Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/7 s. 13—17
  • Ey gənclər, Yehova əməyinizi unutmayacaq!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ey gənclər, Yehova əməyinizi unutmayacaq!
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Öz şərəfli xidmətini qiymətləndir
  • “Yehova sənə kömək edəcəkdir”
  • Cavab verməyə hazır olanlar
  • Videofilmlər və məktəb tapşırıqları
  • Yehovaya gəncliyində yaxınlaş
Gözətçi qülləsi 2003
w03 1/7 s. 13—17

Ey gənclər, Yehova əməyinizi unutmayacaq!

“Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun” (İBRANİLƏRƏ 6:10).

1. “İbranilərə” və “Malaki” kitabından necə görünür ki, Yehova sənin xidmətini qiymətləndirir?

ELƏ olubmu ki, sən dostuna yaxşılıq etmisən, əvəzində isə heç bir minnətdarlıq görməmisən? Etdiyin yaxşılığa qiymət verilmədikdə və ya bu yaxşılıq unudulduqda çox acı olur. Amma Yehovaya müqəddəs xidməti ürəkdən icra etdikdə vəziyyət tamamilə başqa cür olur! Müqəddəs Kitabda deyilir: “Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun” (İbranilərə 6:10). Bunun nə demək olduğunun üzərində düşün. Yehova Allah həqiqətən də hesab edir ki, əgər sənin indiyədək xidmətdə etdiklərini və hal-hazırda etməkdə olduğun işləri unudarsa, haqsızlıq edər, bununla da günah işlətmiş olar. Necə də minnətdar Allahdır! (Malaki 3:10).

2. Yehovaya xidməti həqiqətən də nadir edən nədir?

2 Sən belə bir minnətdar Allaha ibadət və xidmət etmək kimi xüsusi şərəfə layiq görülmüsən. Dünyanın altı milyarda yaxın əhalisinin içində cəmi altı milyon həmimanlın olduğunu düşündükdə malik olduğun imkan həqiqətən də nadirdir. Bundan əlavə, madam ki, sən xoş xəbəri eşidib ona hay vermisən, deməli, Yehova səninlə şəxsən maraqlanır. İsa demişdir: “Əgər Məni göndərən Atam cəlb etmirsə, heç kim Mənim yanıma gələ bilməz” (Yəhya 6:44). Bəli, Yehova Məsihin qurbanlığının gətirdiyi faydalardan şəxsən hər kəsin yararlanmasına kömək edir.

Öz şərəfli xidmətini qiymətləndir

3. Korahın oğulları Yehovaya xidmət etmək üstünlüyünə görə minnətdarlıq hisslərini necə ifadə etmişlər?

3 Əvvəlki məqalədə müzakirə etdiyimiz kimi, sənin Yehovanın ürəyini sevindirmək kimi nadir imkanın var (Süleymanın məsəlləri 27:11). Bu imkanı həmişə yüksək qiymətləndirmək lazımdır. Korahın oğulları Yehovaya xidmət etmək üstünlüyünü nə qədər qiymətləndirdiklərini özlərinin ilham almış məzmurlarından birində ifadə etmişlər: “Həyətlərində bir gün, min gündən yaxşıdır. Pislik çadırlarında oturmaqdansa, Allahın evində kandarda durmaq mənim üçün yaxşıdır” (Məzmur 84:10).

4. a) Nəyə görə bə’zilərinə elə gələ bilər ki, Yehovaya xidmət onları məhdudlaşdırır? b) Yehova xidmətçilərinə diqqət yetirmək və onları mükafatlandırmaq kimi güclü istəyini necə göstərir?

4 Səmavi Atana xidmət etmək imkanını sən də belə qiymətləndirirsənmi? Hərdən elə gələ bilər ki, Yehovaya xidmət sənin azadlığını məhdudlaşdırır. Bu təbiidir, çünki Müqəddəs Kitabın normalarına müvafiq yaşamaq üçün nəyi isə qurban vermək lazım gəlir. Nəticə e’tibarı ilə, Yehovanın səndən tələb etdikləri sənin öz xeyrinədir (Məzmur 1:1-3). Bundan savayı, Yehova sənin sə’yini görür və sadiqliyinə görə minnətdarlığını bildirir. Pavel yazırdı ki, Yehova “Onu axtaranlara mükafat verir” (İbranilərə 11:6). Yehova bunu etmək üçün fürsət axtarır. Qədim İsrailin saleh bir peyğəmbəri demişdir: “Rəbbin gözləri, ürəkləri onunla bütün olanlar uğrunda qüvvətli olduğunu göstərmək üçün bütün yer üzündə fırlanır” (2 Tarixlər 16:9).

5. a) Ürəyinin tamamilə Yehovaya bağlı olduğunu göstərməyin ən yaxşı üsullarından biri hansıdır? b) Nəyə görə elə gələ bilər ki, başqaları ilə imanın barədə danışmaq çətindir?

5 Ürəyinin Yehovaya tamamilə bağlı olduğunu göstərməyin ən yaxşı üsullarından biri, başqalarına Onun haqqında danışmaqdır. Haçansa sinif yoldaşlarından kiməsə öz imanın haqqında danışmaq imkanın olubmu? Əvvəlcə bu sənə dəhşətli gələ bilər, sadəcə belə bir fikrin özü səni qorxuda bilər. Bəlkə də sən düşünürsən: “Bəs onlar mənə gülsələr necə? Dinim onlara qəribə gəlsə necə?” İsa demişdir ki, Padşahlıq haqqındakı xəbəri hamı dinləməyəcəkdir (Yəhya 15:20). Lakin bu o demək deyil ki, sən lağa qoyulmağa və inkar edilməyə məhkumsan. Əksinə, bir çox gənc Şahidlər öz e’tiqadlarını müdafiə edərək, maraqlanan kəsləri tapmış və hətta həmyaşıdları onlara daha çox hörmət etməyə başlamışlar.

“Yehova sənə kömək edəcəkdir”

6, 7. a) 17 yaşlı bir qız sinif yoldaşlarına necə şəhadətlik edə bildi? b) Cenniferin nümunəsindən sən nə öyrəndin?

6 Bəs cəsarətini toplayıb öz imanın haqqında necə danışa bilərsən? Dinin haqqındakı suallara düzgün və açıq şəkildə cavab vermək barədə nə üçün qəti qərara gəlməyəsən? 17 yaşlı Cenniferin nümunəsini nəzərdən keçirək. O deyir: “Tənəffüs zamanı nahar edirdik. Əyləşdiyim stolun arxasındakı qızlar dindən söhbət açdılar və onlardan biri mənim hansı dinə məxsus olduğumu soruşdu”. Cennifer cavab verməyə qorxurdumu? “Bəli, — deyə o e’tiraf edir, — çünki mən onların necə reaksiya göstərəcəklərini bilmirdim”. Bəs Cennifer nə etdi? “Mən onlara Yehovanın Şahidi olduğumu söylədim, — deyə o davam edir. — Əvvəlcə çox təəccübləndilər. Görünür, onlar Yehovanın Şahidlərinin qəribə insanlar olduğunu zənn edirdilər. Cavabım onları suallar verməyə təşviq etdi və mən onların bə’zi yanlış təsəvvürlərini aydınlaşdıra bildim. Hətta bu söhbətdən sonra onlardan bə’ziləri vaxtaşırı mənə yaxınlaşır və suallar verirdilər”.

7 Cennifer fürsətdən istifadə edib e’tiqadı haqqında danışdığı üçün təəssüfləndimi? Əsla yox! O deyir: “Tənəffüs başa çatanda ürəyimdə böyük rahatlıq duyurdum. Yehovanın Şahidlərinin əslində kim olduqlarını indi həmin qızlar daha yaxşı başa düşürlər”. Cennifer sadə bir məsləhət verir: “Əgər sinif yoldaşlarına və ya müəllimlərinə şəhadət etməkdə çətinlik çəkirsənsə, qısaca dua et. Yehova sənə kömək edəcəkdir. Sən imkandan istifadə edib, şəhadətlik etdiyin üçün şad olacaqsan” (1 Peter 3:15).

8. a) Nehemya gözlənilməz vəziyyətə düşdükdə dua ona necə kömək etdi? b) Məktəbdə hansı vəziyyətlərdə Yehovaya qısaca dua etmək tələb oluna bilər?

8 Diqqət yetir ki, Cennifer, imanın haqqında danışmaq imkanın yarandıqda Yehovaya “qısaca dua etməyi” məsləhət görür. Fars padşahı Artakserksin saqisi Nehemya gözlənilməz vəziyyətə düşdükdə məhz bu cür davrandı. Nehemya çox kədərli idi, çünki o, yəhudilərin acınacaqlı vəziyyətdə olduqlarını və Yerusəlimin divar və darvazalarının dağıdıldığını eşitmişdi. Padşah, Nehemyanın təlaş içində olduğunu gördü və nə baş verdiyini soruşdu. Cavab verməmişdən əvvəl Nehemya rəhbərlik almaq üçün dua etdi. Sonra o, Yerusəlimə qayıtmaq və dağılmış şəhərin bərpasına kömək etmək üçün padşahdan cəsarətlə icazə istədi. Artakserks Nehemyanın xahişini yerinə yetirdi (Nehemya 2:1-8). Sən bu hadisədən hansı ibrət dərsini götürə bilərsən? Əgər imanın haqqında danışmaq üçün fürsət yaranırsa, amma sən qorxursansa Yehovaya ürəyində dua etmək imkanına e’tinasız yanaşma. Peter yazmışdır: “Bütün qayğınızı... [Yehovanın] üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur” (1 Peter 5:7; Məzmur 55:22).

Cavab verməyə hazır olanlar

9. 13 yaşlı Liya “Gənclərin sualları” kitabından 23 nüsxə paylamağa necə nail oldu?

9 Daha bir nümunəni nəzərdən keçirək. 13 yaşlı Liya tənəffüs zamanı “Gənclərin sualları. Praktiki məsləhətlər”a kitabını oxuyurdu. O söyləyir: “Başqaları mənə göz qoyurdular və bir az keçməmiş ətrafıma bir dəstə şagird toplaşdı. Onlar bu kitabın nədən bəhs etdiyini bilmək istəyirdilər”. Elə o gün dörd qız həmin kitabdan istədilər. Sonra onlar bu kitabı başqalarına oxumağa verdilər və onlar da həmin kitabdan istədiklərini bildirdilər. Növbəti bir neçə həftə ərzində Liya sinif yoldaşlarına və onların dostlarına “Gənclərin sualları” kitabından 23 nüsxə payladı. Tənəffüs zamanı başqaları ondan nə oxuduğunu soruşduqda Liyaya cavab vermək asan idimi? Əlbəttə, asan deyildi! “Əvvəlcə mən çox həyəcanlandım, — deyə o e’tiraf edir. — Lakin dua etdim və Yehovanın mənimlə olduğunu bilirdim”.

10, 11. Balaca israilli qız Suriyanın ordu başçısına Yehova haqqında bilməyə necə kömək etdi və bundan sonra Na’man öz həyatını necə dəyişdi?

10 Yəqin diqqət yetirdin ki, Liya ilə baş verən hadisə suriyalılara əsir düşən balaca israilli qızın düşdüyü vəziyyətə oxşardır. Suriyanın ordu başçısı Na’man cüzam xəstəliyinə tutulmuşdu. Ehtimal ki, onun arvadı bir dəfə söhbət zamanı elə bir şeyi xatırlatdı ki, bu balaca qızı imanı haqqında danışmağa təşviq etdi. “Kaş ki, əfəndim Samariyadakı peyğəmbərin önündə olaydı! O zaman onu cüzamından azad edərdi” — deyə, balaca qız nida etdi (2 Krallar 5:1-3).

11 Bu balaca qızın cəsarəti sayəsində Na’man öyrəndi ki, “bütün dünyada Allah yoxdur, ancaq İsraildə vardır”. O, hətta qərara gəldi ki, “başqa ilahilərə deyil, ancaq Yehovaya yandırılan təqdimə və qurban” ərz edəcək (2 Krallar 5:15, 17). Gördüyün kimi, Yehova bu balaca qızın cəsarətinə xeyir-dua verdi. O, bugünkü uşaqların da sə’yinə xeyir-dua verir. Liya buna öz təcrübəsində əmin oldu. Vaxt keçdikcə sinif yoldaşlarının bə’ziləri ona yaxınlaşıb, “Gənclərin sualları” kitabının düzgün davranmaqda onlara kömək etdiyini söyləyirdilər. Liya deyir: “Mən başqalarına Yehova haqqında daha çox bilməyə və həyatlarını dəyişməyə kömək etdiyimi bildiyim üçün sevinirdim”.

12. Öz imanını müdafiə etmək üçün cəsarəti necə əldə etmək olar?

12 Cennifer və Liya kimi sən də sevinc duya bilərsən. Bunun üçün Peterin məsihçilərə yazdığı, o cümlədən sənə də aid olan məsləhətini dinlə: “Malik olduğunuz ümid barəsində sizdən hesabat istəyən hər kəsə həmişə mülayimliklə və ehtiramla cavab vermək üçün hazır olun” (1 Peter 3:15). Sən bunu necə edə bilərsən? İlk məsihçilər kimi Yehovaya dua et ki, “tam cəsarətlə” təbliğ etməkdə sənə kömək etsin (Həvarilərin işləri 4:29). Sonra başqalarına öz e’tiqadın barədə cəsarətlə söylə. Nəticə səni təəccübləndirə bilər. Ən başlıcası isə, sən Yehovanın ürəyini sevindirəcəksən.

Videofilmlər və məktəb tapşırıqları

13. Şahidlik etmək üçün bə’zi məktəblilər hansı imkanlardan istifadə edirlər? (14 və 15-ci səhifələrdəki çərçivələrə baxın.)

13 Bir çox məktəblilər videofilmlərdən istifadə edərək sinif yoldaşlarına və müəllimlərinə öz imanları haqqında danışırlar. Bə’zi hallarda məktəb tapşırıqlarının sayəsində də Yehovanı izzətləndirmək imkanı yaranır. Məsələn, hər ikisi Yehovanın Şahidi olan 15 yaşlı gənclər tarix dərsində dünya dinlərindən birinə aid mə’ruzə hazırlamaq tapşırığını aldılar. Onlar Yehovanın Şahidləri haqqında yazmaq qərarına gəldilər və “Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri”b kitabındakı materialdan istifadə etdilər. Həmçinin onlar 5 dəqiqəlik giriş sözləri ilə çıxış etməli idilər. Həm müəllimin, həm də şagirdlərin o qədər sualları vardı ki, onlar planlaşdırıldığından 20 dəqiqə artıq çıxış etməli oldular. Bundan sonra bir neçə həftə ərzində sinif yoldaşları Yehovanın Şahidləri haqqında suallar verməyə davam edirdilər!

14, 15. a) Nəyə görə insan qarşısındakı qorxu tələdir? b) Nəyə görə əminliklə öz dini e’tiqadlarınla bölüşə bilərsən?

14 Nəzərdən keçirdiyimiz hadisələr göstərir ki, əgər sən başqalarına öz dini e’tiqadların haqqında danışır və Yehovanın Şahidi olduğuna görə utanmırsansa, böyük xeyir-dualara sahib ola bilərsən. Yol vermə ki, insan qarşısındakı qorxu hissi səni sevincdən və kiməsə Yehova haqqında öyrənməyə kömək etmək kimi şərəfdən məhrum etsin. Müqəddəs Kitab xəbərdarlıq edir: “İnsandan qorxan özünü tələyə salar, amma Rəbbə güvənən arxayın yaşar” (Süleymanın məsəlləri 29:25, MKŞ).

15 Yadında saxla ki, bir məsihçi kimi səndə həmyaşıdlarının həddindən artıq ehtiyac duyduqları bir şey var. Bu, indiki dövrdə ən yaxşı həyat tərzi haqqında bilik, gələcəkdə isə Allahın və’d etdiyi əbədi həyata ümiddir (1 Timoteyə 4:8). Misal üçün, Birləşmiş Ştatları götürək. Sən fikirləşə bilərsən ki, bu ölkədə insanlar ümumilikdə ruhani şeylərə qarşı e’tinasızlıq göstərir və daha çox maddi şeylərlə maraqlanırlar. Lakin bir sorğu göstərdi ki, orada yaşayan yeniyetmələrin, demək olar ki, yarısı dinə çox ciddi yanaşır, gənclərin üçdə bir hissəsi üçün isə Allaha iman həyatlarında “ən vacib” yeri tutur. Yəqin ki, bu cür vəziyyət dünyanın başqa ölkələrində də müşahidə olunur. Buna görə də, çox ehtimal ki, məktəbdəki həmyaşıdların sənin Müqəddəs Kitab haqqında bildiklərini eşitməyə şad olacaqlar.

Yehovaya gəncliyində yaxınlaş

16. Yehovanı məmnun etmək üçün, başqaları ilə Onun haqqında danışmaqdan savayı, daha nə etmək lazımdır?

16 Sözsüz ki, Yehovanın ürəyini sevindirmək üçün sadəcə Onun haqqında danışmaq kifayət etmir. Sən həm də Onun normalarına uyğun yaşamalısan. Həvari Yəhya yazmışdır: “Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir” (1 Yəhya 5:3). Yehovaya yaxınlaşsan, sən buna əmin olacaqsan. Bəs Ona necə yaxınlaşmaq olar?

17. Sən Yehovaya necə yaxınlaşa bilərsən?

17 Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri oxumaq üçün vaxt ayır. Yehova haqqında nə qədər çox öyrənsən, Ona tabe olmaq və başqalarına Onun haqqında danışmaq bir o qədər sənə asan olacaqdır. İsa demişdir: “Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır... çünki onun ağzı ürəyindən gələni söyləyir” (Luka 6:45). Buna görə də, ürəyini “yaxşı şeylərlə” doldur. Nəyə görə bu sahədə qarşına məqsədlər qoymayasan? Məsələn, qarşına növbəti həftədə olacaq yığıncaq görüşlərinə hazırlaşmaq kimi məqsəd qoya bilərsən. Sonrakı məqsədin qısa, lakin ürəkdən gələn şərhi verməklə görüşdə iştirak etmək ola bilər. Əlbəttə, öyrəndiklərini həyata keçirmək də çox vacibdir (Filipililərə 4:9).

18. Hərdən müqavimətlə qarşılaşsan belə, nəyə əmin ola bilərsən?

18 Yehovaya xidmət keçib-getməyən, hətta əbədi olan xeyir-dualar gətirir. Düzdür, Yehovanın Şahidi olduğun üçün hərdən müqavimət və istehza ilə qarşılaşacaqsan. Lakin Musanı yadına sal. Müqəddəs Kitabda deyilir ki, o, “alacağı mükafatı gözləyirdi” (İbranilərə 11:24-26). Sən də əmin ola bilərsən ki, Yehova haqqında öyrənməyə və başqalarına Onun haqqında danışmağa çalışdığın üçün O, səni mükafatlandıracaq. Yehova, Onun adı naminə gördüyün işi və göstərdiyin məhəbbəti heç zaman unutmayacaq (İbranilərə 6:10).

[Haşiyələr]

a Yehovanın Şahidləri tərəfindən nəşr edilib.

b Yehovanın Şahidləri tərəfindən nəşr edilib.

Xatırlayırsanmı?

• Nəyə görə əmin ola bilərsən ki, Yehova sənin xidmətini qiymətləndirir?

• Məktəbdə şahidlik etmək bə’zilərinə necə müyəssər olur?

• Sinif yoldaşlarına şahidlik etmək üçün cəsarəti necə əldə edə bilərsən?

• Yehovaya necə yaxınlaşa bilərsən?

[14-cü səhifədəki çərçivə/şəkillər]

Hətta uşaqlar da Yehovaya izzət gətirirlər!

Hətta uşaqlara belə məktəbdə şahidlik etmək müyəssər olur. Bə’zi nümunələri nəzərdən keçirək.

5-ci sinifdə oxuyan on yaşlı Amberin sinif yoldaşları dərsdə İkinci Dünya müharibəsi zamanı alman faşistlərinin yəhudilərə necə zülm etdikləri barədə kitab oxuyurdular. Amber müəlliməsinə “Bənövşəyi üçbucaqlar” videofilmini gətirməyi qərara aldı. Müəllimə nasist rejimi zamanı Yehovanın Şahidlərinin də tə’qib olunduqlarını biləndə təəccübləndi. O, videofilmi bütün sinfə göstərdi.

8 yaşlı Aleksa oxuduğu sinfə məktub yazmışdı. Bu məktubda hamı ilə birlikdə Milad bayramını qeyd edə bilməməsinin səbəbini izah edirdi. Məktub onun müəlliməsinə elə təəssürat bağışladı ki, o, Aleksadan məktubu sinif qarşısında, üstəlik başqa iki sinif qarşısında ucadan oxumağı xahiş etdi! Aleksa axırda dedi: “Əqidəsi mənim əqidəmdən fərqli olan kəslərə hörmət etməyi öyrənmişəm və sağ olun ki, siz də mənim Milad bayramını qeyd etməmək qərarıma hörmətlə yanaşırsınız”.

Erik birinci sinfə gedən kimi məktəbə “Mənim Müqəddəs Kitab hekayələri kitabım” nəşrini gətirdi və onu sinif yoldaşlarına göstərmək üçün icazə istədi. Müəlliməsi ona dedi: “Mənim daha yaxşı təklifim var. Bu hekayələrdən birini sinif üçün oxu.” Erik elə də etdi. Sonra o xahiş etdi ki, kim həmin kitabdan istəyirsə əlini qaldırsın. On səkkiz uşaq, o cümlədən müəllimə də əlini qaldırdı! Erik hesab edir ki, şahidlik etmək üçün indi onun xüsusi sahəsi var.

9 yaşlı Uitni “Yehovanın Şahidləri və təhsil”c broşürasına görə çox minnətdardır. O deyir: “Adətən bu broşüranı müəllimlərimə hər il anam verirdi, amma bu il bunu özüm etdim. Bu broşüranın sayəsində müəlliməm məni “həftənin şagirdi” seçdi”.

[Haşiyə]

c Xatırlanan bütün nəşrlər Yehovanın Şahidləri tərəfindən nəşr olunub.

[15-ci səhifədəki çərçivə/şəkillər]

Öz e’tiqadları barədə danışmaq üçün bə’zi gənclərin malik olduqları imkanlar

Mə’ruzə hazırlamaq tapşırığı aldıqda, bə’ziləri şahidlik etməyə imkan yaradan mövzu seçirlər.

Çoxları müəllimlərinə dərsin mövzusu ilə bağlı olan videofilm, yaxud ədəbiyyat verirlər.

Başqaları isə tənəffüs zamanı Müqəddəs Kitabı, yaxud ona əsaslanan nəşrləri oxuyurlar və bə’zən elə olur ki, başqa gənclər onlara suallarla müraciət edirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş