«Yaxşı işlərə səyli» ol!
«İsa Özünü bizim üçün fəda etdi ki, bizi hər cür haqsızlıqdan xilas etsin və təmizləyib, Özünə xüsusi və yaxşı işlərə səyli bir xalq törətsin» (TİT. 2:14).
1. Eramızın 33-cü ilinin nisan ayının 10-da İsa məbədin ərazisinə gələndə nə baş verir?
ERAMIZIN 33-cü ilinin nisan ayının 10-dur. Pasxa bayramına cəmi bir neçə gün qalıb. Yerusəlim məbədinin ərazisinə toplaşan camaat sevinclə bu bayramı gözləyir. İsa gələndə nə baş verəcək? Müjdə yazanlardan üç nəfər — Matta, Mark və Luka ikinci dəfə İsanın satıcıları və alıcıları buradan qovduğunu təsdiqləyir. O, sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirir (Mat. 21:12; Mark 11:15; Luka 19:45). Üç il bundan qabaq İsanın göstərdiyi qeyrət heç də zəifləməmişdi (Yəh. 2:13-17).
2, 3. Haradan bilirik ki, İsanın göstərdiyi qeyrət yalnız məbədi təmizləməklə bitmədi?
2 Mattanın yazdığına görə, İsanın göstərdiyi qeyrət yalnız məbədi təmizləməklə bitmir. O həmçinin yanına gələn korları və topalları sağaldır (Mat. 21:14). Luka İsanın gördüyü digər işləri də qələmə alıb. «[İsa] hər gün məbəddə təlim verirdi» (Luka 19:47; 20:1). Beləliklə, İsanın səyli olması xüsusilə də onun təbliğ xidmətindən görünürdü.
3 Həvari Pavel Titusa yazdığı məktubunda izah etmişdi: «İsa Özünü bizim üçün fəda etdi ki, bizi hər cür haqsızlıqdan xilas etsin və təmizləyib, Özünə xüsusi və yaxşı işlərə səyli bir xalq törətsin» (Tit. 2:14). Bəs biz necə «yaxşı işlərə səyli» ola bilərik? Yəhudanın xeyirxah padşahlarının nümunəsi bizi buna necə təşviq edə bilər?
Təbliğ və öyrətmək işində səy göstər
4, 5. Yəhuda padşahlarından dördünün yaxşı işlərə səyli olduğu nədən görünür?
4 Asa, Yehoşafat, Xizqiya və Yoşiya Yəhudada bütpərəstliyin kökünü kəsmək üçün tədbirlər görmüşdülər. Asa «özgə allahların qurbangahlarını və səcdəgahları aradan qaldırdı və sütunları qırdı, Aşera bütlərini kəsdi» (2 Saln. 14:3). Yehoşafat Yehovaya ibadətə olan qeyrət hissi ilə alışıb-yanaraq «səcdəgahları və Aşera bütlərini Yəhudadan götürdü» (2 Saln. 17:6; 19:3)a.
5 Xizqiyanın Yerusəlimdə təşkil etdiyi yeddigünlük Pasxa bayramının təntənəli surətdə qeyd edilməsindən sonra «bütün İsraillilər Yəhuda şəhərlərinə çıxıb daş sütunları sındırdı, Aşera bütlərini kəsdi. Bütün Yəhuda və Binyamin, Efrayim, Menaşşe torpaqlarında olan səcdəgahları və qurbangahları axıra qədər dağıtdılar» (2 Saln. 31:1). Yoşiya padşah olanda onun cəmi səkkiz yaşı vardı. Müqəddəs Yazılarda deyilir: «Padşahlığının səkkizinci ilində hələ gənc ikən babası Davudun Allahını axtarmağa başladı. On ikinci ildə Yəhudanı və Yerusəlimi səcdəgahlardan, Aşera bütlərindən, oyma bütlərdən və tökmə bütlərdən təmizləməyə başladı» (2 Saln. 34:3). Gördüyümüz kimi, bu padşahların dördü də yaxşı işlərə səyli idi.
6. Nəyə görə xidmətimizi Yəhudanın sadiq padşahlarının gördüyü işlə müqayisə edə bilərik?
6 Eynilə, bu gün biz də insanlara, bütpərəstlik də daxil olmaqla, yalan dini təlimlərin buxovlarından azad olmağa kömək edirik. Evdən-evə təbliğ edərkən qarşımıza müxtəlif insanlar çıxır (1 Tim. 2:4). Asiyalı gənc bir qızın anası evdə çoxsaylı surətlərə səcdə edirdi. Qızın fikrincə, bu surətlərin hamısı həqiqi Allah ola bilməzdi, buna görə də tez-tez dua edirdi ki, həqiqi Allahı tapa bilsin. Günlərin bir günü iki nəfər Yehovanın Şahidi onun qapısını döydü. Onların sayəsində o, həqiqi Allahın böyük adının Yehova olduğunu öyrəndi. Və nəhayət, bütlər haqqında həqiqəti öyrəndiyi üçün o necə də şad idi! İndi o, səylə təbliğ edir və insanlara Yehova haqqında öyrənməyə kömək edir (Yeşaya 42:8, KM; Məz. 115:4-8; 1 Yəh. 5:21).
7. Yehoşafatın günlərində ölkəni dolaşıb gəzən müəllimlərin nümunəsini necə təqlid edə bilərik?
7 Evdən-evə təbliğ edərkən sahəmizi nə dərəcədə əsaslı surətdə işləyirik? Maraqlıdır ki, Yehoşafat hökmranlığının üçüncü ilində beş rəis, doqquz levili və iki kahin göndərir ki, bütün şəhərləri dolaşıb xalqa Yehovanın qanunlarını öyrətsinlər. Onların gördüyü bu iş o qədər uğurlu oldu ki, ətraf xalqlar Yehovadan qorxmağa başladılar. (2 Salnamələr 17:9, 10 ayələrini oxu.) Sahəmizə müxtəlif saatlarda və müxtəlif günlərdə gəlməklə ailənin bir neçə üzvü ilə söhbət edə bilərik.
8. Təbliğ xidmətimizi necə genişləndirə bilərik?
8 Bizim günlərdə Allahın bir çox xidmətçiləri evlərini buraxıb Padşahlığın səyli təbliğçilərinə ehtiyac olan ərazilərə köçmüşlər. Sən də belə edə bilərsənmi? Belə bir imkanı olmayanların bəziləri ərazilərində yaşayan və başqa dillərdə danışan insanlara təbliğ etməyə çalışa bilərlər. 81 yaşlı Ron qardaşın yaşadığı ərazi çoxmillətli olduğundan o, 32 dildə salamlaşmağı öyrəndi! Bu yaxınlarda o, küçədə Afrikadan olan bir ər-arvada rast gələndə onları doğma yoruba dillərində salamladı. Onlar Ronun nə vaxtsa Afrikada olub-olmadığı ilə maraqlandılar. Qardaş: «Yox»,— deyə cavab verəndə onların dilini haradan bildiyini soruşdular. Bunun sayəsində qardaş onlara gözəl şahidlik etdi. Onlar böyük məmnuniyyətlə bir neçə jurnal götürüb öz ünvanlarını ona verdilər. Qardaş da bu ünvanı yerli yığıncağa ötürdü ki, bu ər-arvadla Müqəddəs Kitab öyrənməsi başlasınlar.
9. Təbliğ xidmətində birbaşa Müqəddəs Kitabdan oxumaq nəyə görə vacibdir? Nümunə gətirin.
9 Yehoşafatın əmri ilə ölkəni gəzib dolaşan müəllimlərin əlində «Rəbbin Qanun kitabı» vardı. Müqəddəs Kitab Allahın Kəlamı olduğu üçün biz bütün dünyada insanlara onun əsasında təlim verməyə çalışırıq. Xidmətimizdə Müqəddəs Kitabdan oxumaqla insanlara onun sözlərinin doğruluğunu görməyə kömək edirik. Məsələn, bir qadın Linda adlı bacımıza ərinin ürək tutması olduğundan daim diqqətə ehtiyacı olduğunu dedi. Qadın giley-güzar edərək söylədi: «Bilmirəm, nə etmişəm ki, Allah başıma belə bir bəla gətirib?» Linda dedi: «Olar, bir fikri nəzərinizə çatdırım?» Sonra Yaqub 1:13 ayəsini oxuyub, əlavə etdi: «Bizim və əzizlərimizin başına gələn müsibətlər Allahın cəzası deyil». Bu sözlərdən sonra qadın Lindanı bərk qucaqladı. Linda deyir: «Mən ona Müqəddəs Kitabın köməyilə təsəlli verə bildim. Allahın Kəlamından oxuduğumuz bəzi ayələri insanlar indiyədək heç eşitməyiblər». Onların söhbətindən sonra həmin qadın Müqəddəs Kitabı öyrənməyə razılıq verdi.
Səylə xidmət edən gənclər
10. Yoşiya gənc məsihçilər üçün hansı gözəl nümunəni qoyub?
10 Gəlin Yoşiyanın nümunəsinə yenidən qayıdaq. O hələ gənc ikən həqiqi ibadəti dəstəkləyirdi və bütpərəstliyə qarşı güclü mübarizə aparmağa başlayanda təxminən 20 yaşı vardı. (2 Salnamələr 34:1-3 ayələrini oxu.) Saysız-hesabsız gənc oğlan və qızlar xidmətdə bu cür səy göstərir.
11-13. Yehovaya səylə xidmət edən müasir gənclərdən nə öyrənə bilərik?
11 İngiltərədə yaşayan Hanna qonşu şəhərdə fransızdilli qrupun təşkil olunduğunu eşidəndə onun 13 yaşı vardı və məktəbdə fransız dilini öyrənirdi. Atası onu həmin görüşlərə aparıb-gətirməyə razı oldu. İndi 18 yaşı olan Hanna daimi pioner kimi xidmət edir və fransızdilli insanlara səylə təbliğ edir. Başqa insanlara Yehova haqqında öyrətmək üçün sən də xarici dil öyrənməyə hazırsanmı?
12 «Allahı izzətləndirən məqsədlərə can atın» (rus.) filmi Reyçelin çox xoşuna gəlib. 1995-ci ildə xidmətə başlayanda düşüncə tərzinin necə olduğu barədə deyir: «Mən elə düşünürdüm ki, həqiqəti artıq mənimsəmişəm. Filmə baxdıqdan sonra isə anladım ki, çox illər ərzində əsas şeylərdən başqa heç nə etməmişəm. Mən həqiqətdən möhkəm yapışmaq üçün mübarizə aparmalı, xidmət və şəxsi öyrənmə zamanı fikrimi cəmləməli və ciddi səy göstərməli oluram». İndi Reyçel hiss edir ki, Yehovaya xidmətdə daha çox səy göstərir. Bu hansı bəhrələri gətirdi? O deyir: «Yehova ilə münasibətlərim möhkəmləndi. İndi dualarım daha dolğundur, şəxsi öyrənmə zamanı dərin araşdırmalar aparıram və bu, mənə daha çox məmnunluq gətirir, Müqəddəs Kitab hekayələri isə mənim üçün daha real olub. İndi xidmətdən daha çox sevinc duyuram və Yehovanın kəlamlarının insanlara təsəlli verdiyini görmək mənə əsil məmnunluq gətirir».
13 Luka adlı gənc qardaşa isə «Gənclərin sualları. Həyatımı nəyə həsr edim?» (rus.) videofilmi böyük təəssürat bağışladı. Bu filmə baxdıqdan sonra o yazır: «Mən necə yaşadığımın üzərində düşünməyə vadar oldum». Və etiraf edir: «Vaxtilə mənə təzyiq göstərirdilər ki, ali təhsil alım və maddi firavanlığa nail olum, sonra ruhani məqsədlər haqda fikirləşərəm. Lakin belə məqsədlər heç də ruhən inkişaf etdirmir, əksinə, zəiflədir». Gənc bacı və qardaşlar, nəyə görə məktəbdə öyrəndiklərinizi, Hanna kimi, xidmətinizi genişləndirməkdə istifadə edib-edə bilməyəcəyinizi nəzərdən keçirməyəsiniz? Nəyə görə Reyçeldən nümunə götürərək Allaha həqiqətən də izzət gətirən məqsədlərə can atmayasınız? Bir çox gənclərin düşdüyü tələlərdən uzaq duraraq Lukanı təqlid edin.
Xəbərdarlıqlara ciddi yanaş
14. Yehova hansı ibadəti qəbul edir və nəyə görə müasir dünyada bu cür təmizliyi qoruyub saxlamaq çətin məsələdir?
14 Allahın xalqı Ona məqbul tərzdə ibadət etmək üçün özünü təmiz saxlamalıdır. Yeşaya xəbərdarlıq edir: «Çəkilin, çəkilin, oradan çıxın, murdar şeylərə toxunmayın, oradan [Babildən] çıxıb təmizlənin, ey Rəbbin əşyalarını daşıyanlar!» (Yeşaya 52:11). Yeşaya bu sözləri yazmazdan çox illər öncə xeyirxah padşah olan Asa Yəhudada əxlaqsızlığın kökünü kəsmək üçün qəti tədbirlər görmüşdü. (1 Padşahlar 15:11-13 ayələrini oxu.) Çox əsrlər sonra həvari Pavel Titusa dedi ki, İsanın öz davamçıları uğrunda canını qurban verməsinin məqsədi onları «təmizləyib, Özünə xüsusi və yaxşı işlərə səyli bir xalq» törətmək idi (Tit. 2:14). Əxlaqsızlığa qapılmış bu dünyada əxlaqi cəhətdən təmiz qalmaq asan deyil, xüsusilə də gənclər üçün. Məsələn, Allahın bütün xidmətçiləri, gənc və yaşlı olmalarından asılı olmayaraq, reklam lövhələrində, televiziya ekranlarında, filmlərdə, xüsusilə də İnternetdə nümayiş etdirilən pornoqrafiyadan təmiz qalmaq üçün güclü mübarizə aparmalıdırlar.
15. Pisliyə nifrət hissi inkişaf etdirməkdə bizə nə kömək edə bilər?
15 Allahın xəbərdarlıqlarına ciddi yanaşmaq bizə pisliyə nifrət inkişaf etdirməyə kömək edə bilər (Məz. 97:10; Rom. 12:9). Bir qardaşın dili ilə desək, pornoqrafiyanın «maqnit kimi güclü cazibə qüvvəsindən azad olmaq üçün» o, bizdə ikrah hissi doğurmalıdır. Maqnitləşdirilmiş iki metal parçasını bir-birindən ayırmaq üçün onları bir yerdə saxlayan qüvvədən daha böyük qüvvə tələb olunur. Eynilə, pornoqrafiyanın şirnikdirici təsirinə müqavimət göstərmək üçün də böyük səy tələb olunur. Amma bu təsirin nə dərəcədə zərərli olduğunu anlamağımız ona qarşı nifrət hissi inkişaf etdirməyimizə kömək edəcək. Bir qardaş İnternetdə pornoqrafik saytlara baxmaq vərdişindən yaxa qurtarmaq üçün güclü səy göstərməli oldu. O, kompüterini elə yerə keçirdi ki, ailə üzvlərinin gözü qarşısında olsun. Bununla yanaşı, o, özünü bu murdar hərəkətdən təmizləmək və yaxşı işlərə səyli olmaq əzmində idi. Qardaş hətta başqa bir addım da atdı. O, işi ilə bağlı İnternetdən istifadə etməli olduğu üçün qərara gəldi ki, yalnız həyat yoldaşı yanında olanda İnternetə daxil olacaq.
Yaxşı davranışın faydası
16, 17. Yaxşı davranışımız bizi müşahidə edənlərdə hansı təəssüratı oyada bilər? Nümunə çəkin.
16 Allaha xidmət edən gənclər necə də gözəl ruh təzahür etdirirlər və bu, onlara kənardan müşahidə edənlərə necə də güclü təsir bağışlayır! (1 Peter 2:12 ayəsini oxu.) Bir kişi London Bet-Elindəki çap maşınına servis xidməti göstərmək üçün bütün gününü orada keçirəndən sonra Yehovanın Şahidlərinə münasibəti tamamilə dəyişdi. Bu dəyişikliklər Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənən arvadının nəzərindən qaçmadı. Əvvəllər əri Yehovanın Şahidlərinin onun evinə gəlməsini istəmirdi. Amma həmin gün evə qayıdanda Şahidlərin ona göstərdiyi xeyirxah münasibət haqqında ağızdolusu danışdı. O qeyd etdi ki, onlardan heç kim söyüş söymürdü. Hamı bir-biri ilə səbirlə davranır və orada sülh ab-havası hökm sürürdü. Ona xüsusi təəssürat bağışlayan gənc bacı-qardaşların könüllü olaraq vaxt və qüvvələrini xoş xəbəri yaymaq işində kömək etmək üçün heç bir məvacib almadan səylə çalışmaları idi.
17 Bunun kimi, ailələrinin qayğısına qalmaq üçün dünyəvi işdə işləyən həmimanlılarımız da öz vəzifələrini canla-başla yerinə yetirirlər (Kolos. 3:23, 24). Bunun sayəsində onların iş yerlərini itirmək ehtimalı azalır, çünki müdirləri onların işlərinə vicdanla yanaşmalarını qiymətləndirir və belə işçilərini itirmək istəmirlər.
18. Biz necə «yaxşı işlərə səyli» ola bilərik?
18 Yehovaya etibar etməklə, Onun göstərişlərinə əməl etməklə və görüş yerlərimizi təmiz saxlamaqla və sairə kimi işlərimizlə Onun evinə qeyrətlə yanaşdığımızı göstərə bilərik. Üstəlik, biz Padşahlığın təbliği və şagird hazırlamaq işində əlimizdən gələni etmək istəyirik. Yaşlı və ya gənc olmağımızdan asılı olmayaraq, ibadətdə yüksək normalara riayət etməklə böyük xeyir-dualar alacağıq. Və biz həmişə «yaxşı işlərə səyli bir xalq» kimi tanınacağıq (Tit. 2:14).
[Haşiyə]
a Ehtimal ki, Asa yalançı allahların adına ucaldılan səcdəgahları aradan qaldırmışdı, lakin xalqın Yehovaya ibadət etdiyi yerlərə dəyməmişdi. Yaxud da, ola bilsin, həmin səcdəgahlar Asanın hakimiyyətinin son illərində bərpa olunmuşdu və sonradan onun oğlu Yehoşafat tərəfindən aradan qaldırılmışdı (1 Pad. 15:14; 2 Saln. 15:17).
Müqəddəs Kitab və müasir nümunələrdən nə öyrəndiniz?
• Təbliğ və təlim işində necə səy təzahür etdirə bilərik?
• Gənc məsihçilər necə «yaxşı işlərə səyli» ola bilərlər?
• Pozucu təsirlərdən yaxa qurtarmaq necə mümkündür?
[13-cü səhifədəki şəkil]
Müqəddəs Kitabdan xidmətdə müntəzəm istifadə edirsənmi?
[15-ci səhifədəki şəkil]
Məktəbdə oxuyarkən xarici dil öyrənməyin sayəsində xidmətini genişləndirə bilərsən