansı keyfiyyətləri inkişaf etdirməliyik? Pavel deyir: «Şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin; bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlasın. Məsih [«Yehova», YD] sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. Bütün bunlarla yanaşı, kamil birliyin bağı olan məhəbbəti geyin» (Kolos. 3:12-14). Əgər bu keyfiyyətləri səylə və vicdanla özümüzdə yetişdirsək, ‘[Yehovanın] və insanların gözündə hörmət qazanacağıq’ (1 Şam. 2:26). İsa yer üzündə olarkən Allahın keyfiyyətlərini mükəmməl şəkildə təzahür etdirirdi. Onun nümunəsini öyrənib təqlid etməklə ‘Allahı təqlid edən’ Məsihə daha çox bənzəyəcəyik (Efes. 5:1, 2).

Şəxsiyyətimizdə hansı dəyişikliklər etmək lazım olduğunu müəyyən etməyin digər üsulu Müqəddəs Kitab personajlarının xarakterini, yəni onların cəlbedici və xoşagəlməz xüsusiyyətlərini öyrənməkdir. Misal üçün qəbilə başçısı Yaqubun oğlu Yusifin nümunəsini nəzərdən keçirək. O, ədalətsizliyin qurbanı olsa da, müsbət əhval-ruhiyyəsini və daxili gözəlliyini itirmədi (Yar. 45:1-15). Padşah Davudun oğlu Avşalom isə özünü xalqın qeydinə qalan bir insan kimi qələmə verirdi və onun zahiri gözəlliyi dillər əzbəri idi. Əslində o, satqın və qatil idi (2 Şam. 13:28, 29; 14:25; 15:1-12). Saxta xeyirxahlıq və fiziki gözəllik insanı sözün əsl mənasında cazibəli etmir.

Şəxsiyyətimizi yaxşılaşdırmaqda müvəffəqiyyətli ola bilərik

Yaxşılığa doğru dəyişilmək və Allahın gözündə gözəl olmaq üçün daxili varlığımıza fikir verməliyik (1 Pet. 3:3, 4). Şəxsiyyətimizdə dəyişiklik etmək üçün pis xüsusiyyətlərə səbəb olan və ya onları gücləndirən şeyləri müəyyən etməli, eləcə də Allaha xoş olan keyfiyyətləri inkişaf etdirməliyik. Səylərimizin müvəffəqiyyətli olacağına əmin ola bilərikmi?

Bəli, Yehovanın köməyi ilə lazımi dəyişiklikləri etmək mümkündür. Biz də məzmurçu kimi dua edə bilərik: «Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver» (Məz. 51:10). Daxilimizdə fəaliyyət göstərsin və həyatımızı tamamilə Onun iradəsinə uyğunlaşdırmaq arzumuzu möhkəmləndirsin deyə Yehovadan müqəddəs ruh diləyə bilərik. Doğrudan da, Yehovanın gözündə daha cəlbedici ola bilərik!

[Haşiyə]

a Ad dəyişdirilib.

[4-cü səhifədəki şəkil]

Qasırğa nəticəsində yararsız hala düşmüş bu evi üzdən boyamaq kifayət edərmi?

[5-ci səhifədəki şəkil]

Sənin mənliyin Məsihinkinə bənzəyirmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş