Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Daha çox diqqətli olun
    Gözətçi qülləsi 2002 | 1 dekabr
    • Daha çox diqqətli olun

      “Biz eşitdiklərimizə daha çox diqqətlə qulaq asmalıyıq ki, axın bizi onlardan ayırmasın” (İBRANİLƏRƏ 2:1).

      1. Diqqətin yayınmasının fəlakətə necə gətirib çıxara biləcəyini izah edin.

      TƏKCƏ Amerika Birləşmiş Ştatlarında ildə təxminən 37 min insan avtomobil qəzası nəticəsində tələf olur. Tədqiqatçıların dediklərinə görə, sürücülər heç olmasa bir az diqqətli olsaydılar, bu ölüm hadisələrinin çoxundan qaçınmaq olardı. Bə’zi sürücülərin diqqətini işarələr və reklam lövhələri, başqalarının diqqətini yol vaxtı cib telefonundan istifadə etmək yayındırır. Daha başqaları isə yol gedərkən yemək yeyirlər. Sadalanan bütün bu hallarda diqqətin yayınması fəlakətə gətirib çıxara bilər.

      2, 3. Pavel yəhudilərdən olan məsihçilərə hansı məsləhəti verdi və onun məsləhəti nəyə görə yerində idi?

      2 Avtomobil ixtira edilməmişdən təxminən 2 000 il qabaq həvari Pavel yəhudilərdən olan məsihçilərin diqqətini yayındıran amilin və onların bə’ziləri üçün bunun fəlakətə çevrildiyini yazmışdır. Əvvəlcə Pavel dirilmiş İsa Məsihin Allahın sağ tərəfində oturduğunu, bütün mələklərdən üstün mövqe tutduğunu vurğuladı. Sonra isə həvari yazırdı: “Buna görə, biz eşitdiklərimizə daha çox diqqətlə qulaq asmalıyıq ki, axın bizi onlardan ayırmasın” (İbranilərə 2:1).

      3 Yəhudilərdən olan məsihçilər nəyə görə İsa haqqında ‘eşitdiklərinə daha çox diqqətlə qulaq asmalı’ idilər? Ona görə ki, İsanın yer üzünü tərk etməsindən, demək olar ki, otuz il keçmişdi. Yəhudilərdən olan məsihçilərin bə’ziləri, İsa yer üzünü tərk etdikdən sonra həqiqətdən uzaqlaşmağa başlamışdılar. Bu məsihçilərin diqqətini onların əvvəl məxsus olduqları yəhudi dini yayındırırdı.

      Onlar daha diqqətli olmalı idilər

      4. Nəyə görə bə’zi yəhudilərdən olan məsihçilərdə yəhudiliyə qayıtmaq fikri yarana bilərdi?

      4 Nəyə görə məsihçidə yəhudiliyə qayıtmaq fikri yarana bilərdi? Özünüz nəticə çıxarın: Musanın qanununda yazılmış ibadət növü tamamilə gözə görünən şeylərlə bağlı idi. İnsanlar kahinləri görür və yandırılan qurbanların iyini hiss edirdilər. Məsihçilikdə isə çox şey fərqlənirdi. Onların Baş kahini İsa Məsih idi, lakin artıq otuz il idi ki, o, yer üzünü tərk etmişdi (İbranilərə 4:14). Onların mə’bədi vardı, amma bu mə’bədin müqəddəs yeri göy idi (İbranilərə 9:24). Qanunda tələb olunan hərfi sünnətdən fərqli olaraq, məsihçilərin sünnəti “ruhən, ürəkdə” idi (Romalılara 2:29). Bu səbəblərə görə də İsanın yəhudilərdən olan davamçılarına məsihçi imanı bir qədər mücərrəd görünməyə başlaya bilərdi.

      5. Pavel, İsanın tə’sis etdiyi ibadət sisteminin, Qanundakı ibadət sistemindən daha üstün olduğunu necə göstərdi?

      5 Yəhudilərdən olan məsihçilərə, Məsihin tə’sis etdiyi ibadət sistemi ilə bağlı vacib bir şeyi aydın başa düşmək lazım idi. Bu ibadət sistemi, görünən şeylərdən daha çox imana əsaslanmış olsa da, Musa peyğəmbərin vasitəsilə verilən Qanundan üstün idi. Pavel yazırdı: “Əgər keçilərin və buğaların qanı və düyənin külü murdar olanların üstünə səpiləndə, onlar təqdis olunub, bədənləri təmiz olursa, deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı, yaşayan Allaha ibadət edə bilməniz üçün vicdanınızı ölüm gətirən işlərdən nə qədər artıq təmizləyəcəkdir!” (İbranilərə 9:13, 14). Bəli, İsa Məsihin fidiyə qurbanlığına iman sayəsində əldə edilən bağışlanma, Musanın qanununa əsasən gətirilən qurbanlar vasitəsilə bağışlanmadan çox sahədə üstündür (İbranilərə 7:26-28).

      6, 7. a) Nəyə görə yəhudilərdən olan məsihçilər eşitdiklərinə daha diqqətli olmalı idilər? b) Pavelin İbranilərə məktub yazdığı vaxt Yerusəlimin məhvinə nə qədər qalmışdı? (Haşiyəyə baxın.)

      6 İsa haqqında eşitdiklərinə xüsusilə diqqətli olmaq üçün yəhudilərdən olan məsihçilərin daha bir səbəbi vardı. Məsələ ondadır ki, Yerusəlimin məhv olacağını İsa əvvəlcədən demişdi. Budur onun sözləri: “Səni elə günlər gözləyir ki, düşmənlərin səni səngərlərlə əhatə edəcək, səni mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar, səni və içindəki uşaqlarını yerlə yeksan edəcəklər, sənin içində daşı daş üstə qoymayacaqlar; çünki sən Allahın sənin yardımına gəldiyi zamanı dərk etmədin” (Luka 19:43, 44).

      7 Bu nə zaman baş verməli idi? İsa nə gün, nə də saat haqqında heç bir şey demədi. Bunun əvəzinə belə bir göstəriş verdi: “Qoşunların Yerusəlimi mühasirə etdiyini gördüyünüz zaman bilin ki, onun viranəliyinin vaxtı yaxınlaşmışdır. O zaman Yəhudeyada olanlar dağlara qaçsınlar; şəhərdə olanlar oradan çıxsınlar və ətrafda olanlar oraya girməsinlər” (Luka 21:20, 21). İsanın bu sözlərindən sonrakı 30 il ərzində Yerusəlimdə yaşayan bə’zi məsihçilər, görünür, ayıq olmamış və bu xəbərdarlığa diqqət yetirməmişdilər. Onlar yola diqqət yetirməyən sürücüyə bənzəyirdilər. Əgər düşüncə tərzlərini dəyişməsəydilər, bu, müəyyən dərəcədə fəlakətə gətirib çıxarardı. Onların bunu dərk edib-etməmələrindən asılı olmayaraq, Yerusəlimin məhvi qaçılmaz idi!a Ümid etmək olar ki, Pavelin məsləhəti Yerusəlimdə ruhən mürgüləyən həmin məsihçiləri oyatmışdı.

      Daha çox diqqətli olmaq — bu gün nə deməkdir?

      8. Allah Kəlamının həqiqətlərinə nəyə görə daha çox diqqətli olmalıyıq?

      8 Birinci əsrin məsihçiləri kimi, biz də Allah Kəlamının həqiqətlərinə daha çox diqqətli olmalıyıq. Nəyə görə? Ona görə ki, hansısa bir xalqın deyil, bütün indiki sistemin məhvi yaxınlaşır (Vəhy 11:18; 16:14, 16). Əlbəttə, Yehovanın hansı gündə və saatda fəaliyyətə başlayacağından bixəbərik (Matta 24:36). Lakin gözümüzün qarşısında “axır günlərdə” yaşadığımızı aydın şəkildə sübut edən Müqəddəs Kitab peyğəmbərlikləri yerinə yetir (2 Timoteyə 3:1-5). Buna görə də, diqqətimizi yayındıra biləcək hər şeydən qaçınmalıyıq. Allahın Kəlamına diqqətli olmalı və hansı zəmanədə yaşadığımızı tam dərk etməliyik. Yalnız o zaman “bütün baş verəcək bu fəlakətlərdən” qaçına bilərik (Luka 21:36).

  • Daha çox diqqətli olun
    Gözətçi qülləsi 2002 | 1 dekabr
    • a İbranilərə məktub, ehtimal olunduğu kimi, eramızın 61-ci ilində yazılmışdır. Beləliklə, təxminən beş il keçdikdən sonra Yerusəlim Sestiy Qallın hərbi düşərgələri ilə əhatə olundu. Çox keçmədən bu ordular geri çəkildi, bu da ayıq məsihçilərə qaçmaq imkanı verdi. Dörd ildən sonra şəhər general Titin başçılığı altında roma orduları tərəfindən məhv edildi.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş