Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/10 s. 22—26
  • Yehova başınızdakı saçları belə saymışdır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova başınızdakı saçları belə saymışdır
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Nə üçün «qorxmayın» deyilib?
  • Sərçənin dəyəri
  • «Göz yaşlarımı tuluğuna yığ»
  • Yehova ilə yaxın münasibətlər
  • Allah bizi dəyərləndirir
    Gözətçi qülləsi 2008
  • “Allah məhəbbətdir”
    Gözətçi qülləsi 2003
  • Allah mənim qayğıma qalırmı?
    Gözətçi qülləsi 2009
  • Nəyə görə yaşamağın mənası var?
    Gözətçi qülləsi (kütləvi) 2019
Əlavə
Gözətçi qülləsi 2005
w05 1/10 s. 22—26

Yehova başınızdakı saçları belə saymışdır

«Atanızın hökmü olmadıqda, onlardan [sərçələrdən] heç biri yerə düşməz. Sizin isə başınızdakı saçlar da belə sayılmışdır» (MATTA 10:29, 30).

1, 2. a) Əyyub nəyə görə Allahın onu tərk etdiyini düşünürdü? b) Əyyubun sözləri onun Allahdan üz döndərdiyinə işarə edirmi? İzah edin.

«SƏNƏ yalvarıram, [ya Rəbb], cavab vermirsən, ayağa qalxmağıma göz qoyursan. Mənə qarşı rəhmsizsən, güclü əllərinlə məni əzirsən». Bu sözləri deyən adam çox iztirab çəkirdi və onun bu vəziyyəti təəccüblü deyil! O, bütün əmlakından məhrum olmuş, uşaqları müəmmalı şəkildə ölmüş, özü isə üzücü xəstəliyə tutulmuşdu. Bu insan Əyyub idi. Biz, Müqəddəs Kitabdan onun ağır sınaqların öhdəsindən gəlməsi haqqında oxumaqla, çoxlu faydalar əldə edə bilərik (Əyyub 30:20, 21).

2 Əyyubun sözlərindən bə’ziləri elə nəticəyə gələ bilər ki, o, Allahdan üz döndərmişdi, lakin bu heç də belə deyil. Sadəcə olaraq, o, dərin kədər hissinə və ümidsizliyə qapılmışdı (Əyyub 6:2, 3). Əyyub öz iztirablarında Şeytanın günahkar olduğunu bilmirdi, buna görə də, səhv olaraq, Allahın onu tərk etdiyini düşünürdü. Hətta bir dəfə Yehovadan soruşmuşdu: «Niyə üzünü gizlədirsən, Məni düşmən hesab edirsən?» (Əyyub 13:24)a.

3. Bizimlə bədbəxtliklər baş verəndə, ağlımıza hansı fikirlər gələ bilər?

3 Bu gün Yehovanın bir çox xidmətçiləri müharibələr, siyasi və ictimai çevrilişlər, təbii fəlakətlər, qocalıq, xəstəliklər, yoxsulluq və hakimiyyətin qoyduğu qadağalar nəticəsində yaranan ciddi çətinliklərindən əziyyət çəkirlər. Ehtimal ki, bu cür çətinliklərlə sən də üzləşirsən. Bə’zən sən də düşünə bilərsən ki, Yehova səndən «üzünü gizlədir». Yəhya 3:16 ayəsində yazılan sözlər sənə yaxşı tanışdır: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi». Bununla belə, iztirab çəkən və dəyişiklik gözlənilməyən zaman, ehtimal ki, sən belə fikirləşirsən: «Allah məni həqiqətənmi sevir? Çəkdiyim iztirabları görürmü? Şəxsən mənim qayğıma qalırmı?»

4. Pavel uzun müddət nəyə tab gətirməli oldu və bu cür vəziyyət bizə necə tə’sir edə bilər?

4 Həvari Pavelin nümunəsinə diqqət yetirək. O yazmışdır: «Bədənimə bir neştər, şeytanın mələyi verilmişdir ki, məni dilxor etsin... Üç dəfə Rəbbə yalvardım ki, onu məndən uzaqlaşdırsın». Yehova Pavelin yalvarışlarını eşitdi. Buna baxmayaraq, bildirdi ki, problemi mö’cüzəli surətdə aradan qaldırmayacaq. Bunun əvəzinə, ‘bədənindəki neştərə’ dözmək üçün, Pavel Allahın qüvvəsinə güvənməli idib (2 Korinflilərə 12:7-9). Ola bilsin, Pavel kimi, sən də hansısa çətinlikdən iztirab çəkirsən. Çox ehtimal ki, sən belə fikirləşirsən: «Əgər Yehova mənə kömək etmirsə, yəqin O, mənim vəziyyətimdən xəbərsizdir və ya bu, Onu narahat etmir?» Bu əsla belə deyil! Yehova şəfqətlə hər bir sadiq xidmətçisinin qayğısına qalır. Bu, həvarilərini seçdikdən tez sonra İsanın dediyi sözlərdən bəllidir. Gəlin görək İsanın sözləri bu gün bizi necə ruhlandırır.

Nə üçün «qorxmayın» deyilib?

5, 6. a) İsa şagirdlərinə gələcəkdə qarşılaşacaqları çətinliklərdən qorxmamağa necə kömək etdi? b) Pavel, Yehovanın onun qayğısına qaldığına əminliyi necə ifadə etdi?

5 İsa, «murdar ruhları çıxarmaq, hər növ xəstəliyi və hər cür naxoşluğu sağaltmaq səlahiyyətini» də daxil etməklə, həvarilərinə böyük qüvvə vermişdir. Lakin bu o demək deyildi ki, onların artıq heç bir sınağı və ya çətinliyi olmayacaqdı. O, hətta şagirdləri ilə baş verəcək bə’zi şeyləri təfsilatı ilə təsvir etmişdi. Bununla belə İsa onları ruhlandıraraq demişdi: «Bədəni öldürüb canı öldürə bilməyənlərdən də qorxmayın; ancaq daha artıq cəhənnəmdə həm bədəni, həm canı həlak etməyə qadir Olandan qorxun» (Matta 10:1, 16-22, 28).

6 Həvarilərin nəyə görə qorxmalı olmadıqlarını başa düşmələri üçün, İsa iki əyani məsəl gətirdi. O dedi: «Məgər iki sərçə quşu bir assariyə satılmırmı? Və Atanızın hökmü olmadıqda, onlardan heç biri yerə düşməz. Sizin isə başınızdakı saçlar da belə sayılmışdır. Odur ki, qorxmayın; siz bir çox sərçədən daha dəyərlisiniz» (Matta 10:29-31). Diqqət yetirin ki, İsa ağır şəraitlər qarşısında qorxmamaqla, Yehovanın şəxsən bizim qayğımıza qaldığına əminlik arasında bağlılıq olduğunu göstərdi. Görünür, həvari Pavel də belə əminliyə malik idi. O yazmışdır: «Əgər Allah bizimlədirsə, kim bizə qarşı ola bilər? Məgər Öz Oğlunu əsirgəməyib hamımız üçün təslim edən, Onunla bərabər bütün şeyləri bizə ehsan etməyəcəkdirmi?» (Romalılara 8:31, 32). Yadda saxla: hansı çətinliklərlə üzləşirsən üzləş, Yehovaya sadiqliyini qoruduğun müddətdə O, sənə qayğı göstərəcək. İsanın həvarilərinə dediyi sözlər üzərində dərindən düşünsək, bu fikir daha aydın olar.

Sərçənin dəyəri

7, 8. a) İsanın günlərində sərçələrə necə yanaşırdılar? b) Matta 10:29 ayəsində «balaca sərçəciklər» mə’nasını verən ifadənin istifadə edilməsi nə ilə izah edilir?

7 İsanın gətirdiyi əyani nümunədən aydın görünür ki, Yehova Öz xidmətçilərinin qayğısına qalır. Bəs sərçənin dəyəri nə qədər idi? İsanın günlərində bu quşları qida kimi istifadə edirdilər, məhsula ziyan vurduqları üçün isə onlar əsasən zərərverici sayılırdılar. Sərçələrin sayı-hesabı yox idi, buna görə də onlar çox ucuz qiymətə idilər: bugünkü ölçü ilə ikisini beş sentdən aşağı qiymətə satırdılar. İkiqat qiymətə isə dörd yox, beş sərçə almaq olardı — beşinci quşu isə heç bir dəyəri yox imiş kimi müftə verirdilər (Luka 12:6).

8 Bu quşun ölçüsünə gəldikdə isə, hətta böyük sərçə belə digər quşlarla müqayisədə çox kiçikdir. Bundan başqa, Matta 10:29 ayəsində «sərçələr» kimi tərcümə olunan yunan sözü ilk növbədə balaca sərçəciklərə aiddir. Ehtimal ki, İsa istəyirdi ki, həvarilər ən balaca və gözə çarpmayan quşu təsəvvürlərinə gətirsinlər. Bir arayış əsərində qeyd edildiyi kimi, «İsa sadəcə balaca yox, çox balaca quşu nəzərdə tuturdu!»

9. İsanın sərçələrə bağlı gətirdiyi əyani nümunə hansı vacib həqiqəti başa düşməyə kömək edir?

9 İsanın sərçələrlə bağlı gətirdiyi nümunə vacib bir həqiqəti başa düşməyə kömək edir: insanlar üçün dəyərsiz sayılan şey Yehova Allahın gözündə çox vacibdir. Yehovanın xəbəri olmadan «onlardan [sərçələrdən] heç biri yerə düşməz» deməklə İsa bu fikri xüsusilə vurğuladıc. Onun nə demək istədiyi aydındır: əgər ən balaca və gözə çarpmayan quşcuğaz belə Yehova Allahın gözündən yayınmırsa, onda gör Ona xidmət edən adamın tab gətirməli olduğu şeylərə görə O, necə də narahat olur!

10. «Sizin isə başınızdakı saçlar da belə sayılmışdır» sözləri nə deməkdir?

10 Bu məsəldən əlavə İsa həmin mövzuya aid başqa bir məsəl də çəkdi: «Sizin isə başınızdakı saçlar da belə sayılmışdır» (Matta 10:30). Necə də dərin və aydın fikirdir! İnsanın başında 100 000-ə yaxın saç var. Ümumi hesabla saçların hamısı eynidir, buna görə də diqqətə layiq olmayan bir şey kimi görünür. Buna baxmayaraq, Yehova Allah onların hər birinə diqqət yetirmiş və saymışdır. İndi isə fikirləşək: həyatımızda elə bir şey varmı ki, Yehova onu bilməsin? Şübhəsiz, Yehova Öz xidmətçiləri haqda hər şeyi bilir. O, insanın ürəyində olanlardan da xəbərdardır (1 Şamuel 16:7).

11. Davud, Yehovanın şəxsən onun qayğısına qaldığına əminliyini necə ifadə etdi?

11 Çox əziyyətlər çəkmiş Davud Yehovanın ona diqqət yetirdiyinə əmin idi. O yazırdı: «Ya Rəbb, məni yoxlayaraq tanıdın, oturuşumu-duruşumu Özün bilirsən, fikirlərimi uzaqdan duyursan» (Məzmur 139:1, 2). Sübhə etmə ki, Yehova səni də tanıyır (Yeremya 17:10). Sənin əhəmiyyətsiz insan olduğunu və Yehovanın hər şeyi görən gözlərinin səni görməyəcəyini düşünmə!

«Göz yaşlarımı tuluğuna yığ»

12. Haradan bilirik ki, Yehova xidmətçilərinin çəkdikləri bütün əziyyətlərdən xəbərdardır?

12 Yehova xidmətçilərini şəxsən tanımaqla bərabər, onların hər birinin çəkdiyi bütün əziyyətlərdən də xəbərdardır. Məsələn, israillilər köləlikdə misirlilər tərəfindən sıxışdırılanda Yehova Musaya demişdir: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım» (Çıxış 3:7). Bizim üçün çətin olanda Yehovanın hər şeyi gördüyünü və eşitdiyini bilmək necə də təsəllivericidir! O, bizim çəkdiyimiz iztirablara laqeyd qala bilməz!

13. Nədən görünür ki, Yehova xidmətçilərinin dərdinə şərikdir?

13 Yehova Onunla xüsusi münasibətləri olan adamların qayğısına qalır; bu, Onun israillilərə bəslədiyi hisslərdən bəllidir. Onlar çox vaxt öz inadkarlıqları ucbatından əziyyət çəksələr də, görün Yehova haqda Yeşaya nə yazmışdır: «Onlar əziyyət çəkdikdə o da əziyyət çəkdi» (Yeşaya 63:9). Əgər sən Yehovanın sadiq xidmətçisisənsə, iztirab çəkən zaman Yehovanın da səninlə birgə iztirab çəkdiyinə şübhə etmə. Məgər bu səni çətinlikləri cəsarətlə qarşılamağa və xidmətdə əlindən gələni etməyə təşviq etmirmi? (1 Peter 5:6, 7).

14. 56-cı məzmur hansı şəraitdə bəstələnmişdir?

14  Davud padşah Yehovanın onun qayğısına qaldığına və dərdinə şərik olduğuna əmin idi. Bu, onu öldürmək istəyən Şauldan qaçıb gizləndiyi zaman Davudun bəstələdiyi 56-cı məzmurdan görünür. Davud Qat şəhərinə qaçdı, lakin filiştlilərin onu tanıdıqları üçün tutulacağından qorxurdu. O yazırdı: «Gün boyu düşmənlərim sel kimi üstümə cumur, əleyhimə qalxan məğrur döyüşçülər çoxdur». Belə sıxıntılı vəziyyətdə Davud Yehovaya müraciət edərək dedi: «Hər işimə onlar ziyan vururlar, həmişə mənə qəsd-qərəz qururlar» (Məzmur 56:2, 5).

15. a) Davud göz yaşlarını tuluğa və ya kitaba yığmağı Yehovadan xahiş edəndə nəyi nəzərdə tuturdu? b) İmanımız sınağa çəkiləndə nəyə əmin ola bilərik?

15 Daha sonra Davudun Məzmur 56:8 ayəsində yazdığı və heç kimi laqeyd qoymadığı sözləri oxuyuruq: «Dərdlərimi saydın, göz yaşlarımı tuluğuna yığ. Bunlar Sənin kitabında yazılmayıbmı?» Yehovanın şəfqət dolu qayğısının necə də tə’sirli təsviridir! Bizə çətin olanda göz yaşları içərisində Yehovaya yalvara bilərik. Hətta kamil insan olan İsa da belə etmişdir (İbranilərə 5:7). Davud əmin idi ki, Yehova onun iztirablarını görür və yadda saxlayır, sanki onun göz yaşlarını tuluğa yığır və ya kitaba yazırd. Ola bilsin, düşünürsən ki, sənin göz yaşların tuluğun çox hissəsini və ya kitabın əksər səhifələrini tutardı. Bu belə olsa da, ruhdan düşmə! Müqəddəs Kitab bizi əmin edir: «Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır» (Məzmur 34:18).

Yehova ilə yaxın münasibətlər

16, 17. a) Haradan bilirik ki, Yehova xidmətçilərinin qarşılaşdığı çətinliklərə laqeyd deyil? b) Xidmətçiləri Onunla yaxın münasibətlərdə olsunlar deyə, Yehova nə edir?

16 Yehovanın başımızdakı saçları da saydığını bilməyimiz, bu qədər diqqətli və qayğıkeş Allaha xidmət etmək şərəfinə layiq görüldüyümüzü anlamağa kömək edir! Ağrı və iztirabların olmadığı yeni dünya hələ gəlməsə də, Yehova Öz xalqı üçün məhz indidən təəccüblü bir şey edir. Davud yazmışdır: «Rəbb Ondan qorxanlara [«Onunla yaxın münasibətdə olanlara», YD] sirrini açar, onlara Öz əhdini öyrədər» (Məzmur 25:14).

17 «Yehova ilə yaxın münasibət» — qeyri-kamil insana bunu təsəvvür etmək belə çətindir! Bununla belə, Yehova Ondan qorxanları çadırında məskən salmağa də’vət edir (Məzmur 15:1-5). Bəs onlar üçün nə edir? Davudun sözlərindən mə’lum olduğu kimi, onlara Öz əhdini açır. Yehova onlara e’tibar edir və Öz sirrini peyğəmbərlərinə açır ki, onlar Onun iradəsinin nədən ibarət olduğunu və onu necə icra edəcəklərini bilsinlər (Amos 3:7).

18. Biz haradan bilirik ki, Yehova bizim Onunla yaxın münasibətlərdə olmağımızı istəyir?

18 Biz qeyri-kamil insanların Küll-İxtiyar Yehova Allahın dostları olmaq imkanına malik olduğumuzu dərk etmək necə də xoşdur! O, hətta Özü bizi də’vət edir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşar» (Yaqub 4:8). Yehova istəyir ki, biz Onunla sıx münasibətdə olaq. Bunun üçün O, müəyyən addımlar atıb. İsanın fidiyə qurbanlığı Külli-İxtiyar Allahın dostu olmaq imkanı açmışdır. Müqəddəs Yazılarda deyilir: «Biz Onu sevirik, çünki O bizi birinci sevmişdir» (1 Yəhya 4:19).

19. Sınaqlara təhəmmül etmək Yehova ilə olan münasibətlərimizi necə möhkəmləndirir?

19 Ağır sınaqlara tab gətirəndə, Allahla yaxın münasibətlərimiz möhkəmlənir. Şagird Yaqub yazmışdır: «Təhəmmül isə öz əməlini ikmal etsin ki, siz heç bir nöqsanı olmayan, kamil və tam adamlar olasınız» (Yaqub 1:4). Sınaqlara təhəmmül etməyimiz hansı ‘əməllərə’ gətirib çıxarır? Pavelin ‘bədənindəki neştəri’ yada salaq. Təhəmmül etməyin sayəsində o, nəyə nail oldu? Pavel öz sınaqları haqda demişdir: «Buna görə, daha çox öz zəifliklərimlə məmnuniyyətlə öyünəcəyəm ki, Məsihin qüdrəti içimdə sakin olsun. Bu səbəbdən mən, Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaca, tə’qiblərə və sıxıntılara tab gətirməyə razıyam; çünki mən zəif olduğum zaman qüvvətliyəm» (2 Korinflilərə 12:9, 10). Pavel öz təcrübəsi əsasında öyrəndi ki, sınaqlara təhəmmül edə bilmək üçün Yehova lazımi qüdrəti, bə’zən isə «ən üstün qüdrət»i verir. Bu isə onu Yehova Allaha və Məsihə daha da yaxınlaşdırdı (2 Korinflilərə 4:7; Filipililərə 4:11-13).

20. Çətinliklərlə qarşılaşanda Yehovanın bizə dayaq və təsəlli olacağına nə üçün əmin olmaq olar?

20 Ola bilsin, Yehova sənin sınaqlarının davam etməsinə hələ də yol verir. Belə isə, Ondan qorxanlara etdiyi və’di yadda saxla: «Səni heç buraxmayacağam və əsla tərk etməyəcəyəm» (İbranilərə 13:5). Sən Onun kömək və təsəllisini hiss edə bilərsən. Yehova sənin ‘başındakı saçları belə saymışdır’. O, sənin təhəmmülünü görür. Ağrılarını hiss edir. Şəfqətlə sənin qayğına qalır. O, heç vaxt sənin ‘işini və Onun adı naminə göstərdiyin məhəbbətini unutmayacaq’ (İbranilərə 6:10).

[Haşiyələr]

a Buna bənzər sözləri saleh Davud və sadiq Qorah oğulları da demişdilər (Məzmur 10:1; 44:24).

b Müqəddəs Kitabda Pavelin «bədənindəki neştərin» nə olduğu haqda deyilmir. Bu, gözlərinin zəifliyi kimi hər hansı bir xəstəlik ola bilərdi. Və ya bu ifadə Pavelin həvari kimi xidmət etmək hüququnu sual altına qoyan yalançı həvarilərə və ya başqa insanlara da işarə edə bilərdi (2 Korinflilərə 11:6, 13-15; Qalatiyalılara 4:15; 6:11).

c Bə’zi alimlər güman edirlər ki, sərçənin yerə düşməsi yalnız onun ölümünü nəzərdə tutmur. Onlar deyirlər ki, burada orijinalın dilində istifadə olunan söz quşun yem axtarmaq üçün yerə enməsinə də işarə edə bilər. Əgər bu belədirsə, deməli, Allah sadəcə quşun ölümünə diqqət yeturməklə kifayətlənmir, həm də onun gündəlik tələbatlarının qayğısına qalır (Matta 6:26).

d Qədim dövrdə tuluğu qoyunların, keçilərin və inəklərin aşılanmış dərilərindən hazırlayırdılar və onlarda süd, yağ, pendir yaxud su saxlayırdılar. Daha çox aşılamaya mə’ruz qalmış dərilər isə yağ və ya şərab saxlamaq üçün istifadə edilirdi.

Yadınızdadırmı?

• Nəyə görə bə’ziləri Allahın onları tərk etdiyini düşünə bilərlər?

• Biz İsanın sərçələr və başımızdakı saçların sayılmasına dair gətirdiyi əyani məsəllərdən nə öyrənirik?

• Kiminsə göz yaşlarının Yehovanın ‘tuluğuna yığılması’ və ya ‘kitabına yazılması’ nə deməkdir?

• Yehova ilə yaxın münasibətləri necə inkişaf etdirmək olar?

[23-cü səhifədəki şəkil]

İsanın sərçələrə bağlı məsəlindən nə öyrənirik?

[İcazə ilə]

© J. Heidecker/VIREO

[24-cü səhifədəki şəkil]

Nəyə görə Yehova Paveli ‘bədənindəki neştərdən’ azad etmədi?

[25-ci səhifədəki şəkil]

Müqəddəs Kitabı hər gün oxumaqla Allahın şəxsən bizim qayğımıza qaldığına əmin oluruq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş