Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/7 s. 23—28
  • Gənclər, gələcəyiniz üçün təməl qoyursunuzmu?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gənclər, gələcəyiniz üçün təməl qoyursunuzmu?
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Gəncliyindən zövq al
  • “Allaha yaxınlaşın”
  • Düzgün seçim et
  • Ruhani dəyərləri qiymətləndir
  • Gənclik çağında müdrik seçimlər et
    Gözətçi qülləsi 2014
  • Ey gənclər, Yaradanınızı xatırlayın
    Gözətçi qülləsi 2008
  • Yolunu azmış uşağa necə kömək etməli?
    Gözətçi qülləsi 2001
  • Ey gənclər, Yehovaya xidmət etmək istəyinizi gücləndirin!
    Gözətçi qülləsi 2010
Gözətçi qülləsi 2004
w04 1/7 s. 23—28

Gənclər, gələcəyiniz üçün təməl qoyursunuzmu?

“Sizin üçün düşünməkdə olduğum düşüncələri mən bilirəm... pislik düşüncələri deyil, ancaq sonunuzda sizə ümid vermək üçün sülh düşüncələridir” (YEREMYA 29:11).

1, 2. Gəncliyə hansı fərqli nöqteyi-nəzərlərdən baxmaq olar?

YETKİN yaşa çatmış insanların əksəriyyəti gənclik dövrünü həyatın gözəl dövrü hesab edir. Onlar gənc olduqları zaman enerji və şövqlə dolu olduqları vaxtı xatırlayırlar. Daha az məs’uliyyət daşıdıqları, doyunca əyləndikləri və qarşılarında tükənməz imkanlarla dolu bir həyatın olduğu vaxtı xatırlamaq onlara xoşdur.

2 Əgər sən özün gəncsənsə, ehtimal ki, vəziyyətə başqa nöqteyi-nəzəndən baxırsan. Yəqin ki, səndə baş verən emosional və fiziki dəyişikliklərə uyğunlaşmaq sənin üçün çətindir. Məktəbdə və ya oxuduğun başqa təhsil ocağında yaşıdlarının güclü təzyiqi ilə qarşılaşa bilərsən. Ola bilər ki, günü-gündən narkotikə, spirtli içkilərə və əxlaqsızlığa daha sərt müqavimət göstərməli olursan. Gənclərdən çoxunun qarşısında, imanları ilə əlaqədar bitərəflik mövqeyi və digər məsələlər durur. Bəli, gənclik çətin dövr ola bilər. Buna baxmayaraq, həmin dövr doğrudan da tükənməz imkanlarla doludur. Məsələ, sənin bu dövrdən necə istifadə etməyindədir.

Gəncliyindən zövq al

3. Süleyman gənc olanlara hansı məsləhəti və hansı xəbərdarlığı vermişdir?

3 Yaşca böyük olan adamlar sənə gənclik illərinin qısa olduğunu söyləyəcəklər və onlar haqlıdırlar. Cəmi bir neçə ildən sonra gəncliyin geridə qalacaq. Belə isə ondan zövq al! Süleyman padşah məhz bunu məsləhət görürdü: “Ey gənc adam, gəncliyində sevincli ol və gəncliyinin günlərində ürəyin səni sevindirsin, könlünün yollarında və gözlərinin gördüklərində yeri”. Lakin Süleyman xəbərdar edirdi: “Kədəri ürəyindən çıxar və pisliyi bədənindən uzaqlaşdır”. Sonra o demişdi: “Gənclik və igidlik çağı boşdur” (Vaiz 11:9, 10).

4, 5. Gənclik illərində gələcəyə hazırlaşmaq nəyə görə müdriklikdir? Nümunə əsasında izah et.

4 Süleymanın nəyi nəzərdə tutduğunu başa düşürsənmi? Nümunə üçün, hansısa qiymətli hədiyyəni, deyək ki, nəyi isə miras alan gənc haqqında düşün. Gənc adam aldığı bu mirasla necə davranacaq? O, İsanın məsəlindəki qeyb olmuş oğul kimi, pulu istədiyi kimi xərcləyə bilər (Luka 15:11-23). Bəs pullar tükənəndə nə olacaq? Hər halda bu qədər məs’uliyyətsiz davrandığı üçün peşman olacaq! Digər tərəfdən fərz edək ki, məsələn, pulların çox hissəsini sərmayə qoyaraq, gələcəyini tə’min etmək üçün müdrikliklə istifadə edir. Necə düşünürsən, nəticədə onun pulları gəlir gətirəndə, gənclik çağlarında pulları istədiyi yerə xərcləmədiyi üçün peşman olacaqmı? Əlbət ki, yox!

5 Öz gəncliyini, əslində olduğu kimi, Allahdan olan bir ən’am kimi nəzərdən keçir. Sən ondan necə istifadə edirsən? Sən gələcək haqqında düşünmədən bütün enerjini və şövqünü öz ehtiraslarını tə’min etməyə və daimi əyləncələrə sərf edə bilərsən. Əgər sən belə etsən, “gənclik və igidlik çağı” sənin üçün həqiqətən də “boş” olacaqdır. Gəncliyini gələcəyə hazırlaşmaq üçün yaşamaq nə qədər gözəldir!

6. a) Süleymanın hansı məsləhəti gənclər üçün rəhbərlik kimi xidmət edir? b) Yehova gənc olanlara nə vermək istəyir və gənclər bunu necə qazana bilərlər?

6 Süleyman, gənclik illərindən müdrikliklə istifadə etməyə kömək edən prinsip vermişdir. O demişdir: “Gəncliyinin günlərində səni Yaradanı xatırla” (Vaiz 12:2). Müvəffəqiyyətin açarı — Yehovanı dinləmək və Onun iradəsini yerinə yetirməkdir. Yehova qədim israillilər üçün nə etmək istədiyini onlara demişdir: “Sizin üçün düşünməkdə olduğum düşüncələri mən bilirəm... pislik düşüncələri deyil, ancaq sonunuzda sizə ümid [“ümidli bir gələcək”, YD] vermək üçün sülh düşüncələridir” (Yeremya 29:11). Yehova sənə də “ümidli bir gələcək” vermək istəyir. Əgər sən Onu davranışlarında, düşüncə və qərarlarında yada salırsansa, həmin ümidli gələcək sənin üçün gerçəkliyə çevriləcək (Vəhy 7:16, 17; 21:3, 4).

“Allaha yaxınlaşın”

7, 8. Gənclər Yehovaya necə yaxınlaşa bilər?

7 Yaqub növbəti sözlərlə bizi Yehovanı xatırlamağa təşviq edir: “Allaha yaxınlaşın, O da sizə yaxınlaşar” (Yaqub 4:8). Yehova hamının ibadətinə və həmdinə layiq olan Yaradan, səmavi Hökmdardır (Vəhy 4:11). Buna baxmayaraq, biz Ona yaxınlaşsaq, O da bizə yaxınlaşacaq. Məgər bu cür sevgi dolu bir maraq sənin ürəyini riqqətə gətirmirmi? (Matta 22:37).

8 Biz Yehovaya müxtəlif yollarla yaxınlaşırıq. Məsələn, həvari Pavel deyirdi: “Duada sabit olun və onda şükran ilə oyaq durun” (Koloslulara 4:2). Başqa sözlərlə, dua etmək vərdişini inkişaf etdir. Sadəcə olaraq atan və ya yığıncaqda həmimanlın səni duada təqdim edəndən sonra “amin” sözünü tələffüz etməklə kifayətlənmə. Nə düşündüyün, nədən qorxduğun və hansı çətinliklərlə qarşılaşdığın barədə danışaraq, nə vaxtsa ürəyini Yehovaya açmısanmı? İnsanlardan kiminləsə müzakirə etməyə utandığın məsələni Ona danışmısanmı? Səmimi və açıq dualar sülh və rahatlıq gətirir (Filipililərə 4:6, 7). Bu dualar bizə Yehovaya yaxınlaşmağa və Onun bizə yaxınlaşdığını hiss etməyə kömək edir.

9. Gənclər Yehovaya necə qulaq asa bilərlər?

9 Yehovaya yaxınlaşmağın daha bir üsulunu ilhamlanmış bu sözlərdə görürük: “Nəsihətə qulaq as, tərbiyəni qəbul et, bunun nəticəsində hikmətli olarsan” (Süleymanın məsəlləri 19:20, MKŞ). Beləliklə, əgər sən Yehovaya qulaq asır və Ona tabe olursansa, gələcəyin üçün təməl qoyursan. Yehovaya qulaq asdığını necə göstərə bilərsən? Şübhəsiz ki, sən müntəzəm olaraq məsihçi görüşlərinə gəlir və proqramı dinləyirsən. Həm də Müqəddəs Kitabın ailəlikcə öyrənilməsində iştirak etməklə ‘atana və anana hörmət edirsən’ (Efeslilərə 6:1, 2; İbranilərə 10:24, 25). Bu çox tə’rifəlayiqdir. Lakin görüşlərə hazırlaşmaq, Müqəddəs Kitabı müntəzəm oxumaq və tədqiq etmək üçün ‘hər fürsətdən istifadə edirsənmi’, daha doğrusu, vaxtı satın alırsanmı? “Hikmətli kimi” davranmaq üçün oxuduğuna riayət etməyə çalışırsanmı? (Efeslilərə 5:15-17; Məzmur 1:1-3). Əgər bunu edirsənsə, onda sən Yehovaya yaxınlaşırsan.

10, 11. Gənclər Yehovaya qulaq asanda hansı faydanı əldə edirlər?

10 “Süleymanın məsəlləri” kitabının əvvəlində, Müqəddəs Kitabın bu hissəsinin yazılmasının məqsədi ilhamlanmış sözlərlə açıqlanır: “Hikmət və tərbiyəyə malik olmaq, müdrik sözləri dərk etmək üçün, salehlik, ədalət, insaf barədə idrak tərbiyəsi almaq üçün, cahillərə uzaqgörənlik, gənc oğlana bilik və dərrakə vermək üçün” (Süleymanın məsəlləri 1:1-4, MKŞ). Beləliklə, Müqəddəs Kitabın digər kitabları kimi, “Süleymanın məsəlləri” kitabını da oxuyaraq və tətbiq edərək, özündə, ədalətlilik və insaflılıq kimi keyfiyyətləri yetişdirəcəksən, Yehova da Ona yaxınlaşdığın üçün sevinəcək (Məzmur 15:1-5). Ədalətlilik, uzaqgörənlik qabiliyyətini nə qədər çox yaxşılaşdırsan, nə qədər çox bilik və dərrakə əldə etsən, qəbul etdiyin qərarlar da bir o qədər yaxşı olacaq.

11 Gənclərdən bu cür müdriklik gözləmək olarmı? Əlbəttə, axı bir çox gənc məsihçilər bu keyfiyyəti əks etdirirlər. Buna görə bir çoxları onlara hörmət edir və onların ‘gəncliyinə xor baxmırlar’ (1 Timoteyə 4:12). Bu gənclərin valideynləri haqlı olaraq onlarla fəxr edirlər, Yehova isə deyir ki, onlar Onun ürəyini sevindirirlər (Süleymanın məsəlləri 27:11). Onlar çox gənc olsalar da, əmin ola bilərlər ki, növbəti ilhamlanmış sözlər onlara da aiddir: “Kamil adama bax, əməlisaleh insana nəzər yetir, gələcək sülhsevən adama bəxş ediləcək” (Məzmur 37:37, MKŞ).

Düzgün seçim et

12. Gənclərə hansı ciddi seçimi etmək lazımdır və bu seçimin nəyə görə uzunmüddətli nəticələri var?

12 Gənclik çağı seçim, çox vaxt isə ciddi seçim dövrüdür. Ola bilər ki, indi etdiyin seçimin nəticəsi sənə gələcəkdə, uzun illər ərzində tə’sir edəcək. Müdrik seçim xoşbəxt, müvəffəqiyyətli həyata aparır. Müdrik olmayan seçim isə, bütün həyatı puç edə bilər. Bunun nə qədər doğru olduğunu iki sahədə nəzərdən keçirək. Birincisi, dost seçimində. Buna nəyə görə ciddi yanaşmaq lazımdır? Cavabı ilhamlanmış məsəldən öyrənmək olar: “Hikmətlilərlə yeriyən adam hikmətli olar; fəqət ağılsızların dostu zərər görər” (Süleymanın məsəlləri 13:20). Başqa sözlərlə, nəticədə biz də ünsiyyətdə olduğumuz adamlar kimi ya müdrik, ya da ağılsız oluruq. Sən necə adam olmaq istəyirsən?

13, 14. a) Dostluq özünə insanlarla birbaşa əlaqədən başqa daha nəyi daxil edir? b) Gənc məsihçilər hansı səhvə yol verməli deyillər?

13 Ünsiyyət və dostluq barədə danışanda, sən, yəqin ki, söhbətin insanlardan getdiyini düşünürsən. Bu doğrudur, lakin qismən. Televiziya proqramına baxmaqla, musiqiyə qulaq asmaqla, roman oxumaqla, kinoteatra getməklə və ya İnternetdən istifadə etməklə də sən ünsiyyətdə olursan. Əgər belə ünsiyyət zorakılığa və əxlaqsızlığa olan meylə yol verirsə, narkotik maddələrin qəbuluna, sərxoşluğa və ya Müqəddəs Kitabın prinsiplərinə zidd gedən nəyə isə təşviq edirsə, onda sən, sanki Yehovanın mövcud olduğuna inanmayan “ağılsız” adamla dostluq edirsən (Məzmur 14:1).

14 Bəlkə də sənə elə gəlir ki, məsihçi görüşlərinə gəldiyin və yığıncağın fəaliyyətində yaxından iştirak etdiyin üçün elə güclüsən ki, zorakı səhnələri olan film və ya yaxşı melodiyası, lakin şübhəli məzmunu olan mahnılar sənə tə’sir edə bilməz. Bəlkə də İnternetdəki pornoqrafik Web-sayta gözucu baxmağın sənə heç bir zərəri olmayacağını düşünürsən. Lakin həvari Pavel deyir ki, sən yanılırsan! O deyir: “Pis dostluq yaxşı əxlaqı pozar” (1 Korinflilərə 15:33). Əfsuslar olsun ki, bir çox bacarıqlı gənc məsihçilər dost seçərkən müdrik davranmadıqları üçün yaxşı əxlaqlarını, yə’ni faydalı vərdişlərini itirmişlər. Sən isə pis dostluqlardan qaçınmağa tam qərarlı ol. Əgər belə davransan, Pavelin məsləhətinə riayət etmiş olacaqsan: “Bu zəmanəyə uyğunlaşmayın, ancaq Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün ağlınızın yenilənməsi ilə kökündən dəyişin” (Romalılara 12:2).

15. Gənclərə başqa hansı sahədə seçim etmək lazımdır və bu cəhətdən onlara bə’zən hansı təzyiqlər göstərilir?

15 Seçim etməli olduğumuz ikinci sahə də var. Vaxt gələcək ki, məktəbi qurtardıqdan sonra nə ilə məşğul olacağını qərara almalı olacaqsan. Əgər sən işsizliyin geniş yayıldığı ərazidə yaşayırsansa, hər bir yaxşı işə razı olmaq barədə düşünə bilərsən. Əgər inkişaf edən ölkədə yaşayırsansa, iş sarıdan böyük seçim etmək imkanın ola bilər, bə’zi təkliflər isə olduqca şirnikdirici görünə bilər. Müəllimlərin və ya valideynlərin yaxşı niyyətlərdən irəli gələrək, ehtimal ki, səni maddi müvəffəqiyyət, hətta var-dövlət gətirəcək sənət seçməyə təşviq edirlər. Lakin bu sənətə yiyələnmək üçün, ehtimal ki, çoxlu oxumaq lazım gələcək, Yehovaya xidmətə isə olduqca az vaxt qalacaq.

16, 17. Müqəddəs Kitabın müxtəlif ayələrinin sənət seçiminə tarazlı surətdə yanaşmaqda gənclərə necə kömək edə biləcəyini izah edin.

16 Qərar qəbul etməzdən əvvəl Müqəddəs Kitabla məsləhətləşməyi unutma. Müqəddəs Kitab bizi, özümüzü tə’min etmək üçün işləməyə təşviq edir (2 Saloniklilərə 3:10-12). Lakin başqa amilləri də nəzərə almaq lazımdır. Biz səni Müqəddəs Kitabın növbəti ayələrini oxumağa və özünə sənət seçərkən bu işə tarazlı surətdə yanaşmaqda ayələrin sənə necə kömək edə biləcəyinin üzərində düşünməyə təşviq edirik: Süleymanın məsəlləri 30:8, 9; Vaiz 7:11, 12; Matta 6:33; 1 Korinflilərə 7:31; 1 Timoteyə 6:9, 10. Bu ayələri oxuduqdan sonra Yehovanın nöqteyi-nəzərini başa düşdünmü?

17 Bizim üçün dünyəvi iş, Yehovaya xidmətimizi ikinci plana çəkəcək dərəcədə vacib olmalı deyil. Əgər orta təhsilə malik olaraq münasib iş tapa bilirsənsə, bu çox yaxşıdır. Əgər sənə əlavə təhsil almaq lazımdırsa, bunu valideynlərinlə müzakirə etmək olar. Hər necə olsa da, “ən üstün dəyərləri” — ruhani dəyərləri nəzərdən qaçırma (Filipililərə 1:9, 10). Yeremyanın mirzəsi olan Barukun etdiyi səhvlərə yol vermə. Baruk, ona e’tibar edilən xidmətə görə olan minnətdarlığını itirdi və ‘özü üçün böyük şeylər axtarmağa’ başladı (Yeremya 45:5). O, bir anlığa unutdu ki, bu dünyadakı “böyük şeylər”in heç biri onu Yehovaya yaxınlaşdıra və Yerusəlimin məhvindən sağ çıxmağa kömək edə bilməzdi. Bunu bu gün bizim haqqımızda da demək olar.

Ruhani dəyərləri qiymətləndir

18, 19. a) Səninlə qonşuluqda yaşayan insanların əksəriyyəti nədən əziyyət çəkirlər və sən onlara qarşı hansı hissləri duymalısan? b) Bir çoxları nəyə görə ruhani aclığı hiss etmirlər?

18 Nə zamansa jurnallarda və ya televiziya verilişlərində aclığın hökm sürdüyü ölkələrdə yaşayan uşaqların təsvirini görmüsənmi? Əgər görmüsənsə, yəqin ki, onların halına acımısan. Bəs qonşuluqda yaşayan insanların halına acıyırsanmı? Onların halına nəyə görə acımaq lazımdır? Çünki onların da əksəriyyəti aclıq çəkir. Onlar, Amos peyğəmbərin söylədiyi aclıqdan əziyyət çəkirlər: “Budur, günlər gəlir, Rəbb Yehova deyir və məmləkətə aclıq göndərəcəyəm, çörək aclığı deyil və suya susama deyil, ancaq Rəbbin sözlərini eşitməyə susama göndərəcəyəm” (Amos 8:11).

19 Doğrudur ki, ruhən aclıq çəkənlərin əksəriyyəti “ruhən yoxsul” olduqlarını dərk etmir (Matta 5:3). Bir çoxları ruhən ac olduqlarını hiss etmirlər. Bə’ziləri hətta yaxşı qidalandıqlarını düşünə bilərlər. Lakin bu ona görə belədir ki, onlar, özünə zənginliyə meyl, elmi fərziyyələr, əxlaq məsələsinə və bu kimi şeylərə dair müxtəlif fikirlər daxil edən “bu dünyanın müdrikliyi” ilə qidalanırlar. Bə’ziləri hesab edirlər ki, müasir “müdrikliklə” müqayisədə Müqəddəs Kitabın tə’limləri köhnəlib. Lakin bu dünya “öz müdrikliyi ilə Allahı tanımadı”. Dünyanın müdrikliyi Allaha yaxınlaşmaqda sənə kömək etməyəcək. Çünki bu müdriklik ‘Allah qarşısında ağılsızlıqdan’ başqa bir şey deyil (1 Korinflilərə 1:20, 21; 3:19).

20. Yehovaya xidmət etməyən insanlara həsəd aparmaq nəyə görə ağılsızlıqdır?

20 Sən ac uşaqların şəklini görəndə, onlar kimi olmaq istəyirsənmi? Əlbət ki, yox! Lakin elə təəssürat yaranır ki, məsihçi ailələrindən olan bə’zi gənclər, ətraflarındakı ruhən aclıq çəkən insanlar kimi olmaq istəyirlər. Yəqin onlar dünyadakı gənclərin heç bir qayğıları olmadığını və ancaq zövqlə yaşadıqlarını düşünürlər. Onlar, dünyadakı gənclərin Yehovadan təcrid olunduqlarını unudurlar (Efeslilərə 4:17, 18). Onlar həm də ruhani aclığın pis nəticələrə gətirib çıxardığını unudurlar. Bu, yeniyetmə dövründə arzuolunmaz hamiləlik, həmçinin əxlaqsızlığın fiziki və emosional nəticələri, sərxoşluq və narkotiklərin istifadəsi ola bilər. Ruhani aclıq üsyankarlığa, ümidsizliyə və mə’nasız bir həyata yol açır.

21. Özümüzü Yehovaya xidmət etməyən insanların baxışları və əhval-ruhiyyələrindən necə qoruya bilərik?

21 Məktəbdə — Yehovaya xidmət etməyən insanların əhatəsində olanda, onların baxışlarının və əhval-ruhiyyələrinin səni sarsıtmasına yol vermə (2 Korinflilərə 4:18). Bə’ziləri ruhani dəyərlər haqqında laqeydliklə danışacaqlar. Bundan əlavə, kütləvi informasiya vasitələrinin köməyi ilə səni tədricən inandırmağa çalışacaqlar ki, əxlaqsızlıqla məşğul olmaq, sərxoşluq və ya iyrənc sözlərdən istifadə etmək tamamilə münasibdir. Bu cür tə’sirə uyma. Müntəzəm olaraq “imana və təmiz vicdana” malik olan insanlarla ünsiyyət etməyi davam etdir. Hər zaman ‘Rəbbin işində tərəqqi et’ (1 Timoteyə 1:19; 1 Korinflilərə 15:58). Yığıncaqda fəal ol və sə’ylə təbliğ et. Məktəbdə oxuduğun müddətdə vaxtaşırı olaraq köməkçi pioner xidməti götür. Bunun vasitəsilə ruhani dəyərlərə olan baxışlarını möhkəmləndir, belə olan halda tarazlığını itirməzsən (2 Timoteyə 4:5).

22, 23. a) Gənc məsihçilərin seçimləri nəyə görə çox vaxt başqalarına aydın olmur? b) Gənclər nəyə təşviq olunurlar?

22 Hər şeyə ruhani nöqteyi-nəzərlə baxmağın, ehtimal ki, başqalarının anlamadığı qərarlar qəbul etməyinə səbəb olacaq. Məsələn, bir gənc məsihçi iste’dadlı musiqiçi və bütün fənlərdən ə’laçı idi. Məktəbi bitirəndən sonra o, şüşələri yumaq işində atasına qoşuldu. Bu ona, qarşısına qoyduğu məqsədə — tammüddətli təbliğçi, yə’ni pioner olmağa imkan yaratdı. Müəllimləri onun bu cür qərar qəbul etməsinin səbəbini heç cür başa düşə bilmədilər. Lakin əgər sən Yehovaya yaxınlaşmısansa, sözsüz ki, başa düşmüsən.

23 Gəncliyin qiymətli dövründən necə istifadə etməyi nəzərdən keçirərək, ‘özünə gələcək üçün yaxşı təməl olacaq bir xəzinə topla ki, həqiqi həyata nail olasan’ (1 Timoteyə 6:19). Gəncliyində və bütün qalan həyatın boyu “səni Yaradanı xatırla”mağa möhkəm qərarlı ol. Yalnız beləliklə xoşbəxt gələcəyə, sonu olmayacaq gələcəyə təməl qoymaq olar.

Hansı nəticəyə gəldin?

• Allahdan ilham almış hansı nəsihət gənclərə gələcəklərini planlaşdırmaqda kömək edir?

• Gənclər hansı üsullarla Allaha yaxınlaşa bilərlər?

• Gənclikdə qəbul edilən qərarlardan hansılar gələcəyə tə’sir göstərəcək?

[25-ci səhifədəki şəkillər]

Şəxsi məşğuliyyətlərin bütün gəncliyinin enerji və şövqünü əlindən almasına yol verəcəksənmi?

[26 və 27-ci səhifələrdəki şəkil]

Müdrik gənc məsihçilər ruhani baxışlarını təmiz saxlayırlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş